PARAQRİP VİRUSU İLƏ AĞIRLAŞMIŞ HAMİLƏLİKLƏR ZAMANI CİFTDƏ BAŞ VERƏN STRUKTUR DƏYİŞİKLİKLƏRİ
08-10-2016
Ciftin patologiyası və onunla bağlı olan dölün antenatal müdafiəsi müasir mamalıq və perinatologiyanın ən aktual problemlərindən biridir. Məlumdur ki, cift həyat qabiliyyətinə malik dölün inkişafı və doğulmasını təmin edən müvəqqəti üzv olmaqla mürəkkəb ana-plasenta-döl sisteminin tərkib hissəsini təşkil edir. Normal cift dölə ana qanından sadə diffuziya və ya aktiv transport yolu ilə oksigenin, qida və mineral maddələrin daşınmasını, steroid və polipeptid hormonların sintezini, həmçinin baryer funksiyasını təmin edir. Embrionun və dölün, həmçinin postnatal dövrdə yenidoğulmuşun mövcud olması bilavasitə və ya dolayı yolla ciftin vəziyyətindən asılı olduğu üçün bu üzvün çatışmazlığı uşaqların anadangəlmə qüsurlarla, yarımçıq və ya vaxtından əvvəl, həmçinin ölü doğulması ilə nəticələnə bilər [3, 6].
Cift çatışmazlığına səbəb olan faktorlardan biri də infeksion amildir [1, 2]. Cifti zədələyə bilən infeksion amillər arasında paraqrip virusu mühüm əhəmiyyət kəsb edir. Bətndaxili inkişaf etmiş paraqrip infeksiyası uşağın vaxtından qabaq yarımçıq doğulması və əsas etibarilə dölün tənəffüs üzvlərinin zədələnməsi ilə müşayiət oluna bilər [4]. Paraqrip virusu ilə yoluxmuş qadınların ciftinin tədqiqi zamanı prosesin xroniki gedişə meylli olması və bazal lövhədə, həmçinin ekstraplasentar qişalarda plazmositlərlə zəngin hüceyrə infiltrasiyasının və sklerotik sahələrin üstünlük təşkil etməsi müəyyən edilmişdir [5]. Mövcud ədəbiyyat məlumatlarının təhlili göstərir ki, paraqrip infeksiyası zamanı ciftdə baş verən struktur dəyişikliklərinin xarakterinə dair işlər məhduddur və dolğun deyildir.
Tədqiqat işinin məqsədiparaqrip virusu ilə yoluxmuş hamilə qadınlarda ciftdə baş verən morfoloji dəyişikliklərin öyrənilməsindən ibarət olmuşdur.
Material və müayinə üsulları. I, II və III tip paraqrip virusu ilə yoluxmuş 12 hamilə qadının cifti tədqiq edilmişdir. 7 müşahidədə ciftin zədələnməsində III tip, 3-də I tip, 2 müşahidədə isə II tip paraqrip virusu iştirak etmişdir. Diaqnoz immunferment üsulu ilə hamilə qadınların qanında IgM və IgG əks-cisimlərinin təyin edilməsinə əsasən qoyulmuşdur. Diaqnozu təsdiq etməkdən ötrü zəncirvari polimeraz reaksiyası aparılmışdır. Kontrol qrupda 4 praktik sağlam hamilə qadının cifti müayinə olunmuşdur.
Ciftin morfoloji müayinəsi zamanı aşağıdakı üsullardan istifadə edilmiş-dir: makroskopik üsulla ciftin, döl qişalarının, göbək ciyəsinin vəziyyəti təyin edilmişdir; morfometrik olaraq ciftin kütləsi və ölçüsü öyrənilmiş, onun müxtəlif elementlərinin, həmçinin plasentadakı patoloji dəyişikliklərin xüsusi sahəsi aşkar edilmişdir. Histoloji müayinədə hematoksilin-eozinlə, Van-Gizon üsulu ilə pikrofuksinlə, tioninlə boyanmış cift toxuması kəsikləri tədqiq edilmişdir. İmmun-histokimyəvi üsulla ciftdə virus antigenləri müəyyən edilmişdir.
Tədqiqatın nəticələri və onların müzakirəsi.Sağlam hamilə qadınların ciftinin müayinəsi zamanı plasentada involyutiv-distrofik proseslərlə yanaşı, kompensator-uyğunlaşma reaksiyaları da müəyyən edilmişdir. Əksər xovlarda, bazal desidual qişada fibrinoid dəyişikliklər aşkar edilmişdir. Ciftin distrofik dəyişikliyə məruz qalmış sahələrində kalsium duzlarının çöküntüləri müəyyən edilmişdir. Sinsitiotrofoblastın nüvəsiz sahələrində bu hüceyrələrin bazal zarının döl kapilyarlarına yaxınlaşması – sinsitiokapilyar membranlar nəzərə çarpır. Trofoblastik epitelin müəyyən sahələrində isə bir neçə sırada yerləşmiş hiperxrom nüvələrdən ibarət sinsitial proliferativ düyüncüklər müəyyən edilir.
Paraqrip virusu ilə yoluxmuş qadınların ciftinin makroskopik müayinəsi zamanı səciyyəvi dəyişikliklər müəyyən edilməmişdir. Cift toxuması əsasən süngəri xatırladır, adətən boz-çəhrayı, bəzi nahiyələrdə isə açıq-çəhrayı və tünd qırmızı rəngdə nəzərə çarpır. 4 müşahidədə ciftin ana hissəsində paycıqların qeyri-bərabər inkişaf etməsi aşkar edilmişdir. Plasentanın ana səthi hamardır, 2 müşahidədə xorial lövhədə ocaqlı qansızmalar müəyyən edilmişdir. Ekstraplasentar qişalarda vizual olaraq dəyişiklik aşkar edilməmişdir. 3 müşahidədə ciftin konsistensi-yasının bərkiməsi, 5 ciftdə isə göbək ciyəsinin ekssentrik bağlanması müəyyən edilmişdir. Ciftin histoloji müayinəsi zamanı bütün qişalarda paraqrip virusu üçün səciyyəvi dəyişikliklər aşkar edilmişdir. Belə ki, desidual qişada bu infeksiya üçün səciyyəvi olan iri, parlaq nüvəli böyük ölçülü desidual hüceyrlər müəyyən edilmişdir. Bu qişada həmçinin makrofaq, plazmosit, əsasən limfositlərdən təşkil olunmuş hüceyrə infiltratları, qansızma ocaqları, damarlarda doluqanlılıq nəzərə çarpır. Desiduo-bazal sahədəki bu infiltratlar immunhistokimyəvi müayinə zamanı monoklonal əks-cisimlərlə paraqrip virusuna qarşı pozitiv reaksiya verir. Limfositlərdə və makrofaqlarda membran və sitoplazmatik pozitivlik nəzərə çarpır (şəkil 1).
Şəkil 1. Desiduo-bazal sahədə paraqrip virusuna qarşı pozitiv reaksiya verən iltihabi-infiltrat. Pozitiv hissəciklərin plasentar və endometrial toxumanın sərhəddi boyunca disseminasiyası. 40 həftəlik hamiləlik, 32 yaş.
Boyaq: paraqrip virusuna qarşı monoklonal əks-cisimlərlə immunhistokimyəvi reaksiya. x 300.
4 müşahidədə desidual qişada fibrinoid nekroz ocaqları aşkar edilmişdir. Xovlu qişanın terminal, orta və iri xovlarının səthində parlaq, iri nüvəli sitoplazmaya malik trofoblastik epitelin ocaqlı olaraq proliferasiyası nəzərə çarpır. Xorial epitellə yanaşı, xovların stromasında da əhəmiyyətli dərəcədə nəzərə çarpan dəyişikliklər müəyyən edilmişdir. Belə ki, stromada iri, parlaq nüvəli hüceyrələr, həmçinin müxtəlif dərəcədə təzahür olunan iltihab infiltratları müşahidə edilir. İltihab infiltratları əsasən limfositlər, Kaşenko-Hofbauer hüceyrələri və histositlərdən təşkil olunmuşdur. Terminal və lövbər xovlarda fibroblastlar üstünlük təşkil edir. Xovlardakı bəzi damarların divarı kəskin qalınlaşmış, endoteliositləri şişkinləşmiş, müəyyən xovlarda isə qansızmalar aşkar edilir.
Şəkil 2. Paraqrip infeksiyası zamanı amnion qişada iltihabi infiltrasiya (amnionit). 40 həftəlik hamiləlik. 29 yaş.
Boyaq: 0,05%-li buferləşdirilmiş tionin. x 300.
Amnion qişasında da səciyyəvi dəyişikliklər müşahidə edilmişdir. Belə ki, nisbətən parlaq nüvəli, ölçüsü böyümüş amniositlərin əhəmiyyətli dərəcədə prolifera-siyası nəticəsində onların bir neçə sırada yerləşməsi nəzərə çarpır. Ödemləşmiş stromada massiv şəkildə limfoid-plazmositar-faqositar infiltratlar müşahidə edilir (şəkil 2).
Beləliklə, paraqrip virusu ilə zədələnmiş ciftin tədqiqi bizə bəzi nəticələri əldə etməyə imkan yaratmışdır. Ciftin paraqrip virusunun müxtəlif tipləri ilə zədələnməsi zamanı histoloji olaraq struktur fərqləri müəyyən edilməmişdir. Plasentar hüceyrələrdə virusun çoxalması nəticəsində iri, parlaq nüvəli, nisbətən böyük ölçülü hüceyrələrin meydana çıxması paraqrip virusu ilə zədələnmə zamanı baş verən spesifik əlamətdir. Trofoblastik epiteldə, amniositlərdə, damarların endotelində ocaqlı olaraq çoxsıralı törəmələrin meydana çıxması paraqrip mənşəli plasentitlərin səciyyəvi xüsusiyyətlərindən biri olub, proliferativ proseslərin destruktiv proseslər üzərində üstünlük təşkil etməsini göstərir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1. Babayeva G.J. Müasir dövrdə cift çatışmazlığının inkişafının etiopatogenetik mexanizmləri. //Sağlamlıq, 2012. № 5. Səh. 169.
2. Красовский Е.Б., Козлова В.И. Патоморфологические и ультраструктурные изменения при вирусных воспалениях в плаценте. //Вопросы Охр. Мат. и Дет. 1978. № 11. Стр. 79-80.
3. Нисевич Л.Л., Талалаев А.Г., Каск Л.Н. и др. Значение различных вирусных инфекций в невынашивании, мертворождении, перинатальной и младенческой смертности. //Педиатрия, 1999. № 1. Стр. 4-10.
4. Ритова В.В. Роль вирусов в перинатальной и постнатальной патологии человека. М.: Медицина. 1976. – 256 с.
5. Цинзерлинг А.В., Цинзерлинг В.А. Современные инфекции. Патологическая анатомия и вопросы патогенеза. 2 изд. СПб.: Сотис. 2002.
6. Цинзерлинг В.А., Офенгейм А.Л., Мельникова В.Ф. и др. Роль массовых морфологических исследований последа для прогнозирования состояния новорожденного. //Архив патологии. 1997, № 5. Стр. 58-61.
7. Шабунина-Басок Н.Р., Черданцева Г.А., Тулакина Л.Г. Морфофункциональные изменения системы «мать-плацента-плод» при внутриутробных вирусных инфекциях. Екатеринбург, 1999.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı