Çingiz Rəhim oğlu Rəhimov

08-12-2015

     Çingiz Rəhim oğlu Rəhimov 1956-cı il 6 yanvar tarixində Bakı şəhərin-də ziyalı ailəsində anadan omuşdur.
     1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirərək 1981-ci ildə Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzinin məqsədli aspiranturasına daxil olmuşdur. 3 il müddətində aspiranturanı bitirərək 1984-cü ildə “Baş və boyun nahiyyəsinin dərisinin melanoması” adlı namizədlik dissertasiyasını müvəfəqiyyətlə müdafiyə etmişdir. 1985-1986-cı illərdə Azərbaycan Dövlət Həkimlərinin Təkmilləşdirmə İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1986-cı ildə yenidən Moskva şəhərinə qayıdaraq 1986-cı ildə Moskva Tibb Akademiyasının üz-çənə cərrahiyyəsi kafedrasında doktoranturaya daxil olmuşdur. 1992-ci ildə doktoranturanı bitirərək Moskva şəhərində Mərkəzi Elmı-Tədqiqat Stomatologiya İnstitutunda “Baş və boyunun yumşaq toxumalarının irinli iltihabı proseslərinin müalicəsində antioksidantların yeri və rolu“ adlı doktorluq dissertasiyasını müdafiyə edib, tibb elmlər doktoru alimlik dərəcəsi almışdır.
1992-ci ildə vətənə qayıdaraq Azərbaycan Tibb Universitetinin cərrahi stomatologiya kafedrasında professor vəzifəsində çalışmışdır.
     1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Apparatının Humanitar siyasət şöbəsinin müdir müavini, 1993-1998-ci illərdə isə Nazirlər Kabinetinin Səhiyyə və sosial problemlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 1997-2000-ci illərdə BMT-nin Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olub. 1998-ci ildə Azərbaycan Tibb Universitetinin cərrahi stomatologiya kafedrasının professoru vəzifəsinə seçilmiş və 2007-ci ildə Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçilmiş və hazırda bu vəzifədə çalışır.
      Ç.R. Rəhimov 100-ə yaxin elmi məqalənin müəllifidr, onlardan 24–ü PubMed Beynəlxalq Elmi bazasına daxil edilib. O, üz-çənə cərrahlığına da bir sıra töhvələr vermişdir.
      Azərbaycanda ilk dəfə olaraq bir sıra əməliyyatlar o cümlədən əməliyyatönü lazer stereolitoqrafiya və virtual planlaşdırma ilə rekonstruktiv-bərpa əməliyyatı, süni titan implantatlarla artroplastika əməliyyatları, incik sümüyündən götürülən damar ayaqcıqda autotransplantatla çənə sümüyünün rekonstruksiyası, gicgah-çənə oynağının artrosintezi və artroskopiyası və digərləri onun adı ilə bağlıdır. Çingiz Rəhimov novator cərrahdır. 2 müəlliflik şəhadətnaməsi almışdır. Çingiz müəllim pedaqoq kimi də Universitetdə nüfuz qazanmışdır. Onun yazmış olduğu 5 dərs vəsaiti tələbələrin eyni zamanda müəlliflərin stolüstü kitabına çevrilmişdir. Onun rəhbərliyi altında 8 tibb üzrə fəlsəfə doktoru hazırlanmışdır.
     Professor Çingiz Rəhim oğlu Rəhimov ömrünün çiçəkləndiyi anları yaşayır. Ona uzun ömür can sağlığı arzulayırıq.

 

 


Müəlliflər:
ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİ KAFEDRASININ ƏMƏKDAŞLARI

Digər jurnal və qəzetlər