DİSTAL DİŞLƏMLİ XƏSTƏLƏRDƏ HERBST VƏ MONOBLOK APARATLARININ ƏNG VƏ ÇƏNƏ SÜMÜKLƏRİNƏ TƏSİRİNİN SEFALOMETRİK MÜQAYİSƏSİ
27-01-2017
Açar sözlər: distal dişləm, aktivator
Key Words: distal occlusion, activator
Distal dişləm anomaliyası əhali arasında çox geniş yayılmışdır. Bu anomaliya zamanı adətən xəstələri yuxarı dişlərin çox görünməsi, çənəucu hissənin isə batıq olması narahat edir (1).
Böyümə və inkişaf davam edən dövrdə distal dişləm anomaliyası funksional aparatlarla müalicə edilir. Funksional aparatlar çənə sümüyünün funksiya və mövqeyini dəyişdirərək, müəyyən bir əzələ qrupunun qüvvəsini dişlər vasitəsilə sümüyə istiqamətləndirən qurğulardır. Funksional aparatlarla çənə sümüyünün yeri önə və aşağı doğru dəyişdirilir. Bu zaman xüsusi çeynəmə, daxili qanadabənzər, gicgah əzələsinin ön və arxa bölümləri gərginləşir (2). Bunun nəticəsində yaranan qüvvə əng sümüyünün önə doğru inkişafını ləngidir, çənə sümüyünün inkişafı isə sürətlənir.
Distal dişləmi müalicə etmək üçün istifadə edilən funksional aparatların yaratdığı skelet və dento-alveolar dəyişikliklər müxtəlifdir. Bəzi tədqiqatçılar funksional aparatların çənə sümüyünün böyüməsini sürətləndirdiyini (3, 4, 5), digərləri isə az effekt verdiyini yaxud ümumiyyətlə skelet dəyişikliyi törətmədiyini iddia edirlər (1, 6).
Tədqiqatımızda məqsəd,distal dişləm müalicəsində istifadə edilən 3 fərqli üsulun çənə və əng sümüklərinin effektif uzunluq ölçüləri üzərindəki təsirlərinin müqayisəsi olmuşdur.
Tədqiqatın material və metodları. Tədqiqat skelet mənşəli distal dişləm anomaliyalı xəstələr üzərində aparılmışdır. I qrupa herbst aparatı ilə müalicə edilmiş və orta yaşı 12 olan 21 xəstə (10 qız, 11 oğlan) (şəkil 1), II qrupa monoblok aparatı ilə müalicə edilmiş və orta yaşı 12 olan 17 xəstə (10 qız, 7 oğlan) daxil edilmişdir (şəkil 2). III qrup isə, monoblok-headgear (monoblok-Hg) kombinasiyası ilə müalicə edilmiş, orta yaşı 12 olan 16 xəstədən (9 qız, 7 oğlan) təşkil edilmişdir (şəkil 3).
Tədqiqata sümük mənşəli II sinif anomaliyası olan (ANB bucağı 4º dən böyük olanlar), həm sağ, həm sol tərəfdə molyar dişləri II sinif əlaqədə olan, overjet məsafəsi 4 mm-dən çox olan, böyümə və inkişaf dövründə olan, anadangəlmə diş əksikliyi və kraniofasial deformasiyası olmayan xəstələr daxil edilmişdir.
Əldə edilən sefalometrik rentgenlərin analizi Quick Ceph® və PORDIOS proqramları vasitəsi ilə aparılmışdır.
Şəkil1. Herbst aparatı
Şəkil 2. Monoblok aparatı
Şəkil 3. Monoblok-headgear kombinasiyası
Sefalometrik qiymətləndirmə. Tədqiqatımızda herbst, monoblok və monoblok-Hg aparatlarının istifadəsi nəticəsində baş verən dəyişikliklər müalicədən əvvəl və sonra xəstələrdən əldə edilən sefalometrik rentgen şəkilləri üzərində aparılan ölçmələrlə təyin edilmişdir. Tədqiqatda aşağıdakı ölçülərdən istifadə olunmuşdur (şəkil 4).
1)effektiv çənə sümüyü ölçüsü: çənə sümüyü oynaq çıxıntısının ən üst və ən arxa nöqtəsi Kondilion (Co) ilə çənəucundakı Pogonion (Pg) nöqtəsi arasındakı məsafənin uzunluğudur.
2)effektiv əng sümüyü ölçüsü: ön burun tini(ANS-anterior nasal spina) və arxa burun tini (PNS-posterior nasal spina) nöqtələri arasındakı məsafənin uzunluğudur.
Şəkil 4. İstifadə edilən sefalometrik ölçülər
Statistik olaraq, müalicədən əvvəl və sonra qrupdaxili müqayisədə studеnt t-tеsti və vаryаns anаlizi istifadə edilmişdir.
Tədqiqatın nəticələri və onların müzakirəsi.monoblok qrupunda müalicədən əvvəl və sonrakı ölçülər arasında həm effektiv çənə sümüyü, həm də effektiv əng ölçüsündə statistik səviyyədə artım müşahidə edilir (cədvəl 1).
Monoblok-Hg qrupunda da müalicədən əvvəl və sonrakı skelet ölçüləri arasında, effektiv çənə sümüyü ölçüsündə və effektiv əng ölçüsündə statistik artım olmuşdur (cədvəl 1). Hər iki qrupta çənə sümüyü uzunluğundakı artım, əng sümüyündəki artımdan daha çoxdur.
Herbst qrupunda müalicədən əvvəl və sonra skelet ölçülər arasında, effektiv mandibula ölçüsündə p<0,001 səviyyəsində artım olduğu halda, effektiv maksilla ölçüsündə statistik əhəmiyyətli olmasa da azalma müşahidə edilir (cədvəl 1).
Əng sümüyü. Tədqiqatımızda istifadə edilən monoblok və monoblok-Hg qruplarında effektiv əng ölçüsündə statistik səviyyədə artım müəyyən edilərkən, herbst qrupunda statistik olaraq hər hansı bir dəyişiklik müəyyən edilməmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, monoblok aparatı ilə müqayisədə herbst aparatı əng sümüyünün inkişafını daha çox məhdudlaşdırır.
Çənə sümüyü. Tədqiqatımızdakı hər üç qrupda effektiv çənə sümüyü ölçüsünün statistik olaraq böyüdüyü müəyyən edilmişdir. Həm monoblok, həm də herbst qruplarının effektiv çənə sümüyü ölçüsünün artmasında statistik olaraq əhəmiyyətli olduğunu söyləyə bilərik (cədvəl 1).
Cədvəl № 1.
Tədqiqatda istifadə edilən sefalometrik ölçülərin qruplar üzrə müalicədən əvvəl və sonrakı qiymətləri.
Ölçülər |
Müalicədən əvvəl X±Sx |
Müalicədən sonra X±Sx |
F |
||
Monoblok qrupu |
|||||
ANS-PNS |
56,15 |
0,70 |
57,43 |
0,83 |
** |
Co-Pg |
108,02 |
1,05 |
113,53 |
1,24 |
*** |
Monoblok-Hg qrupu |
|||||
ANS-PNS |
57,15 |
0,91 |
58,48 |
1,17 |
* |
Co-Pg |
108,99 |
2,10 |
115,70 |
2,33 |
*** |
Herbst qrupu |
|||||
ANS-PNS |
92,47 |
5,43 |
91,69 |
4,97 |
|
Co-Pg |
111,34 |
5,92 |
115,61 |
5,98 |
*** |
Qeyd: X: Orta qiymət, : fərqlərin standart xətası, F: test, *: p<0,05, **: p<0,01, ***: p<0,001
Beləliklə tədqiqatımızda distal dişləm anomaliyaların müalicəsində istifadə edilən monoblok, monoblok-Hg və herbst aparatlarının çənə və əng sümüklərinin effektiv uzunluq ölçüləri üzərindəki təsirləri müqayisə edilmiş və aşağıdakı nəticələr əldə edilmişdir.
1. Herbst aparatı, monoblok aparatı ilə müqayisədə effektiv əng sümüyü ölçüsünün inkişafını daha çox məhdudlaşdırır.
2. Həm monoblok, həm də herbst aparatları çənə ölçüsünün artmasına təkan verir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1. Novruzov Z.H. II Sinif anomaliyalarının klinikası və müalicə üsulları. Tədris-metodik vəsait. Bakı, təbib nəşriyyatı 2011, 35 səh.
2. Jean Y., Chen Leslie A.W., Richard N. Analyzis of efficacy of functional appliances on mandibular growth. //Am. J. Orthod. Dentofac. Orthop. 2002, 122: 470-6
3. Bishara S.E., Ziaja R.R. Functional appliances: a review. //Am. J. Orthod. Dentofacial Orthop. 1989, 95, 250-258
4. Ruf S., Baltromejus S., Pancherz H. Effective condylar growth and chin position changes in activator treatment: a cephalometric roentgenographic study. //Angle Orthodontist, 2001, 71, 4-11
5. Rabie A.B.M., Hagg U. Factors regulating condylar growth. //Am. J. Orthod. Dentofacial Orthop. 2002, 122, 401-409
6. Lund D.I. and Sandler P.J. The effects of Twin-Blocks: A prospective controlled study. //Am J Orthod Dentofacial Orthop. 1998, 113, 104-10
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı