SİQARETÇƏKMƏNİN AĞIZ BOŞLUĞUNUN YUMŞAQ TOXUMALARININ VƏZİYYƏTİNƏ TƏSİRLƏRİ

20-02-2017

Keywords: smoking, students, mucosa

Ключевыеслова: курение, студенты, слизистаяоболочка

Müasir dövrümüzdə siqaret çəkmə insanların ən zərərli vəzrdişlərindən hesab olunur və bir çox orqan və sistemlərə öz mənfi təsirlərini göstərir. Siqaret tüstüsünün insan sağlamlığına birbaşa və dolayı mənfi təsirləri vardır ki, onları aşağıdakı kimi sıralamaq olar:

1)Hamiləlik dövündə dölüm bətindaxili inkişafına, ağciyərlərə qaraciyərə,

böyrəklərə təsir, skelet -əzələ sisteminə, ağız boşluğunun sağlamlıq vəziyyətinə şiş hüceyrələrinin inkişafına vədamar sisteminə xüsusilə tac damarqan dövranına neqativ təsiri aydınlaşdırılmışdır.

Siqaret çəkmək ağciyər xəstəlikləri hipertenziya, iflic, periferik arteriyaların xəstəlikləri və miokard infarktı kimi xəstəliklər üçün ciddi risk amili xarakteri daşıyır (2,3). Siqaret çəkməyən ancaq ətrafdakıların siqaret tüstüsünə məruz qalan (passiv siqaret çəkmə) ilə siqaret çəkən şəxslərdə plazmanın askorbin turşusu (C vitamini) səviyyələrində azalma, aşağı sıxlıqlı lipoproteinlərin (LDL) oksidləşməsində artma, lipoproteinlərin profillərində dəyişiklik, endodtelin disfunksiyası kimi bir çox patoloji mexanizmlərlə əlaqədar olaraq, ateroskleroz inkişaf edə bilər [2,3].

Siqaret çəkmə halları ağız boşluğunun selikli qişası və paradonta daha çox təsir göstərir. Siqaret tüstüsü bədən ilk olaraq ağız boşluğundan daxil olur. Siqaretin uzunluğu boyu çəkildikcə tüstünün xarakterində cüzi fərqlər aşkar edilir, beləki siqaret təzə alışdırıldıqda və onun təxminən ilk üçdə biri çəkildikdə tüstüsünün tərkibində buxarlaşmış nikotin miqdarı nisbətən üstünlük təşkil edir, ancaq onun uzunluğu azaldıqda və onun alışmış ucu ağıza yaxınlaşdıqca istiliyin təsirindən nikotin daha çox parçalanır və daha zərərli xarakterə malik tüstü ağız boşluğuna, oradan yuxarı tənəffüs yolları və ağciyərlərə keçir. Ağciyərlər də öz növbəsində qıcıqlanmaya məruz qalırlar və qıcıqlar yerli kanserogen xarakter daşımağa başlayır [6]. Prospektiv göstəricilərin analizi siqaretçəkmənin parodont xəstəliklərinin meydana gəlməsində ekzogen etioloji risk amili rolunu oynadığını göstərir (5,6). Onlar üçün siqaretçəkmə ümumi orqanizm o cümlədən ağız boşluğunun vəziyyəti üçün daha təhlükəlidir. Xəstəliklərin beynəlxalq təsnifatına (XBT -10) əsasən tütündən asılılıq (narkotik maddələrdən asılılıqla birlikdə) “psixo –aktiv birləşmələrin təsirilə meydana gələn ruhi və davranış pozğunluqları” kateqoriyasına aid olunmuşdur. Ölüm səbəbləri arasında siqaretçəkmə birinci yeri tutur. Prospektiv tədqiqatların nəticələri tələbələr arasında siqaretçəkmənin kifayət qədər yüksək səviyyədə olduğunu göstərir.

Qeyd edilənlərə baxmayaraq, siqaretçəkənlərin ağız boşluğunun vəziyyətin hal –hazırda da mübahisə mövzusudur və sona qədər öyrənilməmişdir. Ağız boşluğunun selikli qişa xəstəlikləri arasında xeylitlər, stomatitlər, qlossit və leykoplagiyalara həkim –stomatoloqun təcrübəsində digər selikli qişa patologiya-larına nisbətən daha çox rast gəlinir [7,8].

Tədqiqatın məqsədi:Tələbələrdə siqaretçəkmənin ağız boşluğunun selikli qişasının vəziyyətinə təsirinin müqayisəli qiymətləndirilməsi.

Tədqiqatın material və metodları: Bu məqsədlə tərəfimizdən ATU –da müalicə işi və stomatologiya fakültələrində III kursda təhsil alan 198 nəfər siqaret çəkən və 235 nəfər siqaretçəkməyən ümumilikdə 353 nəfər oğlan tədqiqata cəlb edilmişdir. Sonradan siqaret çəkənlərdən 18 nəfər, siqaretçəkməyən şəxlərdən isə 35 nəfər müxtəlif səbəblərdən tədqiqatda iştirakı davam etdirməkdən imtina etməli olmuşlar, tədqiqatlar 180 nəfər siqaret çəkən və 200 nəfər siqaret çəkməyən şəxslər üzərində davam etdirilməli olmuşuq.

Tədqiqata cəlb edilmiş tələbələrdə ilk əvvəl III kursda, daha sonra isə V kursda ağız boşluğu hərtərəfli müayinə edilmiş, onlarda xeylitin meteroloji forması, hiperkeratotik qlossit, yastı leykoplagiya və herpetik stomatitin residivləşən formasının rast gəlinməsinə (say və % -lə) görə müayinə aparılmış, siqaret çəkənlər və çəkməyənlərin III və V kursdakı müayinələrinin nəticələri həm biri –birilə, həm də qruplar üzrə müqayisə edilmişdir. Stomatoloji müayinələr stomatoloji güzgü və adi paradontal zond vasitəsilə aparılmışdır. Tələbələrin hamısı ümumi vəziyyəti sağlam olan və eyni yaş intervalında olan şəxslər olmuşlar.

Alınmış nəticələr parametrik və qeyri –parametrik üsullardan istifadə etməklə statistiki işlənmişdir. Statistiki üsullar variasion üsullarla tədqiq olunmuşdur (orta riyazi kəmiyyət – М, onların standart xətası – m, Styudentin dürstlük əmsalı – t müəyyən edilməklə). Kliniki tədqiqatın nəticələrinin statistiki işlənməsi standart proqram paketinin köməyilə icra edilmişdir (Windows üçün Microsoft Excel и Statistica 7.0).

Tədqiqatın nəticələri və müzakirəsi: Tədqiqat nəticəsində siqaret aludəçisi olan 180 nəfər tələbədə ağız boşluğunun selikli qişasının vəziyyətinin öyrənilməsi istiqamətində aparılan müayinələr nəticəsində 20 nəfərdə dodaqların iltihabı olan  xeylit əlamətləri qeydə alınmışdır ki, bu da qrup üzrə 11,1±2,34% tələbələri əhatə etmişdir. Buna baxmayaraq, 200 nəfərdən ibarət siqaret çəkməyən tələbələr qrupunda is cəmi 6 nəfərdə xeylit əlamətləri müşahidə edilmişdir ki, bu da adı çəkilən qrupun cəmi 3,0±1,21% -ni əhatə etmişdir ki, bu da zərərli vərdişdən asılı olan qrupdan 3 dəfədən də çoxdur. Qeyd edək ki, qruplar üzrə xeylit əsasən meteroloji xarakterli olmuşdur (cədvəl 1). Xeylitlər dodağın selikli qişası və qırmızı haşiyəsinin iltihabi xəstəliyi olub, müxtəlif etioloji amillərdən qaynaqlanırlar. Meteroloji xeylitlərin əsas etioloji amili xarici mühit amillərinin kəskin dəyişilməsi (isti və soyuq) hesab olunur ki, siqaret çəkənlər də siqaretin termiki təsirlərinə də tez –tez məruz qalırlar.

Cədvəl  № 1.

Siqaretçəkən şəxslərdə ağız boşluğunun selikli qişa xəstəliklərinin müqayisəli rast gəlinməsi.

Nozoliji vahid

Lokallaşması

Siqaretçəkənlərdə

(n=180)

Siqaret çəkməyənlər

(n=200)

P

sayla

%-lə

sayla

%-lə

Xeylit

Tipik

20

11,1±2,34

6

3,0±1,21

<0,01

Qlossit

Tipik

28

15,6±2,70

3

1,5±0,86

<0,001

Leykoplagiya

Klein S.

5

2,8±1,22

-

-

<0,05

Herpetik Stomatit

Dodağın qırmızı haşiyəsi

12

6,7±1,86

4

2,0±0,99

<0,05

Qeyd: P –siqaret çəkən tələbələrə görə statistiki əhəmiyyətlilik

 Diaqram 1. Siqaretçəkən şəxslərdə selikli qişanın vəziyyəti.

        Bundan başqa, tədqiqatımız zamanı xəstələrdə çəkilən siqaretin sayı ilə ağız boşluğunun selikli qişasının buynuzlaşma dərəcəsi arasında düz mütənasib asılılığın olduğu da müşahidə edilmişdir. Müayinə etdiyimiz şəxslərin ağız boşluğu selikli qişasının leykoplagiyası əsasən selikli qişasının yığılması, göynəmə hissi olmaqla bərabər selikli qişanın müxtəlif forma və ölçüdə tutqunlaşmış sahələr də müəyyən edilmişdir. Bəzi pasiyentlərimizdə isə hətta intensiv qaşıdıqda belə kənarlaşmayan yapışmış bozumtul –ağ pərdə və ya ərp də qeydə alınmışdır.

Dilin iltihabı olan qlossit əlaməti 180 nəfərlik  siqaret çəkən tələbələrdən 28 nəfərində qeydə alınmışdır ki, bu qeyd olunan qrupun 15,6±2,70 % -i olmuşdur (diaq.1). Siqaretdən aılılığı olmayan 200 nəfər tələbə qrupunda isə yalnızca 3 nəfərdə qlossitə rast gəlinməklə bu qrupun 1,5±0,86% -ində müşahidə edilmişdir. Hər iki qrup üzrə tələbələrdə qlossitin hiperkeratotik forması müşahidə edilmişdir.

Ağız boşluğunun leykoplagiyasının siqaretr çəkən və çəkməyən tələbələr arasında rast gəlinməsinin öyrənilməsi üzrə aparılmış müayinələr zamanı isə siqaretdən asılı hala düşmüş 180 nəfərlik qrupdan 5 nəfərində qeyd olunan xəstəliyə rast gəlinsə də, siqaret çəkməyən 200 tələbənin heç birində müvafiq patologiyaya rast gəlinməmişdir. Onu da qeyd edək ki, siqaret çəkən şəxslərdə leykoplagiyanın yayılması qrupun 2,8±1,22% -ni əhatə etmişdir. Hər iki qrup üzrə leykoplagiyanın yastı növünə rast gəlinmişdir. Leykoplagiya uzunmüddətli qıcıq təsirinə cavab olaraq, ağız boşluğu selikli qişasının buynuzlaşmasıdır. Leykoplagiyalar adətən stromanın iltihabı ilə müşayiət olunur. Siqaret çəkmənin leykoplagiyanın meydana gəlməsində rolu olduğu sübut edilmişdir. Herpetik stomatitin siqaret çəkən və çəkməyən tələbələr arasında rast gəlinməsinin öyrənilməsi üzrə aparılmış müayinələr zamanı isə siqaretdən asılı olmayan 200 nəfər tələbələrdən 4 –ündə bu xəstəliyə rast gəlinmişdir ki, bu da qrupun 2,0±0,99% -ini əhatə etmişdir. Siqaret çəkən tələbələr qrupunda isə herpetik stomatitə rast gəlinmə 12 tələbədə olmaqla qrupun 6,7±1,86% -ni əhatə etmişdir ki, bu da əvvəlki qrupdan 3 dəfə yuxarı göstəricidir. Qeyd edək ki, tələbələr arasında dodağın qırmızı haşiyəsində yerləşən herpetik stomatitin xroniki residivləşən forması öyrənilmişdir. Stomatitlərin herpetik formasının inkişafında orqanizmin ümumi vəziyyətinin pozulması əsas mərkəzi yer tutur ki, bizim müayinə etdiyimiz siqaret çəkən xəstələrdə də bu hal məhz siqaretlə əlaqələndirilir.

        Tədqiqat zamanı əldə etdiyimiz nəticələr ağız boşluğunun selikli qişasının patologiyalarının siqaret çəkən şəxslərdə çəkməyənlərlə müqayisədə daha intensiv xarakter daşıdığını bir daha ortaya qoymuşdur. Ağız boşluğunun selikli qişasının xəstəlikləri əksər hallarda ümumi orqanizm səviyyəsində baş verən proseslərin yerli təzahürü kimi nəzərdən keçirildiyindən onların belə intensiv təzahürü siqaret çəkən şəxslərdə daha dərin problemlərin olduğunu göstərir. Yuxarıda qeyd etdiyimiz selikli qişa xəstəliklərindən xeylit və leykoplagiyanın etiologiyasında yerli qıcıqlandırıcı amillərin də rolu danılmazdır. Siqaretin tərkibindəki zərərli maddələr ilk olaraq ağız təmas etdiyindən məhz ağızın selikli qişası daha çox təsirə məruz qalır.

Aldığımız nəticələr siqaret çəkən şəxslərin ağız boşluğu sağlamlığını bir daha aktual edir, tələbələr arasında siqaret çəkmə əleyhinə maarifləndirici işlərin və yeni araşdırmaların aparılmasına təkan verir.

 ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

1.Lannan S, McLean A, Drost E, et al: Changes in neutrophil morphology and morphometry following exposure to cigarette smoke. Int J Exp Pathol 2002; 73:183.
2.Bergstrom J, Floderus-Myrhed B: Co-twin control study of the relationship between smoking and some periodontal disease factors. Community Dent Oral Epidemiol 2013; 11:113.
3.Jette AM, Feldman HA, Tennstedt SL: Tobacco use: A modifiable risk factor for dental disease among the elderly. Am J Public Health 2003; 83:1271.Z
4.Codd EE, Swim AT, Bridges RB: Tobacco smokers' neutrophils are desensitized to chemotactic peptide-stimulated oxygen uptake. J Lab Clin Med 2007; 110:648.
5.Dinsdale CR, Rawlinson A, Walsh TF: Subgingival temperature in smokers and nonsmokers with periodontal disease. J Clin Periodontol 2007; 24:761.
6.Gorman LM, Lambert PM, Morris HF, et al: The effect of smoking on implant survival at second stage surgery: DICRG interim report #5. Dental implant clinical research group. Implant Dent 2004; 3:165.
7.Persson L, Bergstrom J: Smoking and vascular density of healthy marginal gingival. Fur J Oral Sci 1998; 106:953.
8.Preber H, Bergstrom J: The effect of non-surgical treatment on periodontal pockets in smokers and nonsmokers. J Clin Periodontol 2006; 13:319.


Müəlliflər:
C. A. Səfərov

Digər jurnal və qəzetlər