INULA MONTANA L. BİTKİSİNİN ÇİÇƏK VƏ OTUNUN ELEMENT TƏRKİBİNİN ÖYRƏNİLMƏSİ

07-02-2017

Açar sözlər: Inula montana, element tərkibi

Keywords: Inula montana, microelemental analysis

Dağ andızı (Inula montana L.) mürəkkəbçiçəklilər fəsiləsinə (Asteraceae) aid olmaqla Fransa, İspaniya, İsveçrə, İtaliya və şimali Afrikada geniş yayılmışdır [3]. Xalq təbabətində bitkinin çiçəklərindən, otundan, kök və kökümsovundan ödqovucu, iltihab əleyhinə, öskürəkkəsici, revmatizmdə əzələ ağrılarında və bağırsaq koliklərində istifadə edilir [3,4].

Bitkilərdən müalicə vasitəsi kimi istifadə etdikdə onun kimyəvi tərkibində olan bioloji fəal maddələr əsas götürülür. Lakin xammalın tərkibində olan elementlərə bəzən fikir verilmir. Mikroelementlər orqanizmdə vacib funksiyaları yerinə yetirirlər. Belə ki, dəmir zülallar – hemoproteinlərdə (hemoqlabin, mioqlo-bin, sitoxrom və s.) rast gəlinir, sink tərkibli ferment və hormonların sayı 200-dən artıqdır (timulin, insulin və s.), mis neyromediaorların sintezi üçün lazım gələn dofamin-β-hidroksilazanın, kobalt sianokobalaminin tərkibinə daxildir və s.

Nəzərə almaq lazımdır ki, canlı orqanizm mürəkkəb dinamik poliliqand və polimetallik sistemdir, yəni molekul və ionların mərkəzi kompleks əmələgətirici atom ilə əlaqəli endogen liqandlar adlanan kompleks birləşmədir. Orqanizmin homeostazını tənzim edən belə biokomplekslərin yaranmasında mərkəzi kompleks əmələgətirici atom kimi mikroelementlər çıxış edir. Onların da bir çoxu orqanizmdə mikroelemntlərin bioloji fəal maddələrlə helatları şəklində rast gəlinir. Helatlar liqandın mərkəzi atom metal ilə iki və daha artıq rabitə vasitəsilə birləşmiş tsiklik birləşmələrdir.

Sabit kompleks birləşmələr, məsələn, hemoqlabin, sianokobalamin, sitoxromlar orqanizmdə daim öz funksialarını yerinə yetirirlər. Qeyri-sabit komplekslər hər hansı funksiyanı yerinə yetirdikdən sonra parçalanırlar. Belə hallarda metal ionları fermentlərin katalitik fəallıqları dövründə onları aktivləşdirici funksiya daşıyırlar [1].

Orqanizmdə hüceyrə miqdarının sabitliyi onların artması və apoptozu, yəni proqramlaşdırılmış məhvi hesabına qorunur. Metal ionlarının növündən və miqdarından asılı olaraq bu nisbət dəyişə bilər [2].

Tədqiqat işinin məqsədi dağ andızı (I. montana L.) bitkisinin element tərkibinin öyrənilməsindən ibarətdir. Bitkinin element tərkibi ilk dəfədir ki, tədqiq edilir.

Tədqiqatlar Fransanın Azərbaycan Respublikasındakı səfirliyinin maddi dəstəyi ilə yerinə yetirilmişdir.

Material və üsullar:Tədqiqat üçün xammal I.montana bitkisinin çiçək və otu -  2014-cü ilin yay aylarında Fransanın cənubunda  Bonnieux kommunasının Luberon qoruğunda toplanmışdır.

        I.montana bitkisinin çiçək və otunun mikroelement tərkibi AMEA Geologiya institutunda N.Sadıqovun rəhbərliyi altında yerinə yetirilmişdir. Xammalın element tərkibi ABŞ istehsalı olan “Agilent technologies İCP MS 7700e” induktiv əlaqəli plazmalı mass-spektrometrdə (İƏP-MS) təyin edilmişdir.

İnduktiv əlaqəli plazmalı mass-spektrometriya üsulu (İƏP-MS) bir çox elementlərə qarşı yüksək həssaslığa malik olması, eyni zamanda onların təyin edilmə imkanları və yüksək dəqiqliyə malik olması ilə əlaqədar elementlərin bitki xammalında, bioloji materialda, suxur və s. obyektlərdə təyin edilməsində aparıcı üsul kimi son zamanlar digər analitik üsulları sıxışdırıb çıxarmışdır. Üsulun əsasını arqon induktiv əlaqəli plazmadan ion mənbəyi kimi istifadə və nəticədə əmələ gələn ionların mass-spektrometr vasitəsilə təyin edilməsi təşkil edir. 

I.montana bitkisinin çiçək və otunun mikroelement tərkibinin təyin edilməsi məqsədilə platin putada 0.1 qr bitki xammalı nümunəsi (çiçək və ot)  üzərinə 14 ml mineral turşular qarışığı əlavə edilir (10ml - HF + 2ml H2SO4 + 2ml HNO3). Üzərinə mineral turşu qarışığı əlavə edilmiş bitki nümunələri saxlayan platin puta xüsusi avtoklavlarda Sineo MBES-86 mikrodalğalı sobada 1500-1800C temperaturda qısa bir zamanda minerallaşdırılır. Turşu və temperatur təsirindən ionogen vəziyyətə düşmüş mikroelementlər “Agilent technologies İCP MS 7700e” induktiv əlaqəli plazmalı mass-spektrometrdə təyin edilmişdir.

        Bitkinin çiçək və otunun element tərkibinin analizi nəticəsində əldə edilən göstəəricilər aşağıdakı cədvəldə əks edilmişdir.

Cədvəl  № 1.

I.montana bitkisinin çiçək və otunun element tərkibi və normalar [5], mkq/kq (ppb)

I.montana

V

Cr

Mn

Fe

Co

Cu

Ot

1027,31

1659,78

18952,33

497995,24

99,97

7139,77

Çiçəklər

2712,15

2936,51

33844,16

438453,33

249,36

6321,08

Norma

 

 

 

 

 

≤ 40000

 

Zn

As

Cd

Pb

Ni

 

Ot

32,31

129,2

9,51

2293,5

3234,16

 

Çiçəklər

48,88

318,2

25,98

4035,5

4395,24

 

Norma

 

≤ 5000

≤ 500

≤ 5000

≤ 10000

 

         Cədvəldən göründüyü kimi bitkinin çiçək və otunun tərkibində ağır metalların miqdarı qəbul edilmiş normadan azdır. Ağır metallara Mendeleyevin dövri cədvəlində atom çəkisi 50-dən artıq olan 40-dan çox metal aid edilir. Ağır metallar güclü toksik təsirə malikdirlər və orqanizmdə geridönməz patoloji proseslər yarada bilirlər. Belə ki, qurğuşun orqanizmdə immunogenezi və spermatogenezi təmin edən fermentlərdə zink elementini sıxışdırıb əvəzləyir, qanyaradıcı orqanların fəaliyyətini pozaraq anemiyaya səbəb olur. Kadmium ağ ciyər kanserogenidir. Arsen zülalların sufhidril qrupları ilə birləşərək orqanizmə kanserogen təsir göstərir. Nikel kiçik dozalarda qanyaradıcı orqanların fəaliyyə-tində iştirak edir, insulunin funksiyasını aktivləşdirir, böyük dozalarda isə  DNT və RNT-yə təsir göstərir və bəd xassəli şişlərin yaranma riskini artırır. Mis orqanizmdə bəzi fermentlərin tərkibində (sitoxromoksidaza və s.) vacib funksiyalar yerinə yetirir, lakin artıq dozada kapillyarlarda hemolizə səbəb olur, qaraciyər və böyrəklərə zədələyici təsir göstərir.

Nəticələr və müzakirə.Fransada toplanılmış mürəkkəbçiçəklilər fəsiləsinə (Asteraceae) aid olan dağ andızı (Inula montana L.) bitkisinin çiçək və otunun element tərkibi “Agilent technologies İCP MS 7700e” induktiv əlaqəli plazmalı mass-spektrometrdə (İƏP-MS) vəsfi və miqdarca təyin edilmişdir. Təyin edilən elementləri onların miqdarının azalma sırasına görə aşağıdakı şəkildə düzmək olar: Cd<Zn<Co<As<V<Cr<Pb<Ni<Cu<Mn

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES: 

1.Əhmədov E.L. Bioqeyri-üzvi kimya (metodik vəsait). Bakı, 2010, 165 s.
2.Калетина Н., Калетин Г. Микроэлементы – биологические регуляторы // Наука в России, №1, 2007.
3.http://www.tela-botanica.org/bdtfx-nn-35806.
4.Amir M. Les cueillettes de confiance. France, 1998, 247 p.
5.Guédon D., Brum M., Seigneuret J.M. Impuretés des drogues végétales, préparations à base de drogues végétales et médicaments à base de plantes. France, vol. 18, №3, 2008, 231-258 p.


Müəlliflər:
E.E. Qarayev
E. Ollivier
P. Chiffoleau
D. Roux
H. Sallanon
R. Elias

Digər jurnal və qəzetlər