QALOPERİDOL VƏ ONUN FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

18-12-2016

Geniş arsenallı dərman preparatları vasitəsilə həyata keçirilən farmakoterapiya bu gün də xəstəliklərin əsas müalicə vasitəsi olaraq davam edir. Lakin bu gün tibbi praktikada önəmli bir müalicə vasitəsi kimi istifadə edilən hər hansı bir preparat əlavə təsirlərdən xali deyildir. Artıq çox saylı tədqiqatlarla sübuta yetirilmişdir ki, dərman preparatları metabolizmin ferment sisteminə, genetik polimorfizm reseptorlarına, endokrin sisteminə və orqanizmin digər sistemlərinə əlavə təsir göstərməklə onların fəaliyyətində müəyyən dəyişikliklərə səbəb olur (1). Bu xüsusiyyət ən çox qısa terapevtik dozaya malik preparatlarda xüsusilə neyroleptiklərdə özünü göstərir.

Həyatın sürətli inkişafı, informasiyaların, həddən artıq çoxalması və s. hallar insan psixasının pozulmasında təkanverici amil olması sübuta yetirilmiş hal kimi qəbul olunmuşdur. Bir tərəfdən genetik amillər digər tərəfdən ətraf mühitin təsirindən psixası pozulmuş insanların sayı sürətlə artmaqdadır. Ona görə də ruhi xəstəliklərin istər profilaktikası və istərsədə müalicəsi üçün neyroleptiklərə təlabat durmadan artmaqdadır. Nəzərə alsaq ki, hazırda neyroleptiklər psixoloji pozğunluqda və eləcədə sinir sisteminin digər patologiya-larında geniş istifadə olunan dərman preparatıdır (2,3,4). Onda problemin aktuallığı şübhə doğurmaz. Neyroleptiklərin bir nümayəndəsi və şizofreaniya xəstəliyinin müalicəsində geniş istifadə olunan dərman preparatı qaloperidoldur (4).

Qaloperidol butrirofenon qrupunun nümayəndəsidir. Daxilə qəbul etmək üçün damcı və tablet formasında, venadaxilinə və əzələ daxilinə yeritmək üçün isə məhlul formasında buraxılır. Aparılan tədqiqatlar sübuta yetirmişdir ki, qanda qaloperidolun qatılığı 5,6-16,9 mq/l diapazonda olduqda terapevtik effekt göstərir (6).

Lakin əksər alimlər qaloperidolun qanda qatılığının 10 mq/l olmasını optimal variant hesab edirlər (9). Onların fikirincə qanda qaloperidolun qatılığının 10 mq/l olması onun əlavə təsirlərini kəskin şəkildə azaldır. (6,7,8). Qaloperidol daxilə yemək zamanı və ya yeməkdən sonra 240 ml həcmində su və ya südlə qəbul olunur. Yaşlı insanlar üçün ilkin doza 0,5-5mq tövsiyyə edilir və gün ərzində 3 dəfəyə qəbul olunur. Lakin bu mütləq doza deyildir. Lazım gəldikdə terapevtik effekt alınana qədər preparatın qəbul dozasını artırmaq mümkündür. Lakin maksimal dozası gün ərzində 100 mq-dan artıq olmamalıdır. Klinisistlərin verdikləri məlumata görə orta terapevtik doza 10-15 mq-a, xroniki formalı şizofreniyası olan xəstələrdə isə hətta 20-60 mq-a bərabərdir (10).

Müəyyən edilmişdir ki, qaloperidolla müalicə 2-3 ay müddətində aparılmalıdır. Effekt alındıqdan sonra onun qəbul dozası tədricən azaldılmalı və gün ərzində 5-10 mq-a endirilməlidir.

Qaloperidolun qəbul dozası xəstənin vəziyyətindən asılı olaraq seçilməlidir. Klinisistlərin fikirincə ahıl və fiziki cəhətcə zəifləmiş xəstələrə 0,5-2 mq dozada preparat təyin olunmalıdır. Göstərilən dozada qaloperidolu gün ərzində 2-3 dəfədən artıq olmamaq şərtilə qəbul edilməlidir (1). 3-12 yaş arasında və çəkisi 15-40 kq olan psixası pozulmuş uşaqlara hər kq çəkiyə 0,05 mq dozada (gün ərzində 2-3 dəfə) təyin edilir. Lakin bu mütləq doza deyildir. Lazım gəldikdə qaloperidolun qəbulunu 0,5 mq-a qədər artırmaq olar. Bir sıra klinisistlər qeyd edirlər ki, uşaqlara 0,5 mq dozada qaloperidolu 5-7 gün müddətində gündə 1 dəfə təyin etmək lazımdır. (7,10,11).

Davranışın qeyri psixogen xəstəliklərində, Turetta xəstəliyinin başlanğı-cında gün ərzində 0,05 mq/kq dozada qaloperidol təyin edilir və bu doza gün ərzində 2-3 yerə bölünərək daxilə qəbul edilir. Xəstəliyin gedişindən asılı olaraq sonrakı günlərdə müalicənin daha səmərəli nəticəsini təmin etmək məqsədilə preparatın qəbul dozası 0,5 mq-a qədər uzadılır və 5-7 gün müddətində daxilə qəbul edilir.

        Qaloperidol uşaq autizm xəstəliyində də geniş şəkildə tətbiq olunur. Bu zaman preparatın gün ərzində qəbulu 0,025-0,05 mq/kq-a çatdırılır. Preparatın 1 ay müddətində qəbulundan nəticə almadıqda qaloperidolun qəbulunun davam etdirilməsi tövsiyyə olunmur.

        Xəstəliyin kəskinləşdiyi hallarda və ya per oral qəbulun mümkün olmadığı zaman qaloperidol damar daxilinə yeridilir. Fasilə vermədən qusma halları olduqda vena daxilinə 4-8 saat fasilə verməklə gündə 2 dəfə 2-5 mq qaloperidolun yeridilməsi məsləhət görülür. Kəskin psixozlarda isə 5-10 mq dozada qaloperidol vena daxilinə və ya əzələ daxilinə yeridilir. Qeyd olunan doza 30-40 dəqiqə intervalla gün ərzində iki dəfə təkrarlana bilər. Gündəlik maksimal doza 100 mq-ı aşmamalıdır.

        Kəskin alkaqol psixozlarında isə vena daxilinə 5-10 mq dozada qaloperidol yeridilir. Əgər lazım olan effekt alınmasa 10-20 mq dozada dəqiqədə 10 mq olmaq şərtilə təkrar ifzuyanın aparılması istənilən nəticəni əldə etməyə imkan yaradır.

        Qaloperidol dekanoatla qarışdırılmış şəkildə də işlədilir. Bilmək lazımdır ki, dekanoatla qarışdırılmış qaloperidol yalnız əzələ daxilinə yeridilmək üçündür. 25 mq olmaq şərtilə 15-30 gündən bir əzələ daxilinə yeridilir. Bu mütləq hədd deyildir. Lazım gəldikdə qaloperidol dekanoat qarışığı 100-150 mq-a qədər artırıla bilir. Bu zaman 1 aydan az olmayan interval saxlanılmalıdır.

        Qaloperidol dekanoat qaloperidolla müqayisədə daha uzun müddətli təsirə malikdir. Davamlı hallüsinasiyaları, maniyaları aradan qaldırır. Ətrafındakılara marağı gücləndirir. Hiperaktiv uşaqlarda yığılmış hərəki aktivliyi, davranış pozulmalarını (aqressivliyi, diqqətin cəmlənməsinin dağılmasını və digər əlamətləri) ortadan götürür. Dərman preparatının terapevtik effekti 6 həftəyə qədər davam edir.

        Qaloperidol “güclü” neyroleptiklərə aid olub, antipsixotik təsirə malik olmaqla yanaşı əksər hallarda ekstrapramidal sistemə təsir göstərməklə müxtəlif fəsadlar yaradır (5). Bu fəsadlar içərisində mikrosomal qaraciyər fermentlərinin blokadası daha tez-tez təsadüf edir və orqanizmdə bir sıra qeyri adekvat reaksiyalara səbəb olur. Bu reaksiyalar sayəsində qəbul olunan digər preparatların transformasiyasını ləngidir və onların qanda qatılığını toksiklik dərəcəsinə qədər artırır. Əmələ gələn toksiki reaksiyalar mübadilə prosesinə təsir göstərməklə orqanizmdə lal şəkildə olan patoloji prosesi oyadır və hətta dərinləşdirə bilir.

Qaloperidol retikulyar farmasiyada α-adrenoreseptorları blokada etməklə orqanizmin endokrin statusunda da müxtəlif dəyişikliyə səbəb olur. Hipofizin ön payında prolaktinin məhsullarını artırır və qanadotrop hormonların miqdarını azaldır.

        Səbəbi bəlli olmayan baş ağrıları, yuxusuzluq, təşviş hissləri, oyanıqlıq, eyforiya və ya depresiya, eplepsiya tutmaları, psixozun və ya hallüsinasiyanın kəskinləşməsi kimi hallar qaloperidolun qəbulunun ilk günləri üçün xarakterik olan əlamətlərdəndir.

 

Gecikmiş distoniya aşağıdakı klinik əlamətlərlə özünü göstərmiş olur.

 

 

Geçikmiş diskeniziya

 

 

 

 

 

 

 

Dodaqların qırışması

 

 

Dilin qurdvari və tezləşmiş hərəkəti

 

 

 

İdarə oluna bilinməyən çeynəmə hərəkəti

 

 

 

Əl və ayağın idarə oluna bilməyən hərəkətləri

 

                   

        Uzun müddətli müalicə zamanı isə daha ciddi əlavə təsirlər o cümlədən ekstrapromid pozulmalar, gecikmiş diskineziya və distoniya qeydə alınmışdır. Müəyyən edilmişdir ki, qaloperidolun uzun müddətli qəbulu zamanı baş vermiş ən ciddi fəsad ekstrapiramid pozulmalardır. Ekstra-promid pozulmaların baş verməsi nisbətən az xəstələrdə müşahidə edilir. Lakin ondan fərqli olaraq gecikmiş diskineziya və distoniya daha tez-tez rast gəlinən əlavə təsir kimi qəbul edilmişdir.

Gecikmiş distoniya isə uzun qeyri adi görünüşü, boynun, gövdənin, əl və ayağın tənzim olunmayan bükül-mə vəziyyətinin alınması, bəd gedişli neyroleptik sindrom da gecikmiş distoniyanın əsas əlaməti kimi qiymətləndirilməlidir.

        Bu zaman xəstələrin bir qrupunda tənəffüs çətinləşir. Digər qrup xəstələr isə tənəffüsün tezləş-məsindən şikayət edirlər. Xəstələrin böyük bir qismində ürəyin ritmi sürətlənir, bəzilərində isə pozularaq müxtəlif formalı aritmiyalarla özünü göstərir. Hemodinamikanın stabilliyi pozulur. Xəstələrin bir qisminin arterial təzyiqi yüksəlir, müəyyən bir qismi isə hipotoniyadan şikayətlənir. Səbəbsiz yerə tərləmə isə xəstələrin əksəriyyətinin şikayətində səslənir.

Xəstələri daha çox narahat edən hallar o cümlədən sidiyin saxlaya bilməməsi, əzələ rigidliyi, epileptik tutmalar, huşun itirilməsi və s. hallar həkimə müraciyət zamanı onun diqqətinə çatdırılır.

        Sinir sistemində yaranmış əlavə təsirlərdən bağlı başqa ürək-damar sistemində yaranan bir sıra problemlər xəstələrin şikayətlərinin əsas tərkib hissəsini təşkil edir.           Qaloperidolun yüksək dozalarda istifadəsi xəstələrdə hemodinamik pozğunluqlar yaradır. Arterial təzyiq normal səviyyədən aşağı düşür. Ortostatik hipotenziya xəstələrdə narahatlıq doğurur. Müxtəlif tipli aritmiyalar, xüsusən də taxikardiyalar xəstələri narahat edir. Elektrokardioqrammada qeyd olunan Q-T intervalının uzanması, mədəciklərin treptaniya və səriməsi həkimdə xəstələrin həyat təhlükəsi riskinin artması haqqında fikir yaradır. Hətta qəflətən ölüm halları da baş verdiyindən bu cür hallarda xəstələri stasionarda kardiologiya şöbəsində, bəzi hallarda isə kardioreanimasiyada qaspitalizasiyası tövsiyyə olunur.

Qaloperidolun istifadəsi zamanı həzm sistemində də bir sıra patoloji hallarla rastlaşmaq mümkündür. Xəstələrin iştahı azalır, ağızlarında quruluq yaranır. Xəstələri dinlədikdə hiposalivasiya, qusma, diareya və ya qəbizlik onların əsas şikayətlərindən biri kimi qəbul edilir. Bundan əlavə xəstələr bəzi halda qaraciyərin funksiyasını andıran şikayətləri də həkimin diqqətinə çatdırırlar. Az da olsa bu qəbildən olan xəstələr içərisində sarılığın inkişaf mümkün hal hesab edilir.

Nadir hallarda qaloperidolun təsirindən qanyaradıcı sistemdə çox da davam etməyən patoloji hallar müşahidə olunur. Qanın formalı elementlərində leykopeniya və ya leykositoz, aqranulositoz, eritropeniya və monositoza meyillik daha tez-tez rast gəlinir.

Sidik cinsiyyət sistemində olan dəyişikliklərin içərisində periferik ödem, döş vəzilərində ağrılar, hiperprolaktinemiya, menustral siklin pozulması, cinsi fəallığın aşağı düşməsi və s. hallar xəstələrin şikayətinin əsasını təşkil edir. Prostat vəzinin adenoması olan xəstələrdə isə sidik axımının kəskin durğunluğu baş verə bilir.

Görmə üzvülərində katarakta, retinopatiya, görmənin aydın olmaması kimi əlamətlər meydana çıxır. Qaloperidolun allergik reaksiyalar törətmək təhlükəsi daha yüksəkdir. Xəstələrdə dəridə müxtəlif səpgilərlə, nadir hallarda isə bronxospazm və larinqo-spazm şəklində təzahür edir.

Xəstələri labarator müayinə edərkən hiponatriemiya, hiper və ya hipoqlikemiya aşkar edilir.

Tüklərin tökülməsi, bədən kütləsinin artması da qaloperidolun əlavə təsiri hesab olunur.

Qaloperidolu artıq dozada işlətdikdə əzələdə rigidlik, tremor, yuxululuq, arterial təzyiqin enməsi, nadir hallarda isə yüksəlməsi müşahidə edilir. Ağır hallarda komotoz vəziyyət, tənəffüsün pozulması, hətta şokun inkişafı istisna edilmir. Ona görədə preparatın artıq dozası qəbul edilməsi hallarında xəstənin mədəsi yuyulmalı, entrosorbentlər (aktivləşmiş kömür) təyin edilməlidir. Tənəffüsün ağır pozulduğu hallarda isə xəstə sünii tənəffüs aparatına qoşulmalıdır. Qan dövranını yaxşılaşdırmaq məqsədilə damar daxilinə plazma və ya albumin məhlulu, norepinefin köçürülməlidir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1. Ingelman-Sundberg M. Human drug metabolising cytochrome P 450 enzymes: properties and polymorphisms // Naunyn Schmiedebergs Arch. Pharmacol. 2004. №1. P. 89-104.

2. Purdon S.E.Jones B.D., Stip E et al. Neuropsychological change in early phase schizophrenia during 12 months of treatment with olanzapine, risperidone, or haloperidol // Arch. Gen. Psychiatry 2000. P. 249-258.

3. Gury C. Schizophrenia, diabetes mellitus and antipsychotics. Encephale.2004. Jul-Aug№4.P. 382-391.

4. Курылев А.А., Андреев Б.В.Фармакогенетические особенности эффективности и безопасности применения галоперидола и рисперидона (обзор литературы). / Вестник Санкт-Петербургского университета 2012. Вып 3. с 62-71.

5. Евсегнеев Р.А. Современные стандарты лечения щизофрении. // Медицинские новости. 2004. №1 с. 58-62.

6. Kudo S., IshizakiT.Pharmacokinetcs of haloperidol: an update // Clin. Pharmacokinet. 1999. №6. P. 435-456.

7. Yasul-Furukori N., Kondo T., Suzuki A., etal Effect of the CYP2D6  genotype on prolactin concentration in schizophrenic patients treated with haloperidol // Schizophr. Res 2001 №1-2. P. 139-142.

8. Brockmoller J., Kirchheiner T., Schmider J. et al. The impact of the CYP2D6 polymorphism on haloperidol pharmacokinetics and on the outcome of haloperidol treatment // Clin. Pharmacol.Ther. 2002. №4. P. 438-452.

9. Weiden P., Mackell J., Mc Donnell. D. Obesity as a risk factor for antipsychotic noncompliance. // Schizophrenia Res. 2004. №66.P. 51-57.

10. Ohnuma T., Shibata N., Matsubara Y., Arai H. Haloperidol plasma concentration in Japanese psychiatric subjects with gene duplication of CYP2D6 // Br. J. Clin. Pharmacol 2003/9.T.56, №3. P. 315-320.

11. Roh H.K., Chung J.Y., Oh D. Y., et al. Plasma concentrations of haloperidol are related to CYP2D6 genotype at low, but not high doses of haloperidol in Korean schizophrenic patients // Br. J. Clin. Pharmacol. 2001. №3 P. 265-271.


Müəlliflər:
M. Rüstəmova

Digər jurnal və qəzetlər