Zərəngiz Əliqulu qızı Tağizadə 90 İl
16-03-2017
İnsan ömrü sadəcə ayları, illəri yola salan bir yaşamaq müddəti deyil, həyatı tarixə çevirərək əbədiləşdirən bir ömür lövhəsidir. Təəssüf ki, yaddaşlara həkk olunan ömür yaşamaq hər bir kəsə nəsib olmur. Onlar doğulur, yaşayır, dünyasını dəyişir və xatırlan-mır.
Tibb ictimaiyyəti 90 illik yubileyini qarşılamağa hazırlaşdığı tibb elmləri doktoru, professor Zərəngiz xanım Tağızadə yaddaşlara həkk olunaraq, silinməz izlər buraxan şərəfli bir ömür yaşamış insanlıq nümunəsidir.
Zərəngiz Əliqulu qızı Tağızadə 1927-ci ilin mart ayının 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, 1933-сü ildə Bakı şəhərinə yüksək təlimi ilə seçilən 156 saylı orta məktəbə daxil olaraq 1943-сü ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Qəlbində həkim olmaq istəyi Zərəngiz xanımı tibb instituna gətirmiş və qəbul imtahanlarını müvəfəqiyyətlə verərək N.Nərimanov adına Azərbayjan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Çalışqanlığı və ciddiliyi ilə digər tələbələrdən seçilən Zərəngiz xanım təhsil aldığı illəridə böyük uğurlar qazanmışdır. Bütün imtahanlardan yanlız əla qiymətlər alan Zərəngiz xanım dövrünün ən yüksək təqaüdü olan və çox az miqdar tələbəyə nəsib olan Stalin təqaüdünə laiq görülmüşdür. Ciddi olmaqla yanaşı təşkilatçılıq qabiliyyətini nəzərə alaraq fakültə Komsomol Komitəsinin katibi seçilmişlər. Hələ tələbə ikən elmi işlərə böyük maraq göstərən və tələbə elmi cəmiyyətinin fəal üzvü olan Zərəngiz xanım professor M.Mirqasımovun rəhbərliyi altında «Serroz iltihabın» araşdırmasına dair eksperimentlər aparmış və almış olduğu nəticələr haqqında elmi konfranslarda maraqlı məruzələr etmişdir.
1948-сi ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra onu Tibb İnstitutunda professor Emin Əfəndiyevin rəhbərlik etdiyi «Daxili Xəstəliklərin Propedevtikası» kafedrasında ordinatoraya qəbul etmişlər. 1952-55-ci illərdə həmin kafedrada baş laborant vəzifəsində işləmiş, 1955-ci ildə isə elmi işlərini davam etdirmək məqsədilə aspiranturaya daxil olmuş və görkəmli kardioloq, akademik Cahangir Abdullayevin rəhbərliyi altında elmi tədqiqat işlərinə başlamışdır. 4 il müddətində gərgin əməyi öz bəhrəsini vermişdir. Zərəngiz xanım apardığı elmi axtarışlarını yekunlaşdıraraq 1959-cu ildə «Müxtəlif müalicə üsullarından asılı olaraq tireotoksikozlu xəstələrdə hemodikamikanın dəyişməsi» mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Gənc alim 1961-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının «Eksperimental və Kliniki Təbabət» İnstitutunda «Kardiologiya» şöbəsində baş elmi işçi, 1967-1969-cu illərdə isə orada «Koronar xəstəliklər» laboratoriyasının müdiri vəzifəsində işləmişdir.
Xüsusi istedada malik olan gənc alimin elmi axtarışlar diapazonu daha da genişlənmişdir. Kardioloq kimi yetkinləşən gənc alim hesab edirdi ki, ürək xəstəliklərinin kökündə dayanan əsas amil endokrin sistemində baş vermiş dəyişiklik durur. Bu istiqamətdə sistematik axtarış aparan Zərəngiz xanım elmi işlərini yekunlaşdıraraq 1967-ci ilin mayında «Qalxanvari vəzin müxtəlif funksional vəziyyətlərində ateroskleroz və qanın laxtalanması» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Həyatını tibb elminin inkişafına həsr etmiş, minlərlə xəstələrə şəfa verən, ailələrə sevinc bəxş edən Zərəngiz xanım təhsil aldığı və ömrünün sonuna qədər çalışdığı Azərbaycan Tibb Universitetinin tarixində də özünə məxsus yer tutmuşdur. Zərəngiz xanım kardiologiya üzrə tibb elmləri doktoru və professoru kimi yüksək elmi ad və dərəcə almış ilk azərbaycanlı qadındır.
Zərəngiz xanım Tağızadə 1969-cu ilin oktyabrından ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetinin «Daxili Xəstəliklər» kafedrasının professoru vəzifəsində çalışmışdır. O, IV-V-VI kurs tələbələrinə və intern-həkimlərə azərbaycan və rus dillərinlə daxili xəstəliklərin müxtəlif şöbələrindən (ürək-damar, ağ ciyər, həzm sistemi, qan xəstəlikləri, professional xəstəliklər və s.) mühazirə oxumaqla yanaşı praktik məşğələlər də aparmışdır.
İşlədiyi illərdə 150-yədək çap olunmuş elmi işlərin, o cümlədən 2 dərs vəsaiti və 6 metodiki tövsiyyənin müəllifi olmuşdur. Onun elmi işləri əsasən ürək-damar xəstəliklərinə (ürəyin işemik xəstəliyinə, miokard infaktına, respublikada ürək-damar xəstəliklərinin yayılmasına), şəkərli diabetin, qalxanvari vəzin ürəyə, qanın laxtalanmasına təsirinə, herontoloci məsələlərin (ürəyə süni ritm aparatının tətbiqi, antioksidantların, antianginal və reoloci preparatların aterosklerozun gedişinə təsirinin) öyrənilməsinə həsr olunmuşdur.
Zərəngiz xanım uzun illər Azərbaycan Tibb Universitetinin müdafiə şurasının üzvü olaraq 20-dan çox doktorluq və namizədlik dissertasiyalarına opponentlik etmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyalarına rəy vermişdir. Azərbaycan Respublikası Kardioloqlar Cəmiyyətinin Rəyasət heyətinin üzvü, Səhiyyə Nazirliyinin 4-cü Baş İdarəsinin məsləhətçisi olmuşdur.
Professor Zərəngiz xanım Tağızadə müasir təbabətin nəzəri və təcrübi əsaslarını mükəmməl bilən və onun gündəlik fəaliyyətində peşəkarlıqda olan səmimiliyi və təvazökarlığı qədər də ciddi və tələbkar bir terapevt-kardioloq olmuş, onun rəhbərliyi altında dörd namizədlik dissertasiyası yerinə yetirilmişdir.
Zərəngiz xanım elmi-praktiki fəaliyyətinə görə «Səhiyyə əlaçısı» nişanına, «Əmək veteranı» və Azərbaycan Respublikasının «Əməkdar həkim»i adına layiq görülmüşdür.
Zərəngiz xanım yuxarıda qeyd edilən çoxşaxəli elmi-praktiki və ictimai fəaliyyəti ilə yanaşı, həm də vəfalı bir həyat yoldaşı olaraq əməkdar elm xadimi professor Tağı Tağızadə ilə birlikdə bu gün onların yolunu şərəflə davam etdirən ləyaqətli övladlar, nəvə və nəticələri tərbiyyə edərək Azərbaycan xalqına əmanət etmişlər.
Zərəngiz xanım onu tanıyanların qəlbində azərbaycan ziyalısı ilə azərbaycan xanımına məxsus olan alicınablığı, zərifliyi, qayğıkeşliyi birləşdirən davranış və hərəkətində təcəssüm etdirən alicənab, yüksək mədəniyyətli bir insan kimi qalmışdır. Xəstələrinə diqqət və qayğı ilə yanaşan, onların qəlbində yaşamağa ümid yaradan bir həkim kimi xatırlanır.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı