HİDROSALPİNKS ZAMANI LAZER TERAPİYASI VƏ ANTİHOMOTOKSİK MÜALİCƏNİN MÜŞTƏRƏK TƏ

29-03-2017

Açar sözlər: hidrosalpinks, antihomotoksik müalicə, lazer   terapiyası

Tədqiqatın aktuallığı. Müasir tibbin inkişafına və yüksək naliyyətlərinə baxmayaraq qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri (İX) aktual problemlərdən biri olaraq qalır.Sosial-iqtisadi vəziyyətin aşağı olması, qeyri-düzgün həyat tərzi, urbanizasiya, uşaqlıqdaxili manipulyasi-yalar bu xəstəliklərin artmasına təkan verən amillərdəndir (1). Uşaqlıq artımlarının İX-nin əmələ gəlməsi və inkişafının əsasında kəskin iltihabdan başlamış mürəkkəb destruktiv dəyişikliklərə qədər bir- birilə əlaqəli bir çox proseslər durur. Bakterioloji invaziya iltihabi prosesin daxili orqanlara keçməsində əsas işə salma mexanizmidir (2).

Uşaqlıq borularındakı iltihabi proses ekssudasiya, ödem, hiperemiya, sonra isə fibrozlaşma əmələ gətirir ki, bu da öz növbəsində boru mənfəzinin daralmasına, endosalpinksin kirpikciklərinin sayının azalmasına, peritubar və yumurtalıq bitişmələrinin əmələ gəlməsinə səbəb olur (3). İltihab prosesinə fimbriyalar da cəlb olunarsa, bitişmə nəticəsində uşaqlıq borularının ampulyar hissəsində seroz və ya irin tərkibli, müvafiq olaraq hidro- və ya piosalpinks əmələ gəlir (4). Hidrosalpinks sonsuzluğun rast gəlinən səbəbləri arasındadır (5). Vaxtında və düzgün müalicə aparılmadıqda cərrahi müdaxilə tələb oluna bilər. Hidrosalpinks nəticəsində fertilliyin rast gəlmə tezliyinin azal-ması və cərrahi müdaxilə tələb edilməsi bu sahədə müalicə üsullarının qənaətbəxş olmamasına və yeni metodların axtarılmasına ehtiyac olduğuna dəlalət edir.   Hazırkı dövrdə lazer terapiyası qadın cinsiyyət üzvlərinin İX-də böyük müvəffəqiyyətlə tətbiq olunur (4, 7, 8). Eləcə də antihomo-toksik müalicə ginekoloji praktikada geniş istifadə olunur (5).

          Tədqiqatın məqsədi  boru mənşəli sonsuzluğun diaqnostika və müalicə  planında hidrosalpinksin rast gəlmə tezliyini və lazer terapiyası  ilə  antihomotoksik  müalicənin müştərək tətbiqinin hidrosalpinksin müalicəsində təsirini öyrənməkdən ibarətdir.

Tədqiqatın material və metodları: Müşahidə altına 22-41 yaş qrupu arasında hidrosalpinks diaqnozu qoyulmuş 18 qadın alınmışdır. Bütün qadınlar qəbul etdikləri müalicə üsuluna görə hər birində 9 xəstə olmaqla 2 qrupa bölünmüşdür. I qrupa ənənvi müalicə (antibakterial, qeyri-steroid iltihab əleyhinə, desensibilizəedici, sorucu, vitamin müalicəsi) qəbul etmiş 9 qadın, II qrupa (əsas qrup)  isə  lazer terapiyası və antihomotoksik terapiya (AHT) qəbul etmiş 9 qadın daxil olmuşdur. Lazer müalicəsi He-Ne tipli (aktiv maddə 10:1 nisbətində helium və neon qazlarından ibarətdir) lazer aparatı ilə müxtəlif ötürmə yolları vasitəsilə aparılmışdır. Bu müalicə transkutan və transvaginal ötürücülər vasitəsilə  müvafiq olaraq uşaqlıq artımlarının dəri üzərindən proyeksiyası nahiyəsinə və uşaqlığın arxa tağı nahiyəsinə tətbiq edilmişdir. Kiçikintensivlikli lazer dalğaları fasiləsiz rejimlə menstrual tsiklin 5-25ci günləri arasında 15 gün müddətində 12 dəqiqə  ərzində tətbiq edilib. Antihomotoksik müalicə olaraq isə Traumeel S, Metro-Adnex-İnyeel birlikdə uşaqlığın arxa tağı nahiyəsinə, Grahites –Homakkord  isə uşaqlıq artımlarının dəri üzərindən proyeksiyası nahiyəsinə tətbiq edilmişdir.

Tədqiqat zamanı  Histerosalpinqoqrafiya, Ultrasəs müayinəsi Uşaqlıq yolu və servikal möhtəviyyatın bakterioloji müayinəsi və ginekologi baxış müayinə üsullarından istifadə olunmuşdur:

Xəstələrin 13 nəfərində yanaşı patologiyalar aşkar edilmişdir (endometrit 2(11,1%), kolpit 13(72,2%), endoservisit 8(44,4%), yumurtalığın follikulyar  kistası 4(22,2%), uşaqlığın mioması 1 (5,55%)halda). 12(66,6%) qadın sonsuzluqdan əziyyət çəkir (5 (27,8%)halda- I sonsuzluq, 7 (38,9%)halda II sonsuzluq).  11(61,1%) halda birtərəfli (7 (38,9%) halda sağ, 4 (22,2%)halda soltərəfli) , 7 (38,9%) halda ikitərəfli  hidrosalpinks müəyyən olunmuşdur.

          Müayinə olunan xəstələrin klinik şəkli cədvəl 1.də göstərildiyi kimi xarakterizə olunur. Xəstələr daha çox qarnın aşağı hissəsində və (və ya) bel nahiyəsində olan ağrılardan şikayət etmişdir. Bununla yanaşı uşaqlıq yolundan patoloji ifrazatın gəlməsi müşahidə olunmuşdur. Dismenoreya 7 halda rast gəlinmişdir. Daha az halda dispareuniya ( 5 halda) müşahidə olunmuşdur.

 

Cədvəl  1.

Müayinə olunan xəstələrin klinik şəkli.

Şikayət

Xəstə qrupu

Cəmi

I (n=9)

II (n=9)

Cəmi

mütl

%

mütl

%

mütl

%

Ağrı

4

22,2

5

27,7

9

50

Sekresiya pozğunluğu

8

44,4

5

27,7

13

72,2

Dismenoreya

4

22,2

3

16,6

7

38,8

Dispareuniya

2

11,1

3

16,6

5

27,7

 

Vaginal müayinə zamanı uşaqlıq boynunu hərəkət etdirərkən ağrı, hidrosalpinksin  yerləşdiyi nahiyəyə uyğun olaraq uşaqlıq artımlarının böyüməsi müşahidə olunur. Eləcə də cinsiyyət yollarından patoloji ifrazatın gəlməsi müşahidə olunmuşdur.

Histerosalpinqoqrafiya boru keçməzliyinin diaqnostikasında ənənəvi metod olub 85 % halda boru keçməzliyi haqqında, 75 % halda boru patologiyası haqqında məlumat əldə etməyə imkan verir. Lütein fazada aydın ifadə olunmuş sekretor dəyişikliklər ( selik tıxacı, selikli qişanın allergik ödemi və s.) kontrast maddənin keçməsinə mane ola bilər. Buna görə də HSQ aybaşı tsiklinin 7-9cu günləri arasında uşaqlıq yolunun 3 gün ərzində sanasiyasından və cinsi pəhrizdən sonra aparılmışdır. Anamnezdə yodtərkibli preparatlara qarşı həssaslıq olmadığı öyrənilmişdir.Bu müayinə  zamanı bütün qadınlarda hidrosalpinks olduğu aşkara çıxarılmışdır və hidrosalpinks rast gəlinən tərəfdə uşaqlıq borularının keçiriciliyi pozulmuşdur. 1 (%)qadında uşaqlıqdaxili sinexiyalar aşkar olunmuşdur.

Bakterioloji müayinə  üçün uşaqlıq yolu və uşaqlıq boynundan götürülmüş materialdan hazırlanmış yaxmalar müayinə olunmuşdur. Müayinə menstrual tsiklin 5-10-cu günləri  arasında aparılmışdır. 6 (33,3%) qadında leykositlər görmə sahəsini örtmüşdür. 7 (38,8%) qadında isə leykositlərin sayı 35-40 g/s olmuşdur. Digər qadınlarda  leykositlərin sayı 10 g/s dən aşağı olmuşdur.  9 (50,0%) qadında mikrokokk və mikroçöp florası, 5 ( 27,7%) qadında mikroçöp florası müşahidə olunmuşdur.

          USM menstrual siklin 5-25-ci günləri arasında, transvaginal ötürücü vasitəsilə aparıl-mışdır. Bu müayinə zamanı bütün qadınlarda hidrosalpinks müşahidə olunmuşdur. 11(61,1%) qadında arxa duqlasda sərbəst maye, 5 (27,7%) qadında yumurtalıqların böyüməsi müşahidə olunmuşdur. 4 qadında follikulyar  kista müəyyən olunmuşdur(%). 1 (5,55%) qadında  uşaqlığın mioması rast  gəlinmişdir.

           Klinik –laborator müayinələr aparıldıqdan sonra I qrup pasiyentlərə ənənvi müalicə (antibiotik, qeyri-steroid iltihab əleyhinə, sorucu, vitamin müalicəsi) təyin olunmuşdur. Antibakterial müalicə uşaqlıq yolu materialının əkilməsi nəticəsində əldə olunan antibiotikoqrammaya əsasən seçilmişdir. II qrup pasiyentlərə isə antihomotoksik müalicə və lazer terapiyası tətbiq olunmuşdur. Hər iki qrupda müalicə aybaşı tsiklinin 5-25ci günləri arasında və 15 gün müddətində aparılmışdır. Müalicə müddəti pasiyentlər cinsi pəhrizdə olmuşdur.

          Tədqiqatın nəticələri və onların müzakirəsi. Aparılan müalicələrin nəticəsini araşdırarkən məlum olmuşdur ki, I qrupa daxil olmuş 3 (16,6%) pasiyentdə  soltərəfli hidrosalpinks sorulmuşdur.4 (22,2%) pasiyentdə isə hidrosalpinksin ölçülərində əhəmiyyətli dərəcədə kiçilmə müşahidə olunmuşdur. Digər 2 (11,1%) pasiyentdə heç bir dəyişiklik müşahidə olunmamışdır. 6 pasiyentə 2ci kurs müalicə təyin olunmuşdur. Hidrosalpinksin ölçüsündə kiçilmə olan 4 pasiyentdə müsbət nəticə əldə edilmişdir. Lakin digər 2 pasiyentdə yenə də heç bir effekt əldə edilməmiş və cərrahi əməliyyata göndərilmişlər. II qrup pasiyentlərdən 4 (22,2%) pasiyentdə olan birtərəfli hidrosalpinks təmamilə sorulmuş, 4 (22,2%) pasiyentdə ölçülərin xeyli kiçilməsi nəzərə çarpır.1 (5,55%) pasiyentdə nəticə əldə edilməmişdir. 5 pasiyentə 2-ci kurs müalicə təyin edilmişdir. Növbəti kurs müalicədən sonra bütün xəstələrdə müsbət nəticə əldə edilimişdir.

          Beləliklə, hidrosalpinks müşahidə olunan xəstələrdə antihomotoksik müalicə və lazer terapiyasının birgə təsiri yüksək effekt vermişdir. Antihomotoksik müalicənin dezintoksikasion, antiekssudat, iltihab əleyhinə, antibakterial, regenerasiyaedici, ağrıkəsici, tromb əleyhinə, hüceyrə tənəffüsünü yaxşılaşdırıcı, spazmolitik,defibrozlaşdırıcı effekti, eləcə də  kiçikintensivlikli lazer dalğalarının  orqanizmin qeyri-spesifik müdafiə faktorlarınını yüksəltməsi, yerli immuniteti artırması, iltihab əleyhinə, sorucu, bakteriostatik, desensibilizəedici, regenerasiyaedici təsiri nəticəsində II qrup pasiyentlərdə orqanizmə zərərsiz və qeyri-invaziv üsulla yüksək nəticə əldə etmək mümkün olmuşdur.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Сметник В. П., Тумилович Л.Г. Неоперативная гинекология. – М.: ООО «Медицинское информационное агентство», 2005. – 632 с.: ил
2.Турдиева А.С. Тактика ведения и лечение женщин с трубным фактором бесплодия/автореф. дис. … канд. мед. наук. Бишкек, 2012, 19с.
3.Хадбаатар Р. Современные принципы лечения трубно-перитонеального бесплодия у женщин// Сибирский медицинский журнал. 2009. №3 С.33-35.
4.И.В.Захаров. Значение вагинальной лазеропунктуры в комбинированном лечении больных трубным бесплодием:  автореф. дис..канд. мед. наук. –Волгоград, 2005, 26 с.
5.Ordinatio Antihomotoxica et Materia Medica Praktisches Lehrbuch der Antihomotoxischen Therapie; Baden-Baden, im April 2001.
6.Campo R. Minimally invasive exploration of the female reproductive tract in infertility //Reprod. Biomed. Online. 2007; 4(Suppl. 3). 40-50.
7.medglaz.ru/gidrosalpinks-prichiny-simptomy-i-lechenie.html
8.www.medicinform.net/Статьи врачей/физиотерапия,иглоукалывание


Müəlliflər:
U.G. Rustamli

Digər jurnal və qəzetlər