DÜNYADA VƏ AZƏRBAYCANDA LEYŞMANİOZLARA GÖRƏ MÜASİR EPİDEMİOLOJİ VƏZİYYƏT

10-11-2016

Dünyada leyşmaniozların aktuallığının azalmamasının əsas səbəbi onun törədicilərinin insan cəmiyyətində dəri zədələnmələrindən tutmuş ölümlə nəticələnən visseral formalara qədər müxtəlif patologiyalar törətməsi ilə bağlıdır. Leyşmaniozlar ibtidailərin (protozoaların) qamçılılar sinfinə (phlagellata) leyşmaniyalar cinsinə aid olan törədicilərin əmələ gətirdiyi yüksək qızdırma, arıqlama, proqressiv anemiya, dalağın böyüməsi, dərinin, bəzən selikli qişaların xoralaşması ilə nəticələnən transmissiv yoluxma mexanizminə malik parazitar xəstəliklərdir (1, 2, 3).

İnsanların fəaliyyəti nəticəsində təbii-iqlim və sosial-iqtisadi şəraitin dəyişməsi leyşmaniozların epidemiologiyasında da ciddi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklərin öyrənilməsi leyşmaniozlara qarşı aparılan əksepidemik tədbirlərin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.

1914-cü ildə rus parazitoloqu V.Yakimov və Şakor dəri leyşmaniozunun quru (şəhər) və nəm (kənd) tipli formalarını ayırd etmişlər. 1940-cı ildə ilk dəfə Swaminath, Shortt, Anderson, Hindistanda Adler, Fələstində Berr L.donovani, L.tropikanın Phlebotomus cinsinə aid hünülər tərəfindən ötürüldüyünü aşkar etdilər.

Leyşmanioza qarşı aparılan müxtəlif istiqamətli əksepidemik tədbirlər müxtəlif dövrlərdə müxtəlif nəticələr vermişdir. Məsələn, 1940-cı ildə Türkmənistanda torpaqda həşərat yuvaları sayılan dəlmə-deşiklərin insektisidlərlə işlənməsi xəstəliyin yayılmasının qarşısını müəyyən qədər almışdı. Lakin həmin dövrdə İranda bu üsulun tətbiqi müsbət nəticə verməmişdi. Keçən əsrin əllinci illərində - keçmiş SSRİ-də, xüsusən də, orta Asiyada keçiricilərə qarşı insektisidlərdən geniş miqyasda istifadə edilməyə başlandı. Lakin son zamanlar Orta Asiyada residivlər baş verməkdədir. 70-ci illərdə Özbəkistanda zoonoz dəri leyşmaniozunun idarə olunması məqsədilə qum sıçanlarının yuvaları və hünü populyasiyasının yaşadığı yerlər insektisidlərlə işləndikdən sonra iri kənd təsərrüfatı texnikası ilə dağıdıldı. Visseral leyşmanioza qarşı ən uğurlu əksepidemik tədbirlər 1960-1980-ci illərdə Çində aparılmışdır. Onlar buna hünülərin və onların yuvalarının məhv edilməsi, sahibsiz itlərin məhv edilməsi, xəstələnmə hallarının vaxtında aşkar edilməsi və müalicəsi tədbirlərinin eyni zamanda həyata keçirilməsi yolu ilə nail olmuşdular. 1950-ci ildə Hindistanda Qanq-Braxmaputr hövzəsi yaxınlığında malyariyanın ləğv edilməsi prosesi zamanı antroponoz visseral leyşmanioz epidemiyası da ləğv edilmiş, lakin 1970-ci ildə yenidən baş qaldırmışdı. 1950-1960-cı illərdə Keniyada da leyşmaniozun epidemiyası baş verdi. 1980-1990-cı illərdə Sudanda vətəndaş müharibəsinin baş verməsi, sosial-iqtisadi şəraitin pisləşməsi leyşmanioz epidemiyasının baş verməsinə səbəb olmuş və nəticədə minlərlə insan tələf olmuşdu. Epidemiya Efiopiyaya da yayılmışdı (8,9).

XX əsrin 80-ci illərində ilk dəfə Aralıq dənizi ətrafı Avropa ölkələrində İİV -ə yoluxmuş şəxslər arasında leyşmanioz hadisələri aşkar edildi. Sonra digər ölkələrdə də anoloji hadisələr baş verdi. İİV-ə yoluxmuş şəxslərdə visseral leyşmanioz yüksək residivli və yüksək ölüm göstəricisinə malik atipik formada baş verirdi.

1990-cı ildə Kabulda vətəndaş müharibəsi zamanı L.tropika tərəfindən törədilən dəri leyşmaniozunun epidemiyası baş verdi. Bunun ardınca Pakistanda qaçqın düşərgələrində L.mayor tərəfindən törədilən dəri leyşmaniozunun epidemiyası baş verdi.

90-cı illərdə zoonoz visseral leyşmanioz bəzi Cənubi Amerika ölkələrində geniş yayılmışdı. Leyşmaniozlar Cənubi Amerikada urbanizasiya xarakteri daşıyır. Dəri və selikli qişa leyşmaniozunun törədicisi olan L.braziliensis Cənubi Amerika meşələrinin daimi paraziti hesab olunur. Braziliyada və digər Cənubi Amerika ölkələrində meşələrin qırılması törədicinin yeni keçirici və sahib orqanizmlərinə uyğunlaşmasına və yeni şəhər tipli dəri və dəri-selikli qişa leyşmaniozunun əmələ gəlməsinə səbəb oldu.

Ümumiyyətlə, leyşmaniozlar etiologiyasına və klinikasına, dünyada yayılma dərəcəsinə görə müxtəlif növlərə təsnif olunur. Dünyada yayılmasına görə xəstəliklər yeni dünya və köhnə dünya leyşmaniozlarına bölünür. Onlar da öz növbəsində bir neçə klinik formalara ayrılır:

Köhnə dünyanın visseral leyşmaniozu (L.donovani-L.infantum)
Köhnə dünyanın dəri leyşmaniozu (L.infantum, L.tropika, L.mayor, L.aethiopica, L.donovani)
Köhnə dünyanın mukoz leyşmaniozu (PKDL)
Köhnə dünyanın diffuz dəri leyşmaniozu (L.aethopica)
Yeni dünyanın visseral leyşmaniozu (L.infantum)
Yeni dünyanın dəri leyşmaniozu (əsasən Leishmania - L.infantum, L.mexicana, L.pifanol, L.venezuelensis, L.garnhami, L.amazonensis və Viannia - L.brazilensis, L.guyanensis, L.panamensis, L.shawi, L.naiffi, L.laisoni, L.lindenbergi, L.peruviana, L.columbiensis  yarımnövünə aid parazitlər törədir).
Yeni dünyanın dəri və selikli qişa leyşmaniozu (L.brazilensis, L.panamensis)
Yeni dünyanın diffuz dəri leyşmaniozu (L.mexicana, L.amazonensis)
Post kala-azar dəri leyşmaniozu (PKDL)  (L.donovani)
İİV-lə birlikdə baş verən leyşmanioz.

Müasir dövrdə leyşmanioz yoluxucu xəstəliklər arasında ən çox epidemioloji əhəmiyyətə malik patologiyalardan biridir. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, leyşmanioz yeni və köhnə dünyanın 88 ölkəsində qeydə alınmışdır (66 yeni dünya, 22 köhnə dünya ölkələrində) (5,6). Leyşmaniozlar əsasən subtropik və tropik iqlim qurşağına malik ölkələrdə geniş yayılmışdır. Leyşmaniozlar dünyada malyariyadan sonra ən çox aktuallığa malik parazitar xəstəlikdir. Dünyada hər il 2 milyon insan leyşmaniozlarla xəstələnir, 350 milyon insan leyşmaniozlarla xəstələnmə riski altında yaşayır. Son illərdə baş verən 1,3 milyon visseral leyşmanioz hadisəsindən 20000-30000-i ölümlə nəticələnmişdir (8,9,10,11). Göstərilən rəqəmlər xəstəliyin epidemioloji vəziyyətini düzgün qiymətləndirməyə imkan vermir. Çünki, leyşmaniozun yayıldığı ərazilərdə xəstələrin hamısının qeydə alınması mümkün olmamışdır. Göstərilən 88 ölkədən yalnız 33-də xəstəliyin qeydiyyata alınması işi yüksək səviyyədə aparılır. Bütün hallarda endemik ölkələrdə aktiv aşkarlanma işi aparıldıqda xəstələnmə hallarının gözləniləndən daha artıq miqdarda baş verdiyi məlum olmuşdur (10,11).

Leyşmaniozlar əsasən Cənubi Amerika, Afrika, Hindistan, Asiya ölkələri üçün endemik xəstəlik hesab olunur (şəkil 1).

 Şəkil 1. Leyşmaniozların dünyada yayıldığı ərazilər.

Son vaxtlar Azərbaycanda da hər il leyşmaniozlara 50-100 yoluxma hadisəsi qeydə alınır. Azərbaycan ərazisində leyşmaniozun yayılması üçün əlverişli coğrafi-iqlim şəraiti mövcuddur. 1966–cı ildə Azərbaycan ərazisində leyşmaniozun ləğv olunmasına baxmayaraq, 1987-1989-cu illərdə yenidən leyşmanioz hadisələri baş vermişdir. Göyçay, Ağdaş, Ucar, İsmayıllı və bəzi digər rayonlarda dəri leyşmaniozunun endemik ocaqları mövcuddur. Ümumiyyətlə, müxtəlif illərdə Azərbaycanın digər rayonlarında da sporadik leyşmanioz hadisələri qeydə alınır. Leyşmaniozlar bütün yaş qruplarından olan əhali arasında müşahidə olunur. Son 10-15 ildə leyşmaniozun diaqnostikası sahəsində müəyyən işlər görülsə də 90-cı illərdən sonra leyşmaniozların epidemiologiyası ölkəmizdə öyrənilməmişdir, halbuki xəstələnmə halları qeydə alınmaqdadır. Aşağıdakı iki diaqramda dəri leyşmaniozu və visseral leyşmaniozun 1990-2015-ci illərdə ölkə-mizdə  yayılma intensivliyi göstərilmişdir (Şəkil 2-3).

Şəkil 2. Azərbaycanda 2000-2015-ci illərdə dəri leyşmaniozu ilə xəstələnmənin səviyyəsi.

Şəkil 3. Azərbaycanda 2000-2015-ci illərdə visseral leyşmanioz ilə xəstələnmənin səviyyəsi.

Azərbaycanda leyşmaniyaların L.infantum,L.major, L.tropicakimi növləri tərəfindən törədilən zoonoz visseral leyşmanioz, həmçinin zoonoz və antroponoz dəri leyşmaniozu qeyd olunur. Azərbaycanda Göyçay, Ağdaş, Ucar, İsmayıllı və digər rayonlar dəri leyşmaniozunun endemik zonası hesab olunur. Xəstəliyin həm dəri, həm də visseral forması ölkəmizin endemik olmayan ərazilərində də sporadik hallarda qeyd edilir. 2009-2013-cü illər ərzində 256 leyşmaniozlu xəstə aşkar edilmişdir ki, onların da 158 nəfərini dəri leyşmaniozuna, 98 nəfərini isə visseral

leyşmanioza yoluxanlar təşkil edir. Ümumiyyətlə, leyşmaniozların endemik əraziləri, eləcə də sporadik olaraq aşkar olunduğu regionlar respublika miqyasında geniş əraziləri əhatə edir. Məsələn, 2009-cu ildə ölkəmizin 8 rayonunda visseral leyşmanioz aşkar edilmişdisə, 2013-cü ildə bu 11 rayonda baş vermişdir. Statistikaya nəzər saldıqda aydın olur ki, dəri leyşmaniozu ilə xəstələnmə halları visseral leyşmaniozla xəstələnmə hallarından daha çox rast gəlir.

2015-ci ildə aparılan araşdırmalar nəticəsində dəri leyşmaniozu və visseral leyşmaniozun ölkəmizin regionlarında yayılma intensivliyi və qeydə alındığı əsas yaş qrupları aşağıdakı diaqramlarda  göstərilmişdir (şəkil 4, 5).

 Şəkil 4.  Azərbaycanın  ayrı-ayrı  regionlarında  2015-ci  ildə  qeyd   olunan  dəri leyşmaniozu hadisələri və onların yaş tərkibi.

 Şəkil 5. Azərbaycanın ayrı-ayrı regionlarında 2015-ci ildə qeyd olunan visseral leyşmanioz hadisələri və onların yaş tərkibi.

 

Beləliklə, Azərbaycanda leyşmaniozlara dair rəsmi qeydiyyat sənədlərinin araşdırılması belə qənaətə gəlməyə əsas verir ki, dünyanın bir çox isti iqlimə malik olan ölkələrində olduğu kimi, bizim ölkəmizdə də hazırda bu xəstəliklər ölkə patologiyasının mühüm problemi olaraq qalır. Respublikanın 7 rayon və şəhərində dəri leyşmaniozu, 13 rayon və şəhərində isə visseral leyşmaniozun qeyd olunması xəstəliyin digər ərazilərə yayılması üçün ciddi təhlükə törədir. Bütün bunlar ölkə ərazisində, xüsusən də, endemik regionlarda leyşmaniozlara dair tədqiqatların gücləndirilməsi, leyşmaniozların fəaliyyətdə olan və qalıq ocaqlarında epidemioloji və entomoloji vəziyyətə dair həqiqi mənzərənin aydınlaşdırılması zərurətini irəli sürür. Bu məsələlər həll edildikdən sonra leyşmaniozlarla mübarizə və onun profilaktikası üçün şəraitə uyğun diferensial tədbirlər planının işlənib hazırlanması və onun keyfiyyətlə yerinə yetirilməsi nəticəsində Azərbaycanda bu xəstəliklərin ləğvinə nail oluna bilər.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Vəliyev Ə. İnfeksion xəstəliklərin erkən diferensial diaqnozu, müalicəsi. Bakı, 2003,  s.447-451.
2.Ağayev İ.Ə., Xələfli X.N., Tağıyeva F.Ş. Epidemiologiya. Bakı, 2012, s.662-671.
3.Bağırova M.İ. “Leyşmaniozun diaqnostikasında yeni mikrokultura metodu”. Dissertasiya  Bakı, 2007,  s. 20-28.
4.Novruzova M.S. “Leyşmaniyaların mikrobioloji diaqnostikasında müxtəlif üsulların müqayisəli qiymətləndirilməsi”. Avtoref., Bakı, 2010, s.3-7.
5.Çobanov R.Ə.  İnsan protozoozları. Bakı,2006, s. 83-112.
6.Hacıyev İ.A., Əliyev M.İ. Tibbi parazitologiya. Bakı,2007,  s. 34-37.
7.Маруашвили Г.М. Висцеральный лейшманиоз. Москва,1978, стр. 268-272.
8.Доклад комитета экспертов ВОЗ. Женева 1986, стр.110-119
9.Доклад на заседании Комитета экспертов ВОЗ по борьбе с лейшманиозом, Женева, 22–26 марта 2010 года.
10.Генис Д.Е. Медицинская паразитология. Москва, 1991, cтр. 96-99.
11.Cook G. Parasitic disease in clinical practice. London, 1990, 304 p.


Müəlliflər:
V.Ç. Cəlilov
E.F. Vahabov

Digər jurnal və qəzetlər