HELMİNTOZLARIN İMMUNOLOGİYASININ MÜASİR PROBLEMLƏRİ

03-03-2017

Helmintozların immunologiyası - nisbətən yeni elmi istiqamətdir, o, 30-40 il əvvəl təşək-kül tapmış və inkişaf etməyə başlamışdır. Helmintəleyhinə immunitetin mexanizmləri haqqında əldə olunan məlumatlar tədricən toplanır, helmintozlar ilə mübarizədə və profilaktikada immunoloji metodların praktikada tətbiqi imkanları müəyyən edilir. Son aspektin vacibliyi və zəruri olması bir tərəfdən - helmintozların geniş yayılması, digər tərəfdən isə - yeni helmintəleyhinə tədbirlərin axtarılması zərurəti ilə müəyyən edilir, çünki ənənəvi tədbirlər heç də həmişə gözlənilən nəticəni vermir [1, 2, 5].

Helmintlərin bədən toxumaları antigen xüsusiyyətə malikdir. Helmintozların antigenləri öz strukturuna görə həmcins deyildir və çoxlu komponentlərdən təşkil olunmuşdur. Müəyyən edilmiş-dir ki, az sayda helmintlərin antigenləri növspesifik xüsusiyyətlərə malikdir, antigenlərin böyük hissəsi isə digər növ helmintlərə, ibtidailərə və bakteriyalarla oxşardır (onlar çarpaz reaksiya verən antigenlər adlanırlar). Göstərilmişdir ki, askaridadan hazırlanmış antigenlər öz bioloji xüsusiy-yətlərinə görə bakterial mənşəli antigenlərə oxşardırlar. Helmintlərin əksəriyyətində sahibin antigenləri ilə ümumi olan antigenlər aşkar edilmişdir. Bu xüsusiyyət parazitlərin patogenliyini artıra bilər, çünki bu halda sahib onları «yad» kimi tanımır və onlara qarşı immunitetin və digər müdafiə reaksiyalarının yaranması ilə cavab vermir. Ümumi antigenlər də həmçinin müəyyən şəraitlərdə helmintozlar zamanı  autoimmun proseslərin inkişaf etməsinin səbəbi sayılır [4, 9].

Həm helmintozlar, həm də  bakterial və virus infeksiyaları zamanı immun cavab parazit tərəfindən ifraz olunan antigenlərin təsiri altında sahib orqanizmin immunsəllahiyyətli hüceyrə-lərinin diferensiasiyası zəncirini təmsil edir. Hüceyrələrin bir populyasiyası - B-limfositlər – sümük iliyinin fəaliyyəti sayəsində yaranır və plazmatik hüceyrələrə transformasiya olunurlar ki, onlar da əkscisimlər hasil edirlər (humoral immunitet), digər hüceyrələr -  T-limfositlər isə  timusun nəzarəti altında yaranır və kiçik immun limfositlərə transformasiya edirlər ki, onlar da hüceyrə immunitetin reaksiyalarında iştirak edirlər. Kiçik immun limfositlər qana çoxlu miqdarda hüceyrə immunitetinin humoral amillərini təmsil edən  mediatorlar ifraz edirlər [12, 6].

Helmintozlar zamanı əmələ gələn əkscisimlər əsasən immunoqlobulinlərin 4 sinfinə aiddirlər - IgG, IgM, IgE, IgA. Əkscisimlərin kəmiyyət və keyfiyət miqdarı helmintlərin növündən və inkişaf mərhələsindən asılıdır. Xəstəliyin erkən dövründə  qan zərdabında adətən IgM üstünlük təşkil edir ki, onlar da tədricən IgG ilə sıxışdırılır. IgA sinfindən olan parazitəleyhinə əkscisimlər haqqında məlumatlar hələlik olduqca azdır. Qan zərdabında onların titrləri, bir qayda olaraq, yüksək deyildir. Belə məlumatlar vardır ki,  bu əkscisimlər bağırsağın, bronxların, uşaqlıq yolunun selikli qişası tərəfindən hasil edilir. Himenolepidoz zamanı qan zərdabında IgA miqdarının azalması haqqında geniş məlumat verilir, lakin onların funksiyası axıradək müəyyən olunmamışdır. Helmintlərlə  invaziyalşmış sahiblərdə  IgE miqdarı xüsusilə yüksəkdir. Belə güman edirlər ki, IgE ilə şərtlənmiş iltihab reaksiyası onurğalıların parazitəleyhinə müdafiəsinin təkamülü prosesində yaranmış formadır. Çox güman ki, IgE sinfi immunoqlobulinləri dəridə, bağırsaq yolunun və sahibin respirator orqanlarının selikli qişasında  sədd yaradır ki, bu da sürfələrin sərbəst  miqrasiya-sına mane olur. Helmintlərin bilavasitə  yaşadığı yerdə IgE-nin yerli şəkildə güclü hasil edilməsi və toplanması ilə əlaqədar olaraq, yerli immunitet reaksiyalarının mühüm əhəmiyyət oynadığını təsdiq etmək lazımdır. Belə ki, alveolyar exinokokkozun ağırlaşmamış mərhələsində yerli iltihab reaksiyalarının protektiv aktivliyi haqqında çoxlu məlumatlar vardır.  IgG və IgM sinfinə aid olan humoral əkscisimlər protektiv təsirə malikdirlər - onlar helmintlərin cismini zədələmək; çıxarıcı dəliklərin ətrafında parazitin fizioloji proseslərinin normal gedişini dəyişdirən presipitatlar yaratmaq; onlar tərəfindən ifraz olunan fermentləri birləşdirmək qabiliyyətinə malikdirlər [11, 8, 6].

Spesifik cavabdan başqa, helmintlər bütün siniflərdən olan qeyri-spesifik immunoqlo-bulinlərin hasilini stimulyasiya etməyə qadirdirlər (ümumi miqdarın 80%-nə qədər). Bu zaman  qeyri-spesifik IgE-nin çox yüksək  səviyyəsi müşahidə edilir (xüsusilə də askaridoz, toksokaroz, trixinelyoz, şistosomoz, filyaridozlar zamanı). Diaqnostik baxımdan IgE-nin yüksək səviyyələri atopiya olmadıqda böyük ehtimalla helmintozların olmasından xəbər verir [9, 6].

Sahibin immun cavabı helmintlərin morfologiyasından və biologiyasının xüsusiy-yətlərindən xeyli asılıdır. Bu xüsusiyyətlərə helmintlərin böyük ölçülərini, onların hüceyrəarası (viruslarda olduğu kimi hüceyrədaxili yox) lokalizasiyasını; olduqca mürəkkəb struktura malik olmasını və həyati funksiyaların müxtəlifliyini; sahibin bədənində arta bilməməsini; inkişafının kəskin mərhələli şəkildə baş verməsini və yaşayış mühitlərinin bir-birini əvəz etməsini, həmçinin morfoloji strukturun xeyli fərqlənməsini, mübadilənin xarakterini, müxtəlif inkişaf mərhələlərinin antigen və immun xüsusiyyətlərini aid etmək lazımdır [14, 5]. Bunun nəticəsində helmintozların əksəriyyətində immunitet nisbətən zəif gərginliyə malik olması (xüsusilə də az miqdarda invaziv material ilə bir dəfə yoluxma zamanı) səciyyələnir. Daha gərgin immunitet toxuma helmintozları - trixinelyoz, filyaridozlar, şistosomozlar zamanı yaranır [10,13]. Nisbətən gərgin immunitet həmçinin miqrasiya edən bağırsaq helmintozları - askaridoz, ankilostomidozlar və  törədiciləri müəyyən müddət ərzində bağırsağın selikli qişasının içərisində yaşayan invaziyalar (himenolepidoz, trixosefalyoz) zamanı inkişaf edir. Miqrasiya etməyən bağırsaq helmintləri (teniarinxoz, enterobioz) tərəfindən törədilən helmintozlar zamanı immunitet zəif nəzərə çarpır. Helmintozlar zamanı immunitetin vəziyyəti onun qısa müddət ərzində saxlanması ilə səciyyələnir ki, o da əksər hallarda invaziyalaşmış sahibin  orqanizmində helmintin yaşaması müddəti ilə məhdudlaşır [3,4,16].

Helmintlərin mərhələli inkişafına müvafiq olaraq sahibin immun cavabı da mərhələli olması ilə səciyyələnir. Bir çox müəlliflərin müşahidələri göstərir ki,  immunitetin gərginliyi əksər hallarda törədicinin bağırsaq mərhələsi ilə müqayisədə sürfə mərhələsinin parazitlik etdiyi dövrdə daha yüksəkdir, bu isə   sürəfələrin ifraz etdikləri ekskretlərin yüksək antigen aktivliyi (xüsusilə qabıqdəyişmə dövründə) ilə əlaqədardır. Helmintozlar zamanı immun cavabın xüsusiyyəti həmçinin onun spesifikliyidir ki, bu da helmintlərin antigenlərinin heterogenliyi və onlarda növ- və mərhələlər üzrə spesifik antigenlərin olması ilə bərabər digər, yəni taksonomik cəhətdən təkcə yaxın deyil, həm də sistematik vəziyyətinə görə uzaq olan növlərin antigenləri ilə çarpaz reaksiya verən çoxlu antigenlər olması ilə səciyyələnir. Bu, bir tərəfdən helmintozların spesifik immunoloji diaqnostikasını çətinləşdirir, digər tərəfdən qeyri-spesifik müdafiə imkanını şərtləndirir ki, bu da parazitlərin sahib orqanizmində olduğu müddətdə digər növə qarşı həssaslığı azaldır.  Göstərilmişdir ki, məsələn, trixinellalarla invaziyalaşmış siçanlarda askaridlərə qarşı immunitet inkişaf etmişdir və əksinə [15, 5, 7].

İmmun sahibin helmintləri ilə yoluxduqda helmintoz əleyhinə immunitetin ən səciyyəvi xüsusiyyətləri aşağıdakılardır: 

-invaziyanın intensivliyinin zəifləməsi;

-helmintlərin ləng və qeyri-bərabər inkişafı;

-helmintlərin uzun müddət sürfə mərhələsində olması (bu, «latent»helmintozlar  fenomenini şərtləndirir);

-helmintlərin yaşama müddətinin qısalması;

-helmintlərin  reproduktiv aktivliyinin zəifləməsi;

-sahibin orqanizmindən helmintlərin vaxtından əvvəl xaric edilməsi.

Bundan başqa, məlumdur ki, helmintlər sahibin orqanizminə immunosupressiv təsir göstərirlər. Bunun əsasında sahibin onu yoluxduran digər agentlərə qarşı helmintlərin müdafiə reaksiyalarını dəf etmək qabiliyyəti durur. Bu heteroloji immunosupressiyanın mexanizmlərindən biri antigenlərin rəqabəti fenomeni ola bilər ki, bu zaman helmintlərin antigenləri ilə aktivləşmiş T-limfositlər B-limfositlərin ikinci infeksiyalaşdırma agentinə qarşı əkscisimlər hasil edirlər. Sahibin orqanizmində helmintlərin antigenlərinin təsiri altında böyük miqdarda T-limfositlərin-supressorların (T-limfositlərin digər subpopulyasiyalarınının metaboliz-mini dəf edən) yaranması zamanı  immunoloji tolerantlıq inkişaf edə bilər ki, bu da immunsupressiyanın ikinci mexanizmi sayılır. Hazırda müəyyən edildiyi kimi, immunosupressiyanın başlıca mexanizmi – xüsusi sitotoksik maddələr (hansı ki, helmintlər tərəfindən hasil edilir) vasitəsilə T- və B-limfositlərin proliferasiyasının dəf edilməsidir [18, 17].

Helmintozlarla mübarizədə 3 əsas immunoloji istiqamət ayırd edilir:

1) immunodiaqnostika; 2) immunoterapiya; 3) immunoprofilaktika.

 İmmunodiaqnostik istiqamət çərçivəsində bir sıra immunoloji testlər işlənib hazırlanmışdır ki,  onlar bu və ya digər invaziyaya şübhəli xəstələrin və şəxslərin fərdi müayinəsi üçün, həmçinin endemik rayonların əhalisinin kütləvi müayinəsi zamanı istifadə edilir. Bu testlər dəstinə 15-dən çox immunoloji reaksiyalar daxildir, lakin müasir dövrdə 2 reaksiya daha perspektiv sayılır: PHAR (passiv hemaqqlütinasiya reaksiyası) və İFA (immunferment analiz). Hər iki reaksiya yüksək həssaslığa və spesifikliyə malikdir və kütləvi istifadə üçün rahatdır. Əhalinin kütləvi immunoloji müayinəsi  helmintozlarla profilaktika və mübarizə sahəsində 4 mühüm  məsələnin həllində istifadə edilə bilər [8, 10, 11, 18]:

1.Parazitoloji vəziyyətin dəqiqləşdirilməsi.

İmmunoloji müayinələrin sayəsində helmintlərlə invaziyalaşmış şəxslərin erkən və tam aşkar edilməsi həyata keçirilir. Bu imkan onunla şərtlənmişdir ki, invaziyalı şəxsin orqanizmində humoral immunitet artıq helmintin sürfələrinin parazitlik etdiyi mərhələdə əmələ gəlir. Məsələn, askaridlərə qarşı əkscisimlər qan zərdabında artıq yoluxmadan 5-10 gün sonra, trixinellalara qarşı – 2-3 həftədən sonra aşkar edilir.  Opistorxozun erkən diaqnostikası da mümkündür.

1.Müalicənin effektivliyinin qiymətləndirilməsi. 

Müəyyən edilmişdir ki, parazitin radikal kənar edilməsindən sonra əkscisimlərin titri azalır və reaksiyalar müsbətdən tədricən mənfiyə doğru dəyişir. İmmuno-diaqnostik testlərin tətbiq olunması toxuma helmintozlarının, xüsusilə də toksokarozun müalicəsinin effektivliyinin qiymətləndirilməsində xüsusilə vacibdir. Cərrahi müdaxilədən sonra exinokokkoz zamanı əkscisimlərin titri  artıq 2-3 aydan sonra azalmışdır, əməliyyatdan 1-1,5 il sonra isə reaksiya mənfi olmuşdur. Alveokokkoz zamanı parazitar qovuqcuğun natamam kənar edilməsi və ya exinokokkun larvosistlərinin hamısının çıxarılmaması  ilə əlaqədar olaraq xəstəliyin residivi zamanı reaksiyaların titrləri müşahidə müddətinin bütün gedişində (3-5 il ərzində) yüksək səviyyədə qalmışdır. Ankilostomidozların müalicəsindən sonra immunitetin T-sisteminin əsas göstəricilərinin normallaşması haqqında məlumatlar verilir.

1.Helmintozəleyhinə tədbirlər kompleksinin effektivliyinin qiymətləndirilməsi. 

İmmunoloji müayinə koproloji metodlara nisbətən görülən işin epidemioloji aspekti haqqında daha düzgün təsəvvür yaradır. Bu, onunla izah edilir ki, müayinə anında orqanizmində cinsi yetkinliyə çatmayan parazitlər olan, həmçinin toxuma helmintləri ilə zədələnmiş şəxsləri koproloji müayinələrin vasitəsilə  aşkar etmək mümkün deyildir.

1.Parazitar xəstəliklər üzərində seroepidemioloji nəzarət.

Seroepidemioloji nəzarət sistemi parazitoloji vəziyyəti daima izləməyə, helmintozəleyhinə tədbirləri vaxtında və məqsədyönlü şəkildə həyata keçirməyə imkan verir. Bu halda immunoloji metodlar endemiyanın səviyyəsini təyin etmək; yüksək yoluxma riski şəraitində olan şəxslər qrupunu aşkar etmək; ərazinin rayonlaşdırılması; ocağın sərhədlərini və invaziya arealını təyin etmək; yoluxmanın intensivliyini və immun təbəqənin həcmini təyin etmək, invaziya qısa gedişə malik helmintozlarda isə – kütləvi yoluxma mövsümünün müddətini və davamlılığını təyin etmək üçün tətbiq olunur.

Helmintozların immunoterapiyası məsələləri hələ təzə-təzə öyrənilir. Mütəxəssislərin əksəriyyəti bu istiqaməti perspektiv istiqamət kimi qiymətləndirir (xüsusilə də toxuma helmintozlarının müalicəsi problemi ilə əlaqədar) - məsələn, hansılarda ki, hələlik yalnız cərrahi müalicə  səmərəlidir (exinokok, alveokokkoz, beyin sisteserkozu) [17, 16, 5].

Helmintozların müalicəsində immunstimulyatorlardan istifadə edilməsi də məqsədə-uyğundur. Tibb təcrübəsində immun sistemin fəaliyyətini stimulyasiya edən preparatlar helmin-tozlar zamanı hələlik məhdud şəkildə istifadə olunur. Helmintozlar zamanı immuno-stimulyatorlardan baytarlıq təcrübəsində geniş işlədilir. Əldə edilən məlumatlar qoyunların helmintozlarla yoluxması zamanı metilurasilin yüksək effektivliyə malik olmasını göstərir. İmmunstimulyatorlar qismində fumar turşusunun tətbiq edilməsi buzovlarda immuniteti artırmış və  helmintəleyhinə preparatlar təyin etmədən mədə-bağırsaq yolunun helmintlərlə yoluxmasını 20,4-39,17%-ə qədər aşağı salmışdır. Helmintlərlə yoluxmuş qoyunlarda timalin tətbiq etdikdə T- və B-limfositlərin miqdarının artması fonunda 46-58% halda onlar ağciyər və mədə-bağırsaq nematodozlarından azad olmuşlar. Timalin həmçinin alveokokkoz ilə yoluxmuş siçan və siçovul-larda immun cavabı stimulyasiya etmişdir [17, 7, 5].

Bir çox yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sistemində immune-profilaktika aparıcı rol oynayır. Yayılma miqyasına görə yalnız kəskin respirator xəstəliklərdən və qripdən geri qalan helmintozlar immunporofilaktikanın mühüm obyekti ola bilər. Lakin  helmintozəleyhinə immunitetin qəribəliyi ondadır ki, çoxlu sayda aparılan tədqiqat işlərinə baxmayaraq insanda helmintozların profilaktikası üçün effektiv vaksinlər hələlik yaradılmamışdır. Bu baxımdan baytarlıq helmintologiyasının uğurları daha çox nəzərə çarpır. Uzun illər helmintlərin rentgen şüalarının təsiri ilə zəiflədilmiş  yumurtaları və sürfələri ilə heyvanların vaksinasiyası məsələsinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmışdır. Böyük Britaniyada, Avstraliyada, Polşada və digər ölkələrdə bu üsulla gövşəyən heyvanları diktiokaulyoza qarşı vaksinasiya edirlər. Analoji üsulla ezofaqostomdan vaksin hazırlanmışdır. Quzulara 2-3 dəfə polivalent helmintoz vaksini yeridildikdə o, protektiv və immunogen xüsusiyyətlər qazanır. Belarusiya eksperimental baytarlıq ETİ-da   strongiloidoza qarşı vaksin hazırlanmışdır [1, 2, 10, 12].

Beləliklə, son illər helmintozların immunologiyası probleminin bir çox aspektləri öyrənilmişdir. Əldə edilən nəticələrin nəzəri əhəmiyyəti şübhəsizdir. Onların təcrübədə həyata keçirilməsi helmintozlarla mübarizə və profilaktika tədbirlərinin effektivliyinin xeyli artırılmasında böyük perspektivlər yaradır. Bu istiqamətdə getdikcə daha çox nəzərə çarpan inkişaf müəyyən dərəcədə tibb, baytarlıq və bioloji yönümlü mütəxəssislərin işində kompleksliyin reallaşmasından asılı olacaqdır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Агаев  И.А., Халафли Х.Н. Состояние заболеваемости дисбактериазом кишечника инвазированных гельминтозами  в г.Баку // Научно-практический журнал «Здравоохранение Кыргызыстана”, 2008, №4, с.121-125.
2.Горохов В.В., Сыскова Т.Г. Возвращающиеся инвазии // Здо­ровье населения и среда обитания, 2010, № 10, с.28-30.
3.Маркин А.В. Вопросы профилактики важнейших гельминтозов в России //Журнал микробиологии, эпидемиологии и иммунобиологии, 2004, № 1, с.106-108.
4.Озерецковская Н.Н. Эозинофилия крови и иммуноглобулинемия Е: особенности регуляции при гельминтозах и аллергических болезнях // Медицинская паразитология и паразитарные болезни, 2005, № 2, С. 3-9.
5.Самсонов А.В. Особенности распространения важнейших гельминтозов среди людей и некоторых видов животных, методы борь­бы и профилактики их в условиях Украины и прилегающих к ней рай­онов Беларуси, России и Молдовы                /Бюлетень: «Экология и фауна Юго-восточной Украины, 2010, №2, с.79-92.
6.Тотоев А.А. Иммуноглобулин Е: структура, биологические эффекты и диагностическое использование // Аллергология, 2009, № 8, с.4-7.
7.Халафли Х.Н., Вахабов Э.Ф. Применение иммуноферментного анализа в диагностике гельминтозов / Respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əziz oglu Əliyevin anadan olmasının 85- illiyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2006, s.395-396.
8.Халафли Х.Н., Агаева А.И. Исследования по выявляемости иммуногло-булинов среди детей с аллергическими заболеваниями в г.Баку // Журнал «Аллергология и Иммунология», Москва, 2008, том 9, №1, с.5.
9.Халафли Х.Н. Эффективность санитарной агитации в усвоямости мер профилактики кишечных паразитозов // V Международная научно-практическая конференция “Актуальные проблемы диагностики, лечения и профилактики инфекционных и паразитарных заболеваний”, Ташкент, 2009, с.113-114.
10.Халафли Х.Н. Эффективная профилактика  кишечных паразитозов, как фактор повышения здоровья детей в г.Баку// Журнал инфекционной патологии, Иркутск,  2009, №1, том 16, с.31-34.
11.Халафли Х.Н.  Роль иммунной системы в патогенезе токсокароза // Allerqologiya, immunologiya və immunoreablitasiya üzrə IV Azərbaycan milli konqresi materialları. Bakı, 2012 səh 258-261.
12.Халафли Х.Н. Этиология кишечных паразитозов у детей в Азербайджане // Российский вестник перинатологии и педиатрии, Москва, 2013, №6, стр.80-86.
13.Чобанов Р.Э.,Мамедли Г.М., Джанахмедова Ш.Н. Интеграция методов диагностирования кишечных паразитозов // Журнал инфектологии, Ст. -Петербург, 2009, №2, с. 73-74.
14.Almeida M.M.,Arede C., Marta C.S., Pinto P.L. Atopy and enteroparasites // Allergie et Immunologie, 2010, vol. 30, No 9, p. 291-294.
15.Arruda L.K., Santos A.B.  Immunologic responses to common antigens in helminthic infections and allergic disease // Curr Opin Allergy Clin Immunol., 2009, vol 5, No 5, p.399-402.
16.Bell R.G. IgE, allergies and helminth parasites: a new perspective on an old conundrum // Immunol. Cell. Biol., 2009, vol 74, p.337-345.
17.Durmaz B.,Yakinci C., Koroglu M., et al., Concentration of total serum IgE in parasitized children and the effects of the antiparasitic therapy on IgE levels // J. Trop. Pediatr., 2004, vol 44, No 2, p.121.
18.Maroni N.C, Nardini T.R., Sacmi O. Toxocoriasis: serological by diagnosis competition ELISA // Rev. Isst. Med. trop. Soa Paulo, 2009, vol 41, No 2, p.95-100.


Müəlliflər:
X.N. Xələfli

Digər jurnal və qəzetlər