MÜXTƏLİF KONSTRUKSİYALI PROTEZLƏMƏDƏN SONRA AĞIZ BOŞLUĞU MİKROFLORASININ VƏZİYYƏTİ

09-01-2016

İnsan orqanizminin normal mikroflorasının öyrənilməsi son illərin tədqiqatlarında diqqət mərkəzindədir. Bu böyük ehtimalla insan orqanizminin həyatı vacib funksiyalarının tənzimlən-məsində orqanizmlə mikrofloranın simbioz münasibəti ilə izah olunur və nəticədə problemin praktik səhiyyədə aktuallığını artırır. Normal və patogen mikrofloranın bir çox nümayəndələri insan orqanizmində patoloji vəziyyətin və xəstəliklərin əmələ gəlməsində və inkişafında iştirak edir. Ağız boşluğu, onun selikli qişası və üz-çənə nahiyyəsinin limfa sistemi insan orqanizmi ilə onu əhatə edən mikrob aləmi arasında vacib rol oynayır. Mikroblar orqanizmdə qida məhsullarının həll olunmasında, vitaminlərin sintezində, immun sisteminin formalaşmasında iştirak edirlər. Müxtəlif müəlliflərin məlumatlarına görə ağız boşluğunda 160-dan 300-ə qədər bakteriya növünə rast gəlmək olur. Bakteriyaların əsas hissəsi ağız boşluğuna hava, su və qida vasitəsilə ilə düşür və tranzit mikroorqanizmlər adlanır. Ağız boşluğunda daimi yaşayan bakteriya növlərinin 85-90%-ni koklar təşkil edir (1).

          Ağız boşluğu mikrobiosenozun pozulması immun sisteminin fəaliyyətinin, əsasən də qranulositar-makrofaqal müdafiənin zəifləməsi ilə əlaqədardır. İmmunopatologiyanın yaranmasında ağız boşluğunun selikli qişasının iltihabi xəstəlikləri xüsusi yer tutur. Bundan başqa məlumdur ki, ağız boşluğu selikli qişasının iltihabi xəstəlikləri daxili orqanların müxtəlif patologiyaları ilə etioloji və patogenetik cəhətdən əlaqəlidir (2, 3).

          Müxtəlif növ mikrobların istifadə edilən protez materiallarına adgeziya dərəcəsi əhəmiyyətli surətdə dəyişə bilər ki, bu da protezlərin bu və ya digər bakteriyalarla kolonizasiyası xüsusiyyətlərini təyin edir. Çıxmayan protezlərin aşağı keyfiyyətli hazırlanması ağız boşluğuna mənfi təsir edir, belə ki, ağız boşluğunun zədələnməsinə və mikroorqanizmlərin adgeziyasına səbəb olur (4,5).

          Ağız boşluğu mikroorqanizmlərin bəzi növləri lövhəli protezlərin üzərində daha aktiv inkişaf edir və çoxalırlar. Mikrobların dağıdıcı təsirinə daha çox plastmas məruz qalır (6).

          Araşdırmalarımızdan belə məlum olur ki, ağız boşluğunun iltihabi xəstəliklərinin səbəbi mikrofloranın dinamikası ilə sıx əlaqədardır. Bu dinamikanın dəyişməsində endogen və ekzogen faktorlarla yanaşı diş sırasının qüsurları zamanı hazırlanmış müxtəlif  konstruksiyalı çıxan və çıxmayan protezlər də əsas rol oynayır.

          Beləliklə, ağız boşluğunun normal mikroflorasının insan orqanizminin fəaliyyəti üçün vacibliyini nəzərə alaraq müxtəlif  konstruksiyalı protezləmədən əvvəl və sonra ağız boşluğunda müşahidə olunan bakteriyaların dinamikasında (kəmiyyət və keyfiyyətcə) baş ver dəyişikliklərin öyrənilməsi, protezləmədən sonra yaranan disbakteriozun immunokorreksiyası, müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması apardığımız tədqiqatın əsas istiqamətidir.

          Bu məqsədlə biz protezləmədən sonra ağız boşluğunda və dişəti cibində mikroflorada baş vermiş dəyişikliyi öyrənmişik. 20 nəfərdə protezləmədən sonra ağız  boşluğu distillə olunmuş su ilə yaxalanaraq sınaq şüşəsinə yığılmışdır. Filtrli kağızdan hazırlanmış steril disk vasitəsi ilə dişəti cibindən material götürülərək içərisində fizioloji məhlul olan sınaq şüşəsinə yerləşdirilmiş və sonra qidalı mühitdə əkilmişdir. Mikrobioloji tədqiqatların köməyi ilə ağız boşluğu mikroflorasının kəmiyyət və keyfiyyət dinamikası öyrənilmişdir. Alınmış nəticələrdən belə məlum olumuşdur ki, protezləmədən sonra həm ilk günlərdə, həm də 2 aydan sonra hemolitik streptokokklar yayılaraq çoxalır. Onlar dişəti cibində qarışıq şəkildə artırlar. Bu onunla izah olunur ki, mikroorqanizmlərin inkişafı üçün dişəti cibində daha yaxşı şərait yaranır. Protezləmədən sonra mikrobioloji tədqiqatların nəticəsinin müqayisəsi göstərir ki, metaldan hazırlanmış çıxmayan və plastik kütlədən hazırlanmış şıxan protez gəzdirən şəxslərin ağız boşluğunda  mikroorqanizmlərin dinamikasında artım müşahidə olunur. Həmçinin plastik kütlədən hazırlanmış lövhəli protezlər zamanı hemolitik streptokokkların yayılma sahəsi artmışdır.

          Beləliklə, ağız boşluğu mikroflorasının kəmiyyət və keyfiyyət tərkibi diş protezləri materiallarının növündən birbaşa asılıdır. Plastik kütlədən və metallardan hazırlanmış protez gəzdirən şəxslərin ağız boşluğunda mikroorqanizlərin ümumi və onların bəzi növlərinin dinamikasında çoxalma müşahidə olunur. Bu hal plastik kütlədən hazırlanmış diş protezləri zamanı daha çox nəzərə çarpır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Томников А.Х., Корсеневич В.И. Микрофлора полости рта и ее значение в развитии стоматологических заболеваний. Стоматология для всех, 1998, №3, с.41-42
2.Земсков В.М., Барсуков А.А. Изучение функционального состояния фагоцитов человека (кислородный метаболизм и подвижность клеток)  Методические рекомендации МЗ. СССР Москва, 1998, 18с
3.Хаитов Р.М. и соавт. Иммунология.  М. Медицина, 2000
4.Царев В.Н., Абакаров С.И., Умарова С.Г. Динамика колонизации микробной флорой полости рта различных материалов, используемых для зубного протезирования. Стоматология, 2000 №1, с,55-57
5.Сафаралиев Ф.Р. Обоснование роли гигиенических мероприятий при пользовании несъемными зубными протезами. Автореф. дис. кан.мед.наук. Баку.2005, 20с.   
6.Седунов А.А., Котова А.Л., Жагитаров М.С. Влияние различных зубопротезных материалов на микрофлору полости рта. Здравоохранения Казахстана. 1988, №1, с.35-36


Müəlliflər:
O.M. Sadıqov
Y.H. Axundov

Digər jurnal və qəzetlər