UŞAQLIQ BOYNUNUN XƏRÇƏNGÖNÜ XƏSTƏLİKLƏRİNİN DİAQNOSTİK MEYARLARININ ÖYRƏNİLMƏSİ
22-02-2017
Onkoloji xəstəliklər ölüm göstəricilərinə görə ürək-damar sistemi xəstəliklərindən sonra dünyada ikinci yeri tutur [1].
Məhz bu baxımdan, neoplastik proseslərin erkən diaqnostikası müasir təbabətin ən aktual problemlərindən biri olaraq qalır. Neoplastik proseslər sırasında uşaqlıq boynu xərçəngi isə ilk yerlərdən birini tutur. Amerika Xərçənglə Mübarizə Cəmiyyətininin məlumatlarına əsasən, uşaqlıq boynu xərçəngi hər il orta hesabla 13 mln qadında aşkar edilir ki, bunların 4500 nəfərində letal nəticələr verir.
1988-ci ildə Amerika Mama-Ginekoloqları Cəmiyyəti və Xərçənglə Mübarizə Cəmiyyəti 18 yaşdan etibarən reproduktiv (18-45) yaşda olan bütün qadınların hər il müntəzəm ginekoloji müayinədən keçməsini və Papanikolau üsulu ilə yaxma verməsini təkidlə tövsiyə etmişdir. Bu tədbirlər nəticəsində uşaqlıq boynu xərçənginin rastgəlmə tezliyi və ölüm göstəriciləri nəzərəçarpacaq dərəcədə aşağı enmişdir. Petry K.U. və həmmüəll. görə hər il ABŞ-da 600000 qadına servikal intraepitelial neoplaziya diaqnozu qoyulur. Kütləvi müayinələrin keçirilməsi uşaqlıq boynu xərçənginin erkən diaqnostikasına imkan verir [2]
Hər il dünyada 30 mln qadına uşaqlıq boynunun çoxqatlı yastı epitelinin yüngül dərəcəli displaziyası, 10 mln-dan artıq qadına isə orta ağır və ağır displaziya diaqnozu qoyulur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə displaziya uşaqlıq boynunun örtük epitelində müxtəlif dərəcəli atipik hüceyrələrin tapılması, eləcə də bu hüceyrələrin diferensasiya-sının pozulması, daha sonralar isə stroma cəlb olunmadan epitelin qatlılığının pozulması ilə nəticələnən patoloji prosesdir. Displaziya və ya servikal intraepitelial neoplaziya (CİN) uşaqlıq boynunun normal epiteli və in situ xərçəngi arasında keçid olub, uşaqlıq boynunun invaziv xərçəngindən əvvəl müşahidə edilir və xərçəngönü vəziyyət kimi qiymətləndirilir.
Uşaqlıq boynunun displaziyasının risk amilləri müəyyən edilmişdir: virus infeksiyaları (insanın papillomavirus infeksiyası, sitomeqalovirus, sadə herpes virusu II və s.), erkən cinsi həyat, erkən hamiləlik, çoxsaylı doğuşlar, cinsi partnyorların tez-tez dəyişdirilməsi, sosial risk qrupuna məxsus partnyorun olması, zöhrəvi xəstəliklər, immundefisit vəziyyət, siqaret çəkmək, anamnezdə vulvanın və uşaqlıq yolunun displaziyasının olması, sitoloji skrininq tədbirlərinini aparılmaması və s. Son illər adları çəkilən risk amillərindən başqa displaziyanın yaranmasında genetik meyllik, displastik dəyişikliklər və bakterial vaginoz assosiasiyası, mütləq və nisbi hiperestrogeniya barədə də geniş müzakirələr aparılır.
Cədvəl № 1.
AGC |
Atypical glandular cells |
Atipik vəz hüceyrələri |
AGC, Favor neoplastic |
Atypical glandular cells, favor neoplastic |
Neoplaziyaya oxşar atipik vəz hüceyrələri |
ASC |
Atypical squamous cells |
Yastı epitelin atipik hüceyrələri |
ASC-US |
Atypical squamous cells undertermined signiificance |
Naməlum mənşəli yastı epitelin atipik hüceyrələri |
ASC-H |
Atypical squamous cells cannot exclude HSİL |
HSİL-in istisnası mümkün olmayan, yastı epitelin atipik hüceyrələri |
CİN I, II, III |
Cervical intraepithelial neoplasia grade I, II, III |
Servikal intraepitelial neoplaziya I, II, III dərəcələr |
CİS |
Carsinoma in situ |
Karsinoma in situ |
HSİL |
High grade squamous intraepithelial lesion |
Yastı epitelin intraepitelial neoplaziyasının yüksək dərəcəli zədələnməsi |
LSİL |
Low grade squamous intraepithelial lesion |
Yastı epitelin intraepitelial neoplaziyasının aşağı dərəcəli zədələnməsi |
NOS |
Not otherwise specified |
Müəyyən edilməyənlər |
SIL |
Squamous intraepithelial lesion |
İntraepitelial yastı epitelin zədələnməsi |
TBS |
Terminology Bethesda System |
Betesda sisteminin terminalogiyası |
Neoplastik proseslərin erkən diaqnostikasında uşaqlıq yolu yaxmasının Papanikolau üsulu ilə skrininq müyinəsi mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, uşaqlıq yolu yaxmasının Papnikolau üzrə interpritasiya terminologiyası dəyişilmişdir. “Displaziya” termini hal-hazırda “servikal intraepitelial neoplaziya” (CİN) termini (1970) ilə əvəz edilmişdir [3, 6]. Bu təsnifat uşaqlıq boynunun dəyişilmiş yastı epitelinin histoloji dəyişikliklərinə əsaslanır. Uşaqlıq boynunun yastı epitelinin hüceyrədaxili pozğunluqlarının yüngül displaziya üçün səciyyəvi dəyişiklikləri servikal intraepitelial neoplaziyanın I dərəcəsi kimi (CİN I) təqdim olunur, displaziyanın orta ağır dərəcəsi servikal hüceyrədaxili neoplaziyanın II (CİN II), ağır displaziya və ya in situ karsinomaya xas olan patoloji dəyişikliklər isə CİN III kimi dəyərləndirilir.
1988-ci ildə histopatoloji və sitopatoloji dəyişikliklər əsasında uşaqlıq boynunun preinvaziv və invaziv zədələnmələrini müəyyənləşdirən Bethesda System qəbul olunub. Bu sistemə epiteldaxili zədələnmələrin aşağı dərəcəsi (Low-grade squamous intraepitelial lesion, LSİL), epiteldaxili zədələnmələrin yüksək dərəcəsi (High-grade intraepitelial lesion, HSİL) terminləri daxildir (cədvəl 1).
Papilloma virusun epiteldaxili zədələnmələrin yaranmasında əsas amil olduğu nəzərə alaraq, təsnifata bu virus tərəfindən törədilən sitoloji pozğunluqlar da daxil edilib (cədvəl 2).
Cədvəl № 2.
Papanikolau |
Displaziya |
CİN |
HPV effekti |
TBS |
Sinif 1 |
Norma |
Norma |
|
Norma |
Sinif 2 |
Atipiya |
Ayipiya |
ASC |
|
Sinif 3 |
Yüngül displaziya |
CİN I |
Keylositoz |
LSİL |
CİN I |
||||
Orta displaziya |
CİN II |
|
HSİL |
|
Ağır displaziya |
CİN III |
|||
Sinif 4 |
Karsinoma in situ |
|||
Sinif 5 |
İnvaziv xərçəng |
Xərçəng |
İnvaziv xərçəng |
Hateh K.D. (1994) tədqiqatlarında insanın papilloma virusunun (HPV) tipinin uşaqlıq boynunun xərçəngi və servikal intraepitelial neoplaziyanın inkişafında risk dərəcələri müəyyən edilib. Belə ki, 16, 18, 45, 46 tipli HPV yüksək; 31, 33, 35, 51, 52 tipli HPV orta; 6, 11, 43 tipli HPV isə aşağı risklə CİN yaradır [8].
Müəyyən olunmuşdur ki, CİN olan qadınların servikal yanlış mənfi cavabı 8-50% təşkil edir. PAP yaxmanın texniki cəhətdən düzgün götürülməsi və onun mütəxəssis sitopatomorfoloq tərəfindən interpritasiyası yanlış mənfi cavabların tezliyini 5%-dək azaldır [4, 7]. Qeyd etmək lazımdır ki, sitoloji müayinə uşaqlıq boynu CİN-in və xərçənginin skrininq üsuludur. Petry K.U. (2002) hesab edir ki, PAP yaxmanın təkrar müayinəsi CİN-in yüksək inkişaf riski olan qadınlarda hər 3 aydan bir, CİN-in inkişafının risk amilləri olduqda hər il, CİN-in inkişaf riski olmadıqda 3 ildən bir aparılmalıdır.
Son 25 ildə uşaqlıq boynunun zədələnməsinin xarakterini müəyyən etməyin vacib diaqnostik üsulu kolposkopik müayinə neoplaziya nahiyəsini, onun dərəcəsini müəyyən etməyə, eləcə də məqsədli biopsiyanın aparılmasına və son diaqnozun qoyulmasına imkan verir. Patogenetik terapiya bioptatın histoloji müayinəsinin nəticələrinə əsaslanmalıdır [5].
Qadın cinsiyyət orqanlarının onkoloji xəstəliklərində CA125, CEA, SCC onkomarkerlərinin təyini diaqnostik əhəmiyyət kəsb edir və aparılan müalicənin effektliyini təmin etmək üçün istifadə edilir.
Problemin aktuallığını nəzərə alaraq tədqiqatın məqsədi müəyyən olunmuşdur. Tədqiqatın məqsədi uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin diaqnostik meyarlarının öyrənilməsi olmuşdur. Məqsədə uyğun olaraq 20 reproduktiv yaş (18-45) dövrlərindən olan qadın müayinə olunmuşdur. Bu qadınlar uşaqlıq boynu xərçənginin yaranmasına görə yüksək risk qrupuna aid olmuşlar. Tədqiqatda Şiller sınağının aparılması, genişləndirilmiş kolposkopiya tətbiq edilmiş, uşaqlıq boynunun sitoloji müayinəsi üçün Papanikolau üsulu (PAP test) ilə yaxma materialı götürülmüşdür.
Tədqiqat nəticəsində uşaqlıq boynu xərçənginə görə risk qrupuna aid olan qadınların 5-də (20%) yumurtalıqların polikistoz sindromu, 10-da (50%) bədən çəkisi indeksinin 31,4±1,4 (27,1-35,1) kq/m2 olması, 5-də (20%) cinsi yolla yoluxan infeksiyalardan Chlamidia trachomatis, Herpes simplex II, Human Papillomavirus 16 aşkar edilmişdir.
Müayinə zamanı 12 qadında kiçik dərəcəli kolposkopik dəyişikliklər: sirkə turşusu ağ epitel, incə mozaika, incə punktasiya, nazik leykoplagiya aşkar edilmiş, 8 qadında isə böyük kolposkopik dəyişikliklər: intensiv aseto-ağ epitel, kobud mozaika, kobud punktasiya, kobud leykoplagiya, atipik damarlar aşkar edilmişdir. 8 qadının hamısında uşaqlıq yolu yaxmasında insanın papillomavirusunun yüksək onkogen serotipi 16 aşkar edilmişdir. Müayinə olunan qadınların (n=20) 13-də (65%) uşaqlıq boynunun sitoloji müayinəsinin CİN I (PAP- test), 7-də (35%) isə CİN II aşkar edilmişdir.
Histoloji olaraq zəif I dərəcəli displaziyalar (CIN I), stratifikasiyanın vertikal anizomorfluluğun saxlanılması ilə əlaqədardır. Epitelin aşağı 1/3-də bazal hüceyrəli hiperaktivlik aşkar edilir. Bazal və parabazal hüceyrələrin nüvələri böyümüşdür, qeyri-düzgün formadadır, hipoxrom, normoxrom və hiperxrom rənglənirlər. Nüvəciyin xromatin strukturası aşkar qeydə alınır. Hiperplaziyalı hüceyrələrin mitotik aktivliyinin yüksəlməsi nəzərə çarpır. Atipik mitozlar demək olar ki, olmur, olsa da çox az aşkar edilirlər. Epitelin ara qatı hüceyrələrin fərdi buynuzlaşması və həmçinin səthi qatın diffuz xarakter daşıyır. Bəzi hallarda bazal hüceyrə hiperplaziyası, dərin olmayan akantotik çıxıntıların olması nəzərə çarpır.
Orta II dərəcəli displaziya(CİN II) proses epitel qatı yarısını və daha çox hissəsini əhatə edir. Vertikal anizomorfluluğun və aşağı qatın hüceyrələrinin stratifikasiyasının pozulması, total bazal hüceyrəli hiperaktivlik bazlal membrana perpendikulyar yerləşən aşağı qat hüceyrələrinin hiperplaziyası, sitoplazmaların ensiz həlqələri qeydə alınır. Bazal membrana yaxınlaşdıqca mitotik aktiv nüvəli hüceyrələrin miqdarı artır. Səthi qatın hüceyrələrində stratifikasiya pozulmatıb, hüceyrələr horizontal yerləşirlər. Hiperkeratoz və parakeratoz prosesi nəinki səthi, həmçinin ara qat hüceyrələrini əhatə edir.
Beləliklə, yüksək risk qruplu qadınlarda uşaqlıq boynunun patoloji dəyişiklikləri yüksək tezliklə müşahidə olunur. Aparılan müayinələr və patomorfoloji nəticələr müalicə taktikasının seçılməsinə imkan yaradaraq uşaqlıq boynunun xərçənginin yaranma riskini azaldacaq.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1. Əmiraslanova Ş.Z. Vaginal qanaxması olan qadınlarda uşaqlığın preinvaziv xəstəliklərinin diaqnostikasında müasir üsulların tətbiqi // Bakı, 2009, 131 s.
2. Petry K.U. Factors associated with an increased risk of prevalent and incident grade III cervical intraepitelial neoplasia and invasive cervical cancer among women with Papanicolau test classified as grades I or II cervical intraepithelial neoplasia // Am. J. Obstet. Gynecol., 2002, vol. 186, p.28-34.
3. Backe Y., Ross T., Mulfinger L. Prevalence of human papillomavirus DNA in cervical tissue. Retospective analysis of 855 cervical biopsies // Arch.Gynecol. Obstet., vol 259, p. 69-77.
4. Козаченко В.П. Рак шейки матки // Совр. Онкол., 2001, т. 2, №2, с. 2-4.
5. Костава М. Н. Эффективность лечения фоновых заболеваний шейки матки у молодых нерожавших жершин солкогином и низкоинтенсивным лазером. // Кл. лекции, 1997, «Медиа Сфера», 88с.
6. Лесничая О.В. Клинико-морфологические параллели цервикальных интраэпителиальных неоплазий шейки матки / О.В.Лесничая, Д.М.Семенов, Ю.В.Крылов // Вестник ВГМУ. – 2008. – Т. 7, № 3. – С. 28–33.
7. De Villers E.M., Scheidet A. et. al. Human papillomavirus infections in women with and without abnormal cervical cytology // Lancet, 1987, vol. 2, N 8561, p. 703-706.
8. Папилломавирусные инфекции – новая проблема онкологии. Эпидемиология. Новое в лечении / Н.Р.Сафронникова, В.М.Мерабишвили, Э.И.Лалианци и др. // Злокачественные новообразования в мире, России, Санкт-Петербурге. – Санкт-Петербург, 2007. - С. 372-378.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı