QADINLARDA MÜXTƏLİF GİNEKOLOJİ PATOLOGİYALAR ZAMANI ÇANAQ AĞRISI SİNDROMUNUN İNKİŞAFININ RİSK AMİLLƏRİ
22-02-2017
Xronik çanaq ağrısı - ginkeoloji pasiyentlərdə ən çox rast gələn və eyni vaxtda diaqnosti-kası çətin olan sindromdur [2, 4, 5, 6]. 18 yaşdan 50 yaşa qədər qadınların 5-15%-i xronik çanaq ağrılarından əziyyət çəkir [7]. Hər il ginekoloji yardım üçün müraciət edən qadınların 60%-dən çoxu çanaq ağrılarından şikayət edirlər [7].
Xronik çanaq ağrısı sindromu qadınlarda qarın nahiyəsində müxtəlif irradiasiyalı daimi ağrılar və ağrı tutmaları ilə təzahür edir [3, 8, 9]. Ədəbiyyat məlumatlarına görə, xronik çanaq ağrıları bir çox xəstəliklərlə, məsələn, endometrioz, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, yumurtalıqların polikistozu sindromu, uşaqlığın mioması, kiçik çanaq orqanlarında aparılan cərrahi müdaxilələrin fəsadları, kiçik çanaqda bitişmə prosesi, kiçik çanağın venalarının varikoz genişlənməsi, dispareuniya, miofassial sindromla törədilir [3, 5, 6].
Tədqiqat işinin məqsədi - müxtəlif ginekoloji patologiyası olan qadınlarda xronik çanaq ağrısı sindromunun inkişafının müxtəlif risk amillərinin aşkar edilməsidir.
Tədqiqat işinin material və metodlari Tədqiqat işinin məqsədinə müvafiq olaraq xronik çanaq ağrıları sindromu olan 213 pasiyent müayinə edilmişdir ki, onlardan uşaqlığın mioması - 106 (46,5%), kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri - 49 (21,5%), xarici və daxili endometrioz – 35 (15,4%), kiçik çanağın bitişmə prosesi 23 (10,1%) qadında qeyd edilmişdir.
Pasiyentlərin hamısının şikayətləri və xəstəliyin anamnezi toplanmışdır. Ağrıların xarak-teri, onların tezliyi və irradiasiyası, ağrı sindromunun kəskinləşməsinə gətirib çıxaran amillər nəzərə alınmışdır. Xəstəliyin anamnezinin toplanması zamanı pasiyentlərin aybaşı və reproduktiv funksiya-sı, əvvəlki hamiləliklərin gedişi və nəticələri qeyd olunmuşdur.
Ultrasəs müayinəsi “Sono Skape 6” aparatında 3,5-6,0 tezliyində konveks ötürücülər və boşluqdaxili - 6,0-9,0 MHs tezlikdə transabdominal və transvaginal yolla həyata keçirilmişdir. Bu zaman uşaqlıq boynunun vəziyyəti, endoserviksin qalınlığı və eynicinsliyi, uşaqlığın cisminin vəziyyəti, həcmi və forması, endo- və miometriyanın vəziyyəti qiymətləndirilmişdir. Bir çox patoloji proseslərin, məsələn, endometriyanın hiperplaziyası, xronik endometrit, adenomioz, uşaqlığın miomasının diaqnostikasına xüsusi diqqət verilmişdir.
Əldə olunmuş məlumatların statistik işlənməsi Windows üçün MSExcel, «Statistica 8.0» tətbiqi proqram paketindən istifadə etməklə aparılmışdır. Müqayisələr p<0,05, p<0,01, p<0,001 etibarlılıq səviyyəsində aparılmışdır [1].
Nəticələr və onlarin müzakirəsi Aparılan müayinənin nəticəsində müayinə edilən qadınlarda anamnezin xüsusiyyətləri, xronik çanaq ağrıları sindromunun klinik gedişi və inkişafının risk amilləri təyin edilmişdir.
Müayinə olunan qadınların hamısı 18 yaşdan 55 yaşa qədər (orta yaş 31,3±0,9 yaş) olmuşlar. Əsas tibbi-sosial xüsusiyyətlərin təhlili zamanı müəyyən edilmişdir ki, 18 (8,5%) pasiyent müayinə müddətində çalışmış, 193 (90,6%) evdar qadın və 2 (0,9%) tələbə olmuşdur. Pasiyentlərin ailə statusunun təhlili zamanı müəyyən edilmişdir ki, 191 (89,7%) qadın müayinə anında nigahda olmuş, 22 (10,3%) qadın – nigahda olmamışdır. Cinsi həyata başlamanın orta yaşı 21,7±0,3 təşkil etmişdir.
Müayinə olunan qadınlar müxtəlif lokalizasiyalı ağrılardan, aybaşı tsiklinin pozulmasından şikayət etmişlər.
Ağrı sindromu uşaqlığın miomasını 89 (84,0%) halda, kiçik çanaq orqanlarının iltihabi xəstəliklərini - 45 (91,8%) halda, 31 (88,6%) halda endometriozu, bütün 100,0% halda kiçik çanaq orqanlarının bitişmə prosesini müşayiət etmişdir. Müayinənin aparılması zamanı xəstələrin aşkar edilmiş qruplarında çanaq ağrıları sindromunun davametmə müddəti qiymətləndirilmişdir. Uşaqlığın mioması olan xəstələrdə çanaq ağrılarının orta davametmə müddəti 16,8 (6,0-24,0) ay, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri olan xəstələrdə – 12,5 (0,5-24,0) ay, endometriozu olan xəstələrdə - 18,0 (12,0-24,0) ay, bitişmə prosesi olan qadınlarda – 11,6 (7,9-13,1) ay təşkil etmişdir.
Aybaşı funksiyasını ətraflı öyrəndikdə biz müayinə olunan pasiyentlərdə aşağıdakı göstəriciləri qiymətləndirmişik: menarxenin yaşı, aybaşının davametmə müddəti, ağrılı olması, ifrazatların miqdarı, mövcud olan pozğunluqların xarakteri. Menarxenin başlaması yaşı müayinə olunan pasiyentlərin hamısında orta hesabla 13,2±0,1 il təşkil etmişdir. Aybaşı tsiklinin davametmə müddəti qruplar arasında dürüst fərqlərə malik deyildir və orta hesabla 29,1±0,35 gün təşkil etmişdir. Aybaşı qanamalarının müddətində də həmçinin qruplar üzrə əhəmiyyətli fərqlər nəzərə çarpmamış və orta hesabla 5,7±0,26 gün təşkil etmişdir .
Aybaşı funksiyasının müxtəlif pozğunluqları uşaqlığın mioması olan 91 (85,8%) xəstədə, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri olan 36 (73,5%) xəstədə, endometriozu olan 23 (65,7) xəstədə və kiçik çanaqda bitişmə prosesi olan 15 (65,2%) xəstədə rast gəlmişdir.
Müayinə olunan pasiyentlərin əksəriyyəti (n=120; 56,3%) müxtəlif ginekoloji xəstəliklər keçirmişlər. Xronik kolpit kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri olan xəstələr qrupunda dürüst çox rast gəlmişdir - 11 (22,4%) halda (p<0,05). Hiperplastik proseslər təkcə endometriozu olan 20 (57,1%) pasiyentdə rast gəlmişdir (p<0,05). Yumurtalıqların kistləri müayinə olunan 45 qadında: 21 (46,7%) – sol yumurtalıqda, 17 (37,8%) – sağ yumurtalıqda və 7 (15,6%) – hər iki yumurtalıqda qeydə alınmış və kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri olan 14 (28,6%) qadında dürüst təyin edilmişdir (p<0,05). Uşaqlıq boynunun eroziyası, uşaqlıq boynunun və endometriyanın polipi, endoservisit kimi ginekoloji xəstəliklər bütün müşahidə qrupunda olan pasiyentlərdə eyni dərəcədə rast gəlmişdir, keçirilmiş vaginit isə uşaqlığın mioması olan qadınlarda qeydə alınmamışdır. Süd vəzilərinin xəstəlikləri (mastopatiyanın müxtəlif formaları, fibromalar, doğuşdansonrakı mastitlər) bütün qruplarda 2,0%-dən 22,9%-ə qədər tezliklə rast gəlmişdir. Anamnezdə disfunksional uşaqlıq qanamaları çox vaxt uşaqlıq mioması olan 66,0% xəstələrdə və kiçik çanaqda bitişmə prosesi olan 52,2% qadında qeydə alınmışdır (p<0,05).
Xronik çanaq ağrısı sindromunun inkişafının risk amilləri arasında fon somatik xəstəlik-lərinə mühüm əhəmiyyət verilir [6]. Anamnezin məlumatlarının tədqiqi nəticəsində daha geniş yayılmış ekstragenital xəstəliklər aşkar edilmişdir. Xronik çanaq ağrıları olan qadınlarda daha çox həzm sisteminin xəstəlikləri - 21,1% (n=45), sidik-ifrazı sisteminin - 10,3% (n=22) və ürək-damar sisteminin - 8,0% (n=17) rast gəlmişdir. Anamnezdə xronik anemiyanın yüksək rast gəlmə tezliyi diqqəti cəlb edir - 39,0% (n=83) pasiyentdə (p<0,05).
Həzm sisteminin xəstəliklərinin (xronik qastrit, 12 barmaq bağırsağın və mədənin xora xəstəliyi, xronik xolesistit, öd-çıxarıcı yolların diskineziyası, xronik pankreatit, xronik kolit, xronik qəbizlik) qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, bu patologiya çox vaxt uşaqlığın mioması (26,4%) və endometriozu olan (20,0%) xəstələrin qruplarında rast gəlmişdir (p<0,05). Ürək-damar sisteminin xəstəlikləri (hipertoniya xəstəliyi, aşağı ətrafların venalarının varikoz genişlənməsi, ürəyin müxtəlif xəstəlikləri, neyrosirkulyator distoniya) əsas etibarilə endometriozla xəstələrdə (17,1%) rast gəlmişdir (p<0,05). Sidik-ifrazı sisteminin xəstəlikləri (xronik sistitlər, pielonefritlər, urolitiaz) 17,1% halda endometriozu olan və 12,3% halda uşaqlığın mioması olan qadınlarda (p<0,05) rast gəlmişdir. Xronik anemiya 22,5% halda uşaqlığın mioması, 67,3% - kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri (p<0,05), 45,7% - endometriozu olan pasiyentdə (p<0,05) və 30,4% halda bitişmə prosesi olan xəstədə qeyd edilmişdir. Müayinə qruplarında tənəffüs orqan-larının, endokrin və sinir sisteminin xəstəliklərinin paylanması dürüst fərqlərə malik deyildir (p<0,05).
Premorbid fonun öyrənilməsi zamanı uşaqlıq dövründə və gənc yaşlarda keçirilmiş aşağıdakı yoluxucu xəstəliklərin kifayət qədər aşağı tezliyi aşkar edilmişdir: qızılca (3,3%), su çiçəyi (8,0%), epidemik parotit (2,3%), skarlatina (9,9%). Digər keçirilmiş infeksiyalar arasında viruslu hepatit (3,3%), malyariya (0,9%), bruselyoz (0,5%) qeydə alınmışdır.
Anamnez məlumatlarına görə, 34 pasiyentdə ekstragenital xəstəliklərlə əlaqədar cərrahi müdaxilə həyata keçirilmişdir. Müqayisəli təhlil zamanı kiçik çanaqda bitişmə prosesi olan pasiyentlərin anamnezində cərrahi müdaxilə üzrə dürüst fərqlər nəzərə çarpmışdır (39,1%) (p<0,05). Daha çox rast gəlinən cərrahi müdaxilələrə appendektomiya (55,9%), tonzilektomiya (17,6%), xolesistektomiya (11,8%), qalxanabənzər vəzin rezeksiyası (8,8%), diaqnostik laparos-kopiya (5,9%) aiddir.
Həmçinin keçirilmiş mama-ginekoloji əməliyyatların təhlili aparılmışdır: Qeysəriyyə kəsiyi (14,3%), miomektomiya (28,6%), yumurtalıqların rezeksiyası (21,4%), tubektomiya (14,3%), polipektomiya (14,3%), genital endometrioz ocaqlarının yarılması (7,1%).
Müayinə olunan qadınların nəsilartırma funksiyasının ətraflı müayinəsi və müqayisəli təhlili aparılmışdır. Müşahidə olunan qadınlardan 122-də (57,3%) anamnezdə doğuşlar, 2 (0,9%) – süni doğuşlar, 86 (40,4%) – artifisial abortlar və 8 (3,6%) – düşüklər qeyd edilmişdir. Doğuşlar 50,0% halda uşaqlığın mioması olan qadında, 57,1% - kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, 77,2% - endometrioz (p<0,05) və 65,2% halda - kiçik çanaqda bitişmə prosesi olan qadınlarda nəzərə çarpmışdır. Anamnezdə abortlar 39,6% pasiyentdə uşaqlığın mioması, 44,9% - kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, 42,8% - endometriozu və 30,4% - bitişmə prosesi olan qadında qeyd edilmişdir. Düşüklər 2,8% halda uşaqlığın mioması olan, 4,1% - kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, 5,7% - endometriozu və 4,3% bitişmə prosesi olan qadında aşkar edilmişdir. Süni doğuşlar uşaqlığın mioması olan (0,9%) və endometriozu olan (2,8%) qrupda hər birində 1 pasiyentdə qeyd edilmişdir.
Çanaq ağrıları sindromu qeyd edilən müayinə olunan bütün qadınlar arasında 1-2 doğuş - 34,7%, 3-4 doğuş - 19,7%, 5 və daha çox doğuş – 2,8% qadında qeyd edilmişdir. Anamnezdə abortların sayına görə: 1-2 abort 22,1% pasiyentdə, 3-4 abort – 9,9%, 5 və daha çox abort – 8,5% qadında müşahidə olunmuşdur. Anamnezdə 1 və 2 düşüklərin olmasını 1,9% pasiyent göstərmişdir. Doğuşlar 91 (42,7%) pasiyentdə, abortlar – 127 (59,6%), düşüklər – 205 (96,2%) qadında qeyd olunmamışdır. Qadınların əksəriyyətində doğuşlar özbaşına, 14,3% halda (30 qadın) cərrahi yolla baş vermişdir.
Doğuşdansonrakı dövrdə baş verən ağırlaşmaların tezliyi (erkən doğuşdansonrakı dövrdə hipotonik qanamalar, doğuşdansonrakı endometrit, parametrit, cift toxumasının qalıqları) 15 (7,0%) qadında nəzərə çarpmışdır. Abortlardan sonra baş verən ağırlaşmalar uşaqlıq boşluğunun təkrar qaşınması, uşaqlığın və onun törəmələrinin iltihabi prosesləri ilə təzahür etmişdir ki, onların tezliyi 10,3% (22 qadın) təşkil etmişdir.
Yalnız 27 (12,7%) pasiyent anamnezdə müxtəlif kontrasepsiya metodlarından, o cümlə-dən: hormonal preparatlar – 8 (3,8%), UDK -11 (5,2%), şamlar -7 (3,3%), qoruyucu iynələrdən – 1 (0,5%) istifadə etmişlər.
Müayinə olunan 213 qadından 47-də (22,1%) birincili və ikincili sonsuzluğun olması qeyd edilmişdir. Birincili sonsuzluqdan 46 (21,6%) qadın, ikincili sonsuzluqdan - 1 (0,5%) qadın əziyyət çəkmişlər.
Beləliklə, klinik-anamnestik anamnez qrupların bu parametrlər: xəstələrin orta yaşı, cinsi həyata başlaması yaşı, menarxenin başlaması yaşı, aybaşı tsiklinin müddəti, aybaşı qanamalarının müddəti üzrə müqayisə edilə biləcəyini aşkar etmişdir. Həmçinin müxtəlif müşahidə qruplarından olan pasiyentlərdə xronik çanaq ağrılarının inkişafının etibarlı risk amilləri bu parametrlər üzrə: aybaşı tsiklinin pozulması, aybaşı funksiyanın xarakteri, keçirilmiş ginekoloji, ekstragenital xəstəliklər və cərrahi müdaxilələr, disfunksional uşaqlıq qanamaları, doğuşların sayı aşkar edilmişdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1. Боровиков В.П. Statistica. Искусство анализа данных на компьютере. СПб.: Питер, 2003, 688 с.
2. Зайцев А.В., Шаров М.Н., Кан Я.Д. Хроническая тазовая боль. Современное мультимодальное представление о проблеме. Перспективы диагностики и лечения//Российский журнал боли. 2015. № 2. с. 3-8.
3. Извозчиков С.Б., Камчатнов П.Р., Селицкий Г.В., Каприн А.Д. Синдром хронической тазовой боли - современный взгляд на проблему //Клиницист. 2011. № 2. с. 62-67.
4. Корнацкая А.Г., Ревенько О.А., Даниленко Е.Г., Чубей Г.В.Синдром хронической тазовой боли: взгляд гинеколога //Здоровье женщины. 2012. № 6 (72). С. 035.
5. Кузнецова И.В. Хроническая тазовая боль //Акушерство и гинекология. 2013. № 5. с. 91-97.
6. Сафиуллина Г.И., Исхакова А.Ш. Медико-социальные аспекты синдрома хронической тазовой боли у женщин репродуктивного возраста// Общественное здоровье и здравоохранение. 2014. № 1. с. 60-65.
7. Шакмаков А.А. Новая эффективная криогенная технология лечения хронической тазовой боли у женщин //Уральский медицинский журнал. 2011. № 4. С. 81-86.
8. De Mos M., Huygen F. Complex regional pain syndrome//Pain in women. 2013. vol. 335. p. 229-245.
9. Ploteau S. New concepts on functional chronic pelvic and perineal pain: pathophysiology and multidisciplinary management//Discov med. 2015. vol. 19 (104). p. 185-192.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı