CANLI ŞƏXSLƏRDƏ BURUN ZƏDƏLƏNMƏLƏRİNİN MƏHKƏMƏ-TİBBİ BAXIMDAN QİYMƏTLƏNDİRİLMƏSİ
17-03-2017
Canlı şəxslərdə burun zədələnmələrinin məhkəmə-tibbi ekspertiza baxımından öyrənilməsi bu günədək məhkəmə-tibbi ekspertizanın aktual problemlərindən sayılır (4,5). Bu ən çox zədələn-mələrin morfofunksional xüsusiyyətlərinə, burun tənəffüsünün postravmatik pozulması hallarının ekspert qiymətləndirilməsinə, kliniki və məhkəmə-tibbi diaqnostikanın metodologiyasına aid olunur (3, 8).
Burun nahiyəsindən travma almış canlı şəxslərin məhkəmə-tibbi ekspertizaları zamanı məhkəmə-tibbi ekspertləri bir çox çətinliklərlə rastlaşırlar. Məhkəmə-tibbi praktikada burun zədələnmələrinə tez-tez rast gəlinir. Burun travmaları açıq, qapalı, kombinəolunmuş, sümük qəlpələrinə görə-yerdəyişən və yerdəyişməyən, deformasiyaya uğrayan və deformasiyasız ola bilər. Burun zədələnmələri ən çox mexaniki və yanıq (termiki, kimyəvi, şüa, elektrik) təsirlərindən törənir.
Burun zədələnmələri burun-qulaq-boğaz travmalarının 91%-ni, üz skeleti travmalarının 8,5-50%-ni təşkil edir. Burun-qulaq-boğaz orqanları sahəsi üzrə müraciət edən xəstələrin 28-39%-ni LOR orqanlarının travmaları təşkil edir. Bunlardan da 74%-ni məişət (kriminal) travmaları təşkil edir. Xarici burun deformasiyalarının 80%-ə qədəri travmatik mənşəlidir (2, 6, 7).
Burun travmaları zamanı aparılan məhkəmə-tibbi ekspertizalar zamanı sağlamlığa zərər vurmanın təyinində əsas meyar kimi aşağıdakı əlamətlərə əsaslanılır: həyat üçün təhlükəlilik (ağır dərəcəli şok, massiv qanitirmə), ümumi əmək qabiliyyətinin itirilmə dərəcəsi, sağlamlığın itirilmə müddətinə (burun zədələnmələrinin kliniki variantlarına əsasən), sifətin silinməz dərəcədə eybəcərləşdirilməsinə (1).
Burun nahiyəsinin travmalarında müddətin təyin olunmasında əsas kriteriyalar və ya göstəricilər xarici burun nahiyəsində ödemin olması, burun qanaxmasının, qançırın, yaranın, hematomanın olmasıdır.
Tərəfimizdən 2013-2016-cı illərdə MTE və PA ETT Birliyinin Nəsimi rayon şöbəsində burun zədələnmələrinin müşahidələri aparılmışdır. Qeyd olunan illər ərzində canlı şəxslərin məhkəmə-tibbi müayinəsi zamanı 82 şəxsdə burun zədələnmələri hallarına təsadüf olunmuşdur. Bunlardan 70-i kişi, 12-si isə qadın olmuşdur. Müşahidə illəri ərzində məhkəmə-tibbi ekspert rəylərindən, şəxsi müayinələrin nəticələrindən, stasionar xəstənin tibbi kartalarından, ambulator kartalardan, rentgen müayinələrinin nəticələrindən istifadə olunmuşdur. Xəsarət alanların 61%-i tibbi yardım üçün müraciət etmişdir və bunlardan 32%-i stasionar müalicədə olmuşdur.
Burun zədələnmələrinin müxtəlif növlərində klinik simptomların rastgəlmə tezliyi aşağı-dakı kimi olmuşdur:
Burunun yumşaq toxumalarının ödemi- 92%
Burun nahiyəsində hematoma, yara, qançırın olması-85%
Sümük krepitasiyasının olması-10%
Xarici burunun deformasiyası-21%
Burun qanaxması-45%
Burun boşluqlarında hemorragik qartmaqların olması-52%
Burunun selikli qişasının ödemli olması-57%
Burun arakəsmələrinin travması-30%
Sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində yuxarıda qeyd olunan kriteriyalar əsas tutulmuşdur. Burun zədələnmələri şikayəti ilə ekspertizadan keçənlərin 90%-də zədələnmənin olması öz təsdiqini tapmış, 10%-də isə zədə aşkarlanmamış və ya müddəti hadisə baş verən günə uyğun gəlməmişdir. Burun zədələnmələri təsdiqini tapan şəxslərdə bu xəsarətlər 53% hallarda sağlamlığa yüngül zərər vurma kimi, 40% hallarda az ağır zərər vurma kimi, 7% hallarda isə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilmişdir. Burun zədələnmələri zamanı sağlamlığa ağır zərər vurmanın əsas meyarı həyat üçün təhlükəliliyin olmasıdır və bu meyar massiv qanitirmələrin, ağır dərəcəli şokun olmasına əsaslanır.
Alınmış nəticələr sübut edir ki, burun zədələnmələri zamanı aparılan məhkəmə-tibbi ekspertizalarda aşağıdakı praktik tövsiyyələrin aparılması məqsədəuyğun olardı:
1. Məhkəmə-tibbi ekspertizaların travma müddətindən az vaxt keçdikdən sonra aparılması
2. Müayinə olunan şəxs tibbi yardıma müraciət etməmişdirsə, onu rentgenoloji və lazım gələrsə kompyuter tomoqrafik müyinələrdən keçirilməsi
3. Müayinə olunan şəxslərin otorinolarinqoloqun konsultasiyasına göndərilməsi və konsultasiyanın nəticələrinin dəqiq sənədləşdirilməsi. Yaxşı olardı ki, zərərçəkmiş şəxslər məhkəmə-tibbi ekspertiza işlərində bacarığı və ya bu xidmət üzrə kurs keçmiş otorinolarinqo-loqların konsultasiyasına göndərilsin.
4. Zərərçəkmişdə ilkin müayinə zamanı burun tənəffüsünün postravmatik pozulması müşahidə olunarsa, onun travma baş verən müddətdən sonra 4 həftədən az olmamaq şərtilə təkrar müayinəsinin keçirilməsi.
5. Ekspertiza zamanı tibbi sənədlər diqqətlə öyrənilməli, zərərçəkmişin müayinəsi zamanı ətraflı anamnestik məlumatlar toplanmalıdır. Anamnestik məlumatlarda zərərçəkmişin əvvəllər burun travması, burun əməliyyatı, burun xəstəliyi və burun tənəffüsünün pozulmasının olub-olmamasına diqqət yetirilməlidir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Bunyatov M.O. “Məhkəmə təbabəti”, Bakı 2010., 375-417s.
2.Блоцкий А.А. Руководство по оториноларингологии // Благовещенск, 2005.-230c.
3. Крюков А.И., Р.Б.Халиева, А.Ф.Захарова и др.Диспансеризация в оториноларингологии //Вестник оторинолар.-2005.- № 5.4-6c.
4. Пискунов С.З., Пискунов Г.З. Косметическая ринопластика. //Курск, 1996. 48 c.
5.Плужников М.С., Лопотко А.И, Рябова М.А. Лазеры в оториноларингологии. //Минск, 2000.-221c.
6. Стеценко В.Ю. Использование специальных медицинских знаний в уголовном судопроизводстве: дис.канд.юр.наук. //М., 2004. 189 с.
7.Торбин Ю.Г. Теория и практика освидетельствования. /Ю.Г.Торбин//СПб: Питер, 2004.- 176 c.
8. Pastorini A., Chiodo D. Basic Needs and optimum standard in interdisciplinary trauma surgery //5th European Congress of Oto-Rhino-Laryngology Head and Neck Surgery. Rodos-Kos.-2004.-P.39.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı