BAĞIRSAQ NEMATODOZLARIN YAYILMASINA ƏLVERİŞLİ TƏSİR GÖSTƏRƏN SOSİAL-EPİDEMİOLOJİ ŞƏRAİTİN ROLU
01-05-2016
Parazitar xəstəliklər yer kürəsi əhalisinin ən geniş yayılmış xəstəliklərindən olub, onun sağlamlığında və həyat keyfiyyətində ciddi əks olunur. Ona görə də, bu xəstəliklərin müalicə və profilaktikasının effektivliyinin artırılması bu gün də tibb elminin və təcrübəsinin ən prioritet vəzifələridir. Bu zaman, helmintozların yayılmasına əlverişli təsir göstərən sosial-epidemioloji şəraitin konkretləşdirilməsinə mühüm əhəmiyyət verilir. Belə ki, yalnız onların əsasında bu xəstəliklərin səmərəli profilaktikası sistemini qurmaq olar [1, 2].
Müasir dövrdə bir çox şəhərlər bağırsaq helmintozlarının qarışıq ocaqları olduğunu nəzərə alsaq, eyni vaxtda bir neçə helmintozdan sağlamlaşdırma üzrə inteqrasiyalı komplekslərin hazırlanması xüsusilə vacibdir. Belə ki, qarışıq ocaqların sağlamlaşdırılması üzrə aparılan analoji tədbirlər əsasən Azərbaycanın kənd yaşayış məntəqələrində aşağıdakı helmintozlara: enterobioz və himenolepidoz, askaridoza və trixosefalyoza, askaridoza, trixosefalyoza və enterobioza görə həyata keçirilmişdir [3, 4, 5].
Profilaktika tədbirlərindən danışarkən onu yadda saxlamaq lazımdır ki, hər bir helmintozun spesifik mübarizə və profilaktika tədirləri vardır. Enterobioz zamanı parazitin qısa həyat dövriyyəsi və yoluxma mexanizmi onunla mübarizədə xeyli çətinliklər yaradır. Enterobioz ilə mübarizədə davamlı və etibarlı effekt yalnız sanitar-helmintoloji tədbirlər kompleksinin aparılması yolu ilə əldə edilə bilər. Teniarinxoz ilə xəstələrin aşkar edilməsi üçün öyrənilən ərazidə əhalinin kütləvi müayinəsinin aparılması vacibdir, çünki seçmə müayinələr xəstələnmənin tam mənzərəsini əks etdirmir. Son illər su mənbələrində helmint yumurtalarının olması məsələsi xüsusi aktuallıq kəsb etmişdir. Su hövzələrində bizquyruq, askarida, tükbaş qurdun, cırtdan qurdun invaziv yumurtalarının olması çimmə zamanı suyun udulması, yaxud içmək üçün istifadə edilməsi, əlləri, qabların, tərəvəzlərin, mətbəx göyərtisinin yuyulması zamanı insanların onlarla yoluxması təhlükəsini yaradır [4, 5].
Bağırsaq parazitozları ən geniş yayılmış patologiya olmaqla, şəhər əhalisinin sağlamlığına birbaşa və dolayı təsir göstərməklə şəhər əhalisinin müxtəlif qruplarına xas olan sosial statusu kifayət qədər düzgün əks etdirir. Səhiyyədə islahatlar aparmaq üçün əhalinin sağlamlığa görə daha sıxıntılı təbəqələri arasında məqsədyönlü tibbi tədbirlərin həyata keçirilməsi çox vacibdir [ 6, 7, 8]. Əhalinin belə təbəqələrini aşkar etmək üçün keyfiyyətli və sadə göstəriсilər lazımdır. Bağırsaq parazitozları belə markerlər ola bilər. Birinсisi, onların müaliсəsi və profilaktikası özü özlüyündə əhalinin xeyli hissəsinin sağlamlığının yaxşılaşmasına gətirib çıxarır, ikinсisi, əksər xəstəliklər bu və ya digər dərəсədə bağırsaq parazitozları ilə şərtlənir və ya onların fonunda keçir və ona görə də, səhiyyənin qüvvə və vəsaitinin ünvanlı şəkildə sərf edilməsinə şərait yarada bilər [9,10,11,14,15]. Bununla əlaqədar olaraq, bağırsaq parazitozlarının şəhər əhalisinin sosial statusunun və sağlamlığının markerləri kimi hərtərəfli işlənməsi zəruri idi.
Тədqiqatın məqsədi bağırsaq nematodozların yayılmasına əlverişli təsir göstərən sosial-epidemioloji şəraitin rolunun öyrənilməsi olmuşdur.
Tədqiqatın material və metodları.Tədqiqat nematodozlarla invaziyalaşmış 123 nəfər arasında aparılmışdır, ilkin müayinə zamanı onların yoluxduğu aşkar edilmişdir. Kontrol qrupu 72 nəfər təşkil etmişdir. Helmintozların diaqnostikası aşağıdakı kimi aparılmışdır: 1) nəcis yaxmalarında askarid yumurtalarının aşkar edilməsi; 2) perianal büküşlərdən götürülmüş qaşıntılarda bizquyruq yumurtalarının aşkar edilməsi. Nəcisin müayinəsi zamanı yaxma metodundan, enterobiozun diaqnostikası üçün qaşıntı metodundan istifadə edilmişdir [6]. Alınan nəticələr aşağıdakı biometrik metodlarla işlənmişdir: orta ədədi kəmiyyət, Van-der- Varden və Styudent meyarları.
Nəticələr və müzakirə.Bakı şəhəri əhalisi arasında bağırsaq parazitozlarının geniş yayılmasının 2 səbəbi vardır. Onlardan birincisi - əhalinin böyük hissəsinin ümumi sağlamlaşdırma tədbirlərini yerinə yetirməməsi, onların arasında özbaşına müalicənin geniş yayılması və bunun üçün ucuz, az effektiv parazitəleyhinə vasitələrin istifadə edilməsidir. İkinci səbəbi isə ilk növbədə - ailələrin əksəriyyətinin aşağı sosial-gigiyenik səviyyəsi ilə şərtlənmişdir ki, bu zaman bir sıra epidemioloji sosial amillər bağırsaq parazitozlarının geniş yayılmasına əlverişli təsir göstərir. İkincisi- invaziyaların profilaktikası üzrə elementar qaydaları əhalinin bilməməsi və ya onlara əməl etməməsidir ki, bu da şəhərdə yaranmış epidemioloji gərginliyi daha da ağırlaşdırır. Tamamilə aydındır ki, bağırsaq parazitozlarının geniş yayılmasının qeyd edilən 2 əsas səbəbinin aktivliyinin maksimal zəifləməsi sağlamlaşdırma effektinin əldə edilməsinə təkan verir.
Sağlamlıq vəziyətinə və xəstəliklərin yayılmasına təsir edən sosial amillərdən əhalinin maddi vəziyyəti xüsusilə mühüm əhəmiyyət kəsb edir. Aparılan anketləşdirmə göstərir ki, bu amil bizim müşahidə etdiyimiz, helmintozların müxtəlif növləri olan pasiyent qrupları arasında da rol oynayır (cədvəl 1).
Cədvəl № 1.
Helmintozların müxtəlif növləri olan və kontrol qrup pasiyentlərin maddi imkan səviyyəsinin təsiri
Maddi imkan səviyyəsi |
Maddi imkan səviyyələrin tezliyi |
|||||||||
Askarodoz (n=26) |
Enterobioz (n=42) |
Askaridoz + enterobioz (n=55) |
Pasiyentlərin ümumi qrupu (n=123) |
Kontrol qrup (n=72) |
||||||
Müt. rəq. |
% |
müt. rəq. |
% |
Müt.rəq. |
% |
Müt. rəq. |
% |
Müt.rəq. |
% |
|
Kasıb |
10 |
8,5± 9,7 |
6 |
38,1± 7,6 |
18 |
32,7± 6,4 |
44 |
35,8±4,3 |
8 |
11,1±3,7 |
Cətin |
10 |
8,5± 9,7 |
4 |
33,3± 7,4 |
19 |
34,5± 6,5 |
43 |
35,0±4,3 |
15 |
20,8±4,8 |
Normal |
3 |
1,5± 6,4 |
9 |
21,4± 6,4 |
12 |
21,8± 5,6 |
24 |
19,5±3,6 |
24 |
33,3±5,6 |
Varlı |
3 |
1,5± 6,4 |
3 |
7,1±4,0 |
6 |
10,9± 4,2 |
12 |
9,8±2,7 |
25 |
34,7±5,6 |
Cədvəl 1-də təqdim olunan maddi imkan səviyyəsinin hər biri bağırsaq helmintozların müxəlif növlərin olan pasiyent qruplarında praktik olaraq eynidir. Ona görə də, əyani olmaq üçün, verilmiş məlumatların təhlilini helmintoz xəstəlikləri olan bütün pasiyent qrupları üçün aparırıq. Xəstələnmənin ən böyük xüsusi çəkisi maddi vəziyyətin səviyyəsi kasıb və ya çətin olan pasiyentlərin payına düşür – müvafiq olaraq 35,8±4,3% və 35,0±4,3% (t=0,13; p>0,05). Maddi imkan səviyyəsi normal olan pasiyentlərin xüsusi çəkisi əhəmiyyətli dərəcədə azalır və 19,5±3,6% təşkil edir (t=2,76; p<0,01). Maddi imkan səviyyəsi varlı olan pasiyentlərin xüsusi çəkisi isə cəmi 9,8±2,7% (t=2,16; p<0,05) təşkil edir. Yəni pasiyentlərin maddi vəziyyəti nə qədər aşağı olarsa, onlar helmintozlarla yoluxması və müxtəlif növlərin inkişaf riskinə bir o qədər çox məruz qalırlar.
Pasiyentlərin kontrol qrupunda tamamilə başqa mənzərə müşahidə olunur. Onların arasında maddi imkanın varlı və normal səviyyələri olan pasiyentlər üstünlük təşkil edir, onların xüsusi çəkisi müvafiq olaraq 34,7±5,6% və 33,3±5,6% təşkil edir (t=0,21; p>0,05). Maddi imkanı çətin olan pasiyentlərin xüsusi çəkisi 20,8±4,8%-ə qədər azalır (t=1,69; p> 0,05). Maddi imkan səviyyəsi kasıb olan pasiyentlərin xüsusi çəkisi daha da – 11,1±3,7%-ə qədər azalır (t=1,34; p>0,05). Beləliklə, maddi imkanın qənaətbəxş vəziyyəti helmintozlarla yoluxmasının qarşısını xeyli alır.
Maddi imkan səviyyəsinin rolu helmintozların kəskin və xronik mərhələlərinin nisbətində xüsusilə aydın görünür. Bizim müşahidə etdiyimiz 123 pasiyentin 49-da kəskin mərhələ (39,8±4,4%), 74-də isə xronik mərhələ (60,2±4,4%) qeyd olunmuşdur (t=3,25; p<0,01). Bağırsaq helmintozları olan pasieyntlərin ümumi qrupunda kəskin mərhələnin paylanması aşağıdakı kimi olmuşdur. Maddi imkanın kasıb səviyyəsində kəskin mərhələnin xüsusi çəkisi cəmi 22,7±6,4% təşkil etmişdir. Maddi imkanın çətin səviyyəsi zamanı onun xüsusi çəkisi bir qədər artmışdır – 27,9±6,9%-ə qədər (t=0,55; p>0,05). Kəskin mərhələnin xüsusi çəkisi maddi imkan səviyyəsi normal olan pasiyentlər arasında xüsusilə kəskin surətdə artır – 70,8±9,5%-ə qədər (t=3,65; p<0,001), maddi imkan səviyyəsi varlı olan pasiyentlər arasında isə maksimuma çatır – 83,3±11,2% (t=0,85; p> 0,05).
Xronik mərhələnin paylanması isə tamamilə əksinədir. Məsələn, onun ən böyük xüsusi çəkisi maddi imkan səviyyəsi kasıb olan pasiyentlərin payına düşür –77,3±6,4%, maddi imkan səviyyəsi çətin olan pasiyentlər arasında o, bir qədər azdır -72,1±6,9% (t=0,55; p>0,05). Eyni zamanda xronik mərhələnin xüsusi çəkisi maddi imkan səviyyəsi normal olan pasiyentlər arasında çox aşağıdır və cəmi 29,2±9,5% təşkil edir (t=3,65; p<0,001), onun minimal göstəricisi isə maddi imkan səviyyəsi varlı olan pasiyentlərin payına düşür – 16,7±11,2% (t=0,85; p<0,05).
Tamamilə aydındır ki, maddi vəziyyət helmintozların yayılmasına birbaşa təsir edə bilməz, onun təsiri bir çox məlum amillər vasitəsilə həyata keçir. Onların arasında aşağıdakıları qeyd etmək lazımdır. Ailədə maddi vəsait çatmamazlığı uşaqların qidalanma rasionunun kasadlaşmasına gətirib çıxarır, qidanın kaloriliyi tamdəyərli olmur, onda vitaminlər və minerallar azdır, halbuki onlar uşaq orqanizminin inkişafı üçün vacib olan əsas struktur komponentləridir. Belə ailələrdə psixi-emosional gərginlik çox yüksəkdir, bu isə helmintozların inkişafını stimulyasiya edə bilər.
Helmintozların yayılmasında maddi imkan səviyyəsinin belə bir mühüm rolu onunla izah olunur ki, maddi imkanın çətin vəziyyətində pasiyentlər xəstəliklərin başlanğıc mərhələlərində tibbi xidmətə müraciət etmirlər və onların müalicəsinə özləri təşəbbüs göstərirlər. Bu zaman anketləşdirməyə görə, həm müalicə vasitələrinin seçilməsində, həm də preparatın dozasında və müalicə kursuna əməl edilməsində ciddi nöqsanlar baş verir ki, bu da xəstəliklərin ağırlaşmasına və xronik hala keçməsinə gətirib çıxarır. Halbuki, maddi çətinlik çəkməyən pasiyentlər vaxtında, xəstəliklərin başlanğıc mərhələlərində ixtisaslı tibbi yardıma müraciət edirlər. Məhz buna görə də, xəstəliklərin kəskin və xronik mərhələlərinin nisbətində yuxarıda qeyd olunan fərqlər müşahidə olunur.
Beləliklə, şəhər əhalisi arasında helmintozların problemini iki aspektdən nəzərdən keçir-mək lazımdır. Bir tərəfdən, helmintozlar aktual tibbi-sosial əhəmiyyət daşıyır ki, bu da uşaqların müxtəlif xəstəliklərlə yüksək səviyyədə xəstələnməsi, müvəffəqiyyət və fiziki aktivlik göstərici-lərinin səviyyəsinin azalması ilə şərtlənir. Digər tərəfdən uşaqların və onların valideynlərinin çox zəif tibbi məlumatlılığı ilə izah edilir ki, bu da onların motivasiya səviyyəsini aşağı salır və ona görə də tibb müəsisələrinə müraciətlərin tezliyi bir çox maddi və digər səbəblər üzündən xeyli azalır.
Maddi imkan əhalinin sağlamlığında özünü göstərən əsas sosial amil olsa da, xəstələn-mənin sosial şəraitdən asılılığının mənzərəsini tam yaratmır. Bu mənzərə mənzil-kommunal şəraitin vəziyyətinin təhlili yolu ilə xeyli zənginləşir ki, bunu da biz müşahidə etdiyimiz pasiyent qruplarında aparmışıq (cədvəl 2).
Bağırsaq helmintozları olan pasiyentlərin xeyli hissəsi primitiv mənzil-kommunal şəraitində yaşayır (həyət sistemi, mərkəzləşdirilmiş su təchizatının və kanalizasiyasının olmaması, sıx və abadlığı olmayan, havası dəyişilməyən və qışda qızdırılmayan otaqlar, tibb müəssisələrindən uzaqda olmaq və s.). Onların xüsusi çəkisi 33,3±4,3% təşkil edir. Əksinə, bu pasiyentlərin az bir hissəsi rahat mənzil-kommunal şəraitində yaşayır (mənzil sahəsi böyük, daimi isti və soyuq suyu, kondisioneri və isitmə sistemi, abad sanitariya qovşağı olan müasir çoxmərtəbəli evlər). Bunun əksinə olaraq, kontrol qrupda rahat mənzil-kommunal şəraitində yaşayan pasiyentlər daha çoxdur, nəinki primitiv şəraitdə – müvafiq olaraq 36,1±5,7% və 15,3±4,3% (t=2,91; p<0,01).
Görünür, mənzil-kommunal şəraiti nə qədər pis olarsa, mənzilin gigiyenasını yaxşı vəziyyətdə saxlamaq, gigiyenik proseduraları, xüsusən də şəxsi gigiyenası ilə əlaqədar proseduraları yerinə yetirmək bir o qədər çətin olur ki, bu da parazitar xəstəliklərin törədicilərinin dövr etməsinə əlverişli şərait yaradır.
Cədvəl № 2.
Helmintozların yayılmasında mənzil-kommunal şəraiti səviyyəsinin təsiri
Mənzil kommunal şəraitin səviyyəsi |
Mənzil – kommunal şəraitin səviyyəsinin tezliyi |
Fərqin dürüstlüyü |
||||
Pasiyentlərin ümumi qrupu (n=123) |
Kontrol qrup (n=72) |
|||||
Müt.rəq. |
% |
Müt.rəq. |
% |
t |
p |
|
Primitiv |
41 |
33,±4,3 |
11 |
15,3±4,3 |
2,96 |
< 0,01 |
Qeyri – qənaətbəxş |
34 |
27,6±4,0 |
14 |
19,4±4,7 |
1,33 |
> 0,05 |
Qənaətbəxş |
32 |
26,0±4,0 |
21 |
29,2±5,4 |
0,48 |
> 0,05 |
Rahat |
16 |
13,0±3,0 |
26 |
36,1±5,7 |
3,35 |
< 0,001 |
Beləliklə, helmintozlarla xəstələnmənin sosial-epidemioloji təhlili ilk növbədə onların sosial cəhətdən uyğunlaşdığını və epidemioloji qanunauyğunluqlara məruz qaldığını göstərir. Bir sıra sosial-epidemioloji amillər – əhali arasında helmintozlarla xəstələnmənin yayılmasına həm əlverişli təsir edən, həm də onların yayılmasını məhdudlaşdıran amilər - aşkar edilmişdir ki, bu da əhali arasında yuxarıda göstərilən kütləvi xəstəliklərin profilaktikasının təşkili və həyata keçirilməsi üzrə geniş perspektivlər açır.
Şübhəsiz ki, vaxtında aparılan parazitoloji müayinələr, helmintozların törədicilərinin müxtəlif formalarının diferensiasiyası və onların effektiv, spesifik müalicəsinin aparılması indiyə qədər də həm uşaqların parazitoloji salamatlığının saxlanmasının, həm də helmintozlarla kütləvi xəstələnmənin azaldılmasının mühüm tədbiri sayılır. Lakin helmintozların sosial-epidemioloji uyğunlaşmasını aşkar etməklə, həmçinin onların yayılmasına əlverişli təsir edən və ya məhdudlaş-dıran amilləri dürüst qiymətləndirməklə biz xəstələnmə səviyyəsinin azaldılması üzrə profilaktika tədbirlərinin həyata keçirilməsinin mühüm əhəmiyyət daşıdığını güman edirik. Bu tədbirlər əsas etibarilə sanitar-təşviqat xarakteri daşıyır, ona görə də, onların həyata keçirilməsi üçün əlavə maliyyə-kadr vəsaiti tələb olunmur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Артамошин А.С., Ходаева В.И. Возможности влияния климатических показателей на распространение и интенсивность очагов некоторых гельминтозов человека // Медицинская паразитология и паразитарные болезни, 2008, № 1, с.54-58
2.Беэр С.А. Паразитологический мониторинг (основы концепции) // Паразитология и паразитарные болезни, 2007, № 1, с.3-8
3.Гасанова Т.А., Ткаченко Т.Н., Кротов С.А. Значение лямблиоза в развитии воспалительных заболеваний органов малого таза // Медицинская паразитология и паразитарные болезни, 2005, № 1, c.22-25
4.Елгандиева Н.К., Абдиев Т.А. Ситуация по паразитарным болезням в Узбекистане // Медицинская паразитология и паразитарные болезни. – 2010, № 3, с.51-52
5.Жук Е.Ю., Дорофеева О.Н. Паразитологическая ситуация по энтеробиозу среди детей Рогачевского района / Труды Международной научно-практической конференции «Современная паразитология: проблемы и перспективы», Витебск, 2010, с.27-31
6.Кузнецова К.Ю., Сергиев В.П. Автоматизация лабораторных гельминтоло-гических исследований. Москва, Мед.лит., 2008, 254с.
7.Кузьмин СМ., Левин В.М. На пути к паразитологическому мониторингу воды / Материалы VIII Всероссийского Общества эпидемиологов, микробиологов и паразитологов, Москва, 2011, Т-1, с.347-349
8.Маркин А.В. Энтеробиоз: влияние возбудителя на состояние здоровья детей // Медицинская паразитология и паразитарные болезни, 2005, № 2, с.50-54
9.Чобанов Р.Э., Мамедли Г.М., Гусейнова Ш.Н. Взаимосвязь кишечных паразитов с параметрами заболеваемости детей дошкольного возраста / Сочетанные заболевания внутренних органов в терапевтической практике, Иркутск, 2008, с. 55-56
10.Чобанов Р.Э., Мамедли Г.М., Джанахмедова Ш.Н. Интеграция методов диагностирования кишечных паразитозов // Журнал инфектологии, Ст. -Петербург, 2009, №2, с. 73-74
11.Arruda L.K., Santos A.B. Immunologic responses to common antigens in helminthic infections and allergic disease // Curr Opin Allergy Clin Immunol., 2009, vol 5, No 5, p.399-402
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı