BAKTERİAL İRİNLİ MENİNGİTLİ UŞAQLARDA MÜXTƏLİF MÜALİCƏ VASİTƏLƏRİNİN QANDA İMMUNOQLOBULİN FRAKSİYALARININ GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ
07-04-2017
Acar sözlər: irinli meningit, immunoqlobulin, müalicə
Keywords: purulent meningitis, immunoqlobulin, treatment
Bakterial meningitlər (BM) insan üçün həyati təhlükə törətməklə bərabər sağaldıqdan sonra hətta əlilliyə kimi gətirib çıxara bilər. Bakterial neyroinfeksiyalar insanın sinir sisteminin patologiyalarının əsas hissəsini əhatə edir (1,2).
Meningitlər zamanı qanda bir sıra immun göstəricilər dəyişikliyə uğrayır (3, 4, 5). İmmunoqlobulinlər qanın spesifik immun göstəricilərindən hesab olunur. Hal-hazırda anticisimlərin yaxud immunoqlobulinlərin 5 əsas tipi müəyyənləşdirilmişdir: İgM, İgG, İgA, İgD və İgE. Hər bir immunoqlobulinin fərqli kimyəvi və bioloji xüsusiyyətləri vardır. İgM 5 anticisim monomerlərdən ibarət makromolekuldur və xarici patogen amillərə qarşı ilkin immunoloji cavab zamanı birincili olaraq yaranır. İgM həmçinin komplementin aktivləşməsində mühüm rol oynamaqla bərabər, həm də immunokomplekslərin formalaşmasında iştirak edir. İgG ümumi serum immunoqlobulinlərin 75%-ni təşkil edir və ikincili anticisim reaksiyasının əsas komponentidir. İgG həmçinin plansentar baryeri keçərək yeni doğulacaq canlını da müdafiə edir. İgG-nin 4 tipi müəyyənləşdirilmişdir. İgA isə qanda çox az miqdarda olur, o selikli qişa seliyinin, göz yaşının və ödün tərkibində olur.
Ağız suyunda İgA-nın səviyyəsinin tibbi əhəmiyyəti vardır, çünki onlar ağız boşluğunun selikli qişasını mikroorqanizmlərin hücumlarından qoruyur. Ağız boşluğunda yaranan xəstəliklərdə, İgA sisteminin disfunksiyasının müəyyən qədər rolu vardır, ona görə də gələcəkdə ağız boşluğunda, ağız suyunda İgA–sistemini induksiya etməklə kariyesin və paradontal xəstəliklərin profilakti-kasının təşkili haqqında düşünülür. İgD və İgE-nin normal insanın qan plazmasındakı miqdarı cüzi olur. İgD B–limfositlərin səthində antigenləri qəbul etmək üçün reseptor rolunu oynayır. İgE isə bazofillərin səthinə yapışaraq histamin və s. amillərin sintezinə səbəb olur.
Tədqiqatın məqsədi: Müxtəlif yaş qruplarına mənsub bakterial meningitli uşaqlarda müalicənin 5 və 20 –ci günündə qanda müxtəlif immunoqlobulin fraksiyalarının sıxlıqlarının müqayisəli qiymətləndirilməsi.
Tədqiqatın material və metodları: Bu məqsədlə tərəfimizdən 30 nəfər meningitli və 27 nəfər praktiki sağlam ancaq xəstəxanaya adi qan analizi verən uşaqlar tədqiqata cəlb edilmişlər. Həm bakterial meningitli, həm də praktiki sağlam uşaqlar tərəfimizdən 2-3 yaş, 4-8 yaş və 9-12 yaş aralığında olmaqla 3 qrupa bölünmüşdür. Bu zaman yaşı 2-3 arasında tərəddüd edən bakterial meningitli uşaqlar 10 nəfər, 4-8 yaş arasında olanlar 9 nəfər, 9-12 yaş arasında tərəddüd edənlər isə 11 nəfər olmuşdur. Praktiki sağlam uşaqlarda isə 2-3 yaş arasında olanlar 9 nəfər, yaşı 4-8 arasında olanlar 10 nəfər və yaşı 9-12 arasında olanlar isə 8 nəfər olmuşdur. Daha sonra meningitli uşaqlardan müalicəyə başladıqdan sonra həm 5–ci, həm də 20–ci günündə, praktiki sağlam uşaqlardan isə bir dəfə qan nümunələri götürülərək ATU –nun mərkəzi Elmi –Tədqiqat Mərkəzində IgM, IgG və IgA –nın sıxlığının müəyyən edilmişdir.
Sağlam uşaqlardan götürülmüş qan nümunələrinin göstəriciləri tədqiqat zamanı norma kimi qəbul edilmişdir. Bundan başqa, xəstəxanaya dövrü qan analizi vermək üçün praktiki sağlam insanlardan götürülmüş qan nümunələrinin həmçinin bizim tədqiqat məqsədilə istifadəsi üçün onların valideynlərindən icazə alınmışdır. Xəstəxanaya daxil olmuş meningitli xəstələrdə müalicə məqsədilə gündə 3 dəfə olmaqda əzələ daxili effektiv iltihab əleyhinə və imunstimulyasiya edici inyeksiyaları nəzərdə tutulmuş, və immunoloji preparatlar istifadə edilmişdir. Qeyd etmək lazımdırki, ÜST və Beynəlxalq Pediatrlar Cəmiyyəti 2 yaşına çatmamış uşaqlarda immunoloji preparatları ehtiyatla tətbiq etməyi tövsiyə edir (6).
Əldə olunan göstəricilər parametrik və qeyri –parametrik üsullarla işlənməsi standart tətbiqi proqram paketinin köməyilə icra edilmişdir (Windows üçün Microsoft Excel və Statistica 7.0).
Tədqiqatın nəticələri və müzakirəsi: Tədqiqat nəticəsində yaşı 2-3 arasında tərəddüd edən 10 nəfər meningitli xəstələrdən Ronkoleykinlə kombinə olunmuş antibiotikoterapiyadan 5 gün sonra əldə olunmuş qan nümunələrində IgM –in qrup üzrə orta sıxlığı 1,28± 0,073 q/l aşkar edilsə də, müalicənin sonlarına yaxın yəni 20 –ci günündə bu göstərici cüzi azalaraq 1,11± 0,059 q/l müəyyənləşdirilmişdir. Bu meningitli xəstələrlə eyni yaş intervalında olan ancaq xəstəxanaya qan analizi verməyə gələn 9 nəfər praktiki sağlam uşaqlarda isə IgM fraksiyasının ortalama sıxlığı 0,84± 0,054 q/l müəyyən edilmişdir. Bu yaş intervalı üzrə tədqiqata cəlb edilmiş praktiki sağlam uşaqlardan əldə olunmuş qan nümunələrində IgG fraksiyasının qrup üzrə orta sıxlığı 6,77± 0,25 q/l, IgA –nın orta sıxlığı isə 0,55± 0,023 q/l müəyyən edilmişdir. Uşaqlarda yaş artdıqca spesifik immun sistemində inkişaf baş verir ki, bu da özünü qanda spesifik immun amillərin sıxlıq göstəricilərinin əvvəlki yaş dövrlərinə nisbətən yüksəlməsilə özünü göstərir.
Yaşı 4-8 arasında tərəddüd edən 10 nəfərdən ibarət praktiki sağlam uşaqlar qrupundan əldə olunmuş qan nümunələrində isə IgM –in qrup üzrə orta sıxlığı 1,44± 0,030 q/l, IgG fraksiyasının orta sıxlığı 9,27± 0,11 q/l və IgA –nın orta sıxlığı isə 1,10± 0,031q/l müəyyən edilmişdir.
Yaşı 9-12 arasında tərəddüd edən 8 nəfərdən ibarət praktiki sağlam uşaqlar qrupunda əldə olunmuş bioloji materiallarda isə IgM, IgG və IgA immunoqlobulin fraksiyalarının bu yaş qrupu üzrə orta sıxlıq göstəriciləri müvafiq olaraq, 1,29±0,028 q/l, 9,90±0,10 q/l və 1,47±0,031 q/l aşkar edilmişdir. Tədqiqat zamanı bütün yaş qrupları üzrə praktiki sağlam uşaqlardan əldə olunmuş qan nümunələrinin göstəriciləri norma kimi qəbul edilmiş, meningitli xəstələrin qan nümunələrindən əldə olunmuş göstəricilər bu göstəricilərlə müqayisə edilmişdir.
Tədqiqat nəticəsində kombinə olunmuş antibiotikoterapiyanın 5-ci günündə yaşı 4-8 arasında tərəddüd edən meningitli xəstələrdən götürülmüş qan nümunələrində IgM fraksiyasının qrup üzrə orta sıxlığı 1,82±0,029 q/l aşkar edilsə də, müalicənin 20 –ci günündə bu göstərici azalaraq, 1,71±0,078 q/l müəyyən edilmişdir. Bu yaş qrupundan əldə edilmiş qan nümunələrində (n=9) IgG fraksiyasının orta sıxlığı kombinə olunmuş antimikrob və immunmoduləedici müalicəyə başladıqdan sonra 5-ci gündə 11,64±0,22 q/l aşkar edilməsinə baxmayaraq, müalicənin 20 –ci günündə bu göstərici 11,93±0,20 q/l hesablanmışdır ki, bu da çox cüzi artımdır (cədvəl 1). IgA fraksiyasının bu yaş intervalındakı meningitli xəstələrdən götürülmüş qan nümunələrindəki orta sıxlıq göstəricisi müalicənin 5 –ci günündə 1,27±0,038 q/l, 20 –ci günündə isə bir qədər artaraq, 1,31± 0,033 q/l müəyyən edilmişdir ki, bu da praktiki sağlam uşaqlardan əldə olunmuş anoloji göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir.
Yaşı 2-3 arasında tərəddüd edən 10 nəfərlik meningitli xəstələr qrupundan əldə olunan qan nümunələrində IgG –nin qrup üzrə orta sıxlıq göstəricisi kombinə olunmuş antibiotikoterapiyanın 5 –ci günündə 8,58±0,29 q/l, müalicənin 20 –ci günündə isə bir qədər artıq 8,94±0,27 q/l müəyyən edilmişdir. Bu yaş qrupa daxil olan meningitli uşaqların bioloji nümunələrində IgA –nın qrup üzrə orta sıxlığı isə immun preparatla kombinə olunmuş müalicənin 5 –ci günündə 0,75±0,023 q/l müəyyən edilməsinə baxmayaraq, müalicənin 20 –ci günündə əldə olunan qan nümunələrində bu göstərici cüzi yüksələrək 0,78± 0,020 q/l aşkar edilmişdir.
11 nəfərdən ibarət yaşı 9-12 arasında tərəddüd edən meningitli uşaqlar qrupundan kombinə olunmuş müalicənin 5 –ci günündə götürülmüş qan nümunələrində IgM fraksiyasnın ortalama sıxlığı 1,87± 0,044 q/l aşkarlanmasına baxmayaraq, müalicənin 20 –ci günündə götürülmüş bioloji nümunələrdə isə bu göstərici bir qədər aşağı, ortalama 1,75± 0,031 q/l müəyyənləşdirilmişdir. Bu yaş qrupuna mənsub xəstə uşaqların qan nümunələrində IgG fraksiyasının sıxlığı isə Ronkoleykinlə kombinı olunmuş müalicənin 5 –ci günündə qrup üzrə ortalama 13,14± 0,17 q/l, 20 –ci günündə isə 13,55± 0,19 q/l hesablanmışdır ki, bu da praktiki sağlam uşaqların anoloji göstəricisindən 1,3 dəfəyə qədər yüksəkdir. IgA fraksiyasının bu qrupdakı meningitli xəstələrdən götürülmüş qan nümunələrində ortalama sıxlıq göstəricisi immun preparatla kombinə olunmuş antibiotikoterapi-yanın 5 –ci günündə 1,59±0,036 q/l, 20 –ci günündə isə bir qədər yüksək, 1,65±0,025 q/l müəyyən edilmişdir ki, bu da sağlam uşaqların uyğun göstəricisindən 1,1 dəfə yüksəkdir.
Cədvəl № 1.
Bakterial meningitli uşaqlarda kombinə olunmuş müalicənin qanın immunoqlobulin fraksiyalarının sıxlıqlarına təsiri.
Göstərici-lər |
Yaş intervalı |
Xəstələ- rin sayı |
Müalicənin 5 –ci günü qanda sıxlığı (q/l –lə) |
Müalicənin 20 –ci günü qanda sıxlığı (q/l –lə) |
Praktiki sağlam uşaqlar |
Qanda sıxlığı (q/l –lə) |
IgM |
3 yaşa qədər |
10 |
1,28± 0,073* |
1,11± 0,059* |
9 |
0,84± 0,054 |
4-8 yaş |
9 |
1,82± 0,029* |
1,71± 0,078* |
10 |
1,44± 0,030 |
|
9-12 yaş |
11 |
1,87± 0,044* |
1,75± 0,031* |
8 |
1,29± 0,028 |
|
IgG |
2-3 yaş |
10 |
8,58± 0,29* |
8,94± 0,27* |
9 |
6,77± 0,25 |
4-8 yaş |
9 |
11,64± 0,22* |
11,93± 0,20* |
10 |
9,27± 0,11 |
|
9-12 yaş |
11 |
13,14± 0,17* |
13,55± 0,19* |
8 |
9,90± 0,10 |
|
IgA |
2-3 yaş |
10 |
0,75± 0,023* |
0,78± 0,020* |
9 |
0,55± 0,023 |
4-8 yaş |
9 |
1,27± 0,038* |
1,31± 0,033* |
10 |
1,10± 0,031 |
|
9-12 yaş |
11 |
1,59± 0,036* |
1,65± 0,025* |
8 |
1,47± 0,031 |
Qeyd: * -sağlam uşaqlara nisbətən statistiki əhəmiyyətlilik (p<0,05).
Alınmış göstəricilər hər 3 yaş qrupuna daxil edilmiş bakterial meningitdən əziyyət çəkən uşaqların qanında optimal və vaxtında aparılmış müalcə tədbirlərinin təsirilə humoral spesifik immun amillərin yüksək səviyyəyə qalxmasını və bəzən bu göstəricilərin hətta praktiki sağlam şəxslərin müvafiq göstəricilərindən də bir qədər yüksək olduğunu nümayiş etdirilmişdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Madhusudan M. Acute bacterial meningitis. In: Radhakrishnan K. eds. Reviews in Indian Neurology 2003. Trivandrum, Kerala, India, Sree Chitra Tirunal Institute For Medical Sciences and Technology 2003; 1-47.
2.Tang RB, Lee BH, Chung RL, Chen SJ Wong TT. Intereukin-1 beta and tumour necrosis factor-alpha in cerebrospinal fluid of children with bacterial meningitis. Childs Nerv Syst 2001; 17: 453-6.
3.Mc Master P, Mcintyre P, Gilmour R et al. The emergence of resistant Pnemmococcal Meningitis. Implication for Empiric therapy. Arch Dis Child 2002; 87: 207-11.
4.Aronin SI, Peduzzi P, Quagliarello V. Community acquired bacterial meningitis, Risk stratification for adverse clinical outcome and effect of antibiotic timing. Ann Intern Med 2008; 129: 862-70.
5.Peltola H. Prophylaxis of bacterial meningitis. Infec Dis Clin North Am 2009; 13: 685-710.
6.Centers for Disease Control and Prevention (CDC). Meningococcal Disease. May 5, 2005.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı