ÇOXPROFİLLİ STASİONARLARDA İNFEKSİON NƏZARƏTİN ƏHƏMİYYƏTİ VƏ ONUN TƏŞKİLİNİN BƏZİ ASPEKTLƏRİ

30-11-2016

İnfeksion nəzarət (İN) proqramının olması və onun keyfiyyəti stasionarlarda və digər tibb müəsisələrində tibb xidmətinin keyfiyyətinin əsas göstəricilərindəndir. Keyfiyyətli İN proqramları xəstəxanadaxili infeksiyaların (XDİ) tezliyini azaldılmasını, xəstələrin stasionarlarda qalma müd-dətinin qısaldılmasını və müalicəyə çəkilən xərclərin azaldılmasını təmin edir [1, 3, 5].

Tarixi olaraq İN vacibliyi cərrahi əməliyyatlardan sonra inkişaf edən yara infeksiyalarında bakteriyaların rolunun öyrənilməsindən sonra dərk edilməyə başlanmışdır. XX əsrin 70-ci illərində ilk dəfə olaraq Böyük Britaniyada İnfeksion nəzarət üzrə tibb bacısı vəzifəsi tərxis edilmişdir. Bundan sonra İnfeksion nəzarət sərbəst ixtisas kimi formalaşmışdır. Bir çox ölkələrdə tibbi sığorta kompaniyaları və akkreditasiya orqanları səhiyyə müəsisələrinə infeksion xəstəliklərin səviyyəsini azaltmağa məcbur etməsi öz növbəsində İN proqramlarının geniş tətbiqinə təkan vermişdir.

İnkişaf etməkdə olan ölkələrdə İN proqramları ya ümumiyyətlə mövcud deyil, ya da ki, tərtib olunmaqdadır. Dövlət tərəfindən cüzi dəstəklənməklə ayrı-ayrı stasionarlar və həkimlər bu tip proqramların yaradılması və tətbiqi üçün çalışırlar. Beləliklə, məhdud maliyyə imkanlarına malik səhiyə sistem olan olkələrdə İN zəif prioritetə malikdir, bu isə göstərilən ölkələrdə keyfiyyətli tibb xidməti göstərməyə imkan vermir. Belə ölkələrdə infeksion xəstəliklərlə yüksək xəstələnmə göstəriciləri, antibiotiklərlə müalicəyə çətin tabe olan rezistetnt bakteriya ştammlarının yayılması, eləcə də müvafiq epidemioloji nəzarətin olmaması stasionarların həddən artıq yüklənməsi ilə müşayiət olunur.

İN proqramları nə üçün lazımdır?

İlk növbədə İN proqramları iqtisadi cəhətdən əlverişlidir. Araşdırmalar göstərir ki, keyfiyyətli İN proqramlarının həyata keçirilməsi xəstəxanadaxili infeksiyaların (XDİ) tezliyini azaldılmasını, xəstələrin stasionarlarda qalma müddətinin qısaldılmasını və müalicəyə çəkilən xərclərin azaldılmasını təmin edir. Digər tərəfdən İN proqramlarının həyata keçirilməsi tibb xidmətinin keyfiyyətinin yüksəldilməsini təmin edir. Müalicə protokollarının tətbiqi, antibiotiklərin rasional istifadəsi infeksiyaların tezliyini və beləliklə də ölüm faizini azaldır. İN qrupunun fəaliyyəti stasionarlarda metisillinə rezistent Staphylococcus aureus (MRSA), yaxud qram mənfi bakteriyaların polirezistent ştammları tərəfindən törədilən XDİ alovlanmalarının qarşısını almağa imkan verir [2, 4]. Keyfiyyətli İN proqramlarının həyata keçirilməsi reanimasiya və intensiv terapiya şöbələri kimi yüksək risk amillərinə malik şöbələrdə XDİ rastgəlmə tezliyini əhəmiyyətli dərəcədə azaldır. Məlum olduğu kimi, bu kimi şöbələrdə bir qayda olaraq vəziyyəti daha ağır olan pasientlər müalicə olunur ki, burada çoxsaylı invaziv manipulyasiyalar səbəbindən XDİ yüksək inkişafı tezliyinə malik olur [6]. 

XDİ tezliyini azaltmaq üçün hər şeydən əvvəl onun miqyasını müəyyənləşdirmək lazımdır. Bunun üşün daha infeksiyaların çox rastgəlinən törədiciləri, onların antibiotiklərə həssaslığı, eləcə də stasionarda onların yayılma yolları haqqında məlumatların əldə edilməsi tələb olunur. XDİ yayılmasını aydınlaşdırmaq üşün cari və istiqamətli nəzarət həyata keçirilir. Cari nəzarəti həyata keçirmək üçün müalicə-profilaktika idarələrində xüsusi personal, məlumat toplama sistemi və mütəşəkkil bildirim sistemi olmalıdır. Cari nəzarət antibiotiklərə rezistentiyin inkişaf tendensiyalarını aşkar etməyə, bu sahədəki tədbirlərin nəticələrini qiymətləndirməyə, eləcə də İN proqramlarının hazırlanması və təkmilləşdirilməsi üçün əsas olan məlumatların əldə edilməsini təmin edir.

İstiqamətli nəzarət infeksiyaların sporadik hallarının, eləcə də mümkün alovlanmalarının aşkar edilməsi üçün həyata keçirilir. Bu nəzarət daha az resurs tələb edir, eləcə də onun nəticələri tez bir zamanda hiss edilir. İstiqamətli nəzarət qısa müddət ərzində müalicə müəsisələri personalının təlimi və İN strategiyasının yaradılmasını üçün effektli vasitədir. Cari nəzarət olmadıqda müvafiq stasionarlarda infeksiya tezliyi haqqında ilkin məlumatların çatışmazlığı səbəbindən alovlanma-larının təhqiqatından sonra istiqamətli nəzarət dayanır.

Beləliklə, sadə və effektli İN tədbirləri hazırlamaq üçün infeksiyanın mümkün mənbələri və onların yayılması yolları haqqında məlumatların olması çox mühümdür. Ancaq bu məlumatları əldə etdikdən sonra stasionarda infeksiyaların yayılmasının qarşısını almaq üçün strategiya hazırlamaq mümkündür.

Keyfiyyətli İN bir qayda olaraq sadə tədbirlər vasitəsilə əksər infeksiyaların inkişafının qarşısını almağa imkan verir. Bu isə inkişaf etməkdə olan ölkələr üçün xüsusilə mühümdür, belə ki, burada daha mürəkkəb İN tədbirləri əksər hallarda həyata keçirilə bilmir.

İN proqramları ancaq o zaman effektli olur ki, bunun əhəmiyyəti İN proqramını həyata keçirən personal tərəfindən başa düşülsün. Çoxprofilli klinikalarda keyfiyyətli İN proqramının təşkili və həyata keçirilməsində epidemioloq, həkim-cərrahlar, anestezioloq, neonataloq, mama-ginekoloq, tibb bacıları, klinik farmakoloq, mikrobioloq və kiçik tibbi heyət iştirak etməlidir. İN təşkili və həyata keçirilməsi üçün ilk növbədə tibb personalı iə təlimlər keçirilməlidir. İN proqramları ancaq təlim keçmiş tibb heyəti tərəfindən həyata keçirilə bilər [1].

Hər bir müalicə müəsisəsi öz-özlüyündə unikal olduğu üçün İN hər bir konket halda müalicə müəsisəsinin xüsusiyyətlərinə və ehtiyaclarına uyğunlaşdırılmalıdır. Buna baxmayaraq İN proqramlarının elə struktur-funksional komponentlər mövcuddur ki, bunlar istənilən müalicə müəsisəsi üçün vacibdir.

İnfeksion nəzarəti həyata keçirmək üçün yaradılmış İN komissiyasının tərkibi, məqsədi, vəzifələri və hüquqları baş həkim tərəfindən təsdiq edilir. İNK bir qayda olaraq baş həkimin, yaxud onun müalicə məsələləri üzrə müavininin tabeliyində fəaliyyət göstərir.

İnfeksion nəzarət komissiyasının (İNK) funksiyalarına aiddir [1, 3]:

stasionarda İNK təşkilati prinsiplərinin hazırlanması;
profilaktika və nəzarət üzrə illik proqram fəaliyyətinin müzakirəsi və qəbul edilməsi;
infeksion xəstəliklərlə mübarizə məqsədilə tibb personalının müvafiq təlim keçməsinin təmin olunması;
epidemik halların araşdırılması və qiymətləndirilməsi;
digər xəstəxanaların İNK ilə əczaçılıq və terapiya, antibiotiklərdən istifadə, bioloji təhlükəsizlik kimi ümumi maraqlara görə əlaqələrin və əməkdaşlığın təmin edilməsi;
İN proqramının həyata keçirilməsinin nəticələrinin təhlili;
öz fəaliyyəti haqqında stasionarın bütün xidmətlərinin məlumatlandırılması;
İN üzrə tədbirlərin effektivliyinin qiymətləndirilməsi;

Çoxprofilli klinikalarda infeksion nəzarət komissiyasının (İNK) tərkibinə sədr (baş həkimin müalicə məsələləri üzrə müavinlərindən biri), infeksionist, epidemioloq, bakterioloq həkim (stasionarin bakterioloji laboratoriyasının müdiri), şöbə müdirləri (cərrahi, reanimasiya və intensiv terapiya, doğum, neonatologiya şöbələrinin müdirləri), aptekin müdiri, baş tibb bacısi daxil olur. Bunlardan əlavə İNK tərkibinə digər mütəxəssislər də daxil edilə bilər. Komissiyanın tərkibinə habelə, xəstəxana binasının, qurğularının və tibb avadanlıqlarının istismarı üçün cavabdeh olan mühəndis-texniki işçlərin də daxil edilməsi məqsədəuyğundur. İNK müvafiq stasionar üçün infeksion nəzarət proqramı hazırlayır, lazım gəldikdə burada dəyişikliklər edir, bu proqramın həyata keçirilməsini və komissiya üzvləri arasında koordinasiyanı təmin edir, infeksion nəzarətin effektivliyini qiymətləndirir.

İNK iclasları ayda bir dəfədən az olmadan keçirilir. Hər iclasda görülmüş işlərə yekun vurulur, sonrakı ay üçün görüləcək işlərin planı və bu işlərə məsul olanlar təsdiq edilir.

XDİ profilaktkasını daha uğurlu və səmərəli həyata keçirmək üçün hər bir İNK üzvünün əsas vəzivələri müəyyənləşdirilməlidir. İNK üzvlərinin nümunəvi vəzifələri aşağıda göstərilmişdir [1].

İNK sədri - komissiya iclaslarının mütamadi keçirilməsini, infeksion nəzarətin əsas vəzifələrinin və tədbirlərinin həyata keçirilməsində məsul olan personalları təyin edir,  komissiyanın fəaliyyətini təhlil edir.
Epidemioloq - XDİ üzərində epidemiloji müşahidəni təşkil edir, stasionarda baş verən infeksiyaların qeydiyyatını aparır, regional gigiyena-epidemioloji xidmət qurumları ilə əlaqələri təmin edir, XDİ baş vermə səbəblərini araşdırır və onların aradan qaldırılması üçün tədbirlər hazırlayır, tibb personalının İN üzrə təlim proqramlarının, antibiotiklərdən, dezinfektantlardan və antiseptiklərdən səmərəli istifadə prinsiplərinin hazırlanmasında iştirak edir, epidemiloji müşahi-dənin nəticələrini analiz edir və İNK iclaslarında bu barədə məruzə edir.
İnfeksion nəzarət üzrə tibb bacısi - stasionarda baş verən infeksiyaların qeydiyyatının aparılmasında iştirak edir, XDİ baş verməsinin əsas səbəbləri və risk amilləri haqqında məlumatlar toplayır, müalicə-diaqnstika manipulyasiya və prosedurlarının epidemioloji cəhətdən təhlükəsiz yerinə yetirilməsi qaydalarının hazırlanmasında iştirak edir, tibb personalının İN üzrə təlim proqramlarının hazırlanmasında iştirak edir.
Stasionarın şöbə müdirləri - İNK qərarlarını şöbədə işləyənlərin nəzərinə çatdırır, müvafiq şöbədə İN təşkilati prinsiplərini hazırlayır, baş verən XDİ sayı və növlərini müəyyənləşdirir, bu barədə məlumatlar verir, adekvat əksepidemik rejim təşkil edir, tibb personalının İN üzrə təlim proqramlarının hazırlanmasında iştirak edir.
Stasionarin bakterioloji laboratoriyasının müdiri – İNK digər üzvlərilə birlikdə mikrobioloji tədqiqatların aparılması lazım olan halların siyahısını hazırlayır, bu tədqiqatların məqsədlərini və həcmini müəyyənləşdir. Laboratoriyadan istifadə edənlər üçün yazılı təlimat hazırlayır. Bu təlimatda laboratoriyanın iş rejimi, müayinələrin yerinə yertirilmə müddətləri, əlavə cavabların verilməsinin mümkünlüyü, nümunələrin göürülmə, göndərilmə və lazım gəldikdə saxlanılma qaydaları əks olunmalıdır. Stasionarın personalı üçün mikrobioloji müayinələrin nəticələrinin düzgün interpretasiyası, mikrobioloji müayinə üçün nümunələrin göürülməsi, göndərilməsi və saxlanılması qaydalarına həsr edilmiş təlimlər keçirir.
Stasionar aptekinin müdiri – epidemioloqla birlikdə antimikrob preparatlara təlabatı qiymətləndirir, dərman formalarının sterilliyinə nəzarət edir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 
1.Лаптева Е. С., Цуцунава, М. Р., Алешева Н. В. Инфекционный контроль в ЛПО: учебно-методическое пособие / Изд-во СЗГМУ им. И. И. Мечникова, 2013. — 52 с.
2.Edmond M.B., Wenzel R.P., Pasculle A.W. Vancomycin-resistant Staphylococcus aureus: perspectives on measures needed for control // Ann Intern Med. 1996, v.124, p.329-334.
3.Garner J. The Hospital Infection Control Practices Advisory Committee. Guideline for isolation precaution in hospitals // Infect Control Hosp Epidemiol. 1996, p.17, v.53-80.
4.Hospital Infection Control Practices Advisory Committee. Recommendations for preventing the spread of vancomycin resistance // Infect Control Hosp Epidemiol. 1995, v.16, p.105-113.
5.Rutala W.A. APIC guideline for selection and use of disinfectants // Am J Infect Control. 1996, v.24, p.313-342.
6.Wenzel R.P., Edmond M.B. The Impact of Hospital-acquired Bloodstream Infections // Emerg Infect Dis. 2001, v. 7, p.174-177.


Müəlliflər:
S.A. Atakişizadə

Digər jurnal və qəzetlər