ARTERİAL HİPERTENZİYA OLAN XƏSTƏLƏRDƏ HOMOSİSTEİNİN ROLU VƏ ƏHƏMİYYƏTİ VƏ ARTERİAL DAMARLARDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏRLƏ QARŞILIQLI ƏLAQƏSİ

21-01-2017

Son illərdə homosisteinemiyanın ürək-damar sistemi xəstəliklərində müstəqil risk faktoru kimi rol oynaması bir çox kliniki tədqiqatların nəticəsində təsdiqlənmişdir [4]. İlk dəfə McCully 1975-ci ildə “aterosklerozun inkişafında homosistein nəzəriyyəsi”ni irəli sürmüş və homosisteinin damar xəstəliklərinə yol aça bilməsi barədə hipotez inkişaf etdirilmişdir [8]. Son 20 ildə aparılan retrospektiv və prospektiv klinik tədqiqatların böyük bir qismində artan plazma homosisteinin koronar, serebral və periferik damar xəstəlikləri üçün bir risk faktoru olması bildirildiyinə baxmayaraq, ancaq son 10 ildə xolesterin, siqaret və piylənmə kimi digər əsas risk faktorları arasında yerini almışdır. Belə ki, böyük miqyaslı beynəlxalq tədqiqatlardan biri olan MONİCA (Multinational Monitoring of Trends and Determinants in Cardiovascular Disease, 2011) nəticələrinə əsasən aterosklerozun klassik risk faktorları ürək-damar ağırlaşmalarının inkişafını dolğun əks etdirə bilmir [5].  Son zamanlarda “yeni” qrup risk faktorları ayırd edilmişdir ki, bunlara xüsusilə ilk növbədə qanda homosistein miqdarı aid edilir [7,12]. Eyni zamanda, aparılmış metaanalizin məlumatlarına əsasən hiperhomosisteinemiya – sadəcə qeyri-sağlam həyat tərzinin nəticəsidir, ancaq bunu kardioloq xəstəni müayinə edərkən nəzərə almalıdır [6].

          Müəyyən edilmişdir ki, yüksəlmiş sistolik arterial təzyiq (AT) arasında və qanda homosistein miqdarı arasında əlaqə vardır [8,10]. AH olan pasientlərdə homosistein miqdarının nəzarət qrupda olan normal təzyiqli xəstələrlə müqayisədə artması haqqında məlumatlar əldə edilmişdir [9].

          Hazırki tədqiqatın məqsədi arterial hipertenziya xəstələrində qanda homosistein miqdarı ilə ultrasəs doppleroqrafik müayinə vasitəsilə yuxu arteriyaları və aşağı ətraf arterial sistemində aşkar edilən dəyişikliklər arasında əlaqənin aydınlaşdırılmasıdır.

          Tədqiqatın materialı və metodları.              AH 1-3 dərəcəli 50 xəstə müayinədən keçmişdir, onların arasında  kişilər 25 nəfər (50%), qadınlar 25 nəfər (50%), 27-77 yaş arasında, orta yaş-57 (57±3,53) təşkil etmişdir.

          Xəstələrin tədqiqata daxil edilməsinin əsas meyarları: AH-nın müxtəlif forma və dərəcəsi olan və antihipertenziv müalicə aparılan xəstələr. Tədqiqata miokard infarktı, işemik və hemorragik insult keçirmiş xəstələr, III və IV FS stenokardiya, qulaqcıq fibrilyasiyası, XÜÇ-nın bütün funksional sinifləri, XBÇ xəstələri daxil edilməmişdir. Məlumdur ki, homosistein miqdarı revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, hipotireoz [1, 3], həmçinin onkoloji xəstəliklərdə [3, 13] yüksəkdir, bu baxımdan bu nozologiyalar da istisna edilmişdir. Homosisteinemiyaya bir sıra dərman maddələrinin qəbulu zamanı, məsələn, metotreksat, metilprednizolon, estrogen tərkibli  kontraseptivlər, qıcolmaəleyhinə, fibratlar, hidroxlortiazid, biquanidlər [3], buna görə də bu preparatları qəbul edən xəstələr tədqiqata daxil edilməmişdir.

          Laborator tədqiqatlara qanda qlükoza, ümumi xolesterin (XS), yüksək sıxlıqlı lipoproteidlər (YSLp), triqliseridlər (Tq)- aşağı sıxlıqlı (ASLp) və çox aşağı sıxlıqlı lipoproteidlər (ÇASLp), protrombin vaxtı və indeksi və s. təyini də daxil edilmişdir.

          Homosisteinin qan zərdabında qatılığını immunferment metodla təyin edilmişdir.

          Homosisteinin qanda qatlığına  siqaretçəkmə [1, 11], həddindən artıq alkoqol qəbulu, psixoemosional yüklənmə [1, 3] nəticəsində yarana bildiyi üçün dirsək venasından qan nümunəsinin götürülməsi səhər acqarına həyata keçirilmişdir. Homosistein qatılığının 15 mkmol/l-dən artıq olması homosisteinemiya kimi qəbul edilmişdir.

          Bütün xəstələrdə ultrasəs dopleroqrafiya metodu ilə B-rejimdə yuxu arteriyaları və aşağı ətraf arteriya sistemində olan dəyişikliklər yoxlanılmışdır (7,5 MHs tezliyə malik xətti sensor, PHİPSHD 11 (Almaniya)).

          Alınmış məlumatlar Microsoft Excell proqramında hesablanmışdır. Fərqliliklərin dürüstlü-yünün qiymətləndirilməsi qaydalarına əsaslanaraq, Student əmsalı hesablanmış p<0,05 olması statisik əhəmiyyətli hesab edilmişdir.

          Tədqiqatın nəticələri və onların müzakirəsi            Homosistein–kükürd tərkibli amin turşudur,  metionin və sistein amin turşuları mübadiləsinin aralıq məhsuludur. Sağlam şəxslərin qan plazmasında homosistein qatılığı 5-15mkmol/l təşkil edir. 15mkmol/l-dən çox olduqda homosis-teinemiya (Hsy) diaqnozu qoyulur. Mülayim dərəcəli Hsy  homosistein miqdarı 15-30 mkmol/l, orta dərəcəli Hsy- 30-100 mkmol/l və ağır dərəcəli Hsy 100mkmol/l-dən yüksək olduqda təyin edilir [3,12]. Apardığımız tədqiqat nəticəsində qan zərdabında homosistein səviyyəsinin yüksəlməsi - 27 xəstədə (54%), homosisteinin normal konsentrasiyası – 23 xəstədə (46%) müəyyən edilmişdir, 25 xəstədə (50%) homosistein qatılığı norma həddində, 18 xəstədə (36%) - mülayim yüksəlmiş, 7  xəstədə (14%) orta dərəcəli homosisteinemiya müşahidə edilmişdir.

          Homosisteinin orta göstəricisi - 17,27 mkmol/l, standart tərəddüd - 9,68 mkmol/l, minimum miqdarı – 5,4 mkmol/l, maksimum miqdarı – 38,4 mkmol/l təşkil etmişdir.

          Apardığımız tədqiqatda xəstələrdə homosistein  miqdarı və damarda olan dəyişikliklər arasında əlaqəni araşdırmaq məqsədilə  xəstələr homosistein miqdarına görə iki qrupa ayrılmışdır – homosistein miqdarı yüksək olan (1 qrup) və norma həddində olan xəstələr (2 qrup).

1-ci qrup xəstələr arasında  ultrasəs dopleroqrafik müayinə metodu ilə damarların aterosklerotik dəyişiklikləri – 23 nəfərdə (46%), 2-ci qrupda isə (homosistein miqdarı normal olan) damarlarda aterosklerotik dəyişiklikləri yalnız  9 nəfərdə (18%) aşkar edilmişdir (p<0,05).

          1-ci qrup xəstələrdə 18 nəfərdə stenoz və damarın tam okkluziyası müşahidə edilmişdir. 7 nəfərdə yüngül dərəcəli stenoz (40%-ə qədər) (sağ DYA - 4, sağ ÜYA - 1, a. tibialis posterior - 1, a. femoralis superficialis -1 nəfərdə),  11 nəfərdə hemodinamik əhəmiyyətli orta dərəcəli stenoz (40-70%) (sağ a. femoralis - 1, sağ DYA - 6, dizaltı arteriya - 1, sağ XYA - 4, sol DYA - 5, sağ ÜYA - 2, a. tibialis anterior -1 nəfərdə, a. tibialis posterior - 1), 6 nəfərdə ağır dərəcəli stenoz (70-90%) (sağ DYA - 5, sağ XYA - 3, sol XYA - 3) müəyyən edilmişdir. Xəstələrin 3-də yüngül və orta dərəcəli stenoz birgə, 3-də isə orta və ağır dərəcəli stenoz birgə rast gəlinmişdir. Xəstələrin 3-də okkluziya (a. iliaca, a. femoralis profunda, a. dorsalis pedis) izlənilmişdir (bax cədvəl 1, 2).

          2-ci qrup xəstələrdə 3 nəfərdə stenoz və damar okkluziyası müşahidə edilmişdir. Yüngül dərəcəli stenoz 3 xəstədə (dizaltı arteriya - 1, sağ ÜYA - 1, sağ DYA - 1nəfərdə), 3 nəfərdə orta dərəcəli stenoz (dizaltı arteriya - 1, sağ və sol ÜYA - 1 nəfərdə, sağ ÜYA - 1 nəfərdə), 1 nəfərdə ağır dərəcəli stenoza (sağ DYA, sol DYA) rast gəlinmişdir. Bir xəstədə yüngül və ağır dərəcəli stenoz eyni zamanda izlənilmişdir. Yalnız bir xəstədə okkluziya müşahidə edilmişdir (a. dorsalis pedis).

 


Cədvəl  1.

Homosistein miqdarına görə ayrılan iki xəstə qrupunun müqayisəli xüsusiyyətləri

 

      Göstəricilər

1-ci qrup

(n = 25)

2-ci qrup

(n = 25)

P

Qadın

14 (56%)

11 (44%)

>0,05

Kişi

11  (44%)

14 (56%)

>0,05

Yaş

60,57 ±9,70

53,13 ±11,37

>0,05

Homosistein miqdarı (mmol/l)

24,45 ±4,24

9,14 ±5,25

0,05

Aterosklerotik dəyişiklik aşkar edilən xəstə sayı

23 (46%)

9 (18%)

<0,001

Yüngül dərəcəli stenoz (40%-qədər)

7 (14%)

3 (6%)

>0,05

Orta dərəcəli stenoz (40-70%)

11(22%)

3 (6%)

>0,05

Ağır dərəcəli stenoz (70%-dən yüksək)

6 (12%)

1 (2%)

>0,05

 

1-ci qrupa daxil olunan xəstələr arasında 15-də stenoz və aterosklerotik dəyişikliklər eyni zamanda müşahidə edilmişdir. Onlardan 5 nəfərdə aterosklerotik düyünlər aşkar edilmişdir.

          2-ci qrupa daxil olunan xəstələr arasında yalnız 6 nəfərdə stenoz və aterosklerotik dəyişikliklər birlikdə müşahidə edilmişdir. Xəstələrin 2-də aterosklerotik düyünlər izlənilmişdir.

          Homosisteinemiya damar divarını zədələyir, onun səthini kövrək edir. Zədələnmiş səthə xolesterin və kalsium çökərək, aterosklerotik düyünü formalaşdırır. Homosisteinemiya artmış miqdarı trombəmələgəlmə prosesini sürətləndirir. Homosistein qanda qatılığının 5 mkmol/l yüksəlməsi qadınların 80%-də, kişilərin isə 60%-də aterosklerotik zədələnmə riskini artırır [2].

          Beləliklə, homosistein miqdarı ilə damarda olan dəyişikliklər arasında əlaqə müəyyən edilmişdir. Alınan nəticələrə əsasən aşkar edilmişdir ki, homosistein miqdarı yüksək olan və damar divarında dəyişikliklər aşkarlanan xəstələr arasında bu dəyişikliklərin rastgəlmə tezliyi, homosisteini normada olanlara nisbətən nəzərə çarpacaq dərəcədə müşahidə edilmiş, lakin statistik əhəmiyyətli göstərici səviyyəsinə çatmamışdır.

 Cədvəl  № 2.

Homosistein miqdarına görə ayrılan iki xəstə qrupunda damar divarı dəyişikliklərin rast gəlmə tezliyi

Dəyişikliklərin lokalizasiyası

   1-ci qrup (n = 25)

    2-ci qrup (n = 25)

Sağ ÜYA-da stenoz (xəstə sayı, nəfər)

3 (6%)

3 (6%)

Sağ DYA-da stenoz (xəstə sayı, nəfər)

15 (30%)

2 (4%)

Sağ XYA-da stenoz

7 (14%)

0 (0%)

Sol DYA-da stenoz

5 (10%)

1 (2%)

Sol XYA-da stenoz

3 (6%)

0 (0%)

Sağ a. femoralis profunda stenoz

1 (2%)

0 (0%)

Sol a. femoralis superficialis stenoz

1 (2%)

0 (0%)

a. tibialis anterior stenoz

1 (2%)

0 (0%)

a. tibialis posterior stenoz

2 (4%)

0 (0%)

a. poplitea stenoz

1 (2%)

2 (4%)

a. iliaca okkluziya

1 (2%)

0 (0%)

a. femoralis profunda okkluziya

1 (2%)

0 (0%)

a. dorsalis pedis okkluziya

1 (2%)

1 (2%)

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1.Костюченко Г.И. Гипергомоцистеинемия: клиническое значение, возрастные особенности, диагностика и коррекция // Клин. геронтол. - 2007. -  Т. 13, № 4. - С. 32-40.
2.Мирошниченко И.И., Птицына С.Н., Кузнецова Н.Н., Калмыков Ю.М. Регулярные выпуски “РМЖ” №4 2009. Стр.224
3.Хубутия М.Ш., Шевченко О.П. Гомоцистеин при коронарной болезни сердца и сердечного трансплантанта // М. - 2004. - 272 с.
4.Boushey C.J., Beresford S.A., Omenn J.S., Motulsky A.J. A quantitive asssesment of plasma homosysteine as a risk factor for vascular disease. Probable benefits of increasing folic acid intakes // JAMA. – 2002. – Vol. 288. – pp. 1015-1022.
5.Luepker R.V.WHO MONICA project: what have we learned and where to go from here? /RV Luepker// Public Health Reviews. – 2011. - №33. – P.373-396.
6.MacMahon M., Kirkpatrick C. Nutr Metab Cardiovasc // Dis. - 2000. - Vol. 10. – pp. 195-203.
7.Mayer E., Jacobsen D., Robinson K. Homocysteine and coronary atherosclerosis // J.Am. Coll. Cardiol. - 1996. - pp. 517-527.
8.Ma Y., Zhao X., Zhang W. et. al. Homocysteine and ischemic stroke subtype: a relationship study in Chinese patients // Neurol. Res. – 2010. - Vol. 32 (6). – pp.636-641.
9.McCully K.S. Vascular pathology of homocysteinemia: implications for the pathogenesis of arteriosclerosis // Am. J. Pathol. – 1969. – Vol. 56. – pp. 111-128.
10.Mizrahi E.H.,Noy S., Sela B.A. et al. Further evidence of irrelation between homocysteine and hypertension in stroke patients: a cross-sectional study // Isr. Med. Assoc. J. - 2003. - Vol. 5 (11). – pp. 791-794.
11.Modi M., Prabhakar S., Majumdar S. et al. Hyperhomocysteinemia as a risk factor for ischemic stroke: an İndian scenario // Neurol. İndia. – 2005. - Vol. 53 (3). - pp. 297-301.
12.Stampfer M. Can lowering homocysteine levels reduce cardiovascular risk? // Engl. J. Med. - 1995. - pp. 328-332.
13.Warren C. Emergent cardiovascular risk factor: Homocysteine // Prog. Cardiovasc. Nurs. - 2002. - Vol.17. - pp. 35-41.


Müəlliflər:
N.Z. Babayeva

Digər jurnal və qəzetlər