FUKNSİONAL HİPERPROLAKTİNEMİYA OLAN QADINLARDA KLİNİK-HORMONAL PROFİL VƏ QALXANVARİ VƏZİN VƏZİYYƏTİ
07-06-2017
Açar sözlər: hipotireoz, hiperprolaktinemiya, hormonal status.
Key words: hyperprolactinemia, hipothyroidism, hormonal state
Hiperprolaktinemiya geniş yayılmış neyroendokrin sindromlardan biri sayılır və həm sərbəst, həm də hipotalamus-hipofiz sahəsinin bir sıra digər xəstəliklərini, endokrin xəstəlikləri, somatik patologiyanı müşayiət edən sindrom ola bilər [1, 2, 6]. Bu patologiya qadınlarda çox vaxt reproduktiv sağlamlığın pozulması zamanı rast gəlir [3, 8, 9]. Qadınlarda hiperprolaktinemiyanın aparıcı klinik əlamətlərinə amenoreya, sonsuzluq və qalaktoreya aiddir. Belə hesab edilir ki, təqribən 70% hallarda amenoreya və qalaktore-yanın birgə təsadüf etməsi hiperprolaktinemiya ilə şərtlənmişdir [4, 7].
Hiperprolaktinemiya zamanı müşahidə olunan klinik əlamətlər hipotireoz zamanı meydana çıxan simptomlarla oxşardır və bu halda bir patoloji proses digərinin klinikasını ağırlaşdıra bilər [5]. Prolaktinin yüksək səviyyəsi təqribən 40% hallarda birincili hipotireoz olan pasiyentlərdə aşkar edilir [5]. Birincili hipotireoz zamanı hiperprolaktinemiyanın mümkün mexanizmləri - hipotalamik dofaminin xaric olmasının və laktotroflarda dofaminə qarşı reseptorların həssaslığının zəifləməsi sayılır [5, 10, 11].
Hiperprolaktinemiya sindromunun diaqnostikasının əsas prinsipləri qanda hormonun səviyyəsinin laborator metodlarla qiymətləndirilməsi olmuşdur. Birincili hipotireoz zamanı hiperprolaktinemiya olan qadınlarda klinik-hormonal profilin öyrənilməsi məhz hazırkı tədqiqat işinin aparılması üçün zəmin yaratmışdır.
Tədqiqatin material və metodlari Tədqiqata funksional hiperprolaktinemiyalı reproduktiv yaşlı 130 qadın daxil edilmişdir. Əsas qrupu 80 (61,5%) pasiyent təşkil etmişdir ki, onlarda müayinə zamanı hipotireozla birlikdə funksional hiperprolaktinemiya və prolaktinin səviyyəsinin yüksəlməsindən başqa, digər hormonların da səviyyəsində kəskin dəyişikliklər (birgə təsadüf edilən funksional hiperprolaktinemiya) aşkar edilmişdir. Müqayisə qrupunu qalxanabənzər vəzin patologiyası olmayan və tədqiq edilən digər hormonların səviyyəsi normal qiymətlər həddində olan hiperprolaktinemiyalı (funksional hiperprolaktinemiya) reproduktiv yaşlı 50 (38,5%) qadın təşkil etmişdir. Nəzarət qrupunu anamnezdə spontan hamiləlikləri olan 30 qadın təşkil etmişdir ki, onlarda sonsuzluq, reproduktiv itgilər, qalxanabənzər vəzin patologiyaları prolaktinin və digər hormonların səviyyəsinin yüksəlməsi qeydə alınmamışdır. Müayinə olunan qadınların yaş qrupu 19 -dan 41 yaşa qədərdir. Əsas qrupdakı qadınların orta yaşı 29,1±0,34, müqayisə qrupunda 29,2±0,27, nəzarət qrupunda 28,9±0,32 yaş təşkil etmişdir.
Hormonal müayinələr üçün material qismində qan zərdabından istifadə edilmişdir. Pasiyentlərin hamısında Macro ELISA metodu ilə Access 2 laborator sistemi ilə qan zərdabında ümumi prolaktinin (PRL) səviyyəsindən başqa, tireotrop hormonun (TSH), sərbəst triyodtironin (T3), ümumi tiroksinin (T4), lüteinləşdirici hormonun (LH), follikulstimuləedici hormonun (FSH), estradiolun (E2), dehidroepiandrosteronun (DHEA) səviyyəsi təyin edilmişdir. Kontrol göstəricilər qismində sağlam qadınların qan zərdabında aybaşı tsiklinin gedişində hormonların səviyyəsi öyrənilmişdir.
Qalxanabənzər vəzin ultrasəs müayinəsi Voluson E6 ultrasəs aparatında (Avstriya, SN D55392 2012-02 istehsalı) 3,5 MHs tezlikli standart ultrasəs ötürücülərindən istifadə etməklə aparılmışdır. Qalxanabənzər vəzin müayinəsi zamanı onun forması, mövqeyi və exostruktruru təyin edilmişdir. Vəzin həcmi aşağıdakı formula üzrə hesablanmışdır:
V = [(W x D x L) sağda +(W x D x L) solda ] x 0,479
Burada W, D, L – sonoqramlarda qalxanabənzər vəzin eni, qalınlığı və uzunluğudur.
Əldə olunan məlumatların statistik işlənməsi Microsoft Excel cədvəl redaktorundan istifadə etməklə variasion statistika metodu ilə aparılmışdır. Göstəricilər arasındakı fərqlərin dürüstlüyü Styudent metodu (t-kriteriyası) və Fişerin dəqiq metodu ilə təyin edilmişdir. Fərqlər p<0,05 qiymətlərində dürüst hesab edilmişdir.
Nəticələr və onlarin müzakirəsi Hipotireozun olub-olmamasından asılı olaraq hiperprolaktinemiya sindromunun formalaşmasını anlamaq üçün biz öyrənilən hormonların orta səviyyələrini təyin etmişik. Müqayisə qrupunda funksional hiperprolaktinemiyası olan pasiyentlərin hormonal status göstəriciləri cədvəl 1-də təqdim edilmişdir. Hormonal preparatların göstəriciləri nəzarət qrupunda orta normaya uyğun olmuşdur.
Cədvəl № 1.
Funksional hiperprolaktinemiya olan pasiyentlərdə hormonal statusun göstəriciləri (müqayisə qrupu)
Göstəricilər |
Müqayisə qrupu (n=50) |
Nəzarət qrupu (n=30) |
Dürüstlük (p) |
TSH |
2,8±0,14 (0,50-4,2) |
2,5±0,19 (0,5-4,2) |
p>0,05 |
T3 |
3,0±0,04 (2,5-3,8) |
3,0±0,06 (2,6-3,9) |
p>0,05 |
T4 |
1,2±0,06 (0,52-1,98) |
0,93±0,05 (0,56-1,68) |
p>0,05 |
PRL |
63,6±3,49 (37,6-100,5) |
20,8±1,29 (6,8-32,6) |
p<0,001 |
LH |
6,8±0,25 (3,5-9,9) |
7,1±0,36 (3,2-9,9) |
p>0,05 |
FSH |
7,9±0,24 (4,5-10,6) |
8,1±0,34 (4,6-10,9) |
p>0,05 |
E2 |
107,8±1,88 (76,0-150,0) |
106,7±1,98 (96,0-150,0) |
p>0,05 |
DHEA |
291,2±2,08 (269,2-320,3) |
142,3±6,20 (110,0-260,6) |
p1<0,001 |
Qeyd: p1 – nəzarət qrupu göstəricisinə nəzərən fərqin statistik dürüstlüyü
Hiperprolaktinemiya sindromunda prolaktinin səviyyəsinin yüksəlməsi (səbəbdən asılı olmayaraq) başlıca həlqə sayılır. Bununla əlaqədar olaraq, prolaktinin bazal səviyyəsinin qiymətləndirilməsi hiperprolaktinemiya sindromunun diaqnostikasının mühüm meyarı hesab edilir. Funksional hiperprolaktinemiya olan müqayisə qrupunun pasiyentlərinin plazmasında prolaktinin bazal səviyyəsi geniş hüdudlarda - orta qiymət 63,6±3,49 nq/ml olmaqla37,6 nq/ml-dən 100,5 nq/ml-ə qədər dəyişmişdir. Nəzarət qrupunda olan qadınlarda prolaktinin orta səviyyəsi 20,8±1,29 nq/ml təşkil etmişdir (p<0,001).
Funksional hiperprolaktinemiya qeyd edilən pasiyentlərdə TSH, T3, T4, LH, FSH və E2-nin orta səviyyəsi normal həddə olmuşdur, nəzarət qrupundakı göstərcilərdən o qədər də fərqlənməmişdir (p>0,05). Bu zaman xəstələrin qanında TSH-nin orta səviyyəsi 2,8±0,14nq/ml, T3 – 3,0±0,04nq/ml,T4–1,2±0,06nq/ml, LH– 6,8±0,25nq/ml, FSH– 7,9±0,24nq/ml, E2–107,8±1,88nq/ml təşkil etmişdir. Nəzarət qrupunda bu göstəricilər müvafiq olaraq: TSH–2,5±0,19nq/ml, T3– 3,0±0,06nq/ml, T4–0,93±0,05nq/ml, LH–7,1±0,36nq/ml, FSH–8,1±0,34nq/ml, E2–106,7±1,98nq/ml təşkil etmişdir.
Xəstələrin bu qrupunda prolaktinlə yanaşı, DHEA-nin miqdarının dürüst dəyişilməsi nəzərə çarpmış və onun orta qiyməti nəzarət qrupunda 142,3±6,20nq/ml müqabilində 291,2±2,08 nq/ml təşkil etmişdir (p<0,001).
Beləliklə, yalnız funksional hiperprolaktinemiya olan pasiyentlər qrupunda prolaktinin səviyyəsinin yüksəlməsi ilə bərabər, həmçinin qanda T4 və DHEA hormonlarının orta miqdarının dəyişilməsi qeyd edilmiş, digər hormonların səviyyəsi normal qiymətlər həddində qalmışdır.
Hipotireozla birgə hiperprolaktinemiya olan əsas qrupun pasiyentlərində hormonal statusun göstəriciləri cədvəl 2-də təqdim edilmişdir. Cədvəlin məlumatlarından göründüyü kimi, xəstələrin bu qrupunda prolaktinin orta səviyyəsi 59,4±2,63 nq/ml təşkil etmişdir ki, bu da nəzarət qurpundakı göstəricilərdən dürüst fərqlənmişdir (p<0,001).
TSH-nun səviyyəsi qalxanabənzər vəzin disfunksiyası inkişaf etdikdə daha tez dəyişən göstərici sayılır. Nəzarət qrupu ilə müqayisədə xəstələrin bu qrupunun qan zərdabında TSH orta miqdarının – 6,9±0,19nq/ml (p<0,001), DHEA– 293,1±1,53 nq/ml dürüst artması və T3 – 1,4±0,08nq/ml (p<0,001), T4 – 0,36±0,013nq/ml və E2 –99,8±0,99nq/ml səviyyəsinin azalması müşahidə edilmişdir (p<0,001). Pasiyentlərin qan zərdabında LH-nin orta miqdarı – 7,2±0,17nq/ml və FSH – 8,2±0,18nq/ml kontrol rəqəmlərlə müqayisə edilə bilər (p>0,05).
Cədvəl № 2.
Müştərək funksional hiperprolaktinemiya olan pasiyentlərdə hormonal statusun göstəriciləri (əsas qrup)
Göstəricilər |
Əsas qrup (n=80) |
Nəzarət qrupu (n=30) |
Dürüstlük (p) |
TSH |
6,9±0,19 (4,31-12,1) p2<0,001 |
2,5±0,19 (0,5-4,2) |
p1<0,001 |
T3 |
1,4±0,08 (0,1-3,8) p2<0,001 |
3,0±0,06 (2,6-3,9) |
p1<0,001 |
T4 |
0,36±0,013 (0,10-0,53) p2<0,001 |
0,93±0,05 (0,56-1,68) |
p1<0,001 |
PRL |
59,4±2,63 (36,2-100,2) p2>0,05 |
20,8±1,29 (6,8-32,6) |
p1<0,001 |
LH |
7,2±0,17 (3,8-9,6) p2>0,05 |
7,1±0,36 (3,2-9,9) |
p1>0,05 |
FSH |
8,2±0,18 (4,5-10,6) p2>0,05 |
8,1±0,34 (4,6-10,9) |
p1>0,05 |
E2 |
99,8±0,99 (82,0-150,0) p2<0,001 |
106,7±1,98 (96,0-150,0) |
p1<0,01 |
DHEA |
293,1±1,53 (269,9-330,2) p2>0,05 |
142,3±6,20 (110,0-260,6) |
p1<0,001 |
Qeyd: p1 – nəzarət qrupu göstəricisinə nəzərən fərqin statistik dürüstlüyü
Beləliklə, müştərək funksional hiperprolaktinemiya olan pasiyentlər qrupunda prolaktinin səviyyəsinin yüksəlməsi ilə bərabər həmçinin qan zərdabında digər hormonların (TSH,T3, T4, E2 və DHEA) miqdarının dəyişilməsi nəzərə çarpır.
Hiperprolaktinemiya olan 130 pasiyentin hamısında USM metodu ilə qalxanabənzər vəzin funksiyası və vəziyyəti müəyyən edilmişdir. Qalxanabənzər vəzin exoqrafiyası zamanı tireoid vəzinin həcmi, exostrukturu və exogenliyi öyrənilmişdir.
Qadınların nəzarət qrupunda qalxanabənzər vəzin ultrasəs müayinəsi zamanı tireoid həcm təyin edilmişdir - 5,68±0,37sm3. Hiperprolaktinemiyalı və hipotireozla birgə aşkar edilən hiperprolaktinemiyalı xəstələrdə tireoid həcmi müvafiq olaraq 6,91±1,34sm3 və 14,26±2,01sm3 (p<0,001) təşkil etmişdir.
Hiperprolaktinemiya olan pasiyentlərdə qalxanabənzər vəzin exoqrafik dəyişikliklərinin strukturu və tezliyi cədvəl 3-də təqdim edilmişdir.
Cədvəl № 3.
Hiperprolaktinemiya olan pasiyentlərdə qalxanabənzər vəzin exoqrafik dəyişikliklərinin strukturu və tezliyi
Əlamət |
Əsas qrup (n=80) |
Müqayisə qrupu (n=50) |
||
müt. |
% |
müt. |
% |
|
Qalxanabənzər vəzin həcminin dəyişilməsi - tiromeqaliya -hipoplaziya |
47 2 |
58,8 2,5 |
3 - |
6,0 - |
Qalxanabənzər vəzin strukturunun dəyişilməsi -diffuz endemik zob -kistalar -düyünlər |
42 8 11 |
52,5 10,0 13,7 |
6 2 - |
12,0 4,0 - |
Qalxanabənzər vəzi dəyişilmişdir |
68 |
85,0 |
5 |
10,0 |
Nəzarət qrupunda USM zamanı qalxanabənzər vəzi dəyişilməmişdir - adi formada olmuş, dəqiq kənaları, hamar sərhədləri vardır. Exostrukturu orta-exogen, eynicinsli və ya xırdadanəli, periferiya boyunca qalınlığı 1-2 mm dəqiq differensiasiya olunmuş kapsula ilə əhatə olmuşdur. Vəzi toxumasının xırdahücrəli strukturu eynicinsli olmuş, nöqtəvari, hipoexogen, dənəvərliyin diametri 1 mm-dən çox deyildir.
Qalxanabənzər vəzin həcminin və strukturunun dəyişilməsi funksional hiperprolaktinemiyası olan müqayisə qrupunun pasiyentlərində 5 (10,0%) və əsas qrupda hipotireozla birgə təsadüf olunan hiperprolaktinemiyalı 68 (85,0%) pasiyentdə aşkar edilmişdir.
Qalxanabənzər vəzin həcminin və strukturunun dəyişilməsi daha çox hipotireozun hiperprolaktinemiya ilə birgə gedişi zamanı aşkar edilmişdir ki, bu da qrupun seçilməsinin əsas meyarı kimi müəyyən edilmişdir. Bu pasiyentlərdə vəzin həcminin dəyişilməsi 49 (61,2%) halda, strukturunun kista və düyünlər şəklində dəyişilməsi isə 19 (23,7%) halda müşahidə edilmişdir. Funksional hiperprolaktinemiyası olan xəstələr qrupunda qalxanabənzər vəzin həcminin dəyişilməsi 3 (6,0%), strukturunun dəyişilməsi isə 2 (4,0%) qadında qeydə alınmışdır.
Funksional mənşəli hiperprolaktinemiya olan pasiyentlərin hamısında tiromeqaliya daha çox (38,5%) aşkar edilmişdir, nəinki qalxanabənzər vəzin hipoplaziyası (1,5%) (p<0,001). Qalxanabənzər vəzin strukturu 48 (37,0%) pasiyentdə dəyişilmişdir ki, bu da 64,5%-də diffuz endemik zob üçün səciyyəvi olan xırdadanəli əlavələr şəklində baş vermişdir. Düyünlü formalar müştərək endokrin patologiyası olan pasiyentlərdə (13,7%) qeydə alınmışdır. Hiperprolaktinemiya və hipotireozu olan xəstələrdə qalxanabənzər vəzin qan cərəyanının müayinəsi zamanı vəzin əsasən zəif tip vaskulyaraziyası nəzərə çarpmışdır.
Beləliklə, qalxanabənzər vəzin həcminin və strukturunun dəyişilməsi funksional hiperprolaktinemiyalı pasiyentlərlə müqayisədə hipotireoz ilə birgə təsadüf edən hiperprolaktinemiyalı pasiyentlərdə daha çox aşkar edilmişdir (p<0,001). Əldə etdiyimiz məlumatlar bir daha onu göstərir ki, hiperprolaktinemiya endokrin patologiyaların ən çox rast gələn əlamətlərindən biridir, hipotireoz isə bu xəstəliyin inkişafının işəsalma mexanizmi hesab edilir [5].
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1. Вагапова Г.Р., Насыбуллина Ф.А. Эндокринные расстройства. Гиперпролактинемия. Дело жизни.2015; 2:31-32
2. Гаффарова И.И., Бучнева Н.В. Гиперпролактинемия. диагностика и лечение. Наука и Мир. 2016; 5: 47-48
3. Котиева Н.М. Синдром гиперпролактинемии в амбулаторной практике эндокринолога и гинеколога. Клинические примеры. Волгоградский научно-медицинский журнал. 2011; 2: 50-54
4. Кубанова А.А., Иловайская И.А., Каитова З.С. Клинические особенности у пациентов с различными вариантами синдрома гиперпролактинемии. Здоровье и образование в XXI веке. 2015; 2: 27-30
5. Надь Ю.Г. Сочетание гиперпролактинемии и субклинического гипотиреоза. Медицинский совет. 2009; 2: 54-57
6. Никонова Л.В., Тишковский С.В., Давыдчик Э.В., Гадомская В.И., Дорошкевич И.П. Синдром гиперпролактинемии. Часть I. Этиология. Патогенез. Клиника. Журнал Гродненского государственного медицинского университета. 2016; 3: 12-17
7. Никонова Л.В., Тишковский С.В., Давыдчик Э.В., Гадомская В.И., Дорошкевич И.П. Синдром гиперпролактинемии. Часть II. Современные критерии диагностики и лечения. Журнал Гродненского государственного медицинского университета. 2016; 4: 36-42
8. Овсянникова Т.В., Макаров И.О., Камилова Д.П. Гиперпролактинемия: современные подходы к диагностике и лечению. Гинекология. 2011. Т. 13. № 6. С. 4-7.
9. Соснова Е.А. Гиперпролактинемический синдром. Архив акушерства и гинекологии им. В.Ф. Снегирева. 2017; 1: 4-14
10. Сохадзе Х.С., Сабуров А.В., Гаврилова Н.П. Реализация программы вспомогательных репродуктивных технологий у женщин с гиперпролактинемией и дисфункцией щитовидной железы. Фундаментальные исследования. 2013; 9: 734-743
11. Янгибаева Д.Т., Аскарова Ф.Ж., Каюмова Д.Т. Функциональная оценка репродуктивной системы у женщин с гиперпролактинемией и дисфункцией щитовидной железы /Сб. трудов Ташкентской медицинской академии.2015:163-174.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı