BAĞIRSAQLARIN FUNKSİONAL POZULMALARININ TƏNZİMLƏNMƏSİNDƏ PROBİOTİK TƏRKİBLİ QİDA MƏHSULLARININ ROLU
18-12-2016
Funksional qida konsepsiyasının yaradılması çoxlu sayda elmi kəşf və tədqiqatlara əsaslanaraq XX əsrin sonlarına təsadüf edir. Funksional qidalanma elementlərinə probiotiklər və probiotik mikroorqanizmlərlə zəngin qida məhsulları daxildir (1, 2).
Probiotik mikroorqanizmlərlə zəngin tərkibə malik olan qidaların qəbulu insan orqanizminə müsbət təsir göstərir. Onların qida rasionuna daxil edilməsi isə sağlamlığı təmin edir. Müxtəlif orqan və sistemlərə xarici mühütün mənfi faktorlarının təsirini azaldaraq stress və bir sıra sosial xəstəliklərin inkişaf riskini ləngidir.
Makroorqanizm və onun mikroflorası vahid, dinamik bir ekoloji sistem təşkil edir. İnsan mikroflorası 1015 mikrob hüceyrələrindən ibarətdir ki, bu da orqanizmin hüceyrələrindən on dəfə çoxdur. 60% mikroflora mədə-bağırsaq sisteminin müxtəlif şöbələrində yerləşmişdir. Bağırsaq mikroflorası praktiki olaraq bütün insan orqanizminin fəaliyyətində iştirak edərək protektiv, detoksikasiya, sintetik, həzm, immunogen, trofik və bakteriosid funksiyaları yerinə yetirir (3, 4).
Yoğun və düz bağırsaq mikroflorası insanın normal mikroflorasının həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən dominantlıq təşkil edir və bu bakteriyaların 500-dən 1000-ə qədər növü mövcüddur. Orqanizmin həyat fəaliyyətinə normal floranın təsiri böyükdür və onun pozulması orqan və sistemlərin funksiyasına əhəmiyyətli dərəcədə təsir göstərir. Mədə-bağırsaq sisteminin normal mikroflorası rezistent (obliqat), fakultativ (saprofit), və təsadüfi (tranzitor) floradan ibarətdir. Yoğun bağırsaqda obliqat mikroflora üstünlüyə malikdir və anaerob bakteriyalardan (bifidobakteriyalar, eubakteriyalar, bakterioidlər) 90% -ni təşkil edir (5,6).
Aerob bakteriyalar (laktobakter, bağırsaq çöpü, enterokokklar) 8-9%, fakultativ və tranzitor mikroflora isə 1-2% təşkil edir. Probiotiklər canlı mikroorqanizmlər olub, bağırsağın normal mikroflorasının təbii nümayəndələridir və onların qəbulu bağırsaq mikroflorasına müsbət təsir göstərir (7).
Hal-hazırda aparılan tədqiqatlara əsasən probiotiklərin, süd-turşu bakteriyaları qrupunun mədə – bağırsaq sisteminin normal tərkibi olduğu təsdiq edilmişdir. Probiotiklərin geniş spektrə malik olmasına baxmayaraq onların təsir mexanizmi sona qədər öyrənilməmişdir (8, 9). Kombinə olunmuş probiotiklər (multiştamm, multi növ) digərlərinə nisbətən üstünlük təşkil edir və bir-birinin təsirini gücləndirir (sinergizm). Müasir probiotiklər aşağıda göstərilən xüsusiyyətlərə malik olmalıdırlar:
- dəqiq bioloji, biokimyəvi və genetik xüsusiyyətlərə (10).
- elmi tədqiqatlarla sübut olunmuş probiotik təsirinə malik olan mikroorqanizm-lərdən ibarət olması,
- həyat qabliyyətinin saxlanılması
- patogen və toksiki təsirə malik olmaması
- kolonia əmələgətirmə potensialına malik olması
- mədə, mədəaltı vəz şirələrinə və öd turşularına davamlı olması
- preparatda milliarddan az olmayan (1x109) bakterial hüceyrələrə malik olması
- orqanizmə bağırsaqdan daxil olma qabliyyətinin minimal olması
- uzun müddətli qaldığı zaman stabil olaraq həyat qabliyyətini saxlanılması.
Hal-hazırda probiotiklər yalnız həzm sistemi orqanlarının deyil, digər orqan və sistemlərin xəstəliklərində də müalicə məqsədi ilə geniş istifadə olunur.
Probiotiklər arasında bifidobacterium lactis, bifidobacterium longum, bifidobac-terium infantis, lactobacillus, acidophilus, lactobacillus rhammosus (GG), lactobacillus casei, lactobacillus delbrueckii, subsp, bulgaricus, Streptococcus, thermophilus və s. daha çox tədqiq edilmişlər. Bifidobakteriyaların bu ştammları mədə-bağırsaq şirələrinə və öd turşularına kifayyət qədər dayanıqlıdır və bakteriyaların əsas hissəsi yoğun bağırsağa dəyişməmiş şəkildə daxil olur.
Bəzi probiotiklərin digər orqan və sistemlərin xəstəliklərinin profilaktikası və müalicəsində effektivliyi sübut olunmuşdur. Belə ki, tərkibində L.Rhamnosus GG, Bifidobacterium sp., L.Acidophilus və S.Salivaris, subsp.termophilus olan süd turşusu məhsulunun üç həftə ərzində hər gün qəbul edilməsi burunun selikli qişasının patogen bakteriyalarla kolonizasiyası dərəcəsini azaltmış olur (11). Probiotiklərin qəbul edilməsi yuxarı tənəffüs yollarının kəskin infeksiyasının başvermə tezliyini və xəstəlik müddətini azaldır. Hamilə qadınlarda atopik dermatitin profilaktikasında probiotiklərin effektivliyi barədə məlumatlar mövcuddur (12).
Son illər tərkibinə probiotiklər- bifidobakteriyalar, süd-turşu bakteriyalarına malik olan funksional qida məhsulları intensiv öyrənilmişdir. Süd-turşu bakteriyalarının insan orqanizminə müsbət təsirini ilk dəfə Nobel mükafatı laureatı İ.İ.Meçnikov qeyd etmişdir. Probiotiklərin dərman formaları ilə yanaşı, probiotiklə zənginləşdirilmiş funksional qida məhsulları da geniş yayılmışdır. Onların arasında «Aktivia» adlı məhsul xüsusi yer tutur (Danon şirkəti). Bu məhsul böyüklərin və uşaqların sağlamlığına müsbət təsir göstərən yaxşı öyrənilmiş süd turşusu mikroorqanizmlərinin ştammlarından biri olan Bifidobacterium animals (lactis) DN 173 010 (kommersiya adın ActiRegulyaris) probiotik ştammları ilə zənginləşdirilmişdir. Müəyyən olunmuşdur ki, bifidobakteriyaların bu ştammları mədə, mədəaltı vəzi şirələrinə və öd turşularının təsirinə kifayət qədər dayanıqlıdır; bakteriyaların əsas hissəsi yoğun bağırsağa dəyişilməmiş şəkildə daxil olur. Probiotiklərin terapiya sxeminə daxil edilməsi xoralı kolitli xəstələrdə kliniki yaxşılaşma ehtimalını və klinik remissiyanın baş verməsini ciddi şəkildə artırır (13, 14).
Təcrübi və kliniki tədqiqatlar bu ştammın effektivliyini müəyyənləşdirilmiş və ədəbiyyatda geniş təqdim edilmişdir. Laboratoriya sıçanlarında xoralı kolit modelində tərkibində B.animals, (lactis) DN 173 010 ştammı olan «Aktivia» probiotik məhsulunun tətbiqi yalnız bağırsağın mikroflorasının normallaşmasına və TNF-α1 ekspressiyasının azalmasına deyil, həmçinin bağırsaq divarının iltihabı dəyişikliklərinin reqressiyasına gətirməsi müşahidə olunur. Eyni zamanda, kor bağırsağın pH səviyyəsinin azalması, qısa zəncirli yağ turşularının profilinin dəyişməsi, laktat qəbul edən və butirat istehsal edən bakteriyaların sayının artması müşahidə olunur ki, bu da nəticədə patogen mikroorqanizm-lərin həyat fəaliyyəti üçün yararsız mühitin yaranmasına gətirib çıxarır (15).
Qıcıqlanmış bağırsaq sindromu (QBS) olan xəstələrdə probiotik kompleksinin istifadəsi xəstəliyin əsas kliniki simptomlarının azalmasına və həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur (16).
Çox mərkəzli ikiqat kor tədqiqatların nəticələri qəbizliyin üstünlük təşkil etdiyi QBS-li xəstələrdə «Aktivia» süd-turşu məhsulunun effektivliyini sübut etmişdir. Defekasiya aktının normallaşması və dispeptik pozulmaların azalması səbəbindən həyat keyfiyyətinin də yaxşılaşması müşahidə olunmuşdur (17).
Qeyd edilənləri nəzərə alaraq Azərbaycanda probiotik süd-turşu məhsulu olan bifidobacterium-Acti Regularis (DN173010) ştammlanmış «Aktivia» qida məhsulunun bağırsaqların funksional pozulmalarına təsirinin öyrənilməsi istiqamətində elmi- praktiki iş aparılmışdır.
Tədqiqatda 18-62 yaş arasında qəbizliklə müşayiət olunan qıcıqlanmış bağırsaq sindromu olan 366 pasiyent (46 kişi, 320 qadın) iştirak etmişdir. Müayinələri Bakı şəhərindən 10 xəstəxana və poliklinikasından 18 tədqiqatçıdan ibarət işçi qrupu yerinə yetirmişdir.
Tədqiqat zamanı pasiyentlər xüsusi tərtib olunmuş anketlərdə verilən sualları cavablandırmışlar. Bununla pasiyentlərin müayinənin əvvəlində və sonunda əhval-ruhiyyəsi, iş xarakteri, meyvə-tərəvəzdən, probiotiklərdən istifadə etməsi, qəbul edilən mayenin miqdarı, ümumi vəziyyətləri, qidalanma xüsusiyyətləri, həzm sistemində olan pozulmalar, həyat tərzi, fiziki işlə məşğulluğu qeyd edilmişdir. Qida rasionundan digər süd-turşu məhsulları, defekasiya aktını tənzimləyən dərman preparatları, antibiotiklər çıxarılmışdır. Bundan əlavə «Aktivia» süd-turşu qida məhsuluna aid suallar da cavablandırılmışdır (müayinədən əvvəl “Aktivia”-dan istifadə və onun haqqında məlumatların olub-olmaması).
İştirak edən bütün pasiyentlər istifadə olunan “Aktivia” süd-turşu qida məhsulunun ğöstərilən temperatur rejimində saxlanılması haqda məlumatlandırılmış və 14 gün ərzində 1 ədəd “Aktivia” süd-turşu məhsulunu qəbulu tövsiyyə olunmuşdur.
Göstəricilərin müqayisəsi üçün X2-Pirson (teraxorik və polixorik əlaqə göstəricisi) meyarından istifadə olunmuşdur.
Anketlərdə verilən suallar əsasında əhval-ruhiyyəsi orta qiymətləndirilən pasientlər üstünlük təşkil etmişlər (206 pasient 71,06%). Digər pasientlərin isə əhval-ruhiyyəsi kafi, yaxşı və pis qiymətləndirilmişdir.
203 pasient (55,5%) oturaq həyat tərzi, sürməsini qeyd etmiş, 163 pasient (44.5%) isə- fiziki işlə məşğul olduqların bildirmişlər.162 pasient (44,3%) meyvə-tərəvəzdən hər gün, 93 pasient (25,4%) probiotiklərdən gündəlik istifadə etmişlər. Digər pasientlər isə probiotiklərdən və meyvə-tərəvəzdən həftədə 1 dəfə, 1-2 gündən bir istifadə etməsini qeyd etmişlər. Pasientlərin əksəriyyətinin (206 pasient 56,3%) gün ərzində qəbul etdiyi maye 1 litrdən az, 136 pasient (37.2%) isə 1-2 litr maye qəbul etdiyini bildirmişdir.
Müayinəyə qədər 359 pasient (98.1%) «Aktivia» haqqında məlumatı verilən reklamlarla, digərləri isə müxtəlif mənbələrlə əlaqələndirmişlər. 196 pasient (53,6%) «Aktivia»-dan qeyri-mütəmadi, 123 pasient (33,6%) isə mütəmadi istifadə etmişdir. «Aktivia » qəbulundan əvvəl pasientlər yeməkdən sonra mədədə ağırlıq və dolma hissi, diskomfort, ağrı, qəbizlik, defekasiyanın ləngiməsi, köp, nəcisin konsistensiyasının qeyri-normal olmasını qeyd etmişlər.
Simptomların ağırlıq dərəcələri güclü, orta güclü, orta, orta-yüngül, yüngül, problemsiz kriteriyalarına ayrılmışdır.
Aktivia yogurtunun effektivliyi pasientlərin müalicədən əvvəl və 14 günlük istifadə-dən sonra anket məlumatlarının analizi əsasında qiymətləndirilmişdir.
Aktivianın qəbulundan əvvəl müşahidə altında olan pasientlərin ancaq 43-də (11,7±1,7%) ağrı hissi güclü və orta güclü olmuşdur, xəstələrin əksəriyyətində isə (222-60,7±2,6%) orta, orta yüngül və yüngül olmuşdur; 101 (27,6±2,3%) şəxs ağrıdan şikayət etməmişdir (şək.1). Aktivianın qəbulundan sonra güclü ağrı hissi 2 (0,5±0,4%) pasientdə, orta güclü ağrı hissi 17 (4,6±1,1%) şəxsdə qeydə alınmışdır, bu zaman ağrısı olmayan və yüngul ağrı hissi olanların sayı 195-ə (53,3±2,6%) qədər yüksəlmişdir. Ağrı hissinin müalicədən əvvəl və sonrakı dəyişiklikləri statistik cəhətdən etibarlı olmuşdur (x2= 19,9; p<0,01).
Şəkil 1. Ağrı
QBS-i olan xəstələr ən çox rahatsız edən simptomlardan biri köpdür. Bu pasientlərin 26 (7,1±1,3%)-də güclü və 117-də (32,0±2,4) orta güclü (toplam 143-39,1%) köp qeydə alınmışdır. Aktivianın qəbulundan sonra güclü köpü olanların sayı 19 (5,2±1,2), orta güclü köpü olan pasientlərin sayı isə 88-ə (5,2±1,2%) düşmüşdür. Ümumilikdə aktivianın qəbulu nəticəsində 159 (43,4±2,6%) pasientdə köp orta, orta yüngül və ya şikayyətsiz olmuşdur. Köp hissinin dəyişiklikləri statistik əhəmiyyətli olmuşdur (x2=22,742; p<0,001).
Şəkil 2. Köp
Tədqiqatın əvvəlində müayinə olunanların böyük əksəriyyətində 348-də (95,1±1,1) müxtəlif dərəcəli qazəmələgəlmədən şikayət etmişdir (şək.3). Onlardan 129 (35,2±2,5%) orta dərəcəli qazəmələgəlmə müşahidə olunmuşdur; güclü və orta güclü qazəmələgəlmə simptomu 112 (30,6±2,4%) pasientlərdə qeydə alınmışdır. «Aktivianın» qəbulundan sonra aparılmış müşahidələrdə 178 pasientdə şikayətin ya tam aradan qalxdığı ya da yüngül, orta yüngül dərəcədə olduğu qeydə alınmışdır.Müalicədən sonra alınan göstəricilər müalicədən əvvəlki göstəricilərdən əhəmiyyətli dərəcədə fərqlənmişdir (x2=30,787; p<0,001).
Şəkil 3. Qazəmələgəlmə
«Aktivia» qəbulundan əvvəl güclü qəbizlikdən 27 (7,4±1,4%) pasient və orta güclü qəbizlikdən isə 78 (21,3±2,1) pasient şikayyət etmişdir (şək.4) 14 günlük müalicədən sonra 27 xəstənin 6-da (1,6±0,7) defekasiya aktı normallaşmış, 4-də (1,1±0,5%) orta güclü, 3-də (0,8±0,5%) orta və 2-də (0,5±0,4%) orta yüngül dərəcələrə keçmişdir, 12 şəxsdə (3,3±0,9%) isə effekt alınmamışdır. Müalicədən əvvəl və sonra alınmış nəticələrin müqayisəsi aktivianın təsirinin statistik dürüst olduğunu göstərmişdir (x2=18,29; p<0,01).
Şəkil 4. Qəbizlik
Müayinə olunanların 310-da (84,7±1,9%) defekasiya aktının tam olmaması simptomu olmuşdur (şək.5). bunların 52-də (14,2±1,8%) bu hissiyat güclü və orta güclü dərəcəli olmuşdur. Müalicədən sonra bu göstərici bir qədər azalaraq 10,4±1,6%-ə düşmüşdür. Alınan bu nəticə defekasiya aktının tam olmaması hissiyatını aradan qaldırmaq üçün aktivianın qəbul müddətinin uzadılması və günlük miqdarının artırılması kimi tədbirlərin sınaqdan keçirilməsini gündəmə gətirir.
Şəkil 5. Qeyri-tam defekasiya
«Aktivia» qəbulundan əvvəl defekasiya aktı müşahidə olunanların 70-də (19,1±2,1%) həftədə 1 dəfədən gec, 203-də (55,5±2,6%) həftədə 1 dəfə, 80-də (21,9±2,2) isə həftədə 3-4 dəfə olduğu qeydə alınmışdır (şək.6). 2 həftəlik aktivianın qəbulu 242 (66,1±2,5%) pasientdə defekasiya aktının normallaşmasına səbəb olmuşdur (x2=22,8; p<0,001).
Qeyd etmək lazımdır ki, aktivia yogurtu istifadə edənlərin əksəriyyətində ümumi vəziyyətdə yaxşılaşma və klinik simptomların dərəcəsinin azalması və ya itməsi qeydə alınmışdır. Bu zaman xəstələrin heç birində ümumi vəziyyətin pisləşməsinə və digər arzuolunmaz vəziyyətlərə rast gəlinməmişdir. «Aktivianın» təsirinə siz inanırmısız? sualına sorğuda iştirak edənlərin 73% müsbət cavab vermişdir.
Şəkil 6.
«Aktivia» bifidobacterium Acti-regularis-in (DN170010)*108 14 gün mütəmadi qəbulu:
1.Mədə-bağırsaq sisteminin normal işləməsini tənzimləyir
2.Qastrointestinal simptomların (köp, ağrı, diskomfort, gəbizlik və s.) azalmasına və ya aradan qalxmasına səbəb olur.
3.Pasientlərin əhval-ruhiyəsini yüksəldərək pozitiv effekt verir və həyat keyfiyyətini artırır.
4.Klinik simptomların analizinə əsaslanaraq pasientlərin gündəlik rasionuna daxil edilməsi tövsiyyə olunur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Шульпекова Ю.О. Пробиотики и продукты функционального питания. Россия 2012, № 3, с.70-79
2.Щербаков П.Л., Щербакова М.Ю., Парфенов А.И., Ручкина И.Н., Кузьмина Т.Н. Клиническая эффективность функционального питания у больных с желудочно-кишечной патологией. //Тер.архив, 2014, 8, с.62-69
3. Sekirov I, Russel S.L., Caetano M.et.al. Gut microbiota in health and deasies//Physiol.Rev.-2010;90,3:859-904.
4. Полуэктова Е.А., Ляшенко О.С., Шифин О.С. и др. Современные методы изучения микрофлоры желудочно-кишечного тракта человека. //Рос.журнал гастроэнтерол., гепатол., колопроктол., 2014;2;85-91
5.Hattori M, Taylor T. The human intestinal microbiome a new frontier in human biology DNA Res.,2009,16,1-12
6.Шендеров Б.А. Нормальная микрофлора и ее роль в поддержании здоровья человека. //Российский журнал гастроэнтерологии, гепатологии и колопроктологии ,1998. №1, стр. 61-65.
7.Циммерман Я.С., Несчисляев В.А., Субботина Л.В. Микробный антогонизм и обоснование включения пробиотиков в комплексном лечение Helicobacter pylori- зависимых заболеваний. //Клиническая медицина 2010, №4, стр. 35-42.
8.Shida K, Nanno M. Probiotics and immunology separating the wheat from the chaff. Trends İmmunol 2008 v 29, p 565-573.
9.Пилипенко В.И. Пробиотики как сигнальные молекулы: Saccharomyces boulardii. //Клиническая гастроэнтерология и гепатология, 2008, №6, стр. 456-462.
10.Маев И.В., Самсонов А.А., Плотникова Е.Ю. и др. Пробиотики и пребиотики в клинической практике, //Фармотека, 2011, № 5, стр. 33-41.
11.Gluck U, Gebbers JO. Ingested probiotics reduce nasal colonization with pathogenic bacteria (Staphylococcus aureus, Streptococcus pneumoniae, and beta-hemolytic streptococc). //Am J Clin Nutr.2003; 77:517-20
12.Hao Q., Lu Z., Dong B. Probiotics for preventing acute upper respiratory tract infections// Cochrane Database of Syst.Rev-2011;9:CD00 6895
13.Пиманов С.И., Макаренко С.В. Рекомендации консенсуса Маастрих-4 по диагностике и лечению хеликобактерной инфекции. Обсуждение на Европейской гастроэнтерологической неделе// Consilium medicum, 2012, №8, стр.20-21
14.Успенский Е.П., Суворова А.Н., Барышникова М.В. Инфекция Helicobacter pylori в практике. Санкт-Петербург, 2011, с.572.
15.Полуэктова Е.А., Сидорина Е.О., Кучулеова С.Е. и др. Основание применения и оценка эффективности пробиотиков у пациентов с воспалительными заболеваниями кишечника// Российский журнал гастроэнтерологии, гепатологии, колопроктологии, 2015, №2, с.58-68.
16.Ивашкин В.Т., Драпкина О.М., Шептулин А.А. и др. Сравнительная эффективность композиции B.bifidum, B.longum, B.infantis, L.rhamnocus və S.boulardii в лечение больных с диарейным вариантом синдрома раздраженного кишечника //Российский журнал гастроэнтерологии, гепатологии, колопроктологии 2015, № 2, с.10-21.
17.Guyonnet D., Chassany O., Ducrotte P., et al., Effect of a fermented milk containing Bifidobacterium animalis DN-173 010 on the healt-related quality of life and symptoms in irritable bowel syndrome in adults in primary care: a multicentere, randomized, double-blind, controlled trial. Aliment Pharmacol Ther 2007;26(3):475-86
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı