İMMUN ÇATIŞMAZLIQLAR ZAMANI BƏZİ İNFEKSİON VƏ FİZİOLOJİ VƏZİYYƏTLƏRİN TƏHLİLİ
20-04-2017
Açar sözlər: immun çatişmazlıqlar, II-li tranzitor immun çatışmazliqlar, infeksiy-alara həssaslıq
Orqanizmin digər sistemlərində olduğu kimi immun sistemində də zədələnmələr ola bilər. Bunun nəticəsində də, onun funksiyasında müxtəlif pozğunluqlar, immunitetin zəifləməsi və immun çatışmazlıqlar (immun defisitlər) yaranır. İmmun çatışmazlıqlar immun sisteminin hər hansı sahəsinin tamlığının struktur və fuksional pozğunluğudur. Bunun nəticəsində orqanizmin müxtəlif infeksiyalara qarşı müqaviməti zəifləyir və orqanlarda baş verən pozğunluqları bərpa edə bilmir. Bundan başqa immun çatışmazlıqlarzamanı immun hüceyrələrinin yenilənməsi ya zəfləyir, ya da təmamilə dayanır [1,3].
İmmun çatışmazlıqlar zamanı insan yalnız adi infeksiyalara qarşı deyil, hətta immun statusunda heç bir qüsuru olmayan şəxslərdə xəstəlik törədə bilməyən mikroorqanizmlərə qarşı da aciz qalır. Çünki, immun sistemin normal funksiyası bu mikroorqanizmlərin inkişaf edib çoxalmasına imkan vermir. Buna misal olaraq, Pnevmocystis carinini göstərmək olar. Bu törədicilər normal halda praktiki olaraq hər bir insanın resprator traktında rast gəlinir. Lakin, immun sistemin normal funksiyası zamanı bu mikroorqanizmlər heç bir təhlükə törədə bilmirlər, immun çatışmazlıqlar zamanı isə orqanizm üçün ciddi patoloğiya - pnevmosist pnevminiyasına səbəb olurlar. Bundan başqa, immun çatışmazlıqlar insanda mövcud olan və ciddi əlamətlər yaratmayan və ola bilsin ki, heç bir zaman insan orqanizmi üçün fəsadlar yarada bilməyən bir sıra xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olurlar [4].
İmmun çatişmaqlıqlar normal immun statusun pozğunluğu olub, immun cavabın bir və ya bir neçə immun cavab mexanizminin anadangəlmə və qazanılmış patologiyasıdır. Bu halda, immunokompetent hüceyrələrin müxtəlif populyasiyalarının miqdarının ciddi azalması, yaxud immunoqlobulinlərin sintezinin pozulması baş verir. İmmun sistemində bir və ya bir neçə sahənin funksiyasının pozulması, yaxud çatışmazlığı, immun cavabın pozulmasına və immunopatologiyanın əmələ gəlməsinə səbəb olur ki, buna immunodefisit vəziyyət deyilir. Bütün immunodefisit hallar iki qrupa bölünür: bunlara anadangəlmə ( irsiyyətlə əlaqəli) immunodefisitlər və sonradan qazanılmış immunodefisitlər aiddir [7].
Anadangəlmə (irsiyyətlə əlaqəli), yəni birincili immunoji çatışmazlıqlar immun sistemin hüceyrələrində genetik determinasiya olunmuş çatışmazlıqlardır. Anadangəlmə, irsiyyətlə əlaqəli, yaxud birincili immunoji çatışmazlıqlar spesifik immunçatışmazlığa və qeyri - spesifik immunçatışmazlığa bölünür. Spesifik immun çatışmazlıqla əlaqəli xəstəliklərin yaranmasına səbəb, qazanılmış immunitetin əsasını təşkil edən T- limfositlərin, B- limfositlərin funksiyasının pozulmasıdır. Qeyri - spesefik immun çatışmazlıq isə immun sistemin elementlərindən olan, immun cavabda qeyri - spesifik fəaliyyət göstərən komplementin və faqositozun pozğunluqları ilə əlaqədardır [2].
Qazanılmış immunodefisitlər, yəni ikincili immunoji çatışmazlıqlar isə immun sistemin hüceyrələrinə xarici mühit amillərinin təsiri nətitəsində meydana çıxır. İkincili immunodefisitlərin əmələ gəlməsinə səbəb olan dəqiq öyrənilmiş xarici mühit amillərinin təsiri nə müxtəlif kimyəvi şüalarla şüalanmanı, farmokoloji preparatları, qazanılmış immunodefisit sindromunu yaradan insanın immun çatışmazlıq viruslarını və başqa səbəbləri göstərmək olar.
İkincili immundefisitlərin son dövrdə tərtib olunmuş təsnifatı:
I. İkincili tranzitor immunodefisitlər:
1) ikincili rekonvalessent immunodefisitlər
2) infeksion xəstəliklər keçirdikdən sonra
3) digər kəskin patoloji proseslərdən sonra.
II. İkincili fizioloji immunodefisitlər:
1) mühitdən asılı ikincili immunodefisitlər;
2) ikincili kombinasiyalı immunodefisitlər.
Bütün uşaqlıq dövrü fizioloji immunodefisitlərə aid edilir və beş kritik dövrə ayrılır:
-doğuşdan sonrakı 28 gün - immun cavabın bütün variantlarının supressiyası və anadan alınmış passiv immunitetin dominant dövrüdür;
-4-6 ay - anadan alınmış anticisimlərin katabolizmi və İqM-in sintezi hesabına ilkin immun cavabın əmələ gəlməsi;
-2 yaş - helper tipli supressor humoral immun cavabın formalaşması ilə əvəz edilməsi;
-4-6 yaş-hüceyrəvi immun cavabın formalaşmasının başa çatması;
-12-15 yaş - yerli immun cavabın formalaşmasının başa çatması və humoral immunitetin fəallaşması [3].
12-16 yaşa qədər uşaq infeksiyaları adlanan xəstəliklərin baş verməsinin əsas səbəbi kimi uşaqlarda immun cavabın tam formalaşmaması nəzərə alınmalıdır. Bu dövrdə opportunist infeksiyaların , o cümlədən kandidozun uşaqlar arasında yayılma ehtimalı çox yüksəkdir [3,4].
İmmun sistemin fəaliyyətində pozğunluqlar, kompleks pozğunluqlarla, yəni immun sistemin bir çox hissələrində çox şaxali əmələ gələn defisitlərin nəticəsində də əmələ gələ bilər.
İmmun çatışmazlıq hallarında bir çox infeksiyalara qarşı həssaslıq yüksəlir. Bu zaman baş verən infeksiyaları əsasən iki qrupa bölmək olar: immunoqlobulinlərlə, komplement komponentlərilə və faqositar fəallıqla əlaqəli olan pozğunluqlar zamanı kapsula əmələ gətirən (pnevmokoklar və ya irin əmələ gətirən bakteriyalar) bakteriyalar tərəfindən törədilən təkrar infeksiyalara qarşı həssaslıq artır [5].
T- hüceyrə immuniteti sistemində pozğunluqlar olduqda geniş yayılmış və normada təhlükəsiz olan mikroorqanizmlərə (maya göbələklərindən viruslara qədər) həssaslıq yüksəlir. Sağlam insanlarda bu mikroorqanizmlərə qarşı rezistentlik tez yaranır, T-hüceyrə funksiyalı xəstələrdə isə ölümlə nəticələnən infeksiyalar yarada bilərlər. Belə xəstəliklər opportunistik infeksiyalar adlanır [1,5].
Müəyyən edilmişdir ki, bakterial və virus infeksiyalarının patogenezinin mexanizmində iki unikal xarakter qanunauygunluq baş verir. Birincisi - immun cavaba zədələyici təsir; ikincisi-xəstələrdə müvəqqəti immunodefisitin inkişafı. Sübut edilmişdir ki, orqanizmdən törədici təmamilə yox olduqdan sonra, immunopatolojimexanizm kəsildikdən və immunolojireaktivliyinmüvəqqəti defekti aradan qalxdıqdan sonra tam sağalma baş verir. İnfeksion və xronoki xəstəliklərin, ilk növbədə immun cavabın immunopatoloji təsirinin və immunodefisitlərin inkişafının qarşısının alınması bir çox xəstəliklərin profilaktikasının ən vacib şərtlərindəndir [2,7].
İkincili immunodefisitlər problemində yalnız bir istiqamət göstərilə bilər. Bu, kəskin xəstəliklər keçirildikdən sonra, rekonvalessensiya immunodefisiti də adlandırmaq olar. Bu qrupda ən aktual və vacib şərtlər aşağıdakılardan ibarətdir: - ikincili immunodefisitin uzun müddətli mövcud olması və özünə məxsus xüsusiyyətləri. Bu törədicinin və ya hər hansı patologiyanın xüsusiyyətlərindən asılıdır: - əlavə immunotrop amillər olduqda, ikincili immunodefisitin uzun müddətli mövcud olması və onun xassələri [4].
İkincili immunodefisitlərin müvəqqəti davam etmə intervalı immun çatışmazlığın riskini göstərir. Bu hala təkrari kəskin xəstəliklər, xarici mühitin ekstremal, yaxud qeyri - ekstremal amilləri (ekoloji qeyri-əlverişsizlik) səbəb ola bilər [6].
Xarici mühitin qeyri - ekstremal, yaxud xroniki təsiri (ekoloji qeyri-əlverişsizlik), onun immun sisteminə tropizmindən asılı olaraq patologiyanın əmələ gəlməsinə, xüsusən rekonvalessent immunodefisitin müvəqqəti mövcudluğunun intervalının uzanmasına səbəb ola bilər. Hər bir halda immun çatışmazlığın, yaxud immunopatologiyanın inkişaf riski daha çox artır. Məsələn, qızılça, cüzam, vərəm, visserial leyşmanioz, infeksion mononukleoz immunitetin həm T-hüceyrə və həm də B-hüceyrə şaxələrini zəiflədir. Stafilokoklar, streptokoklar, salmonellalar, mikobakteriyalar, kandidalar və başqaları T-hüceyrələrin, B-hüceyrələrin və makrofaqların poliklonal aktivliyini supressiya edirlər [6].
Bakteriyaların immunotropluğu, yəni limfotropluqları, neyrotropluqları, hepatotropluqları və başqa struktur, requlyator, metabolistik xassələrini və onların digər əmələ gətirdikləri maddələrin sintezini pozur, kandidozun və başqa opportunistik xəstəliklərin inkişafına zəmin yaradır. Endotoksinlər və ekzotoksinlər immunokompetent hüceyrələrin strukturunu və funksiyalarını pozurlar. Epşteyn-Barr virusunun hüceyrə immunitetində əmələ gətirdiyi pozğunluq 250 günə qədər davam edir [3].
Mexaniki travmalar zamanı immun sistemdə baş verən dəyişkənliyi araşdırsaq tutaq ki, cərrahi müdaxilələrdən sonrakı dövrlərdə (7-60 gün müddətində) CD3, CD4, CD19, İgA, İgG-nin azalması, CD8-in artması müşahidə olunur və bu xəstələrin 57%-də infeksion fəsadların əmələ gəlməsinə səbəb olur. Cərrahi əməliyyatlardan 90-360 gün keçdikdən sonra, CD3, CD4, CD8-in miqdarı normaya düşür, CD19, İgA, İgG-nin miqdarı nəzərə çarpacaq dərəcədə artır. Bu dövrdə allergik xəstəliklərin miqdarı artır. Termiki travmalar, yəni yanıqlar nə qədər ağır olarsa bir o qədər CD3, CD4, CD19 miqdarı azalır, faqositoz pozulur, mikroorqanizmlərin adheziya qabiliyyəti artır, sekretorluq yüksəlir, udulma, miqrasiya azalır, neytrofillərin membranının keçiricilik qabiliyyəti pozulur [7].
Stres - limfopeniyaya səbəb olur, T və B limfositlərin qan dövranına miqrasiyası güclənir, qranulopoezin və B-limfopoetik aktivliyi müşahidə olunur. İmmunoqlobulinlərin (A,M,C) sintezi zəifləyir və hətta ola bilər ki, tamam kəsilir. Bu halda irinli-iltihabi proseslər və opportunist infeksiyalar, o cümlədən kandidoz inkişaf edə bilər. Bununla bərabər intensivliyi kiçik olan xarici mühitin qeyri-ekstremal amillərin immun sistemində təsiri ikincili immunodefisitlərin inkişafına səbəb ola bilər. Bunun üçün əsas şərt bu amillərin uzun müddətli, davamlı və fasiləsiz təsir etməsi vacibdir. Bu qrup immunodefisitlər mühitdən asılı ikincili immunodefisitlər adlanırlar. Bu qrupda ən aktual məsələ aşağıdakılardan ibarətdir: hər hansı müddət ərzində kiçik intensivli mühit amillərinin təsiri ikincili immunodefisitlərin əmələ gəlməsinə səbəb ola bilər və bu təsir göstərən amilin xüsusiyyətlərindən və təsir göstərmə müddətinin intervalından asılıdır [1,2].
Bununla əlaqədar olaraq, ikincili immunodefisitlərin formalaşmasına əsas səbəb, rekonvalessensiya dövrünə kiçik intensivli qeyri-əlverişli xarici mühit amillərinin ayrı-ayrı təbəqələrə bölünməsidir. İnfeksion xəstəliklərin törədiciləri immun sistem üçün daha təhlükəlidir. Bu kombinasiyalar immun çatışmazlığın əsasını təşkil edir. İmmunodefisitlərin əsas aspektlərindən biri də, kiçik intensivli xarici mühitin qeyri-əlverişli amillərilə immun sistemin qarşılıqlı təsiridir. Kiçik intensivli xarici mühit qeyri-əlverişli amillərinə immun sistemin qarşılıqlı təsirinin ən real vasitəçisi kimi metobolizmi göstərmək olar. Bütün struktur pozğunluqlar, son nəticədə metobolizm pozğunluqlarının nəticəsidir. Metobolizm də, öz növbəsində, hər şeydən əvvəl, enerji-plastik təchizatdan və tənzimedici proseslərdən asılıdır [4].
İstənilən populyasiyada xroniki patologiyalı xəstələr əsas yer tutur. Digər sistemlər kimi, immun sistem kimi də, hər bir xroniki patoloji proseslərdə mütləq iştirak edir. Lakin onun iştirakı müxtəlif dərəcələrdə təzahür edir. Patogenezin əsas hissəsi, onun komponentlərinə reaksiyalardan ibarətdir [3,7].
Bununla əlaqədar olaraq, əlavə faktorlar immun sistemdə struktur dəyişiklikləri yarada bilər və həmin konkret xəstəliyin patogenezini dəyişib, onu modifikasiya edərək gedişini dəyişdirə bilər. İmmun sistemin sərbəst struktur dəyişikliyi kimi qəbul olunan immunodefisit vəziyyət xroniki xəstəliklərin tərkib hissəsini təşkil edir və bir qayda olaraq, onların gedişini ağırlaşdırıb fəsadlar yarada bilər [6].
Medikamentoz immunodefisitlər də, ikincili immunodefisitlərə aiddir. Xroniki xəstələrdə olan patoloji prosesin müalicəsində və immun sistemin pozulmuş statusunun bərpa edilməsində dərman preparatlarından geniş istifadə edilir. Bu "immunodefisit" termini sərbəst halda işlədilməsi düzgün hesab edilə bilməz. Çünki, bu halda immun sistemində əmələ gələn pozğunluqlar xroniki xəstəliklərin patogenezinin bir hissəsini təşkil edir və bu pozğunluqlar xəstəliyin kəskinləşməsinə, proqnozun isə pisləşməsinə səbəb ola bilər. Qeyd edilməlidir ki, dərman preparatları ilə xroniki xəstəliklərin müalicəsi üçün istifadə edildiyinə görə, medikamentoz ikincili immunodefisitlərin ayrıca bir qrup şəklində götürülməsi yersiz hesab edilə bilər. Ona görə də patoloji prosesin və onun immun sistemində yaratdığı struktur pozğunluqları müalicə etmək məqsədilə istifadə edilən medikamentoz müalicə patogenezin immunoloji hissəsini təşkil edir [1, 2].
Fizioloji immunodefisitlər. Bu patologiyalara yaşdan asılı olaraq əmələ gələn immunodefisitlər aiddir. Bu, ikincili immunodefisitlərin xüsusiyyətləri ondan ibarətdir ki, immun sistemin (uşaq yaşlarından tam formalaşmaması, ahıl yaşlarında involyusiyası, hamiləlik və adaptasiya dövründə) gərginləşməsi immunodefisitlər üçün xarakter olan patologiyaların inkişafının risk dövrü hesab edilir. İmmun sistemində struktur dəyişikliklərin əmələ gəlməsində əsas amil orqanizmin fizioloji vəziyyətidir. İmmun sistemində yaranan struktur dəyişikliklərin uzun müddətli davam etməsi fizioloji vəziyyətin davamiyyət müddəti ilə əlaqədardır [6] .
Adaptasiyanın təsiri. Təbii - iqlim şəraitinin dəyişikliyinə adaptasiya immun sisteminin hüceyrə-tənzimedici potensialının total zəifləməsinə səbəb olur. Qanda leykositlərin ümumi miqdarının zəifləməsi neytrofillərin və monositlərin, yəni faqositozda real iştirak edən hüceyrələrin potensialının artmasına səbəb olur. Bu hala, keyfiyyət çatışmazlığı kompensasiyası kimi baxmaq olar. Çünki, qanın faqositar fəallığı proqressiv olaraq aşağı düşür və oksigendən asılı killinq zəifləyir. Daha acınacaqlı hal, humoral mübadilənin əsas spesefik anticismi olan İqG-nin miqdarının nəzərə çarpacaq dərəcədə azalmasıdır. Bu göstəricilərə əsasən belə nəticəyə gəlmək olar ki, təbii - iqlim zonasını dəyişən insanlarda vaksinoprofilaktikanın effektliyinin az olması infeksion xəstəliklərin və allergik reaksiyaların geniş yayılmasına səbəb olur [5].
Hamiləlik. Əvvəllər belə güman edilirdi ki, döl və ya rüşeym antigen quruluşuna görə inkişaf etməmişlər. Hazırda məlum olmuşdur ki, bölünmənin dördüncü-səkkizinci mərhələsindən başlayaraq, implantasion dövrün əvvəlinə kimi embrionun bütün toxumaları alloantigenlər kimi immunoloji rədd oluna bilər. Ana toxumalarını döldən ayıran sistem özünə məxsus antigen baryeri rolunu oynayır. Beləliklə, mayalanmış yumurta heceyrəsi inkişafın ilk mərhələsində ekspressiya olunmuş antigenləri ananın immun sistemi eləcə də plasenta və xüsusilə də trofoblast tərəfindən rədd edilməlidir. Bu sistem dölün antigenlərini öz səthinə kifayət qədər ekspressiya etmə qabiliyyətinə malik deyil. Hal-hazırda məlumdur ki, dölə məxsus olan ata genotipli antigenlər trofoblast hüceyrələrində yerləşir. Hamiləliyin normal gedişi, ananın və atanın antigenlərinin kifayət qədər heterogenliyindən asılıdır. QKQC genlərinin kişilərdə və qadınlarda ümumi olması dölün məhv olmasına səbəb olan amildir [1,4,7].
Hamiləlik zamanı immun sistemin bütün sahələrində dəyişiklik baş verir. Bu dəyişikliklərə ikincili dəyişikliklər kimi baxmaq olar. Onun səbəbi, yumurtahüceyrənin mayalanmasi anından, ananın hormonal spektrində dəyişikliklərin baş verməsi ilə başlanır. Hamiləlik dövründə fetoplasentar immun sistemin vahid mərkəzi orqanına çevrilir və immun sistemin dinamik dəyişikliklərinə cavabdeh olur. Riskin patologiyaya keçməsinin qarşısının alınmasında hamilə qadına ehtiyatlı davranmaq, yalnız həyati göstərişlər olduqda dərman preparatlarından minimal miqdarda istifadə etmək məsləhət görülür. Təsirli profilaktika üçün, hamiləlik baş verməzdən əvvəl, qadına, həmin yaşayış sahəsi üçün, aktual olan antigenlərlə tam keyfiyyətli vaksinasiyanın aparılması məsləhətdir. Həmçinin hamiləlik dövründə infeksion amillərlə və xarici mühitin aqressiv amillərilə qadının kontaktına nəzarət edilməlidir [1,5].
Hamiləlik dövründə qadının immun sisteminin funksional zəifləməsi və doğuş zamanı doğuş yollarında mikro və makro travmaların əmələ gəlməsi, doğuşdan sonra zahı qadınlarda bir sıra infeksiyaların, xüsusilə opportunist infeksiyaların inkişaf etməsinə səbəb ola bilər. Belə opportunist infeksiyalara Candida cinsindən olan şərti-patogen mayayabənzər göbələklərin də doğuşdan sonrakı patologiyaların inkişafında rolunu qeyd etmək vacibdir [2,6].
Doğuşdan sonrakı patologiyaların ən təhlükəlisi sepsisdir. Sepsis generalizasiya olunmuş şərti-patogen mikroorqanizmlər tərəfindən törədilən infeksiyadır və o, öz-ozunə sağalmayan patoloji prosesdir. Sepsis aşağıdakı dövrlər üzrə inkişaf edir: 1. İlkin dövr. Onun patogenezində mikrob intoksikasiyası əsas yer tutur. Kliniki olaraq yüksək temperatura ilə müşayət olunur. 2. Gecikmiş dövr. Patogenezində mikrobla bərabər prosesə çoxlu toxumalar qarışdığı üçün "toxuma" intoksikasiyası rol oynayır. Klinikasında yüksək temperatura müəyyən fasilələrlə baş verir. 3. Son dövr. Bu dövrdə ən çox trombo-hemorraqik sindrom müşahidə olunur [4].
Mikrobun qana daxilolma yollarından asılı olaraq sepsisin dəridən yoluxma, kriptogen, cərrahi əməliyyatdan sonra, doğuşdan sonra, abortdan sonra, tonzillogen, septiki endokordit və başqa formalar mövcuddur. Bakteriyanın sepsis törətməsinin əsas şərtləri aşağıdakılardır:
1.İmmundefisitlərin, yəni başlanğıc immunokomprementasiyanın olması;
2.Mikroorqanizmlərin həddindən artıq patogen olması;
3.Şərti-patogen floranın,o, cümlədən kandidaların generalizasiya olunmasıdır.
Bu şərtlərin əsasını təbii immunitetin (qeyri-spesefik) tükənməsi və adaptasion immunitetin (spesefik) adekvat reaksiyasının formalaşmaması təşkil edir. Nəticədə mikrobların çoxalma sürəti, spesifik immunitetin inkişaf sürətindən (adaptiv və təbii immunitetin balanslaşdırılmış qarşılıqlı təsiri) yüksək olur [3,4].
Sepsis xroniki və kəskin formalarda olur. Xroniki sepsis (zəif defisitli, periodik residivləşən) generalizasiya olunan infeksion xəstəlikdir. Bu zaman orqanlarda və toxumalarda görünən iltihabi ocaqlar ya heç olmur, ya da az olurlar. Lakin onların məhv edilməsi tam sağalma ilə nəticələnmir. Bəzi hallarda xroniki sepsis kəskin sepsisin başlanğıcı olur və bu halda o, ikincili xroniki sepsis adlanır. Digər təzahür edilən kəskin dövr olmur və xəstəlik birincili xroniki sepsis kimi inkişaf edir. Kəskin sepsis mikro və makroorqanizmin elə qarşılıqlı təsiridir ki, bu halda makroorqanizmin rezistentliyi və özünü müdafiə etmə qabiliyyəti təmamilə yox olur [5].
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1. Долгих В. Т. Основы иммунопатологии, Феникс, Ростов-на-Дону, 2007, с.119-158
2. Стефани Д. В., Вельтищев Ю. Е. Иммунология и иммунопатология, Москва, Медицина, 1996, с.88-170
3. Хаитов Р. М., Вторичные иммунодефициты: клиника, диагностика, лечение, 1999
4. Кирзон С. С. Клиническая иммунология и аллергология, М. : Медицина, 1990
5. Современные проблемы аллергологии, иммунологии и иммунофармакологии, М., 2002
6. Stiehm E.R. New and old immunodeficiencies. Ped. Res. 33(1 suppl.):2—8, 2013.
7.WHO Scientific Group: Primary immunodeficiency diseases. Immunodeficiency Rev. 3:195—236, 2002.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı