AĞCİYƏR XƏRÇƏNGİ ZAMANI ŞÜA TERAPİYASI
05-05-2017
Ağciyər xərçəngi ən çox rastgəlinən bədxassəli şişlərin sırasında olub onların 20-25%-ni təşkil edir. Bu patologiya kişilərdə qadınlara nisbətən dəfələrlə çox rast gəlinir.
Müalicə taktikasını seçmək üçün əsas amillərdən biri də törəmənin histoloji strukdurudur.
Onkoloji praktikada ağciyər xərçənginin 2 histoloji tipi ayırd edilir:
1.Qeyri kiçik hüceyrəli xərçəng – (yastı hüceyrəli xərçəng, adenokarsinoma, böyük hüceyrəli xərçəng)
2.Kiçik hüceyrəli xərçəng
Ağciyər şişlərinin 15-18%-ni kiçik hüceyrəli xərçəng, qalanını isə qeyri kiçik hüceyrəli xərçəng təşkil edir. [1]
Aparılan tədbirlərə baxmayaraq hazırda ağciyər xərçəngi daha çox gecikmiş mərhələlərdə aşkarlanır. Patoloji prosesin yayılması və yanaşı gedən ciddi xəstəliklər cərrahi müdaxiləni mümkünsüz edir. Ona görə də şüa terapiyası əsas müalicə növü kimi aparılır.
Qeyri kiçik hüceyrəli xərçəng şüaya bir o qədər də həssas deyil. Ağciyər xərçəngində şüa terapiyasının effektivliyini artırmaq üçün yeni təkmilləşmiş aparatların işə salınması, yeni fraksiyaların, radiosensibilizatorların tətbiqi şiş toxumasının selektiv zədələnməsini artırır və nəticədə radioterapevtik intervalı genisləndirir.
Uzun illər ağciyər xərçənginin şüa müalicəsində ənənəvi klassik fraksiyalar tətbiq edilib. Yəni BOD- 1,8-2,5 Qr olmaqla hər gün, həftədə 5 dəfə, COD- 60 QR-ə qədər. Bu şüalandırma rejimi ətraf birləşdirici toxumanın yaxşı postradiasion bərpasını təmin edir. Şüa müalicəsinin effektivliyini artırmaq üçün son illərdə mütəxəssislər yeni fraksiyaların axtarışındadırlar. Qeyri kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsində klassik rejimlə paralel böyüdülmüş (orta) 3-5 Qr, böyük (6Qr) fraksiyalarla yanaşı dinamiki, hiper- və ya multi-fraksiyalar da tətbiq olunur.
Dinamiki şüalanma rejimi orta fraksiyalardan dərhal sonra daha kiçik fraksiyaların tətbiqini nəzərdə tutur.
Gündəlik dozanı 2-3 fraksiyaya bölərək 4-5 saat fasilə ilə gün ərzində verilməsi multifraksiya adlanır və hazırda effektivliyi öyrənilir. [2]
Qeyri kiçik hüceyrəli ağciyər xərçənginin III stadiyasında ən uğurlu nəticə BOD-1,2 Qr, 6 saatdan bir gündə 2 dəfə, COD-69,6 Qr olmaqla alınır. 3 il yaşama müddəti 20%-ə çatır. [ 3]
Müxtəlif müəlliflərə əsasən COD 50 QR-dən 80 Qr-ə qədər ola bilər. Bu doza 5-8 həftə ərzində verilir. Bu seçim törəmənin histoloji strukdurundan asılıdır.
Yastıhüceyrəli xərçəng üçün COD 60-65 Qr, vəzili xərçəng üçün isə
COD 70-80 Qr təşkil edir. Müalicə məqsədilə statik və ya rotasion qamma terapiya və ya tormozlanmış şüalardan istifadə olunur.
Yüksək enerjili şüa mənbələrinin paylanma tendensiyası patoloji ocaqda yüksək doza, ətraf normal toxumalarda isə kiçik dozada şüalanma əldə etməyə imkan yaradır. Bu səbəb də şüa enerjisinin səmərəli tətbiqinə gətirib çıxarır.
Qarşımıza qoyduğumuz məqsədlərə əsasən ağciyər xərçənginin müalicəsi palliativ və radikal ola bilər.
Radikal məqsədlə aparılan şüa terapiyası şüalanan həcmdə şiş hüceyrələrinin hamısının letal zədələnməsini, uzunmüddətli və dayanıqlı nəticə əldə etməyi nəzərdə tutur.
Palliativ məqsədlə aparılan şüa terapiyası isə törəmənin ölçüsünün 2 dəfə kiçilməsinə və xəstənin ümumi vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır.
Radikal nəticə almaq üçün birincili törəmənin bütün həcmilə bərabər bronxopulmonal, kökətrafı, bifurkasion, traxeobronxial, paratraxeal limfatik düyünlər şüalanmalıdır. Sadaladığımız zonalar ağciyər törəməsi üçün metastazlar ehtimalı yaradan I-II-III etaplı limfogen zonalardır.
Hansı xəstələrə radikal müalicə aparılır?
Mərkəzi və ya periferik lokalizasiyadan asılı olmayan ilkin ocağın ölçülərinin I-III stadiyalara uyğun olan , bu və ya digər səbəbdən cərrahi müdaxilədən imtina edən və ya əks göstəriş olan xəstələr. Bu xəstələrə verilən COD 60-70 Qr-dən az olmamalıdır.
Bəs hansı xəstələrə palliativ müalicə aparılır?
Bu zaman COD 40 Qr-dən çox olmamalıdır.
1.Mərkəzi və ya periferik ağciyər xərçəngi, bütün divararalığı limfatik düyün qruplarına metastazlar;
2.Birincili şişin döş qəfəsi divarına geniş yayılması, divararalığı magistral damarların sıxılması, perikard və diafraqmaya sirayət etməsi;
3.Körpücüküstü limfatik zonada metastazların olması;
4.Residivlər;
5.Sınaq torakotomiya zamanı divararalığını təşkil edən toxumalarda geniş yayılmış metastazlar.
Xəstənin ümumi vəziyyətinin yaxşılaşması, şişin kəskin reqressiyası palliativ məqsədlə başlanan şüa müalicəsini sonradan radikal proqramla bitirməyə əsas verir .
Bəs hansı hadisələr şüa terapiyasına əks göstərişdir:
1.İlkin ocağın distruksiyası və ya dağılma ocaqları olan atelektaz;
2.Güclü qanhayxırma;
3.Yüksək temperatur müşahidə olunan pnevmonit;
4.Ağciyərlərdə çoxsaylı metastazlar;
5.Plevral boşluqda maye;
6.Limfangit;
7.Anemiya, leykopeniya, trombositopeniya ilə müşahidə olunan intoksikasiya;
8.Yeni keçirilmiş miokard infarktı;
9.Aktiv vərəm;
10.Ağır formalı şəkərli diabet;
11.Ürək-damar, qaraciyər və böyrək çatışmazlığının aşkar simptomatikası;
12.Psixi pozğunluqlar.
Sözsüz ki, ağciyər xərçəngi şüa terapiyasının effektivliyi prosesin yayılma dərəcəsindən şişin histoloji strukturundan, COD-dan və şüanın verilmə metodlarından asılıdır.
İlkin mərhələlərdə dayanıqlı remissiya əldə etmək mümkündür. Təxminən 50% xəstədə COD-nı 60 Qr klassik rejimlə verdiyimiz halda effekt əldə etmək olur.
Prosesin yayılma dərəcəsi müalicənin proqnozu üçün əsas amildir. [4]
Müxtəlif müəlliflərin (D. Dosoretz-1992, K. Kayakawe-1992, S. Rosenthal-1992, B. Kaskowitz-1993) verdiyi statistik göstəricilərə əsasən I-III mərhələli ağciyər xərçəngi olan xəstələrdə COD 60-80 Qr olduğu zaman 2 ildən az yaşayanlar 33-75% təşkil edir, 5 ildən az yaşama faizi isə 6-31%-dir. [5]
Şüa terapiyasının effektinə müasir fraksiyalaşdırma metodları təsir edir.
M. Saunders və S. Dische məlumatlarına əsasən qeyri kiçik hüceyrəli ağciyər xərçəngi ilə 12 gün ərzində COD 50,4 Qr, BOD 1,4 Qr olmaqla gündə 3 dəfə 6 saatdan bir şüalanan xəstələrdə - 1 il sağ qalanların sayı 64%, 2 il sağ qalanlar isə 32%-ə çatıb. (IIIa və IIIb mərhələləri) [6]
Sınaq torakotomiya aparılan xəstələrdə radikal şüa terapiyası aparmaq məqsədəuyğundur. Çünki 47,3% xəstələr 1 il, 28% 2 il, 15,4% 3 il yaşayıb.
COD artdıqca lokal residivlərin miqdarı kəskin azalır. COD 50 Qr-dən böyük olmadıqda 50%, COD 60 Qr-dən artıq olduqda 5% xəstədə lokal residivlər müşahidə olunur.
Deməli, ağciyər xərçənginin şüa terapiyasının imkanları tükənməyib. Ətraf normal toxumalar ilə şiş toxuması arasındakı fərqi müasir radiobiologiya elminin nailiyyətlərinə əsasən dəyişmək, yəni, radioterapevtik intervalı genişləndirməklə şüa müalicəsinin nəticələrini davamlı yaxşılaşdırmaq mümkündür. Bununla paralel şüa terspiyasının kimyəvi dərman preparatları ilə və immunostimulyatorlarla birgə istifadəsi daha da perspektivlidir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1. Əliyev C.Ə., İsayev İ. H. “ Bədxassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” . Bakı-2012 . səh. 489-492
3.Дарьялова С.Л., Бойко А,В., Черниченко А. В. Современные возможности лучевой терапии злокачественных опухалей // Рос.онк.журнал -2000.- № 1- стр.48-55
3.Cox J., Azarnia N., Byhardt R. et al. A randomized phase I / II trial of hyperfractionated radiation therapy with total doses of 60 Gy to 72.9 Gy., non-small lung carsinoma : Repot of Radiation Therapy Group 83-11// J. Clin. Oncol.-1990.-Vol. 8.- P. 1543-1555.
4.Hayakawa K., Mitsuhashi N., Furuta M. Et al. High- dose radiation therapy for inoperable non-small cell lung canser without mediastinal involvement ( clinical stage N0, N1 ) // Strahlenther. Oncol. – 1996. Vol. 172 (9) – P. 489-495.
5.Rozenthal S., Curran W. J., Herbert S. et al. Clinical stage II non-small cell lung canser treated with radiation therapy alone : The significance of clinically staged ipsilateral hilar adenopathy ( N l disease) // Canser (Philad.) -1992.-Vol. 70.-P. 2410-2417.
6.Saunders M., Dische S. Continuous, hyperfractionated, accelerated radiotherapy (CHART) in non-small cell carsinoma of the bronchus // Int. J. Radiat. Oncol. Biol. Phys. -1990.- Vol. 19.- P. 1211-1215.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı