MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA DƏRİ LEYŞMANİOZU OCAQLARINDA HÜNÜLƏRİN COĞRAFİ-BİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ EPİDEMİOLOJİ ƏHƏMİYYƏTİ
02-03-2017
Açar sözlər: parazitar xəstəliklər, transmissiv xəstəliklər, dəri leyşmaniozu, hünülər, flebotomus.
Ключевые слова: паразитарные болезни, трансмиссивный болезные, кожный лейшманиозы, москиты, флеботомус.
Keywords: parasitic disease, transmissible diseases, cutaneous leishmaniosis, mosquitoes, phlebotomy.
Leyşmaniozlar yüksək qızdırma, arıqlama, proqressiv anemiya, dalağın xeyli böyüməsi, dərinin bəzən selikli qişaların xoralaşması ilə nəticələnən transmissiv yoluxma mexanizminə malik parazitar xəstəlikdir[1]. Leyşmanioz xəstəliyinin keçirici amili hünülərdir. 1940-cı ildə ilk dəfə Swaminath, Shortt, Anderson Hindisdanda, Adler, Berr Fələstində l.donovani, l.tropikanın Phlebotomus cinsinə aid hünülər tərəfindən ötürüldü-yünü aşkarlamışdırlar [4].
Baxmayaraq ki, hünülərin dəqiq və ümumiləşdirilmiş təsnifatı indiyə qədər verilməmişdir, onlar köhnə dünyada yeni dünyaya nisbətən daha geniş öyrənilmişdir. Son zamanların ən geniş təsnifatı Qalatidə verilmişdir. Bu təsnifata görə hünülər 464 növdə, 22 cinsdə, 20 yarımcinsdə 3 qrupda, 28 sırada klassifikasiya olunmuşdur. Lakin leyşmanioz xəstəliyinin yayılmasına görə epidemioloji əhəmiyyət kəsb edən köhnə dünyada Phlebotomus, yeni dünyada isə Lutzomyia yarımcinsinə aid hünülərdir [5, 6].
Leyşmaniozların keçiriciləri haqqında müxtəlif ədəbiyyat materiallarının olmasına və bu keçiricilərlə əlaqədar yerli və xarici mütəxəsislər tərəfindən müxtəlif tədqiqatlar aparılmasına baxmayaraq bu sahədə həllini tapmamış müxtəlif suallar hələ də qalmaqdadır. Hünülərin biologiyasının (inkişafın bütün mərhələləri, qidalanması, yayılması, fəaliyyətin digər formaları) tədqiqi ilə leyşmaniozların epidemiologiyasının öyrənilməsi və hünülərə nəzarət sisteminin təşkil olunması arasında çox mürəkkəb əlaqə vardır. Bu həşəratların 800-ə yaxı növdən yalnız 93-ü leyşmaniozun ötürülməsində rol oynayır [4].
Azərbaycanda da bu sahədə aparılan tədqiqatların az olması və leyşmaniozun ölkəmizdə yetərincə geniş coğrafiyaya malik olması problemin geniş tədqiqinə zəmin yaradır. Azərbaycan Respublikası ərazisində dəri leyşmaniozunun endemik ərazilərinə həmişə rast gəlinmişdir. Ağdaş, Göyçay, Ağsu, İsmayıllı, Gəncə, Ucar, Şəki və digər regionlar dəri leyşmaniozu üçün endemik zonalar hesab olunur. Bu regionlardan mütamadi olaraq hər il dəri leyşmaniozu qeydə alınan Ağdaş və Göyçay rayonlarında hünlərin coğrafi-bioloji və epidemioloji xüsusiyyətlərini öyrənmişik.
Tədqiqat işləri Ağdaş rayonunda Aşağı Ləki, Bulaqotağı, Göyçay rayonunda isə Bığır, Qaraməryəm kəndlərində aparılmışdır. Tədqiqatlar ancaq yaşayış mənəqələrinin ərazisində aparılmışdır.
İşin məqsədi. Tədqiqatın əsas məqsədi hünülərin göstərilən regionlarda spesifik faunasını və ekologiyasını, fəsli dinamikasını, gündəlik aktivliyini, göstərilən ərazilərdə çoxluq təşkil edən hünülərin insanlara qarşı aqressivliyini, hünülərin ən çox həssaslıq göstərdiyi insektisidləri müəyyən etmək və nəticədə onlara qarşı effektiv mübarizə tədbirləri işləyib hazırlamaqdan ibarətdir.
Material və metodlar. Tədqiqatlarda eksqausterdən, yapışqanlı lentlərdən (bayraqcıqlardan), işıq tələlərindən, sınaq şüşələrindən, entomoloji iynələrdən, mikroskopdan, ekspress “Elisa” testlərdən, əşya şüşələrindən, Romonovski-Gimza məhlulundan, etil spirtindən, rəngləyici vasitələrdən, dezinfaldan, avtomaksdan istifadə olunmuşdur. Tədqiqatda əldə olunmuş mütləq və nisbi kəmiyyətlər, ekstensivlik və intensivlik göstəriciləri vasitəsilə hesablanması aparılmış və nəticələr müvafiq qrafik təsvirlərdə əks olunmuşdur.
Tədqiqat aparılan regionların hamısında demək olar ki işin prinsipi eyni olmuşdur. Yapışqanlı lentlərdən ölmüş halda hünülər entomoloji iynələr vasitəsilə götürülüb və 96%-li spirtlə doldurulmuş prabirkalara toplanmış və hünülərin növünü təyin etmək üçün istifadə olunmuşdur. Diri halda hünüləri toplamaq üçün eksqausterlə işıq tələlərindən hünülər toplanmışdır. Hünülərdən preparatlar hazırlamaq üçün tələlərdən götürülmüş hünülər efirlərdə dondurulur.
Nəticələr.Ağdaş rayonunda 25 ev və həyətyanı sahələrdə 120 nöqtədə, Göyçay rayonunda isə 20 ev və həyətyanı sahədə 100 nöqtədə müşahidələr aparılmışdır. Bu rayonlar eyni coğrafi regionda, Böyük qafqaz dağ silsiləsinin ətəyindəki Şirvan düzünda yerləşdiyi üçün fəsil dinamikasını müəyyən edərkən aparılan müşahidələr eyni nəticələnmişdir. Müəyyən olunmuşdur ki, hünülərin fəsli aktivliyi may ayının birinci 10 günlüyündə tədricən artmağa başlayır və avqust ayında maksimum həddə çatır. Oktyabr ayının ikinci on günlüyündən sonra isə hünülərin üçüş dinamikası müşahidə olunmur. Hünü növlərindən ən çox təsadüf edilən Ph.transcaucasicus, Ph.tobbi və Ph.papatasidə demək olar ki, fəsli dinamikası eyni intensivlikdə baş verir.
Göyçay və Ağdaş rayonları ərazisində hünülərin yaşayış məntəqələrindəki say intensivliyi müşahidə olunmuşdur. Tədqiqatlar Göyçay rayonunda Qaraməryəm Ağdaş rayonunda isə Aşağı Ləki kəndlərində aparılmışdır. Bunun üçün hər iki ünvanda 15 həyət evində və əkin sahələrində (parniklərdə), hərəsində 20-25 nöqtədə yapışqanlı lentlər qurulmuşdur. Lentlər evlərin həyətyanı sahələrində, parniklərə yaxın yerlərdə, zirzəmilərdə, ağacların aralarında, otaqlarda, toyuq və heyvan damlarında quraşdırılmışdır. Müşahidələr 5 gün davam etdirilmişdir. Sonra say intensivliyi nəzərdən keçirilmişdir. Eyni nöqtələrdə həmçinin hünülərin növ tərkibi öyrənilmişdir. Məlum olmuşdur ki, evlərin həyətlərində 31,16%(1200±100), zirzəmilərdə 20,77%(800±60), parniklərdə 25,97% (1000±90), otaqlarda 14,30%(550±60), damlarda 7,80%(300±40) hünüyə rast gəlinmişdir. Aşkarlanmış hünülərin ən çox miqdarı Ph.transcaucasicus (45,71%), Ph.tobbi (15,45%) və Ph.papatasinin(24,69%) payına düşür. 14,15% hününün növünü isə təyin etmək mümkün olmamışdır.
Şəkil 1. Ağdaş və Göyçay rayonunda hünülərin fəsli dinamikası.
Cədvəl № 1.
Ağdaş və Göyçay rayonunda yaşayış məntəqələrində hünülərin say intensivliyi.
|
Aşkarlanma nöqtələri |
|
||||
|
Həyətyanı sahə 1200±100 (31,16%), |
Parniklərin ətrafı 1000±90 (25,97%) |
Zirzəmilər 800±60 (20,77%) |
Otaqlar (14,30) 550±60 |
Damlar (7,80%) 300±40 |
Cəm |
Hünülərin növləri |
|
|
|
|
|
|
Ph.transcaucasicus |
560±50 |
480±40 |
350±80 |
220±50 |
150±30 |
≈1760 |
Ph.papatasi |
240±40 |
240±50 |
280±50 |
120±30 |
70±15 |
≈950 |
Ph.tobbi |
170±40 |
130±30 |
120±30 |
125±20 |
50±10 |
≈595 |
Digər növlər |
230±30 |
150±50 |
50±10 |
85±10 |
30±10 |
≈545 |
|
|
|
|
|
|
3850 |
Dəri leyşmaniozu ocaqlarında hünülərin növ tərkibi visseral leyşmanioz ocaqlarında olduğundan müəyyən qədər fərqlənir. Məsələn, bu ocaqlarda Ph.papatasinin say intensivliyi daha yüksəkdir. Bu həmin zonalarda hünülərin epidemioloji təhlükəliliyini artırır. Çünki, Ph.papatasi permissiv hünülərə aid edilir. Yəni ki, o nəinki bir növ paraziti, hətta bir neçə növ paraziti keçirə bilər. İkinci bir təhlükəli cəhəti ondan ibarətdir ki, Ph.papatasinin dişi fərdləri yumurta qoyma mərhələsində bir neçə dəfə qan sora bilirlər. Buda keçiricinin epidemioloji təhlükəliliyini artırır.
İnsektisidlərə qarşı həssaslığı öyrənmək üçün tədqiqatlar 80-ci illərdə bəzi müəlliflər tərəfindən aparılmışdır(2,3). Tədqiqat aparmaq üçün çipermetrin və deltametrinin preparatlarından istifadə olunmuşdur. Əvvəlcə müxtəlif qapalı otaqlarda süni işıqlandırıcı ekranlarla həşəratlar cəlb edilmişdir və ekran üzərində yetərincə hünülər (bu zaman digər həşəratlar da ekran üzərinə qona bilər) olduqda 15%, 25% və 35%-li çipermetrin emulsiyalarından 10l suya 60ml qatılaraq dezinfalla ekrana və otağa püsgürdülür. Təqribən 100m² sahə işlənmişdir. 2-3 saat gözlədikdən sonra nəticələr müqayisə olunur. Müqayisələr zamanı təqribən 25% və 35%-li çipermetrin məhlulu ilə 100%, 15%-li məhlulla isə 80% nəticə əldə edilmişdir. İstifadədən sonra təsir müddəti 3-4 həftə olur. Deltametrinin 1%, 2,5%, 3,5%-li məhlullarından istifadə edilmişdir. Bunun üçün hər üç qatılıqlı məhluldan 100ml götürülərək 10 l suya qatılaraq işçi məhlul düzəldilib təqribən 100 m² sahə işlənmişdir. İstifadə zamanı 1% və 2,5%-li məhlullarda 60%, 3,5%-li məhlulda isə 80% nəticə əldə edilmişdir. İşlənmədən sonra 1-2 həftə təsiri qalmışdır.
Lakin bu ocaqlarda hünülərin say intensivliyi çox olduğu üçün və xəstələnmə hadisələri visseral leyşmanioza nisbətən epidemik alovlanmalar şəkilində baş verdiyi üçün, daha aqressiv xüsusiyyətli insektisidlərdən yaşayış olmayan yerlərdə məsələn, böyük ölçülü zirzəmilərdə, xarabalıqlarda, yaşayış olmayan tikililərdə 2%, 3%, 4%-li malation məhlulundan istifadə daha məqsədəuyğundur. Çünki bu preparatın istifadəsindən sonra 100% letallıq əldə edilmiş və təsir müddəti 3-5 ay davam etmişdir.
Müzakirələr. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur :
- Göstərilən regionda epidemioloji əhəmiyyətli hünülərin əksər hissəsi Ph.transcaucasicus (45,71%), Ph.tobbi (15,45%) və Ph.papatasinin(24,69%) və s növlərin payına düşür.
- Hünülərin fəsli dinamikası əsasən may ayından oktyabr aylarına kimi təqribən 6 ay çəkir.
- Yaşayı məntəqələrində hünülər əsasən evlərin həyətlərində, zirzəmilərdə, parniklərdə, otaqlarda, damlarda daha çox toplaşır.
- Əksepidemik tədbirlər aparılarkən yaşayış məntəqələrində 25%-li çipermetrinin istifadəsi daha məqsədəuyğun hesab edilmişdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Vəliyev Ə. İnfeksion xəstəliklər erkən diferensial diaqnozu. Bakı, 2003, s.447-451.
2.Гаджибекова Э.А. “Экология москитов в очаге висцерального лейшманиоза и обоснование тактики борьбы с ними”. Баку-1986, стр. 2-4.
3.Фарамазов А.З. “Иммунологическая структура населения и заболеваемость висцеральным лейшма-ниозам”. Баку-1987. стр.23-26
4.Доклад на заседании Комитета экспертов ВОЗ по борьбе с лейшманиозом, Женева, 22–26 марта 2010 года.
5.Young, D.G. and M.A. Duncan, 1994. Guide to the Identification and Geographic distribution of Lutzomyia sand flies in Mexico, the West Indies, Central and South America (Diptera: Psychodidae). Mem.American Entomol. Inst., 54: 1–881.
6.4 Galati, 2003 E.A.B. Galati, Classificação de Phlebotominae. In: E.F. Rangel and R. Lainson, Editors, Flebotomíneos do Brasil, FIOCRUZ, Rio de Janeiro (2003), pp. p.23–51.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı