QADINLARIN BOKS MƏŞQLƏRİ ZAMANI FİZİOLOJİ XÜSUSİYYƏTLƏRİN NƏZƏRƏ ALINMASI

06-07-2017

Qadın boksu son illər bir çox ölkələrdə geniş vüsət alan idman növlərindəndir ki, onun populyarlıq səviyyəsinin nə dərəcədə olmasını, artıq Olimpiya Oyunları proqramına daxil edilməsi də sübuta yetirə bilər. Bu idman növünün qadınlar üçün həddən artıq mürəkkəb və çətin olmasına baxmayaraq, onunla məşğul olanların sayı durmadan artır.

Qadın boksunda fizioloji xüsusiyyətlərdən danışanda, sözsüz ki, ilk növbədə qadın idmançının orqanizminin özünəməxsusluğunu qeyd etmək lazımdır. Cinsi fərqlərin fizioloji xüsusiyyətləri özünü funksional göstəricilərdən başlayaraq, idmançının fiziki iş görmə qabiliyyətinə qədər öz əksini tapır. Boks idmanında xüsusi hərəkətlərin yerinə yetirilməsi məhz bu amillərin sayəsində çətinləşdirilir və bu da idmançı qadınlardan xüsusi dözümlülüyün, sürətin, qüvvə qabiliyyətinin üstünlüyünü, bərpa olunma prosesinin xarakterinin dəyişməsini tələb edir [5, 20].

Dünya ölkələrinin çoxunda qadınların şərq təkmübarizlik idman növlərində nəticələrinin olduqca yüksək artımı baş verir və inkişaf perspektivləri də yüksəkdir. Qadın idmanı nəzəriyyəsinə aid fundamental işlərdə, həmçinin ayrı-ayrı idman növlərində aparılan elmi-tədqiqat işlərində qadın idmançıların təlim-məşq prosesinin qurulmasının xüsusiyyətlərinin ümumi prinsiplərini qeyd etməyə imkan verir. Bu prinsiplər qadın idmanının tanınmış mütəxəssisi L.P.Fyodorov tərəfindən dəqiq göstərilmişdir. Bunlara:

-İdmana yararlığın vaxtında müəyyən edilməsi;
-İdmançıların yüksək idman nailiyyətləri əldə etmək üçün tələb olunan əsas fiziki, mənəvi-psixoloji keyfiyyətlərinin səmərəli və dönməz inkişafı;
-Sürət-qüvvə potensialını artırmaq səbəbindən ümumi və xüsusi fiziki hazırlıq bazasının yaradılması;
-Qadın orqanizminin yaş xüsusiyyətlərindən asılı olaraq fiziki keyfiyyətlərin istifadə edilməsinin faydalı effektinin nəzərə alınması;
-Məşq yükünün son imkan həddinə qədər tədricən və variativ şəkildə artırılması;
-İdmançı qadınların orqanizminin gərgin yarış və məşq fəaliyyətinə uyğunlaşması;
-Menstrul dövr əsasında məşq planlarının qurulması və ovarial-menstrual tsiklin fazalarının xüsusiyyətini nəzərə alaraq, onun məzmununun dəyişməsi;
-Müntəzəm və kompleksli nəzarət sisteminin vacibliyi.

İdmançı qadınların təlim-məşq prosesinin məzmun və strukturunun uyğunlaşdırıl-masının əsas nəzəri-metodoloji vəziyyətini səciyyələndirərək, belə bir qənaətə gəlmək lazımdır ki, qadınların iş qabiliyyəti və funksional imkanları kişilərə nisbətən aşağıdır [23].

V.P.Karpmanın məlumatına görə, qadınların PWC 170 testi ilə müəyyən olunan fiziki iş qabiliyyəti kişilərin fiziki iş qabiliyyətinin təxminən 60 – 70%-ni təşkil edir. İşlərin bütün növlərində qadınlar kişilərdən yükün həcminə görə geri qalırlar, amma gərgin, yüksək intesivlikli işdə 90 – 100% çinslər arası maksimal dözümlülüyün fərqi müşahidə olunmur. Başqa hallarda fərq yalnız enerji təminatın effektivliyində olur. Buna da səbəb onların faydalı iş əmsalının (FİƏ) az olmasıdır. Bu ilk növbədə ürək-damar və tənəffüs sistemlərinin xüsusiyyətləri ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, bu problemlə məşğul olan tədqiqatçıların çoxu öz diqqətini məşq prosesinin mezosikllər çərcivəsində idmançıların hazırlığının tibbi-bioloji aspektlərinə yönəldirlər. Bu da ovarial-mentsrual sikllərin (OMS) təsiri ilə şərtləndirilmişdir. Bu müxtəlif idman növlərində OMS-nin fazalarının təsiri altında qadın-idmançıların işləmə qabiliyyətinin dinamikasının tədqiqatlarına gətirib çıxarmışdir [4, 12, 16].

Əksinə olaraq, Vaysexovskiy belə hesab edir ki, qadın-idmançılara menstruasiya dövründə məşqləri məhdudlaşdırmaq və yaxud tam qadağan etmək lazımdır. O belə hesab edir ki, idman fəaliyyətinin orqanizmə mənfi təsiri məhz OMS-nin bu fazasında daha üstündür [12].

Digər bir qrup alimlər belə hesab edirlər ki, dərəcəli qadın-idmançıların menstrual fazada məşq və yarışlarda iştirakı mümkündür [13].

Alimlər OMS-nin hər bir fazasında orqanizmin fərdi xüsusiyyətlrini nəzərə almağın vacibliyini qeyd edirlər [14]. Məşqçilərin əksəriyyəti (9,7%) bu cəhətləri nəzərə almır, təkcə 3% öz yetirmələrininin OMS-in fazalarının qeydiyyatını aparırlar.

Demək olar ki, əgər tədqiq etdiyimiz qadınların OMS-nin müxtəlif fazalarında işləmə qabiliyyətinin göstəricilərinə diqqət yetirsək, onda qadın idmançıların hazırlığının planlaşdırılmasına belə yanaşma məntiqə əsaslandırılmalıdır. Belə ki, Hollandiya atleti F.Blankers-Kun menstruasiya vaxtı yeddi dəfə dünya rekordu təyin etmişdir.

Güləşdə bioloji ritmin cüdoçuların işgörmə qabiliyyətinə və funksional vəziyyətinə təsiri Rus alimi A.V.İvanov tərəfindən tədqiq olunmuşdur [12, 21]. Müəllif təlim-məşq proqramını tərtib edərkən mezosiklləri qadın orqanizmi üçün bioritmləri dörd mikrosikllərə (MKS) bölmüşdür. Xüsusi MKS-nın 27-28-ci günləri OMS-nin 1-5-ci günləri ilə, birinci MKS - OMS-nin 6-12-ci günləri ilə, bərpa olunma MKS – OMS-nin 13-17-ci günləri ilə, hazırlığın ikinci MKS - OMS-nin 18-26-ci günləri ilə üst-üstə düşür (OMS-nin 27-28 günlük müddətində).

Hazırlığın birinci MKS-nin vəzifəsi - xüsusi və sürət dözümlüyün, sürət, qüvvə, sürət-qüvvə, partlayış gücün, hərəki müvazinət kimi fiziki keyfiyyətlərin sonrakı inkişafıdır. Bununla belə, ayrı-ayrı makrosikldə bir və ya bir neçə dəqiq vəzifələr həll olunur. Məsələn, sürət-qüvvə hazırlığın inkişafı və yaxud qarşıdan gələn yarış şəraitinin modelləşdirilməsi və s. Qarşıya qoyulmuş vəzifə birinci zərbəli makrosikldə əsas istifadə olunan əsas metodların seçimini qabaqcadan müəyyən edir. Bunlar təkrar, dəyişən, intervalla, yarış, dairəvi metodlardır. 12-ci məşq gününün sonuna qadın orqanizmində funksional vəziyyətə təsir edən dəyişikliklər əmələ gəlir. Aylıq ritmin ovulyar fazasının yaxınlaşması ilə qadın-idmançının əsas fiziki keyfiyyətlərinin səviyyəsi aşağı düşür. Bərpa olunma makrosiklin qurulması nəticəsində bu dəyişikliklər idmançı-qadınların orqanizminin işgörmə qabiliyyətinin funksional vəziyyətini əks etdirir. Bu sikl ümumi dözümlüyün inkişafını, lokal əzələlərin işləməsini, psixoloji davamlılığın tərbiyə olunmasını ehtimal edir. Bərpaolunma MKS-si öz tərkibinə az və orta yük həcmli beş məşq gününü daxil edir. Əsas məşq metodları: bərabərlik və oyun metodlarıdır [3, 8].

Mezosiklə daxil olunan sonuncu mikrosikl 18-ci məşq günü başlayır və 25-26-ci məşq günlərinə kimi davam edir. O hazırlığın ikinci MKS adlanır və birinci MKS ilə müəyyən yük ölcülərinin cəmi ilə oxşardır. Bu da, siklin uzun müddətdə keçməyi ilə (8-9 gün) izah olunur. Yükün intensivliyi böyükdür, ürək vurğularının sayı (ÜVS) 192+10 vur/dəq qədərdir. Məşq yükünün nisbi həcmi mezosiklin bütün yükünün 42-43% təşkil edir. Məşqin əsas metodları: təkrar, interval, dairəvi və yarış metodlarıdır.

Qadın-idmançıların hazırlığının müxtəlif amillərin fundamental tədqiqi ilə V.Q.Manolaki məşğul olmuşdu [14]. O, qadın orqanizminin əsas xüsusiyyətlərini öyrənərək qadın-idmançıların fiziki və texniki hazırlığının strukturu və kişi-idmançıların eyni strukturu arasında fərqləri müəyyən etmişdir. Müəyyən edilmiş bu fərqlər əsasında müəllif olduqca əsaslanlandırılmış və böyük həcmli qadın idman hazırlığı metodlarını tərtib etmişdir. Bu metodla müəllif qadın-idmançıların xüsusi fiziki hazırlğının xüsusiyyətlərini, texniki-taktiki ustalığını təkmilləşdirmə yollarını, qadın idmançıların hazırlığına əsas pedaqoji nəzarət amillərini, qadın idmançıların möhtəbər yarışlara hazırlığının xüsusiyyətlərini müəyyən etmişdir.

Qadının bədəninin ölcülərində kişilərdən fərqli olaraq kiçik olur, boyları 12 sm qısadır, çəkiləri 10-15 kq azdır, əl və ayaqları 10% qısadır. Kişi və qadın bədənini təşkil edən ayrı-ayrı tərkib hissələrinin çəkisini fərqlənir: sümüklərin çəkisi qadınlarda orta hesabla 16%, kişilərdə 18% təşkil edir; əzələ komponenti qadınlarda 36% və kişilərdə muvafiq olaraq 42% təşkil edir (kişi-idmançılarda bu 60%-ə qədər çata bilər); Piy qatı qadınların bədənində 18%, kişilərdə isə 12% təşkil edir [8].

İdmanla fəal məşğul olan qadınlarda boy və çəkisinin ölcülərinin göstəriciləri piy qatının ölcüləri az olmaqla daha fərqlidir [15]. Bilindiyi kimi qadın və kişi orqanizmləri həmcinin dayaq-hərəkət aparatın ayrı-ayrı hissələlərinin inkişafı ilə də seçilirlər.

Qadınlarda döş qəfəsi kişilərdən fərqli olaraq dar və qısadır. Bu səbəbdən də ağçiyərlərin həyat tutumu (AHT) həcmi azdır. Müşahidələr göstərir ki, sümüklərin bütün birləşmələrində oynaqlara, sindezmozlara və yaxud sinxondrozlara rast gəlirik və çox qadınlarda hərəkətlilik orta hesabla kişilərdən daha böyükdür. Bu oynaqların asan açılması ilə bağlıdır. Bu da estroqenlərin impreqnasiyası ilə izah olunur. Fəqərənin yaxşı hərəkətliliyə və oynaq aparatının elastikliyi ilə bağlaı olaraq qadınlarda hərəkətin amplitudası və çevikliyi olduqca böyükdür [16].

Əzələ sistemidə qadınlarda müəyyən xüsusiyyətlərə kişilərdən fərqlənir. Bu ilk növbədə bədən əzələlərinin ümumi inkişafı ilə bağlıdır. Qadınlarda gücünün az olması əzələlərin nazik və onların qatlarının arasında piyin çox olması ilə bağlıdır. Lakin bununla yanaşı kişilərdən əzələ qüvvəsinə görə geri qalan qadınlar hərə­kətlərin dəqiqliyində və müvazinətində onlardan üstündürlər. Qadınların bədənində dərialtı piy qatları bədənin çəkisinin 28%-i təşkil edir (kişilərdə bu 16%-dir). Bu da onunla izah olunur ki, qadınlarda turşulaşma prosesləri, yəni piyin «yanması» zəifdir və bu da qadın orqanizminin menstrual və hamiləlik dövründə böyük həcmə malikdir, enerjinin sərfiyyatı ilə bağlı olaraq müdafiə xüsusiyyətini daşıyır.

Qadınların ürək-damar və tənəffüs sistemləri də kişi orqanizmindən fərqlənir. Qadının ürəyi kicçik həcmə malikdir, çəki və boşluqların ölçülərinə görə kişidən 15% kiçik olmağı ilə fərqlənir. Buna görə də yığılma zamanı damarlara az həcmdə qan vurulur, urək əzələsinin artımı isə çox olur. İdmançı qadınların 48%-də ürəyin ölcülərində morfoloji dəyişikliklər olmur, sol mədəciyin işçi hipertrofiyası 42%, mədəçiklərin ikisində də qadın idmançıların 10%-də rast gəlmək olar [8, 9].

Tənəffüs aparatının quruluşu və funksiyalarını da xarakterizə edən bəzi xüsusiyyətlər qadınlarda fərqlidir. Qadınlarda tənəffüsün tezliyi böyükdür (1 dəq. 20-24 dəfə), nəfəsvermənin dərinliyi, ağciyərin ventilyasiyası və həyat tutumu kiçikdir. Qadınlarda kişilərdən fərqli olaraq döş tənəffüsü mövcuddur [22].

Yuxarıda sadalananları ümumiləşdirərək, belə bir qənaətə gəlmə olar ki:

-Qadın boksçuların təlim məşq prosesinin təşkili zamanı yaş göstəriciləri xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Əlalxüsüs yeniyetmə və gənc qızlara məşq yüklərinin verilməsi zamanı məşqçilər çox diqqətli olmalıdırlar. Çünki, cinsi yetişkənlik dövrü orqanizmdə əsaslı dəyişikliklər baş verir.

-Yaş göstəriciləri ilə bərabər, qadın boksçularla məşqlərin keçirilmə­sində çəki dərəcələrinin də nəzərə alınması məqsədə uyğundur. Bu zaman fərdi yanaşma prinsipindən istifadə edilməlidir. Yuxarı çəkili qadınlar üçün minimum olan yük həddi, aşağı çəkidə olanlar üçün maksimum və ya hüdud yük ola bilər.

-Kişilərlə müqayisədə qadınların psixologiyasında kifayət qədər həssaslıq nəzərə çarpır. Məhz bu baxımdan onların yarışlara hazırlığı zamanı bu məqamı da unutmaq olmaz. Psixoloji durumda yarana bilən ani bir nizamlıq, idman nəticələrin kəskin azalması ilə nəticələnə bilər.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1. Abdullayev N.S. “Yeniyetmə və gənc boksçuların məşq metodikası”. Bakı-2007, səh 91.

2. Abiyev A.Q., Babanlı T.X., Hüseynov E.A. “Boks” dərslik. Bakı-2006, səh 295.

3. Babanlı T.X. “Boksçuların psixoloji-emosional halın təzahürü və nizamlanma xüsusiyyətləri”. Bakı-1998, səh 75.

4. Cəbrayılov Q.M. “Boks məşqlərinin metodiki əsasları”. Dərs vəsaiti. Bakı-2014, səh 175.

5. Əbiyev Q.Ş. “Boksçuların məşq yüklərinin fizioloji əsasları”. Tədris-metodik vəsait. Bakı-2013.

6. Əbiyev Q.Ş. “Yeniyetmə boksçuların məşqinin fizioloji xüsusiyyətləri. Tədris metodik vəsait. Bakı-2011, səh 185.

7. Hüseynov E.A. “Qadın boksu”. Bakı-2011, səh 42.

8. Qayıbov R.H. “İdman fiziologiya” dərslik. Bakı-2005, səh 193.

9. «Бей первой леди» (по материалам зарубежной печати) //Спорт зарубежом, 2001, № 1.

10. «Диалог о боевых искусствах востока», В. Фомин, И. Линдер. Москва, «Молодая гвардия», 2002 г, стр 70.

11. Вот так «слабый пол» (по материалам зарубежной печати) //Спорт зарубежом,2000,№ 24.

12. Гуммель М. Спортивная деятельность и эмансипация женщин: Материалы Всемирного научного конгресса «Спорт в современном обществе » М., 2004, стр 54.

13. Йонес Ш. Различия в физиологии и клинике перетренированности у мужчин и у женщин: - М.: Медгиз, 2001, стр 125.

14. Коц Я.М. физиологические особенности спортивной тренировки женщин. В кн.: Спортивная физиология. - М.: ФиС, 2002, стр 207.

15. Максимова В., Семенов Г. Не так уж слаб этот «слабый пол» //Спорт за рубежом 2003, № 13, стр 45.

16. Планирование и построение спортивной тренировки /Под общ. ред. Л.П. Матвеева. - М.: ГЦОЛИФК. 2001, стр 99.

17. Проблемы женского спорта. В кн.: Всемирный научный конгресс «Спорт в современном обществе». М., 2004, стр 115.

18. Проблемы женского спорта. В кн.: Всемирный научный конгресс «Спорт в современном обществе», Тбилиси, 2005, стр 132.

19. Радзиевский А. Р. Биологические аспекты построения тренировочного процесса в женских видах спорта. //Материалы международного конгресса «Современный Олимпийский спорт», - Киев: КГИФК, 2003, стр 145.

20. Федоров Л. П. Состояние и перспективы исследования актуальных проблем женского спорта //Теория и практика физической культуры, 2004, №10, 198.

21. Chatterjee, P., Banerjee, A. K., Majumdar, P., & Chatterjee, P.  Oxygen consumption, heart rate and blood lactate response during sparring on women boxers. International Journal of Applied Sports Sciences, (2005). 17(2), 9-16.

22. Constantini, N. W., Dubnov, G., & Lebrun, C. M. The menstrual cycle and sport performance. Clinical Sports Medicine, (2005). 24(2), e51-82.

23. Kumar A, Manisha, Kumar, Rajesh. VO2max and hemodynamic profile of woman boxers. Journal of Exercise Science and Physiotherapy Volume 8 Issue 2 (Dec 2012)

24. Trutschnigg B, Chong C, Habermayerova L, et al. Female boxers have high bone mineral density despite low body fat mass, high energy expenditure, and a high incidence of oligo menorrhea. Applied Physiology, Nutrition and Metabolism. 2008; 33(5)

25. Zupan MF, Arata AW, Dawson LH, et al. Wingate anaerobic test peak power and anaerobic capacity classifications for men and women inter collegiate athletes. Journal of Strength conditioning research. 2009; 23 (9).


Müəlliflər:
F.F. Rəsulova
Q.Ş. Əbiyev

Digər jurnal və qəzetlər