QARACİYƏR İŞEMİYASI MÜDDƏTİNDƏN VƏ HEPATOSİTLƏRDƏ OKSİDATİV STRESSİN İNTENSİVLİYİNDƏN ASILI OLARAQ TOXUMA STRUKTURUNDA GEDƏN DƏYİŞİKLİKLƏR
24-07-2017
Qaraciyərin xərçəngi, sirrozu və digər patologiyaları mövcuddur ki, onların radikal müalicəsi qaraciyər transplantasiyası ilə mümkündür [1, 2, 3]. Transplantalo-giyanın vüsətli inkişafı ilə bağlı olaraq bu gün dünyanın əksər ölkələrində qaraciyərin köçürülməsi uğurla həyata keçirilir [4, 5]. Lakin əldə olunan nailiyyətlərlə yanaşı qaraciyər köçürülməsi zamanı əməliyyatın nəticələrinə neqativ təsir göstərən bir sıra problemlər ortaya çıxır ki, onların araşdırılması transplantalogiyanın prioritet sahələrindən birinə çevrilmişdir [6, 7].
Aydınlaşdırılması vacib olan amillərdən biri də qaraciyərin işemiya uğradığı müddətdə (əməliyyat müddətində) ortaya çıxan fəsadların patogenezidir.
Tədqiqatın məqsədi:Qaraciyərin işemiya müddətindən asılı olaraq hepatositlərdə yaranmış oksidativ stressin qaraciyər strukturuna təsirinin öyrənilməsidir.
Material və metodlar: Tədqiqatlar cinsi xətti bəlli olmayan 20 baş ağ siçovul üzərində aparılmışdır. Onlar hər birində 5 baş olmaqla 4 qrupa bölünmüşdür. I qrupa daxil olanlar intakt vəziyyətində, II-IV qruplara daxil olanlarda isə qaraciyərin işemiyası modeli yaradıldıqdan sonra müayinələr aparılmışdır. Model yaradıldıqdan 5 dəqiqə sonra cansızlaşdırılmış ağ siçovullar II, 15 dəqiqə sonra III 30 dəqiqə sonra IV qrupa daxil edilmişdir.
Qaraciyərin işemiyası modelini yaratmaq üçün təcrübə heyvanlarına inhaliasion efir narkozu verilmiş və tam ağrısızlaşdırma şəraitində orta kəsiklə qarın boşluğu açılmışdır. Qaraciyərə daxil olan arteriyanın sağ şaxəsi mobilizasiya edilərək liqaturaya alınmışdır.
Təcrübənin sonunda qaraciyər qarın boşluğundan çıxarılaraq Pertri kasasına qoyularaq fizioloji məhlulla yuyulmuşdur. Sonra xırda-xırda doğranaraq homogenat hazırlanmışdır. Homogenat fizioloji məhlulla 1:3 nisbətində durulaşdırılaraq oksidativ stresin markerləri: hidrogen peroksidinin (H2O2), malon dialdehidinin (MDA), diyen konyuqantlarının (DK) qatılığı təyin edilmişdir. H2O2-nin qatılığı Graf, Renniston (1980), DK-nın qatılığı İ.D.Stalnaya (1997), MDA-nın qatılığı isə Uchijama və Michara (1978) üsulu ilə təyin edilmişdir.
Qaraciyərdən götürülən tikələrdən hazırlanmış preparatlarda toxuma strukturunda baş vermiş dəyişikliklər, o cümlədən: hepatositlərin distrofik və nekrobiotik dəyişikliklərinin dərəcələri, portal triada və v. sentralisin vəziyyəti, portal traktın iltihabı hüceyrə infiltrasiyasının dərəcələri, retikulyar liflərin zədələnmə dərəcələrii öyrənilmişdir.
Aparılan müayinələrdən alınmış kəmiyyət göstəriciləri müasir tövsiyələri nəzərə [II] almaqla Uilkokson Manna-Uitinin qeyri parametrik üsulu ilə statistik işlənilmişdir.
Nəticə.
İntakt qrupunda qaraciyər toxumasında H2O2-nin qatılığı 2,1-2,9 ş.v., DK-nın qatılığı 1,39-1,45 E/ml, MDA-nın qatılığı isə 1,50-1,63 nmol/mq civarında dəyişmişdir. Orta qatılıq isə müvafiq olaraq 0,46±0,14 ş.v.-ə, 1,418±0,011 E/ml-ə və 1,55±0,02 nmol/mq-a bərabər olmuşdur.
Mikroskopik olaraq intakt vəziyyətə uyğun mənzərə müşahidə edilmişdir. Qaraciyər paycıqlarını təşkil edən hepatositlər bir-biri ilə anastomozlar əmələ gətirərək tirlər şəklində mərkəzi venadan radiar istiqamətdə yerləşmişdir. Onların arasında aydın seçilən öd kanalcıqları və sinusoidlər ayırd edilir. Sinusoidlərin divarı sinusoidal hüceyrələrdən (endoteliositlər, ulduzabənzər retikuloendoteliositlər, lipositlər və piy hüceyrələri) təşkil olunmuşdur. Onların divarı və qaraciyər səhifələri arasında olan perisinusoidal boşluq (Disse boşluğu) retikulyar liflərlə örtüldüyündən aydın görünmür (şəkil 1). Bundan fərqli olaraq portal trakt və onun ətrafında olan ara və periportal hissələr aydın görünür. Onlar qaraciyərin funksional vahidi olan asinusun mərkəzində yerləşir. Bu sahədə hepatositlər poliqonal formalı olub, diametrləri 13-30 mkm arasındadır. Hepatositlərin bazolaterial səthi perisinusoidal boşluğa tərəf olub çoxlu miqdarda mitoxondriləri olan perisinusoidal və parasellülar hissələri vardır.
Şək.1. İntakt vəziyyətdə olan qaraciyər toxuması. Boyaq: Hematoksilin-eozin. x 400.
II qrupa daxil olan təcrübə heyvanlarının qaraciyər toxumasından hazırlanmış homoge-natda hidrogen peroksidinin qatılığı intakt vəziyyətlə müqayisədə 22%, DK-nın qatılığı 4,7%, MDA-nın qatılığı isə 6,4% yüksəlmişdir (cədvəl 1). Oksidativ stresin markerlərinin qatılığının artmasına baxmayaraq qaraciyərin strukturunda elə də ciddi dəyişiklik aşkar edilməmişdir. Intakt vəziyyətdə olduğu kimi 5 dəqiqə müddətində işemiya uğradılmış qaraciyər toxumasında hepatositlər bir-biri ilə anastomozlar əmələ gətirərək qaraciyər tirləri şəkilində mərkəzi venadan radiar istiqamətdə yerləşmişlər. Lakin intakt vəziyyətdən fərqli olaraq tirlərlə hepatositlər arasında əlaqələr bir qədər zəifləmişdir ki, bu da boşluqların əmələ gəlməsinə, sinusoidlər və Disse boşluğunun genişlənməsinə səbəb olmuşdur.
III qrupa daxil olan təcrübə heyvanlarının qaraciyərindən hazırlanmış homogenatda H2O2-nin qatılığı intakt vəziyyətlə müqayisədə daha çox 36,6% (p<0,01) artmışdır. DK-nın və MDA-nın qatılıqlarında da nəzərə çarpan dəyişikliklər qeydə alınmışdır (cədvəl 1). Belə ki, intakt vəziyyətlə müqayisədə homogenatda diyen konyuqantlarının qatılığı 17,6%, MDA-nın qatılığı isə 16% artmışdır.
Buna müvafiq olaraq qaraciyər toxumasında da diqqəti cəlb edən dəyişikliklər müşahidə edilmişdir. Düzdür işemiyanın 15-ci dəqiqəsi olmağına baxmayaraq hepatositlərin ümumi görünüşü intakt vəziyyətdə olan mənzərəsini saxlamışdır. Yenə də hepatositlər bir-birilə anastomozlar əmələ gətirərək tirlər şəkilində mərkəzi venadan radiar istiqamətdə yerləşmişdir. Lakin birinci qrupdan fərqli olaraq burada hepatositlərin arasındakı əlaqələr zəiflədiyi üçün müxtəlif həcmli boşluqlar əmələ gəlmişdir.
Portal trakt ətrafındakı hepatositlərdə distrofik, degenerativ dəyişiklikləri göstərən eozinofil qranulalar aşkarlanmışdır. İstər intakt və istərsə də II qrup heyvanlarından fərqli olaraq nüvə xromatinin fraqmentasiyası aşkarlanmışdır (şəkil 2).
IV qrupa daxil olan təcrübə heyvanlarının qaraciyərindən hazırlanmış homogenatda H2O2-nin qatılığı intakt vəziyyəytlə müqayisədə 54,2%, DK-nin qatılığı 20%, MDA-nın qatılığı isə 50% artmışdır.
Şək.2. Qaraciyər arteriyası şaxəsinin bağlanmasından 15 dəqiqə sonra. Portal trakt ətrafında eozinofil qranulalar. Boyaq: Hematoksilin və eozin. x 400.
Buna müvafiq olaraq qaraciyərin strukturunda baş vermiş dəyişikliklər də bir qədər dərinləşmişdir. Qaraciyər paycıq strukturunu saxlasa da tirlərin hepositlərinin arasında əlaqələr zəifləyərək boşluqlar əmələ gətirmişdir. Mərkəzi vena ətrafındakı hepatositlərdə portal traktdakı hepatositlərə nisbətən daha ağır dəyişikliklər qeydə alınmışdır. Onların əksəriyyətində hidropik distrofiya, nüvənin fraqmentasiyaya uğraması aşkar edilmişdir. Hepatositlərin bir qrupunda plazmolemmanın tamlığı pozulmuşdur. Sinusoidlər genişlənərək qanla dolmuşdur. Disse boşluqlarının genişlənməsi daha qabarıq şəkil almışdır. Lakin buna baxmayaraq retikulyar liflər saxlanılmışdır.
Şək. 3. 30 dəqiqə müddətində işemiya yaradılmış qaraciyər toxumasının mikroskopik görünüşü. Ölçüləri kiçilmiş qlikogen danələri. Boyaq: Best Karminin boyağı. x 400.
Portal trakt ətrafındakı hepatositlərdə distrofik, degenerativ dəyişikliklər meydana çıxmışdır. Eozinofil qranulalar aşkarlanmışdır. Hepatositlərin plazmolemması saxlanılmışdır. Sərhədləri aydın görünür. Mikroskopiya zamanı nüvə xromatininin fraqmentasiyası diqqəti cəlb edir.
Qlikogen-hepatositlərinin sitoplazmasının müxtəlif hissələrində bərabər paylanmışdır. Onların ölçüləri I qrupa daxil olan təcrübə heyvanlarının qaraciyərinə nisbətən kiçilmişdir (şəkil 3). Bu da qaraciyər toxumasında qlikogenin miqdarının azalmasına dəlalət edir.
Beləliklə, alınmış nəticələr göstərir ki, qaraciyərin işemiyası zamanı qaraciyər toxumasında oksidativ stress intensivləşir. Bu intensivləşmə 5-ci dəqiqədə zəif olsa da sonrakı müddətdə tədricən inkişaf edərək 30-cu dəqiqədə qabarıq şəkil almışdır. Oksidativ stresin dinamikasına uyğun olaraq qaraciyər toxumasının strukturunda da müvafiq dəyişikliklər yaratmışdır. Bütün bunlara əsaslanaraq belə bir qənatə gəlmək olar ki, qaraciyərin qan təhcizatının pozulması oksidativ stressi yaratmaqla toxuma strukturunda distrofik dəyişikliyə səbəb olur.
Cədvəl № 1.
№ |
Işemiya müddəti |
Statistik göstəricilər |
H2 O2 |
MDA nmol/mq |
DK E/ml |
1 |
Intakt vəziyyət |
Min |
2,1 |
1,5 |
1,39 |
Max |
2,9 |
1,63 |
1,45 |
||
M±m |
2,46±0,14 |
1,55±0,02 |
1,418±0,011 |
||
2 |
5 dəqiqə |
Min |
2,8 |
1,61 |
1,45 |
Max |
3,2 |
1,7 |
1,52 |
||
M±m |
3,00±0,07 |
1,65±0,02 |
1,484±0,013 |
||
3 |
15 dəqiqə |
Min |
3,1 |
1,72 |
1,58 |
Max |
3,6 |
1,9 |
1,74 |
||
M±m |
3,36±0,09 |
1,80±0,03 |
1,66±0,033 |
||
4 |
30 dəqiqə |
Min |
3,7 |
1,95 |
1,63 |
Max |
4,5 |
2,7 |
1,75 |
||
M±m |
4,04±0,14 |
2,33±0,13 |
1,70±0,2 |
Qeyd: bütün hallarda p<0,001
Alınmış nəticələr qaraciyər transplantasiyası zamanı işemiya müddətində oksidativ stresin söndürülməsinin əhəmiyyətini təsdiq edir.
Işemiya müddətindən asılı olaraq qaraciyər toxumasında oksidativ stress markerlərinin dəyişmə dinamikası.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Широкова Е.Н., Бокерия О.А., Лукина Е.А. и др. Трансплантация печени при первичном билиарном циррозе и парциальной красноклеточной аплазии кроветворения (клиническое наблюдение). //Российский журнал и гастроэнтерологии, гепатологии, колопроктологии, 2001, № 4, с.85-88.
2.Ермолов А.С., Чжао А.В., Мусселус С.Г. и др. Первый опыт трансплантации печени в НИИ скорой помощи имени Н.В.Склифосовского // Российский журнал гастроэнтерологии, гепатологии, колопроктологии, 2002, № 1, с.38-46.
3.Журавель С.В. Острая печеночная недостаточность //Consilium medicum, 2004, № 6, с.421-423.
4.Гуляев В.А., Александрова И.В., Киселев В.В. и др. Гепаторенальный синдром и трансплантация печени // Анн. Хирургич.гепатологии, 2006, № 4, с.82-89.
5.Донова Л.В., Чжао А.В., Александрова И.В.и др. Значение ультразвуковой допплерографии в оценке функции почек при ортотопической трансплантации печени //Российский журнал гастроэнтерологии, гепатологии, колопроктологии, 2007, № 4, с.43-46.
6.Кузнецова Н.К., Журавель С.В. Тромбоцитопения после трансплантации печени. В кН.: Актуальные вопросы трансплантации органов: Материалы город. науч. практической конференции. Под редак. М.Ш.Xубутия М.: Триада, 2008, с.56-57.
7.Хубутия М.Ш., Журавель С.В., Кузнецова Н.К. и др. современные возможности снижения кровопатери при трансплантации печени //Мат.1-ой межрегион. общество орг. «Общество трансплантологов» г.Москва 18 апр. 2009 г. М.2009, с.19-20.
8.Graf E., Penniston I.T.Metod for determination of hydrogen peroxide with its application illustrated bu glucose assay II Clin Chim., 1980 № 5, p. 658-700.
9.Стальная И.Д. Метод определения диеновой конюгации ненасышенных высших жирных кислот // Современные методы в биохимии. М. Медицина, 1997, с.63-64.
10.Ushiyama M., Michara M. Determination of malondealdehid cursor in tissues bu thiobarbiturie acid test // Biochem. 1978, № 1. P.271-278.
11.Лакин Г.Ф. Биометрия, М. Высшая школа, 1990, 352 с.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı