GÜYƏNƏ MEYVƏLƏRİNİN SAPONİN TƏRKİBİNİN TƏDQİQİ

16-10-2017

Açar sözlər: güyənə, meyvələr, qlikozid, tetraozid, pentaozid.

Respublikamızın bitki örtüyü çox zəngin olmaqla həm faydalı dərman bitkilərinin, həm də zəhərli bitkilərin müxtəlif növlərinə malikdir. Zəhərli bitkilər kimyəvi-toksikoloji tədqiqatın mühüm obyektlərindən biridir. Odur ki, respublikamızda geniş yayılmış zəhərli bitkilərin kimyəvi-toksikoloji cəhətdən tədqiqi perspektiv istiqamət sayılır. Bir sıra rayonlarımızda geniş yayılmış zəhərli bitkilərdən biri də hamar güyənə Polygonatum glaberrimum C. Koch bitkisidir [1]. Zəhərlənmənin səbəbi bitkilər olduqda kimyəvi-toksikoloji analiz bitkinin tərkibindəki bioloji fəal maddələrə əsasən bir sıra mərhələlər üzrə yerinə yetirilir. Lakin, kimyaçı ekspertə əvvəlcədən bitkinin tərkibindəki bioloji fəal maddə və onun analizə göndərilmiş tədqiqat obyektindən təcridi, təmizlənməsi, vəsfi və miqdarı təyinat üsulları məlum olmalıdır [2]. Odur ki, tərəfimizdən güyənə bitkisinin kimyəvi-toksikoloji analiz üsullarını işləyib hazırlamaq üçün tədqiqatlar aparılmışdır. İlk növbədə bitkinin kökümsovlarının tərkibində onun əsas bioloji fəal maddəsi olan saponinlərin olub-olmadığı müəyyən edilmişdir.  Saponinlərin varlığı sübut edildikdən sonra kökümsovlardan müvafiq üsulla saponin məcmuyu əldə edildi. Daha sonra saponin məcmuyunun iki fərdi maddədən ibarət olması və kimyəvi quruluşları öyrənilmişdir.

Güyənə bitkisinin əsas zəhərli hissəsi meyvələri hesab olunduğuna görə növbəti tədqiqatlar meyvələrin bioloji fəal maddələrinin axtarışı üzrə aparilmışdır. Məhz təqdim olunan məqalədə meyvələrin tərkibində steroid saponinlərin aşkarlanması və tərkiblərinin araşdırılması üçün aparılan tədqiqatlar təqdim olunur.

Yetişmiş meyvələr avqust ayında Quba rayonu Qəçrəş kəndi ərazisindən toplanılmış, xırdalanaraq qurudulmuşdur. Xammalın tərkibində spirostan sıralı steroid qlikozidlərinin olmasının müəyyən edilməsi üçün  60%-li etanolla çıxarış hazırlandı. Alınan çıxarışın tətkibində steroid qlikozidlərin olması köpük əmələgətirmə qabiliyyətinə görə, Sanye reaksiyası əsasında və nazik təbəqə üzərində xromatoqrafiya üsuluna görə müəyyən edildi. Göstərilən tədqiqatlar əsasında məlum oldu ki, xammalın tərkibində steroid qlikozidlər vardır. Bununla yanaşı, bəzi elmi ədəbiyyat məlumatlarına əsasən  kökümsov-ların və meyvələrin tərkibində alkaloidlərin axtarılması istiqamətində də yoxlamalar aparıldı. Çünki, alkaloidlər də toksikoloji əhəmiyyət daşıyan bioloji fəal maddələr hesab olunur. Lakin kökümsovların və meyvələrin tərkibində alkaloidlərin olmadığı tədqiqatlarla sübut edildi.        

          Növbəti mərhələdə bitki xammalından steroid saponinlərin alınması həyata keçirildi. Əvvəl apardığımız tədqiqatlara əsasən xammaldan steroid saponinləri təcrid etmək üçün ən əlverişli həlledici kimi 60%-li etanol istifadə edildi. Etanolla ekstraksiyadan əvvəl xammal petroleyn efiri ilə üç dəfə ardıcıl olaraq işlənildi. Daha sonra 60 % etanolla müvafiq qaydada ekstraksiya edildi. Alınan çıxarışdan bir sıra kənar maddələri uzaqlaşdırmaq məqsədilə məhlul süzgəc kağızından  süzüldü, süzülmüş məhlul xloroformla işləndikdən sonra saponinlər n-butanolla ardıcıl olaraq ekstraksiya edildi. n-butanollu çıxarışdan rəngli maddələr tam təmizlənənə qədər 10%-li ammonyakla yuyuldu, butanol qovulduqdan sonra əldə olunmuş saponin fraksiyası fəal kömürdən keçirildi. Nəticədə sarımtıl çalarları olan ağ rəngli saponin məcmui alındı. Bitki xammalından çıxımı 1,8 %-dir. Saponin məcmuyu nazik təbəqə üzərində xromatoqrafiya üsulu ilə tədqiq edilərək tərkibində iki maddənin olması müəyyən edildi. Növbəti tədqiqatlar həmin maddələrin tərkibinin araşdırılması istiqamətində aparıldı. Bunun üçün çoxnövlü hidroliz (turşu, analitik qismən), tam metilləşdirmə, metilləşmiş məhsulun hidrolizi və s. bu kimi klassik kimyəvi üsullardan, həmçinin nazik təbəqə üzərində xromatoqrafiyadan və İQ-spektroskopiyadan istifadə olundu. Kofler qurğusundan istifadə etməklə fərdi maddələrin ərimə temperaturu, P-161 tipli polyarimetrdə isə xüsusi fırlatmaları təyin edildi.

Saponin məcmuyunu tərkib komponentlərinə ayırmaq üçün silikagel yüklənmiş adsorbsiyalı boru xromatoqrafiya üsulu tətbiq edildi. Müxtəlif mərhələlərdə əldə olunan maddələrin saflığını və fərdiliyini yoxlamaq üçün nazik təbəqəli xromatoqrafiya üsulu istifadə edildi. Nazik təbəqə üzərində xromatoqrafiya üsulunda hərəkətsiz faza kimi standart sorbfil (Rusiya Federasiyası) və silufol (Çexiya) lövhələri götürüldü. Hərəkətli faza kimi müxtəlif həlledici qarışıqları istifadə edildi: I qarışıq– su ilə doydurulmuş n-butanol; II qarışıq – n-butanol - 25%-li ammonyak - etanol (10:5:2); III qarışıq –xloroform - petroleyn efiri - aseton (20:20:5); IV qarışıq– xloroform - metanol (15:1); V qarışıq– etilasetat -izopropil spirti- su (65:23:12); VI qarışıq– benzol - metanol - sirkə turşusu (1:3:1); VII qarışıq – toluol - etanol (10:1); VIII qarışıq – benzol - aseton (3:1). Steroid qlikozidi, onun müxtəlif mərhələlərdə əldə olunmuş progeninini, geninini və metilləşdirilmiş törəmələrini xromatoqrafiya lövhəsində aşkarlamaq üçün Sanye reaksiyası istifadə edildi. Xromatoqramda monosaxaridlər və onların müvafiq törəmələrini aşkar etmək məqsədilə o- toluidin - salisilat məhlulu ilə çiləmə aparıldı. Qurudulma prosesi isə quruducu şkafda hər bir halda müvafiq temperaturda yerinə yetirildi [3].

Nəticələr və müzakirələr  Müasir fiziki-kimyəvi və klassik kimyəvi üsullar əsasında hamar güyənə bitkisinin meyvələrinin tərkibi steroid qlikozidlərin araşdırılması istiqamətində tədqiq edildi.

1.İki fərdi steroid qlikozidi əldə olundu və kimyəvi quruluşları müəyyən edildi.
2.B qlikozidi pennogenin steroid sapogeninin pentaozidi olub, karbohidrat zənciri 3 molekul D-qlükoza, hər biri 1 molekul olmaqla L-ramnoza və L-arabinoza ilə təmsil olunur.
3.A qlikozidi isə diosgeninin tetraozidi olub şəkərli hissəsi 1 molekul L-ramnoza və 3 molekul D-qlükozadan təşkil edilmişdir.

Steroid qlikozidlərin bir-birindən ayrılması silikagel yüklənmiş adsorbsiyalı boru xromatoqrafiya üsulu ilə, hərəkətli faza kimi I qarışıq istifadə etməklə həyata keçirildi. Eyni tərkibə malik bütün fraksiyaların birləşdirilməsi və fəal kömür təbəqəsindən keçirilməsi nəticəsində əldə olunan qlikozidlərin saflığı və fərdiliyi nazik təbəqəli xromatoqrafiya üsulu əsasında hərəkətli faza kimi I və II qarışıqlar istifadə etməklə sübut olundu.  Şərti olaraq həmin qlikozidlər A və B adlandırıldı. Hər iki qlikozid ağ rəngli amorf tozdur, suda, duru spirtli məhlullarda, su ilə doydurulmuş n-butanolda yaxşı həll olur, 95% etanolda, heksanda, benzolda, asetonda, efirdə, xloroformda,  və digər üzvi həlledicilərdə isə həll olmur.

Yuxarıda göstərdiyimiz üsulların köməyilə hər iki qlikozidin fiziki-kimyəvi göstəriciləri müəyyən edildi. Belə ki, A qlikozidinin fiziki-kimyəvi göstəriciləri bunlardır: kimyəvi tərkibi C51H82O22, molekul kütləsi 1046, ərimə temperaturu 221-2220 C,  xüsusi fırlatma  – 69,20 (c 0,2; 60% etanol). B qlikozidinin fiziki-kimyəvi göstəriciləri isə bunlardır: kimyəvi tərkibi C56H90O27, molekul kütləsi 1194, ərimə temperaturu 217-2180 C, xüsusi fırlatma  – 61,30  (C 0.5; 60% etanol).

Qlikozidlərin kimyəvi quruluşunun müəyyən edilməsi turşu hidrolizi, analitik hidroliz [2],  mülayim şəraitdə qismən hidroliz,tam metilləşdirmə, metilləşmiş məhsulun hidrolizi və s. bu kimi klassik kimyəvi üsullar, həmçinin nazik təbəqə üzərində xromatoq-rafiya və İQ-spektroskopiya üsulları vasitəsilə həyata keçirildi.  Aparılan eksperiment tədqiqatlara əsasən A qlikozidinin kimyəvi quruluşunu diosgenin 3-O-α-L-ramnopiranozil-(1→2) -[O-β-D-qlükopiranozil-(1→4)] -O-β-D-qlükopiranozil-(1→2) -O-β-D-qlükopira-nozid kimi, B qlikozidinin kimyəvi quruluşunu isə pennogenin 3 – O – β – D – qlükopira-nozil-(1→ 2) - [O – β – D – qlükopiranozil –(1→ 4)] – O – α – L –ramnopiranozil – (1→ 4) – [O – α  – L –arabinopiranozil – (1→2)] – O – β – D – qlükopiranozid kimi ifadə etmək olar [4].

Bitkinin meyvələrinin saponin tərkibinin tədqiqi nəticəsində məlum oldu ki, meyvələrin tərkibindən əldə olunan steroid saponinlər əvvəlki tədqiqatlarda kökümsovdan əldə etdiyimiz steroid saponinlərlə kimyəvi quruluşca tamamilə eyni maddələrdir [5,6].

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Qayıbverdi B. İskəndərov, Sara A. Paşayeva. Polygonatum Hill cinsindən olan növlərin kimyəvi-toksikoloji tədqiqi perspektivləri haqqında // Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, №1, 2013, s.14-20.
2.İskenderov Q.B., Mamedov G.F. Xromatofotometriçeskiy  metod   opredeleniə   metabolitov  diosqenina v moçe jivotnıx, Azərbaycan Əczaçılıq Jurnalı, №1-2, 2001, s.31-33.
3.Сасмаков С.A., Путиева Ж.M., Качала В.В., и др., Титерпеновые гликозиды  Zygophyllum eichwaldii II. Строение зигоэйхвалозида I, Химия природных соединений, №4, 2001, s. 294-296.
4.Klyne W. Optical Rotation, in Braude A. F. and Nachod F.C. Determination of Organic Structures by Physical Methods. Academic Press. New-York, Volume 1, 1955, p. 73-130.
5.İskəndərov Q. B., Paşayeva S. A.Hamar güyənə bitkisinin polyar steroid qlikozidinin kimyəvi quruluşunun öyrənilməsi, Azərbaycan kimya jurnalı, №4, 2015, s. 73-82.
6.Qayıbverdi İskəndərov, Sara Paşayeva. Hamar güyənə bitkisinin fərdi steroid qlikozidinin kimyəvi tədqiqi, Journal of Qafqaz University, chemistry and biology, Volume 3, № 1, 2015, s. 17-25.


Müəlliflər:
S.A. Paşayeva
Q.B. İskəndərov
V.H. İskəndərov

Digər jurnal və qəzetlər