FUNKSİONAL HİPERPROLAKTİNEMİYA ZAMANI HAMİLƏLİYİN AĞIRLAŞMALARININ STRUKTURU VƏ PERİNATAL NƏTİCƏLƏRİ
28-10-2017
Müasir texnologiyalar və yeni dərman preparatları hiperprolaktinemiya sindromunu, o cümlədən onun başlıca əlamətlərindən biri olan – sonsuzluğu uğurla müalicə etməyə imkan verir [1, 2, 5]. Dofamin reseptorlarının aqonistləri tərəfindən aparılan terapiya hazırda funksional hiperprolaktinemiyası olan qadınların müalicəsi zamanı seçim metodu sayılır. Bu terapiya metodu qan zərdabında prolaktinin səviyyəsinin normallaşmasına və fertilliyin bərpa olunmasına kömək edir [1, 2, 4, 6].
Müştərək endokrin patologiyanın tərkibində hiperprolaktinemiyanın tezliyinin yüksəlməsi, reproduktiv sistemin orqanlarına onun müxtəlif təsirləri belə patologiyası olan pasiyentlərdə hamiləliyin, doğuşların və doğuşdansonrakı dövrün aparılmasına dair elmi cəhətdən əsaslandırılmış, diferensiasiyalı yanaşmaların işlənib hazırlanmasını tələb edir [3]. Bununla əlaqədar olaraq, hazırda funksional hiperprolaktinemiya ilə xəstələrdə hamiləliyin və doğuşların gedişinin öyrənilməsi xüsusi maraq kəsb edir ki, bu da hazırkı tədqiqat işinin məqsədini təşkil edir.
Tədqiqatin material və metodlari Müşahidəmiz altında kaberqolin ilə müalicə sayəsində hamilə qalan 42 pasiyent olmuşdur. Müşahidə qrupuna əsas qrupdan (funksional hiperprolaktinemiya və hipotireozu olan) 25 (59,5%) qadın və müqayisə qrupundan (yalnız funksonal hiperprolaktinemiyası olan) 17 (40,5%) qadın daxil olmuşdur. Nəzarət qrupunu spontan baş verən hamiləlik qeyd edilən 20 qadın təşkil etmişdir. Bütün müayinə olunan qadınlar 19 yaşdan 41 yaşa qədər olmuşdur. Müşahidə altında saxlanan bütün qadınlarda hamiləlik birdöllü olmuşdur.
Preparatın dozası və qəbul müddəti fərdi şəkildə təyin edilmiş və bu zaman prolaktinin başlanğıc səviyyəsi nəzərə alınmışdır. Müalicə 3 ay ərzində qan zərdabında prolaktinə və preparata qarşı pasiyentin fərdi dözümlülüyünə nəzarət etməklə aparılmışdır. Kaberqolinin qəbulunun dayandırılmasının meyarları kimi qanda prolaktinin səviyyəsinin aşağı salınması və ya normallaşması, qalaktoreyanın dayanması, aybaşı tsiklinin normallaşması, ovulyasiyanın bərpa olunması qəbul edilmişdir. Hipotireozu olan pasiyentlərə əlavə olaraq L-tiroksin preparatı ilə sutkada 25-100 mkq orta terapevtik dozada hormonal korreksiya aparılmışdır.
Əldə olunan məlumatların statistik işlənməsi Microsoft Excel cədvəl redaktorundan istifadə etməklə variasion statistika metodu ilə aparılmışdır. Göstəricilər arasındakı fərqlərin dürüstlüyü Styudent metodu (t-kriteriyası) və Fişerin dəqiq metodu ilə təyin edilmişdir. Fərqlər p<0,05 qiymətlərində dürüst hesab edilmişdir.
Nəticələr və onlarin müzakirəsi Hiperprolaktinemiya ilə xəstələrdə hamiləlik bütün hormonal dəyişikliklərin korreksiyasından və xronik infeksiyanın: həm ekstragenital, həm də genital infeksiyaların sanasiyasından sonra ovulyator tsiklin fonunda planlaşdırılmışdır ki, onun tam inkişafına USM metodu ilə nəzarət edilmişdir. Dofaminin aqonistinin qəbul edilməsi hamiləliyin baş verməsi faktında dayandırılmışdır. Hamiləlik baş verdiyi anda xəstələrin hamısında normoprolaktinemiya qeydə alınmışdır ki, bu zaman prolaktinin orta səviyyəsi 28,6±0,67nq/ml bərabər olmuşdur.
Şəkil 1-də funksional hiperprolaktinemiyası olan pasiyentlərdə hamiləliyin planlaşdırılması alqoritmi təsvir edilmişdir.
Funksional hiperprolaktinemiyası olan pasiyentlərdə hamiləliyin ağırlaşmalarının strukturu və tezliyi cədvəl 1-də təqdim edilmişdir.
Şəkil 1. Funksional hiperprolaktinemiyası olan pasiyentlərdə hamiləliyin planlaşdırılması alqoritmi.
Birinci trimestrdə hamiləlik 8 (19,0%) xəstədə erkən toksikoz ilə ağırlaşmışdır. Erkən toksikoz hamilə qadınlarda qusma və ağız suyunun artması (ptializm) ilə özünü biruzə vermişdir. Bütün müşahidələrdə yüngül dərəcəli toksikoz nəzərə çarpmışdır. Qadınların nəzarət qrupunda erkən toksikoz simptomları 2 (10,0%) hamilə qadında müşahidə edilmişdir (p<0,05). I trimestrdə arterial hipotenziya funksional hiperprolaktinemiyası olan 13 (31,0%) xəstədə aşkar edilmişdir. Nəzarət qrupunda arterial hipotenziəya bir qədər az - 5 (25%) qadında müşahidə olunmuşdur (p<0,05). Birinci tirmestrdə hamiləliyin pozulma təhlükəsi funksional hiperprolaktinemiya ilə xəstə 6 (14,3%) hamilə qadında və nəzarət qrupunda 1 (5,0%) qadında aşkar edilmişdir (p<0,05). Patogenetik terapiyanın təyin edilməsi qadınların hamısında hamiləliyi uzatmağa imkan vermiş və hamiləliyin özbaşına pozulması hadisələri qeydə alınmamışdır.
Cədvəl № 1.
Funksional hiperprolaktinemiyası olan pasiyentlərdə hamiləliyin ağırlaşmalarının strukturu və tezliyi
Ağırlaşmaların tezliyi |
Funksional hiperprolaktinemiyası olan xəstələr qrupu (n=42) |
Nəzarət qrupu (n=20) |
||
Müt. |
% |
Müt. |
% |
|
Hamiləliyin pozulma təhlükəsi |
6 |
14,3* |
1 |
5,0 |
Erkən toksikoz |
8 |
19,0* |
2 |
10,0 |
Arterial hipertenziya |
5 |
12,0* |
1 |
5,0 |
Dəmirdefisitli anemiya |
12 |
28,6 |
6 |
30,0 |
Arterial hipotenziya |
13 |
31,0* |
5 |
25,0 |
Qeyd: * - p<0,05 nəzarət qrupuna münasibətdə
İkinci trimestrdə hamilə qadınlarda qeyd edilən əsas ağırlaşmalardan biri hamilə qadınların dəmirdefisitli anemiyası olmuşdur ki, o, həm hiperprolaktinemiya ilə xəstələrdə (12; 28,6%), həm də nəzarət qrupunda (6; 30,0%) hamiləliyin 27-28-ci həftəsindən təzahür etmiş və yüngül xarakter daşımışdır. Qruplar arasında dürüst fərqlər nəzərə çarpmamışdır (p>0,05). Anemiyaəleyhinə terapiyanın təyin edilməsi bütün qadınlarda 1 ay ərzində hemoqlobinin normal qiymətlərə qədər bərpa olunmasına gətirib çıxarmışdır.
Üçüncü trimestrdə hamiləlik arterial hipertenziya ilə ağırlaşmışdır. Arterial hipertenziya funksional hiperprolaktinemiyası olan 5 (12,0%) pasiyentdə və nəzarət qrupunda 1(5,0%) qadında aşkar edilmişdir (p<0,05). Hiperprolaktinemiya olan 3 hamilə qadında arterial təzyiqin yüksəlməsi ödemlərlə müşayiət edilmişdir. Vaxtında başlanmış müalicə hamilə qadınların hamısında bu patologiyanın ağır formalarının inkişaf etməsinin qarşısını almışdır.
Biz doğuşların gedişində 42 xəstədən 26 (62,0%) qadında funksional hiperprolaktinemiya müşahidə etmişik. Əsas qrupda vaxtında təbii doğuş yolları ilə doğuş 26 hamilə qadından 23-də (88,5%) qeydə alınmış, 2 (7,7%) qadında doğuşlar təbii doğuş yolları ilə vaxtındanəvvəl baş vermiş, 1 (3,8%) qadında – doğuşlar vaxtında keysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılmışdır. Nəzarət qrupunda doğuş 20 qadından 18 (90,0%) halda vaxtında özbaşına (təbii) olmuş, 2 qadında - vaxtında doğuşlar keysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılmışdır, bu qrupda vaxtından əvvəl doğuşlar müşahidə edilməmişdir.
Hiperprolaktinemiya ilə xəstələrdə vaxtında baş verən doğuşların birinci dövrünün ağırlaşmaları dölyanı suların vaxtından əvvəl axması olmuşdur ki, o da funksional hiperprolaktinemiyası olan 2 (7,7%) qadında və nəzarət qrupundan 1 (5,0%) hamilə qadında nəzərə çarpmışdır. Doğuş fəaliyyətinin birincili zəifləməsi əsas qrupda 3 (11,5%) qadında və nəzarət qrupunda 1 (5,0%) qadında müşahidə edilmişdir (p<0,05). Dölün qovulması dövründə doğuş fəaliyyətinin ikincili zəifləməsi əsas qrupda 2 (7,7%) qadında qeydə alınmış, nəzarət qrupunda isə heç bir qadında nəzərə çarpmamışdır. Əsas qrupdakı zahı qadından birində doğuşdansonrakı dövrdə uşaqlıqda ciftin hissələrinin qalması ilə əlaqədar ciftin əllə kənar edilməsi və sonun çıxarılması həyata keçirimişdir.
Doğuşdansorakı dövrün fizioloji gedişi hiperprolaktinemiya sindromu olan 23 (88,5%) zahı qadında qeydə alınmışdır. 3 (11,5%) zahı qadında doğuşdansorakı dövrün gedişi ağırlaşmışdır. Bu qadınlarda erkən doğuşdansorakı dövrün aşağıdakı ağırlaşmaları rast gəlmişdir: 1 (3,8%) – uşaqlığın subinvolyusiyası və 2 (7,7%) – endometrit. Qadınların nəzarət qrupunda erkən doğuşdansorakı dövrün fizioloji gedişi 18 (90,0%) zahı qadında nəzərə çarpmışdır, endometrit - 1 (10,0%) hadisədə, doğuşdansonrakı mastit – 1 (10,0%) hadisədə rast gəlmişdir.
Funksional hiperprolaktinemiyası olan qadınlarda laktasiyanın başlaması doğuşlardan 3-5 (orta hesabla 3,8±0,27) sutka sonra baş vermişdir. Nəzarət qrupundakı qadınlarda laktasiya doğuşdan 2-5 (orta hesabla 3,2±0,33) sutka sonra başlamışdır. Əsas qrupda və nəzarət qrupundakı qadınlarda laktasiyanın başlanması vaxtında statistik dürüst fərqlər nəzərə çarpmamışdır (p>0,05). Zahı qadınlarda laktasiyanın xüsusiyyətlərinin tədqiqi göstərdi ki, əsas qrupda mötədil laktasiya 19 (73,1%) qadında müşahidə edilmiş, hiperqalaktiya 7 (26,9%) halda qeydə alınmışdır. Əsas qrupdakı qadınlarda heç bir halda hipoqalaktiya qeydə alınmamışdır. Nəzarət qrupundakı zahı qadınlarda 20 qadından 18-də (90%) mötədil laktasiya, 2-də (10%) – hipoqalaktiya qeydə alınmışdır. Döşlə əmizdirməyə əksgöstərişlər heç bir pasiyentdə olmamışdır.
Erkən neonatal dövrdə perinatal nəticələrin və funksional hiperprolaktinemiyası olan qadınlardan doğulan uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi müəyyən maraq kəsb edir. Əsas qrupdakı zahı qadınlardan 26 uşaq, nəzarət qrupunda olan qadınlardan 20 uşaq doğulmuşdur. Perinatal ölüm baş verməmişdir. Yenidoğulmuşların doğuş anında və 5 dəqiqə sonra sağlamlıq vəziyyəti Apqar şkalası üzrə qiymətləndirilmişdir. Yenidoğulmuşların vəziyyətinin qiymətləndirilməsi zamanı əsas və nəzarət qrupunda dürüst fərqlər aşkar edilməmişdir (şəkil 2).
Şəkil 2. Yenidoğulmuşların vəziyyətinin Apqar şkalası üzrə qiymətləndirilməsi.
Əsas qrupda 14 (53,8%) uşaq və nəzarət qrupunda 17 (85,0%) uşaq qənaətbəxş vəziyyətdə (8-10 bal) doğulmuşdur. Yüngül dərəcəli (6-7 bal) asfiksiya funksional hiperprolaktinemiyası olan qadından doğulmuş 9 (34,6%) uşaqda və sağlam qadınlardan doğulmuş 3 (15,0%) uşaqda aşkar edilmişdir. Orta dərəcəli (4-5 bal) asfiksiya funksional hiperprolaktinemiyası olan analardan doğulmuş 3 (11,5%) uşaqda qeydə alınmış, nəzarət qrupunda belə yenidoğulmuşlar olmamışdır. Asfiksiyanın əsas qrupdakı pasiyentlərdən doğulmuş uşaqlarda nəzarət qrupundakı yenidoğulmuşlara nisbətən daha çox inkişaf etməsi statistik dürüst olmuşdur (p<0,05).
Əsas qrupda 3 (11,5%) uşaq və nazarət qrupunda 2 (10%) uşaq vaxtından əvvəl (yarımçıq) doğulmuşdur (p>0,05). Əsas qrupda yarımçıq yenidoğulanların orta bədən çəkisi 2810,0±65,0 q, bədən uzunluğu – 46,0±0,9 sm təşkil etmişdir. Nəzarət qrupunda vaxtındanəvvəl yenidoğulmuşların orta bədən çəkisi 2830,0±60,0 q, bədən uzunluğu – 47,1±0,9 sm təşkil etmişdir. Əsas qrupda vaxtındanəvvəl yenidoğulmuşlarda dölün bətndaxili inkişafının ləngiməsi sindromunun asimmetrik forması aşkar edilmişdir. Bu patologiya nəzarət qrupundakı sağlam qadınlardan doğulmuş uşaqlarda müşahidə edilməmişdir. Funksional hiperprolaktinemiyası olan qadınlardan və sağlam qadınlardan vaxtından əvvəl yenidoğulmuşların orta bədən çəkisi və bədən uzunluğundakı fərqlər statistik cəhətdən dürüst deyildir (p>0,05).
Funksional hiperprolaktinemiyası olan qadınlardan vaxtında doğulmuş yenidoğulmuşlarda orta bədən çəkisi 3215,0±115,0 q, bədən uzunluğu - 50,8±0,6 sm təşkil etmişdir. Nəzarət qrupunda vaxtında doğulmuş uşaqların bədən çəkisi 3310,0±90,0 q, bədən uzunluğu – 51,4±0,7 sm bərabər olmuşdur. Əsas və nəzarət qrupunda vaxtında doğulmuş yenidoğulmuşlarda orta bədən çəkisi və bədən uzunluğundakı fərqlər statistik cəhətdən dürüst deyildir (p>0,05).
Beləliklə, sonsuz olan qadınlarda funksional hiperprolaktinemiya və kaberqolin ilə müalicə fonunda baş verən hamiləlik birinci trimestrdə hamiləliyin pozulması təhlükəsi, erkən toksikoz və arterial hipotenziya, ikinci trimestrdə - dəmirdefisitli anemiya, üçüncü trimestrdə isə həmçinin ödemlərlə birlikdə arterial hipertenziya ilə ağırlaşmışdır. Doğuş fəaliyyətinin təhlili zamanı əsas və nəzarət qrupu arasında vaxtında baş verən doğuşların və keysəriyyə kəsiyi ilə başa çatan doğuşların tezliyində, davametmə müddətində dürüst fərqlər aşkar edilməmişdir. Funksional hiperprolaktinemiya ilə şərtlənmiş sonsuzluğun müalicəsi sayəsində hamilə qalan qadınlarda erkən doğuşdan sonrakı dövrün gedişinin xüsusiyyətlərinin klinik tədqiqi göstərmişdir ki, bu dövr 7,7% pasiyentdə endometritin baş verməsi ilə ağırlaşmışdır. Bu ağırlaşmanın tezliyi həm xəstələr, həm də nəzarət qrupundakı sağlam qadınlar arasında təqribən bərabər olmuşdur. Hiperqalaktiya yalnız əsas qrupdakı qadınlarda, hipoqalakiya isə - yalnız nəzarət qrupundakı qadınlarda nəzərə çarpmışdır. Hiperprolaktinemiyası olan qadınlardan doğulmuş uşaqlarda erkən neonatal dövrün başlıca ağırlaşmalarından biri kəskin asfiksiyanın tez-tez (46,2%) baş verməsi, lakin əsas etibarilə yüngül dərəcəli asfiksiyanın olmasıdır. Sonsuz və funksional hiperprolaktinemiyası olan qadınlarda hamiləliyin kaberqolin ilə induksiyası sayəsində doğulmuş yenidoğulmuşların vəziyyəti nəzarət qrupundakı eyni göstəricilərə uyğun gəlmişdir.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА – REFERENCES:
1. Гафарова И.И., Бучнева Н.В. Гиперпролактинемия. Диагностика и лечение. Молодежный научный форум: естественные и медицинские науки. 2016. № 5 (33). С. 32-36
2. Дзеранова Л.К., Воротникова С.Ю. Каберголин: 30-летнее единство опыта и доверия. //Российский вестник акушера-гинеколога. 2013. Т. 13. № 6. С. 45-49.
3. Иловайская И.А. Гиперпролактинемия в акушерско-гинекологической практике. // Акушерство и гинекология. 2017. № 4. С. 149-154.
4. Сойманова Е.В. Уровень пролактина и эффективность каберголина в зависимости от причин гиперпролактинемии/ В книге: Научная сессия Пермского государственного медицинского университета имени академика Е.А. Вагнера 2015. С. 93-95.
5. Capozzi A., Scambia G., Pontecorvi A., Lello S. Hyperprolactinemia: pathophysiology and therapeutic approach. Gynecol. Endocrinol. 2015; 31(7): 506-10.
6. Wang A.T., Mullan R.J., Lane M.A., Hazem A., Prasad C., Gathaiya N.W. et al. Treatment of hyperprolactinemi
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı