HELMİNT-PROTOZOY İNVAZİYASI OLAN HAMİLƏ QADINLARDA «ANA-CİFT-DÖL» SİSTEMİNDƏ QAN DÖVRANININ VƏZİYYƏTİ

10-10-2017

Müasir hamilə qadının, xüsusilə meqapolisin sakinlərinin orqanizminə çoxlu sayda əlverişsiz amillər təsir göstərir  [1, 2, 3]. Ətraf mühitin ekologiyasının antropogen dəyişiklikləri, informasiya yüklənmələri,  sosial stresslər və bir çox digər təsirlər hamiləliyin əlverişsiz gedişinin səbəbkarı ola bilər. Hamiləliyin gedişini ağırlaşdıran daha ətraflı öyrənilən amillərə ananın yoluxucu xəstəlikləri aiddir. Müxtəlif tədqiqat işlərinin məlumatlarına görə, helmint-protozoy infeksiyaları ilə xəstə hamilə qadınların əksəriyyətində hamilə qadınların erkən toksikozu ilə oxşar simptomokompleks (ürəkbulanma, qusma, tüpürcək ifrazı) meydana çıxır [4, 5]. Ürək-damar və sinir sistemində tez-tez baş ağrıları, başgicəllənmə, zəiflik, yuxunun pozulması qeydə alınır. Nematodozların, xüsusilə də askaridozun vegetotrop təsiri bütün hamiləlik dövründə davamlı arterial hipotoniyaya gətirib çıxarır [6]. Beləliklə, əhali arasında askaridoz, enterobioz, toksokaroz və lyambliozun geniş yayılması, hamilə qadınların helmintozlar və lyamblioz ilə yüksək yoluxma səviyyəsi, hamiləliyin gedişinə helmint-protozoy infeksiyaların şübhəsiz mənfi təsir göstərməsi və  parazitozlarla xəstə hamilə qadınlarda allergik və immun dəyişikliklər haqqında məlumatların natamam olması bizi müasir mərhələdə problemin vəziyyətini qiymətləndirməyə sövq etmişdir.

İşin məqsədi: Helmint-protozoy invaziyalar olan hamilə qadınlarda «ana-cift-döl» sistemində  qan dövranının vəziyyətinin öyrənilməsi olmuşdur.

Tədqiqatın material və metodları:Ümumilikdə helmint-protozoy invaziyası aşkar edilmiş reproduktiv yaşlı 125 qadın müayinə olunmuşdur. Onların hamısı nematodozları (enterobioz, askaridoz, toksokaroz) və lyambliozu aşkar etmək məqsədilə parazitoloji skrininqdən keçirilmişdir.Bu qadınlar əsas qrupu təşkil etmişdir, onlar tədqiqatın aparılmasının başlanması anında hamilə olmuşdur. Kontrol qrupa 42 qadın daxil edilmişdir ki, onlar da tədqiqat dövründə hamilə olmamışdır. Helmintozların diaqnostikası aşağıdakı kimi aparılmışdır: 1) nəcis yaxmalarında askarid yumurtalarının aşkar edilməsi; 2) perianal büküşlərdən götürülmüş qaşıntılarda bizquyruq yumurtalarının aşkar edilməsi. Nəcisin müayinəsi zamanı yaxma metodundan, enterobiozun diaqnostikası üçün qaşıntı metodundan istifadə edilmişdir. Əldə olunan nəticələrin statistik işlənməsi  Microsoft Excel 2007 kompüter proqramının köməyi ilə həyata keçirilmişdir. İki tip göstəriciləri müqayisəli təhlil etdikdə Styudent dürüstlük meyarından istifadə edilmişdir. p<0,05 olduqda fərqlər  etibarlı hesab edilmişir.

Tədqiqat işinin nəticələri və müzakirəsi.Helmint-protozoy invaziyası olan hamilə qadınlarda orqanizmin sistem iltihab reaksiyasının fəallıq dərəcəsinin rolunun qiymətləndirilməsi məqsədilə «ana-cift-döl» sistemində hemodinamikanın vəziyyəti kontrol qrupda olan hamilə qadınlarda hemodinamikanın müqayisəli təhlilinin əsasında öyrənilmişdir. Müayinələr 2 dəfə – hamiləliyin 21-24 və 32-36-cı həftəsində, uşaqlıq arteriyalarında və göbək ciyəsi arteriyasında aparılmışdır. Uşaqlıq arteriyalarında qan dövranının sürət əyrisi SDN-nin qiymətinə əsasən dəyərləndirilmişdir. Sağ və sol uşaqlıq arteriyalarında göstəricilər fərqlənməmişdir. 21-24-cü həftədə qarışıq invaziyası olan hamilə qadınlarda sağ uşaqlıq arteriyasında SDN 6-12-ci həftədə  monoinvaziyası olan və kontrol qrupdakı hamilə qadınlara nisbətən yüksək olmuşdur ki, bu da qan axınının zəiflədiyini təsdiq edir. Hamilə qadınlarda monoinvaziya olduqda uşaqlıq arteriyalarında qan axınının sürət əyrisi SDN-nin normal qiymətləri (2,3-2,5 ş.v.) ilə səciyyələnmişdir. Hamiləliyin 32-36-cı həftəsində uşaqlıq arteriyalarında SDN-nin qiyməti  qarışıq invaziya zamanı daha yüksək olmuşdur. Uşaqlıq arteriyalarında diastolik komponentin sayəsində hemodinamik göstəricilərin azalması (SDN 2,8-3,3 ş.v. həddində) qarışıq invaziyası olan hamilə qadınlarda müşahidə edilir. Sistolik-diastolik indeksin daha yüksək qiymətlərini biz qarışıq invaziyası olan hamilə qadınlarda müşahidə etmişik. Helmint-protozoy invaziyası zamanı uşaqlıq arteriyalarında hemodinamikanın pozulması mexanizmi çox mürəkkəbdir və bir neçə cür izah edilir. Bu, ilk növbədə trofoblastın endovaskulyar miqrasiyasının 1 və 2-ci dalğasının natamamlığı, xovdankənar xorionun invaziyasıdır. Xorionun lokal işemiyası oksidant stressin inkişafını və vazokonstriktorların qan axınına atılmasını provokasiya edir. Digər müəlliflər vazokonstriktor təsirə malik histaminin sintezinin güclənməsinə böyük əhəmiyyət verirlər, çünki o, endotel qişanın strukturunun pozulmasına və fetoplasentar səddin kapilyarlarının keçiriciliyinin artmasına təkan verir. Hamiləliyin dinamikasında uşaqlıq-cift qan dövranının sabitləşməsini biz bu hamilə qadınlarda hestozun olmaması ilə, dopleroqrafik müayinə zamanı hemodinamikanın pozulmasının diaqnostikasının vaxtında aparılması və cift çatışmazlığının başlanğıc əlamətlərində aparılan terapiyanın (buraya uşaqlıq-cift damarlarında qan dövranını və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdıran preparatlar daxildir) effektivliyi ilə izah edilir. Klinik məlumatlara və qan zərdabında histaminin miqdarına görə qarışıq invaziya zamanı hamilə qadının sistem iltihab reaksiyasının fəallıq dərəcəsinin artması stress amilinin təsirinə qarşı adaptasiya mexanizmlərinin zəiflədiyini göstərir ki, bu da venulaların daralmasına, arteriaolların zəifləməsinə, endotel qişanın və qan damarlarının divarlarının strukturunun pozulmasına, onun keçiriciliyinin artmasına və yüksəkmolekullu birləşmələrin ətraf toxumalara keçməsinə gətirib çıxarır. Hamilə qadınların qan zərdabında histaminin miqdarının artması zamanı fetoplasentar səddin kapilyarlarının keçiriciliyinin artması və xronik cift çatışmazlığının formalaşması baş verir. Hamilə qadınların kontrol qrupunda göbək ciyəsinin arteriyalarında qan axınının sürət əyrisinin 32-36-ci həftədə dinamikada müayinəsi zamanı  SDN-nin  hamiləliyin ikinci trimestrində olan göstəriciyə (3,08-3,34 ş.v.) nisbətdə 2,82-2,62 ş.v. həddində azalması qeydə alınmışdır. Qarışıq invaziyalı hamilə qadınlarda da analoji qanunauyğunluq izlənmişdir. Üçüncü trimestrdə  göbək ciyəsinin arteriyasında qan axınının sürət əyrisi yüksək rezistentliyi (SDN 3,80-4,14 ş.v.) ilə səciyyələnir. Göbək ciyəsində hemodinamikanın daha çox nəzərə çarpan dəyişikliklərini biz qarışıq invaziyası olan analarda qeydə almışıq. Göbək ciyəsi arteriyasında qan axının azalması ümumi qan axınının diastolik sürətinin azalması sayəsində baş vermişdir. Qarışıq invaziyası olan 76,7% hamilə qadında «ana-cift-döl» funksional sistemin arteriyalarında hemodinamik dəyişik-liklər aşkar edilmişdir: o cümlədən  uşaqlıq-cift arteriyaları səviyyəsində – 43,4%; döl-cift arteriyaları –33,3%; uşaqlıq-cift və döl-cift arteriyaları səviyyəsində – 23,2%. Müqayisəli aspektdə ananın sistem iltihabi reaksiyasının diaqnostik meyarlarından biri kimi invazi-yanın növündən asılı olaraq «ana-cift-döl» sisteminin arteriyalarında hemodinamikanın vəziyyətində baş verən dəyişikliklər çox vaxt (65,2%) qarışıq invaziyası olan hamilə qadınlarda qeydə alınmışdır. «Ana-cift-döl» sistemində hemodinamikanın pozulması uşaqlıq-cift qan dövranının azalması və ciftdə baş verən morfoloji dəyişikliklərlə şərtlənmişdir. Qarışıq invaziya olduqda uşaqlıq arteriyalarında və göbək ciyəsi arteriyasında damar müqavimətinin artması aşkar edilmişdir. Bəzi müəlliflər hesab edirlər ki, histaminin, yağ turşularının və NO-qrup peroksidlərinin artması xovların sinsitial qatını zədələyən komplekslərin formalaşmasına təkan verir. «Ana-cift-döl» sistemində hemodinamikanın vəziyyətinin inteqral  göstəricisi cift əmsalı hesab edilir  (şək. 1).

 

Şək. 1. Hamilə qadınlarda cift əmsalı.

Kontrol qrupda olan hamilə qadınlarda cift əmsalı normal qiymətlər həddində  (0,18-0,20), monoinvaziyası olan hamilə qadınlarda isə ikinci və üçüncü trimestrlərdə müayinə zamanı aşağı (0,13-0,15) olmuşdur. Qarışıq invaziya zamanı cift əmsalı 0,16-0,18 təşkil etmiş və monoinvaziyası olan hamilə qadınlara nisbətən yüksək olmuşdur. Cift əmsalının qiyməti «ana-cift-döl» sistemində  daha kəskin hemodinamik dəyişikliklərin olmasından xəbər verir ki, onlar klinik olaraq xronik cift çatışmazlığı və dölün hipoksiyası ilə təzahür edirlər.

Beləliklə, qarışıq invaziyası olan hamilə qadınlarda uşaqlıq arteriyasında qan axınının sürət əyriləri  21-24 və 32-36-cı həftədə  müqayisə qrupunda olan hamilə qadınlarla müqayisədə daha yüksək rezistentliyi ilə səciyyələnir. «Ana-cift-döl» sistemində hemodinamikanın vəziyyətini xarakterizə edən cift əmsalı monoinvaziyası olan hamilə qadınlarda dürüst aşağıdır və xronik cift çatışmazlığının və dölün hipoksiyasının diaqnostikasında informativ test sayılır.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Гузеева Т.М. Состояние заболеваемости паразитарными болезнями в Российской Федерации и задачи в условиях реорганизации службы // Медицинская паразитология и паразитарные болезни,  2015, №1, с.3-11
2.Карахалис Л.Ю. , Селина Н.В. Перинатальные исходы при очень ранних преждевременных родах в зависимости от метода родоразрешения // Кубанский научный медицинский вестник, 2013,  №1 (136), c.91-95
3.Озерецковская, Н.Н. Органная патология в острой стадии тканевых гельминтозов: роль эозинофилии крови и тканей, иммуноглобулинемии Е, G4 и факторов, индуцирующих иммунный ответ // Медицинская паразитология и паразитарные болезни, 2015, № 3, с. 3–8
4.Халафли Х.Н. Влияние кишечных паразитозов на состояние здоровья детей. "Фундаментальные исследования", Москва, №9 (1) 2013, стр. 156-162.
5.
Aguilar P.S., Baylies M.K., Fleissner A. Helming LGenetic basis of cell-cell fusion mechanisms // Trends Genet.,  2013, vol 29, No 7, p.427-437.
6.Blackwell A.D. Helminth infection during pregnancy: insights from evolutionary ecology // Int J Womens Health.,  2016, vol 11, No 8, p.651-661.


Müəlliflər:
L.M. Rzaquliyeva
F.M. Babaşova

Digər jurnal və qəzetlər