PERİNATAL ASFİKSİYA KEÇİRMIŞ YENİDOĞULANLARDA POLİORQAN ZƏDƏLƏNMƏLƏRİNİN ERKƏN DİAQNOSTİKASI VƏ GEDİŞİNİN PROQNOZLAŞDIRILMASI
23-10-2017
Məlumdur ki, yenidoğulan uşaqlarda mərkəzi sinir sisteminin (MSS) hipoksik mənşəli zədələnmələrində perinatal asfiksiya polietioloji zəncirin ayrıca sərbəst bir həlqəsidir [1, 2]. Perinatal asfiksiya (PA) zamanı beynin ayrı-ayrı strukturlarının zədələnmələri müxtəlif xarakter daşıyır və asfiksiyanın ağırlıq dərəcəsindən, uşağın morfofunksional yetkinsizliyindən və risk faktorlarından asılıdır [3, 4].
Ağır PA keçirmiş yenidoğulanların vəziyyəti təkcə baş beynin zədələnmə dərəcəsindən deyil, digər orqan və sistemlərin bu prosesə ayrı-ayrılıqda və ya müştərək məruz qalmasından, zədələnmələrin intensivliyindən və vital funksiyaları yerinə yetirən orqanlarda funksiya çatışmazlığının müddətindən asılıdır [5, 6 ]. Qeyd etmək lazımdır ki, məhz bu kontingent körpələr arasında poliorqan çatışmazlığı nəticəsində perinatal ölüm yüksək səviyyədə qalmaqdadır; həmçinin bu uşaqlar arasında sonrakı yaş dövrlərində əlillik hallarının artması qeyd olunur[ 7, 8].
PA keçirmiş yenidoğulanlarda poliorqan zədələnmələri (POZ) zamanı klinik manifestasiyanın müxtəlifliyi ucbatından yaranan diaqnostik çətinlik və proqressivləşmə nəticəsində yüksək letallıq bu aspektdə tədqiqatın aparılmasının vacibliyini şərtləndirir.
Sübut olunmuşdur ki, yenidoğulanların vəziyyətinin ağırlığını obyektiv və operativ qiymətləndirmək müalicənin səmərəliliyi baxımından çox əhəmiyyətlidir (9, 10). Lakin klinik təcrübədə bu günə kimi poliorqan çatışmazlığının inkişaf ehtimalını göstərən erkən diaqnostik və proqnostik alqoritm mövcud deyil. Ona görə də yenidoğulanlarda, xüsusilə PA keçirmiş körpələrdə POZ-un diaqnostikası, proqnozu və intensiv terapiyasının öyrənilməsi müasir neonatologiyanın aktual məsələlərindəndir. POZ zamanı antihipoksik müdafiə mexanizmlərinin öyrənilməsi və onların klinik qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatın məqsədi. PA keçirmiş müxtəlif hestasiya yaşlı yenidoğulanlarda poliorqan zədələnmələrinin erkən diaqnostik meyarlarının müəyyənləşdirilməsi, müalicənin təkmiləşdirilməsı və gedişinin proqnozlaşdırılması.
Tədqiqata PA keçirmiş, erkən neonatal dövrdə reanimasiya və intensiv terapiya şöbəsinə daxil olmuş 224 yenidoğulan uşaq cəlb edilmişdir; Onların 128-i vaxtından əvvəl (29-37 hestasiya həftəsində), 96-ı vaxtında (38-41 hestasiya həftəsində) doğulmuşdur.
Yenidoğulan uşaqların vəziyyəti Apqar şkalası ilə qiymətləndirilmə zamanı 5-ci dəqiqədə 67,4%-də ağır, 32,6%-də orta ağır kimi qiymətləndirilmişdir. Yenidoğulan-ların vəziyyətinin ağırlığı erkən neonatal dövrdə NEOMOD və SNAP-PE şkalası ilə müqayisəli şəkildə qiymətləndirilmişdir.
Yenidoğulanlarda POZ-un qiymətləndirilməsi NEOMOD şkalası ilə 7 sistem üzrə (mərkəzi sinir sistemi, hemostaz, tənəffüs, ürək-damar, və sidik-ifrazat sistemi, mədə-bağırsaq traktı və turşu- qələvi müvazinəti), SNAP –PE şkalası isə 32 klinik-biokimyəvi göstəricilərə əsasən aparılmışdır. Poliorqan zədələnmələrinin müəyyən edilməsi zamanı seçim meyarı-2 və daha çox sistemin disfunksiyası, istisna meyarı kimi isə xromosom anomaliyaları və letal nəticə götürürülmüşdür.
NEOMOD şkalası ilə qiymətləndirmədə 58 uşaq əsas qrupa, müqayisə qrupuna isə 40 uşaq aid edilmişdir. SNAP-PE şkalası ilə qiymətləndirmədə zamanı isə 94 uşaq əsas qrupa, 32 uşaq müqayisə qrupuna aid edilmişdir.
Müəyyən edilmişdir ki, POZ-un perinatal risk faktorları arasında bətndaxili hipoksiya və perinatal asfiksiya mühüm yer tutur. Belə ki, əsas qrupa daxil olan yenidoğulanların 87,2%-də, müqayisə qrupunun 56,2%-də bətndaxili hipoksiya müəyyən olunmuşdur (11); PA əsas və müqayisə qruplarında müvafiq olaraq 93,6% və 50,5% uşaqlarda qeyd olunmuşdur ki, bu da qruplar arasında statistik əhəmiyyətli fərqın olmadığını göstərir.
Əsas qrup yenidoğulanların vəziyyətinin təhlili zamanı TPS, doğuşda asfiksiya, mekonial aspirasiya sindromu, sepsis, anadangəlmə ürək qüsuru kimi patoloji halların POZ-un inkişafında mühüm rol oynaması müəyyənləşdirilmişdir; bu uşaqların hamısında asfiksiya fonunda MSS-nin müxtəlif dərəcəli zədələnmələri aşkar edilmişdir (12).
POZ-un inkişafının hestasiya yaşından asılı olaraq təhlil olunması zamanı müəyyən edilmişdir ki, vaxtında doğulan uşaqlarda MSS-nin zədələnməsinin TPS ilə birlikdə rast gəlməsi 72,0%, vaxtından qabaq doğulanlarda - 98,7% təşkil edir.
Müxtəlif hestasiya yaşlı yenidoğulanlarda POZ-un inkişafının ante- və intranatal faktorlar baxımından təhlil olunması zamanı hamiləliyin fəsadlı gedişini şərtləndirən müştərək patologiyalarla POZ arasında dürüst müsbət əlaqə (r>0,70; p<0,01) aşkar edilmişdir. Hamiləlik fəsadları arasında rastgəlmə tezliyi və dölün zədələnməsi baxımından ağır fetoplasentar çatışmazlıq ən aparıcı faktor olmuşdur. Həmçinin ağır gedişli hestozlar yenidoğulanlarda POZ-un inkişaf riskini artıran əsas mamalıq patologiyalarından olmuşdur.
Hamiləlik və doğuşun fəsadlı gedişi zamanı müştərək patologiyaların sayı ilə yenidoğulanlarda POZ-u şərtləndirən orqanların miqdarı arasında güclü korrelyasiya əlaqəsi (r>0,69; p<0,01) aşkar edilmişdir. Həmçinin sutkalıq diurez, oksigenasiya əmsalı və pH səviyyəsi ilə bu sindrom arasında dürüst müsbət korrelyasiya əlaqəsi (r>0,54; 0,51; 0,46; p<0,01müvafiq olaraq) müəyyən edilmişdir.
Beləliklə, PA keçirmiş yenidoğulanlarda poliorqan çatışmazlığının inkişafını proqnozlaşdırmaq üçün perinatal risk faktorlarının təhlil edilməsi, onların bu sindromunun formalaşmasında rolunun müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir (13).
Müayinə olunan bütün yenidoğulan uşaqlarda MSS-nin hipoksik zədələnmə-lərinin aparıcı sindromları hestasiya yaşından asılı olaraq təhlil olunmuş və müəyyən edilmişdir ki, uşağın həyatının 5-7-ci günü əsas klinik sindrom süstlük sindromu və vegeto-visseral pozğunluqdur, onların rastgəlmə tezliyi daha çox dərin yarımçıq-doğulan- hestasiya yaşı 32 həftə və ondan az olan uşaqlarda (69,6%) qeyd edilmişdir, vaxtınada doğulanlarda bu göstərici 25% təşkil etmişdir. Neonatal dövrün dinamika-sında nevroloji statusda müşahidə edilən stabilləşmə fonunda bu göstəricilərin rastgəlmə tezliyi azalsa da, həyatın 28-30-cu günü vaxtında doğulan uşaqlarda 3,5 dəfə çox olmuşdur (48,4%). Hestasiya yaşı 32 həftədən az olan ekstremal az çəkili uşaqlarda apnoye və koma halları, həmçinin qıcolma sidromu dürüst yüksək olmuşdur ( p<0,01).
MSS-nin ağır dərəcəli zədələmələri zamanı 47% uşaqda klinik sindromların bir neçəsi birlikdə müştərək müşahidə edilmişdir; ən çox vegeto-visseral pozğunluqlar və süstlük sidromu, hipertenzion-hidrosefal və qıcolma sidromu eyni bir xəstədə müşahidə edilmişdir. MSS-nin ağır hipoksik-işemik zədələmələri aşkar edilən, 34 həftədən əvvəl doğulan uşaqlarda süstlük sindromu erkən neonatal dövrün sonuna kimi diaqnostik əhəmiyyət daşıyan klinik bir sindrom olaraq qalmışdır. Kəskin adaptasiya dövrünün sonu (5-7-ci gün) süstlük sindromu, koma və apnoye tutmalarının yüksək səviyyədə qalması bu qrup körpələrdə MSS-nin zədələmələrinin qabarıqlığını göstərir (14).
PA keçirmiş yenidoğulan uşaqlarda MSS-nin hipoksik-işemik zədələnmələri zamanı qıcolma sindromu əsasən tonik, tonik- klonik və parsial qıcolmalar şəklində təzahür etmiş, vaxtından əvvəl doğulan uşaqlar üçün parsial qıcolma, vaxtında doğulanlar ücün isə tonik-klonik qıcolmalar daha xarakterik olmuşdur.
PA keçirmiş yenidoğulan uşaqlarda MSS-nin hipoksik-işemik zədələnmələri zamanı vegeto-visseral pozğunluqların klinik manifestasiyası neonatal dövrdə müxtəlif cür olmuş, əksər hallarda dərinin mərmərvari rəngi ilə müşahidə olunmuş, həm erkən, həm də gec neonatal dövrdə bütün qrup uşaqlarda, daha çox 30-34 hestasiya həftəsində doğulan uşaqlarda qeyd edilmişdir (83,5%). Qusma, qaytarma və meteorizm neoatal dövrün diamikasında ( 5-7-ci gün, 28-30-cu gün) 54,6-60,0% hüdudunda vaxtından əvvəl doğulmuş (32 həftədən az ) uşaqlarda tərəddüd etmişdir.
Aparılan klinik müşahidələr PA keçirmiş yenidoğulanlarda MSS-nin hipoksik-işemik zədələnmələrinin çoxsaylı kliik sindromlarla təzahür etdiyini, onların hestasiya yaşından və zədələnmənin ağırlıq dərəcəsindən asılı olduğunu göstərmişdir. Lakin vaxtından əvvəl doğulmuş, baş beynin ağır struktur zədələnməsi olan körpələrdə MSS-nin zədələnmələrinin xarakterini, ağırlıq dərəcəsini dəqiqləşdirmək, bu prosesin gedişini proqnozlaşdırmaq üçün yüksək həssaslığa malik immunkimyəvi meyarların müəyyən edilməsi zərurəti yaranır.
Aparılan immunkimyəvi tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, baş beynin struktur dəyişiklikləri aşkar olunan körpələrdə bu dəyişikliklər olmayan körpələrlə müqayisədə BDNF-in konsentrasiyası dürüst fərqlənir, bu fərq həm neonatal dövrün dinamikasında, həm də nəzarət qrupu ilə müqayisədə aşkar edilmişdir.
Tədqiq olunan neyrospesifik zülalın konsentrasiyası həm də beynin zədələmələrinin xarakterindən asılı olaraq dəyişmişdir; MSS-nin hipoksik-hemorragik zədələnmələri zamanı ( İVQ, PVQ) antigenin konsentrasiyası neonatal dövrün dinamikasında dürüst azalmış (p<0.01), lakin BDNF-in səviyyəsi İVQ olan körpələrdə nəzarət qrupundan 2 dəfə çox olmuş, PVL olan yenidoğulanlarda bu neyrotrofik zülalın konsentrasiyası başlanğıc göstəricilərlə müqayisədə dürüst yüksək olmuşdur (p<0,01). Qeyd etmək lazımdır ki, BDNF-i maksimal səviyyəsi kardiorespirator, hemodinamik və metabolik pozğunluqların qabarıq təzahür etdiyi günlərdə müşahidə edilmişdir. Ümumi klıinik vəziyyətin və adaptasiya mexanizmlərinin stabilləşməsi fonunda BDNF-in dinamikada tədricən azalması qeyd edilmişdir.
Çox az və ekstrmal az çəki ilə doğulan, aşağı hestasiya yaşlı (32 həftədən az) morfofunksional yetişməmiş körpələrdə BDNF-in aşağı səviyyəsi, çox güman ki, neyronların əsas həyatı vacib funksiyasını qoruması-neyrotrofik təsir göstərməsi ilə əlaqədardır. Müxtəlif hestasiya yaşlı yenidoğulanlarda BDNF-in fərqli konsentrasiyası sinir toxumasının zədələnmələrini daha obyektiv və adekvat qiymətləndirməyə imkan verir.
PA keçirmiş yenidoğulanlarda MSS-nin ilkin zədələnmələri fonunda inkişaf etmiş POZ zamanı beynin neyrotrofik faktoru (BDNF) ilə yanaşı damar endotelial böyümə faktorunun (VEGF) erkən diaqnostik və proqnostik əhəmiyyəti öyrənilmişdir.
Müəyyən edilmişdir ki, hestasiya yaşı 29-31 həftə arasında olan vaxtından əvvəl doğulan uşaqlarda VEGF-in konsentrasiyası nəzarət qrupundan əhəmiyyətli dərəcədə aşağı səviyyədə 86,1±9,1 mkq/l (p<0,01), hestasiya yaşı 32-34 həftə arasında olan vaxtından əvvəl doğulan uşaqlarda 119,14±11,4 mkq/l, hestasiya yaşı 35-37 həftə arasında olan vaxtından əvvəl doğulan ( III qrup) uşaqlarda 232,0±14,8 mkq/l, IV qrup ( hes.yaşı 38-41) olan uşaqlarda 242±12 mkq/l səviyyəsində olmuşdur. Bu antigenin konsentrasiyası nəzarət qrupuna daxil olan yenidoğulanlarda 118mkq/l-dən - 395mkq/l arasında tərəddüd etmişdir.
Neonatal dövrün dinamikasında vaxtında doğulan uşaqlar istisna olmaqla bütün yenidoğulanlarda VEGF-in konsentrasiyası 2 dəfədən çox artmışdır ki, bu çox güman ki, orqanizmin hipoksik-işemik zədələnməyə qarşı cavab reaksiyasıdır. Belə ki, əsas qrupa aid olan vaxtından əvvəl doğulan uşaqlarda VEGF-in konsentrasiyası dinamikada artsa da, nəzarət qrupu səviyyəsinə çatmamışdır. Sonuncu vaxtından əvvəl doğulan uşaqlarda hipoksiyanın daha dərin zədələyici təsirə malik olmasına və kompensator imkanların daha tez tükənməsinə dəlalət edir.
Vaxtından əvvəl doğulan uşaqlarda, xüsusilə çox az çəkili uşaqlarda erkən neonatal dövrdə (1-3gün) angiogenezin əsas aktivatoru olan VEGF-in konsentrasiyasının çox yüksəlməməsi, yəqin ki, bu uşaqlarda mikrosirkulyator pozğunluqların tədricən inkişaf etməsi ilə əlaqədardır. Həmçinin müəyyən edilmişdir ki, neyrosonoqrafiyada struktur patologiya aşkar olunan uşaqlarda bu antigenin səviyyəsi dinamikada yüksəlir (21-ci gün 2 dəfə), lakin işemik-hemorragik dəyişikliklər aşkar olunan uşaqlarda isə VEGF-in səviyyəsi dinamikada tədricən azalır, 21-ci gün bu azalma 2,1-2,8 dəfəyə bərabər olur.
Müxtəlif hestasiya yaşlı yenidoğulanlarda VEGF-in səviyyəsində baş verən dəyişikliklərin təhlilindən belə nəticə əldə etmək olar ki, struktur dəyişiksiz hipoksik zədələnmələr zamanı bu antigen az əhəmiyyət daşıyır; struktur dəyişikliklərin bərpa dövründə isə onun rolu yüksəlir. Ona görə də yenidoğulan körpələrdə həyatının ilk günlərində VEGF-in səviyyəsi proqnostik əhəmiyyət daşımır, lakin erkən neonatal dövrün sonu uşağın həyatının 5-7-ci günü onun səviyyəsinin enməsi yenidoğulanlarda posthipoksik struktur dəyişikliklərin formalaşmasını proqnozlaşdırmağa imkan verir.
Qeyd olunanlarla yanaşı, PA keçirmiş, ilkin olaraq MSS-nin hipoksik zədələnməsi fonunda POZ inkişaf etmiş yenidoğulanlarda neyrospesifik enolazanın (NSE) klinik əhəmiyyəti-erkən diaqnostik və proqnostik imkanları təhlil olunmuşdur.
Müəyyən edilmişdir ki, NSE-nin qan zərdabındakı konsentrasiyasının dinamikada dəyişilməsi bütün qruplarda eyni istiqamətli olmuş, dogulandan sonraki 1-3-cü gün qeyd olunan yüksək səviyyə 5-7-ci gün bir qədər yüksəlmiş, 2-ci həftədən başlayan azalma neonatal dövrün sonuna kimi (28-30 cu gün) davam etmişdir. Neonatal dövrün başlangic və son dövrlərində NSE-nin konsentrasiyasi bütün qruplarda bir-birindən dürüst fərqlənmis, (p<0,01) geniş diapazonda tərəddüd etməklə zədələnmənin xarakterindən asılı olaraq dəyişmişdir.
Neyrosonoqrafiyada struktur patologiya aşkar olunan bütün körpələrlə müqayisədə NSE-nin konsentrasiyasi 1-3-cü gün 2 dəfədən çox yüksək olmuş, bu fərq neonatal dövrün dinamikasinda davam etmiş, hestasiya yaşı artdıqca daha qabarıq muşahidə olunmuşdur.
Struktur patologiya aşkar olunan yenidoğulanlar arasında ən yüksək səviyyə hestasiya yaşı 32 həftədən az olan yenidoğulanlarda (I qrup) qeyd edilmiş, uşağın həyatının 5-7-ci günü 48,0±8,8 ng/ml-ə bərabər olmuşdur.
Çox az çəki ilə doğulan (29-31 hestasiya həftəsi) uşaqlarda NSE-nin konsentrasiyasının yüksək səviyyədə olması və dinamikada davam etməsi yəqin ki, bir tərəfdən, baş beynin morfofunksional yetkinsizliyii ilə, digər tərəfdən bu qrup uşaqlarda MSS-nin ağır zədələnmələrinin formalaşması və mikroqliyanın aktiv proliferasiyası ilə əlaqədardır. Həmçinin, vaxtından əvvəl doğulmaya səbəb olan qeyri-qənaətbəxş antenatal faktorlar, xüsusilə perinatal asfiksiya fonunda aktiv formalaşmalı olan neyron və astrositlərin membranı zədələnir və nəticədə NSE-nin beyindən yüksək konsentrasiyada qana keçməsi baş keçir. Tədqiqat zamanı MSS-nin hipoksik zədələnmələrinin ağırlıq dərəcələri ilə NSE-nin konsentrasiyası arasında güclü mənfi korrelyasiya əlaqəsi müəyyən edilmişdir (r= -0,71; p<0,01); bu əlaqə hestasiya yaşı 31 həftədən az olan uşaqlarda daha qabarıq olmuşdur (r=-0,79; p<0,01). Sonuncu MSS-nin hipoksik-işemik zədələnmələrinin rastgəlmə tezliyinin hestasiya yaşından asılı olduğunu bir daha təsdiq etmişdir.
Qeyd olunanlar PA keçirmiş, ilkin olaraq MSS-nin hipoksik-işemik zədələnmələri fonunda POZ inkişaf etmiş yenidoğulanlarda NSE-nin diaqnostik və proqnostik əhəmiyyətini əks etdirir.
Tədqiqatlar həm vaxtında və həm də vaxtından əvvəl doğulan uşaqlarda POZ zamanı hemopoezdə baş verən dəyişikliklər araşdırılmışdır.
Müəyyən edilmişdir ki, POZ aşkar olunan bütün uşaqlarda hemopoezdə 3-cü günlə müqayisədə 28-ci gün bütün göstəricilərdə (limfosit və trombositlər istisna olmaqla ) azalma baş verir.
Neonatal dövrün sonu vaxtından əvvəl doğulan uşaqlarda anemiya vaxtında doğulan uşaqlara nisbətən 2 dəfə çox müşahidə olunmuşdur. Həmçinin bu dövrdə 38% halda vaxtından əvvəl doğulan uşaqlarda monositopeniya müşahidə edilmişdir.
Qeyd olunanlarla yanaşı, POZ olan yenidoğulanlarda leykoformulanın inteqral əmasalları – NLƏ, NMƏ, LMƏ neonatal dövrün dinamikasında ciddi dəyişikliklərə məruz qalır. Daha qabarıq dəyişikliklər NMƏ səviyyəsində və LMƏ səviyyəsində xüsusilə vaxtından əvvəl doğulan (2-ci qrup uşaqlarda) müşahidə olunmuşdur. Bu əmsalların dinamikada dəyişilmələrinin təhlili göstərir ki, POZ aşkar olunan yenidoğulanlarda effektor hüceyrələrin funksiyasının ləngiməsi fonunda makrofaqal- mikrofaqal sistemin mürəkkəb immunoloji pozğunluqları ilkin zədələnmiş orqanın (orqanların) ağırlıq dərəcəsindən asılı olaraq təzahür edir.
Bu dəyişikliklərin vaxtında aşkar edilməsi ilə POZ-un gedişini müəyyənləşdirmək və inkişaf edə biləcək fəsadların qarşısını almaq olar.
Növbəti mərhələdə PA keçirmiş yenidoğulanlarda POZ zamanı orqanizmdə baş verən dəyişikliklərin xarakterini daha dəqiq qiymətləndirmək üçün geniş təsir spektirinə malik olan bioloji aktiv maddə - serotoninin konsentrasiyası neonatal dövrün dinamikasında təyin olunmuşdur.
Aparılmış müayinələr göstərmişdir ki, əsas qrup yenidoğulanlarda serotoninin konsentrasiyası neonatal dövrün dinamikasında nəzarət qrupu yenidoğulanlarla müqayisədə müxtəlif istiqamətli dəyişikliklərə məruz qalır; 5-7-ci gün serotoninin səviyyəsi əsas qrup yenidoğulanlarda nisbi aşağı, müqayisə qrupu yenidoğulanlarda isə yüksək olmuşdur (p<0,01).
Neonatal dövrün 24-28-ci günü əsas qrup yenidoğulanlarda serotoninin səviyyəsi 5-7-ci günlə müqayisədə 2 dəfə və daha çox artmasına baxmayaraq nəzarət qrupu göstəricilərinin səviyyəsinə çatmamış və ondan dürüst fərqlənmişdir (p<0,01).
Serotoninin konsentrasiyası həm əsas, həm də müqayisə qrupuna daxil olan yenidoğulanlarda nəzarət qrupundan xeyli aşağı, vaxtında doğulanlarda isə xeyli yüksək olmuşdur.
Həmçinin müəyyən edilmişdir ki, həm vaxtında, həm də vaxtından əvvəl doğulanlarda serotoninin konsentrasiyası aparıcı klinik sindromlardan asılı olaraq təzahür edir; süstlük sindromu zamanı serotoninin konsentrasiyası hər 2 qrup yenidoğulanlarda 5-7-ci gün nəzarət qrupu ilə müqayisədə aşağı səviyyədə olmuş (p>0,01), 24-28-ci gün nəzarət qrupu yenidoğulanların səviyyəsinə çatmamış və ondan dürüst fərqlənmişdir(p<0,01).
Nevroloji simptomların xarakterindən asılı olaraq serotoninin səviyyəsində qeyd olunan müxtəlif istiqamətli dəyişikliklər - süstlük sindromu zamanı azalma, oyanıqlıq sindromu zamanı artma, bu neyromediatorun MSS-də oyanıqlığı tənzimləyici rolu ilə əlaqədardır.
Daha qabarıq dəyişikliyin vaxtından əvvəl doğulan uşaqlarda müşahidə olunması, bir tərəfdən, beynin morfofunksional yetişməməzliyi, sinir sisteminin yuxarı şöbələrində mielinizasiya olmuş neyronların az olması ilə, digər tərəfdən, bu qrup uşaqlarda kompensasiya imkanlarının az olması ilə əlaqədardır.
Perinatal asfiksiya keçirmiş yenidoğulanlarda serotoninin səviyyəsi ilə NEOMOD şkalasının erkən neonatal dövrdəki maksimal qiyməti arasında dürüst korrelyasiya əlaqəsi müəyyən edilmişdir ( p<0,01); erkən neonatal dövrdə uşağın vəziyyəti nə qədər ağırdırsa, serotoninin səviyyəsi neonatal dövrün dinamikasında o qədər aşağıdır. Serotoninin səviyyəsi həmçinin ağciyərlərin süni ventilyasıyasının müddəti (r = -0,61; p<0,01), inotrop müalicə (r= 0,51; p<0,01), periferik qanda trombositlərin miqdarı (r=0,69; p<0,01) ilə statistik dürüst korrelyasiya əlaqəsinə malikdir. Bütün qeyd olunanlar poliorqan zədələnmələrinin xarakterik əlamətləri kimi təzahür etmişdir; ona görə də bu geniş spektirli bioloji aktiv maddənin perinatal asfiksiya keçirmiş yenidoğulanlarda poliorqan zədələnmələrin əlavə biokimyəvi meyarı kimi təyin edilməsi məqsədəuyğundur.
Tədqiqat zamanı PA keçirmiş, POZ aşkar olunan müxtəlif hestasiya yaşlı yenidoğulanlarda LPO göstəriciləri (MDA, Katalaza, QPO) və AOF-in səviyyəsi neonatal dövrün dinamiksında öyrənilmişdir.
Müəyyən edilmişdir ki, perinatal asfiksiya keçirmiş yenidoğulanlarda LPO və AOF-nin səviyyəsi neonatal dövrün dinamikasında nəzarət qrupu yenidoğulanlarla müqayisədə müxtəlif istiqamətli dəyişikliklərə məruz qalır; 5-7-ci gün MDA, katalaza, QPO-nun səviyyəsi nəzarət və müqayişə qrupundan dürüst yüksək (p<0,01), AOF-in səviyyəsi isə nəzarət qrupundan dürüst aşağı (p<0,01) olmuşdur. Neonatal dövrün dinamikasında əsas qrup yenidoğulanlarda LPO göstəricilərinin səviyyəsində azalma, AOF-in səviyyəsində artma müşahidə edilsə də, bu göstəricilər nəzarət qrupundan dürüst fərqlənmişdir (p<0,01).
Həmçinin müəyyən edilmişdir ki, LPO göstəriciləri və AOF səviyyəsi aparıcı klinik sindromlardan asılı olaraq dəyişir. Belə ki, süstlük sindromu zamanı MDA-nın konsentrasiyası həm vaxtında doğulanlarda, həm də vaxtından əvvəl doğulanlarda 5-7-ci gün nəzarət qrupundan dürüst yüksək səviyyədə olmuş (p<0,01), neonatal dövrün sonu normallaşmamış və dürüst yüksək səviyyədə qalmışdır (p<0,01); bu dəyişikliklər baş beyində struktur patologiyası olan (intra-periventikulyar qansızma, PVL) yenidoğulanlarda daha qabarıq müşahidə edilmişdir.
Bütün müayinə olunan yenidoğulanlarda həyatın 5-7-ci günü AOF həm süstlük, həm də oyanıqlıq sindromu zamanı sağlamlarla müqayisədə aşağı səviyyədə olmuşdur, vaxtından əvvəl doğulanlarda xüsusilə süstlük sindromu zamanı bu göstərici neonatal dövrün sonuna kimi daha aşağı səviyyədə olmuşdur. Qeyd olunanlar bu qrup yenidoğulanlarda, bir tərəfdən, beynin morfofunksional yetişməməzliyi və baş beynin yuxarı şöbələrində mielinizasiya olmuş neyronların az olması ilə, digər tərəfdən, onlarda orqanizmin ümumi kompensasiya imkanlarının məhdud olması ilə əlaqədardır.
Tədqiqatın gedişində müayinə olunmuş yenidoğulanlarda NEOMOD şkalası ilə LPO göstəriciləri və AOF arasında mövcud olan korrelyasiya əlaqələri araşdırılmış və müəyyən edilmişdir ki, uşağın erkən neonatal dövrdə vəziyyəti nə qədər ağırdırsa, AOF-in səviyyəsi neonatal dövrün dinamikasında o qədər aşağı, MDA isə o qədər yuxarı olur. Neonatal dövrün 5-7-ci günü AOF ilə ağciyərin süni ventilyasiya müddəti (r=-0,59; p<0,01), MDA ilə orta AT səviyyəsi və inotrop müalicə (r=0,62; p<0,01, r=0,51; p<0,01 müvafiq olaraq) katalaza ilə oksigenoterapiya (r=0,64; p<0,01), QPO ilə tam enteral qidalanmaya keçmə vaxtı (r=0,52; p<0,05) arasında statistik dürüst korrelyasiya əlaqələri müəyyən edilmişdir. Qeyd olunanları ağır perinatal asfiksiya keçirmiş yenidoğulanlarda polioqran zədələnmələrin xarakter klinik-parametrik meyarları hesab etmək olar.
PA keçirmiş, POZ olan müxtəlif hestasiya yaşlı yenidoğulanlarda osteogenez markerlərinin (PTH,KT,OK,QF) konsentrasiyası neonatal dövrün dinamikasında tədqiq edilmiş və onun klinik əhəmiyyəti təyin edilmişdir.
Müəyyən edilmişdir ki, POZ olan yenidoğulanlarda osteogenez markerlərinin səviyyəsi neonatal dövrün dinamikasında nəzarət qrupu yenidoğulanlarla müqayisədə müxtəlif istiqamətli dəyişikliklərə məruz qalır;əsas qrup yenidoğulanlarda PTH və QF-nin səviyyəsi yüksəlir, KT və OK-nin səviyyəsi isə aşağı enir. Göstərilən biomarkerlərin səviyyələri NEOMOD şkalası ilə qiymətləndirmənin nəticələrindən asılı olaraq uşağın vəziyyətinin ağırlığına görə təzahür edir; ən yüksək səviyyə uşağın həyatının 5-7-ci günü qeyd edilir, PTH nəzarət qrupundan 4 dəfə, QF- isə 2 dəfə yüksək olmuşdur. Digər göstəricilərin (KT, OK) səviyyəsi erkən neonatal dövrün sonu ( 5-7-ci gün) nəzarət qrupundan aşağı olmuşdur; daha qabarıq dəyişiklik KT-nin səviyyəsində qeyd edilmişdir (p<0,01). OK-nin miqdarının vaxtında doğulanlarda yüksək, vaxtından əvvəl doğulanlarda, xüsusilə 32 hestasiya həftəsidən kiçik yaşlı uşaqlarda aşağı olması bu osteogen faktorların əmələ gəlməsini ləngidən çoxsaylı bətndaxili səbəblərlə, başqa sözlə, morfofunksional yetkinsizliklə əlaqədardır.
Osteogenez markerlərinin dinamik izlənməsi zamanı müəyyən edilmişdir ki, bu biomarkerlərin konsentrasiyaları normallaşmır; əsas qrup yenidoğunlarda bütün göstəricilər nəzarət qrupundan dürüst (p<0,01) fərqlənir ki, bu da POZ olan yenidoğulanlarda osteogenez prosesinin ciddi dəyişikliklərə məruz qalmasını göstərir və onların sümük sistemində müxtəlif patoloji proseslərin inkişafına zəmin yaratdığını təsdiq edir. Bud-çanaq oynağının displaziyası olan uşaqlarda QF və KT dürüst yuxarı olması, raxitin erkən manifestasiyası zamanı PTH, KT, OK, QF dürüst aşağı olması xarakterikdir (p<0,01). Qeyd olunanlar vaxtından əvvəl doğulanlarda daha qabarıq nəzərə çarpmışdır. Bu dəyişikliklərin erkən neonatal dövrdə qiymətləndirilməsi osteogenez prosesinin gec neonatal və daha sonra formalaşması üçün əhəmiyyətli məlumatlar verir.
Tədqiqatın növbəti mərhələsi perinatal asfiksiya keçirmiş, POZ aşkar olunan vaxtından əvvəl doğulan uşaqlarda osteopeniyanın erkən diaqnostikası və inkişafının risk faktorlarını müəyyən etməkdən və sümük toxumasının remodelləşməsini qiymətləndirməkdən ibarətdir.
Müayinə olunan vaxtından əvvəl doğulanlarda osteopeniyanın diaqnostik markerləri neonatal dövrün dinamikasında tədqiq olunmuşdur.
Müəyyən edilmişdir ki, əsas qrup yenidoğulanlarda Ca ümumi səviyyəsi nəzarət qrupundan əhəmiyyətli dərəcədə fərqlənmiş, onun neonatal dövrün sonu ən aşağı səviyyəsi (1,76±0,06) əsas qrupa daxil olan morfofunksional yetişməmiş uşaqlarda müşahidə edilmişdir. Qeyd olunan hipokalsemiya hipofosfatemiya ilə müşayət olunmuşdur. Çox güman ki, hestasiya yaşı 32 həfdən az olan vaxtından əvvəl doğulan uşaqlarda böyrəklərin filtirasıya və reabsorbsiya funksiyasının çox aşağı olması, uşaqların vəziyyətlərinin ağırlığı ilə əlaqədar olaraq lazımı qida maddələri ilə təmin olunmaması, bağırsaqların sorulma prosesinin aşağı olması bu mübadilənin tənzim olunmasının çətinləşməsi ilə əlaqədardır.
Sümük toxumasının formalaşmasında əsas rol oynayan mikroelementlərin (Ca,P) neonatal dövrün sonuna kimi aşağı olması PTH səviyyəsindən asılı olmuşdur. PTH bir tərəfdən, qanda Ca və P səviyyəsini yüksəldərək sümük toxumasının reabsobsiyasına səbəb olması, diğər tərəfdən isə osteoblastların sintezində iştirak edən osteokalsinin səviyyəsini azaltması ilə əlaqədardır.
OK-nin səviyyəsinin vaxtından əvvəl doğulanlarda, xüsusilə 32 hestasiya yaşından kiçik uşaqlarda aşağı olması yəqin ki, osteogen faktorların əmələ gəlməsini ləngidən çoxsaylı bətndaxili səbəblərlə, həmçinin morfofunksional yetkinsizliklə əlaqədardır.
OK-nin konsentrasiyasının qan zərdabında 42ng/ml-dən az olması proqnostik qeyri-qənaətbəxş olub uşağın sonrakı inkişafı, onun sümük sisteminin formalaşması haqqında məlumat verir.
Müəyyən edilmişdir ki, OK-nin konsentrasiyası aşağı olan uşaqlarda kiçik əmgəyin və sagital tikişin açıq qalması, böyük əmgəyin kənarlarının yumşaq olması daha çox rast gəlir.
Həmçinin PTH-ın konsentrasiyası ilə başın dairəsi ( r=- 0,65; P<0,01), döşün dairəsi (r=-0,62; p<0,05) arasında əks əlaqə mövcuddur. Eyni zamanda QF-nin qan zərdabında konsentrasiyası ilə doğularkən uşağın boyu arasında əks korrelyasiya əlaqəsi müəyyən edilmişdir (r=-0,48; p<0,05) ki, bu vaxtından əvvəl doğulan uşaqlarda osteogenez prosesinin intensivliyinin artdığını göstərir. Sonuncu öz növbəsində PTH-ın sümük remodelləşməsinə müxtəlif istiqamətli təsir göstərməsi ilə əlaqədardır.
Katamnestik müşahidələr nəticəsində əsasən osteopeniyanın inkişafına zəmin yaradan aşağıdakı risk faktorları müəyyən olunmuşdur :
- doğularkən uşağın çəkisinin 1500q-dan az olması;
- 2 həftə və çox parenteral qidalanmada saxlanılması;
- hipofosfotemiya, hipokalsemiyanın neonatal dövrün sonuna kimi saxlanılması;
- OK konsentrasiyasının neonatal dövrdə aşağı səviyyədə qalması;
- QF neonatal dövrün sonuna kimi yüksək səviyyədə qalması.
Klinik müşahidələr göstərmişdir ki, sümük toxumasının rezorbsiyasının yüksəlməsi və onun remodelləşməsinin zəifləməsi göstərilən risk faktorlarına malik vaxtından əvvəl doğulan uşaqların morfofunksional yetişməməzlik fonunda inkişaf edir; bağırsaqlardan sorulma prosesinin aşağı səviyyədə olması, böyrəklərın reabsorbsiya və filtrasiya funksiyasının aşağı olması nəticəsində osteopeniya formalaşır.
Tədqiqatda qeyd olunanlarla yanaşı perinatal asfiksiya keçirmiş, POZ aşkar olunan müxtəlif hestasiya yaşlı yenidoğulanlarda nekrotik enterekolitin inkişafının erkən diaqnostik fekal meyarını müəyyənləşdirmək üçün nəcisdə β-defensin-2-nin səviyyəsi neonatal dövrün dinamikasında öyrənilmişdir.
Müəyyən edilmişdir ki, əsas qrupa daxil olan həm vaxtında və həm də vaxtından əvvəl doğulmuş uşaqlarda HBD-2-nin konsentrasiyası neonatal dövrün dinamikasında [1, 7, 15, 30-cu gün] nəzarət qrupun göstəricilərindən dürüst yüksək olur, daha qabarıq fərq 3-cü gün qeyd edilir. MSS-nin struktur zədələnməsi fonunda inkişaf etmiş intestinal distres sindromu olan yenidoğulanlarda HBD-2-nin konsentrasiyası daha yüksək- nəzarət qrupundan 3 dəfə çox olmuşdur .
Aparılan diskret- dinamik analiz nəticəsində müəyyən edilmişdir ki, HBD-2-nin konsentrasiyası vaxtından əvvəl doğulan uşaqlarda 3-cü gün 246,2-257,5nq/q, 7-ci gün- 173,7-206,9nq/q, 15-ci gün 161,5-188,9nq/q, 30-cu gün 155,2-167,4nq/q arasında; vaxtında doğulanlarda 3-cü gün 246,2-268,5nq/q, 7-ci gün- 166,9-255nq/q, 15-ci gün 161,5-266,6nq/q, 30-cu gün 155,2-268nq/q arasında tərəddüd edərkən NEK-in inkişaf riski böyükdür.
Klinik immunfermentativ müayinə nəticəsində müəyyən edilmişdir ki, vaxtında doğulanlarda HBD-2-nin 3-cü gün 257,5 nq/q, 7-ci gün 206,9 nq/q, 15-ci gün188,9 nq/q, 30-cu gün 167,4 nq/q-dan çox olması [ normadan müvafiq olaraq 3-5 dəfə çox]; vaxtında doğulanlarda 3-cü gün 268 nq/q-dan, 7-ci gün-255 nq/q-dan, 15-ci gün 226 nq/q-dan, 30-cu gün 208 ng-dan çox olmasına əsasən [ normadan müvafiq olaraq 5-7 dəfə çox] NEK-in diaqnozunu qoymaq olar.
Tədqiqatın növbətı mərhələsində PA keçirmiş, südəmər yaşlı ( 1 yaşa qədər) uşaqlarda prospektiv olaraq bağırsaq mikroflorasının formalaşması və həzm traktı disfunksiyaları qiymətləndirilmişdir.
Klinik müşahidələr göstərmişdir ki, əsas qrupa daxil olan uşaqlarda 66,6% halda laktoral təyin olunmamışdan əvvəl bağırsaq sancıları, metiorizm və nəcisdə dəyişikliklərlə təzahür edən qastrointestinal sindrom qeyd olunur. Müqayisə qrupunda bu sindrom 52,3% halda nəzərə çarpmışdır. Nəcisin makroskopik olaraq Bristol şkalasına görə qiymətlən-dirilməsi zamanı 73,8% halda patoloji forma qeyd olunmuşdur; 6-cı tip sıyığabənzər nəcis üstünlük təşkil edərək 52,3% halda qeyd edilmişdir; nadir halda 5-ci ( yumşaq, kiçik qabarcıqlı, bərabər kənarlı) və 4-cü ( ilanşəkilli hamar və yumşaq) tip nəcis ( 26,1% və 19% müvafiq olaraq) qeyd edilmişdir.
Bağırsaq mikrobiosenozunun tədqiqi müqayisəli aspektdə keysəriyyə kəsiyi ilə (əsas qrup) və təbii yolla (müqayisə qrupu) doğulan uşaqlar arasında aparılmış, alınan nəticələr laktoral təyinindən əvvəl, 30 və 60 gün sonra təhlil edilmişdir.
Müəyyən edilmişdir ki, laktoral təyinindən əvvəl əsas qrupa daxil olan uşaqlarda lakto- və bifidobakteriyaların defisiti müqayisə qrupu uşaqlarda nisbətən daha qabarıq müşahidə edilir( p< 0,05).
Bununla yanaşı enterobakteriyaların, stafilokok aureus və kandidaların rastgəlmə tezliyi müqayisə qrupunda dürüst yüksək olmuşdur (p< 0,05). E.Coli defisiti əsas və müqayisə qrupu uşaqlarda müalicədən əvvəl eyni miqdarda olmuş, lakin hemolizedici bağırsaq çöpləri əsas qrup uşaqlarda yüksək səviyyədə qeyd edilmişdir ( 38%). ŞPM və proteus əsas və müqayisə qrup uşaqlarda bir-birindən dürüst fərqlənməmişdir (P>0,05).
Laktoral təyinindən sonra laktozaneqativ bağırsaq çöpləri təbii yolla doğulan uşaqlarda qeyd edilməmiş, hemolizedici bağırsaq çöplərinin miqdarında dinamikada 3 dəfədən çox azalma qeyd olunmuş, proteus və SPM müəyyən edilməmişdir.
Beləliklə, laktoralın 1 yaşa qədər uşaqlarda preventiv terapiyaya daxil edilməsi bir sıra pozitiv hallarla nəticələnmişdir; yoğun bağırsağın ekosistemində pozitiv dəyişiklikləir baş vermiş, uşağın psixomotor və somatik statusu normallaşmışdır.
Tədqiqatda həmçinin perinatal asfiksiya keçirmiş uşaqların katamnezdə psixomotor inkişafı qiymətləndirilmişdir. Bunun üçün vaxtından əvvəl doğulan 180 körpə 1 yaşında Denver testi ilə qiymətləndirilmiş və klinik labarotor müayinəyə cəlb olunmuşdur.
MSS-nin hipoksik-işemik zədələnmələrinin ağırlıq dərəcəsindən asılı olaraq müayinə olunmuş körpələr 3 qrupa bölünmüşdür: 1-ci qrupa MSS-nin yüngül dərəcəli hipoksik-işemik zədələnməsi olan 40 uşaq, 2-ci qrupa orta ağır dərəcəli zədələnmə olan 67 uşaq, 3-cü qrupa MSS-nin ağır dərəcəli hipoksik-işemik zədələnməsi olan 73 uşaq cəlb edilmişdir.
MSS-nin hipoksik-işemik zədələnmələrinin xarakterindən asılı olaraq bütün müayinə olunanlar neyrosonoqrafiyanın nəticələrinə əsasən 2 yarımqrupa bölünmüşdür: A-yarımqrupuna baş beyində struktur patologiyası olmayan, B- yarımqrupuna isə -struktur patologiya aşkar olunan uşaqlar aid edilmişdir.
Katamnezdə müayinə uşaq doğularkən bədən kütləsindən asılı olaraq aparılmışdır: doğularkən bədən kütləsi 1500 q-dan az olan uşaqlar ayda 1 dəfə , bədən kütləsi 1500-2000q arası olan uşaqlar 2 ayda bir dəfə, bədən kütləsi 2000q-dan çox olan uşaqlar isə 3 ayda 1 dəfə dinamik müşahidəyə cəlb olunmuşdur. Vaxtından əvvəl doğulmuş uşaqlarda psixomotor inkişafın Denver II şkalası ilə qiymətləndirilməsi zamanı ayrı-ayrı istiqamətlərdə - istər motor funksiyada, istərsə də nitqin inkişafı və sosial adaptasiyada geri qalma müşahidə edilmişdir. Yüngül dərəcə zədələnmə zamanı A yarımqrup uşaqlarda nitqin inkişafı və sosial adaptasiyada ləngimə qeyd olmasa da, motor funksiyada ləngimə 16,6-20% halda müşahidə olunmuşdur. B-yarımqrup körpələrdə isə motor funksiyada ləngimə 20-30% hüdudunda tərəddüd etmiş və eyni səviyyədə (20-30%) nitqin inkişafında ləngimə və sosial adaptasiyada geri qalma ilə müşahidə olunmuşdur.
Müəyyən edilmişdir ki, psixomotor inkişafın ləngiməsi olan körpələrdə normal inkişaf edən körpələrlə müqayisədə neonatal dövrdə β-defensinin səviyyəsində dürüst dəyişiklik baş verir. Bu dəyişiklik istər doğularkən bədən kütləsi 1500 q-dan az olan uşaqlarda, istərsə də bədən kütləsi 1500-2000 q arasında olan uşaqlarda neonatal dövrün dinamikasında dürüst yüksək səviyyədə olmuşdur; daha qabarıq dəyişikliklər (normal inkişaf edən uşaqlarla müqayisədə 2 dəfə çox) I qrupda 30-cu gün, II qrupda 15-ci və 30-cu gün müşahidə (p<0,01) edilmişdir.
Beləliklə, müxtəlif hestasiya yaşlı yenidoğulanlarda neyrospesifik zülalların və β-defensinin səviyyəsində baş verən bu dəyişikliklərin kliniki əhəmiyyətini dinamikada uşağın psixomotor inkişafında təzahür edən kompleks əlamətlər göstərmiş və retrospektiv-prospektiv olaraq proqnostik dəyərə malik olmasını təsdiq etmişdir .
Tədqiqatın növbəti mərhələsində PA keçirmiş müxtəlif hestasiya yaşlı yenidoğulan uşaqlarda POZ –un gedişini proqnozlaşdırmaq üçün klinik- biokimyəvi – immunkimyəvi göstəricilər müqayisəli təhlil edilmiş və proqnostik model hazırlanmışdır.
Katamnezdə Denver şkalasına uyğun olaraq uşaqların 44.9 % - i normal, 40.8%-i inkişaf ləngiməsi, 14.3%-i inkişafdan qalma kimi qiymətləndirilmişdir. Alınan nəticələr neonatal dövrdə aparılmış ilkin biokimyəvi- immunkimyəvi göstəricilərlə tutuşdurulmuşdur; bu göstəricilər arasında fərqi aşkar etmək üçün Kraskel- Uolsi meyarından istifadə olunmuşdur. Müəyyən edilmişdir ki, müxtəlif inkişaf səviyyələrində olan yenidoğulanlarda öyrənilmiş biokimyəvi-immunkimyəvi göstəricilərdən 7 göstəricinin ilkin səviyyəsi arasında statistik dürüst fərq müşahidə olunur. Bu göstəricilərdən PTH (x2=14.7; p=0.001), BDNF (x2 =11.56; p=0.001), QF (x2=11.14; p=0.001) və QPO (x2=6.51; p=0.011) daha qabarıq fərqlənmişdir.
Növbəti mərhələdə statistik dürüst fərqlənən göstəricilərin son nəticəyə təsirini qiymətləndirmək məqsədi ilə ROC analizi aparılmışdır. ROC analizi nəticəsində müəyyən edilmişdir ki, öyrənilən göstəricilər arasında ən yüksək həssaslıq və eyni zamanda spesifikliyə PTH (S= 0.821±0.065; 95 % Dİ: 0.0694- 0.947 ), BDNF (S=0.785±0.065; 95 % Dİ: 0.657- 0.912) və QF (S=0.779±0.066; 95 % Dİ: 0.649-0.910) malikdir. Həmçinin göstəricilər arasında mövcud olan əlaqələri qiymətləndirmək üçün SPSS-20 statistik paketin köməyi ilə korrelyasiya analizi aparılmış, bu zaman PTH ilə BDNF (r=0.365; p<0.05), serotonin ilə β – defensin (r= 0.391; p<0.05), NSE (r=0.683 ; p
Alınan nəticələrə əsasən PA keçirmiş vaxtından əvvəl və vaxtında doğulmuş uşaqlar üçün çoxölçülü proqnostik nomoqramma tərtib edilmişdir. Belə ki, PA keçirmiş vaxtından əvvəl doğulan uşaqlarda NSE – nin 90 mkq / ml -dan, serotoninin 300 nq /ml- dən, β – defensinin 135 nq /q –dan, QF –nin 340 U /İ –dən, BDNF –in 13 nq / ml- dən, PTH –ın 400pq / ml-dən çox olması zamanı oliorqan zədələnmələrinin inkişaf ehtimalı yüksəkdir.
Aparılmış biometrik təhlillərin nəticələrinə əsasən PA keçirmiş yenidoğulanlarda homeostazı nəzarətdə saxlayan sistemlərdə müşahidə edilən funksional çatışmazlıqlar zamanı POZ-un inkişaf mexanizmləri müəyyənləşdirilmiş və nəticələr sxematik olaraq aşağıda göstərilmişdir.
Şəkildən göründüyü kimi, PA keçirmiş yenidoğulanlarda ilkin olaraq MSS-nin zədələnməsi fonunda inkişaf etmiş POZ sindromunun katamnezdə psixomotor inkişafın ləngiməsi (Denver testi), neyroendokrin balansın və ion mübadiləsinin pozulması və bağırsaqların müdafiə mexanizmlərində baş verən dəyişilmə müşahidə olunur. Aparılan müalicə-profilaktika tədbirləri zamanı bu həlqələrin korreksiyası vacibdir.
Bütün qeyd olunanlarla yanaşı MSS-nin ilkin zədələnməsi fonunda POZ aşkar olunan yenidoğulanlarda neyrometabolik terapiyanın (NMT)-meksifinin səmərəliliyi əsaslandırılmışdır.
NMT-nin səmərəliliyinin klinik meyarlarına vital funksiyaların bərpa müddəti, neonatal qıcolmaların müddəti və təzahür dərəcəsi, həmçinin stasionarda xəstələrin qalma müddəti aid edilmişdir. Nevroloji statusun qiymətləndirilməsində müfəssəl meyarlardan istifadə olunmuş, “tam yaxşılaşma”, “yaxşılaşma”, bir qədər yaxşılaşma”, “dinamikasız” və “pisləşmə” vəziyyətləri qeyd edilmişdir.
Müəyyən edilmişdir ki, əsas qrup yenidoğulanlarda nevroloji statusda dinamikada hərəki aktivlik, şərtsiz reflekslər, əzələ tonusunda “tam yaxşılaşma” və “yaxşılaşma” müvafiq olaraq 66,6% və 20% halda qeyd olunmuşdur. Həmçinin, müşahidə olunan yenidoğulan uşaqlarda NMT fonunda NSE-nin səviyyəsi neonatal dövrün sonu (28-30-cu günü) başlanğıc səviyyə ilə müqayisədə 2,5 dəfə artmışdır. Belə nəticə çox güman ki, NMT-nin sinir toxumasının ayrı-ayrı struktur komponentlərində olan dəyişiklikləri və hematoensefalik baryerin funksiyasını normallaşdırması ilə əlaqədardır. Bununla yanaşı, həyatın ilk günlərindən NMT alan uşaqlarda PVL-in inkişafı heş bir halda müəyyən edilməmişdir.
Beləliklə, PA keçirmiş ilkin olaraq MSS-nin hipoksik-işemik zədələnməsi fonunda POZ aşkar olunan müxtəlif hestasiya yaşlı yenidoğulanlarda NMT istifadə olunması klinik-neyrosonoqrafik və immunkumyəvi yaxşılaşma ilə müşahidə olunur.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1/Amritanshu K, Smiris S, Kumor V et al. Clinikal profile and short-term outcomeof hypoxic-ishemice ensephalopathy among birth asphyxiated babies in Kathior Medical Hospital J. Clin. Neonatal, 2014; 3(4) 195-9.
2.Гаджиева А.С., Гасанов А.Ш. Ранняя диагностика остеопении у новорожденных перенёсших перинатальную асфиксию. Современная педиатрия. Киев, 2014, 5(61), Ст. 35-39.
3.Ferriero D.M. Neonatal Brain İnjury. New England Journal of Medicine 2004; 351: 1985-1995.
4.Aslam N.M., Saleem S., Afrae R., Iqbal U., Salem M.S. Risk factory of birth asphyxia. Italian J. Pediatrics.2014; 40: 94.
5.Adebami O.J. Maternal and fetal determinants of mortality in babies with birth asphyxia osagbo Sou thwestern Nigeria, Gio Ady RES Med. Sci. 2015; 4(6) 270-6.
6.Буштырев В.А., Дворянинова Л.В., Лаура Н.Б. и др. Последствия перинатального поражения ЦНС у детей, рожденных с экс- тремально низкой массой тела. // Вопросы гинекологии, акушерства и перинатологии.- 2008.- Т.7.- №4.- С. 44-45
7.Amritanshu K, Smiris S, Kumor V, Pathak A, Banerjee Dr. Clinikal profile and short-term outcomeof hypoxic-ishemice ensephalopathy among birth asphyxiated babies in Kathior Medical Hospital J. Clin. Neonatal, 2014; 3(4) 195-9.
8.Hacıyeva A.S. Yenidoğulanlarda MSS-nin hipoksik-işemik zədələnmələrı zamanı neyrospesifik enolazanın klinik əhəmiyyəti. // Azərbaycan Perinatologiya və Pediatriya jurnalı. 2016, №1. Səh. 16-23.
9.Гаджиева А.С., Панахова Н.Ф., Гусейнова С.А. Патогенетические механизмы поражении кишечного барьера у недоношенных новорожденных с перинатальной энцефалопатией. // Журнал Педитрия им. Сперанского. 2017/Том 96/ №5.стр. 234-236
10.Гаджиева А.С., Гасанов С.Ш. Эффективность нейрометаболической терапии при перинатальном гипоксическом поражении центральной нервной системы у новорожденных. Вестник проблем биологии и медицины. Выпуск 2014, 4, том 3., Ст.100-105.
11.Hajiyev A.S., Panakhova N.F., Huseynova S.A., Hasanov S.S., Hajiyeva N.N. The relationship between intestinal protective markers and serum endothelin-1 concentrations in low birth weight infants with hypoxic-ischemic encephalopathy. 2017.Vol.8.(7): 2832-2838.
12.Гаджиева А.С., Гасанов С.Ш., Аллахвердиев М.Г., Xanlarova.N.A. Содержание нейроспецифических белков как критерий повреждения головного мозга при перинатальной гипоксии и гипербилиру-бинемии у новорожденных. Неврологический Вестник вып 2, Казан 2011. Səh. 9-12.
13.Hacıyeva A.S. Perinatal asfiksiya kecirmiş yenidoğulanlarda poliorqan zədələnmələri zamanı serotoninin klinik əhəmiyyəti. Sağlamlıq jurnalı, 2011, №2. Səh. 107-111.
14.Гаджиева А.С. Динамика β-дефенсина у недоношенных детей перенесших перинатальную асфиксию. Бишкек, Кыргызстан. Здоровье матери и ребенка, 2013, том.5, №1, Səh.95-98.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı