BÖYRƏK TRAVMALARI ZAMANI ULTRASƏS MÜAYİNƏ DİAQNOSTİKASININ NƏTİCƏLƏRİ

15-09-2017

Böyrək travmaları sidik-cinsiyyət orqanları travması arasında aparıcı yerlərdən birini tutur və qarın boşluğunun küt və ya nüfuzedici travması olan xəstələrin təqribən 5-10%-də xəstədə müşahidə edilir. Bu travmalar həyat üçün təhlükəli olasqda əksər hallarda yalnız konservativ müalicə tələb olunur [1, 2, 3].

Böyrək travmaları zamanı kişi və qadın nisbəti 3:1-ə kimidir [4, 5].

Böyrək travmaları adətən 3 qrupa ayrılır: yaralar, əziklər və damarların zədələnməsi. Bir qayda olaraq küt travma avtonəqliyyat qəzaları, hündürlükdən yıxılma, təmas tipli idman növləri və yıxılmalar nəticəsində baş verir. Yol-nəqliyyat qəzaları böyrəyin küt travmaları səbəblərinin yarıdan çoxunu təşkil edir [1, 3]. Son 20 ildə nəşr etdirilən göstəricilərə əsasən yıxılma zamanı böyrək travmalarının tezliyi 16,0% təşkil edir [1, 3]. Böyrək damarlarının parçalanması və zədələnməsi, müxtəlif göstəricilərə əsasən bütün küt böyrək travmalarının 10-15%-ni təşkil edir [1, 3, 4].

Çoxsaylı böyrək travması yüksək indeksli klinik məlumatın əldə edilməsi, sürətli diaqnostika və müalicə tələb edir [1, 3]. Böyrək zədələnməsinin müalicə metodu və taktikasının seçimi vaxtında və düzgün aparılan diaqnostikadan daha çox asılıdır  [2, 6]. Son onillik ərzində müasir diaqnostika metodları, təkmilləşdirilmiş konservativ və cərrahi müalicə metodları meydana gəlmişdir. Böyrək zədələnmələrinin diaqnostikası iki mərhələdən ibarətdir: böyrək zədələnməsi faktının təyin edilməsi və zədələnmənin növünün müəyyən edilməsi [7, 8, 9]. Travmatik böyrək zədələnmələrinin əsas diaqnostika metodları rentgenoloji müayinə metodları (ekskretor uroqrafiya, böyrək angioqrafiya), kompyuter tomoqrafiyası hesab edilir. Bununla yanaşı böyrək travmalarının ultrasəs müayinəsi həmin xəstələrin monitorinqinin optimal müayinə metodu hesab edilir [10, 11, 12].

Böyrəklərin nüfuz edilməyən, qapalı travmalarına həsr edilmiş nəşrlər çoxdur, lakin həmin xəstələrin müayinə həcmi məsələsində fikirlər zidiyyətli və mübahisəlidir.

Hazırki tədqiqatın məqsədi böyrəklərin travması olan xəstələrin ultrasəs müayinəsinin nəticələrinin qiymətləndirilməsinə həsr edilmişdir.

Tədqiqatın material və metodları. Tədqiqatlar 1 saylı Kliniki Tibbi Mərkəzdə yerinə yetirilmişdir. Təcrid olunmuş müştərək böyrək travması olan 85 nəfərdə ultrasəs müayinənin (USM) nəticələri öyrənilmişdir. Əziyyət çəkənlərin yaşı 20-45 yaşlar arasında olmuş, orta yaş həddi 31,10±1,72 təşkil etmişdir, kişilərin sayı 63 (74,1%), qadınların 22 (25,9%) nəfər olmuşdur.

Ətraflı şəkildə müayinələr aparılmış, xəstənin yaşı, cinsi, travmanın səbəbləri müəyyən edilmişdir.

Stasionara daxil olan bütün xəstələrə Toshiba Xario (Yaponiya)  Model SSA-660A B-rejimində konveks ötürücüsü  3,5 Hs və xətti ötürücüsü 7-10 Hs olan və Toshiba Nemio (Yaponiya) Model XG SSA-580A daşınan  apparatın konveks ötürücüsü 3,5 Hs ultrasəs müayinəsi aparılmışdır.

Böyrəklərin USM-i ultrasəs diaqnostika üzrə rəhbərliklərdəki tövsiyələrə, eləcə də FAST (Focused Assessment with Sonography for Trauma –travma zamanı məqsədli ultrasəs müayinə) protokoluna əsasən yerinə yetirilmişdir [13].

Böyrəklərin topoqrafiyası, onların ölçüləri, fibroz kapsulun tamlığı və parenximanın exogenliyi təyin edilmişdir.

 Göstəricilərin emalı Statistica-6.0 Microsoft Office (Excel) standart proqram paketlərinə əsasən aparılmışdır. Təsviredici statistikanın standart metodları (orta standart xətaların hesablanması) və Stüdent-t meyarları dürüstlük meyarları qismində istifadə edilmişdir. M-orta hədd (average), SD- orta göstəricinin standart xətası (Standard Deviation) hesablanmışdır. p<0,05 olduqda fərqlər dürüst hesab edilmişdir.

Müayinələr Helsink Deklarasiyasının prinsiplərinə müvafiq olaraq yerinə yetirilmişdir.

Nəticələr və onların müzakirəsi. Xəstələrin yaş və cins üzrə paylaşdırılması cədvəl 1-də öz əkisini tapmışdır.

Cədvəl1.

Xəstələrin yaş və cins üzrə paylaşdırılması

Yaş, il

Kişilər (n=63)

Qadınalr  (n=22)

Müt.r.

%

Müt.r.

%

20-30

32

50,8

11

50,0

31-40

25

39,7

9

40,9

41-45

6

9,5

2

9,1

 

Göründüyü kimi gənc yaşlı şəxslər üstünlük təşkil etmişdir, onların ümumi payı 50,6% olmuşdur.

Təcrid olunmuş zədələnmələr üstünlük təşkil etmişdir (Şək.1).

 Şək.1.Təcrid olunmuş və müştərək travmaların tezliyi

 38 (44,7%) xəstədə travma zamanı sağ, 47 (55,3%) nəfərdə sol böyrək zədələnmişdir. Böyrək travmalarının böyük əksəriyyəti avtomobil qəzaları nəticəsində baş vermişdir (Şək.2).

Şəkil 2-dən göründüyü kimi ən çox rast gəlinən səbəb- 50 nəfər avtomobil-yol qəzası olmuşdur, onlardan 40 (47,0%) avtomobil qəzaları, 10 (11,8%) nəfər isə velosiped və motosikl travmalarına məruz qalmışdır. Yıxılma zamanı zədələnməyə məruz qalan 23 nəfərdən 15 nəfər hündürlükdən yıxılma, 8 nəfər isə toqquşma nəticəsində travma alımışdır. Müştərək travmalar avtomobil-yol qəzası alan 10, hündürlükdən yıxılma 8 nəfərdə qeydə alınmışdır. Ultrasəs diaqnostika zamanı daha çox təcrid olunmuş travmalı xəstələrdə əzilmələr qeydə alınmışdır (Cədvəl 2).

Göründüyü kimi müştərək travmları olan xəstələrdə 2,9 dəfə çox parenxima parçalanması müəyyən edilmişdir  (p<0,01).

Qapalı böyrək travmaları olan xəstələrdə USM zamanı struktur və toxuma sərtliyinin pozulması, eləcə də zədələnmələrin xarakter və dərəcəsi təyin edilmişdir (Şək.3). Qeyd etmək lazımdır ki, ilkin USM zamanı böyrəklərin müştərək travmaları 6 xəstədə 12-24 saat ərzində aşkar edilmişdir.

  Şək.2. Böyrək travmalarının səbəblərinin tezliyi  (n=85)

Cədvəl  № 2.

Təcrid olunmuş və müştərək travmalı  xəstələrdə böyrək zədələnmələrinin növləri

Zədələnmələrin xarakteri

Təcrid olunmuş travmalar  (n=67)

Müştərək travmalar (n=18)

Müt.

%

Müt.

%

Böyrək əzilmələri

43

64,2

8

44,4

Parenximaların parçalanması  

9

13,4

7

38,9*

Kapsulaltı hematomalar  

15

22,4

3

16,7

Qeyd: * - fərqlərin statistik dürüstlüyü (р<0,01)

Alınan göstəricilərə müvafiq olaraq daha çox konturların dəqiqliyi 76(89,4%) xəstədə, parenxima struktunun bircinsli olmaması 66(77,6%) xəstədə və böyrəklərin ölçülərinin artması 48(56,5%) xəstədə qeydə alınmışdır. Zədə alan xəstələr üçün kasacıq-ləyən sistemində dəyişikliklər və fibroz kapsulun dəqiqliyi kimi exoqrafik göstəricilər, eləcə də parenxima strukturunun bircinsli olmaması xarakterikdir. Kasacıq-ləyən sisiteminin genişlənməsi parenxima parçalanması olan 10(11,7%) xəstədə qeydə alınmışdır.

 Şək.3. Travmaya məruz qalmış böyrəyin exoqrafik əlamətlərinin tezliyi (%)

Beləliklə, travmaya məruz qalmış böyrəklərin ultrasonoqrafiya müayinəsi zamanı təyin edilmiş patologiyalar, orqan strukturunda dəyişikliklərin qabarıq olması aşkar edilmişdir, lakin travmanın ağırlıq dərəcəsini təyin etmək mümkün olmamışdır.

Qeyd etmək lazımdır ki, böyrək travması zamanı USM-in üstünlükləri haqqında müzakirələr davam etməkdədir. Göstərilir ki, travmaya məruz qalmış böyrəklərin USM-i zamanı yaxşı akustik mənzərəsini almaq çətin olur, eləcə də USM-in nəticələrin mütəxəssisin səriştəliliyndən asılıdır [7,4]. Travmatik zədələnmənin ilkin qiymətləndiril-məsində USM-in aparılması zəruridir. Hazırda Avropada və dünyanın başqa ölkələrində böyrəklərin küt travmalarının diaqnostikasında və qiymətləndirilməsində qarın boşluğu orqanlarının ultrasəs müayinəsi geniş tətbiq edilir. ABŞ-da hədəf sonoqrafiya (FAST) metodu ilə ilk növbədə qarın boşluğunda sərbəst mayenin aşkar edilməsi üçün istifadə edilir [4].

Tərəfimizdən travmaya məruz qalan böyrəklərin USM-in nəticələrinə əsasən parçalanma 18,8% aşkar edilmişdir, eyni zamanda onun yayılma dərəcəsini və dərinliyini hər xəstədə müəyyən etmək mümkün olmamışdır, yalnız 5,9% halda təyin edilmişdir. Bizim nəticələr N. Djakovic et al. [3] göstəriciləri ilə üst-üstə düşür. Buna baxmayaraq biz hesab edirik ki, USM ilə böyrək zədələnməsinin ağırlıq dərəcəsi haqqında kifayət qədər məlumat almaq mümkün olmasa da, bu müayinə metodu böyrəklərin küt travması olan xəstələr arasında diaqnozun dəqiqləşdirilməsinə tələbat yaranaraq rentgenoloji müayinəsinin aparılması zəruri olan xəstələrin aşkar edilməsi məqsədilə əvəzedilməz metoddur.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Абдуллажанов М.М., Максумов К.ДЖ. Травма почек: Современные методы диагностики и лечения // Вестник экстренной медицины, 2009, №3, с. 73-77.
2.Смоляр А.Н., Абакумов М.М. Диагностика и лечение повреждений почек при закрытой травме // Хирургия, 2013, №5, с.26-30.
3.Dyakovic N., Plas E., Matrinez-Pineiro L., Lynch Th. et al. Травматические повреждения органов мочевыделительной системы. Пер. В.А. Черняева. Европейская Ассоциация урологов, 2011, 86 с
4.Global Status on Road Safety 2015, World Health Organization, http://www.who.int/ violence_injury_ prevention/road_safety_status/2015/ (Accessed on April 04, 2016).
5.Qin R., Wang P., Qin W. et al. Diagnosis and treatment of renal trauma 298 patients // Clin. J. Traumatol., 2002, vol.5, No1, p.21-23 http://www.nsbi.nlm.nih.gov/pubmed/11835751
6.Santucci R.A., Bartley J.M. Urologic trauma guidelines: a 21st century update // Nat Rev Urol, 2010, vol.7, No9, p.510-519.
7.Ермолаева Н.К., Маскин С.С., Шварцман И.М., Боско О.Ю. и др. Ультразвуковая диагностика закрытых повреждений органов брюшной полости и забрюшинного пространства // Вестник Волг.ГМУ, 2013, Выпуск 1 (45), с.54-57.
8.Ма О.Дж., Матиэр Дж.Р. Ультразвуковое исследование в неотложной медицине. Пер. с англ. Москва: БИНОМ. Лаборатория знаний, 2014, с.90-120.
9.Хван О.И. Повреждения печени, селезенки и почек при тупой травме и их судебно-медицинская оценка // Проблемы экспертизы в медицине, 2016, Том 16, № 01-02, с. 20-24.
10.Трофимова Е.Ю., Богнницкая Т.В., Смоляр А.Н. Ультразвуковая диагностика забрюшинных кровоизлияний в ранние сроки после закрытой травмы живота // Ультразвуковая и функциональная диагностика, 2010, №5, с.14-19.
11.Труфанов Г.Е. Лучевая диагностика. Москва: ГЭОТАР-Медиа, 2012, 496 с.
12.Ультразвуковая диагностика: руководство для врачей. Под ред. Г.Е. Труфанова, В.В. Рязанова. СПб: ООО "ФОЛИАНТ", 2009, 439 с.
13.Файзулина Р.Р., Нузова О.Б., Бобылева Е.О. Оптимизация диагностики тупой травмы живота // The Journal of scientific articles “Health and Education Millennium”, 2017, vol. 19, No5, с.9-11


Müəlliflər:
N.A. Qasımov
G.Ş. Qasımzadə

Digər jurnal və qəzetlər