CAVAN YAŞ DÖVRÜNDƏ OLAN QADINLARDA AĞRI SİNDROMU ZAMANI KORONAR QAN DÖVRANININ QİYMƏTLƏNDİRİLMƏSİ
11-10-2017
Açar sözlər: qadınlarda cavan yaş dövrü, agrı sindromu, ÜİX-nin risk amilləri, qeyri-invaziv və invaziv müayinə üsulları
Son illər diaqnostika və müalicəsində nailiyyətlərin əldə olunmasına baxmayaraq, ürək-damar xəstəlikləri (ÜDX) inkişaf etmiş ölkələrin əksəriyyətində ölüm və əlilliyin başlıca səbəblərindən biri olmaqda davam edir. Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə 55 yaşdan yuxarı qadınlar arasında ÜDX ölümün səbəbləri arasında birinci yeri tutur. Avropada qadınlar arasında ölümün səbəbi 54% halda ÜDX-nin payına düşür (7, 8, 11).
Eyni zamanda aparılan tədqiqatlar müəyyən etmişdir ki, qadınlarda ürəyin işemik xəstəliyindən (ÜİX) ölüm kişilərə nisbətən daha yüksəkdir. Bunun başlıca səbəblərindən biri qadınlarda məhz diaqnozun səhv qoyulmasıdır. Belə ki, son illərə qədər qadınlarda ÜİX-nin yalnız menopauza dövründə inkişaf etməsi haqqında fikirlərlər üstünlük təşkil edirdi. Mövcud məlumatlara görə xəstəliyin pik dövrü 65-75 yaş həddinə təsadüf edilirdi. Amerika kardioloqlar assosiyasının məlumatına görə 45-64 yaş həddində miokard infarktından 1 il ərzində 8%, 5 il ərzində isə 18% qadın dünyasını dəyişmiş, 15% qadınlar isə xroniki ürək çatışmazlığının inkişafı ilə əlaqədar əlillik qazanmışdır (6).
Lakin son zamanlar ÜİX cavan və orta yaşlı qadınlar arasında geniş yayılmağa başlamışdır ki, bu da müxtəlif tədqiqatlarda öz əksini tapmışdır (6, 7, 9, 10, 12). Ədəbiyyatda cavan və orta yaşlı qadınlarda, o cümlədən reproduktiv yaş həddində olan qadınlarda ÜİX-nin inkişafına dair coxsaylı məlumatların artması estrogenlərin angioprotektiv təsirə malik olması kimi ənənəvi baxışları şübhə altına alır (3, 4). Belə ki, Fransız reqistrlərinin məlumatlarına əsasən son 15 ildə ST seqmentinin qalxması ilə olan Mİ halları 60-dan az yaşlı qadınlar arasında 2 dəfə, 50-dən az isə - 3 dəfə yüksəlmişdir (9).
Aparılan 7 böyük tədqiqatda yekdil bir fikrə gəlinmişdir ki, cavan və orta yaşlı qadınlarda ÜİX-nin inkişafının proqnozlaşdırılması müəyyən çətinliklərlə üzləşir (2, 5, 8, 11). Bir tərəfdən belə xəstələr üçün xəstəliyin inkişaf təhlükəsini qiymətləndirən modifikasiya olunmuş şkala mövcud deyil. Amerika Framinqem şkalası və Avropa SCORE şkalasına əsasən, hətta ənənəvi risk amilləri mövcud olduqda belə bu xəstələr nisbi cavan yaşda olduqları üçün aşağı və ya mötədil kardiovaskulyar riskə malik olacaqdır. Bundan başqa son tədqiqatların nəticələrinə əsasən qadınlarda 20% halda koronar hadisələr ÜDX-nin klassik risk amilləri olmadan belə baş verir (5).
Digər tərəfdən praktik həkimlər arasında ÜİX-nin əsasən kişilər üçün xas olması və qadınlarda ancaq menopauza zamanı inkişaf etməsi kimi fikirlər şikəyətlərin vaxtında və düzgün qiymətləndirilməməsinə gətirib çıxarır. Qadınlarda da müsbət fiziki yük sınaqlarının rast gəlmə tezliyinin (müvafiq olaraq 29% və 30%) kişilərlə eyni olmasına baxmayaraq, qadınlar kişilərə nisbətən əlavə müayinə üsullarına az hallarda yönəldilir. Klinik təcrübələr göstərir ki, kişilərə nisbətən qadınlarda invaziv müayinəyə maraq az göstərilir.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq tədqiqatın məqsədi ağrı sindromu olan cavan yaş dövründəki qadınlarda koronar qan dövranının vəziyyətini öyrənmək olmuşdur.
Material və müayinə üsulları. Tədqiqata 38-44 (orta yaş - 40±2,6) yaş həddində, ÜİX nin klinik təzahürlərindən olan tipik və atipik agrılardan şikayət edən 30 qadın daxil edilmişdir. Bütün qadınlar normal menustral siklinə malik olmuşdur. Ginekoloji patologiyanı inkar etmək üçün ginekoloji anamnez toplanmışdır.
Bütün xəstələrə ümumi fiziki baxış keçirilmiş, antropometrik göstəricilər hesablanmış, anamnestik məlumatlar toplanmışdır. Qanın ümumu və biokimyəvi analizi aparılmışdır. Qanda lipid spektri, şəkər, kreatinin, qalıq azot, koaquloqramma təyin edilmişdir.
Qeyd etmək lazımdır ki, 10 xəstə onlarda ağrı əmələ gəlməsinə baxmayaraq müayinəyə qədər həkimə müraciət etməmişdir. 16 xəstə özbaşına müalicəyə cəhd edərək “gözləmə” mövqeyində olmuşdur. 4 xəstədə isə şikayətlər digər patologiyaların əlaməti kimi qiymətləndirilmişdir.
Müayinə zamani bütun qadınlarda ÜİX-nin müxtəlif risk amillərinin olmasi aşkarlanmışdır. Onlardan 7 nəfərdə isə ÜİX-nin bir neçə risk amilinə birgə rast gəlinmişdir. Müayinə olunanlarda arterial hipertenziya, artıq bədən çəkisi, hiperlipidemiya, irsi amil, siqaret cəkmə halları qeyd edilmişdir.
Xəstələrdə 12 standart aparmada elektrokardioqrafiya (EKQ) edilmişdir.
Exokardioqrafiya (ExoKQ) ümumqəbuledilmiş qaydada “Vivid 3” aparatında aparılmışdır. Sol mədəciyin son diastolik və son sistolik ölçüləri, mədəciklərarası çəpər və arxa divarın qalınlığı ölçülmüşdür. Sol mədəciyin atma fraksiyası (AF) təyin edilmişdir, seqmentar divar hərəkəti qiymətləndirilmişdir.
EKQ-nin gün ərzində monitorlaşdirilması Holter monitoru ilə aparılmışdır.
Göstəriş olduqda fiziki yük sınagı – Tredmil testi aparılmışdır. Sınaq ürək yığılmalarının sayı submaksimal həddə çatdıqda miokardın işemiyasının 13 klinik əlaməti meydana çıxmadıqda, ST seqmentinin 1 mm-dən çox depressiyası olmadıqda mənfi sayılmışdır.
Bütün sadalanan üsullar ilə ağrını differensasiya etmək mümkün olmadıqda xəstələrə koronaroangioqrafiya edilmişdir. Koronar arteriyalarda stenozun xarakteri və agırlığını qiymətləndirmək üçün ACC/AHA-nın stenozun modifikasiya olunmuş morfoloji təsnifatından istifadə olunmuşdur.
Alınmış nəticələr və müzakirə.Xəstələrdə sakitlik vəziyyətində EKQ-nin çəkilməsi zamanı 15 (50%) xəstədə dəyişiklik aşkarlanmamışdır. 5 (17%) xəstədə döş aparmalarında neqativ T dişi qeyd edilmişdir. Bu xəstələrə ExoKQ müayinəsi aparıldıqda 3 (10%) xəstədə seqmentar divar hərəkət qüsuru və onlarda AF-nin 45-50% arasında olması müəyyən olunmuşdur.
Müsbət fiziki yük sınağı ümumilikdə 10 (33,3%) xəstədə qeyd edilmişdir. Onlardan 2 (6,6%) xəstədə alınan nəticə kliniki müsbət kimi qiymətləndirilmişdir. Dörd xəstədə (13,3%) isə sınaq şübhəli olmuşdur.
Koronar angioqrafiyanın aparılması zamanı 10 (33,3%) xəstədə qıvrım koronar damarlar aşkarlanmışdır. Bu zaman 2 (6,6%) xəstədə izolə olunmuş şəkildə bir damarda qıvrılma ( LAD sol ön enən arteriyada), qalan xəstələrdə isə iki ( LAD və CX dolanan arteriyada) və daha çox iri koronar damarlarda( LAD, CX və RCAsag koronar arteriyada) qıvrılma qeyd edilmişdir. Qıvrılma daha çox (68,5%) ön enən şaxədə (LAD), 18% - sol koronar arteriyanın dolanan şaxəsində (CX), 6,3% halda isə sağ koronar arteriyada (RCA) qeyd edilmişdir. Koronar arteriyalarda əhəmiyyətli dərəcədə qıvrılmanın olması ilə ağrı tutmaları arasında bilavasitə asılıq aşkarlanmışdır. Qadınlarda ağrı tutması zamanı onlarda “koronar damarların əhəmiyyətli dərəcədə qıvrım” olması fenomeni nəzərdən qaçırılmamalıdır.
Tədqiqat zamanı ağrı sindromu olan 4 (13,3%) qadında koronarangioqrafiya zamanı miokardial “əzələ körpüsü”-nün diaqnostik əlaməti olan “step down-step up”- sıxılma effekti aşkarlanmışdır. Bu hal xəstələrdə sol ön enən şaxədə rast gəlinmişdir. Miokardial “əzələ körpüsü”nün uzunluğu 12 mm olmuşdur.
Cədvəl№ 1.
Koronar damarlar
Rick amilləri |
Qıvrım koronar damarlar n=10 |
“Əzələ körpüsü” n=4 |
Yavaş axın n=4 |
Koronar daralma n=9 |
Intact damarlar n=3 |
|
Hemodinamik əhəmiy yətli n=3 |
Hemodinamik əhəmiy-yətsiz n=6 |
|||||
Arterial hipertenziya (n) |
4 |
- |
2 |
2 |
1 |
- |
Hiperlipidemiya (n) |
- |
1 |
1 |
3 |
1 |
1 |
Artıq bədən çəkisi (n) |
2 |
- |
- |
3 |
2 |
- |
Iris amil (n) |
4 |
3 |
- |
2 |
2 |
2 |
Siqaret çəkmə (n) |
- |
- |
1 |
1 |
- |
- |
Qeyd: n – xəstələrin sayı
Müayinə zamanı 9 (30%) xəstədə koronar damarlarda müxtəlif dərəcəli daralmalar qeyd edilmişdir ki, onlardan 3-də bu, hemodinamik əhəmiyyətli olmuşdur. Alti (20%) nəfərdə isə hemodinamik cəhətdən əhəmiyyəti olmayan 50%-dən az daralmalar aşkar edilmişdir Onlardan 6 (20%) qadında 1 damar zədələnməsi, 3-də (10%) isə çox damar zədələnməsi aşkarkanmışdır. Koronar damarların stenozu 40-44 yaş həddində olan qadınlarda müəyyən edilmişdir. Onlardan 4 (13,3%) nəfərdə hiperlipidemiya, 3 (10%) nəfərdə arterial hipertenziya, 2 (6,6%) nəfərdə bir necə risk amili birgə qeyd olunmuşdur. Çox damar zədələnməsi ÜİX-nin bir necə risk amili olan qadınlarda rast gəlinmişdir (cədvəl).
Koronaroangioqrafiya zamanı 3 (10%) qadında koronar damarlar intakt olmuşdur. Lakin onlardan 2 nəfərdə ailə anamnezində ÜİX qeyd edilmişdir. Koronar damarların intakt olmasına baxmayaraq, 2 qadında fiziki yük sınağı müsbət olmuşdur ki, bu da X sindom kimi qiymətləndirilmişdir.
Müayinə zamanı 4 (13,3%) nəfərdə koronar yavaş axın (coronary slow flow SCF phenomenon) aşkarlanmışdır. 3 xəstədə bir damarda ( LAD sol ön enən arteriyada), bir xəstədə isə hər iki damarda (LAD və CX doıanan arteriyada) yavaş axın qeyd edilmişdir. Bu xəstələrdə arterial təzyiqin yüksək olması, hiperlipidemiya müəyyən olunmuşdur.
Alınmış nəticələr bir daha göstərir ki, qeyri-invaziv müayinə üsulları qadınlarda ÜİX-nin verifikasiyası üçün yetərli deyildir.
Sonda qeyd etmək lazımdır ki, cavan qadınlarda ÜİX-nin erkən diaqnostikası bir sira çətinliklərlə üzləşir. Cavan qadınlarda hər hansi bir kardial şikayət nəzərdən qaçırılmamalı, onlar fəal şəkildə invaziv müdaxilə də daxil olmaqla geniş müayinə olunmalıdır. Belə ki, qadınlarda koronar damarlar intakt olduqda belə qıvrım damarların, miokardial əzələ körpüsünün aşkarlanması, yavaş axının qeyd edilməsi erkən aterosklerotik prosesin inkişafına təkan verə bilər.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Болдуева, С.А. Тростянецкая Н.А., Леонова И.А. Гендерные особенности течения острого инфаркта миокарда: результаты ретроспективного исследования // Проблемы женского здоровья. – 2012. - Т.7, №2. – С. 11-16
2.Дворецкий, Л.И. Гибрадзе Н.Т., Черкасова Н.А. Ишемическая болезнь сердца у женщин // Русский медицинский журнал. – 2011. – Т.19,№2. – С.79-83.
3.Енисеева, Е.С. Корнилова И.А., Реут Ю.А. Особенности ишемической болезни сердца у женщин // Сибирский медицинский журнал. – 2006. - №7. – С.34-37.
4.Третьякова, Н.С. Особенности течения острого инфаркта миокарада у женщин разного возраста: автореф. дис. … канд. мед. наук: 14.01.05 / Третьякова Наталья Сергеевна. – СПб., 2013. – 27 с.
5.Чукаева И.И. Клепикова М.В., Орлова Н.В. Новые факторы риска ишемической болезни сердца у женщин // Лечебное дело. – 2011. - №2. - С.28-33.
6.Go, A.S. Mozaffarian D., Roger V.L. Heart disease and stroke statistics - 2014 update: a report from the American Heart Association // Circulation. – 2014. – Vol.129,№3. – P.28-292.
7.Nichols, M. Townsend N., Scarborough P. European Cardiovascular Disease Statistics 2012 edition British Heart Foundation Health Promotion Research Group [Электронный ресурс] // Режим доступа: http://www.escardio.org/The-ESC/Initiatives/EuroHeart/2012-EuropeanCardiovascular-Disease-Statistics
8.Papadopoulou, S.A. Kaski J.C. Ischaemic heart disease in the ageing woman // Best practice & research. Clinical obstetrics & gynaecology. – 2013. – Vol.27,№5. - P.689-697.
9.Puymirat, E. Simon T., Steg P.G. et al., Association of changes in clinical characteristics and management with improvement in survival among patients with ST-elevation myocardial 155 infarction // Journal of the American Medical Association. – 2012. – Vol.308,№10. – P. 998-1006.
10.Sulo, G. Vollset S.E., Nygård O. et al., Trends in Acute Myocardial Infarction Event Rates and Risk of Recurrences After an Incident Event in Norway 1994 to 2009 (from a 159 Cardiovascular Disease in Norway Project) // The American journal of cardiology. – 2014. - №113. – P.1777 -1781.
11.Vaccarino, V. Badimon L., Corti R. et al., Ischaemic heart disease in women: are there sex differences in pathophysiology and risk factors? // Cardiovascular research. – 2011. – Vol.90,№1. – P. 9-17.
12.Zhang, Y. Cardiovascular diseases in American women // Nutrition, Metabolism & Cardiovascular Diseases. - 2010. - №20. – P.386
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı