ƏZƏLƏ DƏRİ VƏ SƏTHİ İNCİK SİNİRİNİN YAŞ XÜSUSİYYƏTLƏRİ
19-08-2017
Sinir xəstəlikləri, onların müalicəsi, vaxtında aşkar edilib qabağının alınması müasir həyatımızın aktual mövzusudur. Bu cür prosesləri izləmək, patoloji prosesin hansı mərhələdə olduğunu və nə dərəcədə müalicəyə tabe olubolmadığını aydınlaşdırmaq məqsədi ilə çoxlu elmi tədqiqatlar aparılır (5;6). Bu tip xəstəliklərinin müalicəsinin, yaxud da profilaktikasının erkən diaqnostikası üçün sinir sisteminin həm mərkəzi, həm periferik, sinir-qanglion, sinir-işcil orqan substraktlarının morfoloji tədqiqatı daim yeni-yeni araşdırmalar tələb edir (3).
Sinir kötükləri, onların quruluşu, kötükləri əhatə edən birləşdirici toxuma elementlərinin forma və quruluşu, sinirin tərkibində dəstələr, onların sayı, həndəsi forması, ölçüləri, onların birləşdirici toxuma elementlərinin quruluşu, mielinli sinir liflərin əmələ gəlməsi, onların cəbri cəmi, forması, diametrinə görə faizlə ifadəsi, bir-birinə münasibəti, dəstədaxili dəstələrin formalaşması daim tədqiq olunan morfoloji strukturlardandır (1;2). Bu elementlərin müxtəlif dövrlərdə tədqiqatçılar tərəfindən öyrənilməsi zamanı həm bir-birinə yaxın, həm də bir-birini inkar edən məlumatlar əldə edilmişdir. Bu cür məlumatların bir-birini təzib etməsi ədəbiyyatda "fərdi dəyişkənlik kimi qiymətləndirilmiş, bu zaman meyitindən tədqiqat üçün material götürülmüş insanın yaşı nəzərə alınmamışdır. Elə ona görə də insan həyatının perinatal və postnatal dövrlərində mielinli sinir liflərinin yaranması, mielinləşmə prosesinin necə getməsi, onların diametrinin hansı ölçülərə qədər formalaşması, digər histotopoqrafik törəmələrin inkişafının hansı intensivliklə baş verməsi sonradan insan yaşa dolduqca bu morfoloji elementlərin hansı formada nə kimi dəyişiklikliyə uğramasının öyrənilməsi vacib məsələlərdəndir (1).
Cünki bunları bilmədən sinir sisteminə məişət şəraitinin, xarici amillərin nə cür təsir etdiyini bilmək mümkün olmur, xəstəliklərin müalicə və diaqnostikasında dolğun nəticələr əldə etmək alınmır.
Tədqiqatın material və metodları.Tədqiqat məqsədi də intakt orqanizmdə insan yaşa dolduqca fizioloji şəraitdə periferik sinirlərdə gedən histotopoqrafik dəyişikliklərin nə formada və hansı intensivliklə getdiyini aydınlaşdırmaq, bu proseslərə insan həyatının hansı amillərinin nə formada təsirini öyrənməkdən ibarətdir.
Təsir etmiş amillərin hansı nahiyələrdə nə fonda əks olunduğunu öyrənmək məqsədi ilə yuxarı ətrafdan əzələ dəri siniri və onun davamı olan saidin bayır dəri siniri və aşağı ətrafdan səthi incik sinirinin proksimal və distal hissələri götürülmüşdür. Bilirik ki, bu sinirlər tərkibindəki lifləri funksional xarakterinə görə çox oxşardırlar. Cünki bu sinirlərin proksimal hissəsində həm hərəki, həm hissi liflər var. Distal hissədə isə onlar tərkibində ancaq hissi liflər saxlayırlar. Belə olduğu təqdirdə həm həyat, həm də yaş xüsusiyyətlərinin hissi- yaxud da hərəki sinirlərdə hansı intensivlikdə getməsini izləmək mümkün olacaqdır.
Tədqiqat üçün qeyri sinir xəstəliklərindən vəfat etmiş 32 insan meyitindən sağ və qismən sol tərəfdən götürülmüş əzələ-dəri və səthi-incik sinirlərinin həm proksimal həm də distal hissələrindən sinir nümunələri götürülmüş, onlardan 194 blok hazırlanmışdır. Bloklar köndələn istiqamətdə mikrotomla 20 mkm qalınlığında kəsilmiş, histoloji preparatlar Veyqert-Pall üsulu ilə rənglənmişdir. Əldə olunan nəticələr Uayt metodu ilə təhlil edilmişdir (4).
Meyitlərindən material götürülmüş şəxslərin yaşı aşağıdakı kimi qruplaşdırılmışdır.
I. Birinci yetkin dövr -21-35 yaş
II. İkinci yetkin dövr -36-55 yaş
III. Axıllıq dövrü - 56-75 yaş
IV. Qocalıq dövrü - 76 və daha artıq yaş.
Tədqiqatın nəticələri və onların müzakirəsi.
Birinci və ikinci yetkin yaşlarda sinir liflərini əhatə edən birləşdirici toxuma elementləri aydın görünür, qalınlığı bütün sinirin perimetri boyunca eynidir. Epinevral qişanın qalınlığı hərəki sinirlərdə 80,0±5,5 mkm, hissi sinirlərdə isə 65±3,5 mkm arasında dəyişir. Dəstələr öz aralarında və epinevrə münasibətdə sıx yerləşmişlər. Dəstədaxili dəstələr aydın görünür. Mielinli sinir lifləri aydın görünür. Proksimal hissədə əzələ-dəri sinirində birincili yetkin dövrdə onların sayı sağ tərəfdə 10444-12743 (11708,2) sol tərəfdə isə 9816-10877 (10293,8), ikinci yetkin dövrdə isə proksimal tərəfdə sağda 9112-11300 (10287); solda 8827-10855 (9733) arasında dəyişir. Bu sinirlərdə ən böyük diametrli liflər 4,95-5,48; böyük diametrli liflər 58,02-58,62%; orta diametrli liflər 22,48-22,78%; kiçik diametrli liflər isə 13,25-14,54% arasında olur.
Birinci və ikinci yetkin yaşlarda əzələ-dəri sinirinin davamı olan saidin bayır dəri sinirində də birləşdirici toxuma elementləri aydın gözə çarpır, sinirin və dəstələrin bütün perimetri boyu onların qalınlığı eyni olur. Dəstələrlə epinevr arasında və onların bir-biri ilə arasında o qədər də çox məsafə olmur. Dəstələr dəqiq həndəsi formaya malik olurlar. Bu sinirdə birinci və ikinci yaş qrupunda mielinli liflərin sayı sağ tərəfdə 3340-2864% ; sol tərəfdə isə 3680-2703 arasında dəyişir. Ən böyük diametrli liflər 2,54-2,8%; böyük diametrli liflər 35,33-36,1%; orta diametrli liflər 34,38%; kiçik diametrli liflər isə 26,88-26,4% arasında dəyişir.
Səthi-incik sinirində də birləşdirici toxuma elementlərinin forması, qalınlığı, həndəsi formaları, dəstələrin sayı və quruluşu, onlar arasında fərq I və II yetkin yaşlarda əzələ-dəri sinirindəki kimidir. Burada mielinli sinir lifləri ilə perinevral qişa arasında məsafə çox az olur, çox hallarda onlar bir-birinə təmas edir, liflər dolğun olur, ox silindr aydın nəzərə çarpır.
Birinci və II yetkin dövrlərdə səthi incik sinirinin proksimal hissəsində mielinli sinir liflərinin miqdarı sağda 16780-15312; sol tərəfdə isə 16320-11940 arasında; bu sinirin distal hissəsində isə göstərilən dövrlərdə mielinli liflərin miqdarı sağ tərəfdə 9481-8157; sol tərəfdə 9386-7916 arasında dəyişir.
Ahıl və qoca yaşlarda epinevral qişa qalınlaşır. Sinir kötüyünün eninə kəsiyinin perimetri boyunca epinevral qişanın qalınlığı bir yerdə başqa bir hissəyə nisbətən dəfələrlə fərqlənə bilir. Ahıl yaşlarda hərəki sinirlərdə epinevral qişanın qalınlığı 120±10 mkm, hissi sinirlərdə 95±6,5 mkm olduğu halda, qocalarda hərəki sinirlərdə bu 160±14,0 mkm, hissi sinirlərdə 125,0±11,5 mkm arasında dəyişilmişdir. Bu yaşlarda dəstələr də öz formasını dəyişir. Onlar qeyri-həndəsi forma alır, perinevral qişa dəstənin eninə kəsiyinin perimetri boyunca müxtəlif qalınlığa malik olur. Dəstələr arasında məsafələr böyüyür, perinevral qişa mielinli liflərdən aralanır. Bu yaşlarda perinevral qişa ilə mielinli sinir lifləri arasında bəzən sahəsi çox da böyük olmayan sahələr əmələ gəlir. Bu yaşlarda birləşdirici toxumanın inkişafı dəstənin daxilində də özünü göstərir, mielinli sinir liflərinin qruplaşması adi hal alır.
Ahıl və qoca yaşlarda və xüsusən də qoca yaşlarda tədqiq olunan sinirlərdə mielinli liflərin miqdarı xeyli azalır. Ən böyük və böyük liflərin faizlə ifadəsi dəyişir. Qoca yaşlarda bəzənsə ən böyük diametrli liflərə heç rast gəlinmir.
Əzələ-dəri sinirində göstərilən yaşlarda proksimal hissədə mielinli sinir liflərinin miqdarı sağ tərəfdə 10005-6487; sol tərəfdə 9166-6102 olmuşdur. Burada liflərin faizlə nisbəti aşağıdakı kimidir.
Ən böyük diametrlilər 1,55-3,2%
Böyük diametrlilər 41-19%
Orta diametrlilər 3868-4762%
Kiçik diametrlilər 22,63-40,2%
Yuxarıdakılara nəzər saldıqda əzələ dəri sinirinin davamı olan saidin bayır dəri sinirində də həmin qanunauyğunluğun şahidi oluruq.
Orqanizm yaşa dolduqca mielinli sinir liflərinin azalması, ən böyük və böyük diametrli liflərin yerini orta və kiçik diametrli liflərə verməsi prosesi səthi incik sinirinin proksimal və distal hissələrində də özünü göstərmişdir.
İndiyədək periferik sinirlərin öyrənilməsində aparılan tədqiqatlar nəticəsində əldə olunan mieloarxitektonika dəyişikliklərinin fərqi ədəbiyyatda "fərdi dəyişkənlik" kimi qəbul edilmişdir. Bu zaman orqanizmin yaş xüsusiyyətləri nəzərə alınmamışdır. Apardığımız tədqiqatlardan aydın olur ki, "fərdi dəyişkənlik" ideyası özünü yalnız eyni yaş qrupundan olan insanların sinirlərinin tədqiqinin nəticələrində özünü doğruldur. Bu zaman həm birləşdirici toxuma elementlərinin inkişaf və ölçülərində, həm onların bir-birinə münasibətində, həm də mielinli sinir liflərinin birləşdirici toxuma elementlərinə münasibətində, sayında, faizlə ifadəsində bir-birinə oxşar nəticələr alınır. Lakin müxtəlif yaş qrupundan olan insanların sinirlərinin tədqiqi göstərir ki, insan yaşa dolduqca birləşdirici toxuma elementlərinin inkişafı artır, dəstələr qeyri həndəsi forma alır, mielinli sinir liflərinin cəbri cəmi azalır, ən böyük və böyük diametrli liflər öz yerini orta və kiçik diametrli liflərə verməklə faizlə ifadəsi azalır, mielinli liflərlə birləşdirici toxuma elementləri arasında təmas böyüyür.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1.Məmmədov L.A., Əkbərov H.Ə., Məmmədova A.F. Müxtəlif yaş aspektlərində periferik sinirlərin mieloarxitektonika xüsusiyyətləri. //Azərbaycan tibb jurnalı, 2017/3 səh. 73-76.
2.Михайлов С.С. Итоги исследований врутриствольного строения периферических нервов // Архив анатомии, гистологии, эмбриологии №6, 1970.
3.Şadlinski V.B., Hüseynova G.A. Prenatal ontogenezdə əzələ-dəri sinirində mielin qişanın qalınlığının aksonun diametrindən asılılığı // Az. tibb jurnalı, 2017/2, səh. 69-73.
4.Петри А., Себин К. Наглядная статистика в медицине / Перевод с английского В.П.Леонова. Москва: ГЕОТАР-МЭД, 2009, 168 с.
5.Волков С.Н., Цай Т.Е., Михайлова Р.П. Индивидуальные различия в строении околоушной слюнной железы и лицевого нерва // Морфология, 2000, т. 117, в.з.ст. - 31-35.
6.Гаджиев Г.А., Шадлинский В.Б., Бобин В.В. Хирургическая анатомия нервов жевательного аппарата. Баку: Азернешр, 1991, 128 ст.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı