HELİCOBACTER PYLORİ MİKROORQANİZMİNİN MİKROBİOOJİ XÜSUSİYYƏTLƏRİ VƏ EPİDEMİOLOGİYASI
12-10-2017
XX əsrin 80 –ci illərinin əvvəllərində Avstraliyalı tədqiqatçılar B.Marşall və C.Uorren mədə -12 bağırsaq bağırsaq xoralarının əsas səbəbinin mədənin turş –peptiki təsirləri ilə deyil məhz Helicobacter pylori tərəfindən törədilən spesifik infeksion proses olduğunu sübut etmişlər. Bu kəşflər nəticəsində xoraların uzun müddət davam edən polietioloji müalicəsi öz yerini spesifik aşkarlanmış mikroorqanizmə qarşı yönəlmiş effektiv müalicə tədbirlərinə verməsilə nəticələndi. İlk əvvəl aşkar edilən xeyli miqdarda ureaza sekreti ifraz edən mikroorqanizmlər campylobacter cinsindən olan bakteriyalarla oxşarlıqlara malik olduğu üçün, onun nümayəndələri kimi müəyyən edilmiş və C.pylori növü adlandırılmışdır. Ancaq sonrakı tədqiqatlar zamanı C.pylori ilə Campylobacter cinsindən olan digər mikroorqanizmlər arasında mühüm fərqlər, o cümlədən ən vacib taksonomik meyarlar aşkar edilmişdir. 1989 –c u ildə yeni cins Helikobakter cinsinin təşkil olunması qəbul olunmuş və C.pylori Helicobacter pylori adlandırılmışdır [9].
Fenotipik xüsusiyyətlərinə görə H.pylori homogen növdür, bunlar hüceyrə divarının tipik quruluşu olan, solğun çəhrayı rəngdə, uzunluğu 2,5-5 mkm, qalınlığı 0,5-1 mkm, qıvrılmış və ya spiralşəkilli qrammənfi çöplərdirlər. Antibiotiklər də daxil olmaqla, əlverişsiz amillərin təsirilə H.pylori kokşəkilli forma alır. H.Pylori mikroaerofilldir. Onun böyüməsi və çoxalması üçün optimal mühitdə 5% oksigen, 85% azot və 5-10% karbon qazının olması vacibdir. Öz biokimyəvi xassələrinə görə H.pylori oksidləşmə tipli metabolizmə malik olan mikroorqanizmlərə aid olmaqla, karbohidratları destruksiyaya uğratmır.
Müasir dövrdə helikobakteriozun diaqnostikasında metodların böyük bir qrupundan istifadə edilir ki, onların da arasında aşağıdakı invaziv metodlar daha yüksək həssaslığı və spesifikliyi ilə fərqlənir: bakterial kultural metod (BKM), biokimyəvi ureaza metodu (BUM), zəncirvari polimeraza reaksiyası (ZPR), morfo –histoloji metod (MHM) və morfo –sitoloji metod (MSM). Sadaladığımız metodların hamısı qastroduodenal sistemin selikli qişasından götürülmüş biopsiya materiallarının müayinəsinə əsaslanır. İnvaziv metodlar zəhmət tələb edən, bahalı və travmagen olsa da, onlar qastroduodenal patologiyalı xəstələr arasında helikobakteriozun diaqnostikasında geniş tətbiq edilir. Praktikada H.pylori infeksiyasına olan maraq onun diaqnostikasının müxtəlif metodlarının meydana gəlməsi və inkişafına şərait yaratmışdır.
Müasir dövrümüzdə insanların iş rejimi və həyat tərzi onların mədə -bağırsaq sistemlərində problemlərin meydana gəlməsinə səbəb olur. Bundan başqa, yerli olaraq, mədə bağırsaq sisteminin immun qabiliyyətinin də aşağı səviyyəyə düşməsi H.pylori mikroorqanizmi üçün şərait yaradır.
Helicobacter pylori infeksiyası dünyada ən geniş yayılmış bakterial infeksiyalardandır. Bu mikroorqanizm xroniki qastrit və peptiki xora xəstəliyinin yaranmasında rol oynayır və adenokarsinoma və mədənin selikli qişasının limfoid toxumasının limfoması kimi mədə-bağırsaq sisteminin xərçəng prosesləri üçün risk amili rolunu oynayır [2, 14]. Son dövrlərdə aparılan elmi-tədqiqatlar dəri, ürək-damar, revmatizm, tənəffüs sistemi xəstəliklərindən xroniki obstruktiv ağciyər xəstəliyi, xroniki vərəm və bronxiostaz kimi mədə-bağırsaq sistemindən kənar patologiyaları olan şəxslər arasında H.pylori mikroorqanizminin rast gəlinməsinin yüksək olduğunu göstərmişdir [6, 12]. Qeyd edilən bu assosasiativ hallar mikroorqanizmin bu patologiyaların etiopatogenetikasında potensial rolunun göstəricisi ola bilər. Hesablamalar göstərir ki, dünya əhalisinin demək olar ki, yarısı bu bakteriya ilə yoluxmuşdur ki, bu göstərici ayrılıqda Asiya qitəsində daha yüksəkdir [11, 13]. H.pylori mikrooqanizminin xoraya səbəb olduğu aşkar edilsə də, onun bütün ştammlarının xəstəliyə səbəb olub-olmaması və nə üçün uyğun mikroorqanizmə yoluxmuş şəxslərin bəzilərinin asimptomatik olması tam izah edilməmişdir. Əgər bu problemlərin izahı verilsəydi H.pylori mikroorqanizminə qarşı müalicəni daha effektiv təşkil etmək və mikroorqanizmin antibiotiklərə qarşı rezistentliyinin inkişaf etməsinə mane olmaq olardı. Bu bakteriya növ spesifikliyinə mənsub sititoksinlə əlaqədar gen A (CagA) və vakuollaşdırıcı sitotoksin geni A (VacA) kimi virulentlik amillərinə malikdirlər ki, onların köməyilə mədənin selikli qişasında koloniyalaşma, orqanimzin müdafiə sistemlərini aşma və son olaraq yerli toxumaların destruksiyaya uğradılması baş verir [8, 13]. H. pylori mikroorqanimzinin mədənin selikli qişasında koloniyalaşması interleykin (IL)-1, IL-8 və şiş nekrozu amili-α kimi müxtəlif iltihabönü sitokinlərin ifrazını stimulə edir. Bundan başqa, H. pylori ilə infeksiyalaşmış şəxslərdə bakterial və orqanimzin özünün antigenləri arasında çarpaz molekulyar mimikriya da qeydə alınır. Bu səbəbdən, H. pylori iltihabi mediatorların anormal şəkildə aktivləşməsi və ya autoimmun proseslərin induksiyası ilə xarakterizə olunan xəstəliklərin meydana gəlməsində patogenetik rola malik ola bilər [3, 5]. H. pylori infeksiyasının diaqnozu 14 C nəfəsdə sidik cövhəri testi, bakterial DNT ardıcıllığı yaxud bakterial antigenin (HpSA) müəyyən edilməsi kimi seroloji üsullarla qeyri-invaziv testlərə əsaslanır. Bu üsullar sadəliyi və tez nəticə vermələri ilə seçilirlər. Buna baxmayaraq, H.pylori mikroorqanizminin mədə biopsiyası nümunələrində aşkar edilməsi və kulturası invaziv qastroduodenoskopiya tələb edir. Kultural metodlar 4-7 günlük inkubasiya dövrü tələb edir. Mikroorqanimzin kultura yolu ilə işlənməsində çətinlik törədən bir sıra səbəblər vardır: mədənin toxumalarında mikroorqanizmin ayrı-ayrı sahələrdə topaşəkilli yerləşməsi, bioloji materialın laboratoriyaya nəql edilməsi zamanı oksigensiz mühitin yaradılmasına maksimum nail olunmasına tələbat və temperaturun 4 °C-də saxlanılmalı olması [10]. Mədədən götürülmüş toxuma nümunələrində H. pylori mikroorqanimzinin mövcudluğu zəncirvari polimeraza reaksiyası (ZPR) və in situ flüoressent hibridləşmə (FISH) kimi molekulyar üsullarla tədqiq edilir [4]. H. pylori üçün optimal müalicə üsulunun seçimi dərmanların sayı, tipi, dozalanması və müalicə dövrünün uzunluğundakı fərqliliklərlə əlaqədar olaraq mübahisəlidir. Korownyk və Kolber 10 gün ərzində gündə 2 dəfə omeprazol və bismut subsitrat birlikdə, gündə 4 dəfə metronidazol və tetratsiklindən ibarət “4-lük müalicə” təklif etmişlər. Rizzato və əməkdaşları Venesuela və Meksikada mədə xərçəngi və xroniki qastritli 95 cagA+ xəstələrin dondurulmuş mədə biopsiyalarından əldə edilmiş genetik materialların DNT ardıcıllığı reaksiyaları ilə H. pylori mikroorqanizminin cagA və bəzi digər seçilmiş genlərində genetik müxtəlifliyi analiz edərək sitotoksikliklə əlaqədar gen sahələrini (cagC, cagE, cagL, cagT, cagV və cag Gamma) müəyyən etmişlər [15]. Bu tədqiqatda enerji ilə təminedici zülal CagE və β-1 inteqrin tanıyıcı CagL kodlaşdıran genlərində polimorfizmlərin virulentliyə təsir göstərə biləcəyi qeyd edilmişdir. Buna səbəb bu genlərin funksional sekretor sistem üçün vacib olmasıdır.
Helicobacter pylori yarımspiralşəkilli qram-mənfi abkteriya olub, 3 mkm uzunluğa və 0,5 mkm diametrə malikdir. Mikroaerofildir, oksigenə tələbatı azdır. O, hidrogenazaya malikdir ki, onun vasitəsilə bağırsaq bakteriyaları tərəfindən sintez olunan molekulyar hidrogen molekulunu oksidləşdirməklə enerji əldə edə bilir. Bundan başqa, H.pylori oksidaza, katalaza və ureaza əmələ gətirir. Mikroorqanizm bioloji pərdələr əmələ gətirmək və spiralabənzər formadan qeyri-kultural kokkoid formaya çevrilmək qabiliyyətinə malikdir. Hər iki qabiliyyət onun həyatda qalma şəraitini optimallaşdırmaq üçün uyğunlaşma reaksiyası olub, bakteriyanın epidemiologiyasında əhəmiyyət kəsb edir. Kokkşəkilli forma in vitro şəraitdə mədənin epitelial hüceyrələrinə yapışmaq xassəsinə malikdir [1, 2].
H.Pylori 5 əsas bayır membranı zülalları (OMP) ailəsinə malikdir. Bunlardan ən böyük zülal ailəsinə məlum və ehtimal edilən adhezinlərdir. Digər 4 zülal ailələrinə porinlər, dəmir nəqledicilər, flagellalarla əlaqəli zülallar və funksiyaları naməlum zülallar aiddir. Digər tipik qram-mənfi bakteriyalar kimi H.pylori mikroorqanizminin də bayır membranı fosfolipidlər və lipopolisaxaridlərdən (LPS) ibarətdir. Lipopolisaxaridlərin O antigeni fukozilləşərək mədənin epitelindəki Levisin qan qrupu antigenlərini təqlid edə bilər. Bundan başqa, mikroorqanizmin bayır membranı digər bir sıra bakteriya növlərində də olan xolesterol qlükozidlərindən də ibarətdir. H.pylori 4-6 ədəd lophotrichous flagellalara malikdir, bütün mədə-bağırsaq traktı helikobakter növləri flagellalara malik olduğundan hərəkətlidirlər. Mikroorqanizmin xarakterik qılaflı flagellar filamentləri 2 kopolimer flagellinlərdən (FlaA və FlaB) əmələ gəlmişdir. Bu bakteriya ilə dünya əhalisinin demək olar ki, yarısı yoluxduğundan, onun törətdiyi infeksion proses də dünyada ən geniş yayılmış infeksiyalardandır. Həqiqi infeksiya halları ölkədən ölkəyə dəyişir. İnkişaf etməmiş ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən daha çox insanda həqiqi infeksiya halları qeydə alınır. İnfeksiya adətən uşaq yaşlarından qazanılır. Aşağı gigiyenik vəziyyət olan coğrafi regionlarda daha geniş yayılma qeydə alınır. İnkişaf etmiş ölkələrdə uşaqlarda infeksion prosesin rast gəlinməsi digər ölkələrə nisbətən çox aşağı, cüzi göstəricilərlə özünü biruzə versə də, yaş artdıqca yayılma göstəricisi də yüksəlir. Belə ki, 60 yaşdan yuxarı əhali arasında infeksiyanın yayılması 50%-dən yuxarı olsa da, 18-30 yaş arasında tərəddüd edən əhali qrupunda bu göstərici cəmi 10% təşkil edir. Xəstəliyin yayılması Afrika-Amerika və İspan mənşəli əhali arasında yüksək olsa da, bu hal irqi amillərlə deyil, sosial-iqtisadi amillərlə əlaqədar [1, 8]. Göründüyü kimi əksər ölkələrdə H.pylori mənşəli infeksiyanın yayılmasına dair bir sıra elmi tədqiqatlar aparılmış və nəticələr aparılmışdır. Bizim respublikamızda da anoloji tədqiqatların aparılmasına ehtiyac vardır. İnkişaf etmiş ölkələrdə xəstəliyin rast gəlinməsinin digərlərinə görə aşağı səviyyədə olması, yüksək gigiyenik-sanitar qaydaların mövcudluğu və antibiotiklərin geniş tətbiq edilməsilə əlaqədardır. Dünyanın müəyyən coğrafi regionlarında infeksiyanın geniş yayılmasına baxmayaraq, ümumilikdə dünya əhalisində xəstəliyin rast gəlinməsi görülən tədbirlər nəticəsində azalmaqdadır. İnfeskiyanın hər hansı bir ölkə də, yaxud coğrafi regionda yayılmasının qarşını almaq, müvafiq profilaktik-müalicə tədbirlərinin alqoritminin işlənib hazırlanması və Səhiyyə orqanlarına təqdim etmək üçün ilk əvvəl infeksiyanın həmin region yaxud ölkədə yayılma xarakteri öyrənilməli, statistiki göstəricilər əldə edilməlidir. Bunları nəzərə alaraq, Respublikamızda müvafiq infeksiyanın yayılmasının öyrənilməsinə ehtiyac vardır.
Antibiotiklərin geniş tətbiq edilməsi insanların infeksion proseslərini müalicə etməklə bərabər H.pylori mikroorqanizminin də zaman zaman həmin antibakterial müalicə vasitələrinə qarşı rezistentlik qabiliyyəti qazanmalarına gətirib çıxarmış, bakteriyaların fermentativ sistemində müxtəlif antibiotikləri lizisə uğratma qabiliyyətinə malik fermentlərin induksiya olunmalarına səbəb olmuşdur. Bakteriyaların müxtəlif antibiotiklərə qarşı rezistentlikləri artdıqca dərman sənayesi tərəfindən daha güclü antbiotiklər yaradılmışdır. Beləliklə, dərman sənayesilə bakteriyaların qarşılıqlı “mübarizəsində” dərman sənayesi və bakteriyalar “qazandığı” halda, insanların immun sistemi “məğlub” vəziyyətdə qalmışdır. Hal-hazırda ÜST belə infeksiyaların törədicilərinə qarşı antibiotiklərin inkişaf etdirilməsinə deyil, onlara qarşı effektiv vaksinlərin hazırlanmasına üstünlük verməyə çağırır. Hal-hazırda H.pylori mikroorqanizminə qarşı effektiv vaksinin hələ əldə edilmədiyi üçün antibiotikoterapiya tətbiq edilmıli olur. Ancaq buna baxmayaraq, antibiotikoterapiya da düşünülmüş şəkildə icra edilməlidir. Düzgün antibiotikoterapiya strategiya və taktikası seçmək üçün ilk öncə mədədən götürülmüş bioloji materiallardan uyğun mikroorqanizmin təmiz kulturası yetişdirilərək saf şəkildə alınmalı və qəti təsir göstərən ən optimal antibiotik seçilərək qəfil tətbiq edilməlidir. Belə taktika, mikroorqanizmlərdə şok effekti yaradır və ilk həmlədən onların əksəriyyətinin məhvinə nail olunur. Mikroorqanizmlərin sayı müalicə əsnasında nə qədər çox olarsa onların koloniyaları birlikdə daha davamlı xarakter daşıyır və mikroorqanizmlərin tətbiq edilən antibakterial vasitəyə qarşı rezistentlik yaratmaları üçün şansları olur. Bu onların təkamül nəticəsində əldə etdikləri uyğunlaşma rekasiyasıdır. Hal-hazırda metranidazol və klaritromisinə qarşı rezistent ştammların yaranması yuxarıda bəhs etdiyimiz amillərlə əlaqədar baş vermişdir. H.pylori yoluxucu olduğu artıq sübut edilsə də, yolxuma yolları və mexanimzləri dəqiq izah edilməmişdir. Yoluxmanın şəxsdən-şəxsə oral-oral yaxud da fekal-oral yolla baş verdiyi güman edilir. Belə ki, adı çəkilən mikroorqanizm infeksiya olan şəxslərin nəcisindən, ağız suyundan və diş ərpindən izolə edilmişdir [10, 11].
Mikroorqanizm elementar olaraq ekstrasellular, qram-mənfi, flagellalı və hərəkətli bakteriya kimi təsnif olunur. Biokimyəvi üsulların təkmilləşdirilməsi, H.pylori-nin patogenlik və virulentlik amilləri haqqında yeni məlumatların əldə edilməsi bu mikroorqanizmin həm normal mikrobiosenoz bakteriyaları, həm də orqanimzin immun amilləri ilə qarşılıqlı əlaqə və münasibətdə olduğunu göstərir [7, 16].
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА – REFERENCES:
1. (1997) Current European concepts in the management of Helicobacter pylori infection. The Maastricht Consensus Report. European Helicobacter Pylori Study Group. Gut 41: 8-13.
2.Anastasios R, Goritsas C, Papamihail C, et al. Helicobacter pylori infection in diabetic patients: prevalence and endoscopic findings. (2002) Eur J Intern Med 13: 376.
3.Bamford KB, Andersen L Host response. Curr Opin Gastroenterol (1997) 13: 25-30.
4.Caristo E, Parola A, Rapa A, et al. Clarithromycin resistance of Helicobacter pylori strains isolated from children’ gastric antrum and fundus as assessed by fluorescent in-situ hybridization and culture on foursector agar plates. Helicobacter (2008) 13: 557-563.
5.Carloni E, Cremonini F, Di Caro S, et al. Helicobacter pylori-related extradigestive diseases and effects of eradication therapy. Dig Liver Dis (2000) 32: S214-S216.
6.Huang SL, Su CH, Chang SC Tumor necrosis factor-alpha gene polymorphism in chronic bronchitis. Am J Respir Crit Care Med (1997) 156: 1436-1439.
7.Korownyk C, Kolber MR Is quadruple therapy the new triple therapy for H pylori? Can Fam Physician (2012) 58: 58.
8.Lu H, Yamaoka Y, Graham DY Helicobacter pylori virulence factors: facts and fantasies. Curr Opin Gastroenterol (2005) 21: 653-659.
9.Marshall BJ, Warren JR Unidentified curved bacilli in the stomach of patients with gastritis and Peptic ulceration. (1984) Lancet 1: 1311-1315.
10.Megraud F, Lehours P Helicobacter pylori detection and antimicrobial susceptibility testing. Clin Microbiol Rev (2007) 20: 280-322.
11.Miwa H, Go MF, Sato N H. pylori and gastric cancer: the Asian enigma. Am J Gastroenterol (2002) 97: 1106-1112.
12.Nelson S., Summer W.R., Mason C.M. The role of the inflammatory response in chronic bronchitis: therapeutic implications. Semin Respir Infect (2000) 15: 24-31.
13.Radosz-KomoniewskaH, Bek T, Jozwiak J, Martirosian G Pathogenicity of Helicobacter pylori infection. Clin Microbiol Infect (2005) 11: 602-610.
14.Realdi G, Dore MP, Fastame L Extradigestive manifestations of Helicobacter pylori infection. fact and fiction. Dig Dis Sci (1999) 44: 229-236.
15.Rizzato C, Torres J, Plummer M, et al. Variations in Helicobacter pylori Cytotoxin-Associated Genes and Their Influence in Progression to Gastric Cancer: Implications for Prevention. PloS One (2012) 7: e29605.
16.Vaira D, Malfertheiner P, Mégraud F, et al. Noninvasive antigen-based assay for assessing Helicobacter pylori eradication: a European multicenter study. The European Helicobacter pylori HpSA Study Group. Am J Gastroenterol (2000) 95: 925-929.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı