BƏTNDAXİLİ VƏ BƏTNXARİCİ İNKİŞAF MƏRHƏLƏLƏRİNDƏ QALXANABƏNZƏR VƏZİNİN DAMAR-SİNİR MÜNASİBƏTLƏRİNİN XÜSUSİYYƏTLƏRİNƏ DAİR
31-10-2017
Prenatal və postnatal ontogenezdə insan orqanizmini təşkil edən orqanlarda baş verən dəyişikliklər daim öyrənilsə də, hələ tədqiqatçıların maraq dairəsində qalmaqdadır. Ədəbiyyata nəzər saldıqda bu mövzuya həsr edilmiş monoqrafiyalar da [1, 2, 3] kifayət qədər deyil. Onları nəzərdən keçirdikdə məlum olur ki,inkişaf dövründə insanın bədən dəyişikliklərinin öyrənilməsi üçün yaşın göstərilməsi vacib şərtdir. Bununla yanaşı qeyd edilir ki,insan bədəninin anatomo-topoqrafik quruluşunun öyrənilməsi üçün əsas yaş göstəricisi deyil, bütün həyat boyu xarici və daxili amillərin orqanizmə təsiri mühüm hesab edilir.
Sonuncu fikrə istinadən belə bir qənaətə gəmək olar ki, doğulan andan qocalıq dövrünədək insanda bütün üzvlərin, eləcə də mühüm endokrin orqan olan qalxanabənzər vəzinin forma dəyişiklikləri, ölçüsü, vəziyyəti, histoloji quruluşu, eləcə də onların damarları və arteriovenoz anastomozlarının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə anatomik göstəricilərin qiymətləndirilməsində insan orqanizmində keçirilən xəstəliklər və ölümün səbəbləri də əsas götürülə bilər.
Elmi-tədqiqat işində orqanizmin böyüməsi və inkişafı dövründə qalxanabənzər vəzinin anatomotopoqrafik cəhətdən dəyişikliklərinin öyrənilməsi məqsədilə 55 vəzi preparatı götürülmüşdür. Müayinə materialı kimi müxtəlif yaş dövrlərində bətndaxili inkişafın döl dövründən tutmuş 75 yaşadək olan meyitlərdən götürülmüş vəzi preparatları tədqiq edilmişdir.Elmi-tədqiqat işində qalxanabənzər vəzi preparatlarından alınmış kəsiklərin hematoksilin-eozinlə boyanması metodundan istifadə etmişik. Qalxanabənzər vəzi toxumasından götürülmüş kəsiklərdə toxumanın vəziyyətini öyrənmək üçün Bilşovski – Qross üsulu ilə gümüşlə impreqnasiya metodundan istifadə etmişik.
Tədqiqatlarımız nəticəsində döldə, erkən yaşlı uşaqlarda, yeniyetmələrdə qalxanabənzər vəzidə forma müxtəlifliyini aşkar etdik. Müəyyən etdik ki, qalxanabənzər vəzi paylarının və boğazının uzunluğunda ayrı-ayrı yaş qruplarında fərqlər nəzərə çarpmış olur. Eyni zamanda, yanaşı xəstəliklərin orqanizmin ümumi inkişafı ilə bərabər, həm də orqanın ölçüləri və qalxanabənzər vəzinin funksional fəaliyyətinə də təsir göstərmiş olması qeyd edildi.
Məlumdur ki,uşaqlarda qalxanabənzər vəzi ən kiçik ölçülərə malik olur. Tədqiqatlarımıza əsasən dogulduqdan sonra 15 günlük uşaqda qalxanabənzər vəzinin sağ payının uzunluğu 1,3 sm, sol payının uzunluğu isə 1,2 sm-ə bərabər olmuşdur. Üç-dörd aylıq döldə sağ payın uzunluğu 2,0-2,4 sm, sol payın uzunluğu isə 1,5-2,0 sm-ə, dörd-altı aylıq döldə isə sağ payın uzunluğu 0,9-1,1 sm, sol payın uzunluğu da 1,0-1,5 sm-ə bərabər olmuşdur.
Tədqiqatlarımız zamanı 30-40 yaşlı insan meyitlərində qalxanabənzər vəzinin ölçülərinə nəzər yetirdikdə sağ payın uzunluğunun 5,4 sm, sol payın uzunluğunun isə 5,0 sm-ə bərabər olması nəzərə çarpmışdır. Ancaq göstərilən yaş dövrünə aid tənəffüs sistemi xəstəliklərinə düçar olmuş yaşlı insan meyitində sağ payının uzunluğu 3,0 sm, sol payının uzunluğu isə 2,3 sm-ə bərabər olan qalxanabənzər vəzi də müşahidə etmişik. Odur ki, hər hansı orqanın xüsusilə də qalxanabənzər vəzinin ən böyük, yaxud ən kiçik ölçüləri haqqında dəqiq fikir söyləmək qeyri-mümkündür.
Həmçinin anatomik cəhətdən qalxanabənzər vəzinin yuxarı hüdudunun hansı səviyyədə qeyd edilməsini də yaşa görə dəqiq müəyyən etmək mümkün deyildir. Böyüklərdə və kiçik uşaqlarda qalxanabənzər vəzinin yuxarı hüdudu qalxanabənzər qığırdağın aşağı kənarı, orta hissəsi və ya yuxarı kənarı səviyyəsində yerləşmiş olur. Böyüklərdə qalxanabənzər vəzi boğazı uşaqlara nisbətən aşağıda yerləşir. Bir yaşadək uşaqlarda qalxanabənzər vəzinin yuxarı hüdudu üzüyəbənzər qığırdaq səviyyəsində yerləşir. Qalxanabənzər vəzinin boğazı isə öz kütləsi ilə bütün payları tutur. Orta və qoca yaşlı şəxslərdə də qalxanabənzər vəzinin yuxarı hüdudunun çox vaxt qığırdağın orta səviyyəsinə uyğun gəlməsi qeyd edilir.
Müşahidələrimiz nəticəsində qalxanabənzər vəzi follikullarını nəzərdən keçirdikdə müəyyən etdik ki, yeniyetmə dövründə qalxanabənzər vəzi follikulları kəskin şəkildə polimorfizmlə səciyyələnir.Belə ki, qalxanabənzər vəzi fəaliyyətinin güclənməsi nəticəsində proliferasiyaya uğramış follikulların sayı artır ki, bu da özünü yenidoğulmuş və erkən uşaqlıq dövrlərində daha aydın göstərir. Əgər əksər yaş dövrlərində patomorfoloji dəyişikliklər qalxanabənzər vəzinin birləşdirici toxuma kapsulu,onu əhatə edən əzələlər, damar-sinir atmaları, limfatik yarıqları boyunca az dərəcədə, rast gəlinirsə, yeniyetmə dövründə buna daha çox təsadüf olunur.
Qeyd etdiyimiz kimi, follikulların ölçüsünün böyüməsi və polimorfizm ən çox yeniyetmə dövründə qeyd edilir. Həmçinin yeniyetmələrdə qalxanabənzər vəzinin makromikroskopik müayinəsi zamanı hipertiroid urun müxtəlif formalarında follikul epitelinin hündürlüyünün azalması, əksər müşahidələrimizdə isə yastı epitel nəzərə çarpır.
Bundan başqa tədqiqatlarımızda yaşla əlaqədar olaraq dəyişikliklərin olması qeyd edildi. Belə ki, böyüklərdə qalxanabənzər vəzi kapsulunun daxili qatında az miqdarda da olsa limfoid infiltratların nəzərə çarpması aşkarlandı.
Statisik məlumatlara əsasən uşaq ölümlərinə daha çox səbəb olan amillərdən biri də anaların keçirmiş olduğu bir çox xəstəliklərlə yanaşı tənəffüs sistemi xəstəliklərinin çox rast gəlməsidir ki, bu da doğuşdan sonra döllərin (xüsusən 5aylıq) əksərən tələf olması ilə nəticələnmiş olur. Digər tərəfdən buna başqa amillərin də təsir etdiyi nəzərə çarpır, belə ki, 3 aylıq dölün ananın aldığı travma nəticəsində öldüyü də qeyd edilmişdir.Bütün bunlar onu söyləməyə əsas verir ki, ananın keçirmiş olduğu bir çox xəstəliklər endokrin orqanlara, o cümlədən qalxanabənzər vəziyə, onun funksional fəaliyyətinə çox təsir etmiş olur.
Qalxanabənzər vəzi arteriyalarının yaşla əlaqədar quruluş dəyişiklikləri, həmçinin arteriyalar arasında anostomozların yaranması, damarların qalxanabənzər vəzi parenximasına daxil olana qədər şaxələnməsi və yayılması xarakteri mühüm əhəmiyyət kəsb edir. Odur ki,qalxanabənzər vəzinin venalarını tədqiq etmək məqsədilə təşrih zamanı boyundan qırtlaq-nəfəs borusu kompleksini ayırıb götürmüşük. Belə ki, orqanın venalarını isti fizioloji məhlulla yuduqdan sonra boyanmış məhlulu vena daxilinə yeridib, 5%-li formalin məhlulunda saxlamaqla 10-15 gündən sonra tədqiq etmişik.
Orqanda arteriovenoz anastomozları öyrənmək üçün isə korrozion metodla preparatlar hazırlamışıq. Bu üsulla 14 preparatı lateks məhlulu ilə işləmişik. İki yaşdan on dörd yaşınadək olan uşaqların qalxanabənzər vəzi arteriyalarını işlədikdə yaş artdıqca, ona müvafiq quruluş dəyişikliklərinin olması nəzərə çarpmışdır. Xüsusilə də, on–on iki yaşlar arasında dəyişikliklər özünü daha çox göstərmiş olur.
Statistik məlumatlara əsasən hazırda Respublikamızda 1000 –dən çox uşaq və yeniyetmə endokrin patologiya ilə həkim nəzarətindədir. Qeyd edilən yaş dövrlərində uşaqların fiziki inkişaf göstəriciləri (boy, çəki) müəyyən edilmiş, həmçinin onların piylənmə dərəcələri, cinsi inkişafdan yaş həddinə görə irəliləmə və ya geri qalma, qalxanabənzər vəzidə hiperplaziya və digər endokrin patologiyalar aşkar edilmişdir. Müşahidələrimizə əsasən müayinələr zamanı 500-dən çox uşaqda artıq çəki, qalxanabənzər vəzinin müayinəsi zamanı isə 150 uşaqda birinci dərəcəli, o cümlədən 20 nəfərdə ikinci dərəcəli hiperplaziya, 30-dan çox uşaqda isə digər patologiyalar aşkar edildiyi qeyd edilir.
Ancaq döldə, yenidoğulmuşlarda və bir yaşlı uşaqlarda qalxanabənzər vəzinin makrostrukturu və eləcə də, öz növbəsində orqanın damarlarında demək olar ki, böyüklərə nisbətən o qədər də fərq nəzərə çarpmır. Məlumdur ki, yuxarı qalxanabənzər arteriya xarici yuxu arteriyasından ayrılır, ancaq bəzən ümumi yuxu artyeriyasından da ayrıldığı qeyd edilmişdir. Çoxsaylı anostomozlar təkcə səthdə deyil, parenxima daxilində də qeyd edilir. Yuxarı və aşağı qalxanabənzər arteriyalar boylama, yalnız yuxarı qalxanabənzər arteriyalar köndələn anastomoz yaradırlar. Dörd - altı aylıq döldə artıq yuxarı və aşağı qalxanabənzər arteriyalar arasında anostomozların olmasını müşahidə etmişik.
Postnatal dövrdə bu payarası arteriyaların parenximaya daxil olduğu və bölündüyü yerdə də nəzərə çarpa bilər. Normada və endemik ur şəraitində qalxanabənzər vəzi arteriyalarının şaxələnmə tipləri olduqca əhəmiyyətli hesab olunur. Arteriyaların şaxələnmələri səpgin və ya magistral tipdə ola bilər. Səpgin tip şaxələnmə inkişafın erkən mərhələsinə, magistral tip isə sonrakı dövrlərə uyğun gəlir.
Tədqiqatlarımıza əsasən döldə və yenidoğulmuşlarda yaxşı inkişaf etmiş arterial damarlar nəzərə çarpır. Döldə vəzinin kapsulunda arteriya, arteriola və prekapillyarlar qeyd edilir. Qeyd etmək lazımdır ki, bu dövrdə arteriyaların divarı yumşaq və nazik olur, eləcə də əzələ qatını təşkil edən hüceyrələrin nizamsız düzülüşü diqqətdən yayınmır. Yenidoğulmuşlarda arteriyanın intima qişasında formalaşmış endotel və daxili elastik zar görünür. Bu dövrdə iki yanaşı follikulun divarına sıx nüfuz edən iri kapillyar, həmçinin paycıqarası sahədə arteriyal kötüyün dixotomik bölünməsi nəzərə çarpır.
Tədqiqatlarımız nəticəsində qalxanabənzər vəzi damarlarının orqandaxili şaxələrinin vəzi kütləsinə müxtəlif istiqamətlərdə daxil olduğunu qeyd etmişik. Hər iki payda da yuxarı qalxanabənzər arteriyanın orqandaxili şaxələrinin qalxanabənzər vəzinin yuxarı kənarında yerləşmiş olması nəzərə çarpır. Belə ki,orqanda qövsvarı kötüyün çıxıq hissəsi yuxarıya doğru yönəlmiş olur. Basıq hissədən isə kişik orqandaxili şaxələr ayrılır ki, bunlar da orqanın dərinliyinə radiar istiqamətdə nüfuz etmiş olurlar. İkinci sıra arterial şaxələnmələr də qövsi formada rast gəlinir. Yuxarı qalxanabənzər vəzi arteriyasının orqandaxili şaxələri aşağı qalxanabənzər vəzi arteriyalarının şaxələri ilə qarşılaşırlar. Arterial qövslər bu və ya digər arteriyaların ikinci sıra şaxələrindən təşkil oluna bilərlər. Aşağı qalxanabənzər arteriyanın ən iri orqandaxili kötüyü qalxanabənzər vəzi paylarının yan kənarları yaxınlığında və arxa səthində yerləşirlər. Aşağı qalxanabənzər arteriya da yuxarı qalxanabənzər arteriya kimi şaxələnir.
Erkən yaşlı uşaqlarda arteriyaların iknci sıra orqandaxili şaxələri xırda ilgəkşəkilli formada olduğundan damarlararası sahəni dəqiq təyin etmək mümkün olmur.Onu da qeyd etmək lazımdır ki, kalibr cəhətdən ikinci sıra şaxələr əsas şaxələrdən az fərqlənir. Yaşla əlaqədar (17- 21yaş) qalxanabənzər arteriyanın orqandaxili şaxələrinin ölçüsünün onların başlanğıc götürdüyü damar şaxələri ilə müqayisədə diametr fərqinə malik olduğunu qeyd etdik. Bu fərq diametrin azalması ilə özünü göstərə bilir.
Bu göstəricilərə nəzər saldıqda xarici və daxili amillərin təsiri nəticəsində təkcə orqana gələn damar və sinirlərin deyil, eləcə də morfoloji cəhətdən qalxanabənzər vəzinin bütün həyat boyu funksional xüsusiyyətlərinin dəyişilməsi qeyd edilir. Bunun üçün də getdikcə artmaqda davam edən endokrin patologiyaların, eləcə də qalxanabənzər vəzi xəstəliklərinin qarşısını almaq üçün düzgün qidalanma rejiminin seçilməsi, sağlam həyat tərzi və daim idmanla məşğul olmaq ən vacib şərtlərdən hesab edilir.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА – REFERENCES:
1.Шадлинский В.Б-В кн:Структурная организация и морфофункциональные особенности щитовидной железы в норме и при струмогенном воздействии. Баку,1998 г, с.3-42
2.Шадлинский В.Б. Структурный гомеостаз и морфофункциональные особенности щитовидной железы в условиях нормы и зобогенного воздействия.Автореферат докторской диссертации. Баку,2000 г, с.12-15
3.Габуния Р.И., Колесникова E.К.Компьютерная томография в клинической диагностике.М.Медицина,1995,c.38
4.Рустамова С.М.Морфофункциональные изменения щитовидной железы под влиянием мерказолила и гипокинезии. Баку,2003 г, с18-26.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı