TELETƏBABƏT VƏ ONUN İNKİŞAF TARİXİ

21-11-2017

Teletəbabət xəstəyə müəyyən məsafədən distansion yardım göstərməyə, onun diaqnozunu dəqiqləşdirməyə və müalicəsinə nəzarət edilməsinə xidmət edən bir neçə elm sahəsinin inteqrasiyasından meydana çıxan yeni elm sahəsidir. Bu elmin inkişafı səyəsində meydana gələn cihazlar vasitəsilə ixtisaslaşdırılmış tibb müəssisəsinin mütəxəssisləri tərəfindən periferiyada çalışan həkimlərə uzaq məsafədən məsləhətin verilməsi, müalicə prosesinin birgə həyata keçirilməsi olmuşdur. Beləliklə, teletəbabətin əsas məqsədi həkimə yüksək ixtisaslı mütəxəssis tərəfindən məsləhət verməklə xəstəyə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltməkdir. Bu gün teletəbabət praktik səhiyyənin ayrılmaz bir hissəsinə çevrilmiş və günü-gündən inkişaf etməkdədir [6,8,11].

Teletəbabətin inkişafı telefonun ixtira edilməsi ilə bağlı olub, XX əsrin birinci rübünə təsadüf edir. Telefondan istifadə etməklə həkim uzaq məsafədən xəstəyə məsləhət vermə imkanı əldə etmişdir. Lakin bu şəkildə verilmiş məsləhətlərin keyfiyyəti, həmçinin diaqnozun qoyulma imkanları rabitə əlaqəsinin keyfiyyəti ilə bağlı olaraq istənilən nəticəni verməmişdir. 1900-cü illərin əvvəllərində teleqrafdan istifadə etməklə ancaq xəstələrə tibbi məsləhətləri çatdırmaq mümkün olurdu. 1905-ci ildə V.Eynthoven ilk dəfə olaraq elektrokardioqrammanın telefon xətti ilə ötürülməsinə nail olur [19].

Bu hadisədən sonra ötən əsrin 20-ci illərində bir çox ölkələrdə (əsasəndə İsveçdə) radio və Morze əlifbasından istifadə etməklə dəniz donanmasında, ticarət gəmilərində distansion tibbi müayinələrin həyata keçirilməsinə rəvac verilir. 1922-ci ildən başlayaraq Qottenburq hospitalında radiokanaldan istifadə etməklə uzun müddətli dəniz səfərlərində olan dənizçilərə tibbi məsləhətlərin verilməsi həyata keçirilmişdir. 1935-ci ildə eyni xidmət növü İtaliyada da yerinə yetirilir [7,14,15]. Bu nümunələri teletəbabət sahəsində göstərilən xidmətlərin “texnoloji zəmin”i hesab edilməlidir [16].    

Teletəbabət sahəsində ilk növbədə əsas və birinci məsələ distatsion diaqnostika sayılmalıdır. Tibbi diaqnostika müasir anlamda vizual informasiya başa düşülür. Daha doğrusu, teletəbabətin meydana çıxması həkimə pasienti “görməyə” imkan yaradır. 1959-cu ildə Kanada da “Hotel-Dieu” hospitalının həkimi Albert Yutras hospitalda pasient üzərində apardığı müayinəni məişətdə istifadə etdiyi televizora ötürə bilmişdir [17,18]. Bizim ölkəmizdə də teletəbabət vasitəsilə informasiyanın ötürülməsinə müəyyən cəhdlər edilmişdir. Bu barədə mətbuatda məlumat olmasada 1995-ci ildən başlayaraq Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Kardiologiya institutunun baş elmi işçisi dosent R.Ə.Yusifli respublikanın rayonlarında miokard infarktı diaqnozu ilə rayon xəstəxanası və ya evində yatan xəstələrin elektrokardioqrammasına (EKQ) mobil telefon vasitəsilə baxaraq lazım olan məsləhətləri vermişdir.

1959-cu ildə ABŞ-da televiziya şəbəkəsindən istifadə etməklə psixiatorlar xəstələrə məsləhətlər verə bilmişlər. Həmin ildə də ABŞ-dan Kanadaya (Monreal şəhərinə) koaksial kabeldən istifadə etməklə xəstəxanada pasient üzərində aparılmış müayinənin – ağ çiyərlərin flyuoroqrammı təsvir formasinda ötürülmüşdür.

Keçən əsrin 60-cı illərində teletəbabətin inkişafı yeni istiqamət alaraq təbabətə yeni müjdələr gətirir. Keçmiş sovetlər məkanında dünyada ilk dəfə olaraq NASA-nın (National Aeronautics and Space Administration)kosmik tədqiqatlar proqramını həyata keçirməkdən ötrü teletəbabətdən istifadə etməklə astronavtların fizioloji göstəricilərinə nəzarət edilməsinin mümkünlüyü sübuta yetirilmişdir. 1970-ci ildən başlayaraq kosmik rabitədən istifadə etməklə Arizona, Boston ştatlarında və Kanada da yerləşən tibbi mərkəzlərdə teletəbabətin həyata keçirilməsinə start verilir [1÷5, 24].   

1964-cü ildə ABŞ-da, Norfolk şəhərindəki Şəhər xəstəxanası və Nebraska ştatındakı psixiatriya İnstitutu arasında ilk teletəbabət layihəsi həyata keçirilir. Psixoloji xəstələrin müalicəsinə həsr olunmuş layihə qapalı formada, bir-başa televizi ilə translyasiya olunurdu. Bu da öz növbəsində çoxlu sayda telekörpülərin aparılmasına presedent (keçmişdə olmuş və sonra olan eyni tipli hadisələr üçün misal ola biləcək hadisə və ya hərəkət) kimi xidmət etdi. 1965-ci ildə peyk rabitə kanalından birbaşa istifadə edən amerika kardiocərrahları Cenevrə şəhərindəki xəstəxanaların birində ürəkdə apardıqları əməliyyatın gedişini koordinasiya etməyə nail oldular. 1967-ci ildə isə Massaçusets ştatındakı Baş hospital ilə Boston aeroportunda yerləşən xəstəxana arasında interaktiv telekörpü fəaliyyət göstərdi [21,23].

Hazırda kliniki teletəbabət proqramı ABŞ-ın 40 ştatında mövcudur. Proqram l70 iri elektron şəbəkə ilə təhciz olunmuşdur. 35 təşkilat televiziya təbabəti problemi ilə məşğuldur. Nəzərə almaq lazımdır ki, iri müalicə müəssisələri özünəməxsus televiziya təbabəti proqramına malikdirlər. Keçən əsrin 70-ci illərində ABŞ-da teletəbabətin imkanları geniş miqyasda nümayiş edilir. Bundan istifadə edən Alyaska və Kanadanın müxtəlif bölgələrində işləyən həkimlər tibbi mərkəzlərin aparıcı mütəxəssisləri ilə məsləhətləşmələr apara bilirlər. Pasientlərin müayinələrinin nəticələri və diaqnozlar müzakirə edilir, xəstəyə təyin olunmuş müayinə peyk rabitə kanalı vasitəsilə transliyasiya olunurdu.

Lakin həyata keçirilən teletəbabət layihəsinin çatışmazlığı telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunun lazımı səviyyədə inkişaf edə bilməməsi, tibbi standartların olmaması, həmçinin baş verən neqativ problemlərin qanunvericilikdə nəzərə alınmaması layihənin yerinə yetirilməsinə maneçilik törədirdi. Hökumətin bu işlərə dəstək olmasına baxmayaraq yüksək xərclərin tələb olunması, verilən məsləhətlərin aşağı səviyyədə və s. amillər keçən əsrin 70-ci illərində müəyyən dairələrin bu sahəyə olan marağını azaltmaqla onun inkişaf sürətinin aşağı düşməsinə səbəb oldu.

Teletəbabətin kütləvi yayılmasının və inkişaf etməsinin ikinci dalğası keçən əsrin 90-cı illərini əhatə edir. Bu əsasən informasiya texnologiyaları mihitinin sürətli inkişafı ilə, həmçinin ABŞ-da baş vermiş tibbi muhitdə yaranmış böhran ilə birbaşa əlaqəli idi. İnkişafın mərkəzində Massaçusets ştatındakı hospital ilə Fransanın tədqiqatlar mərkəzi və Səudiyə Ərəbistanındakı xəstəxanaları arasında yaradılmış ümumdunya teletəbabət radiologiya sistemi dayanırdı. Layihədən bəhrələnən həkimlər il ərzində 600-dən çox xəstəyə diaqnozun qoyulması, məsləhətlərin həyata keçirilməsi və edilmiş tibbi yardımın nəticələrinin yüksəlməsinə və s. müvəfəqiyyətlər əldə etməyə nail olurdular [22].

Avropada isə teletəbabət keçən əsrin 70-80-ci illərində geniş yayılmağa başlayır. Buna əsas səbəb Şimal dənizində neft platformalarında işləyən və Antraktida elmi-tədqiqat işləri aparan Böyük Britaniyanın elmi ekspedisiya əməkdaşlarına göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi layihəsinin həyata keçirilməsi oldu [20].

1990-cı illərdə teletəbabət Avropada daha vüsətlə inkişaf edərək 40-a yaxın layihəni gerçəkləşdirir. Həmin layihələrdən biri olan AIM – Advanced Informatic in Medicine layihəsi 3000-ə yaxın praktik həkimi, tədqiqatçını və tibb işçilərini birləşdirirdi.

1991-94-cü illərdə Avropa birliyi ölkələrində “Birləşlmiş proqram” qəbul edilir. Proqramın əsas məqsədi teleölçünün qəbulu və inkişaf etdirilməsi idi.  Bu baxımdan teletəbabət sahəsində standartlar qəbul olunur, yeniləri yaradılır, tətbiq sahələri müəyyənləşdirilir və nəhayət vahid hüquqi Avropa Birliyi yaradıldı.

1999-2002-ci illərdə Avropa Birliyi ölkələrində teletəbabət sahəsində geniş miqyaslı yoxlama işlərinə başlanılır. Bununla yanaşı teletəbabət muhitində ekspertiza strukturu fəaliyyətə başlayır. Strukturun vəzifəsi dövlət səviyyəsində yeni layihələrin yaradılmasını həyata keçirmək idi [10]. Avropa Birliyi layihələri çərçivəsində teletəbabət sahəsində aşağıdakı sistemlər yaradılmışdır:

1.EMDIS (European Marrow Donor Information System – İlk donarlar haqqında Avropa informasiya sistemi);

2.EPIS (European Prototypefor Integrated Care – İnteqrasiya olunmuş müalicə üçün Avropa modeli);

3.FEST (Frameworkfor European Servicesin Telemedicine – Teletəbabət sahəsində Avriopa xidmətləri çərçivəsi);

4.ISAAC (Integrated Support Communication System – Rabitəni dəstəkləyən inteqrasiya edilmiş sistemi);

5.NUCLEUS (Customisation Environmentfor Multimedia Integrated Patient Dossier – İnteqrasiya edilmiş Xəstələr haqqında məlumata təninat verən ətraflı multimedia);

6.SHINE (Strategic Health Informatics Networkfor Europe – Avropa üçün səhiyyə sahəsində starteji informatika şəbəkəsi).

Keçmiş sovetlər məkanında da bu sahədə müəyyən işlərə rəvac verilir. Artıq 60-cı illərin sonunda tibbi informasiyanın distansion ötürülməsi işləri həyata keçirilir. Universal teletəbabət sisteminin yaranma problemi və istismarı tarixi olaraq kosmik tədqiqatlar ilə ayrılmaz şəkildə bağlıdır. Bu sahədə böyük təcrübə əldə edilmiş, bu sahəyə aid yeni avadnlıqlar yaradılmış və bioteleölçü sistemlərindən geniş istifadə olunmuşdur.

Keçən əsrin 60-cı illərində dünyada ilk dəfə olaraq fəzaya sovet kosmonavtları Y.A.Qaqarinin və Q.S.Titovun uçuşu zamanı ayrı-ayrılıqda bir və ya iki döş qəfəsində teleölçü sistemindən istifadə etməklə EKQ çəkilmiş, təhlil edilmiş və lazımı qərar qəbul edilmişdir. Bununla yanaşı kosmonavtlar üzərində pnevmoqrammanında tədbiqi həyata keçirilmişdir [13,14]. Uçuşun sonrakı mərhələlərində seysmokardioqrammanın qeyd olunması yerinə yetirilir. Bunun üçün xüsusi üsullar və avadanlıqlar yaradılır. Bu üsul və avadanlıqlardan istifadə etməklə kosmik uçuz zamanı insan orqanizmində əsas fizioloji və biokimyəvi parametrlər distatsion qeyd olunur və baş vermiş pozuntular və dəyişikliklər ölçü götürülməkdən ötrü Yerə ötürülürdü. Kosmonavtlar üzərində aparılan elmi və tibbi aradırmalardan sonra bu işə məsul sayılan elmi qrup unikaL texnologiyaya əsaslanaraq kosmosa yola salınan digər kosmonavtlar üzərində də tibbi müayinələri aparmaqla onların uçuş zamanı tam sağlamlığının əldə olunmasına nail olurdular.     

Rusiya Tibb Elmlər Akademiyasının A.V.Vişnevski adına cərrahiyə institutunda ilk dəfə olaraq ürəkdə anadangəlmə qüsurların və digər xəstəliklərin distasion diaqnostikasını sınaqdan keçirirlər. Əldə olunmuş verilənləri tədqiq etməkdən ötrü o dövrdə ən sürətli hesablama apara bilən URAL-2 Elektron Hesablayıcı Maşınından istifadə olunur (şəkil 1.).

   URAL-2 Elektron Hesablayıcı Maşını

URAL-2 EHM –indən istifadə etməklə Rusiyanın bəzi şəhərləri bir-birilə (Yaroslavl, Vladivostok və Xabarovsk şəhərləri) telefon xətlərindən istifadə etməklə rabitə əlaqəsi saxlaya bilirdi. Yaradılmış əlaqədən istifadə edən həkimlər qrupu xəstənin çəkilmiş EKQ-sini telefon xətti vasitəsilə ötürür, lazım gəldikdə kardioloji mərkəzlərdə təcili məsləhətləşmələri həyata keçirirdilər. Öndə adı çəkilən EHM-dan başqa o ərəfədə öncül sayılan “Volna” və “Salyut” sistemlərindən də geniş istifadə olunurdu. Həyata keçirilən bu işlərə rəhbərlik dünya miqyasında sayılan alimlərə: Z.İ.Yanuşkeviçusa, E.Ş.Helfenə, T.S.Vinoqradova və P.Y.Dovqalevskaya həvalə olunmuşdur.

Rusiyada ilk dəfə genişmiqyaslı teletəbabət üsullarından istifadə olunması sovet-amerika işçi qrupunun fəaliyyəti ilə bağlıdır. Kosmik biologiya ilə əlaqəli olan və həyata keçirilən teletəbabət “körpüsü” müxtəlif regionlarda baş vermiş zəlzələdən və qəzalardan ziyançəkənlərə 300 mindən çox kliniki məsləhət verə bilmişdi. Məsələn, 1989-cu ildə Ufa şəhərində qaz borusunda baş vermiş partlayış nəticəsində ziyançəkmiş çoxlu sayda fəhlələrə və yerli əhaliyə audio və video texnikadan istifadə etməklə tibbi yardım olunmuşdur. Fəlakət zonası ilə Moskva şəhərinin dörd aparıcı klinikası və tibbi mərkəzi, həmçinin ABŞ-ın tanınmış tibbi mərkəzləri arasında faksimil əlaqə yaradılmışdı. Faksimil latınca Fac simile sözündən yaranmadır, “bənzərini, oxşarını yarat” anlamını verir.  

Baş vermiş qəza nəticəsində yanıqlardan zərər çəkmişlərə, psixi pozuntuları yaranmışlara və digər xəstəliklərə məruz qalmış pasientlərə məsləhətlər verilir, tibbi yardımlar olunurdu. Həyata keçirilən 12 həftəlik telekörpüdən istifadə edən mütəxəssislər gün ərzində məsləhətlər və müayinələrlə yanaşı dörd saat ərzində videokonfranslar təşkil edirdilər. Tədbirlərdə 247-dən çox Moskva və Ufa şəhərinin həkimləri ilə yanaşı 175 amerika mütəxəssisidə iştirak edirdi. Baş vermiş qəzada 20 tibbi ixtisas üzrə 209 klinik hadisəyə baxış keçirildi. Dörd mindən çox pasient həkim nəzarəti altında oldu, nəticələri müzakirə etmək üçün videokonfranslar keçirilirdi. Alınmış nəticələrə uyğun olaraq yeni müalicə üsulları tətbiq olunurdu. Bunlarla yanaşı bu işlərdə iştirakı olan müxtəlif ölkələrin xəstəxanalarına tutarlı sayda tibbi informasiyalar ötürülür, onlardan lazım olan məsləhətlər alınırdı. Burada iştitrak edən həkimlərlə yanaşı bu sahəyə yaxın olan mütəxəssislər müalicə taktikasını müzakirə etməklə taktikanı (təxminən 21%), əlavə diaqnostik tədbirlərə şərait yaradır (təxminən 46%) və yeni müalicə üsullarını zərərçəkmişlərə tətbiq edirdilər (təxminən 10%). Rusiyada teletəbabətin digər inkişaf mərhələsi həyata keçirilən “Arxangelsk-Tromse” layihəsi ilə bağlıdır. Layihənin həyata keçirilməsinə 1993-cü ildən başlanılır. Layihədə Arxangelsk viləyət xəstəxanası ilə yanaşı Şimali Norvecin Tromse şəhərində yerləşən tibb univrsitetidə iştirak edirdi. Layihənin maraqlı cəhəti ondan ibarət idi ki, burada da telefon xəttindən istifadə edilirdi. Bu da layihənin ucuz başa gəlməsinə imkan verirdi. Telefon xətti vasitəsilə yüksək keyfiyyətli video informasiyalar, o cümlədən histoloji kəsiklər, rentgen təsvirlər, UltraSəsMüayinəsi- təsvirləri və s. ötürülürdü.

1995-ci ildə Rusiya Federasiyasında ilk videoməsləhət Rusiya Hərbi-tibbi Akademiyada (Sankt-Peterburq şəhəri) keçirilir [12].  

1997-ci ildə Rusiyada ümumrusiya viodeokonfrans sistemi həyata keçirilir. Sistem Bakuleva adına ürəkdamar cərrahlığı Elmi Mərkəzini, Pediatriya və uşaq cərrahlığı Elmi Tədqiqat İnstitutunu, Rusiya elmi cərrahlıq mərkəzini və başqa tibbi mərkəzləri özünə birləşdirirdi. 1998-ci ildə teletəbabət texnologiyasından ixtisasartırma kurslarında istifadə olunmağa başlanılır. 1999-cu ildə 32 tibbi müəssisəni birləşdirən Moskva korporativ teletəbabət şəbəkəsi yaradılır. 2000-2001-ci illərdə Rusiya Səhiyyə Nazirliyinin göstərişi əsasında teletəbabət texnologiyasından istifadə etməklə müxtəlif regionlarda səyyar kollegiyalar həyata keçirilir.

2001-ci ildə Rusiya teletəbabət şəbəkəsi beynəlxalq informasiya mühitinə inteqrasiya edir. и

İndiki zamanda dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən Rusiya Federasiya-sında teletəbabət şəbəkəsi fəaliyyət göstərir. Şəbəkənin məqsədi əhalinin bu sahədə distatsion savadlanmasını və teleməsləhətləri təmin etməkdir. Məsələn, Moskva, Sankt-Peterburq, Nijniy Novqorod, Orenburq, Tümen, Ulan-Ude, Yakutsk, Novosibirsk, Arxangelsk, Vorinej, Saratov və digər şəhərlərdə əhali teletəbabətin imkanlarından bəhrələnir.

Son olaraq qeyd etmək lazımdır ki, bizim ölkəmizdə də teletəbabətə geniş imkanlar yaradılmalıdır. Ondan respublikanın bütün xəstəxanalarında istifadə edilməli, insanların sağlamlığı ön plana çəkilməlidir. Teletəbabət insan sağlamlığının rəhnidir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Акулиничев И.Т., Жданов А.М., Попов И.И. Проблемы биотелеметрии в длительных космических полетах // Матер. XVI конгресса Междунар. астронавт. федерац. Испания. - Мадрид, 1966. - С. 203.

2.Алтухов Г.В. Биотелеметрический контроль за состоянием человека в космических полетах // Авиационная и космическая медицина. - М., 1963. - С. 15-18.

3.Бедненко B.C. Медицинский контроль за состоянием космонавта и медицинские исследования в полете / В кн. История отечественной космической медицины.-Под ред.Ушакова И.Б., Бедненко В.С., Лапаева Э.В.-М.-Воронеж,2001.-320 с.

4.Биологическая телеметрия / Под общ. ред. и с предисл. акад. В. В. Парина. - М.: Медицина, 1971. - 263 с.

5.Гуровский Н.Н., Егоров А.Д. Некоторые проблемы космической медицины / Сб.стат. «20 лет полету Гагарина».-М.: Знание,1981.-64 с.

6.Казаков В. Н., Климовицкий В. Г., Владзимирский А. В. Телемедицина. -Донецк: Типография ООО «Норд», 2002. - 100 с.

7.Кобринский Б. А. Телемедицина в системе практического здравоохранения. М. : МЦФЭР, 2002. 176с. (Приложение к журналу «Здравоохранение», N2, 2002).

8.Леванов В. М., Логинов В. А., Орлов О. И. Телемедицина как учебная дисциплина (Серия «Практическая телемедицина» под общей редакцией академика А. И. Григорьева. Выпуск 4) - М. : ООО Фирма «Слово», 2002. - 64 с.

 9.Лучевая диагностика: Учебник Т. 1. / под ред. Г. Е. Труфанова — М.: ГЭОТАР-Медиа, 2009. с.39-40.

10.Медведев О. С., Кербиков О. Б. Телемедицина: технология будущего или возможность повысить уровень медицинского обслуживания уже сегодня. Компьютерные технологии в медицине. 1997 г., № 2, стр. 88-89.

11.Наумов В. Б., Савельев Д. А. Правовые аспекты телемедицины. // - Под ред. д. т. н., проф. Полонникова Р. И., д. т. н., проф. Юсупова Р. М. - СПб. : СПИИ РАН, изд-во Анатолия, 2002 - 107 С.

12.Новиков Л. А., Фургал С. М., Белевитин Л. Б., Корсун К. Ю. Телемедицина в Российской военно-медицинской Академии г. Санкт-Петербурга. Компьютерные технологии в медицине. 1997 г., № 3.

13.Слюсар В.И. Ультразвуковая техника на пороге третьего тысячелетия.//Электроника: наука, технология, бизнес. – 1999. - № 5. – С. 50 - 53.

14.Телемедицина и компания Telecom Finland. Компьютерные технологии в медицине. 1997 г., № 2.

15.Уилсон М. Американские учёные и изобретатели / Пер. с англ. В. Рамзеса; под ред. Н. Тренёвой. — М.: Знание, 1975. — С. 43-52. — 136 с.  Энциклопедия для детей / Глав. ред. М. Д. Аксёнова. — М.: Аванта+, 2000. — Т. 14. Техника. — 688 с. 

16.Учебно-методическое пособие «ТЕЛЕМЕДИЦИНА: клинические организационные, правовые, технологические, экономические аспекты» И. А. Камаев, В. М. Леванов, Д. В. Сергеев). Издательство Нижегородской медицинской академии, 2002.

17.Albertus Magnus Doctor Universalis, 1280–1980, ed. G.Meyer & A.Zimmermann. Mayence, 1980.

18.Albertus Magnus. Seine Zeit, sein Werk, seine Wirkung, ed. A.Zimmermann. В. – Ν.Υ., 1981.

19.Brown N.A Brief History of Telemedicine.-1995.

20.Lugg DJ. Facsimile transmission from Antarctica as an aid to diagnosis and treatment. Med J Aust. 1974 Mar 30;1(13): 472-3.

21.Mark RG. Telemedicine system: the missing link between homes and hospitals? Mod Nurs Home. 1974 Feb; 32(2): 39-42.

22.Mbarika VWA. TeleMedicine in Africa – a possible panacea for sub-Saharan Africa’s medical nightmare. 1974 Feb; 32(2): 39-42.

23.Murphy RLH, Cohen GL, Bird KT, et al: Telediagnosis: A new community health resource. Massachusetts General Hospital, Boston, 1970.

24.Nicogossian AE.NASA Embarks On New Paradigm//U.S. Medicine. -2001.


Müəlliflər:
P.M. Əliyeva
K.Q. Qarayeva

Digər jurnal və qəzetlər