KƏSKİN DAŞLI XOLESİSTİTİN ERKƏN DİAQNOSTİKASINDA LAKTOFERRİNİN VƏ HEPSİDİNİN ƏHƏMİYYƏTİ

01-01-2018

Açar sözlər: kəskin daşlı xolesistit, antimikrob peptidlər, laktoferrin, hepsidin.

Qarın boşluğu üzvlərinin kəskin cərrahi xəstəlikləri içərisində kəskin xolesistit aparıcı yer tutur. Belə ki, cərrahi profilli xəstələrin 15-25%-i bu patologiya ilə olan şəxslərin payına düşür (1) və məhz bu səbəbdən də aparılan əməliyyatların sayına görə xolesistektomiya appendektomiyadan sonra ikinci yeri tutur (2). Lakin müasir dövrdə yüksək informativ müayinə üsullarının tətbiqi belə heç də həmişə xolesistitin destruktiv formalarını, xroniki daşlı xolesistitlərdə öd kisəsinin xroniki empiemasını aşkarlamağa imkan vermədiyindən (3,2,4) diaqnostik səhvlərin və bununla paralel olaraq ağırlaşmaların və ölüm faizinin tezliyi də artır.

Məlumdur ki, kəskin iltihabi proseslərə orqanizmin kəskin fazalı cavabı (KFC) müxtəlif mediatorlar (sitokinlər, prostoqlandinlər, kininlər, hormonlar) tərəfindən yerli və sistem reaksiyası kimi baş verir. KFC əsasən hepatositlərin sintez etdikləri kəskin faza zülallarının (KFZ) miqdarının artması ilə müşayiət edilir. KFZ orqanizmin qeyri-spesifık müdafiəsində, zədələnmə zonasında proseslərin təşkilində mühüm rol oynayırlar, toxumalardakı iltihabi-destruktiv proseslər zamanı çoxsaylı funksiyalar icra edirlər, immuntənzimləyici, bakterisid və bakteriostatik təsir göstərirlər, proteolitik kaskad reaksiyaların komponentləri kimi çıxış edirlər (5).

İltihab zamanı sitokinlərin səviyyəsinin yüksəlməsinə cavab olaraq hepatositlər kəskin fazanın pozitiv reaktantlarının produksiyasını artırdıqlarından (6) KFZ klinik praktikada iltihabi reaksiyanın ağırlığının qiymətləndirilməsi, patoloji prosesin gedişinin və müalicənin səmərəliliyinin monitorinqi məqsədi ilə istifadə edilir (7, 8, 9, 10, 11, 12).

İşin məqsədi: Kəskin daşlı xolesistitli (KDX) xəstələrdə plazmada antimikrob peptidlərdən (AMP) olan laktoferrinin, plazmada və qaraciyər toxumasında hepsidinin səviyyəsini tədqiq edərək əldə olunan göstəricilərlə iltihabın morfoloji formaları arasındakı əlaqəni aşkarlamaq və onların diaqnostik əhəmiyyətini dəyərləndirmək.

Material və metodlar. Laktoferrinin və hepsidinin plazmadakı miqdarı, eləcə də hepsidinin qaraciyər toxumasındakı səviyyəsi KDX diaqnozu ilə cərrahi müdaxilə keçirmiş 69 xəstədə öyrənilmişdir. KDX-nin klinik-morfoloji formasından asılı olaraq xəstələr 3 qrupa bölünmüşdür: kataral (26 xəstə), fleqmonoz (24 xəstə) və qanqrenoz (19 xəstə).

Xəstələrdə əməliyyatönü dövrdə plazmada laktoferrinin konsentrasiyası İFA üsulu ilə öyrənilmişdir. Plazmada və əməliyyat zamanı qaraciyərdən götürülmüş bioptatlarda hepsidinin miqdarı düzünə (birbaşa) immunferment üsulu ilə “Abcam” (ABŞ) firmasının monospesifik antizərdablarından və antigenlərə qarşı monoklonal antigenlərindən istifadə etməklə təyin edilmişdir.

10 praktik sağlam şəxsin analoji göstəriciləri norma kimi götürülmüşdür. Tədqiqatın gedişində alınan rəqəmlər parametrik və qeyri-parametrik (Manna Uitni-Uilkokson) üsullarla işlənilmişdir.

Nəticələr və onların müzakirəsi.Endogen AMP-dən olan laktoferrin anadangəlmə immunitetin vacib zülallarından biri kimi normada və iltihab zamanı neytrofillər tərəfindən sintez olunur. Bu AMP eyni zamanda həm KFZ, həm də dəmirbirləşdirici zülal sayılır. Laktoferrin dəmiri özünə birləşdirməklə bu metalın mikroblar üçün çatmazlığını törədir və həmçinin, fermentlərin aktivliyinə təsir göstərir. Eyni zamanda, laktoferrin antibakterial, antivirus, göbələkəleyhinə, immunmoduləedici və antioksidant təsirə malikdir (13). Laktoferrinin plazmada konsentrasiyası neytrofillərin sayı və eləcə də bu hüceyrələrin dövretmə müddətləri ilə korrelyasiya etdiyi üçün onun orqanizmin mayelərindəki miqdarı neytrofillərin aktivləşmə göstəricisi kimi hesab olunur (14, 15). Ümumilikdə, KXD diaqnozu ilə klinikaya daxil olan xəstələrdə plazmada laktoferrin miqdarı normadan 2,2 dəfə (P ˂ 0,001) çox olmuşdur. KDX-nin müxtəlif formaları olan xəstələrdə laktoferrinin konsentrasiyasının müqayisəli qiymətəndirilməsi onun miqdarının öd kisəsindəki destruktiv proseslərdən tam asılı olduğunu göstərmişdir. Belə ki, KDX-nin kataral formasında plazmada bu zülalın səviyyəsi 1327,4± nq/ml (normadan 1,7 dəfə çox; P˂ 0,001), fleqmonoz formasında – 1625,8±54,5 nq/ml normadan 2,1 dəfə çox; P˂ 0,001) və qanqrenoz formasında isə 2242,1±42,5 nq/ml (normadan 2,9 dəfə çox; P˂,001) olmuşdur. Yuxarıda sadalanan rəqəmlər bir daha göstərir ki, laktoferrinin qandakı səviyyəsi iltihabın aktivlik dərəcəsindən birbaşa asılı olaraq dəyişir və öd kisəsindəki destruktiv proseslərdə daha çox artır – KDX-nin qanqrenoz formasında bu zülalın qandakı konsentrasiyası kataral formadakı səviyyədən 68,9% (P1˂0,001), fleqmonoz formadakı miqdardan isə 37,9% (β2˂ 0,001) çox olur.

Dəmir mübadiləsini tənzimləyən vacib hormon olan hepsidin qaraciyərdə hepatositlər tərəfindən sintez olunur və eyni zamanda həm hormonal peptidlərin, həm də sitokinlərin bütün xüsusiyyətlərinə malik olur (16). Antimikrob təsirli bu AMP makrofaqlar (17), piy hüceyrələri və kardiomiositlər tərəfindən də sintez olunur (18).

Ümumilikdə, xəstələrdə plazmada hepsidinin səviyyəsi 68-367 pq/ml (orta hesabla 219,4 ± 8,7 pq/ml; normadan statistik dürüst 3,5 dəfə çox) civarında olsa da, KDX-nin formalarından asılı olaraq müxtəlif intervallarda dəyişmişdir (şək.).

Eyni zamanda, cərrahi müdaxilə zamanı qaraciyərdən götürülmüş bioptatlarda hepsidinin miqdarı 38,7±2,1 pq/ml olmuşdur (normal göstəricidən 2,1 dəfə çox; P˂0,001) və öd kisəsindəki iltihabın morfoloji formasından asılı olaraq müxtəlif səviyyələrə yüksəlmişdir (şək.).

Şək. KDX-nin müxtəlif formalarında qanda və qaraciyər toxumasında hepsidinin miqdarı

Şəkildən bir daha aydın olur ki, öd kisəsindəki iltihabın destruk-tiv formasında, xüsusilə də, qanqre-noz xolesistitdə qaraciyər toxuma-sında və qanda hepsidinin miqdarı daha çox artır. 

Nəticələr

1.KDX zamanı endogen antimikrob peptidlərdən olan laktoferrinin və hepsidinin qanda miqdarı artır və bu artımın səviyyəsi öd kisəsindəki iltihabi prosesin dərəcəsindən birbaşa asılı olur.
2.Laktoferrinin və hepsidinin qandakı səviyyəsi KDX zamanı bu patologiyanın destruktiv formalarını erkən dövrdə aşkarlamağa imkan verir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Капылов В.В. Роль и место малоинвазивных декомпрессионных эхоконтролируетых вмешательств в лечении острого холецистита у больных старших возрастных групп. Автореф. Диссертации на соискание ученой степени к.м.н., Нальчик, 2016
2.Быстров С.В., Горх П.И., Чирьев А.И. и др. Морфологические Особенности Течения Хронического Холецистита При Желчнокаменной Болезни// Вопросы реконструктивной и пластической хирургии, 2015, №4, с.43-45
3.Воробьев А.И. Клинико-иммунологические аспекты диагностики и хирургического лечения скрытой формы деструктивного холецистита. Автореферат. Дисс. кандидат медицинских наук Волгоград – 2017, 22с.
4.Сердюков М.А., Кчибеков Э.А., Диброва д.с. Новый подход к диагностике деструктивных форм острого холецистита. Актуальные вопросы и перспективы развития медицины, / Сборник научных трудов по итогам международной научно-практической конференции. № 3. г.Омск, 2016. 194 с.
5.Al-Delaimy W.K., Jansen E.H. Reliability of biomarkers of iron status, blood lipids, oxidative stress, vitamin D, C-reactive protein and fructosamine in two Dutch cohorts. – Biomarkers – 2006.
6.Nielsen S., Grotii T. et. al. Synthesis of acute phase proteins in rats with cirrhosis exposed to lipopolysaccharide // Comp. Hepatol., 2006, v. 12, p. 3-5
7.De Vita L., Balisteri C., Arcolio F. Systemic inflammatory response in elderly patients following hernioplastical opearation. Immun. Ageing – 2006, 29; p. 3-6
8.Рамазанов М.В., Бутырина Е.В., Кчибеков Э.А. Анализ корреляции ферропротеинов при распространенном перитоните // Астраханский медицинский журнал, 201 1, № 1, с. 96-99
9.Кчибеков Э.А., Никулина Д.М., Зурнаджянц В.А. Комплексная программа прогнозирования осложнений острых воспалительных заболеваний органов брюшной полости // Астраханский медицинский журнал, 2011, № 2, с. 182-184.
10. Kimura Y., Takada T., Kawarada Y., et. al. Definition, pathophysiology and epidemiology of cholangitis and cholecystitis // J. Hepatobiliary Pancreat Surg. – 2007, P. 15-26.
11.Гаджиев Н.Дж. Динамика белков острой фазы воспаления при распространенном перитоните// Клин. Хирургия, 2011, №10 стр. 24-26.
12.Гаджиев Н.Дж. Значение белков острой фазы воспаления в прогнозировании клинического течения распространенного перитонита. Вестник общественной организации "ассоциация хирургов иркутской области".  Мат-лы наук. Практ. Конф. Хирургов Иркутской области» Искуст, 2012, с.109.
13.Медицинская микробиология, вирусология и иммунология.  Учебник пособие/под. Ред. А.С.Быкова, В.В.Зверева. М: 000 «Изд-во Медицинское информ. Агенст-во, 2018. – 416с.
14.Me Keown S.T. The cytotoxic effect of human peptid 1 (HNP1) and lactoferrin on oral squamous cell , carcinoma (OSCC) in vitro // Oral oncol., 2006, v. 42 (7), p. 685
15. Peyssonnaux C., Nizet V., Johnson R.S. Role of the hypoxia inducible factors HIF in iron metabolism // Cell Cycle, 2008, v. 7, X» 1, pp. 28-32.
16.Данилов И.П., Смирнова Л.А., Козич Ж.М., Кравчук З.И.. Клиническое значение маркеров метаболизма железа: ферритин, трансферрин, гепсидин // Здравоохранение, 2011 №9, стр. 30-35.
17.Merle U. The iron regulatory peptide hepcidin is expressed in the heart and regulated by hypoxia and  inflammation // Endocrinology, 2007, v. 148, N26, pp. 2663-2668.
18.El-Badry A., Sedrak H., Rashed L. FaecalCalprotectin in Differentiating between Functional and Organic Bowel Diseases //Arab Journal of Gastroenterology, 2010, v.l 1, pp.70-73.


Müəlliflər:
Ş.X. Qasımova

Digər jurnal və qəzetlər