BAKI ŞƏHƏRİNİN YAŞLI ƏHALİSİ ARASINDA XRONIKI BRONXITIN YAYILMASININ SOSİAL-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ

08-04-2018

Açar  sözlər: xroniki bronxit,  xəstələnmə, sosial-epidemioloji xüsusiyyətləri

Key words: chronic bronchitis, illness, social-epidemiological characteristics

Tənəffüs yollarının xəstəliklərinin hər yerdə getdikcə artması, əhalinin sağlamlığına onun çoxcəhətli, sistem təsiri çoxsahəli profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyini aktuallaşdırır [1, 2, 3].

Xroniki bronxitin profilaktika tədbirlərinin effektivliyinin risk amillərinin dürüst qiymətləndirilməsindən və onların aktivliyinin azaldılmasına dair yanaşmaların işlənib hazırlanmasından birbaşa asılı olduğunu nəzərə alaraq son illərdə tənəffüs yollarının xəstəliklərinin sosial-epidemioloji aspektlərinin öyrənilməsinə böyük diqqət verilir [4, 5].

Xroniki bronxit tez-tez rast gələn tənəffüs yolların xəstəliklərindən biri olaraq, tibbi-sosial əhəmiyyətinə görə  bir çox digər xəstəlikləri üstələyir. Belə ki, o, əhalinin sağlamlığına ağırlaşdırıcı təsir göstərərək, onun əmək qabiliyyətini və həyat keyfiyyətini azaldır [6, 7].

Eyni zamanda xroniki bronxit iltihabi-infeksion xəstəlik olmaqla bərabər sosial-epidemioloji münasibətdə olduqca az öyrənilmişdir ki, bu da onun profilaktikasının imkanlarını məhdudlaşdırır [8].

Bununla əlaqədar olaraq, tərəfimizdən Bakı şəhərinin yaşlı əhalisi arasında xroniki bronxitin sosial-epidemioloji aspektlərinin öyrənilməsi üzrə tədqiqatlar aparılmışdır ki, onun da nəticələri hazırkı məqalədə şərh edilmişdir.

İşin məqsədi: Bakı şəhərinin yaşli əhalisi arasında xroniki bronxitin yayılmasının sosial-epidemioloji xüsusiyyətlərinin aşkar edilməsi olmuşdur.

Material və metodika. Təsadüfi seçmə yolu ilə seçilmiş 18 yaşdan 67 yaşa qədər olan 96 şəhər sakinlərinin xüsusiləşdirilmiş kliniki müayinəsi aparılmışdır. Klinik müayinə zamanı vizual-instrumental, gigiyenik, immunoloji və hematoloji metodlardan istifadə edilmişdir. Onların nəticələrinin yekunu olaraq xroniki bronxit diaqnozu qoyulmuş və pasiyentlər rentgen müayinəyə göndərilmişdir. Anketləşdirmə aşağıdakı sual blokları əsasında aparılmışdır – yüksək risk amilləri, mövsümilik, sosial-peşə yönümü, motivasiya səviyyəsi. Əhalinin 2 qrupu formalaşdırılmışdır: yekun xroniki bronxitin diaqnozu qoyulmuş 57 pasiyent və tənəffüs yolların xəstələnməsi olmayan 39 şəxsdən (kontrol qrup) ibarət qruplar. Alınmış nəticələrin işlənməsi zamanı Styudent meyarı və χ2 meyarından istifadə olunmuşdur.

Nətiсələr və onların müzakirəsi. Xüsusiləşdirilmiş kliniki və prospektiv müayinələrin müştərək aparılması bir sıra sosial-epidemioloji amillərin aşkar edilməsinə imkan vermişdir ki, onlar çox ehtimal ki, xroniki bronxitin  inkişafı üçün əlverişli şərait yaradırlar. Əhəmiyyətinə görə amillərin qiymətləndirilməsi 3 - aşağı, orta və yüksək səviyyə dərəcəsinə görə aparılmışdır. Xroniki bronxit olan pasiyentlərə bu amillərin nə qədər səсiyyəvi olması сədvəl 1-də göstərilmişdir.

Aşkar edilmiş amillər arasında hər şeydən əvvəl siqaret çəkmə, alkoqoldan istifadə və tibb yardım üçün müraciətləri qeyd etmək lazımdır. Onların qiymətləndirilmə səviyyəsi aşağı olmuş və pasiyentlərin 53,6±5,1-dən 62,9±4,9%-ə qədərini təşkil etmişdir (χ2 =1,34; p> 0,05).

Orta qiymətləndirilmə səviyyəsinə malik pasiyentlərin (χ2=7,56; p<0,01) sayı xeyli az olmuşdur – 30,9±4,7-dən  34,0±4,8%-ə qədər (χ2=0,73; p>0,05) və cəmi 6,2±2,5-dən 13,4±3,5%-ə qədər pasiyentdə (χ2=1,06; p>0,05) qiymətləndirilmə səviyyəsi yüksək olmuşdur (χ2 =8,63; p< 0,01).

Cədvəl1.

Xroniki bronxitin  inkişafının sosial-epidemioloji risk amillərinin aşkar edilməsi və qiymətləndirilməsi (n=57)

Sosial-epidemioloji risk amilləri

 

Qiymətləndirmə səviyyəsi, %-lə

Aşağı

Orta

Yüksək

Maddi vəziyyət

37,1±4,9

51,5±5,1

11,3±3,2

Sağlamlıq vəziyyəti

46,4±5,1

46,4±5,1

7,2±2,6

Psixi-emosional gərginlik

33,0±4,8

58,8±5,0

8,2±2,8

Həkim təyinatına əməl olunmaması

14,4±3,6

44,3±5,1

41,2±5,0

Müalicəsi vaxtında və axıra qədər aparılmaması

16,5±3,8

43,3±5,1

40,2±5,0

Alkoqoldan istifadə

53,6±5,1

34,0±4,8

12,4±3,4

Ailə rifahı

42,3±5,0

44,3±5,1

13,4±3,5

Həyat şəraiti

13,4±3,5

43,3±5,1

43,3±3,3

Sanitar-mədəni səviyyə

11,3±3,2

45,4±5,1

43,3±5,1

Siqaret çəkmə

58,8±5,0

33,0±4,8

8,2±2,8

Tibbi yardım üçün müraciət

62,9±4,9

30,9±4,7

6,2±2,5

Maddi vəziyyət, yaşayış şəraiti, sanitar-mədəni səviyyə və onlarla əlaqədar ailənin rifahı kimi bir sıra sosial-epidemioloji amillər mühüm əhəmiyyət daşıyırlar. Onların qiymətləndirilmə səviyyəsi aşağı olmuş və 33,0±4,8%-dən 46,4±5,1% pasiyent təşkil etmişdir (χ2=3,64; p>0,05). Halbuki pasiyentlərin çox az hissəsində bu amillərin yüksək qiymətləndirilmə səviyyəsi müşahidə edilmişdir – 7,2±2,6%-dən 13,4±3,5%-ə qədər (χ2 =0,92; p>0,05).

Bununla belə, psixi-emosional gərginlik və sağlamlıq vəziyyəti xroniki bronxitininkişafında əhəmiyyətli rol oynamışdır, belə ki, onların qiymətləndirilmə səviyyəsi aşağı olmuş və 11,3±3,2-dən 16,5±3,8%-ə qədər pasiyent təşkil etmişdir (χ2=1,27; p>0,05). Bu amillərin orta və yüksək qiymətləndirilmə səviyyələri pasiyentlərin böyük hissəsinə (χ2=18,92; p<0,01) – 40,2±5,0-dan 45,4±5,1%-ə qədər (χ2=0,61; p> 0,05) - xas olmuşdur ki, bu da sosial-epidemioloji baxımdan onların az əhəmiyyət daşıdığını göstərir.

Tibbi yardım üçün xroniki bronxit  ilə xəstə olan pasiyentlərin müraciətləri bütün il ərzində baş verir. Lakin əgər dekabr, yanvar və fevralda, yəni daha küləkli, rütubətli və şaxtalı aylarda müraciətlər 13,8±6,5-dən 24,1±8,1%-ə qədər dəyişmişsə (χ2=1,18; p>0,05), onda qalan aylarda o, xeyli az olmuşdur – 6,9±4,8-dən 10,3±5,7% hadisəyə qədər (χ2=0,41; p>0,05). Xronik bronxitin kəskinləşmələri və residivləri ilə bağlı müraciətlərdə mövsümilik daha qabarıq ifadə olunur. Məsələn, mart ayından noyabra qədər müraciətlər 2,9±2,1% ilə 4,4±2,5% hüdudunda dəyişmişdir (χ2 =0,36; p>0,05), dekabr, yanvar və fevralda isə o, nəzərə çarpacaq dərəcədə artmış (χ2 =8,44; p<0,001) və 23,5±5,2% ilə 26,5±5,4% arasında dəyişmişdir (χ2=0,22; p>0,05). Göründüyü kimi, soyuq, şaxtalı hava xronik bronxitinin kəskinləşmələrini şərtləndirir. Bundan başqa, orqanizmin immun sistemi, bir qayda olaraq, qışda zəifləyir, bu da həm kəskin, həm də xronik bronxitin kəskinləşmələrinin inkişaf etməsinə gətirib çıxara bilər. Xroniki bronxitin mövsümiliyi müayinə olunmuş qrupların sosial-peşə yönümünün təhlili zamanı da izlənilir (cədvəl 2).

Cədvəl № 2.

Xroniki bronxitin   xəstələnmənin səviyyəsinə sosial-peşə yönümünün təsiri (n=96)

Sosial-peşə yönümü

 

Qrupların tezliyi, %-lə

Fərqin dürüstlüyü

Xroniki bronxiti olan xəstələr

Kontrol qrup

n=57

n=39

t

p

Qulluqçular

3,1±1,8

14,8±1,8

4,59

< 0,001

Firmaların işçiləri

6,2±2,5

15,3±1,8

2,95

< 0,01

Ticarət işçiləri

4,1±2,0

16,0±1,8

4,42

< 0,001

 Xidmət sahəsi

5,2±2,3

14,5±1,8

3,18

< 0,01

İnşaatçılar

27,8±4,6

5,0±1,1

4,82

< 0,001

Fəhlələr

23,7±4,3

4,5±1,0

4,35

< 0,001

Tələbələr

-

6,5±1,2

-

-

Hərbi qulluqçular

26,8±4,5

4,8±1,1

4,75

< 0,001

Evdar qadınlar

-

7,5±1,9

-

-

 Təqaüdçülər

3,1±1,8

14,3±1,8

4,39

< 0,001

Xroniki bronxiti olan pasiyentləri sosial-peşə yönümünə görə 2 qrupa bölmək olar. Birinci qrupa qulluqçular, firmaların işçiləri, ticarət işçiləri, xidmət sahəsinin işçiləri və təqaüdçülər daxildir ki, edir, xroniki bronxiti olan pasiyentlərin arasında onların xüsusi çəkisi kifayət qədər aşağıdır və 3,1±1,8 ilə 6,2±2,5% hüdudunda dəyişir (χ2 =0,92; p>0,05),  tələbələr və evdar qadınlar isə bu qrupa daxil olmamışlar. İkinci qrupu inşaatçılar, fəhlələr və hərbi qulluqçular təşkil edir, onların xüsusi çəkisi yuxarıda göstərilən qrupdan xeyli yüksəkdir (χ2=11,72; p<0,1) və 23,7±4,3-dən 27,8±4,6%-ə qədər dəyişir (χ2=0,57; p>0,05). Həmin qrupun iş prosesi fiziki cəhətdən ağırdır, gərgindir, açıq hava şəraitində yerinə yetirilir. Bu, xüsusilə soyuq və şaxtalı qış aylarına aiddir, çünki artıq deyildiyi kimi, onlar xroniki bronxitin inkişafı üçün əlverişli şərait yaradırlar.

Kontrol qrupda isə, əksinə, qulluqçular, firma, ticarət və xidmət sahəsinin işçiləri, həmçinin təqaüdçülər daha çox təmsil olunmuşlar, onların xüsusi çəkisi 14,5±1,8-dən 16,0±1,8% hüdudunda dəyişir (χ2=1,48; p>0,05). Halbuki inşaatçıların, fəhlələrin və hərbi qulluqçuların, yəni xroniki bronxitin yüksək inkişaf riskli qrupunun xüsusi çəkisi xeyli azdır (χ2 =6,91; p<0,01) – 4,5±1,0-dən 7,5±1,3% qədər (χ2 =2,39; p>0,05).

Son tədqiqatlar göstərir ki, bir çox xəstəliklərin diaqnostikasının vaxtında aparılması, effektiv müalicəsi və profilaktikası əhalinin tibbi motivasiyasının səviyyəsindən, başqa sözlə, öz sağlamlığının möhkəmləndirilməsinə dair hazırlığından asılıdır. Anketləşdirmənin nəticələrinə görə  bu, ilk növbədə xroniki bronxitə aiddir (cədvəl 3).

Göründüyü kimi, xroniki bronxiti olan pasiyentlər 37,1±4,9%-i özünü müalicəyə üstünlük verirlər, kontrol qrupda onların sayı azdır – 21,3±2,1% pasiyentdə (t=2,96; p<0,001) qeyd olunmuşdur. Həkimlərə gedişlər üçün vaxt qıtlığı kimi motivasiyalarda olan fərqlər bir qədər yüksəkdir – müvafiq olaraq 28,9±4,6 və 17,3±1,9% pasiyent (t=2,33; p<0,05), tibbi prosedurlar qarşısında qorxu – 26,8±4,5 və 16,0±1,8% pasiyentdə (t=2,27; p<0,05)qeyd edilmişdir. Eyni zamanda həkimlərə təcili  gedişlərin zəruriliyi, şəxsi gigiyenasının müntəzəm gözlənilməsi, profilaktik tədbirlərin əhəmiyyətinin başa düşülməsi, bu xəstələnmənin sağlamlıq vəziyyətinə təsirinin əhəmiyyəti kimi mühüm motivasiyalar yalnız xroniki bronxiti olan 23,7±4,3-dən 33,0±4,8%-ə qədər pasiyentə xasdır (t=1,44; p>0,05). Kontrol qrupda onların sayı xeyli çoxdur (t=2,07; p<0,001) – 44,4±2,5-dən 62,2±2,4% pasiyentə qədər (t=5,13; p<0,001). Bununla bərabər, hər iki qrupda pasiyentlərin təqribən eyni miqdarı aşağı tibbi müraicətləri aşağıdakı motivasiyalarla izah etmişlər: tibbi yardımın bahalılığı – 42,3±5,0 və 48,4±2,5% pasiyentdə (t=1,09; p>0,05), müalicənin effektivliyinə əminsizlik – 41,2±5,0 və 32,8±2,4% pasiyentdə (t=1,51; p>0,05), müalicə kursunun uzun müddətli olması – 35,1±4,9 və 30,1±2,3% pasiyentdə qeyd olunmuşdur (t=0,74; p>0,05). Göründüyü kimi, əhalinin motivasiya fikirlərinin korreksiyası onun tibbi aktivliyinin artırılmasında mühüm rol oynaya bilər.

Cədvəl  № 3.

Xroniki bronxiti olan və kontrol qrupun pasiyentlərinin kontrol qrupuna münasibətdə motivasiya səviyyəsi

Motivasiyalar

Pasiyentlərin müxtəlif qruplarında motivasiyaların tezliyi, %-lə

Fərqin dürüstlyü 

n=57

n=39

t

p

Özünümüalicəyə üstünlük verilir

37,1±4,9

21,3±2,1

2,96

< 0,01

Tibbi yardımın bahalılığı

42,3+5,0

48,4±2,5

1,09

> 0,05

Müalicənin effektivliyinə əminsizlik

41,2±5,0

32,8±2,4

1,51

> 0,05

Müalicə kursunun uzun müddətli olması

35,1±4,9

30,1±2,3

0,74

> 0,05

Tibbi gedişlərə vaxt qıtlığı

28,9±4,6

17,3±1,9

2,33

< 0,05

Tibbi prosedurlar qarşısında qorxu

26,8±4,5

16,0±1,8

2,27

< 0,05

Həkimlərə gedişlərin təcilliyi

23,7±4,3

55,9±2,5

6,48

< 0,001

Şəxsi gigiyenasına  qulluğun müntəzəm aparılması

27,8±4,6

53,1±2,5

4,83

< 0,001

Profilaktik tədbirlərin əhəmiyyətinin başa düşülməsi

33,0±4,8

62,2±2,4

5,44

< 0,001

Xəstələnmənin sağlamlığa təsirinin əhəmiyyəti

30,9±4,7

44,4±2,5

2,54

< 0,01

Qeyd: göstəricilərin cəmi pasiyentlərin sayından böyükdür, belə ki, onların hər birində 2 və daha çox motivasiyalar vardır.

Aparılan işin nəticələri göstərir ki, mikrob təcavüzü nəticəsində inkişaf edən iltihabi-infeksion xəstəlik sayılan xroniki bronxitin yayılması sosial-epidemioloji qanunauyğunluqlara tabedir. Xroniki bronxitlə birincili xəstələnmə və onun xronik formasının kəskinləşmələri daha çox şaxtalı və küləkli aylarda qeydə alınır. Ağır fiziki iş, xüsusilə də soyuq açıq havada (fəhlələr, inşaatçılar), və ya psixi-emosional gərginliklə (hərbi qulluqçular) bağlı iş xroniki bronxitin inkişaf etməsinə şərait yaradır. Xroniki bronxitin sanitar-gigiyenik, sosial-məişət, davranış və motivasiya yönümlü, həmçinin onun inkişafına əlverişli şərait yaradan bir sıra amillər aşkar edilmişdir. Aşkar olunmuş yüksək risk amillərinin aktivliyinin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi yaşlı əhali arasında xroniki bronxitin profilaktikasına imkan verəcəkdir.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

1.Бабак С.Л. Острый бронхит в практике врача-терапевта: дифференциальная диагностика // Справочник поликлинического врача, 2011, N 1, С. 4-5
2.Бачинский О. Н. Хронический бронхит профессиональной этиологии: проблемы и перспективы. (обзор литературы) // Медицина труда и промышленная экология, 2011, № 12,  С. 32-38
3.Зайцев А.А. Фармакоэкономические аспекты лечения острого бронхита у взрослых // Военно-медицинский журнал, 2012, Т. 333, № 6, С. 69-70
4.Косарев В. В. Социальные аспекты хронического бронхита по данным эпидемиологического исследования // Экология человека, 2005, N 12,С. 46-49
5.Мазитова Н.Н. Классификация профессиональных заболеваний бронхиального дерева // Медицина труда и промышленная экология, 2011,  N 4, С. 45-48
6.Сосюра В.Х. Эндоскопические и морфологические особенности течения хронического бронхита у детей // Педиатрия. Журнал имени Г. Н. Сперанского, 2013, Т. 92, № 3,  С. 21-25
7.Kampa Marilena, Castanas Elias. Human health effects of air pollution // Environ. Pollution. 2008, Vol. 151, Issue 2, P. 362-367.
8.Kuschner Ware G., Hegde Shainy, Agrawal Madhuri. Occupational history quality in patients with newly documented, clinician-diagnosed chronic bronchitis // CHEST. 2009, Vol. 135, Issue 2, P. 378-383


Müəlliflər:
B.N. Əsədov
M.S. Salihov

Digər jurnal və qəzetlər