KƏSKİN VİRUS MƏNŞƏLİ RESPİRATOR İNFEKSİYA ZAMANI DAMAQ BADAMCIQLARINDA MİKROBİOSENOZUN QİYMƏTLƏNDİRİLMƏSİ

13-05-2018

Açar sözlər: Virus,  respirator infeksiya, bakteriyalari.

Keywords: Viruses, respiratory infections, bacteria.

Ключевые слова: Вирусы, респираторные инфекции, бактерии.

Tənəffüs sisteminin əsas funksiyası qaz mübadiləsidir. Bu görə də tənəffüs sistemi müntəzəm olaraq, tərkibində bakteriyalar, viruslar və mikroorqanizm sporları kimi üzvi hissəciklər olan hava kütləsinin təsirinə məruz qalır. Tənəffüs yolları bütünlükdə havanın təsirinə məruz qalmasına baxmayaraq, yuxarıda qeyd edilən hissəciklərin əksəriyyəti tənəffüs yollarının başlanğıcını təşkil edən burunun daxili səthindəki tükcüklər tərəfindən tutulur və arxa burun-udlağın selikli qişa ilə örtülmüş səthləri tərəfindən zərərsizləşdirilir [8]. Qırtlaq qapağı (epiglottis) və onun qapanma refleksi və öskürək refleksi mikroorqanizmlərin aşağı tənəffüs yollarına keçməsi riskini azaldır. Traxea və bronxlara daxil ola biləcək və onların selikli qişalarına yapışacaq dərəcədə kiçik olan hissəciklər isə selikli qişalardakı kiprikciklər tərəfindən ağız-udlağa doğru hərəkət etdirilir (mukosiliar eskalasiya) [11]. Respirator yolların sekresiyalarındakı antimmikrob amillər hava ilə inhalyasiya olunmuş mikroorqanizmləri daha da zərərsizləşdirir. Bu amillərə lizosim, laktoferrin və sekretor IgA-dır. Havadakı 5-10 µm ölçüdə olan hissəciklər tənəffüs yollarının fizioloji maneələrindən aşaraq, ağıciyərlər, hətta aolveol boşluqlarına kimi çata bilir. Burada alveolyar makrofaqlar patogenlərə qarşı faqositar reaksiya həyata keçirirlər. Əgər patogenlər bu maneəni də müxtəlif imkanlar hesabına aşa bilərsə, neytrofillər patogenlərə qarşı iltihabi reaksiya təşkil edirlər. Respirator sistemin müdafiə qabiliyyəti onun mikroorqanizmlərin hücumlarına qarşı həssaslıqlarının göstəricisidir. Mikrobların tənəffüs yolları vasitəsilə yoluxması əsasən inhalyasiya yolu ilə baş versə də, aspirasiya, selikli qişadan və hematogen yolla da baş verə bilər. Sağlam ağciyərlərə malik şəxslərdə çox nadir hallarda bronxların şaxələndiyi yerdən (bifurkasiya) daha dərində bakteriyalara rast gəlinir. Respirator patogenlərin orqanizmin immun müdafiə sistemlərini aşmaq üçün bir sıra uyğunlaşmaları vardır. Məsələn, qrip virusunun selikli qişanın epitel hüceyrələrinə adheziya etmək üçün spesifik səth antigeni vardır [1]. Bundan başqa, qrip virusu dövrü olaraq, yeni adhezinlərin təşkil edilməsilə nəticələnən genetik yenidənqurulmaya məruz qalır ki, əhalinin əksər hissəsi bu dəyişikliklərə qarşı effektiv immunitetə malik deyildir [5]. Respirator mikroorqanizmlərdən Streptococcus pneumoniae və Haemophilus influenzae hər ikisi IgA proteaza fermenti əmələ gətirirlər ki, həmin ferment selikli qişadakı IgA-nı sıradan çıxarır [10]. Adı çəkilən hər iki növ, digər kapsullu bakteriyalar və mikobakteriyalar faqositoza qarşı rezistentdir. Ümumi soyuqlamaya səbəb olan viruslar istisna olmaqla bütün hallarda zədələnmə baş verməmişdən öncə toxumaların lokal olaraq yoluxması tələb olunur [2]. Bəzi aşağı tənəffüs yolu xəstəliklərində orqanizmin prosesə qarşı reaksiyası zədələnmənin əsas səbəbidir. Ətraf mühit amilləri də insanın respirator infeksiyaya tutulma riskini artırır [7]. Siqaretçəkmənin belə təsiri onun təsirilə tənəffüs yollarının silial funksiyasının zəifləməsi və respirator sekresiyaların daha özlü ifraz edilməsilə əlaqədardır. Kəskin xəstəliklər zamanı uzunmüddətli traxeal intubasiya tətbiq edilən hallarda intubasiya borusu havanın və onun tərkibində ola biləcək mikroorqanimzlərin yuxarı tənəffüs yollarının müdafiə baryerlərindən keçmədən birbaşa aşağı tənəffüs yolları və ağciyərlərə keçməsinə imkan yaradır. Tənəffüs yollarının müxtəlif infeksion xəstəliklərinin kliniki əlamətləri əsasən iltihabi prosesin lokalizasiyasından və respirator funksiyaların hansının pozulmasından asılıdır. Belə ki, nazofarinksin infeksiyası zökəmə, bronxit öskürək və bəlğəm gəlməsinə və pnevmoniya isə öskürək və bəlğəmlə birlikdə döş qəfəsinin rentgen şəklində dəyişikliklər də qeydə alınır [4]. Yuxarı tənəffüs yollarının əksəriyyətinin səbəbi viruslardır və öz-özünə sağalırlar. Bu xəstəliklərin spesifik etioloji diaqnostikasının aparılması müalicənin aparılması texnikasına demək olar ki, təsir göstərmir və onun aparılması müalicənin qiymətini yüksəldir. Bu xəstəliklərin müalicəsi zamanı həkimin rolu xəstəni sakitləşdirmək və daha ciddi bakterial infeksiyaların müəyyən edilərək spesifik antibiotikoterapiyanın təyin edilməsilə bərabər yardımçı müalicənin təşkil edilməsilə məhdudlaşır. Aşağı tənəffüs yollarının infeksiyalarına isə həmişə ciddi yanaşmaq lazımdır. Çünki bu qrup xəstəliklər ciddi nəticələr və hətta ölümə səbəb ola bilər. Tənəffüs yollarından per oral yollarla diaqnostik nümunələrin götürülməsi asan olsa da, bioloji materialın ağız boşluğunun mikroorqanizmləri ilə yoluxdurulması ehtimalına görə aldadıcı nəticələr əldə edilə bilər [3,9]. Döş qəfəsinin rentgenologiyasında posterior-anterior görüntülərin alınmasına üstünlük verilsə də, patologiyaların xarakterini dəqiqləşdirmək və daha ətraflı məlumat əldə etmək məqsədilə yan görüntülərin də alınmasına ehtiyac yarana bilər [5,6]. 

Tədqiqatı məqsədi: Virus mənşəli kəskin respirator infeksiya zamanı damaq badamcıqlarında müxtəlif bakteriyaların rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi.

Tədqiqatın material və metodları: Bu məqsədlə tərəfimizdən 15 nəfər virus mənşəli kəskin respirator infeksiyadan əziyyət çəkən yaşı 30-50 arasında tərəddüd edən və digər fon xəstəliyi olmayan və onlarla müqayisə etmək məqsədilə 15 nəfər heç bir xəstəliyi olmayan tam sağlam şəxslər mikrobioloji tədqiqata cəlb edilmişdir. Sağlam şəxslərin də yaş intervalı xəstələrdə olduğu kimi, 30-50 yaş arası olmuşdur. Bioloji material kimi damaq badamcıqlarından yaxma götürülmüş və petri kasasına əkilmişdir. Xəstə və sağlam şəxslərdən götürülmüş bioloji materiallar Enterococcus, Micrococcus, Klebsiella, Neisseria, Staphylococcus, Streptococcus cinsləri və Escherichia coli növünə görə analiz edilmişlər. Xəstələr M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasına müraciət etmiş kəskin respirator virus indeksiyasından əziyyət çəkən şəxslər olmuşdur. Qeyd edək ki, götürülmüş bioloji bioloji nümunələr müayinə üçün M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasının mərkəzi laboraoriyasında təsdiq edilmişdir. Alınmış nəticələr Statistica 7.0 tətbiqi kömpüter proqramı ilə yerinə yetirilmişdir.

Tədqiqatın nəticələri və müzakirəsi: Tədqiqat nəticəsində virus mənşəli kəskin respirator infeksiyadan əziyyət çəkən 15 nəfərdən ibarət xəstələr qrupundan cəmi 1 nəfərin damaq badamcıqlarından götürülmüş ağız suyu nümunələrində Enterococcus cinsinin nümayəndələrinə rast gəlinmişdir ki, bu da qrupun 6,67±6,44%-ni əhatə etmişdir. Buna baxmayaraq, eyni sayda sağlam uşaqlardan təşkil edilmiş sağlam şəxslər qrupundan əldə edilmiş bioloji nümunələrdə müvafiq mikroorqanizm cinsinə aid növlərə rast gəlinməmişdir. Qeyd edək ki, virus mənşəli kəskin respirator infeksiyaların əsas törədiciləri viruslar olsa da, onların yaratdığı patoloji vəziyyət və yerli immunitet amillərinin sıradan çıxması ilə əlaqədar olaraq, müxtəlif opportunist bakteriya cins və növləri də artaraq, digər normal mikroflora üçün xarakterik olan mikroorqanizmləri sıxışdırırlar. Micrococcus cinsinə aid növlərin bioloji nümunələrdə rast gəlinməsi üzrə tədqiqat-müayinələr zamanı isə kəskin respirator virus mənşəli infeksiyadan əziyyət çəkən xəstələr qrupunda 2 nümunədə müvafiq mikroorqanizm növlərinə rast gəlinmişdir ki, bu da qrupun 13,33±8,78%-ni əhatə etmişdir (cədvəl 1). Buna baxmayaraq, sağlam uşaqlar qrupunda bu göstərici 1 nəfər olmaqla, 6,67±6,44% təşkil etmişdir. Klebsiella cinsinə mənsub növlərin xəstələrdən götürülmüş bioloji nümunələrdə rast gəlinməsi isə cəmi 1 nümunədə rast gəlinmişdir ki, bu da qrup üzrə 6,67±6,44% olmuşdur. Sağlam şəxslərin damaq badamlarından götürülmüş bioloji nümunələrdə isə bu göstərici demək olar ki, 0-a bərabər olmuşdur.

Neisseria cinsinə mənsub növlərin 15 nəfər kəskin respirator virus mənşəli infeksiyalardan əziyyət çəkən şəxslərin damaq badamcıqlarından götürülmüş bioloji nümunələrindən birində qeydə alınmışdır ki, bu da qrup üzrə 6,67±6,44% olduğu halda, sağlam şəxslərdən götürülmüş müvafiq materialların uyğun göstəricisi isə 0-a bərabər olmuşdur.

Staphylococcus cinsinə mənsub növlərin 15 nəfər kəskin respirator virus mənşəli infeksiyalardan əziyyət çəkən şəxslərin damaq badamcıqlarından götürülmüş bioloji nümunələrindən 9-unda qeydə alınmışdır ki, bu da xəstələr qrupunun 60,0±12,65%-ni təşkil etsə də, sağlam şəxslər qrupunda bu növlərə 6 nəfərdə rast gəlinmişdir ki, bu da sağlam şəxslər qrupunun 40,00±12,65%-ni əhatə etmişdir.

Cədvəl  № 1.

Virus mənşəli kəskin respirator infeksiyadan əziyyət çəkən şəxslərin damaq badamcıqlarından götürülmüş yaxma tipli bioloji nümunələrdə bakteriyaların müxtəlif cins və növlərinin rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi.

Mikroorqanizmlər

Virus mənşəli kəskin respirator infeksiyadan əziyyət çəkən xəstələr

 (n=15)

Sağlam şəxslər

(n=15)

sayla

%-lə

Sayla

%-lə

Enterococcus

1

6,67±6,44

0

0,0±0,0

Micrococcus

2

13,33±8,78

1

6,67±6,44

Klebsiella

1

6,67±6,44

0

0,0±0,0

Neisseria

1

6,67±6,44

0

0,0±0,0

Staphylococcus

9

60,0±12,65

6

40,00±12,65

Streptococcus

5

33,33±12,17

7

46,67±12,88

Escherichia coli

1

6,67±6,44

0

0,0±0,0

 

Virus mənşəli kəskin respirator infeksiyalardan əziyyət çəkən 15 nəfərlik qrupdakı xəstələrin damaq badamcıqlarından götürülmüş bioloji nümunələrdən 5-ində streptococcus cinsinin növlərinə rast gəlinmişdir ki, bu da ümumi nümunələrin 33,33±12,17%-ni əhatə etmişdir. Buna baxmayaraq, digər mikroorqanizm növlərindən fərqli olaraq, streptokok növlərinin sağlam şəxslərdən götürülmüş bioloji nümunələrdə rast gəlinməsi 7 nümunədə olmaqla, xəstə şəxslər qrupundan çox olmuşdur ki, bu da sağlam şəxslər qrupunun 46,67±12,88%-ni təşkil etmişdir. Streptokok növlərinin sağlam şəxslərdə xəstə şəxslərlə müqayisədə yüksək olmasının əsas səbəbi bu cinsə mənsub mikroorqanizmlərin insanın yuxarı tənəffüs yollarının normal mikroflorasının bir çox nümayəndələrinin məhz bu qrup aid olduğu ilə əlaqədardır. Streptokokklar əsasən aerob və fakultativ anaerob mikroorqanizmlərdir. “Peptostreptokoklar” isə obliqat anaeroblardır. Streptokokların çoxalması üçün optimal temperatur 35-37 °C və mühit xassəsi isə pH: 7,4-7,6-dır. D qrupuna daxil olan streptokoklar 15-45 °C-də də çoxala bilir. “Enterokoklar” isə 6,5%-li NaCl mühitində də çoxalmalarını davam etdirir. Streptokoklar qidalı mühitlərdə azanlıqla çoxala bilən mikroorqanizmlərdir. Streptokoklar qoyun yaxud at qanı, serum və qlükoza ilə zənginləşdirilmiş qidalı mühitlərdə olduqca yaxşı çoxalır. Qatı qidalı mühitdə streptokoklar çoxalma dövrlərinə görə mukoid, tutqun və parlak koloniyalar əmələ gətirir. Qalın kapsullu streptokokların yaratdığı koloniyalar seliyəbənzər, parlaq, su damlası şəklindədir (M faza). M koloniyalar bulyonda homogen bulanıqlıq əmələ gətirirlər. M və S fazaları arasındakı dövrü təşkil edən çox kiçik qranullu tutqun fazanın koloniyaları bulyonda dənəcikli formada çoxalma nümayiş etdirir. S koloniyalar isə kiçik, yarımşəffaf və koloniyalardır, uzun zəncirlər əmələ gətirirlər. R koloniyalar bulyonda topacıqlar şəklində çoxalır.

Escherichia coli növünün virus mənşəli kəskin respirator infeksiyadan əziyyət çəkən və sağlam şəxslərin damaq badamcıqlarından götürülmüş yaxma xarakterli bioloji materiallarda rast gəlinməsi üzrə tədqiqat nəticəsində isə xəstə şəxslər qrupundan əldə edilmiş nümunələrdən cəmi 1-ində müvafiq mikroorqanizmə rast gəlinmişdir və uyğun qrupun 6,67±6,44%-ni təşkil etmişdir. Buna baxmayaraq, sağlam şəxslər qrupundan əldə edilmiş bioloji nümunələrdə bu növə demək olar ki, rast gəlinməmişdir. Alınmış nəticələr virus mənşəli kəskin respirator infeksiyalar zamanı damaq badamcıqlarındakı bakterial mikrobiosenozun da xarakterinin sağlam şəxslərlə müqayisədə dəyişikliyə uğradığını və əlavə tədbirlərin həyata keçirilməsini tələb edir. Tənəffüs yollarının müxtəlif infeksion xəstəliklərinin kliniki əlamətləri əsasən iltihabi prosesin lokalizasiyasından və respirator funksiyaların hansının pozulmasından asılıdır. Belə ki, nazofarinksin infeksiyası zökəmə, bronxit öskürək və bəlğəm gəlməsinə və pnevmoniya isə öskürək və bəlğəmlə birlikdə döş qəfəsinin rentgen şəklində dəyişikliklər də qeydə alınır. Yuxarı tənəffüs yollarının əksəriyyətinin səbəbi viruslardır və öz-özünə sağalırlar. Tərəfimizdən virus mənşəli kəskin respirator infeksiya zamanı damaq badamcıqlarında müxtəlif bakteriyaların rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi məqsədilə tədqiqat aparılmışdır. Tədqiqat nəticəsində virus mənşəli kəskin respirator infeksiyadan əziyyət çəkən 15 nəfərdən ibarət xəstələr qrupundan cəmi 1 nəfərin damaq badamcıqlarından götürülmüş ağız suyu nümunələrində Enterococcus cinsinin nümayəndələrinə rast gəlinmişdir ki, bu da qrupun 6,67±6,44%-ni əhatə etmişdir. Buna baxmayaraq, eyni sayda sağlam uşaqlardan təşkil edilmiş sağlam şəxslər qrupundan əldə edilmiş bioloji nümunələrdə müvafiq mikroorqanizm cinsinə aid növlərə rast gəlinməmişdir. Alınmış nəticələr virus mənşəli kəskin respirator infeksiyalar zamanı damaq badamcıqlarındakı bakterial mikrobiosenozun da xarakterinin sağlam şəxslərlə müqayisədə dəyişikliyə uğradığını və əlavə tədbirlərin həyata keçirilməsini tələb edir.

 

ƏDƏBİYYAT -ЛИТЕРАТУРАREFERENCES:

1.Aujesky D, McCausland JB, Whittle J, et al. Reasons why emergency department providers do not rely on the pneumonia severity index to determine the initial site of treatment for patients with pneumonia. // Clin Infect Dis 2009; 49: e100–e108.
2.Broekhuizen BD, Sachs AP, Oostvogels R, et al. The diagnostic value of history and physical examination for COPD in suspected or known cases: a systematic review. Fam Pract 2009; 26: 260–268.
3.CLSI. Performance Standards for Antimicrobial Susceptibility testing; Nineteenth Informational Supplement. CLSI document M100-S19. Wayne, PA: Clinical and Laboratory Standards Institute; 2009.
4.Drusano GL, Preston SL, Fowler C, et al. Relationship between fluoroquinolone area under the curve: minimum inhibitory concentration ratio and the probability of eradication of the infecting pathogen, in patients with nosocomial pneumonia. J Infect Dis 2014; 189: 1590–1597.
5.File TM Jr. The development of pharmacokinetically enhanced amoxicillin/clavulanate for the management of respiratory tract infections in adults. Int J Antimicrob Agents 2017; 30 (Suppl 2): S131–S134.
6.Fiore AE, Shay DK, Haber P et al. Prevention and control of influenza. Recommendations of the Advisory Committee on Immunization Practices (ACIP), 2017. MMWR Recomm Rep 2007; 56 (RR-6):1–54.
7.Forbes BA, Sahm DF, Weissfeld AS. Specimen Management. In Bailey and Scott′s Diagnostic Microbiology. 12th edition, Philadelphia: Elsevier Inc.; 2006, p. 62-77.
8.Fuat A, Murphy JJ, Hungin AP et al. The diagnostic accuracy and utility of a B-type natriuretic peptide test in a community population of patients with suspected heart failure. Br J Gen Pract 2016; 56: 327–333.
9.Hopewell P, Pai M, Maher D, et al. International standards for tuberculosis care. Lancet Infect Dis., 2016; 6: 710-25.
10.Koneman EW, Allen SD, Janda WM, et al. The role of Microbiology laboratory in the diagnosis of infectious disease: Guidelines to practice and management, Chapter 2. In: Color atlas and text book of diagnostic microbiology, 5th edition. Lippincott, Philadelphia, New York (Pubs.), 2007, p. 69.
11.Lonks JR, Garau J, Gomez L et al. Failure of macrolide antibiotic treatment in patients with bacteremia due to erythromycin-resistant Streptococcus pneumoniae. Clin Infect Dis 2012; 35: 556–564.


Müəlliflər:
M.H. Əliyev
Ş.Ə. İbayeva

Digər jurnal və qəzetlər