DİŞ QÜSURLARININ VİNİRLƏRLƏ BƏRPASINDAN SONRA DİŞ ƏTLƏRİNİN VƏZİYYƏTİ
08-02-2018
Müasir dövrdə ortopedik konstruksiyaların hazırlanmasında dişin sərt toxumalarının maksimum qorunmasını təmin edən müalicə üsullarının axtarışı, eləcə də mövcud üsulların təkmilləşdirilməsi böyük aktuallıq kəsb edir [1,3,4,8].
Bu baxımdan diş qüsurlarının ortopedik müalicəsində optimal və prespektivli konstruksiayalardan - vinirlərdən geniş istifadə edilir. Yeni keramik materialların yaradılması, eləcə də mina səthi ilə keramik vinirlərin adgeziv və kogeziv birləşməsi haqqında biliklərin təkmilləşdirilməsi ilə, keramik vinirlər ortopedik stomatologiya klinikasında öz layiqli yerini tutmuşdur. Bu konstruksiyanın hazırlanması texniki və klinik mərhələlərin həyata keçirilməsində yüksək dəqiqlik tələb edilir [2,5,6,7].
Vinirlərin hazırlanmasında ən önəmli mərhələ, dişin sərt toxumalarının yonulmasıdır. Hal-hazırda, diş quruluşundan, qüsurlardan və vinir hazırlandığı materialdan asılı olaraq, vinir üçün dişlərin yonulmasının müxtəlif növləri var. Məhz, dişlərin sərt toxumasının yonulması, bərpanın keyfiyyətinə təsir edən və uğurlu nəticəni təmin edən əsas klinik faktordur [9,10].
İşin məqsədi vinirlərin fiksasiyasından sonra diş ətlərinin vəziyyətinin araşdırılması olmuşdur.
Material və metodika. 18 yaşdan 45 yaşa qədər (orta yaş 31,4±3,51) olan 109 şəxsə vinirlər hazırlanmışdır. Müraciət edənlərin 42-si kişi (38,5%), 67-si (61,5%) qadın olmuşdur.
Xəstələrin əsas şikayəti estetikanın qeyri-qənaətbəxş olması idi. Genişləndirilmiş estetik indeksə görə, 36,7% hallarda (40 xəstə) dişin təbii rənginin dəyişilməsi, minanin piqmentli çatları, 28,4% hallarda (31 xəstə) forma və ölçülərin dəyişilməsi, minanın eroziyası, 22,0% hallarda (24 xəstə) diş cərgəsində vəziyyət anomaliyası və dişlərin sıxlığı, 12,8% hallarda (14 xəstə) sadalanan əlamətlərin birgə olması qeydə alınmışdır.
Vinirlərin hazırlanmasında G.Gürel [2] tərəfindən tövsiyə edilən üsuldan istifadə edilmişdir. Bu üsula görə, dişlərin yonulması mum modelləşdirilmənin (Wax-up) ağız boşluğuna ötürülməsindən sonra, yəni müalicənin ağızdaxili prototip görüntüsü (Mock-up) alındıqdan sonra həyata keçirilir. Bunun üçün işıqla bərkiyən kompozit üçün nəzərdə tutulmuş bis-akril materiallardan istifadə edilmişdir. Şəffaf materialdan silikon açar hazırlanmış, yonulma dərinliyi birbaşa prototipin səthində markalanmış burğacla çəkilmişdir.
Keramik vinirlər hazırlandıqda ölçü əldə etmək üçün əvvəlcədən fərdi qaşıq hazırlamaqla 56,9% hallarda monofaz silikon ölçü materialından istifadə edilmişdir. Digər 43,1% hallarda isə ikiqat silikon ölçü materialından istifadə etməklə ölçü alınmışdır.
Müvəqqəti konstruksiyanın hamar və hərtərəfli cilalanmış səthinin formalaşmasına xüsusi diqqət yetirilmiş, habelə konstruksiyanın kənarları elə kəsilmişdir ki, ətrafdakı yumşaq toxumalara təsiri tamamilə aradan qaldırılsın.
Diş əti qanamasını müəyyən etmək üçün Mühlemann-Cowell (1975) metodikası üzrə (Sulcus Bleeding Index) - diş əti şırımın qanama indeksindən istifadə edilmişdir. Bunun üçün, düyməli zondun köməyi ilə dişin yanaq və dil tərəfindən zondlama aparılmışdır. Zond təzyiqsiz olaraq şırımın divarına sıxılaraq, yavaş-yavaş dişin medial tərəfindən distal tərəfinə aparılmış, nəticələr ballar əsasında qiymətləndirilmişdir. Bu zaman 0 bal - zondlamadan sonra qanamanın olmamasını; 1 bal - qanamanın 30 saniyə sonra yaranmasını; 2 bal - qanamanın dərhal və ya 30 saniyə ərzində yaranmasını; 3 bal - qanamanın qida qəbulu və ya dişləri təmizləmə zamanı baş verməsini qiymətləndirir.
Müayinələr dinamikada, vinirlərin fiksasiyasından əvvəl, 10-14 gün sonra, 1, 3 və 6 aydan sonra aparılmışdır.
Xəstələrə ümumilikdə 288 vinir hazırlanmış,bunlardan 276-sı yuxarı çənə dişlərinə, 12-si aşağı çənə dişləri üçün düzəldilmişdir. Dişlərdən 121-i mərkəzi və yan kəsici dişlər, 38-i birinci premolyar, 34-ü köpək dişi olmaqla, 250-si vital və 38-i qeyri-vital, başqa sözlə depulpasiya olunmuş dişlər idi.
Xəstələr iki qrupa bölünmüşdür: Birinci qrup xəstələrində - keramik vinirlər hazırlanmış (n=71), ikinci qrup xəstələrində isə - kompozit vinirlər hazırlanmışdır. (n=38).
Tədqiqatın nəticələri. Müayinə qruplarında diş əti qanama indeksinin nəticələrinin analizi fiksasiyadan sonrakı ilk günlərdə qanamanın olmasını, lakin sonrakı günlərdə onun tamamı ilə yox olması və ya azalmasını göstərmişdir. Birinci qrup xəstələrdə SBI indeksin maksimal səviyyəsi yalnız 10-14 gündən sonra qeydə alınmış, dəyişikliklər yalnız yonulmuş dişlərin diş ətində olmuşdur. Fiksasiyadan 10-14 gün sonra qanama indeksinin orta səviyyəsi başlanğıc səviyyə ilə müqayisədə 1,8 dəfə (р<0,01) artmışdır. Daha sonra qanama indeksi əvvəlki səviyyəyə qayıtmış və 6 ay ərzində əvvəlki səviyyədən demək olar ki, fərqlənməmişdir. İkinci qrup xəstələrdə kompozit vinirlərin qoyulmasından 10-14 gün sonra, dayaq dişlərin diş ətinin qanama indeksi (1,56 bal) başlanğıc dəyərlə müqayisədə (0,73 bal) orta hesabla 2,2 dəfə artmışdır (р<0,01). 1 aydan sonra bu indeksin göstəricisi azalmış (1,33 bal), lakin buna baxmayaraq, əvvəlki göstəricidən 1,8 dəfə çox olmuşdur (р<0,01). Yalnız 3 aydan sonra dayaq dişlərin diş ətinin qanaması (0,8 bal) ilkin göstəricidən fərqlənmiş və 6-cı aya qədər bu səviyyədə qalmışdır (р<0,01).
Şək.1. Xəstə A.-nın müalicəsindən öncə ağız boşluğunun foto şəkli
Diqqəti çəkən məsələlərdən biri də bu olmuşdur ki, hər iki qrup xəstələrdə fiksasiyadan 10-14 gün sonra qanama artmışdır, amma kompozit vinirlər hazırlanmış xəstələrdə (1,56 bal) keramik vinirlər olan xəstələr qrupu (1,40 bal) ilə müqayisədə göstərici 11,4% çox olmuşdur. Bir aydan sonra fərq 90,0% təşkil etmişdir (р<0,01). SBI indeksi birici qrupda 0,7 bal, ikinci qrupda isə 1,33 bal olmuşdur. Müayinələrin 3 və 6-cı aylarında heç bir əhəmiyyətli fərq qeyd edilməmişdir. Bu dövrdə SBI indeksi birinci qrupda 0,72 bal, ikinci qrupda isə 0,80 bal olmuşdur (р<0,01).
Şək.2.Dişlər yonulduqdan sonra ağız boşlu-ğunun fotoşəkli.
Beləliklə, fiksasiyadan sonrakı 1 ay müddətində kompozit vinirlər hazırlanmış xəstələrdə diş ətinin qanaması qalırdı. Fikrimizcə, buna səbəb dişlərin düzgün təmizlənməməsi və bunun nəticəsində gingivitin inkişafı olmuşdur. Qeyd etmək lazımdır ki, keramik vinirlər hazırlanmış xəstələrdə SBI indeksin səviyyəsi 3-6 aya qədər sabit olaraq dəyişmədiyi halda, kompozit vinirlər hazırlanmış xəstələrdə isə bu müddətdə pisləşməyə doğru dəyişiklik müşahidə edilsə də, başlanğıc dəyərlə müqayisədə bir fərq qeydə alınmamışdır.
Şək.3. Xəstə A-da keramik vinirlər fiksə edildikdən sonra ağız boşluğunun fotoşəkli.
Beləliklə, diş əti qanamalarının yaranmasına kompozit vinir, ilk dövrlərdə, keramik vinirlə müqayisədə daha qıcıq-landırıcı təsir göstərmişdir.Gigiyenik qulluğu düzgün və dəqiq aparmaqla diş əti qanama-sının qarşısı alına bilər.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Öztürk E., Bolay Ş., Hickel R., Ilie N. Shear bond strength of porcelain laminate veneers to enamel, dentine and enamel-dentine complex bonded with different adhesive luting systems // J Dent., 2013, vol.41, p. 97–105.
2.Гюрель Г. Керамические виниры: искусство и наука. Москва: Издательский дом Азбука, 2007, 519 с.
3.Денисова Ю.Л. Современные вопросы эстетической стоматологии // Стоматолог, 2014, №2, с.39-45.
4.Юдина Н.А. Клинические этапы прямой композитной реставрации передних зубов (виниры, компониры) // современная стоматология, 2014, №1 (58), с. 15-19.
5.Gurrea J., Bruguera A. Wax-up and mock-up. A guide for anterior periodontal and restorative treatments // The International Journal of Esthetic Dentistry, 2014, vol. 9, No. 2, p. 146–162.
6. Jordan A. Clinical aspects of porcelain laminate veneers: considerations in treatment planning and preparation design // J Calif Dent Assoc., 2015, vol.43, No4, p.199-202.
7.LeSage B. Establishing a classification system and criteria for veneer preparations // Compendium of Continuing Education in Dentistry, 2013, vol. 34, No. 2, p. 104–117.
8.Oheymann H., Edward J., Swift J., Vritter A. Art and sience operative dentistry. 6th ed. Elsevier Mosbey: Canada; 2013, p. 316–319.
9. Lee Y.K., Yu B., Lee S.H., et al. Shade compatibility of esthetic restorative materials–a review // Dent Mater, 2010, vol.26, p.1119-1126.
10.Lee S.J., Cheong C.W., Wright R.F., Chang B.M. Bond strength of the porcelain repair system to all-ceramic copings and porcelain // J Prosthodont, 2014, vol.23, p.112-116.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı