DİSTAL DİŞLƏMLİ UŞAQLARDA BÖYÜMƏ İLƏ YARANAN DENTO-ALVEOLYAR DƏYİŞİKLİKLƏR.
25-05-2018
Açar sözlər: distal dişləm, dento-alveolyar nahiyə.
Məqalədə distal dişləm anomaliyalı uşaqlarda böyümə-inkişafla dento-alveolyar nahiyədə yaranan dəyişikliklər haqqında məlumat verilmişdir. Tədqiqat skelet mənşəli distal dişləm anomaliyası olan 27 uşaq üzərində aparılmışdır. Nəticələrdən məlum olub ki, distal dişləmli uşaqlarda normal böyümə-inkişafla əlaqəli olaraq yuxarı və aşağı kəsici dişlərdə protruziya yaranır. Yuxarı və aşağı kəsici dişlər arasındakı sagital və vertikal məsafə, həddi-büluğ öncəsi dövrdə nisbətən stabil qalır.
Diş-çənə anomaliyalarının ən çox rast yayılmış forması distal dişləmdir [1, 2]. Distal dişləmin tibbi və sosial baxımdan əhəmiyyəti, əhali arasında çox yayılması, bəzi hallarda ümumi orqanizmə mənfi təsir etməsi və insanlarda özünəinamsızlıq hissi yaratması ilə əlaqədardır. Distal dişləmin geniş yayılması, onun etioloji faktorlarının təyinini, dentoalveolyar nahiyədə yaratdığı dəyişikliklərin diferensial diaqnostikasını aktuallaşdırır. Distal dişləm zamanı, əng sümüyü və yuxarı diş qövsü ilə, çənə sümüyü və aşağı diş qövsü arasında əlaqənin sagital istiqamətdə pozulması baş verir. Okklüziyanın arxa seqmentində dişlərin qabar-fissur əlaqələri pozulur. Çox vaxt xəstələrdə tələffüz, çeynəmə funksiyası və üzün estetikası pozulur. Yuxarı və aşağı kəsici dişlər arasındakı sagital yarıq böyüyür və bu dişlərin təması itir. Distal dişləmli uşaqların dentoalveolyar nahiyələrində normal böyümə ilə yaranan dəyişikliklərin, normal okklüziyalı uşaqlarla müqayisədə fərqli olacağını təxmin etmək olar [3, 4, 5]. Distal dişləm zamanı dentoalveolyar nahiyədə gedən böyümə proseslərinin aydınlaşdırılması, müalicə üsulunun və vaxtının düzgün seçilməsində böyük rol oynayır [6, 7, 8]. Ona görə də, distal dişləm anomaliyalı uşaqlarda, müalicəsiz dentoalveolyar nahiyədə gedən yerdəyişmələri əsas almaqla ortodontik aparatların hazırlanması, müalicənin yan təsirlərini azaltmağa, müalicə müddətini qısaltmağa, daha stabil bir okklüziya əldə etməyə zəmin yaradacaqdır.
Tədqiqatımızda məqsəd Distal dişləmli uşaqlarda dentoalveolyar nahiyədə böyümə-inkişafla yaranan dəyişikliklərin sefalometrik təhlili olmuşdur.
Tədqiqatın material və metodları.Tədqiqat, böyümə-inkişafı başa çatma-mış, skelet mənşəli distal dişləm anomaliyası olan 27 uşaq üzərində aparılmışdır. Bu məqsədlə xəstələrdən iki il ara verməklə lateral sefalometrik rentgenlər çəkilmiş və təhlil edilmişdir. Tədqiqata skelet mənşəli distal dişləm anomaliyası olan, böyük azı dişləri II sinif əlaqədə olan, overjet məsafəsi 4 mm-dən çox olan, böyümə və inkişaf dövrü başa çatmamış, anadangəlmə kraniofasial deformasiyası olmayan xəstələr daxil edilmişdir.
Sefalometrik qiymətləndirmə. Tədqiqatda stomatoqnatik sistemdə yaranmış dəyişikliklər xəstələrdən əldə edilən sefalometrik rentgenoqramlar üzərində aparılan ölçmələrlə təyin edilmişdir. Tədqiqatda15 sefalometrik parametrdən istifadə olunmuş və sefalometrik rentgenlərin analizi PORDIOS proqramı ilə aparılmışdır.
Tədqiqatın nəticələri və onların müzakirəsi. Yuxarı kəsici dişlərdə sagital istiqamətdə yaranan dəyişiklikləri qiymətləndirmək məqsədilə, yuxarı kəsici-NA bucağı, yuxarı kəsici NA məsafəsi, yuxarı kəsici A-FH perpendikulyar məsafəsi, yuxarı kəsici PL və yuxarı kəsici SN bucaq parametrlərindən istifadə etdik. Bu parametrlərin hamısında böyümə təsbit edilmişdir. Yuxarı kəsici NA məsafəsi və yuxarı kəsici A-FH perpendikulyar məsafəsi parametrlərində böyümə miqdarı statistik dürüst olmuşdur. Yuxarı kəsici NA məsafəsi müalicədən əvvəl 4,03±1,40 mm, müalicədən sonra 4,59±1,50 mm olmuşdur. Bu parametrə əsasən yuxarı kəsici dişlərdə müalicə müddətində 0,56±0,74 mm protruziya yaranmışdır ki, bu da statistik dürüst olmuşdur (p<0,01). Yuxarı kəsici A-FH perpendikulyar məsafəsi müalicədən əvvəl 4,30±1,27 mm, müalicədən sonra 4,95±1,59 mm olmuşdur. Bu parametrə əsasən yuxarı kəsici dişlərdə müalicə müddətində 0,65±1,03 mm protruziya yaranmışdır. Bu dəyişiklik də statistik dürüst olmuşdur (p<0,05).
Cədvəl № 1.
Sefalometrik parametrlər. M: orta riyazi kəmiyyət, m: standart xəta, p: statistik dürüstlük əmsalı.
Sefalometrik parametrlər |
İlk müayinə |
İkinci müayinə |
Fərq |
p |
M±m |
M±m |
M±m |
||
Dento-alveolyar ölçülər |
||||
Yux. kəs. -NA bucağı |
21,57±3,41 |
22,52±4,75 |
0,95±2,02 |
0,071 |
Yux. kəs. -NA məsafəsi |
4,03±1,40 |
4,59±1,50 |
0,56±0,74 |
0,007** |
Yux. kəs. A-FH Perp |
4,30±1,27 |
4,95±1,59 |
0,65±1,03 |
0,019* |
Aş. kəs. -NB bucağı |
26,77±3,51 |
28,68±4,04 |
1,92±2,55 |
0,007** |
Aş. kəs. -NB məsafəsi |
5,79±1,34 |
6,36±1,42 |
0,56±1,02 |
0,036* |
Aş. kəs.-APg |
3,25±1,13 |
3,84±1,37 |
0,59±0,87 |
0,013* |
Pg-NB məsafəsi |
2,52±2,61 |
3,22±2,88 |
0,69±0,83 |
0,003** |
Holdavay fərqi |
3,27±3,27 |
3,14±3,63 |
-0,13±1,00 |
0,604 |
Overjet |
5,31±1,83 |
5,06±1,89 |
-0,25±1,33 |
0,452 |
Overbite |
3,04±2,58 |
2,32±2,75 |
-0,72±1,74 |
0,106 |
Okl/SN |
17,62±3,55 |
15,94±3,49 |
-1,68±2,04 |
0,004** |
Yux. k/PL |
111,18±6,54 |
111,84±7,78 |
0,67±2,72 |
0,329 |
Yux. k/SN |
76,47±5,90 |
77,46±5,72 |
1,00±3,00 |
0,190 |
Aş. k/ML |
99,41±4,71 |
99,82±5,24 |
0,41±2,29 |
0,470 |
İnterincisal bucaq |
124,23±8,69 |
124,35±10,23 |
0,12±5,07 |
0,925 |
* - p<0,05 ** - p<0,01 *** - p<0,001
Yuxarı kəsici/PL bucağı ilk müayində 111,18±6,54 dərəcə, ikinci müayinədə 111,84±7,78 dərəcə təşkil etmişdir. Bu parametrdəki dəyişikliyin nisbətən az olması (0,67±2,72 dərəcə azalmışdır) damaq müstəvisində yaranan rotasiya ilə əlaqəlidir. Buradan aydın olur ki, distal dişləmli uşaqlarda fizioloji böyümə nəticəsində damaq müstəvisində az miqdarda rotasiya yaranır. Məhz bu səbəbdən parametrin birinci və ikinci qiymətləri öz arasında statistik dürüst olmamışdır (p=0,329). Müşahidə dövründə yuxarı kəsici-SN bucağında da artış təsbit etdik. Bu bucağın ilk müayinə zamanı qiyməti 76,47±5,90 dərəcə, ikinci müayinə zamanı 77,46±5,72 dərəcə təşkil etmişdir. Yuxarı kəsici/SN bucağına əsasən yuxarı kəsici dişlərdə 1,00±3,00 dərəcəlik protruziya yaranmışdır. Parametrləri ümumilikdə qiymətləndirərək aydın olur ki, kəsici dişlərin tac hissələrində önə yerdəyişmə miqdarı daha çoxdur.
Aşağı kəsici dişlərin mailliyini göstərən aşağı kəsici-NB bucağı ilk müayinədə 26,77±3,51 dərəcə, ikinci müayinədə 28,68±4,04 dərəcə təşkil etmişdir (Cədvəl 1). Bu parametrə əsasən aşağı kəsici dişlərdə 1,92±2,55 dərəcəlik protruziya yaranıb. Parametrin birinci və ikinci qiymətləri öz arasında statistik dürüst olmuşdur (p<0,01). Aşağı kəsici dişlərin kəsici kənarlarının yuxarı kəsici dişlərin damaq səthinə təmasının itməsi onların protruziyası ilə nəticələnir. Aşağı kəsici-NB məsafəsi əvvəl 5,79±1,34 mm, ikinci müayinədə 6,36±1,42 mm olmuşdur. Aşağı kəsici dişlərin tacları 0,56±1,02 mm önə yerini dəyişmişdir. Bu dəyişiklik statistik dürüst olmuşdur (p<0,05). Aşağı kəsici dişlərin taclarının böyümə-inkişafla önə yerdəyişməsini aşağı kəsici -APg məsafəsi parametri də dəstəkləyir. Bu parametrə əsasən əvvəl 3,25±1,13 mm olan məsafə ikinci müayinədə artaraq 3,84±1,37 mm olmuşdur. Aşağı kəsici dişlərin tacları müşahidə dövründə 0,59±0,87 mm önə yerini dəyişmişdir. Distal dişləmli xəstələrdə yuxarı kəsici dişlərdə olduğu kimi, aşağı kəsici dişlərdə də böyümə-inkişaf nəticəsində protruziya yarandığı məlum oldu. Müayinə etdiyimiz xəstələrdə skelet parametrlərindən məlum olduğu kimi, çənə sümüyü sagital istiqamətdə zəif inkişaf etmşdir. Bu zaman aşağı diş qövsünə dilin göstərdiyi təzyiq artır. Bir çox xəstələrdə dilin dişlərə sıxılmasını, dilin kənarlarına okklüziyanın içəri tərəfindəki girinti çıxıntıların izlərinin düşməsindən də aydınlaşdırmaq olur. Dilin dişlərə sıxılması nəticəsində, diş qövsünün ön seqmenti daha çox deformasiyaya məruz qalır. Çünki, aşağı kəsici dişlərin, onlara ön tərəfdən dəstək verən yuxarı kəsici dişlərlə təması pozulmuş vəziyyətdədir. Əzələlər arası qüvvə balansının pozulması nəticəsində aşağı kəsici dişlər önə meyl edir. Aşağı kəsici dişlərin taclarının önə dəyişməsində az miqdarda olsa da aşağı çənənin böyüməsinin də payı mövcuddur. Aşağı kəsici dişlərin çənə sümüyünün alt kənarı ilə əmələ gətirdikləri bucaqda ilk göstərici 99,41±4,71 dərəcə, ikinci göstərici 99,82±5,24 dərəcə təşkil etmişdir. Bu ölçü, çənə sümüyü üzərində aparıldığına görə aşağı kəsici dişlərdə yaranmış tork dəyişikliyini əks etdirir. İlk müayinə zamanı normadan önə əyilmiş vəziyyətdə olan aşağı dişlər müşahidə dövründə bir az daha normadan uzaqlaşıblar. Aşağı kəsici dişlərin kökləri vestibul tərəfdən çox nazik alveol sümüyü ilə əhatə olunub. Aşağı kəsici dişlərdə protruziya olduqda, yuxarı kəsici dişlərdə olduğu kimi çeynəmə təzyiqinin parodont toxumalarına düzgün paylanması pozulur. Aşağı kəsici dişələrin köklərinin dəhliz səthi tərəfinə daha çox təzyiq düşür. Alveol sümüyünün bu hissəsi balanssız çeynəmə təzyiqinə qarşı dayanıqlı olmadığı üçün, bir müddət sonra sümük rezorbsiyası baş verir. Müayinə etdiyimiz xəstələrdə aşağı kəsici dişləri çox protruziyada olan uşaqlarda, bu dişlərin köklərinin vestibulyar səthində sümük rezorbsiyası təsbit etdik. Bu xəstələrdən bəzilərində isə dişəti çəkilməsi nəticəsində dişlərin boyun nahiyələrinin açılması da baş vermişdir. Qüvvə balansı pozulduqdan sonra heç bir müdaxilə olmadıqda, kəsici dişlər sümük rezorbsiyası olan tərəfdə dəstəklərin itirdiklərinə görə həmin tərəfə əyilməyə başlayırlar. Bu tippinq hərəkəti sümük rezorbsiyasını daha sürətləndirir. Kəsici dişlərin önə protruziya olması zamanı onlar kök ucuna yaxın rotasiya mərkəzi ətrafında dönürlər. Belə dönmə nəticəsində kəsici kənarlar okklüziya xətti ilə müqayisədə aşağı doğru yerdəyişirlər. Aşağı kəsici dişlərin protruziya olması, bu dişlərin kəsici kənarları ilə yuxarı kəsici dişlərin tacları arasındakı sagital məsafənin azalmasına səbəb olur. Bu yerdəyişməni kompenzasiya mexanizmi kimi qiymətləndirə bilərik. Dişlərin çox önə əyilmiş xəstələrdən bəzilərində tələffüz funksiyasının pozulmasını təsbit etdik. Buradan aydın olur ki, aşağı kəsici dişlərin mailliyi dodağın və dilin hərəkətliliyinə təsir edir. Daha əvvəl dilin aşağı kəsici dişləri önə əyilməyə meyl etdiyini bildirmişdik. Dişlər, onları əhatə edən skelet və yumşaq toxumalarla birlikdə vəhdət təşkil edir. Kəsici dişlərin vəziyyətində dəyişiklik müşahidə edildikdə, dodaq və dilin vəziyyəti, funksiyaları qiymətləndirməyin vacibliyi aydın olur. Distal dişləmin müalicədən sonra residiv verməməsində, dodaq və dil qüvvələri arasında balansın təmin olunması, kəsici dişlərin tork dərəcələrinin normallaşdırılması böyük əhəmiyyət kəsb edir. Aşağı kəsici/ML parametrinə əsasən kəsici dişlərin torkunda 0,41±2,29 dərəcəlik fərq əmələ gəlib.
Pg-NB məsafəsi ilk müayinə zamanı 2,52±2,61 mm, ikinci müayinə zamanı 3,22±2,88 mm təşkil etmişdir. Parametrin birinci və ikinci qiymətlərinin müqayisəsi statistik dürüst olmuşdur (p<0,01). Distal dişləm anomaliyasında çənə sümüyü ümumilikdə kraniofasiyal komplekslə müqayisədə arxada qalsada, sümüküstlüyü inkişafının bu vəziyyətdən təsirlənmədiyi məlum oldu. Çənə ucunda müşahidə dövründə 0,69±0,83 mm qalınlaşma baş vermişdir. Böyümə və inkişaf dövründə aşağı kəsici dişlərin sagital vəziyyəti çənə ucu ilə müqayisədə nisbətən sabit qalıb. Belə ki, Holdavay fərqi parametri əvvəl 3,27±3,27 mm, kontrol müddəti sonunda 3,14±3,63 mm olmuşdur (Cədvəl 1). Dəyişiklik miqdarı 0,13±1,00 mm təşkil etmişdir. Kontrol dövrü sonunda da əvvəlində olduğu kimi kəsici dişlərin protruziv vəziyyətdə olması aydın oldu. Aşağı kəsici dişlərin sagital vəziyyətini göstərən digər parametrlərdə böyümə davam etdikcə protruziya yarandığını təsbit etmişdik. Holdavay fərqini tapmaq üçün pogonion nahiyəsinin qabarıqlığı əsas götürülür. Bu nahiyədə sümüküstlüyünün önə doğru böyümə göstərdiyini təsbit etmişdik. Nəticələrdən aydın oldu ki, distal dişləmli uşaqlarda aşağı kəsici dişlərin protruziya miqdarı çənə ucu nahiyəsinin sümüyündəki böyümə ilə təxminən eyni sürətlə gedir.
Yuxarı və aşağı kəsici dişlərin arasındakı bucaq kontroldan əvvəl 124,23±8,69 dərəcə, kontroldan sonra 124,35±10,23 dərəcə təşkil etmişdir. Distal dişləmli uşaqlarda böyümə inkişaf davam edən dövrdə kəsici dişlərin torq dərəcələri bir-birinə nəzərən sabit qalmışdır. Kontrol dövründə bucaqda dəyişiklik miqdarı 0,12±5,07 dərəcə olmuşdur. Distal dişləm zamanı yuxarı və aşağı kəsici dişlərin ayrı-ayrılıqda mailliklərinin pozulması baş versə də, böyümə dövründə onların tork qiymətlərində yaranan dəyişikliklər bir-birinə nəzərən harmoniyadadır. Bu uyğunluq həddi büluğ dövründə yuxarı və aşağı diş qövsləri arasında patoloji təmasın sabit qalmasının əsasını təşkil edir. Parametrin kontroldan əvvəl və sonrakı qiymətləri öz arasında statistik dürüst olmamışdır (p=0,925). Kəsici dişlər arası bucağın kiçik olması yuxarı və aşağı dodaqların önə meyl etməsinə səbəb olur. Aydın oldu ki, distal dişləmli uşaqlarda kəsici dişlər arasındakı bucaq kiçik olur və bunun nəticəsində uşaqların nasolabial və labiomental büküşləri dərinləşir. Buradan belə qənaətə gəldik ki, distal dişləm zamanı uşaqların üz cizgilərini, nasolabial və labiomental büküşləri kliniki olaraq müayinə etməklə kəsici dişlərin torq qiymətlərini təxmin etmək mümkündür.
Distal dişləmin ən bariz göstəricilərindən biri overjet məsafəsidir. Parametrin ilk göstəricisi 5,31±1,83 mm, kontroldan sonra 5,06±1,89 mm təşkil etmişdir. Kontrol dövründə overjet məsafəsi 0,25±1,33 dəyişiklik olmuşdur ki, bu da statistik dürüst deyil (p=0,452). Müşahidə dövründə yuxarı və aşağı kəsici dişlərin protruziya miqdarlarının uyğun olduğunu təsbit etmişdik. Yuxarı və aşağı kəsici dişlərin tork dərəcələrinin mütənasib dəyişməsi, overjet məsafəsinin stabil qalmasını təmin edir. Müşahidələrimiz göstərir ki, distal dişləm anomaliyası 10-11 yaşlara qədər formalaşır. Bu yaşdan sonra isə nisbətən stabil qalır. Overjet məsafəsinin müalicədən sonra stabil qalmasını təmin etmək üçün yuxarı və aşağı kəsici dişlərin tork dərəcələrinin normallaşdırılması, onların arasında okklüzial təmasların təmini və əzələ balansı yeni quruluşa adaptasiya olana qədər retension aparatların istifadəsinin vacibliyi aydın olur.
Overbayt məsafəsi müşahidə dövründə azalma göstərmişdir. Parametr kontrol əvvəli rentgen analizlərində 3,04±2,58 mm ikən, kontrol sonrası dövrdə 2,32±2,75 mm təşkil etmişdir. Tədqiqatımızda distal dişləmli uşaqlarda, okklüziyadakı fizioloji dəyişikliklər hesabına overbayt məsafəsinin 0,72±1,74 mm azaldığı aydın oldu. Kəsici dişlərin kəsici kənarları arasındakı vertikal məsafənin azalması, bu dişlərin protruziya etməsi ilə əlaqəlidir. Kəsici dişlər protruziya edəndə, onlar köklərinin aşağı üçdə bir nahiyələrinə yaxın rotasiya mərkəzi ətrafında dönürlər. Bu zaman yuxarı kəsici dişin kəsici kənarı yuxarıya, aşağı kəsici dişin kəsici kənarı aşağıya doğru yer dəyişir. Bunun nəticəsində kəsici dişlər arasındakı qapanma miqdarı azalır. Distal dişləm zamanı bu parametrin artıma meyl etməməsini müsbət dəyişiklik kimi qiymətləndirmək olar. Arxa dento-alveolyar nahiyənin vertikal istiqamətdə inkişaf etməsi də overbayt miqdarına təsir edən amildir. Müayinə etdiyimiz bəzi xəstələrdə distal dişləmə paralel olaraq açıq dişləm təsbit etdik. Tədqiqatımızdan məlum olmuşdur ki, distal dişləm zamanı, okklüziyanın ön seqmentində sagital istiqamətdə olduğu kimi vertikal istiqamətdə də patoloji dəyişikliklər yaranır.
Beləliklə, distal dişləmli uşaqlarda normal böyümə-inkişafla əlaqəli olaraq yuxarı və aşağı kəsici dişlərdə protruziya yaranır. Yuxarı və aşağı kəsici dişlər arasındakı sagital və vertikal məsafə, həddi-büluğ öncəsi dövrdə nisbətən stabil qalır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1. Qarayev Z.İ. Üz-çənə anomaliyalarının genetik aspektləri və inbridinq. Bakı, 1997, 112 s.
2. Афанасьева О.Е., Арсенина О.И., Погабало И.В. Попова Н.В. Оценка состояния элементов зубочелюстного комплекса при лечении дистальной окклюзии зубных рядов несъемными лингвальными аппаратами, происходящих в вертикальной плоскости. Российская стоматология. 2016; 9(4): 43-47
3. You ZH, Fishman LS, Rosenblum RE, Subtelny JD. Dentoalveolar changes related to mandibular forward growth in untreated Class II persons. Am J Orthod Dentofacial Orthop. 2001 Dec;120(6):598-607
4. Thiruvenkatachari B, Harrison J, Worthington H, O'Brien K. Early orthodontic treatment for Class II malocclusion reduces the chance of incisal trauma: Results of a Cochrane systematic review. Am J Orthod Dentofacial Orthop. 2015 Jul;148(1):47-59.
5. Partal I, Aksu M. Changes in lips, cheeks and tongue pressures after upper incisor protrusion in Class II division 2 malocclusion: a prospective study. Prog Orthod. 2017 Sep 25;18(1):29.
6. Al-Nimri KS, Hazza'a AM, Al-Omari RM. Maxillary incisor proclination effect on the position of point A in Class II division 2 malocclusion. Angle Orthod. 2009 Sep;79(5):880-4.
7. Новрузов З Г., Алиева Р. К., Зейналова Г. К. Цефалометрическое исследование перемещения резцов с помощью активатора, используемого в лечении аномалий дистального прикуса. Медицинский алфавит № 1 / 2017, Стоматология: 20-23
8. Janson G., Branco NC., Castillo AAD., Henriques JFC., Morais JF. Soft tissue treatment changes with fixed functional appliances and with maxillary premolar extraction in Class II division 1 malocclusion patients. European Journal of Orthodontics, Vol 40, Iss 2, 2018, P 214–222
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı