GÖZLƏRİN XLAMİDİYA İNFEKSİYASI İLƏ XƏSTƏLƏRDƏ İMMUNOLOJİ MÜDAFİƏ AMİLLƏRİ

16-05-2018

Açarsözlər: oftalmoxlamidioz, xlamidiyauveiti, xlamidiyyaəleyhinəəkscisimlər

Key words: ophthalmochlamydiosis, chlamydial uveitis, antichlamydial antibodies

Ключевые слова: офтальмохламидиоз, хламидийный увеит, антихлами-дийные антитела

Son illər xlamidiya infeksiyası, əhali arasında durmadan artması ilə əlaqədar təbabətin, xüsusilə də oftalmologiyanın aktual problemlərindən birini təşkil edir. Bu, geniş yayılması və əhalinin bütün yaş qruplarının sağlamlıq səviyyəsinə təsir göstərməsi səbəbindən beynəlxalq və milli səhiyyə xidmətlərinin ciddi problemi hesab edilir [1,2,3]. Xlamidiya infeksiyasının yayılmış formalarından biri  urogenital xlamidioz sayılır, lakin son illər həmçinin xlamidiozun ekstragenital formaları, məsələn, oftalmoxlamidioz, sinusitlər və faringitlər, bronxitlər, pnevmoniyalar ilə xəstələnmənin artması qeyd olunur [4,5]. Müasir tibbi istiqamət olan immunooftalmologiya gözlərin immunreaktivliyi haqqında təsəvvürləri formalaşdıraraq immun-çatışmazlıq problemini açıqlayır. İkincili immundefisit vəziyyətlər (İDV) müxtəlif səbəblərlə–stress, ahıl yaş, infeksion və qeyri-infeksion etiologiyalı patoloji proseslər, ekoloji, sosial və digər amillərlə törədilə bilər. İkincili İDV-nin tezliyi müxtəlif müəlliflərin məlumatlarına görə, 30%-dən 80%-ə qədər dəyişir [6, 7] ki, bu da böyük maraq doğurur, çünki immunoloji çatışmazlıq həm infeksion, həm də qeyri-infeksion xəstəliyin gedişini və proqnozunu dəyişdirmək qabiliyyətinə malik fon və ya yanaşı  gedən vəziyyətlərdən sayılır. Bu problemin həll olunması təcrübi immunologiyanın başlıca istiqamətlərinin: immundiaqnostikanın, immunprofilak-tikanın və immunreabilitasiyanın həyata keçməsi ilə bağlıdır. Bütün bunlar tam mənası ilə immunoftalmologiyaya da aiddir. Ədəbiyyat məlumatlarına görə, göz xəstəlikləri uveitlər, tor qişanın patologiyaları, qlaukoma, yaxıngörmə və bir sıra digər xəstəliklər zamanı  ikincili İDV-nin formalaşması ilə müşayiət olunur ki, bu da immunfarmakoloji vasitələrdən istifadə etməklə aparılan müalicəyə dair kompleks yanaşmalarda öz əksini tapmışdır [7, 8].

Tədqiqat işinin məqsədioftalmoxlamidioz zamanı  laborator-immunoloji diaqnostika metodlarının işlənib hazırlanmısıdır.

Material və metodlar. Klinik qrupu 125 xəstə təşkil etmişdir ki, onlar əsas və kontrol qrupa bölünmüşlər. Əsas qrup 95 nəfərdən ibarətdir ki, onlarda informativ diaqnostika metodlarının köməyi ilə damar qişasının, tor qişanın, görmə sinirinin, skleranın və gözün buynuz təbəqəsinin iltihabi zədələnməsiin xlamidiya etiologiyalı olması aşkar edilmişdir. Kontrol qrupu xəstəliyin digər etiologiyalı  analoji formaları olan 30 xəstən təşkil etmişdir.  

Xlamidioz diaqnozu oftalmoloji müayinənin nəticəsində qoyulmuşdur ki, buraya vizometriya, təbii işıqlanma zamanı gözün müayinəsi, konyunktivanın və yarıqlı lampanın köməyi ilə buynuz təbəqənin biomikroskopiyası, düz və tərs oftalmoskopiya, göz dibinin müayinəsi, həmçinin laborator müayinənin məlumatları daxildir. Chlamydia trachomatis-in ilə aşkar edilməsi uretradan götürülmüş  qaşıntıda, servikal kanalın, göz yaşının nümunəsində ZPR metodu («Litex» firmasının dəstləri) və periferik qanda  İFA metodu ilə (SeroELISA diaqnostik test-sistemi) spesifik əkscisimlərin (IgG, IgM) müəyyən edilməsi yolu ilə aparılmışdır. Genital mikroorqanizmlərin təyin edilməsi məqsədilə ənənəvi bakterioskopik, bakterioloji metodlardan, həmçinin uretranın, servikal kanalın selikli qişasından, gözün konyunktivasından götürülmüş yaxmaların sitoloji müayinəsi də aparılmışdır. İmmunoloji profilə axar lazer immunsitoflüorometriya metodu ilə axar sitometrdə FacScan dəstləri (TOO «Sorbent»), periferik qanın limfositlərində səthi antigenlərin  ekspressiyasının (CD3+, CD4+, CD8+, CD20+, CD56+, CD7+, CD38+, CD71+, CD23+, CD54+, HLA-DR+), Mançini üsulu üzrə radial immundiffuziya metodu ilə zərdab immunqlobulinlərinin (IgA, IgM, IgG) miqdarının, ümumi IgE-nin (İFA metodu), DİK-nin səviyyəsinin, həmçinin lateks testlərdə və nitro-mavi tetrazolun bərpa testində neytrofillərin funksional aktivliyinin təyin edilməsi daxildir. Əldə olunan məlumatların riyazi işlənməsi variasion statistika metodları ilə həyata keçirilmişdir.

Nəticələr və onların müzakirəsi. Oftalmoloji müayinənin nəticəsində 100% halda gözün konyunktivasının dəyişiklikləri aşkar edilmişdir. Pasiyentlərin bir hissəsində - 33,0% xlamidiyalı konyunktivitin kəskin forması, 36,9%-də xəstəliyin yarımkəskin gedişi və 30,1% - xronik gedişi müşahidə edilmişdir. Konyunktivitin kəskin gedişi olan pasiyentlərdə göz qapaqlarının kəskin ödemi, konyunktiva kisələrindən bol selikli-irinli ifrazat, hiperemiya, hər iki göz qapağının ödemi və infiltrasiyası, həmçinin limba sahəsinin diffuz infiltrasiyası və ödemi müşahidə edilmişdir. Yarıdan çox hallarda (66,5%) aşağı göz qapağında iri follikullar aşkar edilmişdir. Xlamidiya konyunktivitin yarımkəskin gedişi olan xəstələrdə oftalmoloji müayinə zamanı göz qapaqlarının mötədil şişkinliyi, hiperemiya və göz qapağının konyunktivasının infiltrasiyası, hər ikinci pasiyentdə follikullar əmələ gəlməklə göz qapaqlarının konyunktivasının  proliferativ dəyişiklikləri qeydə alınmışdır. Gözlərdən gələn patoloji ifrazat seroz-selikli xarakter daşıyır ki, onlar orta və ya cüzi dərəcədə olmuşdur. Xronik gedişli xlamidiya konyunktiviti olan pasiyentlərdə göz qapaqlarının cüzi ödeminin  epizodik halları, gözlərin seroz-selikli ifrazatı, kirpiklərin səhərlər yapışması və «gözlərdə qum» kimi yad cisim hissiyyatı qeydə alınmışdır. Oftalmoloji müayinə zamanı 38,6% -də konyunktivitin kəskinləşməsi əlamətləri nəzərə çarpmışdır. Obyektiv olaraq konyunktivanın proliferativ dəyişiklikləri xəstəliyin xronik gedişi olan bütün pasiyentlərdə aşkar edilmişdir, bu zaman əksər hissəsində - 62,6% konyunktivanın proliferativ dəyişiklikləri follikulların əmələ gəlməsi ilə müşayiət olunmuşdur ki, hər üçüncü pasiyentdə isə (37,1%) konyunktivanın mikroçapıqlaşması əlamətləri qeydə alınmışdır. Anamnez müayinəsinin məlumatları göstərmişdir ki, konyunktivitdən əziyyət çəkən pasiyentlərdə 55,8% halda cinsi yolla yayılan infeksiyalar müşahidə edilmişdir. Əsasən cinsi yolla yayılan keçirilmiş infeksiyalardan başqa, urogenital yolun patologiyası 42,5% xəstədə qeydə alınmışdır. Oftalmoxlamidiozun kəskin və yarımkəskin formaları zamanı konyunktivanın selikli qişasından götürülmüş yaxmanın sitoloji müayinəsinin məlumatları kontrolla müqayisədə (p<0,05) eozinofillərin və neytrofillərin sayının dürüst artmasını aşkar etmişdir. Uroloji və ginekoloji müayinənin məlumatlarına görə, 72,6% kişidə və 18,5% qadında kəskin uretrit və servisit əlamətləri nəzərə çarpmışdır. Pasiyentlərin əksəriyyətində orqanizmin xlamidiya infeksiyası ilə ümumi infeksiyalaşması (80,6%) qeydə alınmışdır və bu zaman yarıdan çox hallarda (58,4%) o, xronik formada sürmüşdür. Tədqiqat proqramına immun statusun klinik-laborator dəyərləndirilməsi də daxil edilmişdir. Klinik-anamnez müayinəsinin məlumatlarına görə, ümumilikdə qrup üzrə infeksion immunpatoloji sindrom (İPS) - 58,4%, allergik sindrom - 10,5% təşkil etmişdir, bu zaman əksər hallarda - 8,1% pasiyentdə soyuğa qarşı allergiya aşkar edilmişdir. Seroloji diaqnostikanın (qanın İFA) məlumatlarına görə, xronik xlamidiya infeksiyası 59,8% aşkar edilmişdir ki, onlardan 23,4%  halda  aktiv iltihab (reaktivasiya) əlamətləri müəyyən edilmişdir. Birincili infeksiya - 22,6% və orqanizmin ümumi infeksiyalaşması əlamətləri olmadan lokal forma (konyunktivit) - 18,4% xəstədə qeydə alınmışdır. Antigen diaqnostikanın  (DNT-ZPR ) məlumatlarına görə,  göz yaşında xlamidiyalar 100% hallarda, urogenital yolda - 82,5% pasiyentdə aşkar edilmişdir (cədvəl 1).

T- və B-limfositlərin ümumi say göstəricilərinin azalması aşkar edilmişdir. İmmun sistemin T-hüceyrə həlqəsində xeyli dəyişiklik qeydə alınmışdır: xəstələrin yarısında T-limfositlərin immuntənzimləyici subpopulyasiyalarının nisbəti (CD4/CD8) dəyişmiş, xəstələrin 1/3-də bu, T-helperlərin/induktorların (CD4+) sayının azalması ilə bağlı olmuşdur. Müasir laborator-immunoloji diaqnostika metodları oftalmoxlamidiozun hematogen formalarının etioloji diaqnostikası üçün yeni imkanlar açır və məqsədyönlü spesifik və immuntənzimləyici müalicənin vaxtında təyin olunmasına imkan yaradır.

Beləliklə, xlamidioz ilə xəstələrin kompleks müayinəsi bir faktı üzə çıxarmışdır ki, xlamidiya infeksiyasının xronik formaları zamanı pasiyentlərin əksəriyyətində fon immun dəyişiklikləri vardır. Xlamidiya infeksiyasının immunopatogenezi və fon immunodefisiti əsasən Th-2-şərtlənmiş humoral cavabın fəallaşmasını (zərdab immunoqlobulinlərinin hiper-hasili ilə birlikdə) və DİK-nin artmasını şərtləndirir.

Cədvəl1.

Gözün xlamidiya infeksiyası olan pasiyentlərdə immunoloji müdafiə amilləri

Göstəricilər

Həddi

CD 3+ (T-limfositlər ), %

48,1± 0,3

CD 3+ müt., x109/l

0,81± 0,3

CD 4+ (T-helperlər), %

27,8± 3,1

CD 4+ müt., x109/l

0,41± 0,02

CD 8+ (T-supressorlar), %

19,2 ± 3

CD 8+ müt., x109/l

0,40± 0,06

CD 4+/ CD 8+

1,025± 0,04

CD 19+ (V-limfositlər), %

4,7± 2,7

CD 19+ müt., x109/l

0,08± 0,02

Faqositozun aktivliyi, %

64,2 ± 6

İmmunoqlobulin A, q/l

0,091± 0,02

İmmunoqlobulin G, q/l

0,87± 0,08

İmmunoqlobulin M, q/l

0,07± 0,03

 

Bu zaman fəallaşmış B-limfositlərin (CD23+) xeyli artması və bununla əlaqədar  IgE-nin daha çox hasil edilməsi qanunauyğun hal sayılır. Xlami-diya konyunktivitinin kəskin və yarımkəskin formaları zamanı konyunktivanın selikli qişasının eozinofil infiltrasiyası ilə birlikdə bu əlamətlər, həmçinin xlami-dioz fonunda yanaşı gedən soyuğa allergiyanın inkişaf tezliyi xlamidiya infeksiyasının, o cümlədən oftalmoxlamidiozun immunpato-genezində allergik komponentin ola biləcəyinə dəlalət edir.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

 

1.Астахов Ю.С., Квасова М.Д., Крылова Т.А. К вопросу о диагностике хламидийного конъюнктивита // Русс. мед. журнал. М., 2010, № 1, с.16–19
2.Вахова Е.С. Фармакотерапия хламидийных поражений глаз / VII Рос. Нац. Конгресс «Человек и лекарство». М., 2009, с. 1–3
3.Воробьева М.С., Манзенюк И.Н. Chlamidia trachomatis: современные представления о возбудителе, серодиагностика / Науч.–метод. пособие. – Новосибирск, 2012, 29 с.
4.Кисина В.И. Урогенитальные инфекционные заболевания: современное состояние проблемы // Consilium Medicum, 2008, № 7, с.307–310
5.Колкова Н.И., Мартынова В.Р. К вопросам диагностики хламидийных инфекций // Клин. лаб. диагностика,  2013, № 2, с.34-36
6.Зайчук Ю.Ф., Вахова Е.С. Хламидийные заболевания глаз // Врач, 2010, №11, с.15–17
7.Beatty W.L, Monison P.P., Byme G.I. Persistent chlamydiae: from cell culture to a paradigm chlamydial patogenesis // Microbiology Reviews, 2008, № 58, р. 686—699
8.Black С., Hillis S., Newho U J. New opportunites for Chlamydia prevention: application of science to public health practice // STD, 2010, №3, р.197—200.


Müəlliflər:
G.İ. Ağayeva

Digər jurnal və qəzetlər