YENİDOĞULMUŞLARDA ANADANGƏLMƏ HİPERTROFİK PİLOROSTENOZUN DİAQNOSTİKASINDA ULTRASƏSİN ÜSTÜNLÜKLƏRİ
19-09-2018
Açar sözlər: Pilorospazm, pilorostenoz, fontanşəkilli qusma, pilorik kanal, psevdoşiş
Hipertrofik pilorostenoz tez-tez rast gəlinən cərrahi patologiyadır. Diaqnoz çox zaman anamnez və diqqətli klinik müayinə ilə qoyula bilər. Bu patologiyanın aşkarlanmasında istifadə olunan instrumental müayinə metodları – mədənin bariumla rentgenoloji müayinəsi, fibroqastroskopiya və ultrasəs müayinəsidir USM.
Məsələnin aktuallığı ondan ibarətdir ki, erkən uşaqlıq dövründə çətin korreksiya olunan ağırlaşmalar – aspirasion pnevmoniya, proqressivləşən hipotrofiya, su-duz balansının pozulması və s. kimi hallar baş verə bilər (1,2,3). Uzun illər pilorostenozun diaqnostikasında rentgenoloji müayinə əhəmiyyətli rol oynamışdır. Müasir dövrdə isə yenidoğulmuşlarda və həyatının 1-ci ayında aparılan USM pediatrik praktikada bu texnologiyanın effektivliyini təsdiq edir və metodun təkmilləşdirilmısinə ehtiyacı artırır (4,5).
Tədqiqatın məqsədi. Uşaqlarda anadangəlmə pilorostenozun aşkarlanmasında USM imkanlarını və üstünlüklərini göstərmək.
Tədqiqatın material və metodları. Tədqiqatda poliklinikaya 6 ay ərzində ambulator müraciət etmiş pilorostenoza şübhəsi olan 22 uşaq ( 16 oğlan və 6 qız) müayinə olunmuşdur. Onların yaşı – 2 həftəlikdən 2 aya qədər olmuşdur. Klinik müayinədə bu uşaqlarda “fontanşəkilli qusma”, epiqastriyada sağda palpator silindrik psevdoşiş müşahidə olunur. Kontrol qrupunu isə profilaktik müayinə üçün poliklinikaya gələn klinik əlamətləri olmayan 17 yenidoğulmuş uşaq təşkil etdi.
Müayinə LOGİQ α 200 model ultrasəs aparatında xətti datçik ilə (7.5 MHz) aparılmışdır. Ultrasəs müayinəsi qidalanmadan 10-15 dəq sonra aparılmışdır. Mədədə mayenin olması hipoexogen pəncərə yaradır və pilorik hissəni görməni asanlaşdırır. Pasiyentin vəziyyəti individual seçilir – arxası və ya böyrüüstə uzadılır. Pilorik hissə vizualizə olunmadıqda müayinə 0.5-2 saat sonra təkrar aparılır. Optimal exoqrafik skan alındıqda ölçümlər aparılır.
Pilorik kanalın uzunluğunun 14 mm, əzələ qatının qalınlığının 2 mm-dən çox olması pilorostenozun exoqrafik əlamətidir. Eyni zamanda mədənin ölçüsü, güclənmiş peristaltikanın olması,qida porsiyalarının mədədən 12-barmaq bağırsağa evakuasiyası da izlənilir.
Tədqiqatın nəticələri. Pilorik hissənin əzələ qatının qalınlığı əsas qrupda 4.5 mm±1 mm, pilorik hissənin uzunluğu isə 20±2 mm olmuşdur. Kontrol qrupda isə əzələ qatının qalınlığı - 2±1 mm, pilorik hissənin uzunluğu isə - 11±2 mm olmuşdur. Pilorospazmlı uşaqlarda əzələ qatında peristaltika güclənib, amma evakuasiya qeyd edilmir. Kontrol qrupda isə peristaltika – N olub evakuasiya izlənilir.
Aparılan tədqiqatlar aşağıdakı nəticələrə gəlməyə imkan verir:
1.USM yenidoğulmuşlarda pilorik hissənin tam olaraq vizualizasiyasına imkan verir, tamamilə zərərsizdir, şüa yükü yoxdur və buna görə də ehtiyac olduqda təkrari müayinə aparmağa imkan verir, müayinə tez başa gəlir.
2.Yenidoğulmuşlarda pilorik hissənin USM yeganə müayinə metodudur ki, divarın strukturunu, pilorik hissənin uzunluğu və qalınlığını ölçməyə imkan verir.
3.Pilorik kanalın uzunluğu, əzələ qatının qalınlığı pilorostenozda sağlam uşaqlarla müqayisədə 2 dəfə çoxdur.
Nəticə. Əhali artımı sürətli olan ölkəmizdə erkən diaqnozu qoyulmayıb, cərrahi müalicəsi aparılmadıqda ciddi dehitratasion izlənən, ölümlə belə nəticələnə bilən yenidoğulmuşların hipertrofik pilorostenozu diaqnozunu fikrimizdə tutub , xüsusən ödsüz qusması və çəki itkisi olan körpələrdə öncəliklə düşünməli və USM-dən istifadə olunmalıdır. Metodun sadəliyi, kifayət qədər informativliyi və ziyansız olması bu müayinə metodunun ənənəvi rengenoloji müayinə metodlarından üstün olmasını göstərir. Ona görə də pilorostenoz üçün tipik olan 2-4 həftəlik, qusma simptomlu körpələrdə ultrasəs müayinəsini diaqnozun dəqiqləşdirilməsi üçün məsləhət görmək olar.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Puri P, Lakshmanadass. Hypertrophic pyloric. Newborn Surgery. Editor. Oxford, England: Butter-Worth-Heinemann; 1996; pp 266-271
2.Başaklar C. Hipertrofik pilor stenozu. Mide çıkış hastalıkları. Ankara Palme Yayıncılık, 2006; 21:427-448
3.Peters B, Oomen MW, Bakx R, Benninga MA. Advances in infantile hipertrophyc pyloric stenosis.Expert Rev GastroenterolHepatol 2014; 8;533-41
4.Пыков М.И.Детская ультразвуковая диагностика», , 2001, ст. 119
5.Пыкова М.И.Детская ультразвуковая диагностика», том 1, Гастроэнтерология. Под ред.. 2014. Ст. 156
6.Karen Nelson Pediatrinin Temelleri”, J.Marcdante, 2016, səh. 412
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı