TİREOİDEKTOMİYA ZAMANI LARİNGEAL MASKANIN TƏTBİQİ İLƏ APARILAN ÜMUMİ ANESTEZİYANIN ADEKVATLIĞININ QIYMƏTLƏNDIRILMƏSI.

31-05-2018

Açar sözlər: qalxanvari vəzin düyünlü törəmələri, ümumi anesteziya, laringeal maska

Giriş: Əhalinin 7%-də QV-nin düyünlü törəmələrinin aşkar edilməsinə baxmayaraq digər xəstəliklərdən ölənlərin meyitlərinin 50%-də QV-nin düyünlü törəmələri ortaya çıxır (1,2,3). QV-nin xəstəliklərinin əsas yer tutur (4,5). Hər il QV-nin müxtəlif xəstəliklərinə görə Rusiya federasiyasında 40 mindən çox, Azərbaycan Respublikasında isə 3 minə qədər əməliyyat edilir (6,7,8).

QV-nin xəstəliklərinin cərrahi müalicəsində əsas problemlərdən biri də adekvat anesteziya metodunun seçilərək tətbiq edilməsidir (9,10).

QV-nin xəstəliklərinə görə aparılan cərrahi əməliyyatlar qan və sinir təchizatı yüksək olan, yuxarı tənəffüs yollarının bilavasitə üzərində yerinə yetirilən  və refleksogen nöqtələrlə zəngin olan sahədə yerinə yetirilir. Ona görə də  belə əməliyyatlar əksərən intubasion narkozdan istifadə etməklə aparılır. Endotraxeal borunun istifadə bir sıra müsbət xüsusiyyətləri ilə yanaşı, istər əməliyyat zamanı, istərsə də ondan sonra bir sıra təhlükəli ağırlaşmaların yaranmasına bais ola bilir (11). QV əməliyyatları  özünün anatomik xüsusiyyətləri ilə əlaqədar olaraq intra- və postoperasion ağırlaşmaların baş verməsində yüksək risk qrupuna daxil olduğundan  belə əməliyyatlarda anestezioloji vəsaitin tətbiqinin optimillaşdırmasına böyük ehtiyac vardır (12,13). Ona görə də son zamanlarda bəzi klinikalarda anestezioloji praktikaya laringeal maskanın (LM) daxil edilməsi bir sıra problemlərin həllində müsbət rol oynamışdır (14,15). LM istər hava ötürücüyə, istərsə də endotraxeal maskaya alternativdir. Ədəbiyyatda LM-in spontan tənəffüsü saxlamaqla az invaziv və qeyri-boşluqlu zonalarda tətbiq edilməsi məsləhət görülür (16,17).

LM-in tətbiqində ən əsas problem adekvat anesteziyanı təmin edərkən xəstəni requrqitasiyadan və mədə möhtəviyyatının aspirasiyasından qorumaqdır. Qalxanvari vəzin cərrahi xəstəliklərində LM vasitəsi ilə adekvat anesteziyanın təmin edilməsi və bu zaman yarana bilən fəsadların profilaktikası müasir anesteziologiyanın aktual problemlərindən biridir və təşəbbüs etdiyimiz tədqiqat işi həmin problemlərin həllinə yönəlmişdir.

İşin məqsədi: Qalxanvari vəzi üzərində aparılan cərrahi əməliyyatlarda laringeal maskanın tətbiqi ilə anesteziyanın  daha adekvat  metodikasını təklif edərək, onun effektliliyini təyin etməkdən ibarət olmuşdur.

Material və metodlar: Qarşımıza qoyduğumuz  məsələlərin həlli məqsədi ilə müayinələr 2 qrup üzərində aparılmışdır: 1-ci (əsas) qrup - M.A.Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzinin Endokrinoloji cərrahiyyə şöbəsində 2017-2018- ci illərdə qalxanvari vəzin (QV) düyünlü törəmələrindən incə iynə aspirasion biopsiyası vasitəsi ilə alınan bioptatların sitoloji müayinələrinin nəticələrinin tələblərinə uyğun olaraq laringeal maskanın tətbiqi ilə ümumi anesteziya altında aparılan, strumektomiya olunan 60 xəstə və eyni göstərişlə traxeyanın intubasiyası ilə ümumi anesteziya tətbiq edilərək strumektomiyaya uğrayan 20 xəstə (2-ci qrup-nəzarət). Hər 2 qrupa yanaşı gedən xəstəlikləri olan xəstələr daxil edilməmişdir. Hər 2 qrupda 40 yaşına qədər xəstələr üstünlük təşkil edirdilər (əsas qrupda 60% və nəzarət qrupunda 57,5%). Bütün yaş qruplarında qadınların sayı kişilərdən əsas qrupda 4,5 dəfə, nəzarət qrupunda isə 4 dəfə çox idi. Hər 2 qrupda xəstələrin fiziki vəziyyətlərini Amerika anestezioloqları Assosasiyasının təklif etikləri təsnifata (ASA) əsasən qiymətləndirmişik:           ASA üzrə I sinifə əsas qrupda 37 (61,7%) xəstə və nəzarət qrupuna 12 (60%) xəstə uygun gəlirdi; bunların ümumi sağlamlıqları normal şəxslərin sağlamlıqlarına uyğun idi; ASA üzrə II sinifə əsas qrupda 23 (38,3%) xəstə, nəzarət qrupunda isə 8 (40%) xəstə uyğun gəlirdi; bunlarda mövcud olan yüngül səviyyəli sistemik pozuntular  normal həyat fəaliyyətinə  və fizioloji tarazılığa  ciddi təsirləri yox idi.

Tədqiqata daxil olan xəstələrin əməliyyat öncəsi müayinəsi hamılıqla qəbul edilmiş alqoritmə əməliyyatdan 1 gün əvvəl kortizol və AKTH –ın qanda səviyyəsinın təyini də daxil edilməklə yerinə yetirilmişdir. Əməliyat zamanı stress faktorlarının (kortizol, AKTH, qlikemiya) səviyyələri, qanın qaz tərkibi, qələvi-turşu balansı və ventilyasiya göstəriciləri təyin edilmişdir. Stress faktorları əməliyyat zamanı laringeal maskanın və intubasion borunun yerləşdirilməsi vaxtı, əməliyyatın “pikində” və tikişlər qoyulduqdan sonra təyin edilibdir. Narkozun adekvatlığına- dərinliyinə BİS monitorinqlə nəzarət edilibdir.

Hər 2 qrupda premedikasiya əzələ daxilinə 1 ml benzodiazepam yeritməklə aparılmış və  ümumi anesteziyanı venapunksiya edərək vena daxilinə anestetik- induksioin doza- Propofol- 1.5-2.5 mg/kg infuziyası tətbiq edilmişdir. Əsas qrupda süni ventilyasiyanı laringeal maska ilə, nəzarət qrupunda isə traxeyanın klassik intubasiyası vasitəsi ilə təmin etmişik. Hər 2 qrup xəstələrin anestezioloji təminatında istifadə edilən preparatlar eyni olsa da - narkotik analgetik- omnopon 10mg, relaksant- arduan 50µg/kg, propofol- 1.5-2.5 mg/kg (vena daxili anestetik-induksiya üçün) və izofluran 0,8-1,5 % (inhalyasion anestetik) - lakin laringeal maska ilə aparılan anesteziya zamanı relaksant istifadə olunmadı və xəstənin tənəffüsü mexaniki ventilyasiyanın spontan tənəffüs (CPAP) rejimi ilə təmin olundu. Alınan və verilən nəfəsin həcm fərqini, qaz qarışığının itirilən faizini tədqiq edərək, qaz qarışığının itirilməsinə kliniki təzahürlərini ağciyərlər üzərində aparılan ausklutasiya və ağızda yaranan küyə əsasən nəzarət edirdik, EtCO2-ni təyin edirdik.

Hər 2 qrupa daxil olan xəstələrdə total venadaxili anesteziya ağciyərlərin süni ventilyasiyası fonunda yerinə yetirilibdir: əsas qrupda total venadaxili anesteziya zamanı ağciyərlərin süni ventilyasiyasını laringeal maska vasitəsi ilə, nəzarət qrupunda isə traxeyanın intubasiyası vasitəsi ilə yerinə yetirmişik. Cərrahi müdaxilənin müddəti 60,5± 5,5 dəqiqə çəkirdi; ümümi anesteziyanın müddəti isə 82,5±5,1 dəqiəyə bərabər idi. 

Müayinələrdən alınan nəticələr müasir tələbləri nəzərə almaqla statistik olaraq işlənmişdir; Qrupla rda göstəricilər arasındakı fərqi müəyyən etmək üçün qeyri-parametrik üsuldan-Uilkokson (Manna-Uitni) meyarından (U) istifadə olunmuşdur. Bütün hesablamalar EXCEL elektron cədvəlində aparılmış, nəticələr cədvəllərdə və diaqramlarda cəmləşdirilmişdir.

Alınmış nəticələrin müzakirəsi:Əsas qrup xəstələrdə izofluranın summar dozası nəzarət qrupuna nisbətən 22,3% az idi və 0,07±0,005 mq/kq/dəq səviyyəsində idi; nəzarərt qrupunda isə izofluranın summar dozası 0,09±0,004 mq/kq/dəq təşkil edirdi. Hər iki qrupda istifadə edilən propofolun summar dozaları arasında dürüst fərqlilik qeyd edilmirdi

Əsas qrupda istifadə olunmuş propopfolun dozası 0,08±0,004 mq/kq/dəq, nəzarət qrupunda isə 0,08±0,08 mq/kq/dəq səviyyəsində idi. Bərpa dövrü (əməliyyatın sonu, laringeal maskanın xaric edilməsi və ya intubasion borunun ekstubasiyası) əsas qrup xəstələrdə relaksant istifadə edilmədiyindən nəzarət qrupuna nisbətən daha az vaxt ərzində baş verirdi. Əsas qrup xəstələrdə sərbəst tənəffüsün və şüurun bərpası 8,4±1,12 dəqiqədə baş verirdisə, nəzarət qrupunda bunun üçüçn 16,6±1,3 dəqiqə tələb olunurdu (р<0,05). Laringeal maskanın qoyulmasına 10,5±1,05 saniyə, intubasiyaya isə 9,5±4,0 saniyə sərf edirdik; bir xəstədə intubasiya təkrarlanmışdır.

Əsas qrupda qaz qarışığının itirilməsinin həcmi 6,9% təşkil edir, ən çox (pik) təzyiq 10,6±2,2 səviyyəsində olub, nəfəs vermənin sonunda CO2-nin konsentra-siyası norma (32,9±2,4mm) daxilində qalırdı. Nəzarət qrupunda isə itirilən qaz qarışığının həcmi 7,2% təşkil edərək, əsas qrupun göstəricilərindən fərqlənməsi statistik olaraq dürüst deyildi. Laringeal maskanın tətbiqi zamanı tənəffüs konturunda hermetikliyin təmin edilməsi istiqamətində  bizim əldə etdiyimiz  nəticələr  bu sahədə tədqiqat aparmış klinisistlərin  nəticələrinə uyğun gəlir (95,164). Bizim tədqiqatlar təsdiq edir ki, laringeal maskadan istifadə etdikdə qaz qarışığının itirilməsi 7%-dən çox deyil və belə nəticə laringeal maskanın adekvat hermetiklik yaratmasından xəbər verir və laringeal maska intubasion endotraxeal boru kimi tənəffüs yollarının keçiriciliyini təmin etməkdə effektiv vasitədir; qalxanvari vəzin düyünlü törəmələ-rinin cərrahi müalicəsində onların hər ikisinin tətbiqində ümumi anesteziyanın bütün dövrlərində ağciyərlərin effektli ventilyasiyasını aparmaq mümkündür .

Qanın qaz tərkibi və qələvi-turşu balansının müayinələrinin nəticələri təsdiq etdi ki, müayinələrin bütün etaplarında hər 2 qrupda qanın oksigenlə doyma dərəcəsi-SpO2-nin səviyyəsi  arasında dürüst fərq qeyd edilmir. Hər 2 qrupda ağciyərlərin ventilyasiyası fonunda qanın qaz tərkibində və qələvi-turşu balansının göstəricilərinin sabit qalması istər laringeal maskanın, istərsə də intubasion borunun istifadəsi ilə yerinə yetirilən ümumi anesteziyanın adekvat olmasına dəlalət edirdi. Biz laringeal maska ilə aparılan ümumi anesteziyanın hemodinamika siteminə təsirini də tədqiq etmişik.

Laringeal maska ilə aparılan ümumi anesteziyanın etaplarında hemodinami-kanın əsas göstəricilərinin endotraxeal intubasion narkozla aparılan ümumi anesteziya fonunda təyin edilən eyni göstəricilərinə nisbətən daha az dəyişikliyə uğramasını apardığımız tədqiqatlar təsdiq edir. Alınan nəticələr onu deməyə əsas verir ki, laringeal maska ilə aparılan ümumi anesteziya zamanı hemodinamik göstəricilərdə baş verən dəyişikliklər traxeyanın intubasiyası ilə aparılan dəyişikliklərdən nisbətən azdır. Belə ki, anesteziyanın adekvatlığına baxmayaraq traxeyanın intubasiyası hemodinamika sistemində reaksiyaya səbəb olmaqla göstəricilərə daha çox təsir edir: əsas qrupda laringeal maskanın qoyulması zamanı nəbzin dəqiqəlik vurğusu 72,0±2,0 idi və traxeyanın intubasiyası ilə aparılan 2-ci qrupun eyni göstəricilərindən 16,3 %az idi (р<0,05). Arterial təzyiqin göstəricilərində də belə münasibət qeyd olunurdu: əsas qrupda sistolik AT 13,6%, diastolik AT 9,5% və orta AT 7,3% nəzarət qrupundan az idi. Qeyd edilən nəticələr laringeal maskanın qoyulması zamanı qırtlaq refleksinin olmamasını təsdiq edir. Belə ki, giriş narkozu (diazepam, propofol, izofluran, omnopon fonunda) zamanı laringeal maskanın yerləşdirilməsi arterial təzyiqə və ürəyin vurğu sayına optimal təsir göstərdiyi halda traxeyanın intubasiyası həmin funksiyalara daha çox təsir edir.

Hər 2 qrupda anesteziyanın davam müddətində bütün etaplarda hemodinamika göstəriciləri stabil olurdu; belə vəziyyət anesteziyanın effektliliyindən və adekvatlılığından xəbər verirdi.

Nəzarət qrupunda intubasion borunun xaric edilməsi hemodinamikanın bütün göstəricilərində dürüst artışa səbəb olurdu: sistolik təzyiq 13,6%, diastolik təzyiq 13%, orta arterial təzyiq isə 8,3% yüksəlirdi; bu qrupda nəbzin dəqiqəlik sayı ekstubasiya zamanı əsas qrupdan 9.4% çox olduğu qeyd edilirdi. Əsas qrupda laringeal maskanın xaric edilməsində isə hemodinamikanın göstəricilərində hiperdinamik dəyişikliklər qeyd edilmirdi.

Hər 2 qrupda, hərəsində 20 xəstə olmaqla stress faktorlarından qanda kortizolun, AKTH-ın və qlikemiyanın səviyyəsini təyin edərək, alınan nəticələri müqayisəli tərzdə qiymətləndirmişik.

Müayinələrin nəticələri təsdiq etdi ki, əsas qrupda müayinənin bütün etaplarında kortizolun səviyyəsi dəyişmir, normal rəqəmlər daxilində qalxaraq cərrahi müdaxilənin bütün müddətində anesteziyanın stabil olmasından xəbər verirdi. Kortizolun göstəricilərinin sabit qalması özünü nəzarət qrupunda da göstərdi. Amma laringeal maskanın qoyulması ilə intubasion borunun traxeyaya yeridilməsi zamanı aparılan müayinələrdə əsas qrupda kortizolun səviyyəsini nəzarət qrupundan 30% aşağı olmasını aşkar etdik ki, belə nəticə laringeal maskanı qoyduqda stress reaksiyasının traxeyanın intubasiyasına orqanizmin göstərdiyi stress cavabına nisbətən aşağı olmasını təsdiq edirdi.

Müayinələrin 3-cü və 4-cü etaplarında nəzarət qrupunda kortizolun qanda səviyyəsi əsas qrupda qeyd ediləndən bir qədər yüksək olsa da, (statistik dürüst deyildi) yenə də normal rəqəmləri keçmirdi və anesteziyanın adekvatlığını təsdiq edirdi. Hər 2 qrupda qanda AKTH-ın təyinin nəticələri də kortizolun nəticələri ilə üst-üstə düşürdü.

Ümumi anesteziyanın induksiya etapında və laringeal maskanın qoyulması zamanı qlikemiyanın səviyyəsi 1-ci etapa nisbətən 4,4% yüksələrək 4,6±0,07 mmol/l olmuşdur (р>0,050). Əsas qrup xəstələrdə aneseziyanın 2-ci etapında qanın qlükoza səviyyəsinin müayinəsində glikemiyanın səviyyəsinin elə bir dəyişikliyə uğramadığı qeyd edilirdi və 4,5±0,06 mmol/l təşkil etməklə ilkin göstəriciyə nisbətən statistik dürüst deyildi (р>0,05). Müayinənin 3-cü etapında da əsas qrupun glikemiya göstəricilərinin sabit qaldığının şahidi olduq- qlikemiyanın səviyyəsi 4,6±0,07 mmol/l idi.

Beləliklə, laringeal maskadan istifadə etməklə aparılan ümumi anesteziyanın stress faktoru olan qlikemiyanın səviyyəsini sabit saxladığını təsdiq edərək aparılan anesteziyanın effektli olmasını deyə bilərik.

Nəzarət qrupunda apardığımız müayinələrə gəldikdə isə traxeyanın intubasiyasını əks etdirən 2-ci etapda qlikemiyanın səviyyəsinin ilkin göstəricilərə nisbətən dürüst olaraq  6,2% yüksələrək 4,9±0,07 mmol/l təşkil etdiyini görürük (р<0,05). Anesteziyanın 3-cü etapında (strumektomiya aparıldıqda) qlikemiyanın səviyyəsi əvvəlki etaplara nisbətən elə bir dəyişikliyə uğramayaraq 4,8±0,07 mmol/l səviyyəsində idi (р>0,05). 2-ci qrupda xəstənin anesteziyadan oyadılması dövrünü əks etdirən 4-cü etapda da qlikemiyanın  səviyyəsi sabit rəqəmlər çərçivəsində qalırdı. Hər 2 qrupda aparılan müayinələrin nəticələrini müqayisəli olaraq qiymətləndirdikdə aydın olur ki, glikemiyanın səviyyəsi ilkin etapda hər 2 qrupda demək olar ki, eyni olmuşdur. Laringeal maskanın qoyulmasını və traxeyanın intubasiyasını əks etdirən 2-ci etapda qlikemiyanın səviyyəsi əsas qrupda 4,9+0,07 mmol/l. nəzarət qrupunda isə 4,6+0,07 mmol/l-ə qədər yüksəlirdi; yəni hər 2 növ anesteziyada stress faktoru olan glikemiyanın səviyyəsi eyni dərəcədə aparılan travmaya cavab verirdi. Eyni zamanda bu göstəricilərin qruplardakı səviyyələrində statistik dürüstlük yox idi (р<0,05). Hər 2 qrupda cərrahi əməliyyatın gedişində və xəstələrin anesteziyadan ayılmasındakı etaplarda aparılan müayinələrin dinamikası göstərdi ki, hər 2 etapda qlikemiyanın səviyyəsində elə bir ciddi dəyişiklik müşahidə edilmir-başqa sözlə anesteziya adekvat olmuşdu r(р<0,05).

Bərpa dövrü (laringeal maskanın xaric edilməsi və ya traxeyanın ekstubasiyası) əsas qrup xəstələrdə nəzarət qrupuna nisbətən daha az vaxt ərzində baş verirdi. Əsas qrup xəstələrdə sərbəst tənəffüsün və şüurun bərpası 8,4±1,12 dəqiqədə baş verirdisə, nəzarət qrupunda bunun üçüçn 16,6±1,3 dəqiqə tələb olunurdu (р<0,05). Hər 2 qrup arasında istər anestezioloji istərsə də cərrahi fəsadlar qeyd edilməyibdir. Əməliyyat sonrası dövrdə xəstələrin müayinəsində aparılan sorğular nəzarət qrupunda 38,5% halda boğazda diskomfortdan şikayət edirdilər; laringeal maska istifadə edilən xəstələrdə belə şikayətlər  25% az, yalnız 14% xəstədə qeyd edilirdi. Nəzarət qrupunda boğazda və udlaqda hiss edilən diskomfort, faringit əlamətləri əsas qrupdakı belə hissiyatlardan daha çox müddət davam edirdi.

Əsas qrup xəstələrdə anesteziya üçün tətbiq edilən anestetiklərin dozasının aşağı salınması  laringeal maskanın traxeyanın intubasiyasına nisbətən daha az invaziv olması ilə bağlıdır; anesteziyanı bir qədər səthi, amma kifayət qədər adekvat aparılmasına və onu daha asanlıqla idarə etməyə imkan yaradır. Bizim apardığımız müayinələr təsdiq edir ki, ağciyərlərin süni ventilyasiyasını larengial maskadan istifadə etməklə aparılan anesteziyada izofluranın dozasını da azaltmaq imkanı yaranır.

Qeyd edilənləri yekunlaşdıraraq aşağıdakıə nəticələrə gəlmək mümkündür:

1. QV-nin cərrahi xəstəliklərinə görə tətbiq edilən əməliyyatlarda aparılan anesteziya zamanı laringeal maskanın tətbiq edilməsi oksigen nəqlində və arterial qanın qaz tərkibində arzu olunmaz dəyişikliklərə səbəb olmur, traxeyanın selikli qişasına mexaniki təsiri aradan qaldırdığından hemodinamikaya olduqca cüzi təsir edir və traxeyanın intubasiyası ilə aparılan ümumi anesteziyaya alternativ hesab etmək olar;

2. QV üzərində aparılan istənilən əməliyyatlarda ümumi anesteziyanın larin-geal maskanın tətbiqi ilə aparılması hemodinamikanın stabilliyi ilə müşahidə edilir; BİS- monitorinqin nəticələrinə əsasən induksiya müddətində mərkəzi sinir sisteminin adekvat səviyyədə blokadası əldə edilir və narkozdan çıxma zamanı xəstənin adekvat spontan tənəffüsü və huşu intubasion anesteziyaya nisbətən daha tez bərpa olunur.

3. Ümumi anesteziyanın gedişində sistematik hemodinamikanın və stressə cavab markerlərinin stabil olması laringeal maskadan, propofol və fentanildən istifadə etməklə aparılan ümumi anesteziya ilə qalxanvari vəzi üzərində tətbiq edilən cərrahi aqressiyadan adekvat qoruma imkanının olmasını təsdiq edir.

4. Sevufloran əsasında aparılan laringeal maska vasitəsi ilə anesteziyanın ilkin postoperasion dövründə Aldert şkalası səviyyəsi maksimum olub, kortizol və AKTH qanda dürüst olaraq daha aşağı səviyyələrdə qeyd edilir və belə metodika həmçinin postoperasion reablitasiyanın müddətini azaldır, xəstədə şüurun, tənəffüsün bərpa müddətini qısaldır, endotraxeal intubasiyaya nisbətən operasiyadan sonra boğazdakı diskomfortu azaldır.

5. Laringeal maska vasitəsi ilə aparılan ümumi anesteziya endotraxeal anesteziyaya nisbətən istifadə ediləcək miorelaksantların və analgetiklərin miqdarını müvafiq olaraq 25% və 22% azaltmağa şərait yaradır.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРАREFERENCES:

 

1.Трошина Е.А., Платонова Н.М,, Абдулхабирова Ф.М., Герасимов Г.А. Йододефицитные заболевания в Российской Федерации: время принятия решений. / Под ред. Дедова И.И., Мельниченко Г.А., М: Конти Принт, 2012.
2.Ağayeva A.R., Ağayeva N.A., Ağayev R.A. Düyünlü urların müalicə taktikasının dəqiqləşdirilməsində proqnostik faktorların rolu. // Cərrahiyyə 2016 N2 səh.27-31
3.Ali Z.S., Cibas E.S. The Bethesda System For Reporting Thyroid Cytopathology –Springler, LLC, 2010.
4.Байтман Т.П. Определение объема оперативного вмешательства  при диффузном  токсическом зобе. // Бюллетень  медицинских интернет-конференций. – 2015.–Т. 5. –№12. – С. 1809-1810
5.Guo Z. Yu P., Liu Z. Total  thyroidectomy vs bilateral subtotal thyroidectomy  in patients withGraves' diseases: a meta-analysis of randomized clinical trials // Clin Endocrinol (Oxf). – 2013. – Vol. 79. – P. 739-746
6.Zamanov R.M., Həsənov İ.Ə. Qalxanabənzər vəzi erkən mərhələli və klinik gizli gedişli xərçəngi xəstələrində postoperasion proqnoza təsir göstərən bəzi faktorlar. Cərrahiyyə, 2016 N1 səh. 46-50
7.Вачёв А.Н. Фролова Е.В. Сахипов Д.Р. и др. Профилактика периоперационных осложнений у больных с диффузным токсическим зобом [Текст] // Сборник научно-практических работ «Ратнеровские  чтения – 2011». –С. 92-93
8.Bryan R. Haugen, Erik K. American Thyroid Association Management Guidelines for Adult Patients with Thyroid Nodules and Differentiated Thyroid Cancer. The American Thyroid Association Guidelines Task Force on Thyroid Nodules and Differentiated Thyroid Cancer. Thyroid. 2016№26(1): 1-147.
9.Сахипов Д.Р. Дифференцированная тактика при хир. лечении б-х с диффузным токсическим зобом//Автореферат дисс.к.м.н.-Самара-2016-21стр.
10.Kashif S1, Gulrez A1. Anaesthetic Concerns of Surgical Emphysema Following Thyroidectomy.// J Coll Physicians Surg Pak.2017 Mar;27(3):S4-S5. doi: 234.
11.Гудиева М. Б. Дора С.В., Красильникова Е.И. Отдаленные результаты оперативного лечения  больных диффузным токсическим обом.// Ученые записки СПБГМУ им. академика И.П. Павлова. – 2013. – Т. ХХ. – № 3. – С. 53-57
12.Емельянова А.М. Валеева А.Р. Анализ послеоперационных осложнений при резекции щитовидной железы: парезы, параличи гортани // Успехи естествознания. – 2011. – № 8. – С. 103.
13.Денисов С. А. Заривчацкий В. Ф., Блинов С. А. Опасности и осложнения при операциях на щитовидной железе. // Материалы XVI Российского симпозиума по хирургической эндокринологии. Саранск, 2007.-С.75.
14.Feroci F. Rettori M., Borrelli A. A systematic review and meta-analysis of total thyroidectomy versus bilateral subtotal thyroidectomy for Graves' disease // Surgery. – 2014. – Vol. 155(3). P. 529-540.
15.Жданов О.Н. Пасько В.Г., Шестопалов А.Е. Применение ларингеальной маски в анестезиологическом обеспечении гайморотомии // Вестн. интенсив, терапии. - 2004. - № 4. - С. 45-50.
16.Goldmann, K. Clinical basics of supraglottic airway management in paediatric anaesthesia [Kinderan à sthesie-Klinische Grundlagen des supraglottischen Atemwegsmanagements] //Anasthesiologie Intensivmedizin Notfallmedizin Schmerztherapie. 2013; 48(4): 252-256
17.Patki A1. Laryngeal mask airway vs the endotracheal tube in paediatric airway management: A meta-analysis of prospective randomised controlled trials. // Indian J Anaesth. 2011 Sep;55(5):537-41.


Müəlliflər:
A.N. İsayev

Digər jurnal və qəzetlər