PERİ- VƏ POSTMENOPAUZAL DÖVRDƏ HİPERANDROGENİYALI QADINLARIN KLİNİK XARAKTERİSTİKASI
16-05-2018
Ginekoloji xəstəliklərin ən çox rast gəlinən səbəblərindən biri hiperandrogeniya (HA) sindromudur. Qadın həyatınin müxtəlif dövrlərində hiperandrogeniya sindromunun patogenezində və klinik təzahürlərində fərqlilik mövcüddür.
Məlumdur ki, qadınların 10%-də HA özünü həyatın hər hansı bir dövründə hirsutizmlə biruzə verir. Yumurtalıqların androgen sintez edən şişlərində hirsutizm bir klinik əlamət kimi meydana çıxır. Ədəbiyyat mənbələrində qeyd olunur ki, bu şişlərin rastgəlmə tezliyi 300 xəstədən birindən 1000 xəstədən 1-nə qədər dəyişir. Başqa ədəbiyyat mənbələrində isə qeyd edilir ki, androgen sintez edən yumurtalıq şişlərinin rastgəlmə tezliyi 0,5%-r (4,5,6).
Qeyd etmək lazımdır ki, HA qeyri-şiş mənşəli yumurtalıq patologiyalarında da rast gəlinir. Məlumdur ki, premenopauzal dövrdə ovarial hipertekoz (tekomatoz) yüksək tezliklə rast gəlinir. Bu patologiyada yumurtalığın androgen sintez edən toxumalarının hiperplaziyası baş verir. Ədəbiyyat mənbələrində ovarial hipertekozun postmenopauzal dövrdə olan qadınlarda da rast gəlinməsi barədə məlumatlar qeyd edilmişdir. Pre- və postmenopauzal dövrdə androgen hormonların artması ilə müşayiət olunan qeyri-şiş mənşəli patologiyalardan YPS-ni xüsusilə qeyd etmək lazımdır. Göründüyü kimi, pre- və postmenopauzal dövrdə HA-nın yaranmasına səbəb olan şiş və qeyri-şiş mənşəli yumurtalıq patologiyaları müəyyən edilir (7,8,9).
Qeyd etmək lazımdır ki, postmenopauzal dövrdə yatrogen amillər, androgen təsirə malik preparatların, anabolik steroidlərin, epilepsiya əleyhinə preparatların qəbulu da HA-ya gətirib çıxara bilər. Bu qadınlarda virilizasiya əlamətlərinin yaranması, qan zərdabında testosteronun, eləcə də aşağı sıxlıqlı lipoproteidlərin və triqliseridlərin səviyyəsinin artması, yüksək sıxlıqlı lipoproteidlərin azalması qeyd olunur.
Yumurtalıqların polikistoz sindromu perimenopauzal dövrdə yüksək tezliklə rast gəlinir. Bu dövrdə YPS özünü hiperlipidemiya, hipertenziya, II tip şəkərli diabet (ŞD) və yaxud qlükozaya qarşı tolerantlığın pozulması ilə, metabolik sindrom və yaxud “X sindrom”la biruzə verir. Perimenopauzal dövrdə metabolik sindromu olan qadınların 43%-də YPS aşkar edilir ki, bu da ümumi populyasiyadakı göstəricidən 2 dəfə çoxdur. Bu qadınlarda androgen hormonların nisbi yüksəlməsi, acanthosis nigricans, cinsi hormon bağlayıcı qlobulinin (CHBQ) səviyyəsinin azalması qeyd olunur (10,11,12).
Ədəbiyyat məlumatlarına görə belə xəstələrdə miokard infarktının, ürəyin işemik xəstəliyinin tezliyi ümumi populyasiyaya nisbətən 7 dəfə artıq olur. Təyin edilmişdir ki, perimenopauzal dövrdə ürəyin işemik xəstəliyi olan qadınların 10%-də YPS qeyd olunur. Bu qadınlarda menopauza dövründə estrogen çatışmazlığı əvəzinə hiperestrogenemiya müşahidə olunur. Hiperestrogenemiya isə öz növbəsində endometriumun hiperplastik xəstəliklərinə və xərçənginə gətirib çıxarır.
Son illərdə müəyyən edilmişdir ki, postmenopauzal dövrdə testosteronun səviyyəsinin yüksəlməsi ilə süd vəzisinin xərçəngi və ürək-damar xəstəlikləri arasında korrelyasiya əlaqəsi vardır (13,14).
Hal-hazırda təqdim olunmuş ədəbiyyat mənbələrində bu problemin həllinə dair məlumatların azlığı onun dərindən öyrənilməsi zərurətini yaradır. Eyni zamanda, qeyd etmək lazımdır ki, postmenopauzal dövrdə HA-nı yaradan müxtəlif patologiya-ların diaqnostikası, klinikası öyrənilməyib.
Tədqiqatın aktuallığını nəzərə alaraq məqsəd müəyyən edilmişdir.
Tədqiqatın məqsədi peri- və postmenopauzal dövrdə hiperandrogeniyalı qadınların klinik xarakteristikasını öyrənmək olmuşdur.
Material və metodlar. Tədqiqata peri- və postmenopauzal dövrdə HA sindromu olan 69 qadın cəlb edilmişdir. Bu qadınların hamısında anamnestik məlumatlar araşdırılmış, hirsutizmin dərəcəsini qiymətləndirmək üçün Ferriman-Qolvey şkalasından istifadə edilmişdir.
Tədqiqata cəlb edilən peri- və postmenopauzal dövrdə olan qadınların orta yaşı 57,72+0,79 (46-70) yaş, çəkisi 76,33+1,27 (58-108) kq, boyu 1,60+0,007 (1,48-1,72) m, bədən çəkisi indeksi (BÇİ) 29,86+0,6 (23,5-48) kq/m2 olmuşdur.
Peri- və postmenopauzal dövrdə HA sindromlu qadınların keçirdikləri xəstəliklərin tezliyi cədvəl 1.-də təqdim edilmişdir.
Сədvəl № 1.
Peri- və postmenopauzal dövrdə HA sindromlu qadınların keçirdikləri xəstəliklərin tezliyi
Xəstəliklər |
Müt. |
% |
Xəstəliklər |
Müt. |
% |
Qızılça |
11 |
2,86 |
Revmatoid artrit |
17 |
4,42 |
Su çiçəyi |
14 |
3,64 |
Hepatit C |
6 |
1,56 |
Epidemik parotit |
7 |
1,82 |
Tonzillit, tonzillektomiya |
10 |
2,6 |
Yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri |
39 |
10,13 |
Appendisit, appendektomiya |
11 |
2,86 |
Pnevmoniya |
14 |
3,64 |
Xroniki qastrit |
17 |
4,42 |
Plevrit |
4 |
1,04 |
Xolesistit, xolesistektomiya |
9 |
2,34 |
Revmatizm, revmokardit |
11 |
2,86 |
Şəkərli diabet |
29 |
7,53 |
Hipertoniya xəstəliyi |
31 |
8,05 |
Piylənmə |
31 |
8,05 |
Xroniki pielonefrit |
10 |
2,6 |
Hipotireoz |
12 |
3,12 |
Xroniki sistit |
35 |
9,09 |
Diffuz toksiki ur |
7 |
1,82 |
Xroniki qlomerulonefrit |
4 |
1,04 |
Stenokardiya |
38 |
9,87 |
Sistem qırmızı qurd eşənəyi |
7 |
1,82 |
Miokard infarktı |
5 |
1,3 |
Vərəm |
6 |
1,56 |
|
|
|
Beləliklə, peri- və postmenopauzal dövrdə olan qadınlarda tənəffüs yollarının kəskin iltihabi xəstəlikləri 14,81%, endokrin xəstəliklər 20,52%, xroniki somatik xəstəliklər 34,3%, ürəyin işemik xəstəlikləri 11,17% yüksək tezliklə qeyd olunur.
Peri- və postmenopauzal dövrdə olan qadınlarda pubertat və reproduktiv dövrlərin gedişini öyrənərkən müəyyən edilmişdir ki, onlarda menarxe 13,67+0,19 (11-16) yaşdan başlamışdır. Bu qadınlarda aybaşı tsikli 37,92+1,19 (25-60) gün, aybaşının davametmə müddəti isə 4,69+0,18 (2-7) gün olmuşdur. Aybaşı tsikli 34 nəfərdə (49,28%) müntəzəm, 35 nəfərdə (50,72 %) isə qeyri-müntəzəm olmuşdur.
Aparılan tədqiqatda peri- və postmenopauzal dövrdə olan qadınların anamnezini araşdırarkən müəyyən edilmişdir ki, 69 xəstənin 23-də (33,3%) aybaşı pozulması menarxedən 6,19+0,29 (2-11) il sonra baş vermişdir. Müayinə zamanı təyin edilmişdir ki, Ferriman-Qolvey şkalasına görə peri- və postmenopauzal dövrdə olan qadınlarda hirsud rəqəm 18,0+0,24 (15-21) bal, hormonal rəqəm 14,97+0,23 (12-19) bal, indiferent rəqəm isə 3,03+0,1 (2-4) bal olmuşdur ki, bu da hirsutizmin orta ağır dərəcəsinin əks etdirir.
Peri- və postmenopauzal dövrdə olan qadınlarda klinik, funksional, hormonal, biokomyəvi müayinələr əsasında HA-nın səbəblərinin tezliyi öyrənilmişdir. Peri- və postmenopauzal dövrdə hiperandrogeniya 14,6% halda (n=10) hiperprolaktinemiya, 30,4% halda (n=21) yumurtalıqların polikistoz sindromu, 24,6% halda isə (n=17) yatrogen səbəblərdən baş vermişdir. 30,4% (n=21) halda digər endokrin pozulmalar, o cümlədən II tip şəkərli diabet 18,8% (n=13) və metabolik sindrom 11,6% (n=8) təyin edilmişdir.
Medikamentoz HA-nı qlükokortikosteroid, antihipertenziv preparatların uzun müddətli qəbulu ilə əlaqələndirilmək olar. Bu zaman HA-ya səbəb olan digər üzvü və funksional dəyişikliklər istisna olunmuşdur.
Müayinə olunan qadınlarda cinsi əlaqə 26,11+0,2 (18-44) yaşından başlamışdır. Reproduktiv funksiyanı təhlil edərkən müəyyən olmuşdur ki, 69 qadının anamnezində 6,91+0,23 (2-8) hamiləlik olmuş, doğuşların sayı 2,31+0,12 (1-4), abortların sayı 1,53+0,1 (1-3), erkən düşüklərin sayı 1,62+0,12 (1-3), gec düşüklərin sayı isə 1,45+0,14 (1-3) olmuşdur. 3 (4,35%) qadında ümumiyyətlə cinsi əlaqə olmamışdır.
Postmenopauzal dövrdə olan qadınların 53-ünün (76,81%) menopauzada olma müddəti 9,94+0,78 (1-22) il olmuşdur.
Beləliklə, peri- və postmenopauzal dövrdə hər üçüncü qadında YPS, hər dördüncü qadında yatrogen HA aşkar edilmişdir.
Qeyd etmək lazımdır ki, yüksək tezliklə (30,4%) digər endokrin pozulmalar, o cümlədən II tip ŞD 18,8%, metabolik sindrom 11,6% təyin edilmişdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Ахундова Н.Э. Состояние гипоталамо – гипофизарно-надпочечниково-яичниковой системы и функциональной активности щитовидной железы у женщин с гиперандрогенией на фоне гиперпролактинемии // Вестник Современной Клинической Медицины 2017, Том 10, выпуск 5, стр. 7-11.
2.Баджелан Б., Горячкина М.В., Джобава Э.М., Доброхотова Ю.Э. Гиперандрогения и акне в практике гинеколога и дерматолога: вопросы диагностики и терапии // РМЖ., 2008, т.16, №1, с.54-56.
3.Громова О.А., Торшин И.Ю., Лиманова О.А., Никонов А.А. Патофизиология вегетативно-сосудистых пароксизмов (приливы) в период менопаузы у женщин и механизмы воздействия бета-аланина. Новая клинико-фармакологическая концепция // Гинекология, 2010, №12, вып.2, с.3-10.
4.Зайдиева Я.З. Гиперандрогения у женщин в постменопаузе: клинические формы и дифференциальная диагностика // Российский вестник акушера-гинеколога, 2013, №4, с.89-94.
5.Линева О.И. Клиническая эффективность гомеопатического препарата Ременс в лечении климактерического синдрома//Самара, 2012.
6.Klotz R.K., Muller-Holzner E., Fessler S., Reimer D.U. Leydig-cell-tumor of the ovary that responded to GnRH-analogue administration – case report and review of the literature// Exp.Clin.Endocrinol.Diabetes., 2010, №118, p.291-297.
7.Kennedy L., Traub A.L., Atkinson A.B., Sheridan B. Short term administration of gonadotropin-releasing hormone analog to a patient with a testosterone-secreting ovarian tumor// J.Clin.Endocrinol.Metab., 1987, №64, p.1320-1322.
8.March W.A., Moore V.M., Willson K.J. The prevalence of polycystic ovary syndrome in a community sample assessed under contrasting diagnostic criteria // Hum.Reprod, 2010, №25, p.544-551.
9.Markopoulos M.C., Rizos D., Valsamakis G., Deligeoroglou E. Hyperandrogenism in women with polycystic ovary syndrome persists after menopause // J.Clin.Endocrin.Metab., 2011, vol.93, №3, p.623-631.
10.Markopoulos M.C., Kassi E., Alexandraki K.I., Mastorakos G. Hyperandrogenism after menopause // European Journal of Endokrinology, 2015, №172, p.79-91.
11.Martin K.A., Chang R.J., Ehrmann D.A. Evaluation and treatment of hirsutism in premenopausal women: an Endockine Society clinical practice guideline // J.Clin.Endocrinol.Metab, 2008, vol.93, №4, p.1105-1120.
12.Ozdemir S., Ozdemir M., Gorkemli H. Specific dermatologic features of the polycystic ovary syndrome and its association with biochemical markers of the metabolic syndrome and hyperandrogenism // Acta Obstet Gynecol Scand., 2010, №89, p.199-204.
13.Puurunen J., Piltonen T., Jaakkola P., Ruokonen A. Adrenal androgen production capacity remains high up to menopause in women with polycystic ovary syndrome // J.Clin.Endocrinol. Metab., 2009, №94, p.1973-1978.
14.Shah D., Bansal S. Polycystic ovaries-beyond menopause// Climacteric, 2014, №17, p.109-115.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı