AZƏRBAYCANDA BECƏRİLƏN SELLOV FEYXOASININ BƏZİ FARMAKOQNOSTİK TƏDQİQİ
15-09-2018
Açar sözlər: Feijova sellowiana, flavonoidlər, spektrofotometrik analiz
Təbiətdə mövcud olanbitkilərin bioloji fəallıq spektri onların tərkibində olan müxtəlif kimyəvi quruluşlu bioloji fəal maddələrdən asılıdır. Qədim zamanlarda bitkilərin istifadəsi empirik təcrübə əsasında müəyyənləşdirilirdi. Müasir dövrdə isə bu cür problemlər əczaçılıq, biologiya və kimyanın inkişafı sayəsində formalaşmış elmi baza əsasında həll edilir.
Azərbaycan Respublikasının florası zənginliyi ilə seçilir, həmçinin ölkə ərazisində müxtəlif məqsədlərlə bir çox bitkilər becərilir. Məhz bu baxımdan ölkə ərazisində becərilən bitkilərin fitokimyəvi tədqiqi, onlardan alınmış təsiredici maddələr əsasında mövcud olan dərman vasitələrinə nisbətən daha effektiv və səmərəli yeni dərman vasitələrinin yaradılması müasir əczaçılıq elminin qarşısında duran aktual məsələlərdəndir.
Bu baxımdan Azərbaycan florasında olan, tibb praktikasında, eləcə də yeyinti sənayesində geniş istifadə olunan dərman bitkiləri mühüm yer tutur. Belə bitkilərdən biri də Feijoa sellowiana Berq. - Sellov feyxoasıdır. Elmi təbabətdə bu fəsiləyə aid dərman bitkiləri bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Ədəbiyyat məlumatlarının araşdırılması göstərdi ki, bitkinin əsasən, meyvələri fitokimyəvi tədqiq edilmiş və tibb təcrübəsində istifadə edilir. Bitkinin yarpaqlarının fitokimyəvi tədqiqi və istifadəsi haqqında çox az ədəbiyyat məlumatı aşkar edilmişdir [1-5].
Mərsinkimilər fəsiləsinə 145-ə qədər cins və 3600-dan çox bitki növü daxildir. Əsasən, tropik və subtropik bölgələrdə (Cənubi Amerika və Avstraliya) yayılmışdır. Mərsinkimilər fəsiləsinə daha çox ağac və kol bitkiləri daxildir. Azərbaycanda mərsinkimilər fəsiləsinə daxil olan bitkilər əsasən, bəzək bitkisi və qida məqsədilə becərilir. Sellov feyxoası bitkisi Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Abşeron və s. rayonlarda geniş şəkildə becərilir [1].
Feyxoa tibb praktikasında ürək-damar sistemi xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Son illər dünyanın müxtəlif ölkələrində feyxoanın daha məhsuldar və yüksək keyfiyyətli çeşidlərinin alınması istiqamətində işlər aparılır. Feyxoa bitkisinin biokimyəvi xüsusiyyətində şəkərlər, üzvi turşular, pektin maddələri, yod, uçucu kompleks, C vitamini və s. birləşmələr vacib tərkib hissələri hesab olunur. Lakin feyxoanın müalicəvi-diyetik xassəsini formalaşdıran, eləcə də meyvələrin dad keyfiyyətini formalaşdıran flavonoid birləşmələri uzun illər az tədqiqi edilmişdir. Bəzi ölkələrdə feyxoanın meyvə və yarpaqlarının tərkibində olan flavonoidlərin öyrənilməsi onlardan səmərəli istifadəyə imkanlar açır. Bitkinin flavonoid tərkibinin öyrənilməsi həmçinin yüksək səviyyədə seleksiya-genetik işlərin aparılmasına şərait yaradır [6-15].
Aparılmış tədqiqatlar nəticəsində feyxoa bitkinin 4 müxtəlif sortunun yarpaqlarında flavonoidlər öyrənilmişdir. Bu bitkilərdən alınmış maddələr flavonol, katexin və leykoantosianidinlərə aiddir. Həmçinin fenolkarbon turşularına aid olan maddələr alınmışdır. Feyxoa meyvələrinin tərkibində 6,8 % şəkərlər, 2,3 % üzvi turşular, 1,4 % pektin maddələri, 50 mq%-ə qədər C vitamini, yod və s. aşkar edilmişdir [12, 14].
Feyxoa meyvələrinin tərkibində saxaroza aşkar edilmişdir. Meyvələrin turşuluğu kifayət dərəcədə yüksəkdir. Yetişmiş meyvələrin tərkibində yüksək miqdarda C vitamini var. Onların tərkibində həmçinin pektin maddələri, sellüloza və az miqdarda zülal maddələri aşkar edilmişdir. Meyvələrin tərkibində olan aminturşular zəngin tərkibə malik deyil. Əsasən, 5 aminturşu: asparagin, argin, qlütamin, alanin və tirozin müəyyən edilmişdir. Feyxoa bitkisinin unikal xassələrindən biri də tərkibində insan orqanizmi tərəfindən asan mənimsənilən suda həll olan yod birləşmələri saxlamasıdır. Bu xassəsinə görə feyxoa mövcud olan bütün bitkiləri üstələyir. Meyvələrin tərkibində həmçinin fenol birləşmələri var. Onlara katexinlər, leykoantosianlar və s. aiddir. Meyvənin daha çox qabığında həll olan tanin var ki, o da xammala büzüşdürücü dad verir. Qabıq meyvənin ətli hissəsindən asan qopur. Feyxoa meyvələrinin spesifik çiyələkli-ananas iyi tərkibində 93 müxtəlif üzvi maddələr olan efir yağı ilə bağlıdır. Feyxoa meyvələri elmi və xalq təbabətində qalxanvari vəzinin xəstəliklərində və aterosklerozda istifadə olunur. Meyvələr həmçinin C vitaminin hipo- və avitaminozunda, mədə-bağırsaq traktının iltihabi xəstəliklərində, qastritdə və pielonefritdə təyin edilir [5-9]. Bitkinin meyvələrinin təzə meyvələri, həmçinin onlardan hazırlanmış mürəbbə, şəkərlə qarəşdırılımış forması, cem, və s. məhsullar aterosklerozdan əziyyət çəkən insanlar üçün çox faydalıdır [3-5].
Tədqiqatın məqsədi Azərbaycanda becərilən sellov feyxoasının bəzi farmakoqnostik tədqiqatlarını həyata keçirməkdir.
Tədqiqatın material və metodları.İlkin fitokimyəvi tədqiqatlar nəticəsində sellov feyxoasının tərkibində polisaxaridlər, flavonoidlər və aşı maddələri aşkar edilmişdir. Əsas bioloji fəal birləşmələrin bir qrupunu flavonoidlərin təşkil etdiyini nəzərə alaraq, onların miqdari təyinatı həyata keçirilmişdir. Bioloji fəal maddələrin miqdari təyinatında spektrofotometrik üsuldan geniş istifadə olunur [16]. İlk növbədə tədqiq edlən bitkinin tərkibində flavonoidlərin eynilik təyinatı həyata keçirilmişdir. Bunun üçün feyxoa bitkisinin yarpaqlarından 5 qr götürülür və xırdalanır. Sonra isə həcmi 100 ml olan kolbaya yerləşdirilir, üzərinə 50 ml etanol əlavə edilir, əks soyuducu ilə birləşdirilir və su hamamı üzərində 10-15 dəq qızdırılır. Qaynamağa başlayandan sonra süzgəc kağızından süzülür. Alınan çıxarışdan flavonoidlərə aid eynilik və xromatoqrafik təyinatlar aparılır.
Sianidin reaksiyası. 1 ml çıxarışın üzərinə 2-3 damcı qatı xlorid turşusu və az miqdarda maqnezium metalı əlavə edilir. Qırmızı rəng müşahidə edildi.
Briantiya görə sianidin reaksiyası. Sianidin reaksiyasının rəngli məhluluna 1/3 hissəsi qədər oktanol və ya butanol əlavə olunur. Təbəqələşmə gedənə qədər su ilə duruldulur, çalxalanır və piqmentlərin sulu və ya üzvi fazaya keçməsi müşahidə edilir. Qlikozidlərin piqmentləri suda, aqlikonlar isə üzvi həlledici təbəqəsinə keçir.
Qələvi ilə reaksiya. 1 ml çıxarışa 1-2 damcı 10 %-li kalium-hidroksidin (natrium-hidroksidin) spirtli məhlulu əlavə edilir. Məhlul sarı rəngə boyanır.
Alüminium-xloridlə reaksiya. Çıxarışın 1 ml-ə 1 ml alüminium-xloridin 2 %-li spirtli məhlulu əlavə edilir. Flavonollar üçün xarakterik olan sarı boyanma müşahidə edildi.
Dəmir (III)-xloridlə reaksiya. 1 ml çıxarışın üzərinə 2-3 damcı dəmir-xloridin spirtdəki 1 %-li məhlulundan əlavə edilir. Flavonollar üçün xarakterik olan qəhvəyi rəng müşahidə edildi.
Vilson reaksiyası. 2 ml çıxarışın üzərinə 1 ml 2 %-li bor turşusu məhlulu və 1 ml 2 %-li limon (turşəng) turşusunun spirtli məhlulu əlavə edilir. Flavonollar üçün xarakterik olan parlaq-sarı boyanma müşahidə edildi.
Dimrot reaktivi ilə reaksiya. 2 ml çıxarışın üzərinə 1 ml bor turşusu məhlulu ilə doyma halına çatdırılmış sirkə anhidridi əlavə edilir. 110 0C qızdırdıqda flavonollar üçün xarakterik sarı boyanma müşahidə edildi.
Sinkin 18 %-li HCL məhlulunda məhlulu ilə reaksiya. Alınmış çıxarışdan 2 ml götürülür, üzərinə 1 ml məhluldan əlavə edilir. Flavonollar üçün xarakterik olan qırmızı boyanma müşahidə edildi.
1 %-li qurğuşun-asetat məhlulu ilə reaksiya. 2 ml çıxarışın üzərinə 1 ml məhluldan əlavə edilir. Flavonollar üçün xarakterik qırmızı çöküntü müşahidə edildi.
H2SO4 ilə reaksiya. 2 ml çıxarışın üzərinə 1 ml qatı sulfat turşusu əlavə edilir. Flavonollar üçün xarakterik sarı-qəhvəyi boyanma müşahidə edildi.
Flavonoidlərə aid eynilik reaksiyalarında müsbət cavablar alındıqdan sonra onların sayını və miqdarını təyin etməyi məqsədəuyğun hesab etdik.
Flavonoidlərin xromatoqrafik analizini aparmaq üçün, bitkidən alınmış flavonoid məcmuyunu 15 %-li sirkə turşusu, və BSS (n-butanol, sirkə turşusu, su) 4:1:2 həlledici sistemində xromatoqrafiya etdik. Xromatoqramı adi işıq, UB şüalar altında müşahidə etdikdən sonra, ammonyak buxarları və ya 5 %-li qələvinin spirtli məhlulu ilə aşkarladıq. Bunun üçün FN-15 markalı xromatoqrafik kağız götürdük və kağızın üzərində start nöqtəsini qeyd etdik. Yuxarıda aldığımız fraksiyalardan şüşə kapillyarla start xəttinin ortasına damızdırdıq. Sirkə turşusu -su (15:85) və 4:1:2 nisbətində götürülmüş n-butanol-sirkə turşusu-sudan ibarət həlledici sistemi hazırladıq. Ləkələri tam aydın və parlaq görmək məqsədi ilə xromatoqramları ammonyak buxarları və ya 5 %-li qələvinin spirtli məhlulu ilə işlədik. Bu zaman xromatoqramların üzərində flavonoidlərə uyğun olan və eyni zamanda sarı-narıncı flüorenssensiyalı ləkələr göründü. Ədəbiyyat məlumatlarına görə feyxoa bitkisinin yarpaqlarında 4 flavonoid: avikularin, hiperin, reinoutrin və quacuaverin aşkar edilmişdir. Lakin bizim apardığımız tədqiqatlar zamanı 2 maddə: avikulyarin və hiperin aşkar edilmişdir. Ola bilər ki, digər 2 maddənin miqdarı çox az olduğundan xromatoqrafik tədqiqatlar zamanı aşkar edilməmişdir.
Aparılmış tədqiqat nəticəsində BSS sistemində Rf-ləri 0,84 və 0,77 və həmçinin 15 %-li sirkə turşusu sistemində müvafiq olaraq 0,17 və 0,013 olan flavonoidlər təyin edildi. Rf-ə uyğun olaraq bu maddələrin avikularin və hiperin olduğu müəyyənləşdirildi.
Eynilik reaksiyalarından müsbət nəticələr alındıqdan sonra flavonoidlərin miqdari təyinatı yerinə yetirilmişdir.
İşin gedişi. Sellov feyxoası bitkisinin xammalının – yarpaqlarının analitik nümunəsi o qədər xırdalanır ki, məsamələrinin diametri 1 mm olan ələkdən ələnsin. Xırdalanmış və ələnmiş xammaldan 1 qr (dəqiq çəki) həcmi 150 ml olan cilalanmış kolbaya tökülür və üzərinə 30 ml 50 %-li etil spirti əlavə edilir. Kolba əks soyuducuya birləşdirilir, qaynar su hamamı üzərində 30 dəq müddətində qızdırılır. Kolbanın divarlarına yapışmış xammal hissəciklərini islatmaq üçün aradabir çalxalanır. İsti çıxarış pambıqdan həcmi 100 ml olan ölçülü kolbaya elə süzülür ki, xammal hissəcikləri pambığın üzərinə tökülməsin. Süzmək üçün istifadə olunmuş pambıq ekstraksiya gedən kolbaya yerləşdirilir, üzərinə 30 ml 50 %-li etil spirti əlavə edilir. Ekstraksiya yuxarıda göstərilən qaydada daha 2 dəfə təkrarlanır və çıxarışlar ölçülü kolbaya süzülür. Soyuduqdan sonra çıxarışın həcmi 50 %-li etil spirti ilə ölçüyə çatdırılır və qarışdırılır (A məhlulu).
Həcmi 25 ml olan ölçülü kolbaya A məhlulundan 1 ml tökülür, üzərinə 2 ml alüminium-xloridin 95 %-li etil spirtindəki məhlulu əlavə edilir və kolbanın həcmi 95 %-li etil spirti ilə ölçüyə çatdırılır. 40 dəq-dən sonra məhlulun optiki sıxlığı spektrofotometrdə 415 nm dalğa uzunluğunda, qatının qalınlığı 10 mm olan küvetdə ölçülür. Müqayisə məhlulu kimi 25 ml-lik ölçülü kolbaya tökülmüş 1 ml çıxarışdan, 1 damcı duru sirkə turşusundan və həcmi 95 %-li etil spirti ilə ölçüyə çatdırılmış qarışıqdan istifadə olunur.
Paralel olaraq yuxarıda göstərilən qaydada hazırlanmış rutinin standart nümunə məhlulunun optiki sıxlığı da eyni şəraitdə ölçülür.
Mütləq quru xammalda flavonoidlərin rutinə nisbətən faizlə miqdarı aşağıdakı düsturla hesablanır:
Burada, D – tədqiq olunan məhlulun optiki sıxlığı;
D0 – rutinin standart nümunə məhlulunun optiki sıxlığı;
m – xammalın çəkisi, qr-la;
m0 – rutinin standart nümunəsinin çəkisi, qr-la;
W – xammalı qurutduqda çəkidə itki, %-lə (12,4 %).
Сədvəl № 1.
Sellov feyxoası yarpaqlarında flavonoidlərin miqdari təyininin nəticələri
Flavonoidlərin miqdarı, %-lə |
Metroloji xüsusiyyətləri |
0,964 0,967 0,969 0,958 0,965 0,968 |
`X=0,96 %; S=0,016637; Sx=0,06791; ea=0,0188518; A=±0,019536 % a= 0,96±0,019536 % |
Aparılmış tədqiqat nəticəsində müəyyən etdik ki, feyxoa bitkisinin yarpaqlarında 0,96 % flavonoid məcmuyu vardır.
Nəticələr və onların müzakirəsi. Statistik işləmələrdə düzgün nəticə almaq üçün flavonoidlərin miqdari təyinatı 6 dəfədən az aparılmamalıdır. Rutinin standart nümunə məhlulunun hazırlanması belə həyata keçirilmişdir: 0,05 qr (dəqiq çəki) standart rutin nümunəsi qabaqcadan 130-135 0C temperaturda 3 saat müddətində qurudulur. Həcmi 100 ml olan ölçülü kolbada 85 ml 95 %-li etil spirtində qızdırmaqla həll edilir. Soyudulur, miqdari cəhətdən 100 ml-lik ölçülü kolbaya keçirilir, kolbanın həcmi 95 %-li etil spirti ilə ölçüyə çatdırılır və qarışdırılır.
Yerinə yetirilmiş tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, sellov feyxoası yarpaqlarında 0,96 % flavonoid məcmuyu vardır. Miqdari təyinatda alınmış nəticələrin statistik işlənməsi həyata keçirilmişdir [16].
Yekun.Aparılmış fitokimyəvi tədqiqat nəticəsində müəyyən edilmişdir ki, sellov feyxoasının yarpaqlarının tərkibində 2 flavonoid vardır, onların n-butanol-su-sirkə turşusu (4:1:2) sistemində Rf-ləri 0,84 və 0,77 və həmçinin 15 %-li sirkə turşusu sistemində müvafiq olaraq 0,17 və 0,013 olması müəyyən edilmişdir. Rf-ə uyğun olaraq bu maddələrin avikularin və hiperin olduğu müəyyənləşdirildi. Yerinə yetirilmiş spektrofotometrik analiz nəticəsində müəyyən edilmişdir ki, sellov feyxoasının yarpaqlarının tərkibində 0,96 % flavonoid məcmuyu vardır. Sellov feyxoası bitkisindən fərdi flavonoidlərin alınması, eləcə də alınmış bioloji fəal maddələr əsasında effektli fitovasitələrin yaradılması aktual və perspektivli məsələdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1. Флора Азербайджана. Баку, Изд-во АН Аз ССР, в 8-х томах, т.6, с. 323-324.
2. Каландиа А., Ванидзе М., Шалашвили А.Г. Флавоноидные соединения плодов фейхоа. ISSN 1029-5143 “Химия растительного сырья” г. Барнаул. 2009, с. 234-239.
3. Колесник А.А., Голубев В.Н. Липиды плодов фейхоа // Химия природных соединений, 1991, № 4. с.464-467.
4. Стародубцева В.П., Харебава Л.Г., Ванидзе М.Р. Исследование влияния сублимационной сушки на состав летучего комплекса плодов фейхоа //Субтропические культуры. 1991, № 5, с. 73-75.
5. Чхиквишвили И.Д., Ванидзе М.Р., Шалашвили А.Г., Николадзе B.C. Выделение и идентификация флавоноидных гликозидов - гиперина и авикулярина из листьев фейхоа //Субтропические культуры. 1989. № 6(224), с. 65-70.
6. Adriana B., Bruno B. Effects of air pollution on production of essential oil in Feijoa Sellowiana Berg. grown in the 'Italian Triangle of Death' International Journal of Environment and Health (IJEnvH) Jun. 30, 2010, p. 102-114.
7. Basile A., Vuotto M.L. Antibacterial activity in Actinidia chinensis, Feijoa sellowiana and Aberia caffra // International Journal of Antimicrobial Agents. 1997, №8 (3), p. 199-203.
8. Basile A., Conte B., Rigano D. Antibacterial and antifungal properties of acetonic extract of Feijoa sellowiana fruits and its effect on Helicobacter pylori growth. J Med Food. 2010, Feb; № 13 (1), p. 189-195.
9. Fernando R. Feijoa [Acca sellowiana (O. Berg) Burret] pollination: A review // Scienta horticulturae, 2017, vol. 226, p. 333-341.
10. http://intelmeal.ru/nutrition/foodinfo-feijoa-raw.php.
11. Mariko M., Yuka N. Suppressing Effects of Feijoa sellowiana Berg (Feijoa) on Cytokine Secretion by Intestinal Epithelium Food Science and Technology Research, 2005, Vol. 11, № 1, p.71-76.
12. Mohammadi K. Study of the Hepatoprotective Activity of Methanolic Extract of Feijoa sellowiana Fruits Against MDMA using the Isolated Rat Liver Perfusion System // Iranian journal of pharmaceutical research, 2013, vol. 12, p. 85-91.
13. Rosete Pescador, Gilberto B. Kerbauy, Jane E. Kraus et al. Figueiredo-Ribeiro Changes in soluble carbohydrates and starch amounts during somatic and zygotic embryogenesis of Acca sellowiana (Myrtaceae), 2004, p. 211-216.
14. Stefanello, S., L. L. Dal Vesco, J. P H J. Ducroquet et al. Somatic embryogenesis from floral tissues of feijoa (Feijoa sellowiana Berg). Sci. Hort 2005, v. 105, p. 117-126.
15. Vuotto M.L., Basile A. Antimicrobial and antioxidant activities of Feijoa sellowiana fruit // International Journal of Antimicrobial Agents. 2000, Jan. Vol. 13 (3), p. 197-201.
16. Государственная Фармакопея СССР XI изд., Вып. 1, Общие методы анализа. МЗ СССР, Москва, 1987, 336 с.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı