UNUDULMUŞ İNFEKSİYALARIN QAYITMA TƏHLÜKƏSİ

10-05-2018

Yoluxucu xəstəliklərə qarşı vaksinasiya bütün təbabət tarixi ərzində ən böyük kəşflərdən biri hesab olunur. Vaksin ilk dəfə təbii çiçəklə xəstələnmənin qarşısını almaq üçün 1796-cı ildə  E.Cenner tərəfindən alınmışdır [1]. 1886-cı ildə L.Paster ölümcül «zəhərin» zəhər əleyhinə  maddəyə – vaksinə çevrilməsinin üsulunu kəşf etmişdir. Vaksin mikroorqanizmin zəiflədilmiş formasıdır. O, orqanizmi təhlükəni tanımağa «öyrədir». Ona görə də, hər hansı bir virusun hücumu zamanı orqanizm artıq hazır olur və ondan qorunur. Peyvənd prosesində qazanılmış və xəstəliyin konkret törədicisindən müdafiə üçün yaradılmış süni immunitet nəticəsində həmin infeksiya vaksin profilaktikası ilə idarə olunan infeksiyaya çevrilir [2].

Dünya təcrübəsi göstərir ki, müasir cəmiyyət vaksindən asılı cəmiyyət olmuşdur və epidemioloji salamatlığın qorunub saxlanması üçün hətta qarşısı alınmalı infeksiya qeyd olunmadığı və ya tək-tək hallarda qeydə alındığı hallarda belə, uşaqların 95%-nin vaksinasiyası vacibdir. Vaksinasiyanın dayandırılması çoxdan unudulmuş infeksiyaların qayıtmasına gətirib çıxarır [3]. Dünyanın, demək olar ki, bütün ölkələrində peyvəndlərin xüsusi qrafiki (planlı profilaktik peyvəndlər təqvimi) işlənib hazırlanmışdır. XX əsrin sonunda infeksion xəstələnmələrin səviyyəsi azalmışdır ki, bu da əksər mədəni ölkələrdə aparılan kütləvi immunizasiyanın uğurları ilə əlaqədardır. Vaksinasiya səbəbindən bəşəriyyəti başdan-başa qırılma təhlükəsi qarşısında qoyan bir çox ictimai təhlükə törədən xəstəliklər – taun, vəba və s. məğlub edilmişdir. Təbii çiçəyin kökünün kəsilməsi rəsmi surətdə 1980-ci ildə ÜST-nin baş məclisində elan edilmişdir [4]. Hazırkı dövrdə 45-dən çox xəstəliklə mübarizə aparmaq üçün vaksin yaradılmışdır, onlar hər il yoluxucu xəstəliklərdən 3 milyona qədər ölüm hallarının qarşısını almağa imkan verir. İmmunlaşdırma insanların difteriya, tetanus, poliomielit, qızılca, məxmərək, pnevmokok infeksiyası, viruslu A və B hepatitləri, gənə virus ensefalitləri və s. kimi xəstəliklərdən müdafiəsini təmin edir. Son illərdə bir sıra xəstəliklərin amamilə yox olmasına böyük ümidlər əmələ gəlmişdir[5] .

Lakin internet və digər müasir kütləvi kommunikasiya vasitələri əsrində peyvəndlərin effektivsizliyi və təhlükəsiz olmaması barədə bir sıra elmə zidd nəşrlər yayılır. Sosial-ideoloji fenomen kimi müasir peyvənd əleyhinə əsasən təcrübi təbabətin uzaq tərəfdarları tərəfindən yaranır və yayılır. Onların əsas arqumentləri (vaksinasiyanın effektsizliyi və təhlükəsiz olmaması, məcburi peyvəndlərlə insan hüquqlarının pozulması, dini səbəblər, vaksinin əlavə təsirləri, immun sistemin işinə müdaxilə, əczaçıların əlbirlik nəzəriyyəsi və s.) praktik olaraq XIX əsrin sonlarının antivaksinatorlarının arqumentlərindən fərqlənmir. Hərəkatın əsasını alternativ təbabətin – homeopatiyanın, xiropraktikanın, otlarla müalicənin tərəfdarları təşkil edir ki, onlar da öz xidmətlərinin reklamı üçün peyvənd əleyhinə ritorikadan istifadə edirlər. Antivaksinatorların dəlilləri – vaksinlərlə autizm arasında əlaqə elmi məlumatlarla təkzib edilir və təsdiq edilmir, «həyəcanlı və təhlükəli yanlışlıq» kimi xarakterizə olunur [6]. «Peyvənd əleyhinə nəzəriyyəyə» inanaraq, bir çox valideynlərdə peyvəndlərə inamsızlıq əmələ gəlmişdir. Peyvənd əleyhinə olan valiyenlərin əsas «uşaq xəstəliklərinə» qarşı vaksinasiyadan kütləvi surətdə könüllü imtina etməsi cəmiyyət üçün təhlükəlidir. Vaksinasiya qaydalarına əməl edilən yerlərdə xəstələnmə statistikası xeyli aşağıdır və bu ölkələrdə epidemioloji vəziyyətin kəskinləşməsi müşahidə edilmir, mümkün ağırlaşmalarla birlikdə ağır xəstələnmələrin riski postvaksinal ağırlaşmalar riskindən dəfələrlə artıqdır [7].

Hazırkı dövrdə peyvəndlərlə əhatə olunma böhran vəziyyətinə qədər azalmışdır. İnkişaf etmiş ölkələrdə məğlub edilmiş hesab edilən bir çox infeksiyalar «ikinci həyat» qazanır. Əhali arasında vaksinasiya olunanların sayının kifayət qədər olmaması unudulmuş infeksiyaların sürətlə qayıtmasına səbəb olur. Vaksindən kütləvi suətdə imtina edilən ölkələrdə və regionlarda vaksinasiyası dayandırılmış xəstəliklərin epidemiyaları baş vermişdir. Vaksinasiya çox vaxt peyvənd əleyhinə olanlar tərəfindən insan hüquqlarının pozulması kimi qəbul edilir. Həqiqətdə isə uşağın hüquqları pozulmur. Profilaktik peyvəndlərdən imtina edən valideynlər isə uşağın sağlamlıq hüquqlarını pozaraq, onları infeksion xəstəliklərdən müdafiəyə olan qanuni hüquqdan məhrum edirlər[8].

Son zamanlar peyvənd əleyhinə hərəkat kütləvi xarakter almışdır, onun iştirakçıları immun sistemin işinə müdaxilə etməyin əleyhinə çıxış edirlər. Antivaksinatorlar hesab edirlər ki, eyni vaxtda çoxlu miqdarda yeridilən vaksinlər immun sistem üçün artıq yük yarada və uşağın immunitetini zəiflədə bilər. Lakin məlumdur ki, immun sistem eyni zamanda minlərə virusa qarşı cavab hazırlaya bilər. Vaksinasiyadan yalnız o zaman imtina edilir ki, şübhəsiz əks göstərişlər olsun. Əks göstərişlərin siyahısına az-az rast gələn ciddi patologiyalar daxil edilir, məsələn: sinir sisteminin ağır proqressivləşən xəstəlikləri, qıcolmaların bəzi növləri, immundefisit vəziyyətlər, vaksinin tərkibinə daxil olan komponentlərə dözülməzlik (anamnezdə yumurta zülalına qarşı anafilaktik reaksiyalar, aminqlükozidlərə qarşı allergik reaksiyalar), qanın bədxassəli xəstəlikləri və yenitörəmələr. ÜST-nin məlumatlarına görə, dünyada hər il yoluxucu xəstəliklərdən 16 milyondan sox insan ölür. Vaksinlər 2010-cu ildən 2015-ci ilə qədər 10 milyondan artıq insan həyatını qoruyub saxlamışdır ki, onların da çox hissəsi uşaqlardır. Əgər vaksinasiya ləğv edilərsə, az-az rast gələn bir çox xəstəliklər geniş yayılacaqdır; bu, son zamanlar nəzərə çarpır [9].

İmmunlaşdırma vaksinin köməyi ilə qarşısı alınan difteriya, viruslu B hepatiti, qızılca, göyöskürək, pnevmokokk infeksiyası, poliomielit, vərəm, b tipli hemofil infeksiyası, məxmərək, parotit, tetanus, uşaqlıq boynunun xərçəngi, rotavirus diareyası və s. xəstəliklərdən xəstələnmənin, əlilliyin və ölümün qarısını almağa imkan verir [10]. Qızılcaya qarşı yüksək həssaslıq sayəsində əvvəllər praktik olaraq bütün uşaqlar mütləq qaydada bu infeksiya ilə xəstələnirdi. Başdan-başa vaksinasiya vəziyyəti dəyişdi və qızılcanı kifayət qədər az-az rast gələn xəstəliyə çevirdi, lakin indi əhalinin vaksinasiya ilə əhatə olunması səviyyəsinin azalması səbəbindən, yenidən bu ağır xəstəliyin alovlanmaları müşahidə olunur. Qızılca haqqında xatırlayır, bilir, tələbələrə, tibb işçilərinə onun barəsində tədris edirlər, lakin «canlı» olaraq artıq çoxdan onunla rastlaşmırlar [11]. Belə ki, məsələn, məğlub edilmiş infeksiyalardan qızılca Avropaya qayıdaraq, özü ilə potensial  ölümcül ağırlaşmaları da gətirir. Avropa regionunun 14-dən çox ölkəsində (İtaliya, Rumıniya, Çexiya, Avstriya, Portuqaliya, Macarıstan, İslandiya, Slovakiya, İspaniya, İsveç, Rusiya və s.) əsl  qızılca epidemiyası yayılmışdır. Təkcə 2017-ci ildə 35 ölümlə nəticələnən 20 000 qızılca hadisəsi qeydə alınmışdır - bu əsl faciədir (ÜST-nin Avropa regionunun bəyanatı) və biz belə vəziyyətlə barışa bilmərik. Qızılca və məxmərəyin eliminasiyası prioritet vəzifədir və bunun yerinə yetirilməsini Avropa regonunun bütün ölkələri özünə öhdəlik götürmüşdür [5, 12].

Qızılca yüksək kontagiozlu kəskin virus xəstəliyidir. Müdafiə olunmayan (xəstələnməmiş, peyvənd olunmamış) insan virusla rastlaşdıqda 100% hallarda yoluxur və xəstələnir.Təhlükəsiz və effektiv vaksinin olmasına baxmayaraq, qızılca bütün dünyada erkən yaşlı  uşaqlar arasında ölümün əsas səbəblərindən biri olaraq qalır [2, 4,13]. Qızılca ilə xəstələnmiş insanlarda bütün həyatı boyu qalan immunitet yaranır. Vaksinasiya olunmamış uşaqlarda qızılcaya yoluxma, həmçinin ölümlə nəticələnməyə qədər gətirib çıxaran ağırlaşmaların inkişafı riski çox böyükdür. Qızılca adətən klassik uşaq infeksiyası hesab olunur, lakin  hazırda mövcud problemlərdən biri son illərdə onun «yaşının artması»dır. Hamiləlik zamanı qızılca ilə xəstələnmə proqnozun pis olması riskini ciddi surətdə artırır ki, bu da vaxtındanqabaq doğuşlar, spontan abortlar ehtimalının artması və doğularkən uşağın bədən çəkisinin az olması ilə təzahür edir. Hesblamalara görə, 2000-2015-ci illər ərzində qızılcaya görə aparılan vaksinasiya 20,3 milyon xəstələnmə hadisəsinin qarşısını alaraq, qızılcaya görə vaksini ictimai səhiyyənin ən səmərəli nailiyyətlərindən biri etmişdir. Qızılcadan müdafiənin ən etibarlı və effektiv üsulu profilaktik peyvənddir. Əhalidə qızılca virusuna qarşı etibarlı immunitetin yaradılması bu infeksiyanın aradan qaldırılmasının əsas təminatçısıdır. 

Məxmərək - ikinci heç də az əhəmiyyət kəsb etməyən yoluxucu virus xəstəliyi olub, bir qayda olaraq, yüngül keçən və çox vaxt uşaqları xəstələndirən infeksiyadır. Məxmərək hava-damcı yolu ilə yoluxdurulur. Hamilə qadınların məkmərəklə xəstələnməsi (xüsusilə də I üçaylıqda) doğulacaq uşaq üçün ciddi nəticələrə səbəb  ola bilər (anadangəlmə məxmərək). Məxmərək virusu ciftdən keçir və dölü infeksiyalaşdırır (90%) ki, bu da düşüklərə, dölün məhvinə, ölüdoğulmaya və ya uşaqda anadangəlmə məxmərək sindromu (AMS) kimi məlum olan anadangəlmə inkişaf qüsurlarına gətirib çıxara bilər. AMS zamanı klassik Qriq triadası – eşitmə pozğunluğu (karlıq), göz defektləri (anadangəlmə katarakta), ürək qüsurları müşahidə edilir. Məxmərək anadangəlmə qüsurların əsas səbəbidir. Məxmərəyin profilaktikası məqsədilə döllənmədən bir neçə ay əvvəl (gec olmayaraq) peyvənd olunmaq məsləhət görülür. AMS-nin yüksək göstəriciləri ÜST-nin Afrika regionunda və ÜST-nin vaksinasiya ilə əhatə olunmanın aşağı səviyyəsi qeyd olunan Cənub-Şərqi Asiya ölkələri üçün olan regionunda qeydə alınır. ÜST-nin Amerika regionu dünyada məxmərəkdən azad olunan ilk regiondur [2, 4, 14].

Üçüncü xəstəlik - epidemikparotit əsasən virus tərəfindən törədilən və insandan insana hava-damcı yolu ilə keçən uşaq infeksiyasıdır. Bəzən onu donuzcuq da adlandırırlar və o, əsasən qulaqətrafı (tüpürcək) vəziləri zədələyir. Epidemik parotitin ağırlaşmalarına meningit (15%-ə qədər hallarda) orxit və karlıq aid ola bilər. Epidemik parotit əleyhinə vaksin keçən əsrin 60-cı illərindən mövcuddur. Vaksin çox vaxt milli immunlaşdırma proqramında qızılca-parotit-məxmərək vaksini şəklində tətbiq edilir. Epidemik parotit əleyhinə genişmiqyaslı immunlaşdırmanın həyata keçirildiyi ölkələrdə xəstəlik hadisələrinin sayı kəskin surətdə azalmışdır. ÜST epidemik parotitin idarə olunmasına dair strategiyanı qızılca və məxmərək üzərində nəzarət və ya onların ləğvinə dair mövcud prioritet məqsədlərdə birləşdirməyi təklif edir [2, 4, 14]. Parotit vaksinin daxil edilməsi barədə qərar qəbul edildikdən sonra təkidlə kombinasiyalı QPM (qızılca, parotit, məxmərək) vaksinindən istifadə edilməsi tövsiyə olunur.

Qlobal miqyasda vərəmləxəstələnmə ildə təqribən 2% azalır. Vərəmin ləğvinə dair strategiya çərçivəsində 2020-ci ilə aid məqsədə nail olmaq üçün xəstələnmənin azalması tempini ildə 4-5%-ə qədər sürətləndirmək lazımdır. Hesablamalara görə, 2000-ci ildən 2016-cı ilə qədər olan dövrdə vərəmin diaqnostikası və müalicəsi sayəsində 53 milyon insan həyatı xilas edilmişdir. Davamlı inkişaf sahəsində bu yaxınlarda qəbul edilmiş Məqsədlər çərçivəsində səhiyyə sahəsindəki vəziflərindən biri 2030-cu ildə vərəm epidemiyalarına son qoyulmasından ibarətdir [2,5,6,14]. Vərəmin törədicisi bakteriyalardır (Mycobac-terim tuberculosis), o, ən çox ağ ciyərləri zədələyir. Vərəm müalicə olunan və qarşısı alınan xəstəlikdir. Ölkəmizdə vərəm əleyhinə BSJ vaksini ilə planlı profilaktik peyvənd aparılır. O, körpələrdə və kiçik yaşlı uşaqlarda vərəm meningitindən və vərəmin disseminasiyalı formasından müdafiəni təmin edir.

Tərkibinə beş antigen daxil olan pentavaksin difteriya, tetanus, göyöskürək, viruslu b hepatiti və b tipli hemofil infeksiyasının profilaktikasında istifadə edilir. Göyöskürəktənəffüs yollarının uşaq bakterial infeksiyası olub, spazmatik öskürək tutmaları ilə xarakterizə olunur. Nisbətən çox yayılmış ağırlaşması pnevmoniyadır, ensefalopatiya daha az hallarda baş verir. Göyöskürək əleyhinə immunizasiyasının əsas məqsədi körpə dövrdə göyöskürəyin ağır forması ilə xəstələnmə riskinin azaldılmasıdır [15]. Difteriyaümumi toksik əlamətlər və törədicinin giriş qapıları yerində (burun, ağız-udlaq, qırtlaq, göz, dəri, cinsiyyət orqanları) fibrinoz iltihabla, həmçinin ürək-damar, sinir və ifrazat sistemlərinin zədələnməsi ilə müşayiət olunan kəskin antroponoz bakterial infeksiyadır. Difteriyaya qarşı vaksinasiya difteriyadan ölümün və xəstələnmənin kəskin surətdə azalmasına gətirib çıxarmışdır. Lakin difteriya əvvəlki kimi peyvəndlə əhalinin kifayət qədər əhatə olunmadığı ölkələrdə uşaq ölümünün ciddi problemi olaraq qalır. Difteriya əleyhinə vaksin bakterial anatoksindir, yəni toksikliyi inaktivləşdirilmiş toksindir [3, 4, 7, 9].

Hemofilinfeksiyabtipli Haemophilus influenza bakteriyaları tərəfindən törədilən (Hib), hava-damcı yolu ilə keçən antroponoz uşaq xəstəliyidir. 2015-ci ildə Hib əleyhinə vaksin 191 ölkədə tətbiq edilmişdir. Vaksinasiya ictimai səhiyyə sahəsində b tipli hemofil infeksiya ilə törədilən əksər ciddi xəstəliklərin (meningit, pnevmoniya və s.) qarşısını almağa imkan verən yeganə metoddur.

Tetanusu oksigenin olmadığı şəraitdə, məsələn, çirkli yaralar və ya pis təmizlənmiş göbək ciyəsi, inkişaf edən bakteriyalar törədir. Bakteriyalar toksin hasil edir ki, o da ciddi nəticələrə və ölümə  gətirib çıxara bilər. 2015-ci ilin sonuna qədər anaların və uşaqların tetanusunun qarşısını alan vaksin 106 ölkədə tətbiq olunmuşdur. İmmunlaşdırma nəticəsində, hesablamalara görə, 83% yenidoğulmuş uşaq xəstəlikdən qorunmuşdur. Anaların və yenidoğulmuş uşaqların tetanusu 19 ölkədə, əsasən də Afrikada və Asiyada ictimai səhiyyənin problemi olaraq qalır.

Bhepatiti virus xəstəliyi olub, qaraciyərin xronik və kəskin iltihabi xəstəliyinə gətirib çıxarır. Hepatit ən təhlükəli xəstəliklərdən biri hesab edilir və əbəs yerə deyildir ki, o, sonradan qaraciyər sirrozunun və xərçənginin, ölümün səbəbi ola bilər. Hazırkı dövrdə viruslu B hepatiti (VBH) ictimai səhiyyənin təcili tədbirlər tələb edən  əsas problemlərindən biri hesab edilir. B hepatitindən ölüm hallarının sayı artır. Bununla yanaşı, hepatitdən ümumi ölüm faizi artsa da, VBH-nin yeni infeksiyalarının sayı uşaqlar arasında  VBH əleyhinə vaksinasiya ilə əhatə olunmanın genişlənməsi səbəbindən azalır. ÜST-nin yeni məlumatına görə, dünyada təqribən hepatit virusunun törətdiyi xronik infeksiyalı 325 milyon insan var [8, 16]. 2015-ci ilin sonuna olan məlumata görə, südəmər yaşlı uşaqlar üçün olan B hepatiti əleyhinə vaksin (rekombinant) ümummilli səviyyədə 185 ölkədə tətbiq edilmişdir. ÜST ehtiyacı olan bütün insanlar üçün vaksinlərin və dərmanların tamamilə əlçatan olmasına kömək etməyə qərarlıdır.

Poliomielitvə ya uşaq iflici virus etiologiyalı xəstəlikdir. Virus orqanizmə ağızdan daxil olur. Poliomielit əsasən uşaqları xəstələndirsə də, onunla böyüklər də xəstələnə bilər. Poliomielit sinir sistemini zədələyir ki, bu da bərpa olunmayan iflicə gətirib çıxarır. Poliomielit  sağalmayan xəstəlikdir. Yalnız onun qarşısını almaq olar. İflicli poliomielitin profilaktikası üçün effektli vaksinin  işlənib hazıranması XX əsrin ən böyük tibbi nailiyyətlərindən biri olmuşdur. 2012-ci ildə Əfqanıstan və Pakistan poliomielitə qarşı immunlaşdırma kampaniyasını dayandırmışdır. Vaksinin bir il davam edən kütləvi baykotu yeni infeksiyalaşma halları törətdi və virus 12 qonşu ölkədə yayıldı; bu, poliomielitin ləğvinə dair uğurlu finala yaxın görünən kampaniya üçün böyük müvəffəqiyyətsizlik oldu [17, 18]. 2013-cü ildə onlar digər metodlarla poliomielitin öhdəsindən gəlməyin mümkünsüzlüyünü qəbul edərək poliovaksinasiya əleyhinə müharibəni dayandırdılar. 1988-ci ildən etibarən poliomielitlə xəstələnmə hallarının sayı 99%-dən çox azaldılmışdır. Hazırda ÜST-nin himayəsi altında Yer üzərində poliomielitin kökünün kəsilməsinə dair  proqram həyata keçirilir.

Planlı profilaktik peyvəndlər sırasına pnevmokok infeksiyasına qarşı vaksinasiya da daxildir. Pnevmokok infeksiyasına pnevmoniya, meningit və febril bakteriemiya, həmçinin orta otit, sinusit və bronxit aiddir. 2015-ci ilin sonuna olan məlumata görə, pnevmokok vaksini 129 ölkədə tətbiq edilmişdir [5, 6].

Cinsiyyət yollarının ən geniş yayılmış virus infeksiyası – insanın papilloma virusunun törətdiyi uşaqlıq boynunun xərçəngi kimi xəstəliklərə qarşı immunlaşdırma da müvəffəqiyyətlə həyata keçirilir. 2015-ci  ilin sonuna olan məlumata görə, insanın papilloma virusuna qarşı vaksin 66 ölkədə tətbiq olunmuşdur [2,19].

Beynin ağır xəstəliyini törədən meninqokok infeksiyası çoxlu ölümə gətirib çıxarır. 2015-ci ilin sonuna olan məlumata görə, ÜST tərəfindən hazırlanmış MenAfriVac vaksinin tətbiqindən 5 il keçdikdən sonra afrika ölkələrində bu xəstəliklə əhatə olunmuş 235 milyon insan vaksinasiya edilmişdir [2, 7].

Rotaviruslar bütün dünyada erkən yaşlı uşaqlar arasında ağır diareyalı xəstəliklərin ən geniş yayılmış səbəbidir. 2015-ci ilin sonuna olan məlumata görə, rotavirus vaksini 84 ölkədə tətbiq edilmişdir.

Sarı qızdırma infeksiyalaşmış ağcaqanadlarla yoluxdurulan kəskin viruslu hemorragik xəstəlikdir. 2015-ci ilə olan vəziyyətə görə, sarı qızdırma əleyhinə vaksin Afrikada və Amerikada sarı qızdırma riskinə məruz qalan 42 ölkə və ərazidən 35-də uşaqların müntəzəm immunlaşdırılması proqramına daxil edilmişdir [2, 5].

Beləliklə, bizim aramızda infeksiya az-az hallarda rast gəlirsə, bu, o demək deyil ki, yoxdur. Məhz xəstəliklərin geniş yayılmaması vaksinasiyanın əsas xidmətidir. Tibb işçiləri əhalini inandırmalı, onlara vaksinasiyadan imtinanın təhlükəsini izah etməli və lazımi dəlillər gətirməli başa salmalıdırlar ki, vaksinasiya həyati vacib məsələdir. Unudulmuş infeksiyaların qayıtmasının real təhlükəsinin qarşısını almaq üçün bir sıra ölkələrin hökumətləri tərəfindən immunlaşdırmanın səviyyəsini yüksəltmək üçün tədbirlər görülür. Almaniyada belə bir qanun qüvvəyə minmişdir ki, hər bir məktəbəqədər uşağın valideyni hökumətə sübut etməlidir ki, uşaq bütün lazımi peyvəndləri almışdır. Vaksinasiya olunmamış uşaqların valideynləri böyük məbləğdə cərimə ödəməlidir. İtaliyada belə bir qanun qüvvəyə minmişdir ki, məktəbə və uşaq bağçalarına yalnız 12 məcburi peyvənd almış uşaqlar qəbul ediləcəkdir. Fransada 11 xəstəliyə qarşı məcburi vaksinasiya barədə qanun qəbul edilmişdir. İmmunizasiya ABŞ-ın dövlət məktəblərində məcburi tədbir sayılır. Azərbaycanda 11 xəstəliyə  qarşı məcburi vaksinasiya barədə qanun qəbul edilmişdir [2, 4, 14].

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1.Зверев В.В., Юминова Н.В. Вакцинопрофилактика вирусных инфекций от Э.Дженнера до настоящего времени. Вопросы вирусологии, Приложение 1, 2012, с. 33-43.
2.В.И. Покровский, С.Г. Пак, Н.И. Брико, Б.К. Данилкин. Учебник Инфекционные Болезни И Эпидемиология, Издательская группа ГЭОТАР-Медиа 2007 с 139-176.
3.Программа иммунизации спасает миллионы жизней. Бюллетень ВОЗ 2014г.; 92:314-315
4.Охват иммунизацией, Информационный бюллетень ВОЗ, 8 апреля 2018г.
5.Agayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tagiyeva F.Ş. İmmunprofilaktika dərs vəsaiti, ATU mətbəəsi, Bakı 2016, s 3-70.
6.Vahabov E.F. Əhalinin sağlamlağının qorunmasında immunoprofilaktikanın rolu və yeri, Bakı, Sağlamlıq, 2016, s 197-201.
7.Радикальные перемены в области иммунизации должны стать нормой во всём мире. 21 апреля 2016г, Женева, Информационный бюллетень ВОЗ.
8.Тутыхина Н.Л., Щербинин Д.Н., Шмаров М.М., и др. Преимущества и перспективы использования генетических вакцин для защиты от опасных и социально значимых инфекций. Вестник РАМН, 2011, №2 с 7-12
9.Медуницин Н.В., Миронов А.Н. Вакцины. Новые способы повышения эффективности и безопасности вакцинации. Вопросы вирусологии, Приложение 1, 2012, с 43-51.
10.Лынова Е.Н, Ильченко Г.В. Актуальные проблемы вакцинопрофилактики.  Современные проблемы науки и образования, Москва, 27 июня 2017г. №4.
11.Корь, Информационный бюллетень ВОЗ, 22 января 2018г.
12.Баранов А.А., Таточенко В.К., Намазова-Баранова Л.С. Достижения и проблемы иммунопрофилактики, Вестник РАМН, 2011, №6, с 21-27.
13.В.Б. Котова, С.П. Кокорева, А.В. Платонова. Корь вчера и сегодня, Вестник РАМН, 2014г, том 16.
14.Таточенко В.К. Достижения и перспективы иммуннопрофилактики в России XX в. Медицинский совет, 2010, №5-6, с 17-22.
15.Федосеенко М.В., Галицкая М.Г., Ивардава М.И. и др. Коклюш возвращается? Усовершенствование борьбы с забытой детской инфекцией. Педиатрическая фармакология, 2012;9(2):28-36.
16.Глобальный доклад ВОЗ о гепатите, 2 октября 2017г.
17.Полиомиелит: обновленная информация, ВОЗ, 24 апреля 2017г.
18.Харит С.М., Покровский В.С., Рулева А.А., Фридман И.В Программа эрадикации полиомиелита. ВОЗ: проблемы и решения,.Педиатрическая фармакология, Москва, 27 июня 2016г.
19.Подзолкова Н.М., Роговская  С.И. Вакцины против Papillomaвируса в профилактике рака; что следует знать врачу любой специальности. Terra Medika 2011, №1, с 43-49.


Müəlliflər:
İ. Ə. Ağayev
X.H. Cəfərova
E.F. Vahabov
F.S. Tağıyeva

Digər jurnal və qəzetlər