ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR ABBAS ƏHMƏD OĞLU AXUNBƏYLİ 80 İL

02-10-2018

30 oktyabr 2018-ci il tarixdə görkəmli Vətən alimi, tanınmış həkim və pedaqoq, əməkdar elm xadimi, professor Abbas Əhməd oğlu Axunbəylinin anadan olmasının 80 ili tamam olur.

Axunbəyli A.Ə. 30 oktyabr 1938-ci ildə Tovuz rayonunun Düzqırıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra N.Nərimanov ad. Azərbaycan Tibb İnistutunun (Hazırda Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakultəsinə daxil olmuş və 1960-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Hələ tələbəlik illərində elmə ciddi maraq göstərən A.Ə. Axunbəyli tələbə elmi cəmiyyətinin fəal üvzlərindən biri olmuş və apardığı tədqiqatların nəticələrini 8 müxtəlif elmi konfransda məruzə edərək alimlərin diqqətini cəlb etmişdi. Təsadüfi deyil ki, 1958-ci ildə tələbə elmi cəmiyyətinin sədri seçilmiş və 1960-cı ildə İnistitutu bitirərkən Elmi şuranın qərarı ilə aspiranturaya tövsiyə edilmişdir.

Axunbəyli A.Ə. əmək fəaliyyətinə 3-cü kurs tələbəsi olarkən Bakı şəh. Semaşko ad. 1saylı xəstəxanada akad. M. Mirqasımovun klinikasında narkotizator vəzifəsində başlayır və İnstitutu bitirənə qədər minlərlə ağır xəstədə narkoz apararaq əhəmiyyətli təcrübə qazanır. O, həkimlik fəaliyyətinə hərbi hospitalda cərrah kimi başlasa da, anesteziologiya və reanimatologiyaya xüsusi marağı olduğu üçün respublikamızda prof. Z. Məmmədov, prof. F. Əfəndiyev tərəfindən ürək üzərində aparılan ilk cərrahi əməliyyatlar  zamanı anestezioloji xidmətin təmin olunmasında fəal iştirak edir və bununla da özünü birdəfəlik elmin bu çətin və məsuliyyətli bölməsi ilə bağlayır. Belə ki, gənc həkim A.Ə. Axunbəyli 1962-ci ildə SSRİ TEA Kliniki və Eksperimental Təbabət İnistitutunda (KETİ) anesteziologiya və reanimatologiya üzrə aspiranturaya daxil olaraq elmi araşdırmalara başlayır. Az sonra o, Moskva şəhərinə, akad. Vişnevski ad. Cərrahiyyə İnistitutuna ezam edilir və bu məşhur elmi mərkəzdə ürək üzərində cərrahi əməliyyatlardan öncə xəstələrin hazırlanması probleminə həsr edilmiş dissertasiya işini yerinə yetirir. 1966-cı ildə “Yerli və ümumi ağrısızlaşdırmada premedikasiya” adlı dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülür.

Qeyd etmək lazımdır ki, A.Ə. Axunbəyli aspirantura dövründə yüksək elmi potensialı və yenilikçi bir alim-tədqiqatçı olması ilə seçilir, SSRİ-nin tanınmış alimlərinin diqqətini özünə cəlb edir, onların rəhbərlik etdiyi bir çox elmi məktəblər ilə əlaqələr yaradır. Bu münasibətlər hal-hazıra qədər də davam etməkdədir.

Gənc tibb elmləri namizədi A.Ə. Axunbəylinin 1965-ci ildə Bakıya qayıtdığı andan çoxşaxəli fəaliyyətə başlayır. O cümlədən, o, 1966-cı ildə AR SN anesteziologiya və reanimatologiya üzrə baş mütəxəssisi təyin edilmiş, 1966-2006 illər ərzində bu fədakar təşkilatçının bilavasitə rəhbərliyi və iştirakı ilə respublikamızın tibb idarələrində anestezioloji-reanimatoloji xidmətin geniş şəbəkəsi yaradılmış və yüksək ixtisaslı mütəxəssislər ilə təmin edlmişdir. Əgər 60-cı illərin ortalarında respublikada olan aestezioloq-reanimatoloqların sayı cəmi 9 təşkil edirdisə, hazirda (2018) bu say 1500 nəfəri keçir.

1967-ci ildə A.Ə. Axunbəyli özünün təşəbbüsü və səyləri sayəsində KETİ-nin nəzdində təşkil edilmiş, respublikada ilk elmi-tədqiqat anesteziologiya və reanimatologiya laboratoriyasının müdiri vəzifəsinə seçilir və o vaxtdan başlayaraq bu ixtisas üzrə kadr hazırlığında sıçrayış qeydə alınır. Bu illər ərzində A.Ə. Axunbəyli həm də doktorluq dissertasiyası üzərində çalışır və 1968-ci ildə yenidən Moskva şəhərinə akad. Vişnevski ad. İnstituta doktoranturaya göndərilir. Elmi tədqiqatlarını uğurla başa çatdıran alim 1970-ci ildə SSRİ TEA nəzdindəki Cərrahiyyə Şurasında “Müxtəlif anestetiklərin hemokoaqulyasiyaya təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və 1971-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilir. Beləliklə O, Azərbaycanda bu sahədə ilk, həm də ən gənc (33 yaş) elmlər doktoru olur.

Gənc elmlər doktoru A.Ə. Axunbəyli 70-ci illərin əvvəllərindən başlayaraq Milli elmi kadrların hazırlığına xüsusi diqqət göstərir və az vaxt keçmir ki, bu öz müsbət nəticəsini verir – respublikada anesteziologiya və reanimatologiya üzrə Milli kadrların sayı sürətlə artır. Qeyd etmək yerinə düşər ki, prof. A.Ə. Axunbəylinin rəhbərliyi altında 50-dən çox namizədlik və doktorluq dissertasiyaları yerinə yetirilmişdir. Bu alimlərin böyük əksəriyyəti hazırda ölkəmizin tanınmış aparıcı mütəxəssisləridir və anesteziologiya-reanimatologiya  bölmələrinə rəhbərlik edirlər. Onlardan ə.e.x., prof. N.C. Quliyevi, prof. N.Ə. Abbasovu, prof. E.Ə. Quliyevi, prof. E.E. Qorini, prof. S.N. Alimetovu, prof. İ.S. İsmayılovu, t.e.d. V.S. Rəhimovu göstərmək olar.

Prof. A.Ə. Axunbəylinin fəaliyyətinin əsas istiqamətlərindən biri onun pedaqoji işi olmuşdur. 1974-cü ildə onun fəal iştirakı ilə ATİ-nin nəzdində yaradılmış və ilk gündən müdiri seçildiyi anesteziologiya və reanimatologiya kafedrası yüksək keyfiyyətli tədris-təlim və elm məbədinə çevrilmiş və “Axunbəyli məktəbinin” özəyini təşkil etmişdir. Bu onilliklər ərzində minlərlə tələbə kafedrada anesteziologiya və reanimatologiya üzrə dərin  biliklərə yiyələnmiş, yüzlərlə həkim və orta tibb işçiləri öz ixtisasını artırmış, çoxsaylı aspirantlar bu böyük alimin rəhbərliyi altında tədqiqat işləri apararaq uğurla dissertasiyalar müdafiə etmişdir.

1991-ci ildə ATİ-də gedən islahatlar ilə bağlı anesteziologiya-reanimatologiya və I daxili xəstəliklər kafedraları birləşdirilərkən prof. A.Ə. Axunbəyli bu böyük klinik kafedranın müdiri seçilir. Bundan sonra alimin elmi-pedaqoji fəaliyyətinin hüdudları, daha da genişlənir və o özünün yüksək təşkilatçılıq imkanlarını, elmi pedaqoji potensialını geniş miqyasda nümayış etdirir. O bu vəzifədə 2010cu ilə qədər çalışmış, tədrisdə, elmi işlərdə və klinik fəaliyyətdə böyük nəticələrə imza atmışdır. 

Prof. A.Ə. Axunbəyli 1974-2011-ci illər ərzində ATU-nun Böyük Elmi Şurasının və I müalicə fakultəsinin Elmi-Şurasının üzvü olmuş, 1991-2010-cu illər ərzində Terapiya profili fənnlər üzrə “Tədris-metodik Şurasının sədri, həmin dövrdə həmçinin tədris üzrə “İslahat komissiyasının” sədri kimi səmərəli və təqdirəlayiq fəaliyyət göstərmişdir.

Prof. A.Ə. Axunbəyli öz təşəbbüsü və gərgin əməyi sayəsində 1976-cı ildə yaradılmış Respublika anestezioloqlar-reanimatoloqlar elmi-tibbi cəmiyyətinin ilk gündən etibarən fasiləsiz şəkildə sədri vəzifəsində çalışır, 2001-ci ildə cəmiyyətin assosiasiyaya çevrilməsi zamanı onun prezidenti seçilir. Bu illər ərzində keçirilmiş çoxsaylı elmi-təcrübi konfranslar ölkəmizdə anesteziologiya-reanimatologiyanın inkişafında müsbət rol oynamış və təcrübi fəaliyyət üçün vacib əhəmiyyət kəsb etmişlər.

Prof. A.Ə. Axunbəyli1996-1998-ci illər ərzində AR Prezidenti yanında AAK Tibbi ixtisaslar üzrə Ekspert Şurasının sədr müavini, 2001-2012-ci illər ərzində Ə.Əliyev ad. AHTİ-nun nəzdindəki dissertasiya şurasının üzvü olmuşdur. 1967-1993-cü illər ərzində “Anesteziologiya və reanimatologiya” (Moskva), 1994-2005-ci illər ərzində “Reanimatologiya” (Alma-Ata) jurnallarının Redaksiya Şurasının üzvü olmuş, 1995-ci ildən ATU-nun təsis etdiyi “Sağlamlıq” jurnalının, 1998-ci ildən “Azərbaycan Tibb Jurnalının” Redaksiya Şurasının üzvü kimi çalışmışdır. O, dəfələrlə Ümumittifaq və respublika miqyaslı qurultay və konfranslarda  Azərbaycan elmini yüksək səviyyədə təmsil etmiş, sanballı elmi məruzələri ilə tibbi-elmi ictimaiyyətin rəğbətini qazanmışdır.

Prof. A.Ə. Axunbəyli 350-dən çox elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dərsliklər və metodik işləmələrin, səmərələşdirici təkliflərin müəllifidir. Onun rəhbərliyi altında tərtib edilmiş (1992) və yenidən nəşr (1998) olunmuş “Daxili xəstəliklər” kitabı tələbələr və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. 2014-cü ildə ana dilində ilk dərslik olan “Reanimatologiya” kitabının həmmüəlliflərindən biridir. 

Prof. A.Ə. Axunbəyli diqqəti cəlb edən bədii yaradıcılığa da malikdir. Onun 7 şer və bədii nəşr kitabları işıq üzü görmüş və o, 2007-ci ildən AR yazıçılar birliyinin üzvü seçilmişdir.

Prof. A.Ə. Axunbəylinin əmək fəaliyyəti Dövlət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. 1971-ci ildə “Rəşadətli əməyə görə” medalı, 1986-cı ildə “Şərəf nişanı”ordeni, 2010-cu ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 1987-ci ildə “SSRİ Səhiyyə əlaçısı”, 2000-ci ildə əməkdar elm xadimi fəxri adı verilmiş, 2001-ci ildən əmək veteranıdır. 1989, 1994, 1998-ci illərdə Səhiyyə Nazirliyinin “fəxri fərmanı” ilə təltif olunmuşdur.

Prof. A.Ə. Axunbəyli nəcib və qayğıkeş bir insan, gözəl ailə başçısı olmuş, 2 oğul və 2 qız atasıdır.

Prof. A.Ə. Axunbəyli 5 noyabr 2014-cü ildə əbədiyyata qovuşmuşdur.

Prof. A.Ə. Axunbəyli onu sevərlərin, o cümlədən çoxsaylı tələbələrinin xatirəsində daim yaşayacaqdır.


Müəlliflər:
İ.S İsmayılov

Digər jurnal və qəzetlər