Tofiq Vahid oğlu Mehdiyev 65 İL
25-10-2018
27 oktyabr 2018-ci ildə Azərbaycanın görkəmli endokrinoloqu Tofiq Vahid oğlu Mehdiyevin 65 yaşı tamam olmuşdur. O, 27 oktyabr 1953-cü ildə Azərbaycanın dilbər guşəsindən birində qədim Şəki şəhərinin Qoxmuq kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. 1970-ci ildə Şəki şəhər 10 saylı orta məktəbi “əla” qiymətlə bitirmiş, elə həmin il də Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1976-cı ildə institutu bitirərək, Bakı şəhər 4 saylı kliniki xəstəxanada “Terapiya” ixtisası üzrə internatura kursu keçmişdir.
O, 1977-1980-ci illərdə Bakı şəhər 12 saylı xəstəxanada həkim-terapevt işləməklə yanaşı, ATU-nun yoluxucu xəstəliklər kafedrasında müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Elmi-tədqiqat işlərinə xüsusi marağının olmasına baxmayaraq, ailə şəraiti ilə əlaqədar elmi fəaliyyətini dayandırmış və Şəkiyə qayıdaraq Mərkəzi Rayon Xəstəxanasında əvvəlcə həkim-terapevt, Şəki Rayonlararası Endokrinoloji Dispanserində həkim-endokrinoloq, sonra isə Endokrinoloji Dispanserin baş həkimi vəzifələrində çalışmışdır. Hazırda da o, Şəki RMX-nın Endokrinologiya şöbəsinə rəhbərlik edir.
T.Mehdiyev 1995-ci ildə “Şəkərli diabetli xəstələrdə trofiki xora və qanqrenanın kompleks müalicəsi” mövzusunda namizədlik, 2015-ci ildə “Şəkərli diabet fonunda inkişaf edən erektil disfunksiyanın ikincili profilaktikası və müalicəsinin müasir prinsipləri” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri bir çox Beynəlxalq elmi konfranslarin proqram məruzələrinə daxil edilmiş və onlar böyük maraqla dinlənilmişdir.
Rayon mərkəində işləməsinə baxmayaraq Tofiq Mehdiyev bir an belə elmi yaradıcılığından qalmamış, endokrinologiyanın xüsusilə bu gün planetin ən böyük bəlası olan şəkərli diabetin elmə qaranlıq qalmış sahələrini öyrənməyə cəhd göstərmişdir. O, kliniki müşahidələrinin təhlili əsasında yazmış olduğu 7 monoqrafiya endokrinoloqların stolüstü kitabına çevrilmişdir. Bundan əlavə o, 5 metodik tövsiyənin 70-dən artıq məqalənin müəllifidir. Onun məqalələri nəinki Azərbayan mətbuatında, eyni zamanda dünyanın bir çox ölkələrinin dövrü mətbuatılnda o cümlədən Amerikanın, Almaniyanın, İngiltərənın, Rusiyanın jurnallarında nəşr olunmuşdur.
T.V.Mehdiyev eyni zamanda bir sıra elmi jurnalların fəaliyyətinə də köməklik göstərir. O, Azərbaycanda nəşr olunan «Metabolizm» və «Urologiya və reproduktiv təbabət» jurnallarının redaksiya heyətinin, Rusiya Federasiyasında nəşr olunan “Курортная медицина” jurnalının redaksiya şurasının üzvü seçilmişdir.
T.V.Mehdiyev elmi fəaliyyəti ilə yanaşı səhiyyə təşkilində də böyük xidmətlər göstərmişdir. O, 1995-1996-cı ildə Şəki-Zaqatala, bölgəsində yod çatışmazlığı, xüsusilə endemik urun kütləvi halda yayılması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələ qaldırmış və xarici humanitar təşkilatları bu işə cəlb edərək, 1997-ci ildə Azərbaycan Tibb jurnalında “Endemik ur və yodlaşdırma proqramı” adlı elmi məqalə 1999-cu ildə “Endemik ur və yod problemi” adlı monoqrafiya nəşr etdirmişdir. Bütün bunlar 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu barədə qanun qəbul olunmasında mühüm rol oynamışdır.
O, şəkərli diabetli xəstələrin təlimatlandırılması üçün “Şəkərli diabet məktəbinin” yaradılması ilə əlaqədar Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırmış, 1996-cı ildə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarı ilə “Şəkərli diabet məktəbi” adlı monoqrafiya nəşr etdirmiş, şəkərli diabetli xəstələrin təlimatlandırılması ilə əlaqədar 1996-cı ildə “Sent-Vinset deklarasiyası” üzrə Səhiyyə Nazirliyində yaradılmış komissiyasının üzvü seçilmişdir.
Sonrakı illərdə də bu sahədə geniş elmi-tədqiqat işləri aparan alim-həkim 2017-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Nazirliyinin baş endokrinoloqu, professor Rafiq Məmmədhəsənovla birgə “Şəkərli diabet” adlı dərs vəsaiti hazırlamışdır ki, bu da tələbələr, həkim endokrinoloqlar, eləcə də diabetin müalicəsi ilə məşğul olan və diabetli xəstələrin təlimatlandırılma kursunu aparan həkimlər üçün dəyərli vəsait hesab olunur.
İşlədiyi müddətdə o, çox sayda şəkərli diabetli xəstələri ağır vəziyyətlərdən və koma hallarından çıxarmış, ətrafların amputasiyalarının qarşısını alaraq, onların ömürlərinin uzadılmasına səbəbkar olmuşdur.
Öz ixtisasımı daim artırmaq, yenilikləri öyrənmək və onu həyata tətbiq etmək alim-həkim üçün daim daxili tələbat olaraq qalır. Hesab edirik ki, onun keçdiyi mənalı həyat yolu gənc tibb işçiləri, xüsusilə də rayonlarda işləməkdən boyun qaçıran həkimlər üçün örnək ola bilər.
Alim-həkimin əməyinə layiqincə dəyər verilmiş və o, 1990-cı ildə “SSRİ Səhiyyə Əlaçısı” döş nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adı ilə təltif olunmuşdur.
Mərkəzdən uzaqda, əyalətdə yaşayan bir həkim kimi onun apardığı elmi-tədqiqat işləri, ağır xəstələrə yüksək ixtisaslaşmış tibbi xidmət göstərməyi, onu tanıyan bütün insanların hüsn-rəğbətini qazanmışdır. Tofiq həkimi qarşıda hələ neçə-neçə uğurlar gözləyir, ona uzun ömür can sağlığı arzulayırıq.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı