VƏRƏM OCAQLARININ EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ
12-10-2018
Açar sözlər: vərəm ocaqları, əksepidemik tədbirlər, kontaktlar.
Dünyada vərəm qlobal problem olaraq qalmaqdadır. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, vərəm xəstəliyi ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdən biri olub, dünya əhalisinin 1/3-i vərəmə yoluxub. Dünyada vərəmli xəstələrin sayı 20 mln.-dan çoxdur, hər il 8-9 mln. insan xəstələnir və 1.5 mln.-a yaxın insan bu xəstəlikdən ölür. Vərəm xəstəliyinin epidemioloji vəziyyətinin gərginləşməsinin əsas səbəbləri HİV infeksiyasının, çoxsaylı və geniş dərmana davamlı vərəm mikobakteriyalarının yayılması, vərəmin yolxucu formalarının vaxtında aşkar edilməsində müşahidə olunan çatışmamazlıqlar sayılır. Epidemik hal Şərqi Avropada, o cümlədən keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrdə ciddi şəkildə özünü biruzə verir. Bunun əsas səbəbi yeni iqtisadi-ictimai formasiyaya keçid zamanı vərəm xəstəliyinin aşkarlanması, müalicəsi və profilaktikasında baş vermiş bir sıra dəyişkənliklər sayılır [1,2,3,4,5].
Vərəm xəstəliyi bütün dünyada olduğu kimi Azərbaycanda da ictimai sağlamlığın ciddi problemlərindən biridir. ÜST Şərqi Avropa ölkələrində vərəmə görə epidemik vəziyyəti gərgin olan 18 ölkədən birinin və birincisinin Azərbaycan olduğunu bildirir [6,7,8,9]. ÜST-na görə bu gərginliyin əsas göstəricisi ilkin fəal vərəm xəstələri və fəal kontingentin arasında multirezistent (isoniazid və rifampisinə eyni vaxtda davamlılıq və ya təkcə rifampisinə davamlılıq) xəstələrin xüsusi çəkisinə uyğun olaraq 22-25% və 50-55% olmasıdır [10].
Vərəm sosial xəstəlik hesab edilir. Vərəmə görə epidemik vəziyyət cəmiyyətin sosial-iqtisadi vəziyyətinin göstəricisi sayılır. Vərəmlə xəstələnmə, yayılma və ölüm halları əsas epidemioloji göstəricilərdir və vərəm infeksiyasında epidemioloji vəziyyəti xarakterizə edir. Son illərdə vərəm törədicisinin virulentliyinin, dərman davamlılığının, xüsusilə polirezistentliyinin artması müşahidə olunur. Müasir dövrdə bakteriya ifraz edənlərlə kontaktda olan, ilk növbədə uşaq və yeniyetmələrin xəstələnməsi, vərəm infeksiya mənbələrinin yüksək epidemioloji təhlükəliliyini təsdiqləyir (11,12,13,14).
2014-cü ildə ÜST-nın 67-ci assambleyasında dünyada vərəm epidemiyasını dayandırmaq üçün vərəmin profilaktikası, müalicəsi və vərəmlə mübarizə sahəsində qlobal strategiya işlənib hazırlanmışdır. Bu təşkilatın təklif etdiyi strategiyanın əsas məqsədi xəstə ilə əhali arasında yoluxma zəncirinin mümkün qədər tez qırılması və epidemiloji əminamanlığa nail olmaqdır. 2025-ci ilə qədər xəstələnmənin 25% (2015-ci ilə nisbətən), ölüm hallarının 75%, 2035-ci ilə qədər isə 90-95% azalması planlaş-dırılır [15,16,17].
Epidemik proses bir-biri ilə bağlı və biri digərindən törənən epidemik ocaqlardan ibarətdir. Epidemik ocaq epidemik prosesin ilkin elementidir. Epidemik ocaq yoluxucu xəstəliyin baş verdiyi və ya onun yayılma ehtimalı olan müəyyən ərazidə və kollektivdə fəaliyyət göstərən epidemik prosesin əsas şərtlərinin cəminə deyilir. Epidemik ocaq həm sporadik şəkildə baş vermiş xəstəlik hallarına, həm də çoxlu xəstələnmələrə aiddir. Belə ki, yoluxucu xəstəliyin xüsusiyyətlərini nəzərə alaraq, epidemik ocağın sərhədlərini təyin edir və həmin ərazidə lazımi əksepidemik tədbirlər həyata keçirir. Epidemik ocağın sərhədi xəstəliyin kontagiozluğundan, törədicinin yoluxma mexanizmindən və ocağın sanitar-gigiyenik xarakteristikasından asılıdır. Ocaq o zaman sönmüş hesab edilir ki, xəstənin sağalması, hospitallaş-dırılması və ya ölüm nəticəsində ocaqda törədicinin ifrazı dayanır, yoluxma amili rol oynayan bütün əşyalar zərərsizləşdirilir və təmasda olan həssas əhalinin maksimal inkubasiya dövrü başa çatır.
Vərəmin epidemioloji ocağı dedikdə, yeni yoluxma və xəstələnmə hallarına gətirib çıxaran vərəm infeksiya mənbəyinin onu əhatə edən insanlarla müəyyən zaman ərzində olduğu yer başa düşülür. Xəstə insan və heyvanlar vərəm xəstəliyinin mənbəyi hesab edilirlər. Onlar ətraf mühitə insan və digər növ vərəm törədicilərini ifraz edirlər (antroponoz və zoonoz vərəm). Çoxsaylı kateqoriyalı yoluxma mənbələri arasında ətrafdakılar üçün daha çox təhlükəli sayılanlar aktiv tənəffüs orqanları vərəmi olan xəstələrdir. Həmin xəstələrdə törədici mikroskopiya, kultural müayinə metodlarında aşkar edilir. Yuxarıda göstərilən müayinə metodlarında törədici tapılmayan aktiv tənəffüs vərəmi olan xəstələr də yoluxma mənbələri ola bilər. Az miqdarda mikobakteriya ifraz etdiklərinə görə onlar əsasən yüksək həssaslığı olan uşaq və yeniyetmələr, eləcə də immuniteti zəif olan şəxslər arasında daha təhlükəlidir. Vərəm ocaqlarını ağciyərdənkənar vərəmi olan xəstələr də formalaşdıra bilər. Onlar törədiciləri əsasən fistula yolları, sidik, nəcis, uşaqlıq, cinsiyyət üzvləri və menstrual qanla və sairə yollarla ətraf mühitə ifraz olunur. Belə xəstələr tənəffüs orqanlarının vərəmi olan xəstələrə nisbətən ətrafdakılar üçün az epidemioloji təhlükə törədir [19,20,21].
Vərəmin epidemik ocaqlarının məkan və zaman sərhədləri vardır. Antroponoz ocaqların məkan sərhədlərinə xəstənin mənzili, onun iş yeri, təhsil, təlim və müalicə aldığı yer və sairə daxildir. Ocaqlar, həmçinin, mənzil, ev, yataqxana, uşaq müəssisələri, müalicə-profilaktika müəssisələri, çox da böyük olmayan yaşayış məntəqələri (kənd, qəsəbə) də hesab edilir. Vərəm ocağının zaman sərhəddini infeksiya mənbəyi ilə kontaktda olunan zaman və kontaktların inkubasiya dövrləri yaradır [22,19,5].
Vərəm xəstəsinin həm yoluxma mənbəyi, həm də ocaqda yeni yoluxma törətməsi təhlükəsi aşağıda göstərilən faktorlardan asılıdır:
Ø prosesin xəstədə lokalizasiyası, belə ki, tənəffüs orqanlarının zədələnməsi törədicinin ötürülməsi üçün daha geniş aerogen mexanizm yaradır, bu da ocaqda intensiv yoluxmaya səbəb olur;
Ø xəstə tərəfindən ifraz olunan vərəm mikobakteriyalarının ifrazının massivliyi, həyat qabiliyyəti, dərman davamlılığı, virulentliyi;
Ø xəstələr və kontaktlarla aparılan əksepidemik tədbirlərin keyfiyyətindən, kontaktlarla əlaqənin sıxlığı və kontakların sayı;
Ø xəstənin əhatəsində (uşaq, yeniyetmə, hamilə qadın və s.) vərəm infeksiyasına qarşı həssaslığı yüksək olan şəxslərin olmasından və əksepidemik tədbirlərin vaxtında, keyfiyyətli aparılmasından;
Ø yaşayış şəraitinin xarakterindən (yataqxana, kommunal və ya ayrıca ev, qapalı tipli müəssisə). Xəstənin izolyasiyasının imkanının olması, otaqların sayı, mənzilin sanitar-kommunal abadlaşdırma səviyyəsindən;
Ø müalicə rejiminin həyata keçirilməsinə və ocaqda əksepidemik tədbirlərin aparılmasına təsir edən xəstənin sosial statusundan.
Göstərilən faktorların konkret cəmləşməsi və onların qabarıqlıq səviyyəsi epidemik ocaqların təhlükəlilik dərəcəsini muəyyən edir. Göstərilən faktorlara görə ocağın xarakteristikası onun epidemioloji təhlükəlilik dərəcəsini qiymətləndirməyə və vərəm infeksiyasının yayılmasını proqnozlaşdırmağa imkan verir. Alınmış məlumatlara əsaslanaraq ocaqda profilaktik tədbirlərin həcmi və taktikası təyin edilir [23,24,20].Əhali arasında müxtəlif kollektivlərdə aşkar edilməmiş infeksiya mənbələ-rinin mövcudluğu, əhalinin intensiv miqrasyası vərəmlə qrupşəkilli xəstələnmələrə səbəb ola bilər. Qrupşəkilli vərəmlə xəstələnmə epidemik prosesinin ocağın çərçivəsində uzun müddət saxlanılması göstərir ki, yaşayış məntəqəsində və ya kollektivdə epidemik prosesin inkşafına münbit şərait yaranmışdır və mütəxəssislər tərəfindən ocağın kompleks müayinəsi tələb olunur [22].
Epidemik ocağa qiymət verilərkən aşağıdakı xüsusi hallar nəzərə alınmalıdır:
Ø ocaqda uşaq, yeniyetmə və hamilə qadınların yaşaması;
Ø ocaqda sanitar-gigiyenik normalara əməl olunması;
Ø ocaqların mənzil-kommunal şəraitinin sanitar-gigiyenik normativlərə cavab verməsi;
Ø ocaqda zoonoz xarakterli xəstəlik mənbəyinin olması.
Vərəm ocaqları epidemioloji xarakterinə görə eyni deyil. Yeni xəstələnmə hallarının yaranma riskindən asılı olaraq, vərəm ocaqları 5 qrupa ayrılır. Ocağın bu və ya digər qrupa aid edilməsi ftiziatr və epidemioloq tərəfindən birlikdə müəyyən edilir. Bu qayda ocaqda şəraitin dəyişilməsi, yoluxma və ya xəstələnmə riskinin artması və ya zəifləməsi zamanı ocağın bir epidemoloji qrupdan digərinə keçirilməsində də saxlanılır [22,23,24].
Birinci qrup– vərəm mikobakteriyaları ifraz etməsi təsdiq olunan tənəffüs orqanlarının vərəmi olan xəstələr tərəfindən formalaşmış ocaqlardır. Belə ocaqlarda bir çox əlverişsiz faktorlar olur, yeniyetmələr və gənclər yaşayır, əksepidemik rejim xəstələr tərəfindən pozulur, ağır yaşayış şəraiti olur. Belə ocaqlar adətən yataqxanalarda, qapalı tip müəssisələrdə rast gəlinir, hansı ki, xəstələr üçün ayrı otaq ayırmaq mümkün deyil. Bu sosial ağırlaşmış ocaqlardır [25].
İkinci qrup – belə ocaqları vərəm mikobakteriyaları ifraz edən, lakin uşaq və yeniyetmələr olmayan ayrı otaqda yaşayan, sanitar-gigiyenik rejimə əməl edən tənəffüs orqanlarının vərəmi olan xəstələr formalaşdırır [14,22].
Üçüncü qrup – belə ocaqları vərəm mikobakteriyaları ifraz etməyən ağciyər vərəmi və ya ağciyərdənkənar orqanların fəal vərəmi olan xəstələr formalaşdırır. Xəstə ilə uşaq, yeniyetmələr və yüksək həssaslığı olan şəxslər kontaktda olur [25].
Dördüncü qrup – belə ocaqları müalicə nəticəsində vərəm mikobakteriyaları ifraz etməsi dayanan, uşaq və yeniyetmələr olmayan, ayrıca otaqda yaşayan tənəffüs orqanlarının aktiv vərəmi olan xəstələrin yaşadığı və ağırlaşdırıcı faktorlar olmadığı ocaqlar formalaşdırır. Bu qrupa həmçinin əvvəllər bakteriya ifrazcedən xəstələr də (kontrol qrupu ocaqları) aid edilir.
Beşinci qrup – zoonoz mənşəli infeksiya ocaqları adlanır.
Zoonoz mənşəli ocaqlarda infeksiya mənbəyi xəstə heyvanlardır. Onların orqanizmlərində mikrobakteriyalar süd, nəcis, digər ifrazatlarla xaric olunur. İnəklərin yoluxması zamanı vərəm törədiciləri onun südü vasitəsilə ifraz olunur. Heyvanlarda vərəm diaqnozu kompleks diaqnostika metodu ilə epizotoloji məlumatın analizi, kliniki əlamətlər, allergik (tuberkulin sınağı) əsasında qoyulur. Heyvanlarda vərəm diaqnozu baytar xidməti tərəfindən təsdiq edilir. Zoonoz ocaqlarda epidemiya əleyhinə tədbirlər keçirilməsi təsdiq edilmiş sanitariya qaydaları üzrə keçirilir. Baytar xidməti Gigiyena-Epidemiologiya Mərkəzi (GEM) ilə birlikdə bütün tuberkulinə müsbət reaksiya vermiş heyvanlar haqqında məlumatı müəyyən edir və həmin xidmətin mütəxəsisləri zoonoz vərəm ocağında aparılan kompleks tədbirlərdə iştirak edir. Zoonoz vərəm olan ocaqlar epidemioloji qeydiyyatdan çıxarılana qədər onlara baytar xidməti GEM mütəxəsisi ilə birgə nəzarət edilir [22,23,24,20,21].
Vərəm ocaqlarında əksepidemik tədbirlərin məqsədi xəstənin əhatəsində olanların yoluxma və xəstələnmə hallarının qarşısının alınmasıdır. Vərəm ocağında aparılan işlər əsasən 3 mərhələyə ayrılır:
1. İlkin müayinə və ilkin tədbirlərin aparılması;
2. Ocağa dinamik nəzarət;
3. Vərəm ocaqlarının qeydiyyatdan çıxarılmasına hazırlıq və vərəm ocağının ləğv edilməsi.
Ocaqda aparılan əksepidemik tədbirlər əsasən aşağıda göstərilən istiqamətdə aparılmalıdır:
-xəstənin hospitalizasiyası və müalicəsi. Əgər xəstə hospitalizasiya olunmayıbsa ocağın sərhədlərində izolyasiyası;
-ocağın epidemioloji müayinəsi, ocaqda yoluxma riskinin və risk faktorlarının qiymətləndirilməsi, tədbirlər planının işlənməsi, ocağa dinamik nəzarət;
-kontaktların ilkin müayinəsi, kontaktlara nəzarət və onların dinamik müayinəsi (flüoroqrafiya, Mantu sınağı, bakteriolji müayinələr, ümumi klinik müayinələr);
-profilaktik müalicənin aparılması, yoluxmamış kontaktların revaksinasiyası;
-xəstələrə, kontaktlara sağlam həyat tərzi və gigiyena qaydalarının öyrədilməsi;
-cari və tamamlayıcı dezinfeksiyanın təşkili;
-yaşayış şəraitinin yaxşılaşdırılması;
-ocağın epidemioloji qeydiyyatdan çıxarılması üçün şərtlərin müəyyənləş-dirilməsi [14,22,23,24].
Ocağın ilkin müayinəsi xəstənin yaşayış yerində xəstənin qeydiyyata götürülməsindən 3 gündən gec olmayaraq keçirilməlidir. Bu vaxt xəstənin yaşayış yeri, sənəti onun başqa ünvanda yaşamaq ehtimalı müəyyənləşdirilir. Ailədə qohumlarda və mənzildə olan kontaktlar araşdırılır. Xəstənin iş yeri və ya aldığı təhsil yeri vacibdir, çünki burada ocaq yaranar. Ocağa gediş zamanı “Vərəm ocağının müşahidəsi və epidemoloji müayinə kartı” doldurulur. Ocağın sağlamlaşdırılması üçün plan hazırlanır. Ocağın ilkin epidemoloji müayinəsi zamanı xəstənin evə təcrid olunması məsələsi həll olunmalıdır. Kontaktların ilkin müayinəsi xəstə aşkarlanan vaxtdan 14 gün ərzində kəyata keçirilməlidir..Müayinəyə ftiziatr baxışı, döş qəfəsi orqanlarının flüoroqrafik müayinəsi, tuberkulin sınağı, qanın və sidiyin klinik müayinəsi, bəlğəm müayinəsi, yara yeri olduqda möhtəviyyatın diqanostik olaraq vərəm mikobakterialarına (VMB) görə yoxlanılması daxildir. Bakterya ifrazedənlə kontaktda olan uşaq, yeniyetmə və böyüklərin profilaktik müayinəsi qüvvədə olan təlimata əsasən keçirilir. Ocaqda aparılan işin müvəffəqiyyətinin vacib şərti ftiziatrla epidemioloqun əlaqəli işləməsi və səylərin birləşdirilməsidir [5,22].
Vərəm ocağında əksepidemik tədbirlər ocağın epidemioloji təhlükəlilik dərəcəsindən asılı olaraq həyata keçirilir [25,26].
Yüksək yoluxdurma riskinə malik ocaqlar (I qrup epidemik təhlükəli) tibb işçiləri tərəfindən xüsusi diqqət tələb edir. Ocaqların xarakterindən asılı olaraq xüsusən sağlamlaşdırıcı tədbirlərin I mərhələsində epidemioloq, ftiziatr ocaqlara daha tez-tez getmə-lidir. Yoluxdurma riski az olan ocaqlar (II qrup epidemik təhlükəli) göstərişlərə uyğun ola-raq ftiziatr, epidemoloq tərəfindən yoxlanılmalıdır. Yoluxdurma riski minimal olan ocaqlara (III qrup epidemik təhlükə) ilkin müayinədən sonra göstəriş olarkən müayinə olunur [22].
Vərəm ocaqlarında kontakda olan şəxslərə əsasən aşağıdakı müayinələr aparılır:
Ø Ocaqda olan bütün şəxslərə ilkin müayinəsi zamanı tuberkulin, diaskin sınaqları aparılmalıdır;
Ø Mantu reaksiyası müsbət olduğu hallarda (viraj) 2 il ərzində hər 6 aydan bir klinik, bakterioloji və rentgenoloji müayinələr aparılır.“Müsbət” Mantu reaksiyası olan insanlarda aktiv ağciyər vərəminin inkar edilməsi üçün müvafiq klinik, bakterioloji və rentgenoloji müayinələr aparılmalıdır.
Ø “Mənfi” Mantu reaksiyası olan şəxslərdə təkrar sınaqlar 2 il ərzində hər 6 aydan bir Mantu sınağının qoyulması, aktiv vərəm xəstəsinin infeksiya mənbəyi sayıldığına görə ocaqda olan şəxslərə təkrar sınaqların aparılması onun sağalması, evə yazılması və ya ölümündən sonra 1 il müddətində davam etdirilir[27,28].
Xəstəlik törədicisinin yayılmasının qarşısını almaq məqsədilə ətraf mühitdə dezinfeksiya işləri həyata keçirilir. Vərəm törədicilərinin havada yaşaması və ətraf mühütdə sağ qalması temperaturdan, rütubətdən, intensiv günəş şüalarının təsirindən və s. asılıdır. Vərəm infeksiyasının xronik gedişatına malik olması ətraf mühit amillərinə yüksək dərəcədə davamlı olan mikobakteriyaların xaric olmasına səbəb olur. Törədicinin ətraf mühitdə artıb inkşaf etməsi mexanizmini pozan əsas metod dezinfeksiyadir. Ocaqlarda aparılan dezinfesiya tədbirləri cari və tamamlayıcı dezinfeksiya tədbirlərinə bölünür [5]. Cari dezinfeksiya infeksion xəstə aşkar olunduqda ocaqda birbaşa aparılır. Carı dezinfeksiyanın aparılması və keyfiyyətinə dövrü nəzarət vərəməleyhinə xidmət tərəfindən həyata keçirilir. Tamamlayıcı dezinfeksiya sanitar-epidemioloji xidmət tərəfindən xəstənin qospitalizasiyası, ölüm və ya ocağın epidemioloji qeydiyyatdan çıxarılması zamanı aparılır [26].
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1. “2016-2020 –ci illər üçün vərəmlə mübarizə üzrə tədbirlər proqramı “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-ci il yanvar tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş.
2.“Vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsi barədə”Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 88 nömrəli əmri ilə Bakı şəhəri 02 sentyabr 2014-cü il.
3.Петров В.И., Касперский Д.В., Самара С.П., Ващенко А.М. Современные актуальные аспекты борьбы с туберкулёзом в местах лишения свободы // Военная медицина.- 2011.-№3.-С.85-89.
4.Холманских В.О. Актуальные аспекты клиники, диагностики, диффе-ренциальной диагностики туберкулеза // Военная медицина. - 2011. - №4.-С.153-156.
5.Очаг туберкулезной инфекции и его оздоровление: уч.-метод. пос. для студентов // Сост.: Э. Х. Аминев, Х. К. Аминев, Р. К. Ягафарова и др – Уфа: Изд-во ГБОУ ВПО БГМУ Минздрава России.- 2013. С.27,28,38,84.
6.Амлаев К.Р, Шикина И.Б., Зафирова В.Б., Баронова О.Д., Вечорко В.И.Результаты изучения информированности врачей первичного звена в вопросах профилактики и лечения туберкулёза.// «Социальные аспекты здоровья населения»-2015.-С.2 (.Dye C. Tuberculosis 2000-2010: Control, but not elimination. Int. J. Tuberc. Lung Dis. -2000.4.P.146-152.
7.Şıxəliyev Y.Ş., Məmmədbəyov E.N., Qurbanova M.A., və baş. Passiv aşkarlanma metodu vasitəsilə vərəmin aşkar edilməsinin tuberkulin sınağının infeksion allergiya formalarının səviyyəsinə təsiri.// Vərəm və ağciyər xəstəlikləri üzrə VI elmi-praktik konfrans. Tezislər toplusu.2011.
8. Şıxəliyev Y.Ş., Hüseynəliyeva V.N. Azərbaycanda vərəməleyhinə tədbirlərin təkmilləşdirilməsi yollarının müəyyənəşdirilməsi // Sağlamlıq-2017.-№6.S.146-153.
9.Məmmədbəyov E.N., Axundova İ.N., Abuzərov R.M., Seyfəddinova M.N., Qasımov İ.Ə. Vərəmin diaqnostikasinda və rifampisinə davamlılığın aşkarlanmasında genexpert mtb/rif-in Azərbaycan Respublikasında // SAĞLAMLIQ-2015.-10.13.
10.Şıxəliyev Y.Ş., Hüseynəliyeva V.N., İsmayılova C.C. Azərbaycanda vərəmlə xəstələnmənin kəmiyyət və keyfiyyət göstəricilərinin epidemik vəziyyətin təyinində rolu və əksepidemik tədbirlərin təkmilləşdiriliməsi //Azərbaycan təbabətinin müasir nəaliyyətləri. 2017. №4,S.64-72.
11.Лапшина И.С., Мякишева Т.В. Выявление влияния социально экономических факторов на уровень заболеваемости, распространенности и смертности населения от туберкулеза в Калужской области //Медицинский вестник юга России 2015.с.57.
12.Подгаева В.А., Голубев Д.Н., Медвинский И.Д., и др. Влияние социально-экономических факторов на показатели, характеризующие эпидемиологическую ситуацию по туберкулезу на урале // Уральский медицинский журнал. -2011.- № 7. -С. 62-67.
13.Margan J. Zajdowicz, Md, Mph; and Arlene L. Hankinson, Md, Ms.Tuberculosis and military recruits.//RecruitMedicine.Chapter 15.P.280. Г.М.Абдылаева.Социально-эпидемиологические аспекты профилактики туберкулеза среди работников медицинских организаций. //Туберкулёз и болезни лёгких.– 2018.-Т. 96, -№4.- С.27-31
14.Организация и содержание противоэпидемических мероприятий в очагах туберкулеза. Методические указания N 2000/185"(утв. Минздравом РФ 28.04.2001.стр.2-6
15.Şıxəliyev Y.Ş., Hüseynəliyeva V.N., Azərbaycanda vərəm əleyhinə tədbirlərin təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi //Sağlamlıq -2017-№6, S.143-149.
16.Васильева И.А., Таран Д. В. Проект по сбору и изучению лучших примеров организации лечения и клинического ведения больных туберкулезом, в том числе с множественной лекарственной устойчивость возбудителя и сочетанным с ВИЧ-инфекцией.//Туберкулез и болезни легких 2014.-№1.С.3
17.Giorgia Sulis, Alberto Roggi, Alberto Matteelli and Mario C. Raviglione.Tuberculosis: Epidemiology and Control.Mediterranean journal of hematology and infectious diseases.2014;6
18.Туберкулез. Особенности течения, возможности фармакотерапии Учебное пособие для врачей (под редакцией профессора А. К. Иванова) Санкт-Петербург 2009 С.11
19.Министерство здравоохранения и социальной защиты приднестровской молдавской республики.«29» декабря 2004 г. Г. Тирасполь приказ №702.ИнструкцияПо противоэпидемическим мероприятиямв очагах туберкулеза С.81-84.
20.Моиссева О.В. Медико-социальная характеристика детей и источников инфекции из различных видов очагов туберкулеза. //Премский медицинский журнал. 2006 том XXIII.-№3.-С.119
21.Рекомендации по противоэпидемическим мероприятиям в очагах туберкулеза. Приложение N 12к Приказу Минздрава России от 21 марта 2003 г. N 109
22.Министерство здравоохранения Республики Беларусь. Оптимизация профилактической работы в очагах туберкулезной инфекции. 29 ноября 2004 г. С.2-3,8-10
23.Перелман М.И. Фтизиатрия. Национальное руководство.Москва 2007.Гэотар-Медиа. С.493-494
24.Qurbanova M.B. Vərəm ocaqlarında yaşayan uşaq və yeniyetmələr arasında fəal vərəmin yaranmasının xüsusiyyətləri // Azərbaycan təbabətinin müasir nəaliyyətləri 2011.-№1.S.86-90
25.Перельман М.И., Корякин В.А. Фтизиатрия. Учебная литература. //Москва.»Медицина» 1996.С.15,73-74,93-94
26.Məmmədbəyov E.N., Şıxaliyev Y.Ş, Kazımova L.H., Axundova İ.M. ”Vərəmin profilaktikasına müasir yanaşmalar”Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş Elmi-praktiki konfransın məcmuəsi” Bakı 2013. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ə.Əliyev adına Dövlət Həkimlərin Təkminləşdirmə İnistitutu. S. 41-50
27.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2012-ci il tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş //“Vərəmin profilaktikasi üzrə klinik protokol” Bakı 2012:S.2
28.Şıxəliyev Y.Ş “Vərəm xəstəliyinin epidemiologiyasına aid qeydlər” “Vərəmli xəs-tələrin erkən aşkarı, müalicəsi və müşahidəsi” dərs vəsaiti, Bakı -2015, S. 26-355.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı