QANDABƏNZƏR-ƏNG YARIĞININ ANATOMO-TOPOQRAFİK XÜSUSİYYƏTLƏRİ
04-07-2016
Açar sözlər: kraniometriya, qandabənzər-əng yarığı, forma, yaş xüsusiyyətləri
Ключевые слова: краниометрия, крыловидно-верхнечелюстная щель, форма, возрастные особенности
Key words: craniometry, pterygo-maxillary fissure, shape, age peculiarities
Morfologiyanın vəziyyətinin təhlilinə həsr olunmuş Beynəlxalq Morfoloqlar Assosiasiyasının IX konqresinin (Buxara, 14-17 may, 2008) son qərarında birmənalı şəkildə qeyd olunur ki, istər prenatal, istərsə də postnatal ontogenezin müxtəlif mərhələlərində orqanların quruluş variantları, tipoloji, yaş və fərdi dəyişkənliklərinin morfometrik göstəriciləri hələ də kifayət qədər öyrənilməmiş və bu problemə yenidən baxlıması tələb olunur. Ona görə də məsuliyyət hissi ilə orqanların, orqanlar sistemi və bütövlükdə insan orqanizminin quruluşunun fərdi, yaş və cinsi xüsusiyyətlərinin öyrənilməsini müasir anatomiyanın ən perspektivli istiqamətlərindən biri kimi qeyd etmək olar.
Kəllənin və onun çətin əldə olunan strukturlarının patologiyaları zamanı həmin törəmələrin quruluşu, variasiyaları, cinsi, yaş, tipoloji və fərdi xüsusiyyətləri haqqında dəqiq məlumat olmadan müasir tibbi diaqnostika və cərrahi müdaxilələrin imkanlarından istifadə etməyin çox böyük çətinliklər törətməsi də bu qəbildən olan və həllini gözləyən problemləedəndir [5;7;11;12;13]. Ədəbiyyat mənbələrinin təhlili bir daha sübut edir ki, aparılan elmi-tədqiqat işləri ya təsfiri, ya da qısa eksperimental xarakterli olub kəllənin çətin əldə olunan strukturları haqqında nəzəri və ümumiləşmiş məlumatlar verə bilmir [4;6;10;11]. Şübhəsiz, qeyd olunanları qanadabənzər-damaq çuxuru (QDÇ) və onun damar-sinir dəstələri, eləcə də adı çəkilən törəmənin qonşu anatomik strukturlarla əlaqəsi üçün “giriş qapısı” rolunu oynayan qanadabənzər - əng yarığına (QƏY) da aid etmək olar [10;15].
Ədəbiyyat mənbələrində QƏY-in formaları, morfometriyası, rastgəlmə tezliyi, kəllənin beyin və üz şöbəsinin ayrı-ayrı tipləri ilə qarşılıqlı əlaqəsi haqqında yaşlılarda bu və ya digər dərəcədə məlumat xarakterili tədqiqatlarla qarşılaşmaq mümkün olsa da [2;8], qeyd olunan anatomik strukturun ontogenezin müxtəlif mərhələlərində xətti ölçüləri, forması, fərdi, cinsi və tipoloji xüsusiyyətlərini özündə əks etdirən statistik cəhətdən dürüst faktlara rast gəlmək olmur.
Beləliklə, ədəbiyyat mənbələrinin geniş və hərtərəfli tıhlili göstərir ki, kəllənin və onun çətin əldə olunan strukturlarının müxtəlif mənşəli patologiyaları zamanı onların düzgün diaqnostikası və cərrahi müalicəsi üçün ontogenezin müxtəlif mərhələlərində həmin törəmələrin forması, cinsi, fərdi və yaş xüsusiyyətlərini, qonşu sümük törəmələrlə olan münasibətini özündə əks etdirən parametrlərin nəinki klassik, eləcə də müasir texnologiyanın imkanlarından istifadə etməklə müəyyən olunması müasir tibbin nəzəri və praktik sahəsi üçün əvəzolunmazdır.
Tədqiqat işinin məqsədi ontogenezin müxtəlif mərhələlərində QƏY-in anatomo-topoqrafik xüsusiyyətlərini öyrənməkdən ibarət olmuşdur.
Tədqiqatın material və metodları.Tədqiqat obyekti kimi ATU-nun insan anatomiyası kafedrasının fundamental muzeyində saxlanılan pasportlaşdırılmış insan kəllələrindən istifadə olunmuşdur. Eyni zamanda QDÇ və onun “qapısı” rolunu oynayan QƏY haqqında artıq bəlli olan anatomo-topoqrafik məlumatları bir daha təstiq etmək məqsədilə makro-mikroskopik təşrih üsulundan da istifadə olunmuşdur.
İşin gedişi zamanı müxtəlif yaş qruplarını əhatə edən masserasiya olunmuş 130 insan kəlləsi və makroskopik tədqiqat məqsədilə 30 meyit tədqiq olunmuşdur. Bu zaman keçmiş SSSRİ Pedaqoji EA-nın 1965-ci ildə yaş morfologiyası, fiziologiyası və biokimyasının problemlərinə həsr olunmuş VII Ümumittifaq konfransında qəbul olunmuş yaş dövrlərindən istifadə olunmuşdur.
Qarşıya qoyulan məqsədə çatmaq üçün kraniometriya, fotometriya və kəllənin polimer preparatlarının hazırlanması üsullarından istifadə olumuşdur. Ölçüləri apararkən kraniologiyada geniş tətbiq olunan üsullara [1;3;16] istinad olunmaq şərtilə, millimetrlik bölgüləri olan yoğun sirkuldan və ştangenpərgardan istifadə olunmuşdur.
Qanadabənzər-əng yarığının kraniometrik xüsusiyyətlərini öyrənmək üçün (yan görünüş) norma lateralis- dən istifadə etdik. Yan görünüşdə yarığın hündürlüyü və enini, qanadabənzər-əng yarığı ilə ona yaxın olan damağın böyük kanalı arasındakı məsafəni, eləcə də damağın böyük və kiçik dəliklərinin morfometrik göstəricilərini təyin etdik.
Yarığın hündürlüyünü onun yuxarıda yerləşmiş ən uzaq nöqtəsi ilə aşağı bucağı, enini isə onun orta hissəsində ön və arxa divarları arasındakı məsafəni ölçməklə təyin etmək olar.
Qanadabənzər-əng yarığının formasını və ölçülərini düzgün təyin etmək üçün digər metodlarla yanaşı, kəllənin polimer preparatlarının hazırlanması üsulundan da istifadə etdik. Alınmımış modelin əldə olunmasını asanlaşdırmaq üçün əvvəlcədən qanadabənzər-damaq çuxurunu yad cisimlərdən təmizləmək şərtilə həmin çuxurun divarlarına vazelin yağı çəkdik. Daha sonra xüsusi iynəsi olan şprislə silikon kütləsini qanadabənzər-damaq çuxuruna yeritdik. Bir eçə dəqiqədən sonra alınmış polimer kütləni ehtiyatla əlimizlə həmin çuxurdan çıxardıq. Qeyd etmək lazımdır ki, bu yolla alınmış polimer preparatlar kraniometruyada kəllənin çətin əldə olunan strukturlarının dəqiq relyefini yaratmaqla daha obyektiv və informativ məlumatların əldə olunmasını asanlaşdırır.
Tədqiqatın nəticələri və müzakirəsi.Aparılan makro-mikroskopik tədqiqatlar bir daha göstərdi ki, QDÇ və onun “qapısı” rolunu oynayan QƏY üzün dərin nahiyyəsində yerləşir və kəllənin çətin əldə olunan strukturlarına aiddir. QƏY gicgahaltı və qanadabənzər-damaq çuxuru arasında yerləşərək damar- sinir dəstələri, habelə ağır patoloji proseslər zamanı irinin yayılması üçün yol təşkil edir. QDÇ - nin içəri divarını damaq sümüyünün perpendikulyar səfhəsi, yuxarı divarını əsas sümüyü cisminin aşağı səthi, ön divarını əng sümüyü cisminin arxa səthi, arxa divarını əsas sümüyün böyük qanadları üzərindəki əng səthi və qanadabənzər çıxıntıların ön səthi əmələ gətirir. QDÇ və QƏY aşağıya doğru böyük damaq kanalına keçir. Bu kanal isə öz növbəsində sümük damaq üzərində ağız boşluğuna açılır. QDÇ və QƏY bir sıra sümük törəmələrlə əhatə olunmuşdur; o öndən göz yuvasının aşağı yarığı vasitəsilə göz yuvası, içəri tərəfdən əsas-damaq dəliyi ilə burun boşluğu, arxadan girdə dəliklə kəllənin orta çuxuru, qanadabənzər kanal vasitəsilə kəllənin xarici əsası ilə birləşir. Təqdim olunan çuxurun möhtəviyyatını əng arteriyası, qanadabənzər kələfə açılan və aşağı göz venası ilə anastomozlaşan əng venası, əng siniri, qanadabənzəər - damaq düyünü və bu törəmələri əhatə edən piy toxumasından ibarətdir. Qeyd olunan damar-sinir dəstəsinin şaxələri əsas - damaq dəliyi ilə burun boşluğunda, göz yuvasının aşağı yarığı ilə göz yuvasında, böyük damaq kanalı vasiyəsilə sərt və yumşaq damaqda şaxələnərək həmin nahiyyələrin qidalanmasında və innervasiyasında iştirak edir. QDÇ-nin damar-sinir dəstəsi üçün diqqəti cəlb edən xüsusiyyətlərindən biri də onların n və arxa hissələrə ayrılmasıdır; adətən ön tərəfdə damarlar, arxa tərəfdə isə sinirlər yerləşir.
Tədqiqatımızın nəticələri ədəbiyyat mənbələrinin verdiyi məlumatlara uyğun gələrək QƏY-in formasının, eni və hündürlüyünün əsas sümüyün qanadabənzər çıxıntılarının və əng qabarının vəziyyətindən asılı olduğunu göstərdi [4;6;9;12;14]. Eyni zamanda tədqiqatlarımızla o da təsdiq olundu ki, yarığın uzunluğu kiçik olduqca böyük damaq kanalının uzunluğu artır, qanadabənzər çıxıntılar və əng qabarı bir-birinə yaxın olduqca QƏY-in aşağı bucağı iti olur. Yarığın yuxarı kənarında yerləşən sümük hündürlük QDÇ-yə müdaxilə zamanı oriyentir rolunu oynaya bilər.
Uşaqlarda qanadabənzər çıxıntıların əngin alveol çıxıntılarına nisbətən daha erkən formalaşmasını da kəllənin çətin əldə olunan nahiyyələrinin yaş xüsusiyyətlərinə aid etmək olar. Belə ki, ilkin uşaqlıq dövründə qanadabənzər çıxıntıların aşağı ucu əngin alveol çıxıntısından 2,2-5,7 mm aşağıda yerləşir. Bu o deməkdir ki, yaşla əlaqədar olaraq nəinki tədqiq olunan obyekti əmələ gətirən sümüklər və ya onların hissələri dəyişikliklərə uğrayır, eləcə də həmin sümüklərin formalaşdırdığı törəmələr də yaş və fərdi dəyişkənliyə məruz qalır.
Müəyyən olunmuşdur ki, yenidoğulmuşlarda ən çox rast gəlinən aypara, üçbucaq, orağabənzər formalardır. Üçbucaq forma sağ tərəfdə, aypara forma isə solda üstünlük təşkil edir.
1-3 yaşlı uşaqlarda da həmin formalar üstünlük təşkil edir. Ancaq unutmaq olmaz ki, həmin yaş dövründə əng sümüyü və onun hissələri, əsas sümüyün qanadabənzər çıxıntıları və çeynəmə əzələlərində baş verən dəyişikliklər QƏY-in formalarının rastgəlmə tezliyinə öz təsirini göstərir; orağabənzər forma aypara və oval forma, üçbucaq forma pazabənzər forma ilə əvəz olunmağa başlayır. Çeynəmə əzələlərinin inkişafı ilə əlaqədar yarığın arxa kənarında qanadabənzər çıxıntı üzərində sümük daragın əmələ gəlməsilə əlaqədar yeni bir formanın – tam olmayan düzbucaqlı formanın da aşkar olunduuğunu görmək olur.
Yaşlı insan kəllələri üzərində aparılan müayinələr kişi və qadın kəllələrində üçbucaq, aypara, tam olmayan düzbucaqlı, oval və pazabənzər formaların aşkar olunmasına imkan verdi. Kişilərdə hər iki tərəfdə üçbucaq forma daha çox aşkar olundu. Aypara və tam olmayan düzbucaqlı formaya üçbucaq formaya nisbətən bir qədər az rast gəlmək olur. Oval və pazabənzər formalar üçün göstəricilər daha az olub, hər iki tərəfdə demək olar ki, bir-birinə yaxındır. Tərəfləri nəzərə almasaq üçbucaq forma 40,0%, aypara forma – 20,7%, tam olmayan düzbucaqlı forma isə 16,4% təşkil edir. Oval və pazabənzər formalar birlikdə 22,9% təşkil edir.
Tədqiqatın nəticələrinə görə qadınlarda da üçbucaq, aypara və tam olmayan düzbucaqlı formalar sayca üstünlük təşkil edir. Lakin kişilərdən fərqli olaraq qadınlarda aypara formaya daha çox rast gəlinir. Tam olmayan düzbucaqlı və üçbucaq formalara aypara formaya nisbətən bir qədər az rast gəlinsə də bu formalar oval və pazabənzər formalarla müqayisədə üstünlük təşkil edir. Əgər tərəfləri nəzərə almasaq aypara formaya - 32,5%, tam olmayan düzbucaqlı formaya - 22,5%, üçbucaq formaya– 19,2% rast gəlmək olur. Qadınlar üçün oval və pazabənzər formalar birlikdə 25,8% təşkil edir.
İşin gedişi zamanı QƏY-i əhatə edən kanal və dəliklərin də forma və ölçülərinə diqqət yetirməyi məqsədəuyğun hesab etdik. Beləliklə, yenidoğulmuşlarda damağın böyük kanalının (DBK) uzunluğu sağ tərəfdə (4,4mm) sol tərəfə nisbətən bir qədər böyükdür (4,0mm). Kanalın istiqaməti düz və çəp olub bütün yaş qruplarında özünü göstərə bilir.
Tədqiq olunan preparatların sayını müqayisə etdikdə düz istiqamətli kanalın rastgəlmə tezliyi çəp istiqamətli kanala nisbətən çoxdur. Həmin fikri kanalın uzunluğuna da aid etmək olar. Onu da qeyd etmək lazımdır ki, öyrəndiyimiz preparatların üçündə kanalın distal ucu obliterasiya olunduğundan ən nazik iynə ilə kanaldan qanadabənzər-damaq çuxuruna keçmək mümkün olmadı.
Damağın böyük kanalı aşağıda damağın böyük dəliyi vasitəsilə sümük damaq üzərində qurtarır. Dəlik oval və ellipsəbənzər formada olub diametri orta hesabla hər iki tərəfdə 1,2mm-dir.
Tədqiq olunan preparatların yarısında damağın böyük dəliyindən arxada bir, bəzən iki ədəd damağın kiçik dəliyinə rast gəlmək mümkündür. Həmin dəliklər yumşaq damağa məxsus sinir dəstələrinin keçməsinə məxsusdur. Damağın kiçik dəlikləri nazik kanalcıqlar şəklində davam edərək yuxarıda damağın böyük kanalına açılır. Damağın böyük və kiçik kanallarının istiqamətində olan müxtəlifliklər, eləcə də dəliklərin sayı və vəziyyətindəki fərqlər damaq anestteziyası zamanı bir sıra çətinliklərin ortaya çıxmasına səbəb ola bilər. Qeyd olunan problemin yaranmasında damağın böyük kanalının obliterasiya olunmuş forması da əhəmiyətli dərəcədə rol oynaya bilir.
Çeynəmə aparatında və qanadabənzər çıxıntıların ölçü və vəziyyətində baş verən dəyişikliklər 1-3 yaşlı uşaqlarda DBK-nın uzunluğunun yenidoğul-muşlarla müqayisədə əhəmiyyətli dərəcədə artdığını göstərdi; bu ölçü sağda 1,7 dəfə, solda isə 1,9 dəfə artaraq 7,3mm və 7,6mm-ə bərabər olur. Damağın böyük dəliyinin diametri sağ və sol tərəflər üçün 1,7mm və 1,6mm təşkil edir. 4-7 yaşlı uşaqlar üçün DBK-nın uzunluğu sağ tərəfdə 11,0mm, sol tərəfdə 11,2mm, 8-16 yaşlı uşaqlar üçün isə həmin göstərici sağda 16mm, solda 15,8mm-ə bərabər olur. 4-7 yaş üçün damağın böyük dəliyinin diametri 1,9mm və 2,0mm, 8-16 yaş üçün isə 2,5mm və 2,6mm təşkil edir.
DBK-nın uzunluğu yaşlılarda bir qədər də artaraq sağda 25,0mm, solda isə 23,0mm təşkil edir. Bu halda damağın böyük dəliyinin diametri uyğun olaraq qarşı tərəflərdə 3,7mm və 3,5mm-ə bərabər olur.
Beləliklə, insan kəllələri üzərində aparılan tədqiqatların nəticələriQƏY-in formasının, eni və hündürlüyünün əsas sümüyün qanadabənzər çıxıntılarının və əng qabarının vəziyyətindən asılı olduğunu göstərdi. Üçbucaq, aypara, tam olmayan düzbucaqlı formalar yarığın daha çox rast gəlinən formalarıdır. İşin gedişi zamanı o da təsdiq olundu ki, yarığın hündürlüyü kiçik olduqca damağın böyük kanalının uzunluğu artır. Kanalın istiqaməti daimi olmayıb düz və çəp olur. Morfometrik tədqiqatlar bir daha göstərdi ki, qanadabənzər-əng yarığı və ona yaxın strukturların formalaşması qanunauyğun şəkildə insanın bütün həyatı boyu baş verir.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА– REFERENCES:
1. Алексеев В.П., Дебец Г.Ф. Краниометрия: Методика антропологических исследований. М., Наука, 1964, 128 с.
2. Аникин, Ю.М., Колесников JI.JI., Цыбулькин А.Г. Индивидуальные и возрастные различия в строении крыловидно-небной ямки черепа человека / Материалы научной конференции «Проблемы современной краниологии», СПб., 1993, С. 16-17
3. Бунак, В.В. Антропология: Краткий курс. М.: Учпедгиз., 1941, С. 5-12
4. Гафарова Р.А. Морфологические и топографо-анатомические особенности крылонебного узла в различные возрастные периоды дисс. … соиск. на ученой степени к.м.н., Баку, 2002, 177стр.
5. Зайченко, А.А Типы конструкционной устойчивости мозгового черепа человека // Макро- и микроморфология, Саратов, 2005, С. 25-30
6. Закиев И.И. К типологии деталей крыловидно-небной ямки, / Материалы, III Закавказской конференции, Ереван, 1982, с.77-78
7. Золотарева, Т.В., Топоров Г.Н. Хирургическая анатомия головы, М.: Медгиз, 1968, 227 с.
8. Костоманова, Н.Г. К морфологии крыло-нёбной ямки / Тр. Сарат.мед. ин-та, Саратов, 1971, Т.75(92), С. 51-60
9. Петров Б.А. Возрастные и индивидуальны особенности костно-мышечных структур глубокой области лица и их использование в стоматологии, Автореф. ученой степени на соискание к.м.н., Москва, 2009, 25 стр.
10. Полкокова И.А., Морфология крыловидно-верхнечелюстной щели при различной форме черепа у взрослых людей дисс. … канд. мед. наук, Саратов, 2009, 130стр.
11. Сперанский, B.C., Зайченко A.A., Анисимова Е.А. Состояние и перспективы медицинской краниологии // Макро- и микроморфология: Межвузовский сб. науч. трудов, Саратов, 1999, № 4, С. 81-85
12. Шадлинский, В.Б. К анатомии крылонёбного узла / Мат. юбил. науч. конф, посвящ. 100-летию каф. норм, анатомии СПБГМУ им. И.П. Павлова «Фундаментальные и прикладные аспекты современной морфологии »,1997, Т. 2, c.147-150
13. Alfieri A., Jho H., Schettino R., Tschabitscher M. Endoscopic endonasal approach to the pterygopalatine fossa: anatomic study // Neurosurgery, 2003, Vol. 52, № 2, P. 374-380
14. Ferre J. C., Helary . J., Luminean J., Legoux R. A study of the structure of the mandible hased on modern engineering methods // Anat. clin., 1982, Vol. 4, P. 197-204
15. Flynn, P., Shadaba A. Management of posterior epistaxis endoscopic clothing of the sphenopalatine artery // J. Otolaryngol., 2000,Vol. 25, P. 374-377
16. Martin R. Kraniometrische Technik: A Kraniologie // Lehrbuch der Anthropologie in systematischer Darstellung, 1928, №. 2, Р. 579-991
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı